012 465 4150 info@yeniheyat.com

Zəbur


Fəsillər

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 2122232425262728293031 32 333435363738394041424344454647484950

515253 5455 5657585960616263646566 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 8687888990919293949596 97 9899100

101102103104105106107108109110111112113114115116117118 119120 121122123124125126127128129130131132133134135136137138 139140 141142143144145146147148149150

 

{attachments}

Zəbur 1

Məzmur 1

1Pislərin məsləhəti ilə getməyən,

Günahkarların yolunda dayanmayan,

Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır!

2O ancaq Rəbbin Qanunundan zövq alar,

Gecə-gündüz bu təlimatı dərin düşünər.

3 Axar sular kənarında əkilən ağac kimi

Barını mövsümündə verər,

Yarpağı solmaz,

Etdiyi hər işdə uğur qazanar.

4Pis adamlarsa belə deyil,

Onlar yelin sovurduğu saman çöpünə bənzəyər.

5Buna görə pis adamlar hökm günündə,

Günahkarlar salehlərin məclisində dayana bilməz.

6Çünki Rəbb salehlərin yolunu qoruyur,

Pislərinsə yolu onları ölümə aparır.

YUXARI

Zəbur 2

Məzmur 2

1Nə üçün millətlər belə vurnuxmaya düşür, Ümmətlər boş şeylər düşünür?

2Dünya şahları yığışır,

Hökmdarlar Rəbbə və

Onun məsh etdiyinə qarşı birləşir.

3Deyirlər: «Gəlin onların buxovlarını qoparaq,

Üstümüzdəki zəncirlərini ataq».

4Göylərin sakini gülür,

Xudavənd onlara istehza edir.

5Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək,

Qəzəbi ilə onları dəhşətə gətirəcək.

6O deyir: «Mən padşahımı

Müqəddəs dağım Sionda əyləşdirmişəm».

7Rəbbin fərmanını elan edəcəyəm. Rəbb mənə dedi:

«Sən Mənim oğlumsan,

Mən bu gün sənə Ata oldum.

8Məndən istə, onda irs olaraq millətləri,

Mülk olaraq yer üzünün qurtaracağınadək hər yeri

Sənə verərəm.

vOnları dəmir əsa ilə qıracaqsan, Saxsı qab kimi çilik-çilik edəcəksən».

10İndi, ey şahlar, müdrik olun!

Ey dünya hakimləri, ibrət alın!

11Rəbdən qorxub Ona xidmət edin,

Həm titrəyin, həm sevinin.

12Oğulu öpün ki, qəzəblənməsin,

Yoxsa tutduğunuz yolda məhv olarsınız.

Çünki qəzəbi tezliklə alovlanar.

Ona pənah gətirənlərin hamısı nə bəxtiyardır!

YUXARI

Zəbur 3

Məzmur 3

Davudun məzmuru.

Oğlu Avşalomun qarşısından qaçanda.

1Ya Rəbb, düşmənlərim nə qədər çoxalıb!

Əleyhimə qalxanlar nə qədər artıb!

2Mənim üçün çoxları deyir:

«Allahdan ona xilas yoxdur».

Sela

3Amma Sən, ya Rəbb, ətrafımda sipərsən,

Şərəfimsən, başımı ucaldan Sənsən!

4Rəbbi ucadan səsləyirəm,

O, müqəddəs dağından mənə cavab verir.

Sela

5Mən yatıram, yuxuya gedirəm,

Yenə oyanıram, çünki Rəbb mənə kömək edir.

6Hər yandan məni mühasirəyə alan

On minlərlə xalqdan qorxmuram.

7Qalx, ya Rəbb! Ey Allahım, məni qurtar!

Çünki Sən bütün düşmənlərimin əngindən vurursan,

Pislərin dişlərini qırırsan.

8Qurtuluş Rəbdəndir,

Qoy Sənin xeyir-duan xalqının üzərində olsun!

Sela

YUXARI

Zəbur 4

Məzmur 4

Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan məzmuru.

1Səni çağıranda mənə cavab ver,

Ey adil Allahım!

Dara düşən zaman məni genişə çıxar,

Mənə lütf edib duama qulaq as!

2Ey insan övladları, nə vaxtadək

Şərəfimi rüsvayçılığa çevirəcəksiniz?

Nə vaxtadək boş şeylərə meyl göstərib

Yalan axtaracaqsınız?

Sela

3Bilin ki, mömin insanı Rəbb Özü üçün ayırıb;

Nə vaxt Rəbbi çağırsam, məni eşidir.

4 Qorxub-titrəyin, günah etməyin,

Yatağınızda olarkən ürəyinizdə düşünün, dinməyin.

Sela

5Salehlik qurbanları kəsin,

Rəbbə güvənin.

6Çoxları deyir: «Kim bizə yaxşılıq edəcək?»

Ya Rəbb, üzünün nurunu üstümüzə sal.

7Onların bol taxıl və təzə şəraba görə sevindiklərindən də çox

Mənim qəlbimə sevinc verdin.

8Arxayın yatıb yuxuya gedirəm,

Çünki yalnız Sən, ya Rəbb, məni əmin-amanlıqda yaşadırsan!

YUXARI

Zəbur 5

Məzmur 5

Musiqi rəhbəri üçün. Davudun nəfəs alətlərinin müşayiəti ilə oxunan məzmuru.

1Ya Rəbb, sözlərimə qulaq as,

Ah-naləmə nəzər sal.

2Ey Padşahım, ey Allahım, fəryad səsimə qulaq as,

Çünki Sənə dua edirəm.

3Ya Rəbb, səhər erkən səsimi eşidirsən,

Səhər erkən Sənə dua edib cavab gözləyirəm.

4Çünki Sən pislikdən xoşlanan Allah deyilsən,

Şər Sənin yanına gəlməz.

5Təkəbbürlülər hüzurunda dayana bilməz,

Bütün şər iş görənlərə nifrət edirsən.

6Yalan söyləyənləri məhv edirsən,

Ya Rəbb, qaniçənlərdən, hiyləgərlərdən ikrah edirsən.

7Fəqət mən bol məhəbbətin naminə evinə gələcəyəm,

Üz tutub müqəddəs məbədinə qorxu ilə səcdə edəcəyəm.

8Ya Rəbb, ədalətinlə məni düz yola yönəlt,

Düşmənlərimin üzündən Öz yolunu qarşımda düzəlt.

9 Onların dillərində düz söz yoxdur,

Ürəkləri pis niyyətlə doludur.

Boğazları açıq qəbirdir,

Dilləri yalan danışır.

10Ey Allah, onları təqsirkar çıxar,

Qoy niyyətlərinə görə bu şər insanlar yıxılsın.

Onları saysız günahlarına görə qov,

Çünki Sənin əleyhinə qalxıblar.

11Sənə pənah gətirənlərsə qoy sevinsin,

Qoy Səni daima mədh etsinlər,

Çünki onları Sən qoruyursan.

Səni sevənlər sevincdən cuşa gəlsin!

12Ya Rəbb, salehə xeyir-dua verirsən,

Lütfünlə sipər kimi onları hifz edirsən.

YUXARI

Zəbur 6

Məzmur 6

Musiqi rəhbəri üçün. Davudun səkkiz simli alətlərin müşayiəti ilə oxunan məzmuru.

1Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə,

Hiddətlənib məni tənbeh etmə.

2Ya Rəbb, mənə rəhm et,

Çünki taqətim qalmayıb.

Mənə şəfa ver, ya Rəbb,

Sümüklərim sızlayır.

3Canıma vəlvələ düşüb.

Ya Rəbb, bu nə vaxtadək olacaq?

4Ya Rəbb, gəl, mənə kömək et,

Məhəbbətin naminə məni xilas et!

5Səni ölüb-gedən insan xatırlamaz.

O necə ölülər diyarından Sənə şükür etsin?

6Öz ah-naləmdən bezmişəm,

Hər gecə ağlamaqdan döşəyim islanır,

Göz yaşlarımdan yatağım yaş olur.

7Qəmdən gözümün nuru sönüb,

Gözlərim düşmənləri görməkdən zəifləyib.

8 Siz ey şər iş görənlər, məndən uzaq durun!

Çünki Rəbb hönkürtümü eşitdi,

9O, yalvarışımı dinlədi,

Rəbb duamı qəbul etdi!

10Bütün düşmənlərim rüsvay olacaq,

Canlarına vəlvələ salınacaq,

Xəcalət içində bir andaca geri qayıdacaq.

YUXARI

Zəbur 7

Məzmur 7

Davudun Binyaminli Kuşa görə Allaha oxuduğu şiqqayon.

1Ey Rəbb Allahım, Sənə sığınmışam,

Məni bütün təqibçilərimdən qurtar,

Məni xilas et.

2Yoxsa aslan kimi məni parçalayarlar,

Xilas edən olmasa, məni didib-dağıdarlar.

3Ya Rəbb Allahım, əgər günah etmişəmsə,

Əllərimdən haqsızlıq gəlibsə,

4Əgər dostuma xəyanət etmişəmsə,

Düşmənimi nahaqdan qarət etmişəmsə,

5Qoy məni düşmən qovub tutsun,

Bədənimi təpik altına salsın,

Şərəfimi yerə vursun.

Sela

6Qəzəblə qalx, ya Rəbb,

Düşmənlərimin hiddətinə qarşı çıxıb yüksəl!

Mənə görə oyan,

Hökmünü bəyan et!

7Ümmətlər icması Sənin ətrafına yığılsın,

Sən onların başı üzərində ucal, hökmünü ver.

8Rəbb xalqlar üzərində hakimlik edir;

Məni mühakimə et, ya Rəbb,

Salehliyimə, kamilliyimə görə mənə haqq qazandır!

9 Pislərin pisliyi sona yetsin,

Salehlərsə möhkəmlənsin!

Ey adil Allah, çünki Sən düşüncələri, hissləri bilirsən.

10Allah mənim sipərimdir,

Ürəyidüz olanları xilas edir.

11Allah adil hakimdir,

Hər gün haqsızlığa görə hökm verir.

12Pislər yolundan dönməzsə,

O, qılıncını itilər,

Ox-kamanını qurar,

13Onlara qarşı ölüm silahları hazırlayar,

Yandırıcı oxları ilə nişan alar.

14 Pislər hiyləyə hamilə olar,

Şər üçün ağrı çəkər, yalan doğar.

15Onlar başqasına quyu qazar, dərinləşdirər,

Qazdıqları quyuya özləri düşər.

16Yamanlıqları öz üstlərinə dönər,

Zorakılıqları başlarına düşər.

17Rəbbə ədalətinə görə şükür edəcəyəm,

Haqq-Taala Rəbbin ismini tərənnüm edəcəyəm!

YUXARI

Zəbur 8

Məzmur 8

Musiqi rəhbəri üçün. Davudun «Gittit» üstə oxunan məzmuru.

1Ey Xudavəndimiz Rəbb,

İsmin bütün yer üzündə nə qədər əzəmətlidir!

Ehtişamın göylərə qalxır!

2 Düşməni və qisasçını susdurmaq üçün

Körpələrin və çağaların səsi ilə

Yağılarına qarşı qala qurdun.

3Əllərinin işi olan göyləri,

Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm:

4 «İnsan kimdir ki, onun haqqında düşünürsən?

Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?»

5Onu Allahdan bir az aşağı yaratdın,

İzzət və əzəmət tacını onun başına qoydun,

6 Əllərinin işləri üzərində onu hökmdar etdin.

Hər şeyi onun ayağının altına qoydun:

7Bütün sürü və naxırları,

Çöldə yaşayan heyvanları,

8Göydəki quşları, dənizdəki balıqları,

Dəryalarda üzənlərin hamısını.

9Ey Xudavəndimiz Rəbb,

İsmin bütün yer üzündə nə qədər əzəmətlidir!

YUXARI

Zəbur 9

Məzmur 9

Musiqi rəhbəri üçün. Davudun «Mut-labben» üstə oxunan məzmuru.

1Bütün ürəyimlə Rəbbə şükür edəcəyəm,

Bütün xariqələrini deyəcəyəm.

2Sənə görə fərəhimdən sevinib cuşa gələcəyəm,

Ey Haqq-Taala, ismini tərənnüm edəcəyəm!

3Düşmənlərim geri dönəndə

Sənin önündə səndələyərək yıxılıb məhv olurlar.

4Çünki Sən haqqımı və mübarizəmi gördün,

Taxtında oturub ədalətlə hökm etdin.

5Sən millətləri məzəmmət, pisləri yox etdin,

Adlarını əbədilik sildin.

6Düşmənin sonu çatdı, o əbədi viran oldu,

Şəhərlərini təməlindən qopartdın, bir nişanə qalmadı.

7Rəbb isə əbədi olaraq hökmranlıq edir,

O, taxtını hökm üçün qurub.

8Dünyaya ədalətlə hökm edir,

Ümmətlərə insafla hakimlik edir.

9Rəbb məzlumların pənahgahıdır,

Sıxıntı anlarında müdafiə qalasıdır.

10İsmini tanıyanlar Sənə güvənir,

Çünki, ya Rəbb, Səni axtaranları tərk etməzsən!

11Sionun sakini olan Rəbbi tərənnüm edin!

Xalqlar arasında Onun işlərini bəyan edin!

12O, tökülən qanın qisasını alır, yadda saxlayır,

Məzlumların fəryadını unutmur.

13Ya Rəbb, rəhm et!

Ey ölüm qapılarından məni qurtaran,

Mənə nifrət edənlərin üzündən çəkdiyim dərdə bax!

14Sion qızının darvazalarında

Qoy Sənə edilən həmdlərimdən danışım,

Səndə xilas taparaq şadlanım!

15Millətlər qazdıqları quyuya özləri düşüb,

Qurduqları tələyə öz ayaqları ilişib.

16Rəbb Özünü göstərib hökmünü yeritdi,

Pislər öz əməlləri ilə tora düşdü. Hiqqayon,

Sela

17Pis adamlar ölülər diyarına düşəcək,

Allahı unudan bütün millətlər də oraya gedəcək.

18Çünki fəqir adam həmişəlik unudulmaz,

Məzlumun ümidi əbədi olaraq boşa çıxmaz.

19Ya Rəbb, qalx, qoy insan qalib gəlməsin,

Sənin hüzurunda millətlər məhkum edilsin.

20Ya Rəbb, qoy millətlər Səndən qorxsunlar,

Qoy onlar bilsinlər ki, yalnız insandırlar.

Sela

YUXARI

Zəbur 10

Məzmur 10

1Ya Rəbb, nə üçün uzaqda durmusan?

Mən dara düşəndə niyə gizlənirsən?

2Pislər təkəbbürlə məzlumları təqib edir,

Öz qurduqları fəndlərə özləri düşür.

3Pis insan könlünün istəkləri ilə fəxr edir,

Acgöz Rəbbə xor baxır, Ona küfr edir.

4Təkəbbürlü, pis insan Allahı axtarmaz,

«Allah yoxdur» deyə düşünər.

5Belə insan həmişə uğur qazanar,

Bütün düşmənlərinə xor baxar.

Sənin hökmlərinsə onun dərrakəsindən çox uzaqdır.

6Ürəyində deyir: «Sarsılmaram,

Heç zaman fəlakətə düşmərəm».

7Onun ağzı lənətlə, hiylə ilə, hədə ilə doludur, Dilinin altında zülm və şər var.

8Kəndlərdə pusqu yerlərini qurar,

Günahsızları xəlvətcə öldürər.

Biçarəyə göz qoyub gizlicə güdər,

9Yuvasında oturmuş aslan kimi gizli yerdə pusqu qurar,

Məzlumu tutmaq üçün güdər,

Toruna salıb onu tutar.

10Biçarələrin başından basıb qəddini qırar,

Onlar bu pis adamın əlindən yıxılar.

11Pis adam belə düşünər:

«Allah məni yaddan çıxarıb,

Heç vaxt görməz, çünki mənə göz yumub».

12Ya Rəbb, qalx, ey Allah, onlara əl qaldır!

Unutma məzlumları!

13Niyə pis insan Allaha küfr etsin?

Niyə ürəyində «məndən əvəzini çıxmaz» desin?

14Amma Sən bu əzab-əziyyətə baxırsan,

Məzluma kömək əlini uzadırsan.

Biçarə özünü Sənə tapşırar,

Yetimlərin imdadı Sənsən.

15Şər iş görənin, pis insanın qol-qanadını qır,

Axıracan pisliklərini ifşa et.

16Rəbb sonsuzadək, əbədi padşahdır!

Onun diyarından millətlər yox olacaq.

17Ya Rəbb, məzlumların səsini eşidəcəksən,

Onları ürəkləndirib diqqət yetirəcəksən.

18Yetimə, fəqirə ədalət göstərəcəksən;

Belə ki torpaqdan yaradılan insan

Bir daha təhlükə yaratmasın.

YUXARI

Zəbur 11

Məzmur 11

Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1Rəbbə pənah gətirmişəm.

Könlümə necə deyə bilərsiniz ki,

Quş kimi dağlara uç?

2Bax pislər ox-kaman qurublar,

Oxlarını yayın üstünə qoyublar,

Qaranlıqda dayanıblar,

Ürəyidüz olanları nişan alıblar.

3Əgər hər şey təməlindən dağılarsa,

Salehlər nə edə bilər?

4Rəbb Öz müqəddəs məbədindədir,

Onun taxtı göylərdədir.

Rəbbin görən gözləri var, gözünü açar,

Bəşər övladlarına diqqətlə baxar.

5Rəbb saleh adamı sınaqdan keçirir,

Pisə, zülmkarasa nifrət edir.

6Pislərin üstünə odlu köz, kükürd yağdırır,

Onların kasalarına düşən pay səmum yeli olacaq.

7Çünki Rəbb adildir, ədaləti sevir,

Əməlisalehlər Onun üzünü görəcək.

YUXARI

Zəbur 12

Məzmur 12

Musiqi rəhbəri üçün. Davudun səkkiz simli alətlərin müşayiəti ilə oxunan məzmuru.

1Ya Rəbb, bizə yardım et, mömin insan qalmayıb,

Bəşər övladları arasında vəfalılar qurtarıb.

2Hər kəs başqasına yalan söyləyir,

Ağzı yalan danışır, ikiüzlülük edir.

3Qoy Rəbb yalan danışan hər ağzı yumsun,

Hər lovğa dili kəssin!

4Onlar deyir ki, biz dilimizlə zəfər çalacağıq.

Bu ağız bizdədirsə, kim bizə ağalıq edə bilər?

5Rəbb deyir: «İndi qalxacağam,

Çünki fəqirlərə zülm edilir,

Məzlumlar nalə çəkir, qurtuluş istəyir.

Mən bunu onlara verəcəyəm».

6Rəbbin kəlamları pakdır,

Kürədə əridilən, yeddi dəfə təmizlənən gümüş kimidir.

7Sən, ya Rəbb, onları qoru,

Bu nəsildən onların hər birini əbədilik hifz et.

8Bəşər övladları arasında namərdlik artarkən

Hər yanda pislər gəzər.

YUXARI

Zəbur 13

Məzmur 13

Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1Ya Rəbb, nə vaxtadək,

Yoxsa əbədilikmi məni unudacaqsan?

Nə vaxtadək məndən üzünü gizlədəcəksən?

2Nə vaxtadək qəlbim qəmli olacaq?

Könlümdə hər günmü qubar qalacaq?

Nə vaxtadək düşmənim üstün olacaq?

3Bax mənə, cavab ver, ey Allahım Rəbb!

Gözümə nur ver ki, əcəl yuxusuna getməyim.

4Qoy düşmənlərim «uddum onu» deməsinlər,

Mən sarsılarkən şənlənməsinlər.

5Sənin məhəbbətinə güvənirəm,

Qurtuluşunla qəlbim şadlanacaq.

6Rəbbə ilahi nəğməmi oxuyacağam,

Çünki mənə comərdlik etdi.

YUXARI

Zəbur 14

Məzmur 14

(Zəb. 53)

Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər.

İnsanlar pozulmuş, əməlləri iyrənc olmuş,

Yaxşı iş görən yoxdur.

2Rəbb göylərdən bəşər övladına baxır.

Görəsən Allahı dərk edən, Onu axtaran varmı?

3Hamı birgə pozulub, namus əldən gedib,

Bir nəfər də olsun yaxşı iş görən yoxdur.

4Şər iş görənlərin hər biri məgər heç nə qanmır?

Xalqımı çörək yerinə yeyirlər, Rəbbi çağırmırlar.

5Onlar böyük dəhşətə düşəcək,

Lakin Allah salehlərin nəslinə yar olacaq.

6Onlar məzlumların niyyətini boşa çıxarır,

Amma Rəbb məzlumların pənahıdır.

7Kaş İsrailin azadlığı Siondan gələydi!

Rəbb Öz xalqına bəxtəvər günlərini qaytaran zaman

Yaqub övladları şadlıq edəcək,

İsraillilər sevinəcək!

YUXARI

Zəbur 15

Məzmur 15

Davudun məzmuru.

1Ya Rəbb, çadırında kim qalar?

Müqəddəs dağında kim məskən salar?

2Kamillik yolu ilə gedən,

Əməlisaleh olan,

Ürəkdən həqiqəti söyləyən,

3Dilinə böhtan gəlməyən,

Dostuna yamanlıq etməyən,

Qonşusunu təhqir etməyən,

4Şərəfsizə xor baxan,

Rəbdən qorxanlarasa hörmət edən,

Zərərinə olsa belə, andından geri dönməyən,

5Sələmlə pul verməyən,

Təqsirsizin əleyhinə işləmək üçün rüşvət almayan.

Əsla sarsılmaz belə həyat sürən insan!

YUXARI

Zəbur 16

Məzmur 16

Davudun miktamı.

1Ey Allah, məni hifz et,

Sənə pənah gətirmişəm.

2Rəbbə dedim: «Mənim Xudavəndim Sənsən.

Səndən başqa mənim xoşbəxtliyim yoxdur.

3Yer üzünün müqəddəsləri isə nəcib insanlardır,

Yalnız belələrindən zövq alıram.

4Yad allahların ardınca qaçanların dərdi artacaq,

Onlar üçün qan təqdimləri vermərəm,

Adlarını dilimə gətirmərəm.

5Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan,

Püşkümə düşən Səndən asılıdır.

6Qismətimə gözəl yerlər düşdü,

Bəli, mənə nemət nəsib oldu.

7Mənə nəsihət verən Rəbbə alqış edirəm,

Hətta gecələr də vicdanım mənə ağıl öyrədir.

8 Rəbbə əbədilik üz tutmuşam,

Sağımda olduğu üçün sarsılmaram.

9Elə bunun üçün qəlbim sevinir, ruhum şad olur,

Cismim əmin-amanlıqda yaşayır.

10 Çünki məni ölülər diyarına atmazsan,

Mömin insanını qəbirə salmazsan.

11Mənə həyat yolunu öyrədirsən,

Doyunca sevinc Sənin hüzurundadır,

Sağ əlində hər zaman səadət var».

YUXARI

Zəbur 17

Məzmur 17

Davudun duası.

1Ya Rəbb, haqq sözümü dinlə, fəryadımı eşit,

Yalansız dilimdən çıxan duama qulaq as.

2Gözlərinlə həqiqəti görürsən,

Mənə haqq qazandır.

3Gecə ikən qəlbimi yoxlayıb-araşdırdın,

Məni sınaqdan keçirtdin,

Heç nə tapmadın.

Niyyətim budur ki, ağzım öz həddini aşmasın.

4Sənin sözünə görə zalımların tutduğu yoldan,

Bu insanların əməlindən özümü qorumuşam.

5Sənin yolundan möhkəm tutmuşam,

Sarsılmadan addımlamışam.

6Səni çağırıram, ey Allah, mənə cavab verirsən,

Qulağını mənə tərəf çevir, sözlərimi dinlə.

7Məhəbbətinlə Sənə sığınanlara xariqələrini göstər,

Sağ əlinlə onları düşmənlərdən qurtar.

8Məni göz bəbəyin kimi qoru,

Qanadlarının kölgəsində saxla

9Məni dara salan şər insanlardan,

Ətrafımı bürüyən, canıma düşmən olanlardan.

10Onların ürəkləri qapalıdır, harınlayıblar,

Ağızlarından lovğa-lovğa sözlər çıxarırlar.

11İndi izimə düşüb məni mühasirəyə aldılar,

Güdürlər ki, məni yerə vursunlar.

12Onlar parçalamağa həris bir aslan kimidir,

Pusquda duran cavan bir şir kimidir.

13Ya Rəbb, qalx,

Onların önündə dayan,

Onları yerlə yeksan et.

Qılıncınla bu pis insanlardan canımı qurtar.

14Ya Rəbb, məni belə insanlardan,

Nəsibi bu həyatda olanlardan

Öz əlinlə xilas et!

Qarınlarını xəzinənlə doldurursan,

Onlar övladlarını doydurur,

Nəvə-nəticələrinə də miras qoyur.

15Amma mən salehliklə üzünə baxacağam,

Oyananda Səni görməklə doyacağam.

YUXARI

Zəbur 18

Məzmur 18

(2Şam. 22:1-51)

Musiqi rəhbəri üçün. Rəbb Öz qulu Davudu bütün düşmənlərin və Şaulun əlindən qurtaranda Davudun Ona söylədiyi ilahi.

1O belə oxudu:

Ey mənə qüvvət verən Rəbb, Səni sevirəm.

2Rəbb qayam, qalam, xilaskarımdır,

Allahım qayamdır, Ona pənah gətirəcəyəm,

Odur qalxanım, qüdrətli qurtarıcım, qülləm.

3Həmdə layiq Rəbbi çağıracağam,

Düşmənlərimin əlindən qurtulacağam.

4Ətrafımı ölüm ipləri bürümüşdü,

Məni əcəl selləri ürkütmüşdü.

5Ölülər diyarının ipləri mənə sarılmışdı,

Ölüm kəməndləri məni qarşılamışdı.

6Əzab içində Rəbbə yalvardım,

Allahıma fəryad qopardım.

O, məbədindən səsimi eşitdi,

Fəryadımsa hüzuruna, Onun qulağına yetdi.

7O zaman yer üzü sarsılıb titrədi,

Dağların təməlləri lərzəyə gəldi,

Onlar sarsıldı,

Çünki O qəzəbləndi.

8Burnundan tüstü çıxıb yüksəldi,

Ağzından yandırıb-yaxan alov püskürdü,

Bundan közlər tutuşdu.

9O, göyləri yarıb yerədək endi,

Qatı zülmət ayaqları altında idi.

10Bir keruva minib uçdu,

Yel qanadları üstə şığıdı.

11Gizlənmək üçün ətrafını zülmətə bürüdü,

Tufan qoparan qara buludlardan Özünə çardaq qurdu.

12Hüzurundan şəfəq saçdı,

Odlu közlər və dolu buludları yardı.

13Rəbb göylərdə gurladı,

Haqq-Taala səs saldı,

Odlu közlər və dolu yağdı.

14Oxlarını atıb düşmənləri darmadağın etdi,

Şimşəyini çaxdırıb onları dağıtdı.

15Ya Rəbb, Sənin məzəmmətindən,

Burnundakı nəfəsinin şiddətindən

Suların dərinlikləri göründü,

Dünyanın bünövrələri açıq qaldı.

16O, ucalardan əl uzadıb məni tutdu,

Məni dərin suların içindən çıxartdı.

17Məni qüvvətli düşmənimdən azad etdi,

Çünki yağılarım məndən güclü idi.

18Fəlakətli günümdə qarşıma çıxdılar,

Lakin Rəbb mənə dayaq oldu.

19O məni genişliyə çıxardı,

Məndən razı qalıb məni qurtardı.

20Rəbb mənə salehliyim naminə ənam verdi,

Mənə əlitəmizliyimin əvəzini verdi.

21Çünki Rəbbin yolunu tutmuşam,

Pis olub Allahımın yolundan azmamışam.

22Onun bütün hökmləri önümdədir,

Qaydalarından imtina etməmişəm.

23Onunla mən kamala çatmışam,

Özümü günahdan qorumuşam.

24Rəbb mənə salehliyimin əvəzini verdi,

Gözünün önündə əlitəmiz olmağımın əvəzini verdi.

25Sədaqətlilərlə sədaqətlisən,

Kamillərlə kamilsən.

26Təmizlərlə təmizsən,

Əyrilərlə əyriliyinə görə davranırsan.

27İtaətkar insanları qurtarırsan,

Təkəbbürlü baxışları alçaldırsan.

28Ya Rəbb, Sən çırağıma işıq verirsən!

Allahım Rəbb zülmətimi nura çevirir.

29Səninlə qoşun üstünə hücum çəkirəm,

Allahımla sədlər keçirəm.

30Allahın yolu kamildir,

Rəbbin kəlamı safdır,

Rəbb Ona sığınanların sipəridir.

31Rəbdən başqa Allah kimdir ki?

Allahımızdan başqa qaya kimdir ki?

32Allah məni qüvvəsi ilə bürüyər,

Yolumu kamil edər.

33 Ayaqlarımı maral ayaqları kimi çevik edər,

Məni zirvələrimdə saxlar.

34Əllərimə döyüş təlimi verər,

Qollarım tunc kamanın yayını dartar.

35Sən mənə qurtuluş qalxanını verdin,

Mənə sağ əlinlə dayaq oldun,

Köməyinlə məni yüksəltdin.

36Geniş yer açdın ki, addımlayım,

Ayaqlarım büdrəməsin.

37Düşmənlərimi qovub onlara çatdım,

Onlar məhv olanadək geriyə qayıtmadım.

38Onları əzdim, qalxa bilmədilər,

Ayaqlarımın altına sərildilər.

39Döyüş üçün məni qüvvə ilə bürüdün,

Əleyhdarlarımı ayağımın altına saldın.

40Düşmənlərimin kürəyini mənə sarı çevirdin,

Mənə nifrət edən yağıları məhv etdim.

41Fəryad etsələr də, onları qurtaran olmadı,

Rəbbi çağırsalar da, cavab almadılar.

42Onları əzib külək sovuran toz etdim,

Küçələrin palçığı kimi tapdaladım.

43Sən məni xalqın çəkişmələrindən qurtardın,

Məni millətlərə başçı qoydun,

Tanımadığım xalqları mənə tabe etdirdin.

44Yadellilər mənə boyun əydilər,

Səsimi eşidəndə mənə itaət etdilər.

45Yadellilərin cəsarəti qırıldı,

Titrəyərək sığınacaqlarından çıxdılar.

46Rəbb əbədi yaşayır! Qayama alqış olsun!

Məni qurtaran Allahım ucalsın!

47O, Allahdır, mənə görə qisas alır,

Xalqları mənə tabe etdirir.

48O məni düşmənlərimin arasından xilas edir,

Bəli, məni yağılar üstündə ucaldır,

Məni zalımların əlindən qurtarır.

49 Buna görə, ya Rəbb,

Millətlər arasında Sənə şükür edəcəyəm,

İsminə tərənnüm söyləyəcəyəm.

50Rəbb padşahına böyük zəfərlər verər,

Məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər.

YUXARI

Zəbur 19

Məzmur 19

Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1Göylər Allahın əzəmətini bəyan edir,

Göy qübbəsi əllərinin işini elan edir.

2Hər gün ertəsi günə nəql edir,

Hər gecə o biri gecəyə bilik verir.

3Onların nə nitqi, nə də sözləri var,

Onların səsləri eşidilmir.

4 Amma avazları bütün dünyaya yayılır,

Sözləri yerin ucqarlarına çatır.

Allah günəş üçün göylərdə çadır qurur,

5Günəş gərdəyindən bəy kimi çıxır,

Qaçışa çıxan bir igid kimi şad olur.

6Bir tərəfdən çıxır, göylərdə dövrə vurur,

Heç nə istisindən gizlənə bilmir.

7Rəbbin qanunu kamildir, canı təzələyir,

Rəbbin öyüdü etibarlıdır, nadanı müdrik edir.

8Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir,

Rəbbin əmrləri pakdır, gözləri aydın edir.

9Rəbb qorxusu safdır, əbədi yaşayır,

Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir.

10Onlar qızıldan, bol miqdarda olan saf qızıldan da çox sevilir,

Onlar baldan, şanı balından da şirindir.

11Bəndən bunlardan nəsihət alar,

Onlara əməl edənin bol mükafatı var.

12Kim öz səhvlərini duya bilər?

Məni gizli təqsirlərimdən təmizlə.

13Qulunu aşkar günahlardan qoru,

Qoyma onların hökmü altında qalım.

Onda kamilliyə çataram,

Bütün itaətsizliklərdən ayrılaram.

14Ağzımdan çıxan sözlər,

Qəlbimdəki düşüncələr

Hüzurunda qəbul olunsun.

Ya Rəbb, ey Qayam və Satınalanım!

YUXARI

Zəbur 20

Məzmur 20

Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1Dar gündə Rəbb sənə cavab versin,

Yaqubun Allahının ismi səni hifz etsin!

2Müqəddəs məskənindən köməyinə çatsın,

Siondan sənə dayaq olsun!

3Bütün təqdimlərindən razı qalsın,

Yandırma qurbanların qəbul olunsun!

Sela

4O səni ürəyinin istəyinə çatdırsın,

Hər bir niyyətini yerinə yetirsin!

5Biz sənin zəfərlərinə mədh oxuyarıq,

Allahımız naminə bayraqlarımızı qaldırarıq!

Rəbb səni hər bir diləyinə çatdırsın!

6İndi bildim ki, Rəbb məsh etdiyinə zəfərlər verər,

Müqəddəs səmasından ona cavab göndərər,

Sağ əlinin qüdrəti onu qalib edər.

7Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür,

Bizsə Allahımız Rəbbin adı ilə öyünürük.

8Onlar büdrəyəcəklər, yıxılacaqlar,

Bizsə qalxıb dik duracağıq.

9Ya Rəbb, Sən padşaha zəfər ver,

Səni çağırarkən bizə cavab ver.

YUXARI

Zəbur 21

Məzmur 21

Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1Ya Rəbb, padşah qüdrətinlə sevinir,

Zəfərinlə fərəhlənir.

2Onu ürəyinin arzusuna çatdırmısan,

Dilindən çıxan diləyini ondan əsirgəməmisən.

Sela

3Çünki onu yaxşı nemətlərlə qarşılamısan,

Saf qızıldan başına tac qoymusan.

4Səndən həyat istəyəndə ona verdin,

Onun ömrünü əbədi olaraq uzatmısan.

5Ona zəfər çaldıraraq şərəfini ucaltmısan,

Ehtişam və əzəmət bağışlamısan.

6Əbədi olaraq başına nemətlər tökmüsən,

Hüzurundakı sevinclə Sən onu fərəhləndirmisən.

7Çünki padşah Rəbbə güvənir,

Haqq-Taalanın məhəbbəti ilə sarsılmazdır.

8Əlin bütün düşmənlərini tapacaq,

Sağ əlin yağıları tutacaq.

9Ya Rəbb, onlara görünən zaman

Sən onları soba tək yandıracaqsan,

Onları qəzəbinlə yeyib, alovunla udacaqsan.

10Övladlarını yer üzündən,

Gələcək nəsillərini insanlar arasından yox edəcəksən.

11Çünki pis niyyətlə əleyhinə çıxdılar,

Hiylə işlətdilər, amma gücləri çatmadı.

12Çünki Sən onları geri qovacaqsan,

Yay çəkib oxla üzlərini nişan alacaqsan.

13Ya Rəbb, qoy Sənin uca qüdrətini görək!

Əzəmətini ilahilərlə tərənnüm edək!

YUXARI

Zəbur 22

Məzmur 22

Musiqi rəhbəri üçün. Davudun «Ayyelet haşşaxar» üstə oxunan məzmuru.

1Ey Allahım, Allahım, niyə məni tərk etdin?

Niyə ah-zarımdan uzaq durursan, mənə imdad etmirsən?

2Ey Allahım, gündüz çağıranda mənə cavab vermirsən,

Gecə rahatlığım yoxdur.

3Nə qədər müqəddəssən!

İsrailin həmdləri üzərində taxt quran Sənsən!

4Ata-babalarımız Sənə güvənmişdi,

Sənə güvənəndə onları xilas etdin.

5Sənə yalvararkən qurtuldular,

Sənə güvənərkən rüsvay olmadılar.

6Lakin mən torpaq qurduyam, insan deyiləm,

Adamların tənə hədəfiyəm,

Xalq mənə xor baxır.

7 Məni hər görən lağ edir,

Dodaq büzüb, başını yırğalayıb belə deyir:

8 «Qoy güvəndiyi Rəbb onu azad etsin,

Rəbb ondan razı qalıb, qoy onu xilas etsin».

9Lakin bətndən dünyaya məni gətirən,

Ana qucağında ikən mənə əminlik verən Sənsən.

10Doğulandan bəri Səndən asılıyam,

Ana bətnindən bəri Allahım Sənsən.

11Məndən uzaq durma, çünki əzab yaxındır,

Köməyimə çatan yoxdur.

12Nə qədər buğa məni dövrəyə salıb,

Güclü Başan buğaları yan-yörəmi bürüyüb.

13Yırtıcı aslanlar kimi nərə çəkirlər,

Məni parçalamaq üçün ağızlarını açırlar.

14Mən su kimi töküldüm,

Bütün sümüklərim oynaqlarından çıxdı,

Köksümdəki ürəyim mum kimi əridi.

15 Saxsı parçası kimi gücüm qurudu,

Dilim damağıma yapışdı,

Sən məni torpağa salıb ölüm verdin.

16Şər insanlar dəstəsi məni dövrəyə aldı,

İt sürüsü kimi yan-yörəmi bürüdülər,

Ayaqlarımı, əllərimi deşdilər.

17Sümüklərimi saya bilirəm,

Onlar baxırlar, gözlərini mənə zilləyirlər!

18 Aralarında paltarlarımı bölüşdürürlər,

Geyimim üçün püşk atırlar.

19Ya Rəbb, uzaq durma,

Ey mənim Qüdrətlim, dadıma tez çat!

20Həyatımı qılıncdan qurtar,

Canımı itlərin caynağından qurtar,

21Məni aslanın ağzından xilas et!

Çöl öküzləri məni buynuzlayarkən mənə cavab ver.

22 İsmini qardaşlarıma elan edəcəyəm,

Camaat arasında Sənə həmd söyləyəcəyəm:

23«Siz ey Rəbdən qorxanlar, Ona həmd edin,

Ey bütün Yaqub nəsli, Onu şərəfləndirin,

Siz ey İsrail nəsli, Ona ehtiram edin!

24Çünki Rəbb bu məzlumun dərdinə xor baxmadı,

Ondan ikrah edərək üzünü gizlətmədi,

İmdada çağıranda səsinə cavab verdi».

25Çoxlu camaat arasında həmd etdiyim Sənsən!

Səndən qorxanların önündə əhd etdiyim təqdimləri verəcəyəm.

26Qoy məzlumlar doyunca yesin,

Rəbbi axtaranlar Ona həmd etsin!

Qoy canınız həmişə sağ olsun!

27Yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar

Rəbbi xatırlayacaq, Ona tərəf dönəcəklər.

Bütün millətlərin soyları

Onun hüzurunda səcdə qılacaq.

28Çünki hökmranlıq Rəbbindir,

Millətlər üzərində səltənət sürən Odur!

29Bütün dünya zənginləri yeyib-doyacaq,

Rəbbin hüzurunda səcdə qılacaq.

Torpağa düşənlərin hamısı –

Özlərini ölümdən saxlaya bilməyənlər

Onun hüzurunda diz çökəcəklər.

30Gələcək nəsillər Ona qulluq edəcək,

Xudavənd haqqında övladlarına deyəcək;

31Onun ədalətini, Onun əməllərini

Gələcəkdə doğulan xalqa bildirəcək.

YUXARI

Zəbur 23

Məzmur 23

Davudun məzmuru.

1Rəbb mənim çobanımdır, möhtac olmaram.

2 O məni yaşıl çəmənlərdə dincəldir,

Sakit axan sular kənarında gəzdirir.

3Məni yenə də canlandırır,

İsmi şərəfinə salehlik yolları ilə aparır.

4Ölüm kölgəsinin dərəsində gəzsəm belə,

Şərdən qorxmaram, çünki Sən mənimləsən,

Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.

5Düşmənlərimin qarşısında

Mənim üçün süfrə açırsan,

Başıma ətirli yağ çəkirsən,

Ağzınadək camımı doldurursan.

6Bəli, bütün həyatım boyu

Yaxşılıq, məhəbbət məni izləyir.

Bütün ömrüm boyu

Rəbbin evində yaşayacağam!

YUXARI

Zəbur 24

Məzmur 24

Davudun məzmuru.

1Rəbbindir yer üzü və orada mövcud olanlar,

Dünya və orada yaşayanlar.

2O, yerin təməlini dənizlər üstündə qurdu,

Dünyanı sular üzərində yaratdı.

3Rəbbin dağına kim çıxa bilər?

Müqəddəs məskəninə kim girə bilər?

4 – Əlləri pak, qəlbi təmiz,

Hiyləyə könül verməyən,

Yalandan and içməyən insan.

5O, Rəbdən bərəkət alacaq,

Xilaskarı Allahdan salehlik alacaq.

6Belə adam Rəbbi soraqlayar,

Yaqubun Allahının üzünü axtarar.

Sela

7Ey darvazalar, başlarınızı qaldırın,

Ey qədim qapılar, açılın,

Əzəmətli Padşah içəri daxil olsun!

8Bu əzəmətli Padşah kimdir?

– Odur, güclü-qüdrətli Rəbb,

Döyüşdə qüvvətli Rəbb.

9Ey darvazalar, başlarınızı qaldırın,

Ey qədim qapılar, açılın,

Əzəmətli Padşah içəri daxil olsun!

10Bu əzəmətli Padşah kimdir?

– Ordular Rəbbi,

Odur əzəmətli Padşah!

Sela

YUXARI

Zəbur 25

Məzmur 25

Davudun məzmuru.

1Ya Rəbb, Sənə ürəyimi təqdim edirəm,

2Ey Allahım, yalnız Sənə güvənirəm!

Məni xəcalətdə qoyma,

Qoy düşmənlərim mənə qalib gələrək sevinməsinlər.

3Sənə ümid bağlayanlar heç zaman utanmasınlar,

Haqsız xəyanətkarlarsa rüsvay olsunlar.

4Ya Rəbb, yollarını mənə göstər,

Öz yollarını mənə öyrət.

5Məni haqq yolu ilə apar,

Həqiqətini mənə öyrət.

Məni qurtaran Allah Sənsən,

Daim Səni gözləyirəm.

6Ya Rəbb, əzəldən bəri var olan

Mərhəmətini, məhəbbətini yada sal.

7Gənclikdə günahkar, üsyankar oldum,

Bunları yadına salma.

Məni məhəbbətin naminə,

Ya Rəbb, xeyirxahlığına görə yada sal!

8Rəbb xeyirxah və haqdır,

Ona görə günahkara düz yol göstərir,

9İtaətkarları ədalət yolu ilə aparır,

Öz yolunu onlara öyrədir.

10Kim Rəbbin əhdinə və göstərişlərinə bağlıdırsa,

Rəbb yolunda onun üçün xeyirxahlıq və sədaqət var.

11Ya Rəbb, ismin naminə məni bağışla,

Təqsirim böyükdür.

12Rəbdən qorxan kimdir?

Rəbb ona yol seçməyi öyrədir.

13O bəxtəvər yaşayacaq,

Ölkə onun nəslinə irs olaraq qalacaq.

14Rəbb Ondan qorxanlara sirrini açar,

Onlara Öz əhdini öyrədər.

15Həmişə gözüm Rəbdədir,

Çünki O, ayaqlarımı tələdən xilas edir.

16Üzünü mənə sarı çevir və lütfkar ol,

Çünki tənhayam, zülm içindəyəm.

17Qəlbimdəki qubar artıb,

Məni dərdlərdən qurtar.

18Əzab-əziyyətimə bax,

Bütün günahlarımı bağışla.

19Düşmənlərimə bax, gör nə qədər çoxalıb,

Amansız nifrətlərinə hədəfəm.

20Canımı qoru, məni qurtar,

Sənə pənah gətirdiyimə görə qoyma rüsvay olum!

21Qoy kamalla düzlük məni hifz etsin,

Çünki Səni gözləyirəm.

22Ey Allah, İsraili

Bütün çətinliklərindən qurtar.

YUXARI

Zəbur 26

Məzmur 26

Davudun məzmuru.

1Məni haqlı çıxar, ya Rəbb,

Çünki mən kamalla gəzmişəm,

Sarsılmadan Rəbbimə güvənmişəm.

2Ya Rəbb, məni sınaqdan keçir,

Sən məni imtahan et,

Qəlbimi, fikirlərimi saf et.

3Məhəbbətin gözümün önündə durur,

Sənin sədaqətinlə gəzirəm.

4Yalançı insanlarla oturmuram,

İkiüzlülərlə yoldaşlıq etmirəm,

5Yaramazların məclisinə nifrət edirəm,

Pislərlə oturmuram.

6Ya Rəbb, günahsızlıq içində əllərimi yuyuram,

Qurbangahının başına dolanıram,

7Şükür səsimi ucaldıram,

Bütün xariqələrini bəyan edirəm.

8Ya Rəbb, məskənin olan evi,

Calalının sakin olduğu yeri sevirəm.

9Məni günahkarlara qatıb aparma,

Qatillərlə birgə canımı alma.

10Onlar pis niyyəti əllərində tutublar,

Sağ əllərini rüşvətlə doldurublar.

11Mənsə kamalla gəzirəm,

Məni qurtar, mənə lütf et!

12Ayağım düzlük üstündə durur,

Cəmiyyətin içində Rəbbə alqış edəcəyəm.

YUXARI

Zəbur 27

Məzmur 27

Davudun məzmuru.

1Rəbdir nurum, qurtuluşum!

Mən kimdən qorxum?

Rəbdir ömrümün qalası,

Mən kimdən vahimələnim?

2Ətimi yemək üçün hücum edən şər adamlar –

Yağılarım, düşmənlərim büdrəyərək yıxılarlar.

3Bir ordu qarşımda düzülsə belə, ürəyim qorxmaz,

Mənimlə döyüşsələr də, arxayınam.

4Rəbdən bir arzum, bir istəyim var:

Bütün ömrüm boyu Rəbbin evində yaşayım,

Məbədində Rəbbin camalına baxım,

Ona pərəstiş edim.

5Dar gündə məni çardağında gizlər,

Çadırının örtüyü ilə örtər,

Qaya başındakı yüksək yerə gətirər.

6İndi ətrafımdakı düşmənlərimin üzərində

Qələbələr çalacağam,

Rəbbin çadırında şənlik qurub qurbanlar kəsəcəyəm,

Onu ilahilərlə tərənnüm edəcəyəm.

7Ya Rəbb, dinlə, Səni çağırıram,

Lütf edib mənə cavab ver.

8Sən dedin: «Üzümü axtarın».

Ya Rəbb, mən Sənin üzünü axtarıram.

9Üzünü məndən gizlətmə,

Qulunu qəzəblə qovma.

Mənə Sən kömək etmisən,

Məni atma, tərk etmə,

Ey məni qurtaran Allahım!

10Ata-anam məni atsa belə,

Rəbb məni qəbul edər.

11Ya Rəbb, yolunu mənə öyrət,

Düşmənlərimdən ötrü mənə düz yolda rəhbərlik et.

12Məni düşmənlərin əlinə salma,

Çünki yalançı şahidlər, zorakılar əleyhimə qalxdılar.

13Rəbbin xeyirxahlığını dirilər arasında görəcəyəm,

Buna şübhəm yoxdur.

14Rəbbə ümid bağla!

Möhkəm və cəsarətli ol!

Rəbbə ümid bağla!

YUXARI

Zəbur 28

Məzmur 28

Davudun məzmuru.

1Ya Rəbb, Səni səsləyirəm,

Ey Qayam, qulağını tıxama.

Əgər cavab verməsən,

Qəbirə düşənlərə bənzəyərəm.

2Səni yardıma çağırarkən,

Məbədinin ən müqəddəs yerinə tərəf əllərimi qaldırarkən,

Yalvarış səsimi eşit.

3Pislərlə, şər iş görənlərlə birgə

Məni dartıb aparma.

Onlar qonşuları ilə dost kimi danışır,

Lakin qəlblərində şər dolaşır.

4 Əməllərinə, pis işlərinə görə

Onların əvəzini ver,

Əllərindən gələn bu işlər nəyə layiqdirsə,

Onlar üçün ödə.

5Rəbbin əməllərinə əhəmiyyət vermədiklərinə görə,

Onun əllərinin əməllərinə fikir vermədiklərinə görə

Rəbb onları yerə vuracaq,

Bir daha qaldırmayacaq.

6Alqış olsun Rəbbə,

Yalvarış səsimi eşitdi!

7Rəbb qalam, sipərimdir!

Qəlbim Ona güvənəndə köməyimə çatır.

Sevincdən qəlbim cuşa gəlir,

İlahilərimlə Ona şükür edirəm.

8Rəbb Öz xalqının gücüdür,

Məsh etdiyi insanın nicat qalasıdır.

9Öz xalqını qurtar,

Seçdiklərinə xeyir-dua ver.

Öz sürünü otar,

Xalqının əbədilik qayğısına qal!

YUXARI

Zəbur 29

Məzmur 29

Davudun məzmuru.

1Ey ilahi varlıqlar, Rəbbə verin –

İzzəti, qüdrəti Rəbbə verin!

2Adına layiq olan izzəti Rəbbə verin,

Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin!

3Rəbbin səsi suların üzərindədir,

Ehtişam Allahı gurlayar,

Rəbb ümman suların üzərindədir.

4Rəbbin səsi qüdrətlidir,

Rəbbin səsi əzəmətlidir,

5Rəbbin səsi sidr ağaclarını sındırar,

Rəbb Livan sidrlərini qırar.

6Livan dağlarını dana kimi,

Siryon dağını çöl buğası kimi tullandırar.

7Rəbbin səsi şimşəkləri çaxdırar,

8Rəbbin səsi çölləri lərzəyə salar,

Rəbb Qadeş çölünü lərzəyə salar.

9Rəbbin səsi maralları doğuzdurar,

Rəbbin səsi meşələri çılpaq qoyar.

Məbədində hamı deyər:

«Ehtişamlısan!»

10Rəbb daşan sular üstündəki taxtında oturub,

O, əbədi Padşahdır, taxtında oturub.

11Rəbb Öz xalqına qüvvət verir,

O, xalqına firavanlıq və bərəkət verir.

YUXARI

Zəbur 30

Məzmur 30

Davudun məzmuru.

Məbədin təqdisinə aid ilahi.

1Ya Rəbb, Səni ucaldıram,

Çünki Sən məni qurtardın,

Düşməni mənə görə sevinməyə qoymadın.

2Ya Rəbb Allahım,

Səni imdada çağırarkən

Mənə şəfa verdin.

3Ya Rəbb, canımı

Ölülər diyarından azad etdin,

Qəbirə düşməyim deyə

Sən mənə həyat verdin.

4Ey Rəbbin möminləri,

Onu tərənnüm edin,

Müqəddəsliyini yada salın,

Ona şükürlər edin.

5Çünki qəzəbi bir anlıq olur,

Lütfü isə ömür boyu qalır.

Kimin bir gecə gözündən yaş tökülərsə,

Onun üçün sübh tezdən sevinc doğar.

6Dinclik tapanda dedim:

«Əsla sarsılmaram».

7Ya Rəbb, lütfünlə məni

Bir dağ kimi möhkəm etdin.

Sonra məndən üz gizlətdin,

Canıma vəlvələ düşdü.

8Ya Rəbb, Səni çağırdım,

Xudavəndə belə yalvardım:

9«Qanımı töküb qəbirə düşsəm,

Sənə fayda verərmi?

Torpaq Sənə şükür edə bilərmi,

Sədaqətini elan edə bilərmi?

10Ya Rəbb, dinlə, mənə lütf et,

Ya Rəbb, köməyimə çat».

11Yasımı şənliyə çevirdin,

Çulumu çıxarıb məni sevincə bürüdün.

12Ona görə susmayacağam,

Səni ucadan tərənnüm edəcəyəm.

Ya Rəbb Allahım,

Sənə daim şükür edəcəyəm!

YUXARI

Zəbur 31

Məzmur 31

Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1Ya Rəbb, Sənə pənah gətirirəm!

Heç vaxt məni xəcalətdə qoyma,

Ədalətinlə məni xilas et!

2Qulağını mənə tərəf çevir,

Məni tez azad et!

Bir qaya ol, qoy sığınım,

Möhkəm bir qala ol, qoy qurtulum.

3Çünki qayam da Sən, qalam da Sənsən!

Öz ismin naminə mənə yol göstərib rəhbərlik et.

4Məni qarşımda qurulan gizli tordan hifz et,

Çünki Sən mənim sığınacağımsan!

5 Ruhumu Sənin əlinə verirəm,

Ya Rəbb, sadiq Allah, Sən məni azad et.

6Boş şey olan bütlərə pərəstiş edənlərə nifrət edirəm,

Mən Rəbbə güvənirəm.

7Mən Sənin məhəbbətində

Şad olub sevinəcəyəm,

Çünki məzlum halımı görmüsən,

Çəkdiyim əzabı bilmisən.

8Məni düşmənə təslim etmədin,

Genişlikdə gəzdirdin.

9Ya Rəbb, mənə rəhm et,

Çünki əzabdayam,

Kədərdən gözüm, qəlbim, bədənim quruyub.

10Ömrüm qüssə ilə,

İllərim ah-nalə ilə keçir.

Təqsirimə görə taqətim qalmayıb,

Sümüklərim quruyub.

11Bütün düşmənlərim mənə tənə edir,

Qonşularımsa onlardan daha betərdir,

Tanışlarım məni görərkən dəhşətə düşür,

Məni küçələrdə görənlər məndən qaçır.

12Ölü bir adam kimi unudulmuşam,

Çilik-çilik qırılan bir qaba oxşayıram.

13 Çox adamların pıçıltısını eşidirəm,

Hər tərəfimi dəhşət alıb,

Hamı əleyhimə əlbir olub,

Canımı almaq üçün qəsd qurub.

14Ya Rəbb, yalnız Sənə güvənirəm,

Dedim: «Allahımsan Sən».

15Mənim hər anım Sənin əlindədir,

Düşmənlərimin, təqibçilərimin əlindən

Məni azad et.

16Bəndənin üstünə üzünün nurunu sal,

Məhəbbətinlə məni qurtar.

17Ya Rəbb, məni xəcalətdə qoyma,

Çünki Səni çağırıram.

Qoy pislər utansın,

Qoy ölülər diyarında səsləri batsın.

18Təkəbbürlə, həqarətlə yalan danışan,

Salehlərə böhtan atan dillər lal olsun!

19Xeyirxahlığın nə qədər böyükdür!

Bunu Səndən qorxanlar üçün saxladın.

Bütün bəşər övladları qarşısında

Sənə pənah gətirənlərə xeyirxahlıq etdin.

20Onları insanların qəsdlərindən

Hüzurunda sığındırırsan,

Böhtançı dillərə qarşı çardağında gizlədirsən.

21Qoy Rəbbə alqış olsun!

Çünki mühasirəyə düşən şəhərdə

Məhəbbətini xariqələrlə mənə göstərdi!

22Mən təlaşa düşüb demişdim:

«Sənin gözlərinin önündən kənara atıldım».

Lakin Səni imdada çağıranda

Yalvarış səsimi eşitdin.

23Rəbbi sevin, siz ey bütün möminlər!

Rəbb həmişə Ona sadiq qalanı qoruyur,

Təkəbbürlü insana isə layiq olduğunu verir.

24Ey Rəbbə ümid bağlayan bütün insanlar,

Möhkəm olun, qoy ürəyiniz cəsarətli olsun!

YUXARI

Zəbur 32

Məzmur 32

Davudun maskili.

1Üsyankarlığı bağışlanan,

Günahı əfv olunan insan

Nə bəxtiyardır!

2Rəbb tərəfindən təqsirkar sayılmayan,

Qəlbində hiylə olmayan insan

Nə bəxtiyardır!

3Etiraf etməyəndə

Bütün gün nalə çəkməkdən

Sümüklərim taqətdən düşdü.

4Əlin üzərimdə gecə-gündüz ağırlaşdı,

Sanki yayın quraqlığı məni taqətdən saldı.

Sela

5 Sonra Sənə günahımı etiraf etdim,

Təqsirlərimi gizlətmədim.

Dedim: «Üsyankarlığımı Rəbbə etiraf edirəm».

Təqsirimi, günahımı bağışladın.

Sela

6Buna görə hər bir mömin

Səni tapan zaman Sənə dua etsin.

Azğın sellər daşsa da,

Möminə toxunmaz.

7Sığınacaq yerim Sənsən,

Məni dardan hifz edirsən.

Zəfər harayı ilə

Ətrafımda dövr edirsən.

Sela

8Dedin: «Sənə təlim verəcəyəm,

Gedəcəyin yolu öyrədəcəyəm.

Nəsihət verəcəyəm,

Gözüm sənin üstündə olacaq.

9At yaxud qatır kimi

Şüursuz olmayın.

Cilov, yüyən vurulmasa,

Onlar idarə edilə bilməz».

10Pislərin başına çox bəla gələr,

Rəbbə güvənənlər isə hər tərəfdən məhəbbətə bürünər.

11Ey salehlər, fərəhlənin,

Rəbbə görə sevinin!

Ey ürəyidüz olanlar,

Onu mədh edin!

YUXARI

Zəbur 33

Məzmur 33

1Ey salehlər, Rəbbi mədh edin,

Ürəyidüz olanlara həmd söyləmək yaraşır.

2Lira çalın, Rəbbə şükür edin,

On telli çənglə Onu tərənnüm edin,

3Ona yeni bir nəğmə oxuyun, Sevinc nidaları ilə çalın.

4Çünki Rəbbin sözü haqdır,

Hər işini sədaqətlə aparır.

5Rəbb salehliyi və ədaləti sevir,

Yer üzü Onun məhəbbəti ilə dolur.

6Göylər Rəbbin sözü ilə,

Səma cisimləri Onun hökmü ilə yarandı.

7Dənizin sularını bir yerə yığdı,

Dərin suları anbarlarda saxladı.

8Qoy bütün dünya Rəbdən qorxsun,

Bütün yer üzünün əhalisi Onu şərəfləndirsin.

9Çünki nə söylədi, mövcud oldu,

Nə əmr etdi, quruldu.

10Rəbb millətlərin məsləhətini puç edər,

Xalqların məqsədini heç edər.

11Lakin Rəbbin məsləhəti əbədi olar,

Ürəyinin məqsədi nəsillər ötsə də, qalar.

12Nə bəxtiyardır o millət ki Allahı Rəbdir,

O xalq ki Rəbb onu irs olaraq seçmişdir.

13Rəbb göylərdən baxır,

Bütün bəşər övladlarını görür,

14Taxtında oturduğu yerdən

Bütün dünya əhalisini görür.

15Odur hər bir insanın ürəyini yaradan,

Əməllərini anlayan.

16Qoşunun çoxluğu ilə heç bir padşah qurtulmaz,

Qolunun gücü ilə heç bir cəngavər zəfər çalmaz.

17Qələbə üçün at boş şeydir,

Qüvvətinin çoxluğu ilə bir kimsə xilas olmaz.

18Rəbbin gözü Ondan qorxanlara,

Onun məhəbbətinə ümid bağlayanlara baxar.

19İstəyir ki, onları ölümdən qurtarsın,

Qıtlıqda belə, onlar sağ qalsın.

20Könlümüz Rəbbin yolunu gözlər,

Odur köməyimiz və sipərimiz.

21Bizim qəlbimiz Onda sevinc tapır,

Müqəddəs isminə arxalanmışıq.

22Ya Rəbb, ümidimizi Sənə bağlamışıq,

Məhəbbətin üzərimizdən tükənməsin.

YUXARI

Zəbur 34

Məzmur 34

Davudun məzmuru.

O, Avimelekin önündə özünü dəli kimi göstərib qovulanda.

1Hər zaman Rəbbə alqış edəcəyəm,

Ona daim mənim dilim həmd edəcək.

2Rəblə könlüm fəxr edir,

Ey məzlumlar, eşidib sevinin!

3Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq,

Rəbbin ismini birgə ucaldaq.

4Rəbbə üz tutdum, O mənə cavab verdi,

O hər bir dəhşətdən məni xilas etdi.

5Rəbbə baxan nur saçar,

Üzü qızarmaz.

6Mən məzlum, Rəbbi çağırdım, O məni eşitdi,

Bütün əzablarımdan məni xilas etdi.

7Rəbdən qorxanları Onun mələyi müdafiə edər,

Onlara zəfər verər.

8 Dadın, görün Rəbb nə qədər şirindir,

Nə bəxtiyardır Ona pənah gətirənlər!

9Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun,

Ondan qorxan heç nəyə möhtac qalmaz.

10Gənc aslanlar ac-yalavac qaldılar,

Lakin Rəbbi axtaranlar

Heç bir yaxşı şeydən korluq çəkməzlər.

11Gəlin, ey övladlar, məni dinləyin,

Rəbb qorxusunu sizə öyrədim:

12 Kim həyatdan kam almaq istəyirsə,

Uzun ömür sürüb xoş gün görmək istəyirsə,

13Qoy dilini şərdən,

Ağzını fırıldaq üçün işlətməkdən qorusun,

14Qoy şərdən çəkinib yaxşılıq etsin,

Sülhü axtarıb ardınca getsin!

15Rəbbin gözü salehlərin üzərindədir,

Qulaqları onların fəryadlarına açıqdır.

16Rəbbin üzü şər iş görənlərə qarşıdır,

Yer üzündə onlardan nişanə qoymayacaq.

17Salehlər fəryad çəkəndə Rəbb eşidir,

Onları bütün əzablarından azad edir.

18Rəbb qəlbisınıqlara yaxındır,

O, ruhən əzilmişləri qurtarır.

19Salehlər çox bəlaya düçar olar,

Lakin Rəbb onları hər birindən qurtarır.

20 Rəbb onların hər bir sümüyünü qoruyur,

Heç biri zədələnməz.

21Pislər öz şəri ilə məhv olacaq,

Salehə nifrət edən məhkum olacaq.

22Rəbb qullarının canını azad edir,

Rəbbə pənah gətirən məhkum olmur.

YUXARI

Zəbur 35

Məzmur 35

Davudun məzmuru.

1Ya Rəbb, mənimlə çəkişənlərlə Sən çəkiş.

Mənimlə döyüşənlərlə Sən döyüş.

2Qalxan və sipərini əlinə al,

Qalx, mənim imdadıma çat.

3Nizəni tutub ardımca düşənlərin yolunu kəs,

Qəlbimə söylə: «Səni qurtaran Mənəm».

4Canımın qəsdinə duranlar

Qoy utanıb rüsvay olsunlar,

Mənə qarşı pis niyyəti olanlar

Geri qovulub biabır olsunlar.

5Saman çöpü tək olsunlar, onları yel sovursun,

Rəbbin mələyi onları silib atsın.

6Qoy yolları zülmət, sürüşkən olsun,

Qoy Rəbbin mələyi onları qovsun.

7Çünki nahaq yerə mənə tələ qurdular,

Nahaqdan canım üçün quyu qazdılar.

8Qoy başlarına qəfil fəlakət gəlsin,

Qurduqları tələyə özləri düşsün,

Hazırladıqları bəlaya düçar olsunlar.

9Onda canım Rəblə şad olacaq,

Məni qurtardığı üçün qəlbim fərəh tapacaq.

10Bütün varlığımla belə deyəcəyəm:

«Ya Rəbb, Sənin kimisi varmı?

Məzlumu ondan güclünün əlindən,

Məzlumu və fəqiri istismarçının əlindən azad edirsən».

11Amansız şahidlər qalxırlar,

Yalandan üzümə dururlar.

12Yaxşılığımın əvəzində onlardan yamanlıq görürəm,

Əzizi ölən bir adama bənzəyirəm.

13Vaxtı ilə onlar xəstələnərkən

Çul geyib, oruc tutub canıma zülm edirdim,

Başımı aşağı salıb dua edirdim.

14Onları özümə dost və qardaş bilirdim.

Anası üçün yas tutan adam tək

Bükülüb hüznlə gəzirdim.

15Lakin mən büdrəyərkən

Bir yerə toplaşıb sevindilər.

Tanımadığım əclaflar mənə qarşı toplaşdılar.

Dayanmadan məni didirdilər,

16Şikəstləri təhqir edən allahsızlar kimi

Mənə dişlərini qıcayırdılar.

17Ey Xudavənd, nə vaxta qədər buna baxacaqsan?

Canımı məhv edilməkdən,

Həyatımı bu gənc aslanlardan qurtar.

18Çoxlu camaat arasında Sənə şükür edəcəyəm,

Çoxsaylı xalq arasında Sənə həmd edəcəyəm.

19 Qoyma haqsız düşmənlərim mənə görə sevinsin,

Mənə nahaqdan nifrət edənlər bir-birinə göz vursun.

20Çünki onlar sülh üçün danışmırlar,

Sözləri ilə ölkənin dinc sakinlərinə fənd qururlar.

21Ağızlarını üstümə iri açıb belə deyirlər:

«Aha! Aha! Bax, öz gözümüzlə gördük».

22Ya Rəbb, bunu gördün, indi susma,

Ey Xudavənd, məndən uzaq durma.

23Ey Xudavənd Allahım, oyan, qalx,

Bu mübarizəmdən qoy mən haqlı çıxım.

24Ədalətinə görə mənə bəraət qazandır,

Ya Rəbb Allahım, qoyma mənə görə sevinsinlər.

25Qoyma düşünsünlər: «Aha! Muradımıza çatmışıq!»

Qoyma söyləsinlər: «Onun başını yemişik!»

26Pis günümə şadlananlar

Qoy utanıb biabır olsunlar,

Qarşımda qürrələnənlər

Xəcalətə, rüsvayçılığa bürünsünlər.

27Mənim haqlı çıxmağımı istəyənlər

Sevinib Səni mədh etsinlər.

Daim belə söyləsinlər:

«Öz qulunun əmin-amanlığını istəyən Rəbb ucalsın!»

28Dilim Sənin salehliyindən deyəcək,

Daim Sənə həmd edəcəyəm!

YUXARI

Zəbur 36

Məzmur 36

Musiqi rəhbəri üçün. Rəbbin qulu Davudun məzmuru.

1Şər pis insanın ürəyinə pıçıldayır,

Onun gözündə Allah qorxusu yoxdur.

2Öz gözündə özünü yüksək tutur,

Nə təqsirini görür, nə də ona nifrət edir.

3Dilindən fitnə-fəsad düşmür,

Müdrik, xeyirxah əməllərdən əl çəkib.

4Yatağında fitnələr barədə fikirləşir,

Pis yolda dayanır, şər işlərdən ikrah etmir.

5Ya Rəbb, məhəbbətin göylərdədir,

Sədaqətin asimanı bürüyür.

6Dağlar kimi salehliyin uludur,

Dərya kimi ədalətin dərindir.

Ya Rəbb, həm insanı, həm heyvanı qoruyursan.

7Ey Allah, məhəbbətin nə qədər qiymətlidir!

Bəşər övladları Sənin qanadlarının kölgəsinə sığınır.

8Evinin bolluğu ilə onları doydurursan,

Sənin xoşhal edən axar çayından onları içirirsən.

9Çünki həyat mənbəyi Səndədir,

Biz Sənin nurunla görə bilirik.

10Səni tanıyanlara məhəbbətini,

Ürəyidüz olanlara salehliyini daima göstər.

11Qoy təkəbbürlülərin təpiyi altında qalmayım,

Pis adamların əli ilə qovulmayım.

12Gördüm ki, şər iş görənlər yıxılıblar,

Onlar yerə sərilib, daha qalxa bilməzlər.

YUXARI

Zəbur 37

Məzmur 37

Davudun məzmuru.

1Pislik edənlərə görə narahat olma,

Fitnəkarlıq edənlərə qibtə etmə.

2Tezliklə onlar ot kimi quruyacaq,

Yaşıl çəmən kimi tez solacaq.

3Rəbbə güvən, yaxşılıq et,

Bu diyarda arxayın ömür sür.

4Rəbdən zövq al,

O da səni ürəyinin istəklərinə çatdıracaq.

5Yolunu Rəbbə ver,

Ona güvən,

O edəcək.

6Rəbb sənin salehliyini nur kimi aydınlaşdıracaq,

Həqiqətini gündüz günəşi tək çıxaracaq.

7Rəbbin hüzurunda sükut et,

Onu səbirlə gözlə.

Yolunda uğur qazanan

Hiyləgər insan üçün narahat olma.

8Qəzəbi at, hiddətdən çəkin,

Narahat olma, bunlar insanı şərə salar.

9Çünki şər adamlar kəsilib atılacaq,

Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq.

10Bir az gözlə, pis yox olacaq,

Yerini axtarsan belə, tapılmayacaq.

11 Həlimlər yer üzünü mülk olaraq alacaq,

Əmin-amanlığın bolluğundan zövq tapacaq.

12Şər adam salehin qəsdinə durur,

Ona qarşı dişlərini qıcayır.

13Amma Xudavənd şər adama gülür,

Onun dövranının az olmasını bilir.

14Məzlumu, fəqiri yerə vurmaq üçün,

Düz yolda olanı boğazlamaq üçün

Pislər qılınc çəkər, ox-kamanını qurar.

15Lakin onların qılıncları öz ürəklərinə saplanacaq,

Ox-kamanları parça-parça olacaq.

16Salehin az malı

Pislərin bütün sərvətlərindən yaxşıdır.

17Çünki pislərin qol-qanadı qırılacaq,

Rəbb isə salehlərin dayağıdır.

18Rəbbə kamillərin gündəlik qayğıları məlumdur,

Onların irsi əbədi qalacaq.

19Dar gündə utanmayacaqlar,

Qıtlıqda tox yaşayacaqlar.

20Lakin pislər həlak olacaq,

Rəbbin düşmənləri çəmənin təravəti kimi solacaq,

Tüstü kimi çəkilərək yox olacaq.

21Pis adam borc alır, qaytarmır,

Salehlər səxavətlə paylayır.

22Rəbdən bərəkət alan ölkəni mülk olaraq alacaq,

Lənət etdiyi kəslər kəsilib atılacaq.

23Rəbb insana gedəcəyi yolu göstərir,

Kimdən razı qalırsa, onu möhkəmləndirir.

24Bu insan büdrəsə də, yıxılmaz,

Çünki Rəbb onun əlindən tutar.

25Gəncliyimdən qocalığımadək

Salehin tərk edildiyini,

Nəslinin çörək üçün diləndiyini görməmişəm.

26O hər zaman səxavətlə borc verər,

Övladlarına xeyir-dua gələr.

27Şərdən çəkinib yaxşılıq et ki,

Ölkədə əbədi məskən sala biləsən.

28Çünki Rəbb ədaləti sevir,

Heç zaman möminlərini tərk etmir.

Salehlər daim müdafiə olunacaq,

Pislər nəsilliklə kəsilib atılacaq.

29Salehlər ölkəni mülk olaraq alacaq,

Onlar orada əbədi məskən salacaq.

30Salehin ağzından hikmət çıxar,

Dili haqq söz danışar.

31Çünki Allahın qanunu ürəyindədir,

Ayaqları büdrəmir.

32Pis adam salehi güdür,

Onu öldürmək üçün fürsət axtarır.

33Rəbb salehi pisin əlinə düşməyə qoymaz,

Ona ittiham oxunanda məhkum olmaz.

34Rəbbi gözlə, Onun yolunu tut,

O sənə ölkəni mülk olaraq verəcək, səni yüksəldəcək.

Pislərin kəsilib atılacağı zamanı görəcəksən.

35Münbit torpaqda yaşıl ağac tək bitən,

Kök salan zalım, pis adamı görmüşdüm.

36O keçib-getdi, yeri boş qaldı,

Onu axtararkən tapa bilmədim.

37Kamil adama bax, əməlisaleh insana nəzər yetir,

Gələcək sülhsevən adama bəxş ediləcək.

38Amma bütün üsyankarlar birlikdə yox olacaq,

Pislərin kökü kəsiləcək.

39Salehlərin qurtuluşu Rəbdəndir,

Dar gündə onlara pənah yeridir.

40Rəbb onların imdadına çatır,

Onları qurtarıb pislərin əlindən alır,

Çünki onlar Rəbbə pənah aparır.

YUXARI

Zəbur 38

Məzmur 38

Davudun yadasalma məzmuru.

1Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə,

Hiddətlənib məni tənbeh eləmə.

2Artıq Sənin oxların mənə saplanıb,

Əllərin üstümə ağırlıq salıb.

3Bədənimdə qəzəbindən sağ yer qalmadı,

Günahıma görə sümüklərim də xəstəlik tapdı.

4Çünki təqsirlərim başımdan aşır,

Ağır yük tək onlara gücüm çatmır.

5Ağılsızlığımın üzündən

Yaralarım iyrənc və irinlidir.

6Mənim qəddim əyilib, ikiqat bükülmüşəm,

Gün boyu yaslı gəzirəm.

7Çünki belim qızdırmadan yandı,

Bədənimdə sağ yer qalmadı.

8Taqətim kəsildi, çox əzilmişəm,

Ürəyimdəki iztiraba görə ah-zar edirəm.

9Ey Xudavənd, mənim arzu-diləyim hüzurundadır,

Mənim iniltilərim Səndən gizli qalmır.

10Ürəyim çırpınır, gücüm tükəndi,

Gözlərimin nuru da söndü.

11Azarımı görüb məndən dost-yoldaşım uzaqlaşdı,

Qohumlarım məndən uzaqda qaldı.

12Canımın qəsdinə duranlar mənə tələ qurur,

Bədxahlarım ölümümdən danışır,

Gün boyu mənim üçün hiylə qururlar.

13Mən bir kar kimi eşitmirəm,

Dilsiz-ağızsız bir lal kimiyəm.

14Dilsiz-cavabsız

Bir lal-kar kimiyəm.

15Ya Rəbb, ümidim Sənə qalıb,

Ey Xudavənd Allahım, Səndən cavab gözləyirəm!

16Dedim ki, qoy halıma sevinməsinlər,

Ayağım büdrəyəndə qarşımda öyünməsinlər.

17Mən yıxılmaq üzrəyəm,

Daim əzabla üz-üzəyəm.

18Təqsirlərimi etiraf edirəm,

Günahlarım üçün nigarançılıq çəkirəm.

19Düşmənlərim qüvvətlidir, hələ sağdır,

Nahaq yerə mənə nifrət edənlər çoxdur.

20Yaxşılığa yamanlıq edənlər

Yaxşılığa meyl etdiyimə görə əleyhimə durublar.

21Ya Rəbb, məni tərk etmə!

Ey Allahım, məndən uzaq dayanma!

22Ey Xudavənd, tez imdadıma çat,

Mənim xilaskarım Sənsən!

YUXARI

Zəbur 39

Məzmur 39

Musiqi rəhbəri Yedutun üçün. Davudun məzmuru.

1Dedim: «Hər addımıma diqqət edəcəyəm,

Dilimlə günah etməkdən çəkinəcəyəm.

Pis adam qarşımda durarkən

Dilimi yüyənləyib dinməyəcəyəm».

2Dilimi saxlayıb susdum,

Yaxşılığa belə, danışmadım.

Dərdlərim ağırlaşdı,

3Köksümdəki qəlbimə köz doldu.

Dərin düşünəndə yanıb-yaxıldım,

Dilimlə belə dedim:

4«Ya Rəbb, mənə bildir,

Aqibətim necə olacaq?

Ömrümün günləri nə qədər qalıb?

Qoy nə qədər fani olduğumu anlayım!

5Budur, günlərim ovcuna sığdı,

Ömrüm qarşında heç oldu.

Bəli, insan sadəcə bir nəfəsdir.

Sela

6Əlbəttə, insan kölgə kimi dolaşır,

Həqiqətən, o boş yerə çarpışır,

Var-dövlət yığır, kimə qalacağını bilmir.

7Ey Xudavənd, indi mən nə gözləyim?

Mənim ümidim Sənsən!

8Məni bütün təqsirlərimdən qurtar,

Məni axmaqların tənəsinə hədəf etmə.

9Susdum, ağzımı açmadım,

Çünki Sən bunu etdin!

10Göndərdiyin bəlanı mənim üstümdən götür,

Əlinin zərbəsindən gör necə əzildim.

11İnsanı təqsirinə görə məzəmmət edən zaman

Arzularını güvə kimi dağıdırsan.

Bəli, insan sadəcə bir nəfəsdir.

Sela

12Dinlə duamı, ya Rəbb, fəryadımı eşit!

Biganə qalma göz yaşlarıma.

Çünki Sənin yanında bir qəribəm,

Ata-babam kimi bir qonağam.

13Bir azca nəzərini məndən çək,

Qoy köçüb getməzdən əvvəl dinc yaşayım».

YUXARI

Zəbur 40

Məzmur 40

Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1Rəbbi səbir edərək gözlədim,

Mənə tərəf dönərək fəryadımı eşitdi.

2O məni çamırlı quyudan,

Lilli bataqlıqdan çıxartdı.

Ayağımı qaya üzərində bərkitdi,

Hər addımımı möhkəm etdi.

3Dilimə yeni bir nəğmə verdi,

İlahi ilə Allahımıza həmd etdim.

Bax nə qədər adam bunu görəcək,

Qorxub Rəbbə güvənəcək.

4Rəbbə ümidlə arxalanan,

Təkəbbürlülərə üz tutmayan,

Bütlərə aldananlara qoşulmayan

İnsan nə bəxtiyardır!

5Ya Rəbb Allahım, Sənə bənzəyən yoxdur!

Bizə aid xariqələrin, düşüncələrin çoxdur.

Onlardan danışmaq istəsəm,

Belə deyərdim: «Sayı-hesabı yoxdur».

6 Qurbandan, təqdimdən xoşun gəlmədi,

Yandırma qurbanı, günah qurbanı tələb etmədin,

Amma mənim qulağımı açdın.

7O zaman dedim: «Budur, gəlmişəm,

Sənin tumarında mənim haqqımda yazılıb.

8Ey Allahım, Sənin iradəni yerinə yetirmək

Mənə zövq verir,

Qanunun qəlbimdədir».

9Çoxlu camaat arasında salehliyini car çəkdim,

Ya Rəbb, Sən bilirsən ki, ağzımı yummadım.

10Salehliyini qəlbimdə gizlətmədim,

Xilaskar olduğunu, sədaqətini söylədim.

Çoxlu camaat arasından

Məhəbbətini, həqiqətini gizli saxlamadım.

11Ya Rəbb, mərhəmətini məndən əsirgəmə,

Daim məni məhəbbətinlə, həqiqətinlə qoru.

12Çünki sonsuz bəlalar ətrafımı bürüdü,

Günahlarım mənə sarıldı.

Görə bilmirəm, çünki məndə ürək qalmadı,

Onlar başımın tükündən çoxdur.

13Ya Rəbb, lütfünlə məni xilas et,

Ya Rəbb, dadıma tez çat!

14Canımı almaq üçün qəsd quranlar

Qoy utanıb biabır olsunlar.

Pis günümdən zövq alanlar

Geri qovulub rüsvay olsunlar.

15Mənə «Aha! Aha!» deyənlər

Xəcalət içində çaşıb qalsınlar.

16Lakin Səni axtaranlar

Sənə görə qoy şad olub sevinsinlər.

Xilaskar olduğunu sevənlər

Daim «Qoy ucalsın Rəbb!» desinlər.

17Budur, bir məzlum, bir fəqirəm,

Lakin Xudavənd qayğıma qalır.

Köməyim, xilaskarım Sənsən,

Ey Allahım, ləngimə!

YUXARI

Zəbur 41

Məzmur 41

Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1Yoxsulların qayğısına qalan nə bəxtiyardır!

Rəbb dar günündə onu qurtarar,

2Rəbb onu qoruyar, salamat saxlayar.

O, ölkədə bəxtiyar olar,

Düşmənlərinə təslim edilməz.

3Yatağa düşəndə Rəbb ona dayaq olar,

Onu bütün xəstəlikdən sağaldar.

4Mən dedim: «Ya Rəbb, mənə rəhm et,

Canıma şəfa ver,

Çünki Sənə qarşı günah etmişəm».

5Düşmənlərim məndən pis sözlər söyləyir:

«Bu nə vaxt öləcək, adı batacaq?» deyirlər.

6Mənə baş çəkənlər yalan danışır,

Ürəklərinə böhtan yığır,

Bayıra çıxanda bundan danışırlar.

7Bütün mənə nifrət edənlər mənim barəmdə pıçıldaşır,

Mənə qarşı pis fikirləri var.

8Deyirlər: «Bu, ölümcül bəlaya düşüb,

Budur, yatır, daha qalxmaz».

9 Hətta etibarlı saydığım ən yaxın dostum,

Çörəyimi yeyən mənə xəyanət etdi.

10Sən, ya Rəbb, rəhm edib məni ayağa qaldır,

Qoy onlardan bunun əvəzini çıxım!

11Məndən razı qaldığını bundan bilirəm:

Düşmənlərimin mənə qalib gəlmədiyini görürəm.

12Kamil olduğum üçün məndən möhkəm yapışdın,

Məni hüzurunda əbədilik dayandırdın.

13 Alqış olsun İsrailin Allahı Rəbbə

Əzəldən sonsuza qədər!

Amin! Amin!

YUXARI

Zəbur 42

Məzmur 42

Musiqi rəhbəri üçün. Qorah övladlarının maskili.

1Maral axar sulara həsrət qalan kimi,

Ey Allah, könlüm Sənin həsrətini çəkir!

2Ey var olan Allah, mənim qəlbim Sənin üçün susayıb.

Ay Allah, nə vaxt gəlib hüzurunda görünüm?

3Göz yaşlarım gecə-gündüz qidam olub,

Daim mənə deyirlər: «Bəs hanı Allahın?»

4Bunları yadıma salarkən ürəyim üzülür,

Necə də yüksəkdən sevinc, şükür nidalarını söyləyərək

Bayram edən xalqın qarşısında gedərdim,

Onları Allahın evinə aparardım.

5Mənim qəlbim, niyə qırılmısan?

Axı niyə bu köksümdə təlaşlanırsan?

Ümidini yenə Allaha bağla,

Qoy Allahıma – məni qurtarana şükür edim.

6Köksümdəki qəlbim qırılıb,

Ona görə İordan diyarında,

Xermon, Misar dağında

Səni düşünürəm.

7Dərin sular şəlalələrinin səsi ilə

Dərin suları çağırdı,

Sənin ləpələrin, dalğaların başımdan aşdı.

8Rəbb mənə gündüz məhəbbət göstərir,

Gecə isə həyatımın Allahına

Etdiyim dua və ilahi dilimdən düşmür.

9Qayama – Allahıma deyirəm: «Niyə məni unutdun?

Düşmənin zülmünə görə niyə yaslı gəzməliyəm?»

10Düşmənlərim sümüklərimi qırıb məni təhqir edirlər,

Daim mənə «Bəs hanı Allahın?» deyirlər.

11Mənim qəlbim, niyə qırılmısan?

Axı niyə bu köksümdə təlaşlanırsan?

Ümidini yenə Allaha bağla,

Qoy Allahıma – məni qurtarana şükür edim.

YUXARI

Zəbur 43

Məzmur 43

1Ey Allah, etibarsız millətə qarşı olan mübarizəmdən

Məni haqlı çıxart,

Məni hiyləgər, fitnəkar adamın əlindən qurtar.

2Çünki Sən pənah gətirdiyim Allahsan.

Niyə məni atmısan?

Düşmənin zülmünə görə niyə yaslı gəzməliyəm?

3Göndər Öz nurunu, həqiqətini,

Qoy yolunu mənə göstərsinlər,

Müqəddəs dağına, məskənlərinə

Qoy məni aparsınlar.

4Onda Allahın qurbangahına,

Sevincim, fərəhim olan Allahımın yanına gedərəm.

Lira çalıb Sənə şükür edərəm,

Ey Allah, mənim Allahım.

5Mənim qəlbim, niyə qırılmısan?

Axı niyə bu köksümdə təlaşlanırsan?

Ümidini yenə Allaha bağla,

Qoy Allahıma – məni qurtarana şükür edim.

YUXARI

Zəbur 44

Məzmur 44

Musiqi rəhbəri üçün. Qorah övladlarının maskili.

1Ey Allah, öz qulağımızla eşitmişik ki,

Ata-babalarımızdan bizə çatıb ki,

Onların dövründə, qədim zamanda

Sən hansı işləri görmüsən.

2Öz əlinlə millətləri torpaqlarından götürdün,

Atalarımızı orada yerləşdirdin.

Xalqlara bəla verdin,

Atalarımızın soyunu şaxələndirdin.

3Onlar qılıncları ilə deyil,

Sənin sağ əlinlə torpaqlara sahib oldular.

Öz qolları deyil,

Sənin sağ qolun onlara zəfər qazandırdı.

Onlara üzündən nur verdin,

Çünki Sən onları sevirdin.

4Ey mənim Allahım, Sənsən Padşahım,

Əmr et, Yaqub nəsli qələbə çalsın.

5Köməyinlə düşmənlərimizi devirək,

İsminlə əleyhdarlarımızı əzək.

6Ox-kamanıma güvənmərəm,

Qılıncım məni qurtarmaz.

7Yalnız Sən bizi düşmənlərimizdən xilas etdin,

Bizə nifrət edənləri rüsvay etdin!

8Gün boyu Allahla fəxr edirik,

İsminə sonsuza qədər şükür edirik.

Sela

9İndi isə bizi atıb rüsvay etmisən,

Ordularımızla yürüşə çıxmırsan.

10Düşmənin qarşısından bizi geriyə qovursan,

Bizə nifrət edənlər bizi soyub-talayır.

11Bizi kəsilməyə gedən qoyun kimi etdin,

Sən bizi millətlər arasına səpdin.

12Öz xalqını yaman ucuz satdın,

Onların dəyərindən çox qazanmadın.

13Bizi qonşularımıza tənə hədəfi etdin,

Ələ salıb lağ edənlərlə yan-yörəmizi doldurdun.

14Bizi millətlərin dilinə saldın,

Ümmətlərin gülüş hədəfinə döndərdin.

15Rüsvayçılığım daim qarşımı kəsir,

Bu xəcalətin üzündən,

16Təhqir, söyüş sözlərindən,

Düşməndən, qisasçıdan üzümü gizlədirəm.

17Səni unutmadığımız,

Əhdinə xəyanət etmədiyimiz halda

Bunların hamısı başımıza gəldi.

18Səndən qəlbimiz dönmədiyi,

Yolundan ayaqlarımız büdrəmədiyi halda

19Sən bizi çaqqalların diyarında əzdin,

Qatı zülmətə qərq etdin.

20Allahımızın ismini unutmuş olsaydıq,

Yad allaha əl açmış olsaydıq,

21Allah bunu araşdırmazdımı?

Çünki qəlbin hər sirrini bilən Odur.

22 Biz gün boyu Sənin uğrunda öldürülürük,

Qurbanlıq qoyunlar sayılırıq.

23Ey Xudavənd, oyan, niyə yatmısan?

Qalx, bizi əbədilik atma!

24Niyə üzünü bizdən gizlədirsən?

Əzab-əziyyətimizi nə üçün unutdun?

25Qəlbimiz palçıq kimi əzilmişdir,

Qəddimiz əyilib yerə dəyir.

26Qalx, bizə kömək et,

Bizi məhəbbətin naminə xilas et!

YUXARI

Zəbur 45

Məzmur 45

Musiqi rəhbəri üçün. Qorah övladlarının «Şoşannim» üstə oxunan maskili.

Sevgi nəğməsi

1Qəlbim yaxşı sözlərlə çağlayır,

Qoy şeirlərimi padşahıma söyləyim,

Dilim mahir bir xəttatın qələminə oxşayır.

2Bəşər övladlarının ən gözəli sənsən,

Dodaqlarından lətafətli sözlər tökülür,

Çünki Allah səni əbədilik xeyir-dualı edib.

3Ey cəngavər, qılıncını belinə bağla,

Əzəmətini, ehtişamını göstər.

4Həqiqət, itaətkarlıq və salehlik naminə

Döyüş arabasına qalx,

Əzəmətinlə uğur qazan.

Qoy sağ əlindən möhtəşəm işlər gəlsin.

5Nə itidir oxların,

Padşahın düşmənlərinin köksünə saplanır.

Xalqlar ayağının altına yıxılır.

6 Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır,

Sənin şahlıq əsan insaf əsasıdır.

7Salehliyi sevib pisliyə nifrət edirsən.

Ona görə Allah, sənin Allahın

Sevinc yağı ilə

Yoldaşlarından çox səni məsh edib.

8Bütün paltarlarından

Mirra, əzvay və Çin darçınının ətri gəlir.

Fil dişindən olan saraylarından

Səni şənləndirən simli alətlərin sədası gəlir.

9Şərəfə çatdırdığın qadınlar arasında

Şahzadə xanımlar da var.

Mələkə olacaq qız sağ qoluna girib,

Ofir qızıllarına bürünüb.

10Dinlə, ey qız, diqqət elə, sözümə qulaq as,

Öz xalqını, ata evini unut.

11Sənin gözəlliyin padşahı məftun etsin.

O sənin ağandır, ona itaət et.

12Sur xalqı yanına hədiyyələr gətirəcək,

Xalqın varlıları səndən lütf istəyəcək.

13Bu şah qızı sarayına cah-calalla gətirilir,

Paltarları qızıl tikmələrə bürünmüş.

14Padşahın yanına əlvan libasda gətirilir,

Rəfiqələri sağdışı-soldışıdır.

15Onlar sevinclə, şadlıqla gətirilir,

Padşahın sarayına girirlər.

16Ey padşah, ata-baban kimi oğulların olacaq,

Onlara bütün yer üzünün hakimiyyətini verəcəksən.

17Adını nəsillərdən-nəsillərə çatdıracağam,

Xalqlar da sonsuza qədər sənə həmd oxuyacaq!

YUXARI

Zəbur 46

Məzmur 46

Musiqi rəhbəri üçün. Qorah övladlarının «Alamot» üstə oxunan ilahisi.

1Allah bizə sığınacaqdır, qüvvətdir,

Dar gündə çox kömək edir.

2Buna görə biz qorxmuruq:

Yer üzü alt-üst olsa belə,

Dağlar uçub dənizin köksünə aşsa belə,

3Dalğalar kükrəyib qalxsa belə,

Vurub dağları yırğalasa belə,

Biz qorxmuruq.

Sela

4Bir çay var ki suları Allahın şəhərinə axır,

Haqq-Taalanın müqəddəs məskəninə sevinc gətirir.

5Allah bu şəhərin mərkəzində sarsılmaz durub,

Ona dan yeri söküləndə yardım edər.

6Millətlər kükrəyər, ölkələr sarsılar,

Allah səsini çıxaranda dünya əriyər.

7Ordular Rəbbi bizimlədir!

Yaqubun Allahı qalamızdır!

Sela

8Gəlin, görün Rəbbin işlərini,

Dünyada etdiyi viranəliyi.

9O, yerin ucqarlarınadək döyüşləri dayandırar,

Kamanları qırar, nizələri sındırar,

Döyüş arabalarını oda atar.

10«Dayanın, bilin ki, Mən Allaham,

Millətlər arasında ucayam,

Yer üzündə ucayam!»

11Ordular Rəbbi bizimlədir!

Yaqubun Allahı qalamızdır!

Sela

YUXARI

Zəbur 47

Məzmur 47

Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru.

1Ey bütün xalqlar, əl çalın,

Cuşa gəlib Allaha nida edin!

2Haqq-Taala Rəbb necə də zəhmlidir,

Bütün yer üzünün böyük Padşahıdır!

3Onun sayəsində xalqlar bizə tabe olub,

O, ümmətləri ayaqlarımızın altına salıb.

4Sevdiyi Yaqubun fəxri olan torpağı

Bizə mülk etmək üçün seçdi.

Sela

5Allah nida ilə ucaldı,

Rəbb şeypur səsi ilə yüksəldi.

6Tərənnüm edin Allahı, tərənnüm edin!

Tərənnüm edin Padşahımızı, tərənnüm edin!

7Çünki Allah bütün yer üzünün Padşahıdır,

Onu ilahilərlə tərənnüm edin.

8Allah Öz müqəddəs taxtında əyləşir,

Allah millətlərə padşahlıq edir.

9İbrahimin Allahının xalqı ilə bir yerdə olmaq üçün

Xalqların əsilzadələri yığılır,

Çünki yer üzünün sipərləri Allahındır.

O nə qədər ucadır!

YUXARI

Zəbur 48

Məzmur 48

Qorah övladlarının məzmuru.

Bir ilahi.

1Allahımızın şəhərində,

Öz müqəddəs dağında

Rəbb çox əzəmətlidir,

Bol həmdlərə layiqdir.

2 Şimala tərəf böyük Padşahın şəhəri –

Sion dağı ucalığı ilə gözəldir,

Dünyanın sevincidir.

3Onun qalalarında Allah Özünü

Alınmaz qala kimi göstərmişdir.

4Padşahlar bir yerə yığıldılar,

Siona yürüş etdilər.

5Onu görəndə mat qaldılar,

Qorxub tez qaçdılar.

6Hamilə qadının ağrısı kimi

Canlarına lərzə düşdü.

7Sən şərq küləyi ilə

Tarşiş gəmilərini parçaladın.

8Ordular Rəbbinin şəhərində –

Allahımızın şəhərində

Nə eşitmişiksə, onu gördük,

Allah oranı əbədi saxlayacaq.

Sela

9Ey Allah, məbədində

Məhəbbətin barədə dərindən düşünürük.

10Ey Allah, yerin ucqarlarına qədər

Adın həmdə layiqdir.

Sağ əlin ədalətinlə doludur.

11Qoy Sion dağı sevinsin.

Sənin hökmlərinə görə

Qoy Yəhuda qızları şad olsun.

12Sionun ətrafında gəzib-dolaşın,

Onun qüllələrini sayın.

13Divarlarına fikir verin,

Qalalarına diqqətlə baxın.

Gələcək nəslə belə deyin:

14«Əbədi, sonsuzadək

Bu Allah bizim Allahımızdır.

Ömrümüzün sonunadək

O bizə yol göstərəcək!»

YUXARI

Zəbur 49

Məzmur 49

Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru.

1Siz, ey bütün xalqlar,

Bunu dinləyin!

Ey dünya sakinləri,

2Ey sadə insanlar, əsilzadələr,

Ey zənginlər, fəqirlər,

Hamınız qulaq asın!

3Dilimdən hikmətli sözlər çıxacaq,

Bu müdrik fikirlər qəlbimdən gəlir.

4Bu məsəllərə qulaq asacağam,

Bu müəmmamı mən lira ilə açacağam:

5Niyə yaman günlərdən,

Ətrafımda məni təqib edənlərin pis niyyətindən qorxum?

6Onlar var-dövlətlərinə güvənirlər,

Bol sərvətləri ilə öyünürlər.

7Amma kimsə öz ömrünü satın ala bilməz,

Həyatının haqqını Allaha ödəyə bilməz.

8Çünki insanın canının haqqı çox dəyərlidir,

Ən üstün qiymətlər ona kifayət etmir ki,

9İnsan əbədi ömür sürsün,

Məzarı heç görməsin.

10Aydındır ki, həm hikmətlilər ölür,

Həm axmaqlar, həm də səfehlər tələf olur,

Hamının sərvəti başqasına nəsib olur.

11Torpaqlara sahib olsalar belə,

Son mənzilləri qəbirdir,

Yenə nəsillərdən-nəsillərədək yerləri məzardır.

12İnsan dəyərli olsa da, qalmır,

Həlak olan heyvana oxşayır.

13Özünə güvənənlərin yolu ölümə aparır,

Özündən razı lovğaların sonu belədir.

Sela

14Onlar sürü kimi ölülər diyarına aparılar,

Onları ölüm otarar.

Səhər açılanda əməlisalehlər onlara hakim olar.

Yurd-yuvasından uzaq bir yerdə, ölülər diyarında

Cəsədləri çürüyüb qalar.

15Amma Allah ölülər diyarının əlindən canımı qurtaracaq,

Məni oradan alacaq.

Sela

16Qorxma bir adam varlı olanda,

Evinə sərvət yığılanda.

17Çünki öləndə heç nə apara bilməz,

Sərvəti ardınca getməz.

18Sağ ikən özünü xoşbəxt saysa da,

Uğur qazananda təriflənsə də,

19Ata-babalarının yanına gedəcək,

Sonsuzadək orada işıq görməyəcək.

20İnsan dəyərli olsa da, anlamır,

Həlak olan heyvana oxşayır.

YUXARI

Zəbur 50

Məzmur 50

Asəfin məzmuru.

1Güclü Rəbb Allah çağırır,

Gündoğandan günbatanadək

Bütün yer üzünü səsləyir.

2Qüsursuz, gözəl Siondan

Allah Öz nurunu saçır.

3Allahımız gəlir, sakit dayanmaz,

Önündə yandırıb-yaxan alov var,

Ətrafında şiddətli tufan qopar.

4O, xalqını mühakimə etmək üçün

Yuxarıdakı göyü və yeri şahid çağırır:

5«Hüzuruma möminlərimi,

Qurban verib Mənimlə əhd bağlayanları yığın!»

6Göylər ədalətini bəyan edir,

Çünki hakim Allahın Özüdür.

Sela

7«Danışıram, dinlə Məni, ey xalqım!

Ey İsrail, əleyhinə şəhadət edirəm.

Allaham, sənin Allahın Mənəm.

8Qurbanlarından ötrü səni tənbeh etmirəm,

Yandırma qurbanlarını həmişə görürəm.

9Tövləndəki buğanı, ağılındakı təkəni

Səndən qəbul etmirəm.

10Çünki Mənimdir bütün meşələrdə olan heyvanlar,

Minlərlə dağda otlayan mal-qaralar.

11Dağlardakı bütün quşları tanıyıram,

Bütün çöl heyvanları əlimin altındadır.

12Acsam, sənə demərəm,

Çünki dünyaya, dünyadakı hər şeyə sahibəm!

13Məgər Mən buğa əti yeyirəm?

Məgər Mən təkə qanı içirəm?

14Şükür qurbanını Allaha təqdim et,

Haqq-Taalaya əhd etdiyin təqdimlərini ver.

15Dar gündə Məni çağır,

Mən səni xilas edəcəyəm,

Sən də Məni şərəfləndirəcəksən».

16Pislərəsə Allah deyir:

«Qaydalarımı əzbər söyləməyə haqqınız varmı?

Əhdimi dilə gətirməyə haqqınız varmı?

17Mənim iradıma nifrət edirsən,

Sözlərimi qulaq ardına vurursan.

18Bir oğru görəndə ona qoşulursan,

Zinakarlara yoldaş olursan.

19Ağzını şər üçün açırsan,

Dilini fırıldaq üçün işə salırsan.

20Oturub qardaşından gileylənirsən,

Ananın oğlundan qeybət edirsən.

21Sən belə edəndə Mən dinməmişəm.

Məgər Məni özün kimi sanırsan?

İndi isə səni tənbeh edəcəyəm,

Əməllərini gözünün önünə düzəcəyəm.

22Ey Allahı unudanlar,

Buna diqqət edin!

Yoxsa sizi parça-parça edərəm,

Heç birinizi xilas edən olmaz.

23Kim ki şükür qurbanı təqdim edir,

Məni şərəfləndirir.

Doğru yol tutan şəxsə

Allahın xilasını göstərəcəyəm».

YUXARI

Zəbur 51

Məzmur 51

Musiqi rəhbəri üçün. Davudun məzmuru.

Davudun Bat-Şeva ilə olan münasibətinə görə Natan peyğəmbər onun yanına gəlib irad tutandan sonra.

1Məhəbbətinə görə, ey Allah, mənə rəhm et,

Bol mərhəmətinə görə qanunsuzluqlarımı sil.

2Təqsirimi tamamilə yu,

Günahımdan məni təmizlə.

3Çünki qanunsuzluqlarımı bilirəm,

Günahım daim gözümün qarşısındadır.

4 Sənə, yalnız Sənə qarşı günah işlətmişəm,

Gözündə pis sayılanı etmişəm.

Mənə görə çıxarılan hökmündə ədalətlisən,

Məni məhkum etməkdə haqlısan.

5Mən doğulandan bəri günahkaram,

Ana bətnindən belə, təqsirkaram.

6Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən,

Mənə daxilən hikmət öyrət.

7Məni züfa ilə pak et, təmiz olum,

Məni yu, qardan da ağ olum.

8Mənə şadlıq, sevinc səsini eşitdir,

Qırdığın sümüklərim xoşhallansın.

9Üzünü tut, günahlarımı görmə,

Bütün təqsirlərimi sil.

10Ey Allah, məndə təmiz ürək yarat,

Daxilimə yenidən sədaqət ruhunu ver.

11Məni Öz hüzurundan atma,

Müqəddəs Ruhunu məndən götürmə.

12Xilasının sevincini mənə qaytar,

İtaətkarlıq ruhu verib mənə dayaq ol.

13Qoy Sənin yollarını qanunsuzlara öyrədim,

Günahkarlar Sənə sarı dönsünlər.

14Ey Allah, məni azad et,

Qan tökmək təqsirindən məni qurtar,

Dilim ədalətini mədh etsin.

15Ey Xudavənd, Sən dilimi aç,

Ağzımla Sənə olan həmdlərimi bəyan edim.

16Sən qurbanlardan zövq almazsan,

Yoxsa kəsərdim.

Yandırma qurbanlarından razı qalmazsan,

17Allaha məqbul olan qurban sınmış ruhdur,

Sən sınan və peşman olan ürəyə xor baxmazsan, ey Allah!

18Lütfünlə Siona yaxşılıq et,

Yerusəlimin divarlarını bərpa et.

19Onda doğru yolla təqdim edilən qurbanlardan,

Bütöv yandırma qurbanlarından zövq alarsan.

O zaman qurbangahında buğalar qurban kəsilər.

YUXARI

Zəbur 52

Məzmur 52

Musiqi rəhbəri üçün. Davudun maskili.

Edomlu Doeq Davudun Aximelekin evinə getdiyini Şaula xəbər verəndə

1Pisliyinlə nə üçün öyünürsən, ey cəngavər?

Sonsuzdur Allahın məhəbbəti.

2Ey hiyləgər, dilin insanı məhv edir,

İti ülgüc kimi kəsir.

3Yaxşılıqdan çox yamanı,

Doğru sözdən çox yalanı sevirsən.

Sela

4Ey hiyləgər dilli,

Məhvedici sözləri çox sevirsən!

5Allah səni əbədilik qıracaq,

Yaxandan yapışaraq evindən çölə atacaq,

Dirilər arasından kökünü qoparacaq.

Sela

6Salehlər buna baxıb qorxacaqlar,

Gülə-gülə belə deyəcəklər:

7«Bu adam Allaha pənah gətirmədi,

Öz bol sərvətinə güvəndi,

Başqalarını məhv edərək gücləndi».

8Amma mən Allahın evində

Yaşıl zeytun ağacına bənzərəm,

Daima, əbədilik

Allahın məhəbbətinə güvənirəm.

9Sənin gördüyün işlərə görə daim şükür edirəm,

Möminlərin qarşısında gözəl isminə ümid bağlayıram!

YUXARI

Zəbur 53

Məzmur 53

(Zəb. 14)

Musiqi rəhbəri üçün. Davudun «Maxalat» üstə oxunan maskili.

1Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər,

İnsanlar pozulmuş, əməlləri iyrənc olmuş,

Yaxşı iş görən yoxdur.

2Allah göylərdən bəşər övladına baxır;

Görəsən Allahı dərk edən, Onu axtaran varmı?

3Hamı birgə pozulub, namus əldən gedib,

Bir nəfər də olsun yaxşı iş görən yoxdur.

4Şər iş görənlərin hər biri məgər heç nə qanmırmı?

Xalqımı çörək yerinə yeyirlər, Allahı çağırmırlar.

5Onlar böyük dəhşətə düşəcək,

Heç görünməmiş dəhşətə düçar olacaqlar.

Allah bizi mühasirəyə salanların

Sümüklərini qırıb dağıdacaq.

Onlar qarşımızda pərt qalacaq,

Çünki Allah tərəfindən rədd olunacaqlar.

6Kaş İsrailin azadlığı Siondan gələydi!

Allah Öz xalqına bəxtəvər günlərini qaytaran zaman

Yaqub övladları şadlıq edəcək,

İsraillilər sevinəcək!

YUXARI

Zəbur 54

Məzmur 54

Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan maskili.

Ziflilər Şaulun yanına gəlib «yəqin ki Davud bizim aramızda gizlənib» deyəndə.

1Ey Allah, isminlə məni qurtar,

Qüvvənlə mənə bəraət ver.

2Ey Allah, mənim duamı dinlə,

Dilimdən çıxan sözlərə qulaq as.

3Yadellilər əleyhimə qalxıblar,

Zalımlar canımı almaq üçün məni axtarırlar,

Heç Allaha baxmırlar.

Sela

4Budur, Allah mənə kömək edir,

Xudavənd ömrümə dayaq olur.

5O bu şəri düşmənlərimə tərəf döndərəcək.

Mənim sadiq Allahım, düşmənləri yox et!

6Sənə könüllü qurban kəsəcəyəm,

Ya Rəbb, gözəl isminə şükür edəcəyəm!

7Məni hər darlıqdan xilas etdin,

Gözüm düşmənlərimin məhvini gördü.

YUXARI

Zəbur 55

Məzmur 55

Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan maskili.

1Ey Allah, duamı dinlə,

Yalvarışımdan gizlənmə!

2Yaxşı qulaq as mənə, bir cavab söylə,

Düşüncələrim məni narahat edir,

Çaş-baş qalmışam.

3Düşmənin səsindən,

Zalımların zülmündən narahatam.

Məni onların şər işləri sarsıdır,

Onlar qəzəblə mənə qəsd-qərəz qurur.

4Köksümdəki ürəyim sancır,

Düşdüyüm dəhşət ölümdən betərdir.

5Mənə qorxu və titrətmə gəlib,

Canımı vicvicə bürüyüb.

6Dedim: «Kaş göyərçin kimi qanadlarım olaydı,

Uçub rahatlıq tapaydım.

7Doğrudan da, uzaqlara qaçardım,

Çöllərdə məskən salardım.

Sela

8Bu sərt yellərdən, qasırğalardan

Daldalanmaq üçün tez bir yerə gedəydim».

9Ey Xudavənd, bu şəhəri alt-üst et,

Oradakıların dillərinə ayrılıq sal.

Orada zorakılıq, dava gördüm;

10Bunlar gecə-gündüz divarlarının üstündə dolanır,

Pislik və şər şəhərin içindədir,

11Aralarında qırğın var,

Meydanlarından hədə-qorxu və fırıldaq çıxır.

12Əgər məni düşmən təhqir etsəydi, dözərdim,

Yağı qarşımda qürrələnsəydi, gizlənərdim.

13Amma bunu sən etdin, ey rəfiqim,

Ey yoldaşım, ürək həmdəmim.

14Səninlə şirin-şirin söhbət edərdik,

Allah evinə birgə gedərdik.

15Qoy düşmənlərə qəfil ölüm gəlsin,

Onlar diri-diri ölülər diyarına düşsün,

Çünki şər onların evində və qəlbindədir.

16Mənsə Allahı səsləyərəm,

Rəbb məni xilas edər.

17Səhər, günorta, axşam nalə çəkirəm,

Ah-zar edirəm, O, səsimi eşidir.

18Çoxları əleyhimə çıxır,

Amma O, canımı döyüşdən qoruyur.

19Əzəldən bəri taxtında oturan Allah

Məni eşidib onları zəlil edəcək.

Sela

Çünki onlar əsla dəyişməz,

Allahdan qorxmurlar.

20Yoldaşım dostuna əl qaldırır,

Dostluq əhdini pozur.

21Onun dili kərə yağından da yağlıdır,

Qəlbində isə çəkişmələr yaşayır,

Sözləri zeytun yağından yumşaqdır,

Amma siyrilmiş qılınclardır.

22 Sən qayğı yükünü Rəbbə ver,

Qoy sənə dayaq olsun.

O heç vaxt salehə sarsıntı verməz.

23Ey Allah, qanlı, hiyləgər adamları

Qəbirə endirəcəksən.

Onların ömrü yarıya çatmayacaq.

Amma mən yalnız Sənə güvənirəm!

YUXARI

Zəbur 56

Məzmur 56

Musiqi rəhbəri üçün. Davudun «Yonat elem rexoqim» üstə oxunan miktamı.

Filiştlilər onu Qat şəhərində yaxalayanda.

1Rəhm et mənə, ey Allah,

İnsanlar sel kimi üstümə cumur,

Gün boyu döyüşərək məni sıxışdırırlar.

2Gün boyu düşmənlərim sel kimi üstümə cumur,

Əleyhimə qalxan məğrur döyüşçülər çoxdur.

3Bu dəhşətli gündə

Mən yalnız Sənə güvənirəm.

4Vədinə görə Allaha həmd edirəm,

Mən Allaha güvənirəm, qorxmuram;

Fani insan mənə nə edə bilər?

5Hər işimə onlar ziyan vururlar,

Həmişə mənə qəsd-qərəz qururlar.

6Xəlvət bir yerə yığılıb hər addımımı izləyirlər,

Pusqu qurub canımı almaq üçün gözləyirlər.

7Günahlarına görə onları cəzalandır,

Ey Allah, qəzəblə bu xalqları yerlə yeksan et.

8Dərdlərimi saydın,

Göz yaşlarımı tuluğuna yığ.

Bunlar Sənin kitabında yazılmayıbmı?

9Mən Səni çağıranda düşmənlərim geri dönür,

Bunu bilirəm, Allah mənim tərəfimdədir.

10Vədinə görə həmd etdiyim Allaha,

Vədinə görə həmd etdiyim Rəbbə,

11Allaha güvənirəm və qorxmuram;

Fani insan mənə nə edə bilər?

12Ey Allah, Sənə olan əhdlərimə əməl etməliyəm,

Sənə şükür qurbanı təqdim edəcəyəm.

13Çünki canımı ölümdən qurtardın,

Ayaqlarımı büdrəməyə qoymadın,

Belə ki Allahın hüzurunda,

Həyatın nurunda dolanım.

YUXARI

Zəbur 57

Məzmur 57

Musiqi rəhbəri üçün. Davudun «Al-taşxet» üstə oxuduğu miktamı.

Şauldan qaçıb mağarada gizlənəndə.

1Mənə rəhm et, ey Allah, mənə rəhm et!

Canımı götürüb Sənin yanına pənah gətirmişəm.

Bəlalar keçib-gedənəcən

Qanadlarının altına sığınacağam.

2Allah-Taalanı çağırıram,

Mənim üçün hər şeyi verən Allahı çağırıram.

3Göydən mənə qurtuluş göndərəcək,

Başımı yemək istəyəni rüsvay edəcək.

Sela

Allah Öz məhəbbətini və sədaqətini göndərəcək.

4Sanki aslanların arasındayam,

Yandırıb-yaxan adamların arasında yatıram.

Dişləri nizədir, oxdur,

Dilləri iti qılıncdır.

5Ey Allah, göylər üzərində ucal!

Ehtişamın bütün yer üzərində olsun!

6Yolumda tələ qurub canımı üzdülər,

Mənə qazdıqları quyuya özləri düşdülər.

Sela

7Ey Allah, qəlbim Sənə möhkəm bağlanıb, möhkəm bağlanıb,

Qoy ilahi oxuyum, Səni tərənnüm edim.

8Ey mənim ruhum, oyan!

Ey çəng və lira, oyan!

Qoy səhəri oyadım.

9Ey Xudavənd, xalqlar arasında

Sənə şükür edəcəyəm.

Ümmətlər arasında

Səni tərənnüm edəcəyəm.

10Məhəbbətin böyükdür, göylərə çatır,

Sədaqətin buludlara dəyir.

11Ey Allah, göylər üzərində ucal!

Ehtişamın bütün yer üzərində olsun!

YUXARI

Zəbur 58

Məzmur 58

Musiqi rəhbəri üçün. Davudun «Al-taşxet» üstə oxuduğu miktamı.

1Ey qüdrətlilər, doğrudanmı ədalətlə danışırsınız?

Bəşər övladları üçün insaflamı hökm çıxarırsınız?

2Xeyr, qəlbinizdən fitnə-fəsad çıxır,

Bu dünyada əlinizdən zorakılıq gəlir.

3Pis adamlar ana bətnindən belə, azğındırlar,

Çaşıblar, doğulan gündən belə, yalançıdırlar.

4Onlar əfi ilan kimi zəhərlidirlər,

Qulaqlarını tıxayan gürzəyə bənzəyirlər.

5Onlar ilanoynadanın səsinə gəlmir,

Usta bir ovsunçu onu ovsunlaya bilmir.

6Ey Allah, onların ağızlarındakı dişlərini qır,

Ya Rəbb, bu gənc aslanların dişlərini çıxar.

7Qoy onlar su kimi axıb yox olsun,

Kaman üstündəki oxlarının ucları qırılsın.

8İlbiz kimi gedərkən ərisinlər,

Ölü doğulan körpələr kimi günəş nuru görməsinlər.

9Ocaqda qazanlarını qızdırmazdan əvvəl kol-kosları sovrulsun,

Nə qurularından, nə də yaşlarından heç nə qalmasın.

10Pislərdən qisas alındığını görən salehlər şad olacaq,

Ayaqlarını onların qanına batıracaq.

11İnsanlar belə deyəcək: «Bəli, salehlər barlı olar,

Həqiqətən, dünyanın hökmranı olan bir Allah var!»

YUXARI

Zəbur 59

Məzmur 59

Musiqi rəhbəri üçün. Davudun «Al-taşxet» üstə oxunan miktamı.

Şaul onu öldürmək üçün evinə adam göndərib pusqu qoyanda.

1Ey Allahım, məni düşmənlərimdən qurtar,

Əleyhdarlarımın əlindən hifz et.

2Məni şər iş görənlərdən xilas et,

Məni qaniçənlərdən azad et.

3Canımı almaq üçün məni güdürlər,

Güclülər əleyhimə birləşiblər.

Ya Rəbb, üsyankar, günahkar,

4Təqsirkar olmadığım halda

Onlar mənə qarşı qəti tədbir görürlər.

Bir oyan, halımı gör, yardım et,

5Ya Rəbb, Ordular Rəbbi, İsrailin Allahı!

Bütün millətlərə cəza vermək üçün oyan,

Xəyanətkar pislərin heç birinə rəhm etmə.

Sela

6Bu pis adamlar axşamüstü qayıdırlar,

Köpək kimi mırıldayırlar,

Şəhərdə sülənib-dolaşırlar.

7Gör dodaqlarından nələr tökülür,

Ağızlarından qılınclar çıxır.

Onlar zənn edirlər ki, eşidən yoxdur.

8Lakin, ya Rəbb, Sən onlara gülürsən,

Bütün millətlərə rişxənd edirsən.

9Ey mənə qüvvət verən,

Səni gözləyirəm!

Ey Allahım, qalamsan,

10Mənə məhəbbətini göstərirsən!

Ey Allah, imdad etmək üçün çıxacaqsan,

Düşmənlərimin qırılmasını mənə göstərəcəksən.

11Ey Xudavənd, Sənsən sipərimiz!

Xalqımın yadında qalsın deyə

Düşmənləri qırma, lakin gücünlə

Onları dağıdaraq məğlub et.

12Günahkar dillərinə görə,

Ağızlarının sözlərinə görə

Təkəbbürlülərin tələsinə özləri düşsünlər.

Yağdırdıqları lənətlərə görə,

Dedikləri yalanlara görə

13Onları qəzəbinlə məhv et,

Məhv et, qoy bir nişanə qalmasın.

Qoy insanlar bilsinlər:

Allah səltənət sürür

Yaqub nəslinin üzərində,

Ta ucqarlara qədər yer üzərində.

Sela

14Bu pis adamlar axşamüstü qayıdırlar,

Köpək kimi mırıldayırlar,

Şəhərdə sülənib-dolaşırlar.

15Avara-avara gəzib yem axtarırlar,

Doyunca tapmasalar, gecə boyu ulayırlar.

16Mən isə Sənin qüdrətini tərənnüm edəcəyəm,

Sübh tezdən məhəbbətini mədh edəcəyəm.

Çünki Sən mənə qala olmusan,

Dar günümdə mənim pənahımsan.

17Ey mənə qüvvət verən,

Səni tərənnüm edəcəyəm!

Ey Allahım, qalamsan,

Mənə məhəbbətini göstərirsən!

YUXARI

Zəbur 60

Məzmur 60

Musiqi rəhbəri üçün. Davudun «Şuşan-edut» üstə oxunan təlim miktamı.

Davud Naharayim və Sova Aramlıları ilə döyüşərkən Yoav gedib Duz vadisində on iki min Edomlunu öldürəndə.

1Ey Allah, Sən bizi atmısan,

Müdafiə qüvvələrimizi dağıtmısan.

Bizə qəzəblənmisən,

Bizi əvvəlki halımıza qaytar.

2Yeri lərzəyə salmısan,

Torpağını dağıtmısan.

Yarıqlarını yenə bitişdir,

Çünki yer sarsılıb.

3Öz xalqını çətinliyə salmısan,

Şərab içirərək bizi səndələtmisən.

4Səndən qorxanlara isə bayraq vermisən,

Qoy onu həqiqət naminə qaldırsınlar.

Sela

5Sevdiyin insanların xilas olması üçün

Sağ əlinlə bizi qurtar, mənə cavab ver!

6Allah Öz müqəddəs məskənindən belə söylədi:

«Şekemi sevinclə bölüşdürəcəyəm,

Sukkot dərəsini böləcəyəm.

7Gilead torpağı Mənimdir,

Menaşşe torpağı da Mənimdir,

Efrayim başımın dəbilqəsidir,

Yəhuda Mənim əsamdır.

8Moav yuyunmaq üçün ləyənimdir,

Çarığımı ataraq Edomu tutacağam,

Zəfər harayını Filiştə salacağam».

9Kim məni istehkamlı şəhərə apara bilər?

Kim mənə Edoma qədər yol göstərər?

10Ay Allah, Sən niyə bizi atmısan?

Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan?

11Bizə düşmənin qarşısında imdad et,

Çünki insanın köməyi puçdur.

12Allahın köməyi ilə igidlik edəcəyik,

O, düşmənlərimizi tapdalayacaq!

YUXARI

Zəbur 61

Məzmur 61

Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan məzmuru.

1Ey Allah, fəryadımı eşit,

Duamı dinlə.

2Düşkünlük qəlbimi alıb,

Mən dünyanın ucqarından Səni çağırıram.

Sən məni əlçatmaz bir qayaya apar.

3Çünki Sən mənim pənahgahımsan,

Düşmənə qarşı möhkəm qülləsən.

4Qoy sonsuzadək çadırında yaşayım,

Qanadlarının altında pənah tapım.

Sela

5Sən, ey Allah, etdiyim əhdi eşitdin,

Adından qorxanlara təyin etdiyin payı mənə verdin.

6Sən ömür ver, qoy padşahın yaşasın,

İlləri nəsillərdən-nəsillərə qədər uzansın.

7Allahın hüzurunda daim taxtda otursun,

Məhəbbət və sədaqət ver, onu qorusun.

8Mənsə adını həmişə tərənnüm edəcəyəm,

Hər gün əhd etdiyim təqdimləri verəcəyəm!

YUXARI

Zəbur 62

Məzmur 62

Musiqi rəhbəri Yedutun üçün. Davudun məzmuru.

1Susan qəlbim yalnız Allahı gözləyir,

Ondadır qurtuluşum.

2Yalnız Odur qayam, qurtuluşum,

O mənim qalamdır, mən əsla sarsılmaram.

3İnsan divar kimi əyiləndə,

Hasar kimi laxlayanda

Nə vaxtadək üstünə hücum edəcəksiniz?

Nə vaxtadək onu əzəcəksiniz?

4Yalnız fikirləşirsiniz, onu nüfuzdan salaq,

Çünki yalandan zövq alırsınız.

Diliniz xeyir-dua söyləsə də,

Qəlbiniz lənət yağdırır.

Sela

5Ey qəlbim, sükutla Allahı gözlə,

Çünki ümidim Ondadır.

6Qayam, qurtuluşum yalnız Odur,

O mənim qalamdır, mən sarsılmaram.

7Qurtuluşum, şərəfim Allaha bağlıdır,

Allah möhkəm qayam və pənahımdır.

8Ey xalq, hər zaman Ona arxalan,

Onun hüzurunda qəlbini açıb-boşalt,

Çünki Allah bizim pənahımızdır!

Sela

9Bəşər övladları yalnız bir nəfəsdir –

İnsan övladları fanidir.

Tərəzinin gözündə çəkərkən hamısı yuxarı qalxır,

Çəkisi bir nəfəsdən yüngül gəlir.

10Heç zaman zorakılığınıza güvənməyin,

Talan malına boş yerə ümid bağlamayın,

Var-dövlətiniz artsa da, ona arxalanmayın.

11Allah bir dəfə dedi,

Bunu iki dəfə eşitdim:

Qüdrət Allahındır,

12 Ey Xudavənd, məhəbbət Sənindir!

Sən hər kəsə əməlinə görə əvəz verirsən!

YUXARI

Zəbur 63

Məzmur 63

Davudun məzmuru.

Yəhuda səhrasında olanda.

1Ey Allah, mənim Allahım Sənsən,

Sənin üçün yaman qəribsəmişəm.

Quraq, cansıxıcı, susuz bir diyarda

Sənsiz könlüm susuzdur.

Bütün varlığımla həsrətini çəkirəm.

2Müqəddəs yerdə Səni seyr edirdim,

Qüdrətini, əzəmətini görürdüm.

3Mənim dilim Səni tərənnüm edir,

Məhəbbətin bu həyatdan gözəldir.

4Bütün ömrüm boyu Sənə alqış edəcəyəm,

Əllərimi qaldırıb adınla Səni səsləyəcəyəm.

5Sanki yağlı yeməklə canım tox olacaq,

Dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq.

6Yatanda belə, Səni xatırlayıram,

Gecə növbələrində Səni düşünürəm.

7Sən mənə kömək oldun,

Qanadlarının kölgəsində Sənə mədh oxuyacağam.

8Könlüm Sənə bağlanır,

Sağ əlin məni möhkəm tutur.

9Amma canımın qəsdinə duranlar

Yerin dibinə batacaqlar,

10Qılıncın ağzına tuş gələcəklər,

Çaqqallara yem olacaqlar.

11Amma padşah Allaha görə sevinəcək,

Adına and içən hər kəs həmd söyləyəcək,

Yalançıların isə ağzı yumulacaq.

YUXARI

Zəbur 64

Məzmur 64

Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1Ey Allah, eşit səsimi, Sənə şikayət edirəm,

Həyatımı düşmən vahiməsindən qoru.

2Pislərin fəndlərindən,

Şər iş görənlərin vəlvələsindən

Məni qoru.

3Onlar qılınc kimi dillərini itiləyirlər,

Kamanın üstünə ox kimi acı sözlərini qoyurlar,

4Günahsız insana pusqu qurduqları yerlərdən

Qəfildən, çəkinmədən atırlar.

5Bir-birlərini şər iş görməkdə cəsarətləndirirlər,

Gizlənib tələ qurmaq üçün məsləhət edirlər,

«Bunu kim görəcək?» deyirlər.

6Fitnəkarlıqla qəsd qururlar və belə deyirlər:

«Ustalıqla fənd işlətdik».

İnsanın daxili, qəlbi görünməz.

7Lakin Allah onlara ox atacaq,

Onlar qəflətən yaralanacaq.

8Öz dilləri özlərini yıxacaq,

Onları görənlər başını bulayıb xor baxacaq.

9Bütün insanlar qorxacaq,

Allahın əməllərini bəyan edəcək,

Onun işləri barədə düşünəcək.

10Saleh insan Rəbbə görə sevinəcək,

Ona pənah gətirəcək.

Bütün ürəyidüz insanlar Rəbbə həmd edəcək!

YUXARI

Zəbur 65

Məzmur 65

Musiqi rəhbəri üçün. Davudun məzmuru.

Bir ilahi.

1Ey Allah, Səni Sionda həmdlər gözləyir,

Sənə edilən əhd yerinə yetiriləcək.

2Ey duaları eşidən,

Bütün bəşər hüzuruna gələcək.

3Mən günaha batmışdım,

Lakin Sən üsyankarlığımızı kəffarə edirsən.

4Nə bəxtiyardır evinin həyətlərində yaşayan,

Seçib Özünə yaxın etdiyin insan!

Biz Sənin evinin, müqəddəs məbədinin

Nemətləri ilə doyacağıq!

5Sən ey qurtuluşumuzun Allahı,

Zəhmli işlərinlə ədalətini göstərirsən,

Bizə cavab verirsən.

Sən yer üzünün bütün ucqarlarının,

Ən uzaq dənizlərin belə, ümidisən.

6Sən qüdrətə bürünmüsən,

Qüvvətinlə dağları möhkəmlətmisən.

7Dənizlərin uğultusunu,

Dalğaların gurultusunu,

Ümmətlərin çaxnaşmasını

Yatıran Sənsən.

8Dünyanın ucqarlarında yaşayanlar

Sənin əlamətlərinə mat qalırlar.

Gündoğandan günbatanadək bütün insanlar

Sənə mədh oxuyurlar.

9Yer üzünün qayğısına qalıb su verirsən,

Onu çox məhsuldar edirsən.

Ey Allah, çayın su ilə doludur,

Torpağı taxıl üçün hazır edirsən.

10Torpağın şırımlarını sulayırsan,

Aralarını bərkidirsən,

Gur yağışla torpağını yumşaldırsan,

Məhsuluna bərəkət verirsən.

11Yaxşılıqlarınla tac qoyursan,

Yollarından yağ damır,

12Çöl otlaqlarına tökülür,

Təpələr sevincə bürünür.

13Çəmənlərin sürülərlə dolur,

Dərələrini taxıl bürüyür.

Onlar cuşa gəlib tərənnüm söyləyir!

YUXARI

Zəbur 66

Məzmur 66

Musiqi rəhbəri üçün. Bir ilahi.

Məzmur.

1Ey bütün dünya əhli,

Cuşa gəlib Allaha nida edin,

2Şərəfli ismini tərənnüm edin,

Ona şərəflə həmd edin!

3Siz Allaha belə deyin:

«Əməllərin nə qədər zəhmlidir!

O qədər qüdrətlisən ki,

Düşmənlərin qarşında diz çökür!

4Bütün dünya Sənə səcdə edir,

Səni tərənnüm edir,

İsmini tərənnüm edir».

Sela

5Gəlin, Allahın işlərini,

Bəşər övladları üçün etdiyi zəhmli əməllərini görün.

6 Dənizi quruya çevirdi,

Çayın sularını saxlayıb xalqını piyada keçirtdi.

Biz Allaha görə sevinək!

7Qüdrəti ilə əbədi səltənət sürər,

Günahkarlar Ona qarşı qalxmasın deyə

Göz qoyub millətlərə nəzarət edər.

Sela

8Ey xalqlar, Allahımıza alqış edin,

Ona həmd edin, səsiniz eşidilsin!

9Odur canımızı qoruyan,

Ayağımızı büdrəməyə qoymayan.

10Ey Allah, bizi sınaqdan keçirtdin,

Sən bizi gümüş kimi təmizləyib saflaşdırdın.

11Sən bizi Öz torunla tutdun,

Kürəyimizə ağır yük qoydun.

12Sən insanları başımızın üstündən keçirtdin.

Oda düşdük, suya düşdük,

Axırda bizi Sən bolluğa çıxartdın.

13Sənin evinə yandırma qurbanları ilə gələcəyəm,

Sənə əhd etdiyim təqdimləri verəcəyəm.

14Dar gündə dilim bunları bəyan etdi,

Mənim ağzım bu əhdləri söylədi.

15Kökəldilmiş heyvanları

Sənin üçün yandırma qurbanı verəcəyəm.

Qoçların xoş tüstüsü Sənə sarı qalxacaq,

Təkələri, öküzləri qurban gətirəcəyəm.

Sela

16Ey Allahdan qorxanlar, gəlin, dinləyin,

Onun mənə nə etdiyini sizə bəyan edim.

17Ağzımla Onu səslədim,

Dilimlə Onu mədh etdim.

18Mən qəlbimdə təqsirə yer versəydim,

Xudavənd məni eşitməzdi.

19Lakin Allah məni dinlədi,

Duamın səsini eşitdi.

20Alqış olsun Allaha! Duamı rədd etmədi,

Məndən məhəbbətini əsirgəmədi!

YUXARI

Zəbur 67

Məzmur 67

Musiqi rəhbəri üçün simli alətlərin müşayiəti ilə oxunan məzmur.

Bir ilahi.

1Lütf edib, ey Allah, bizə xeyir-dua ver,

Üzün üstümüzə nur saçsın.

Sela

2Qoy yer üzündə Sənin yolun,

Bütün millətlər arasında qurtuluşun tanınsın.

3Ey Allah, Sənə xalqlar şükür etsin,

Qoy Sənə bütün xalqlar şükür etsin.

4Qoy ümmətlər sevinclə Səni mədh etsin,

Çünki xalqlara insafla hökm edirsən,

Yer üzündəki ümmətlərə yol göstərirsən.

Sela

5Ey Allah, Sənə xalqlar şükür etsin,

Qoy Sənə bütün xalqlar şükür etsin.

6Yer üzü bəhrəsini verib,

Allah, bizim Allahımız bizə bərəkət verib.

7Allah bizə xeyir-dua verib.

Qoy yer üzünün qurtaracağınadək hər yerdə olanlar Ondan qorxsun!

YUXARI

Zəbur 68

Məzmur 68

Musiqi rəhbəri üçün. Davudun məzmuru.

Bir ilahi.

1Allah qalxsın, qoy düşmənlər dağılsın,

Ona nifrət edənlər qarşısından qaçsın,

2Pislər çəkilən tüstü kimi dağılsın,

Alovun qarşısında mum kimi ərisin.

Qoy onlar Allahın qarşısında məhv olsun.

3Salehlər sevinsin,

Allahın hüzurunda fərəhindən coşsun,

Sevinib şad olsun.

4Allaha ilahi oxuyun, ismini tərənnüm edin,

Buludlar üstünə minənə yol açın.

İsmi Rəbdir, hüzurunda fərəhiniz çağlasın.

5Öz müqəddəs məskənində olan Allah

Yetimlərin atası,

Dul qadınların müdafiəçisidir.

6Allah kimsəsizlərə ev qurur,

Əsirləri firavanlığa çıxarır,

Günahkarlar isə quru yurdda yaşayır.

7 Ey Allah, Sən xalqının önündə gedərkən,

Çöllükdə yürüşə çıxarkən

Sela

8Sina dağındakı Allahın qarşısında,

Allahın, İsrailin Allahının hüzurunda

Yer lərzəyə gəldi, göydən yağış töküldü.

9Ey Allah, yaxşıca yağışlar yağdırdın,

Solan torpaqlarını canlandırdın.

10Xalqın orada məskən saldı.

Ey Allah, xeyirxahlığına görə

Məzlumlar üçün oranı Sən hazırladın.

11Xudavənd əmr edir,

Bir alay qadın

Belə müjdə paylayır:

12«Düşmən orduları qaçır!

Padşahları qaçır!

Evdə olanlar

Talan malını paylayırlar.

13Siz ağıllar arasında yatanda

Qanadları gümüş kimi bərq vuran,

Tükləri isə qızıl kimi parlayan,

Göyərçinə oxşayırsınız».

14Külli-İxtiyar padşahları elə dağıtdı ki,

Elə bil Salmon dağına göydən qar tökülür.

15Ey Başan dağı, Allahın dağı,

Ey zirvələri çox olan Başan dağı!

16Ey zirvələri çox olan dağlar,

Allah məskən salmaq üçün seçdiyi dağa

Niyə qibtə ilə baxırsınız?

Bəli, Rəbb orada əbədi yaşar.

17Allahın döyüş arabaları var

Minlərlə, saysız-hesabsız.

Xudavənd onlarla birgə

Sinadan müqəddəs məskəninə gəlib.

18 Ya Rəbb Allah, Sən yüksək yerlərə çıxıb məskən saldın,

Əsir etdiyin düşmənləri Özünlə oraya apardın,

Sən bütün insanlardan,

Hətta üsyankarlardan da xərac aldın.

19Xudavəndə,

Bizi qurtaran Allaha –

Hər gün qayğı yükümüzü çəkənə alqış olsun!

Sela

20Allahımız azad edən Allahdır,

Ölümdən qurtaran Xudavənd Rəbdir.

21Allah düşmənlərin kəlləsini,

Günah içində yaşayanların tüklü təpəsini əzəcək.

22Xudavənd belə dedi:

«Onları Başandan geri qaytaracağam,

Dənizin dibində olsalar belə,

Oradan geri qaytaracağam.

23Qoy ayaqların düşmənlərin qanına batsın,

Bundan itlərinin dilləri də pay alıb yalasın».

24Ey Allah, indi burada o zəfər yürüşün,

Ey Allahım, Padşahım, müqəddəs yerə gəlişin görünür,

25Öndə ilahi oxuyanlar,

Arxalarından isə çalğıçılar,

Aralarında dəfçalan qızlar gəlir.

26Ey İsrailin belindən gələnlər, cəmiyyət içində

Allahınız Rəbbə alqış edin.

27Qabaqda kiçik Binyamin qəbiləsi gedir,

Ardınca çoxlu Yəhuda başçıları,

Ondan sonra Zevulunun, Naftalinin başçıları gəlir.

28Ey Allah, qüdrətini,

Bizim üçün işlətdiyin qüvvətini göstər.

29Yerusəlimdəki məbədinə görə

Sənə padşahlar xərac gətirir.

30Qamışlıqda yaşayan heyvanları,

Xalqların danaları ilə buğa sürüsünü tənbeh et.

Bu gümüşpərəstləri təpiyinin altına sal,

Davakar xalqları pərən-pərən et.

31Misirdən Allahın hüzuruna elçilər gələcək,

Kuşlular da Ona əl açacaqlar.

32Ey dünya ölkələri,

Allaha ilahi söyləyin.

Xudavəndi tərənnüm edin,

Sela

33Göylərin, ulu göylərin üstünə minəni,

Güclü səslə gurlayanı dinləyin,

34Allahın qüdrətini bəyan edin,

Əzəməti İsrail üzərindədir,

Onun qüdrəti göylərdədir!

35Müqəddəs məkanında olan ey Allah, zəhmlisən!

İsrailin Allahı Öz xalqına qüdrət, qüvvət verir.

Allaha alqış olsun!

YUXARI

Zəbur 69

Məzmur 69

Musiqi rəhbəri üçün. Davudun «Şoşannim» üstə oxunan məzmuru.

1Ay Allah, məni qurtar,

Su çıxıb boğazımacan,

2Dərin bataqlığa batmaqdayam,

Ayaq üstə durmağa yer yoxdur.

Dərin sulara qərq olmuşam,

Sellər məni aparır.

3Fəryad etməkdən taqətim kəsildi,

Allahı gözləməkdən

Boğazım qurudu, gözümün nuru söndü.

4 Boş yerə mənə nifrət edənlər

Başımın tükündən çoxdur.

Haqsız yerə mənə düşmən kəsilənlər,

Məni məhv etmək istəyənlər qüvvətlidir.

Oğurlamadığım şeyləri necə qaytara bilərəm?

5Ey Allah, ağılsızlıq etdiyimi bilirsən,

Günahlarım Səndən gizli deyil.

6Ey Ordular Rəbbi Xudavənd, Səni gözləyənlər

Mənə görə qoy utanmasınlar.

Ey İsrailin Allahı, Səni axtaranlar

Mənə görə qoy xəcalət içində qalmasınlar.

7Sənin uğrunda üzərimə rüsvayçılıq töküldü,

Üzümü xəcalət bürüdü.

8Qardaşlarıma yad oldum,

Anamın oğullarına özgə sayıldım.

9 Evinin qeyrəti məni yandırıb-yaxdı,

Səni təhqir edənlərin rüsvayçılıq təhqirləri altında qaldım.

10Oruc tutub ağlamağımı belə,

Mənə rüsvayçılıq saydılar.

11Mən çula bürünəndə

Onlara söz oldum.

12Darvazadakı adamlar məndən qeybət edirlər,

Sərxoşların dilinin nəğməsinə çevrildim.

13Mənsə, ya Rəbb, Sənə dua edirəm.

Ey Allah, münasib gördüyün zaman

Bol məhəbbətinə görə mənə cavab ver,

Çünki qurtuluşuna etibar etmişəm.

14Məni qurtar, bataqlığa batmayım,

Qoy düşmənlərimdən,

Dərin sulardan xilas olum.

15Qoy sellər məni aparmasın,

Dərinlik məni udmasın,

Quyu üstümdə ağzını yummasın.

16Ya Rəbb, mənə cavab ver,

Çünki məhəbbətin yaxşıdır.

17Üzünü bu bəndəndən gizlətmə,

Tez cavab ver, çünki əzab çəkirəm.

18Yetiş, canımı azad et,

Məni düşmənlərimdən xilas et.

19Başıma gələn rüsvayçılığı,

Biabırçılığı, xəcaləti bilirsən,

Bütün yağılarım qarşındadır.

20Rüsvayçılıq qəlbimi qırdı,

Gör necə biçarəyəm.

Çox axtardım, halıma yanan tapılmadı,

Hey axtardım, təsəlli verən olmadı.

21 Mənə yemək əvəzinə öd verdilər,

Susayanda sirkə içirtdilər.

22 Süfrələri onlar üçün tələ olsun,

Müttəfiqləri üçün tor olsun.

23Gözlərinə qara gəlsin, görməsinlər,

Belləri onları lərzəyə salsın.

24Qoy qəzəbin onların üzərinə yağsın,

Qoy hiddətinin qızğınlığı onları tutsun.

25 Düşərgələri viran olsun,

Çadırları boş qalsın.

26Çünki Sənin vurduğun insanı təqib edirlər,

Yaraladıqlarının dərdini ona qaxınc edirlər.

27Bu təqsirkarları daha da təqsirkar çıxar,

Səndən bəraət almasınlar.

28 Qoy adları həyat kitabından silinsin,

Salehlərlə yanaşı yazılmasın.

29Mən məzlumam, dərdliyəm,

Ey Allah, Sənin qurtuluşun məni ucaltsın.

30Allahın isminə ilahilərlə həmd oxuyacağam,

Onu şükürlərlə ucaldacağam.

31Mal-qara qurbanından çox

Bu, Rəbbin xoşuna gələcək,

Buynuzlu, dırnaqlı buğadan çox

Bu Ona xoş gələcək.

32Bunu görən məzlumlar qoy sevinsin,

Ey Allahı axtaranlar, ürəyiniz dirçəlsin.

33Çünki Rəbb fəqirləri eşidir,

Öz əsir xalqına xor baxmır.

34Göy, yer, dənizlər, oradakı canlılar

Qoy Rəbbə həmd oxusunlar.

35Çünki Allah Sionu qurtaracaq,

O, Yəhuda şəhərlərini bərpa edəcək.

Onun xalqı oranı mülk edib məskən salacaq,

36Ora qullarının övladlarına irs olaraq qalacaq,

Allahın ismini sevənlər orada sakin olacaq!

YUXARI

Zəbur 70

Məzmur 70

(Zəb. 40:13-17)

Musiqi rəhbəri üçün. Davudun yadasalma məzmuru.

1Ey Allah, məni xilas et,

Ya Rəbb, dadıma tez çat!

2Canımın qəsdinə duranlar

Qoy utanıb biabır olsunlar.

Pis günümdən zövq alanlar

Geri qovulub rüsvay olsunlar.

3«Aha! Aha!» deyənlər

Xəcalət içində çaşıb-qalsınlar.

4Lakin Səni axtaranlar

Sənə görə qoy şad olub sevinsinlər,

Verdiyin xilası sevənlər

Daim «Qoy ucalsın Allah!» desinlər.

5Budur, bir məzlum, bir fəqirəm,

Ey Allah, Sən Özünü tez yetir.

Köməyim, xilaskarım Sənsən,

Ya Rəbb, ləngimə!

YUXARI

Zəbur 71

Məzmur 71

1Ya Rəbb, Sənə pənah gətirirəm,

Heç vaxt məni xəcalətdə qoyma.

2Məni ədalətinlə qurtar, xilas et,

Qulağını mənə sarı döndər, məni azad et.

3Mənə sığınacaq qaya ol,

Qoy əmrinlə hər vaxt ora girib qurtulum.

Çünki qayam da Sən, qalam da Sənsən.

4Ey Allahım, şər insanın əlindən,

Haqsızın, zalımın pəncəsindən məni qurtar.

5Ey Xudavənd, Sən mənim ümidimsən,

Ya Rəbb, gəncliyimdən bəri Sənə güvənmişəm.

6Doğulduğum gündən bəri dayağımsan,

Məni ana bətnindən dünyaya gətirmisən,

Həmişə Sənə həmd edirəm.

7Çoxlarına qəribə bir şey oldum,

Amma Sən mənim möhkəm sığınacağım oldun.

8Sənə həmd etmək dilimdən düşməz,

Daim Sənin izzətini düşünürəm.

9Yaşa dolanda da məni rədd etmə,

Taqətdən düşəndə də məni tərk etmə.

10Mənim barəmdə düşmənlərim belə söyləyir,

Məni öldürmək istəyənlər belə məsləhətləşir,

11Deyirlər ki, Allah onu tərk edib,

Gəlin onu təqib edərək tutaq,

Çünki onu xilas edən yoxdur.

12Ey Allah, məndən uzaq durma,

Ey Allahım, dadıma tez çat!

13Qoy məni ittiham edənlər utanıb məhv olsun,

Bədxahlarımı xəcalət, rüsvayçılıq bürüsün.

14Mənsə hər zaman Sənə ümid bağlayacağam,

Sənə həmd oxuduqca oxuyacağam.

15Gün boyu salehliyini, qurtuluşunu dilim bəyan edir,

Onun ölçüsünü bilməsəm də.

16Ey Xudavənd Rəbb, qüdrətinlə dolanıb-gəzəcəyəm,

Sənin, yalnız Sənin salehliyini bəyan edəcəyəm.

17Ey Allah, gəncliyimdən bəri mənə təlim vermisən,

Sənin xariqələrini indiyədək elan edirəm.

18Yaşa dolub saçıma dən düşənə qədər

Gələcək nəslə qüvvətini,

Gələcək nəslin hər birinə qüdrətini

Elan edəcəyəm.

Ey Allah, məni tərk etmə.

19Ey Allah, salehliyin göylər qədər ucadır,

Böyük işlər görmüsən!

Ey Allah, Sənin kimisi varmı?

20Sən mənə çoxlu ağır əzablar versən də,

Yenə məni dirçəldirsən,

Yerin dibindən yenə məni çıxarırsan,

21Hörmətimi artırmaqla

Mənə yenə əmniyyət verirsən.

22Ey Allahım, sədaqətinə görə

Çəng çalıb Sənə şükür edəcəyəm!

Ey İsrailin Müqəddəsi,

Səni lira ilə tərənnüm edəcəyəm!

23Dilim, azadlıq verdiyin qəlbim

Mədh oxuyub Səni tərənnüm edəcək,

24Dilim daim salehliyindən söyləyəcək,

Çünki bədxahlarımın xəcalətdən üzləri qızarıb.

YUXARI

Zəbur 72

Məzmur 72

Süleymanın məzmuru.

1Ey Allah, padşaha ədalət ver,

Şah oğluna salehlik ver.

2Qoy Sənin xalqına salehliklə,

Məzlumlara ədalətlə hakimlik etsin.

3Xalqın firavanlığı dağlardan aşsın,

Salehlər təpələri dolaşsın.

4Padşah xalq arasında olan məzlumları qorusun,

Fəqirləri xilas etsin,

Zalımları əzsin.

5Nə qədər günəş və ay varsa,

Hər gələn nəsil qoy Səndən qorxsun.

6Biçilən tarlaya yağış kimi,

Torpağı suvaran gur yağış kimi tökülsün.

7Bu padşahın ömrü boyu qoy salehlər çiçək açsın,

Göydə ay durduqca qoy firavanlıq artsın.

8 Dənizdən-dənizə qədər,

Fəratdan yer üzünün qurtaracağınadək hər yerdə hökmranlıq etsin.

9Onun qarşısında köçəri xalqlar diz çöksün,

Düşmənləri isə qoy yerə vurulsun.

10Tarşişin və adaların padşahları ona xərac gətirsin,

Səba və Seva padşahları ona bəxşiş versin.

11Qarşısında bütün padşahlar təzim etsin,

Qoy bütün millətlər ona xidmət etsin!

12Çünki o imdad deyib çağıran fəqirləri,

Məzlumları, köməksizləri qurtarır.

13Yoxsula, fəqirə rəhm edir,

Fəqirlərin canlarını azad edir.

14Onları hədə-qorxudan, zorakılıqdan qurtarır,

Onun gözündə bunların qanı qiymətlidir.

15Yaşasın padşah!

Qoy ona Səba qızılı verilsin,

Qoy onun üçün durmadan dua edilsin,

Hər gün ona xeyir-dua verilsin.

16Qoy ölkənin zəmiləri bol olsun,

Dağların başında dalğalansın.

Bu ölkə Livan kimi məhsul versin,

Qoy şəhərin əhalisi ot kimi bitsin.

17Qoy padşahın adı əbədi qalsın,

Günəşin ömrü tək adı var olsun.

Onun vasitəsilə insanlar xeyir-dua alsın,

Onu bütün millətlər bəxtiyar adlandırsın!

18Alqış olsun Rəbb Allaha, İsrailin Allahına,

Xariqələrin yeganə yaradanına!

19Onun şərəfli ad-sanına əbədi alqış olsun,

Bütün yer üzü Onun izzətinə bürünsün!

Amin! Amin!  20Yessey oğlu Davudun duaları burada sona çatır.

YUXARI

Zəbur 73

Məzmur 73

Asəfin məzmuru.

1Doğrudan da, İsrail üçün,

Ürəyitəmiz olanlar üçün

Allah xeyirxahdır.

2Amma mənim ayaqlarım az qala büdrəmişdi,

Addımlarım məni yıxmışdı.

3Pislərin firavanlığını görərkən

Bu məğrurlara həsəd aparırdım.

4Ölənədək onların ağrıları yoxdur,

Vücudları ətə-cana gəlib.

5Onlar başqaları kimi dərdə düşməzlər,

Əzab çəkməzlər.

6Çünki təkəbbür onlar üçün boyunbağı kimidir,

Zorakılıq libas kimi əyinlərini örtür.

7Köklükdən gözləri dombalıb çıxır,

Qəlblərinin pis məqsədləri aşıb-daşır.

8Pis niyyətli sözləri ilə insanlara istehza edirlər,

Onlara yuxarıdan baxıb hədə-qorxu gəlirlər.

9Ağızlarını göylərin əleyhinə açırlar,

Dillərinin sözləri dünyanı gəzib-dolaşır.

10Ona görə bütün xalq onların tərəfinə keçir,

Sözlərini axıradək su kimi içir.

11Deyirlər ki, Allah necə xəbər tutacaq?

Haqq-Taala bundan necə xəbərdar olacaq?

12Belədir pis adamlar,

Daim arxayındırlar, var-dövlət artırırlar.

13Məgər mən boş yerə qəlbimi təmizləmişdim,

Günahsızlıq içində əllərimi yumuşdum?

14Həmişə əziyyətə düşürəm,

Hər səhər töhmətə rast gəlirəm.

15Əgər «qoy mən də belə danışım» deyə düşünsəydim,

Sənin övladlarına xəyanət edərdim.

16Bunu anlamaq üçün düşünəndə

Çətin bir iş kimi gözümə durdu.

17Yalnız Allahın Müqəddəs məkanına girərkən

Onların aqibətini dərk etdim.

18Doğrudan da, onları sürüşkən yerə qoymusan,

Onları məhvə yuvarlayırsan.

19Onlar bir anda yox olacaqlar,

Dəhşət içində itib-batacaqlar.

20Yuxudan ayılanda röyalar unudular,

Ey Xudavənd, Sənin oyanışınla bu adamlar boş sayılacaq.

21O vaxt könlüm zəhərlənmişdi,

Qəlbim dəlik-deşik olmuşdu.

22Necə axmaq idim, dərrakəm yox idi,

Qarşında sanki bir heyvan idim.

23Amma daim Səninlə olmuşam,

Mənim sağ əlimdən tutmusan.

24Nəsihətinlə mənə yol göstərirsən,

Sonra məni şərəfə çatdıracaqsan.

25Göylərdə Səndən başqa kimim var?

Yer üzündə də Səndən başqa heç nə istəmirəm.

26Cismim və ürəyim taqətdən düşsə belə,

Daim, ey Allah, qəlbimin qüvvəti, nəsibimsən.

27Budur, Səndən uzaq düşənlər məhv olurlar,

Sənə xəyanət edənləri yox edirsən.

28Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır,

Xudavənd Rəbbə pənah gətirmişəm,

Ona görə bütün işlərini hamıya çatdıracağam!

YUXARI

Zəbur 74

Məzmur 74

Asəfin maskili.

1Ey Allah, niyə bizi əbədilik tərk etmisən?

Otlağının sürüsünə niyə qəzəbin alovlanıb?

2Yada sal keçmişdə satın aldığın icmanı,

Özünə xalq etmək üçün azad etdiyin tayfanı,

Həm də məskənin olan Sion dağını.

3Əbədi viranələrə doğru get,

Müqəddəs yerdə hər şeyi düşmən dağıdıb.

4Səcdəgahının ortasında düşmənlər nərə çəkdilər,

Bu yerə zəfər bayraqlarını keçirtdilər.

5Sıx meşəni budamaq üçün

Balta qaldıran adamlara bənzəyirlər.

6Müqəddəs yerin bütün oyma işlərini

Baltalar və çəkiclərlə qırıb tökdülər.

7Sənin Müqəddəs məkanına od vurdular,

Adının sakin olduğu yeri uçurub murdarladılar.

8«Bu xalqı biz birgə əzməliyik» deyə düşünərək

Ölkədəki bütün səcdəgahları yandırdılar.

9Heç bir rəmzimiz görünmür,

Daha peyğəmbərimiz yoxdur.

Kimsə bilmir, biz nə vaxtadək belə qalacağıq.

10Ey Allah, nə vaxtadək düşmən Səni söyəcək?

Yağı əbədilikmi Sənə küfr edəcək?

11Axı nə üçün əlini geri çəkirsən?

Çıxart qoynundan sağ əlini, onları məhv et.

12Ey Allah, əzəldən Padşahımsan,

Yer üzünə qurtuluşlar verirsən.

13 Sən dənizi Öz qüdrətinlə böldün,

Dəniz əjdahalarının başlarını əzdin.

14Sən Livyatanın başlarını əzdin,

Onu çöl heyvanlarına yem etdin.

15Sən bulaqlar açıb sellər axıtdın,

Həmişəaxar çayları isə qurutdun.

16Gündüz də Sənindir, gecə də Sənin,

Ayı və günəşi Sən yaratmısan.

17Sən quru yerin bütün sərhədlərini qoydun,

Həm yayı, həm qışı yaratdın.

18Ya Rəbb, unutma, düşmən Səni söyür,

Sənin adına axmaq bir xalq küfr edir.

19Öz qumrunun canını yırtıcılara vermə,

Məzlumlarının həyatını əsla unutma.

20Özün bizimlə bağladığın əhdə bax!

Zorakılıq yuvaları ölkənin hər zülmət yerinə dolub.

21Qoyma əzabkeş yenə də rüsvay olsun,

Qoy sənin adına məzlumlar və fəqirlər həmd oxusun.

22Qalx, ey Allah, mübarizəni apar,

Unutma ki, axmaqlar həmişə Səni söyür.

23Düşmənlərinin səsini,

Əleyhdarlarının daim yüksələn vəlvələsini unutma.

YUXARI

Zəbur 75

Məzmur 75

Musiqi rəhbəri üçün Asəfin «Al-taşxet» üstə oxunan məzmuru.

Bir ilahi.

1Ey Allah, biz Sənə şükür edirik,

Bizə doğma olan isminə şükür olsun,

Xariqələrin bunu bəyan edir!

2Allah deyir: «Müəyyən etdiyim zaman

Mən insafla hakimlik edəcəyəm.

3Yer və üzərindəkilər lərzəyə gələrkən

Onu saxlayıb sütunlarından tutan Mənəm.

Sela

4Məğrurlara dedim: “Daha məğrurluq etməyin”,

Pislərə dedim: “Gücünüzü göstərməyin,

5Buynuz çıxartmayın,

Dikbaş-dikbaş danışmayın”».

6İnsanı yüksəltmək

Nə şərqdən, nə qərbdən, nə də çöllərdən gəlir.

7Hökm verən Allah isə

Həm alçaldır, həm yüksəldir.

8Rəbb əlində bir cam tutub,

Onu ədviyyatlı, köpüklənən şərabla doldurub.

Şərabından töküb dünyanın bütün pislərinə paylayacaq,

Onlar da şərabı dibinə qədər içib-qurtaracaq.

9Mənsə daim bunu elan edəcəyəm,

Yaqubun Allahına tərənnüm oxuyacağam.

10Pis adamların buynuzları qırılacaq,

Amma salehlərin qüvvəti artacaq.

YUXARI

Zəbur 76

Məzmur 76

Musiqi rəhbəri üçün. Asəfin simli alətlərin müşayiəti ilə oxunan məzmuru.

Bir ilahi.

1Allah Yəhudada şöhrətlidir,

İsraildə Onun adı böyükdür.

2Çardağı Salemdədir,

Məskəni Siondadır.

3Allah orada alovlu oxları,

Qalxan-qılıncı və bütün silahları qırdı.

Sela

4Ey Allah, şərəfli Sənsən,

Ulu dağlardan da əzəmətlisən!

5Cəsur ürəklilər talan oldu,

Ölüm yuxusuna daldı,

Bütün cəngavərlərin əlləri sustaldı.

6Ey Yaqubun Allahı, Sənin məzəmmətindən

Arabaçılar və atlar uyumuş qaldı.

7Sən zəhmlisən, Sən!

Qəzəblənəndə qarşında kim dura bilər?

8Öz hökmünü göylərdən elan etdin,

Yer vahimələndi və səsini kəsdi.

9Onda, ey Allah, hökm çıxarmaq üçün,

Dünyadakı məzlumların hamısını qurtarmaq üçün qalxdın.

Sela

10Qəzəbli insanlar belə, Sənə şükür edir,

Qəzəbdən qurtulanları Özünə bağlayırsan.

11Allahınız Rəbbə əhd edin və yerinə yetirin,

Ey bütün ətraf xalqlar, o Zəhmli Olana xərac gətirin.

12O, hökmdarların nəfəsini kəsər,

Dünya padşahlarını vahimələndirər.

YUXARI

Zəbur 77

Məzmur 77

Musiqi rəhbəri Yedutun üçün. Asəfin məzmuru.

1Allahı səsləyirəm, fəryad edirəm,

Allahı səsləyirəm, O məni dinlər.

2Dar günümdə Xudavəndi axtarıram,

Bütün gecə durmadan,

Könlüm ovunmadan Ona əl açmışam.

3Allahı yada salarkən təlaşa düşürəm,

Dərindən fikirləşəndə ruhdan düşürəm.

Sela

4Qoymursan gözlərimi yumum,

Üzgünlükdən danışa bilmirəm.

5Düşünürəm keçən günləri,

Ötən dövranı, illəri.

6Oxuduğum ilahi gecələr yadıma düşür,

Ürəyimdə düşünəndə könlüm məndən soruşur:

7«Xudavənd məni əbədilikmi tərk edib?

Bir daha məndən razı qalmayacaqmı?

8Məhəbbəti həmişəlik qurtardımı?

Vədi nəsildən-nəslə qədər sona çatdımı?

9Allah rəhm etməyi unudubmu,

Mərhəmətinin yerini qəzəb tutdumu?»

Sela

10Dedim: «Bu mənim üçün bəladır,

Haqq-Taala daha gücünü göstərmir».

11Ya Rəbb, Sənin əməllərini yada salıram,

Bəli, xatırlayıram, ta qədimdən xariqələr göstərmisən.

12Sənin bütün işlərini dərindən düşünürəm,

Əməllərin barədə xəyala dalıram.

13Allahın yolu müqəddəsdir.

Allah kimi böyük hansı allah var?

14Xariqələr yaradan Allah Sənsən,

Xalqlar arasında qüdrətini göstərmisən.

15Əl uzadıb xalqını,

Yaqub, Yusif övladlarını azad etmisən.

Sela

16Ey Allah, sular Səni gördü,

Səni görən sular qorxdu,

Hətta ümmanlar lərzəyə gəldi.

17Buludlar yağışa döndü,

Göylərdən gurultular eşidildi,

Hər tərəfə oxların töküldü.

18Qasırğanın içindən ildırım çaxdı,

Şimşəklər yer üzünə işıq saçdı,

Yer lərzəyə gəlib sarsıldı.

19Sən dənizdə, ümman sularda yol açdın,

Amma ayaq izlərin məlum olmadı.

20Sən Musa və Harunun əli ilə

Xalqını bir sürü kimi aparmışdın.

YUXARI

Zəbur 78

Məzmur 78

Asəfin maskili.

1Ey xalqım, təlimimi dinləyin,

Dilimdən çıxan sözləri eşidin.

2 Ağzımı bu məsəllə açıb

Keçmişdəki müəmmaları bəyan edəcəyəm.

3Bunları eşitmişik, bilirik,

Bizə atalarımız nəql edib.

4Bunu onların nəvələrindən gizlətməyəcəyik;

Rəbbin həmdə layiq işlərini,

Onun qüdrətini, etdiyi xariqələri

Gələcək nəsillərə söyləyəcəyik.

5Rəbb öyüd vermək üçün Yaqub nəslinə –

İsrailə bir təlim qoydu.

Ata-babalarımıza əmr etdi ki,

Bu təlimi övladlarına öyrətsin.

6Qoy gələcək nəsil də bilsin,

Gələcəkdə doğulacaq övladlar da

Balalarına bu təlimi verə bilsin.

7Qoy ümidlərini Allaha bağlasınlar,

Allahın işlərini unutmasınlar,

Əmrlərini yerinə yetirsinlər.

8Qoy ata-babaları kimi olmasınlar,

Çünki onlar dikbaş, üsyankar bir nəsil idi.

Allaha ürəkləri dönük,

Könülləri vəfasız idi.

9Efrayim övladları ox-kamanla silahlandılar,

Amma döyüş günü tez geriyə qayıtdılar.

10Allahın əhdini pozanlar belə etdilər,

Sənin qanunlarınla yaşamaq istəmədilər.

11Allahın işlərini,

Göstərdiyi xariqələrini unutdular.

12 Allah Misir torpağında, Soan bölgəsində,

Ata-babalarının gözləri önündə xariqələr göstərmişdi.

13 Dənizi yarıb onları keçirmişdi,

Suları divar kimi saxlamışdı.

14 Onlara gündüz buludla,

Bütün gecə şəfəq saçan alovla yol göstərmişdi.

15 Çöldə qayaları yarmışdı,

İçsinlər deyə ümman kimi bol su çıxarmışdı.

16Qayadan suları sel kimi çıxarmışdı,

Bu suları çaylar kimi axıtmışdı.

17Amma onlar günah etməyi davam etdirdilər,

Səhrada Haqq-Taalaya qarşı üsyankar oldular.

18 İştahaları artdı, yemək tələb etdilər,

Ürəklərində Allahı sınağa çəkdilər.

19Allahın əleyhinə belə danışdılar:

«Məgər Allah çöldə süfrə qura bilər?

20Nə olsun qayaya vuranda sular axdı,

Sellər aşıb-daşdı.

Görəsən O, çörək verə bilərmi?

Xalqına ət verə bilərmi?»

21Rəbb bunu eşidərkən qəzəbləndi,

Yaquba qarşı alovunu yerə tökdü,

İsrailə qarşı hiddəti artdı.

22Çünki onlar Allaha inanmırdılar,

Onun qurtuluşuna arxalanmırdılar.

23Bununla belə, uca səmaya əmr etdi,

Göylərin qapılarını açdırdı.

24 Onlara yemək üçün manna yağdırdı,

Göylərin taxılını verdi.

25İnsan mələklərin çörəyindən yedi,

Onlara doyunca yemək verildi.

26Göylərdə şərq küləyini əsdirdi,

Qüdrəti ilə cənub küləyini gətirdi.

27Başlarına toz kimi ət yağdırdı,

Onlara dənizdəki qum qədər quşlar göndərdi.

28Düşərgələrinin ortasına,

Qaldıqları yerin ətrafına səpələdi.

29Onlar doyunca, çox yedi,

İştahaları çəkən şeyləri onlara verdi.

30Lakin iştahaları qurtarmamış,

Yemək ağızlarında olarkən

31Allah onlara qarşı hiddətini artırdı,

Ətli-canlılarını qırdı,

İsrail igidlərini vurub yerə sərdi.

32Bununla belə, günahlarını davam etdirdilər,

Onun xariqələrinə inanmadılar.

33Buna görə də günlərini puç etdi,

Dəhşətlə ömürlərini sona yetirdi.

34Ölənləri görüb Allahı axtardılar,

Geri dönüb Allahı səylə aradılar.

35Yadlarına düşdü ki, Allah onların Qayası idi,

Allah-Taala onların Satınalanı idi.

36Lakin ağızları ilə Ona yaltaqlanırdılar,

Dilləri ilə Ona yalan danışırdılar.

37 Qəlblərində Ona qarşı dönük olmuşdular,

Əhdinə vəfasız çıxmışdılar.

38Allah isə rəhmlidir, günahı bağışlayır,

Günahkarı yox etmir.

Dəfələrlə qəzəbini saxlayır,

Hiddətini tamamilə oyanmağa qoymayır.

39Yada saldı ki, onlar yalnız bəşərdir,

Onlar əsən, geri dönməyən küləyə bənzəyir.

40Neçə dəfə səhrada Ona qarşı üsyankar oldular,

Neçə dəfə çöllükdə Onu kədərləndirdilər!

41Allahı dönə-dönə sınadılar,

İsrailin Müqəddəsinin xətrinə dəydilər.

42Xatırlamadılar Onun qüdrətini,

Düşməndən azad etdiyi günü,

43Misirdə göstərdiyi əlamətləri,

Soan bölgəsində göstərdiyi möcüzələri.

44 Misirlilər sulardan içə bilməsinlər deyə

Suları qana döndərib çaylardan axıtmışdı.

45 Onları göndərdiyi mozalanlara yem etmişdi,

Göndərdiyi qurbağalar ölkələrini xarabaya çevirmişdi.

46 Əkinlərini tırtıllara,

Zəhmətlərinin bəhərini çəyirtkələrə vermişdi.

47 Üzümlərini dolu ilə,

Firon ənciri ağaclarını şaxta ilə məhv etmişdi.

48Naxırlarını dolu ilə,

Sürülərini şimşəklə qırmışdı.

49Onların üzərinə qızğın qəzəbini,

Hirsini, hiddətini, dərdləri,

Bir qoşun ölüm mələklərini tökmüşdü.

50Qızğın qəzəbinə yol açmışdı,

Əsirgəmədən canlarına ölüm vermişdi,

Həyatlarına bəla gətirmişdi.

51 Hər Misirlinin ilk oğlunu,

Ham nəslindən hər kişinin belindən gələn ilk oğlunu qırmışdı.

52 Öz xalqını isə qoyun kimi oradan çıxarmışdı,

Çöldən onları sürü kimi aparmışdı.

53 Onları qorxudan uzaq, asayiş içində aparmışdı,

Düşmənləri isə dənizdə qərq olmuşdu.

54 Onları Öz müqəddəs torpağına,

Sağ əli ilə aldığı dağlar diyarına gətirdi.

55 Onların qarşısından başqa millətləri qovdu,

Torpaqlarını da İsrail qəbilələrinə mülk olaraq payladı,

Yaşamaq üçün yurd-yuvalarını onlara verdi.

56 Lakin onlar Allah-Taalanı sınadılar,

Ona qarşı üsyankar oldular,

Göstərişlərinə əməl etmədilər.

57Ataları kimi dönüklük və xəyanət etdilər,

Xarab kamandan atılan ox kimi əyri getdilər.

58Onu səcdəgahları ilə qəzəbləndirdilər,

Onu yonma bütləri ilə qısqandırdılar.

59Bunları eşidən Allah çox hiddətləndi,

İsraili tamamilə rədd etdi.

60 İnsanlar
arasında qaldığı çadırını,

Şilodakı məskənini tərk etdi.

61 Qüdrətini əsarətə,

Şərəfini düşmən əlinə təslim etdi.

62Öz xalqını qılıncdan keçirtdi,

Öz irsini qəzəbinə düçar etdi.

63İgidləri alov uddu,

Nişanlı qızlara toy çalınmadı.

64Kahinləri qılınclarla qırıldı,

Arvadları dul qaldı, gözlərinin yaşı qurudu.

65O zaman Xudavənd yuxulu insan kimi oyandı,

Sanki şərabın təsirindən ayılan bir pəhləvandır.

66Düşmənlərini vuraraq geri atdı,

Əbədi olaraq onları rüsvay etdi.

67Yusifin nəslini rədd etdi,

Efrayim qəbiləsini seçmədi.

68Yəhuda qəbiləsini,

Sevdiyi Sion dağını seçdi.

69Öz Müqəddəs məkanını səma kimi,

Əbədi qurduğu dünya kimi tikdi.

70 Çoban olan qulu Davudu seçdi,

Onu qoyun ağıllarından götürdü.

71Əmlik quzuların qayğısına qalanı gətirdi,

Xalqı Yaqub nəslinin və Öz irsi İsrailin çobanı etdi.

72Davud onları kamil ürəklə otardı,

Əlindən gələn məharətlə onları irəli apardı.

YUXARI

Zəbur 79

Məzmur 79

Asəfin məzmuru.

1Ey Allah, millətlər Sənin mülkünə giriblər,

Müqəddəs məbədini murdar ediblər,

Yerusəlimi viranəliyə çeviriblər.

2Qullarının cəsədini göydəki quşlara yem ediblər,

Möminlərinin ətini yerdəki heyvanlara veriblər.

3Yerusəlimin hər tərəfində onların qanı axıdılıb,

Onları dəfn edən yoxdur.

4Qonşularımızın tənə hədəfinə döndük,

Ətrafdakılarımız tərəfindən ələ salınıb lağ edildik.

5Ya Rəbb, nə vaxtacan,

Yoxsa əbədilikmi bu qəzəbindən dönməyəcəksən,

Qısqanclıqdan od tutub yanacaqsan?

6 Səni tanımayan millətlərin,

İsmini çağırmayan ölkələrin üstünə hiddətini tök.

7Çünki onlar Yaqub nəslinin başını yeyiblər,

Yurd-yuvasını viranəyə çeviriblər.

8Ata-babalarımızın günahını boynumuza qoyma,

Nə qədər alçalmışıq, mərhəmətini bizə tez göstər.

9Ey bizi qurtaran Allah,

İsmin şərəfinə Sən bizə yardım et,

Günahlarımızı kəffarə edərək

İsmin naminə Sən bizi xilas et.

10Niyə millətlər «Hanı onların Allahı?» desinlər?

Qullarının tökülən qan qisasının alınmasını

Qoy gözümüz görsün, millətlər də bilsinlər.

11Qoy əsirlərin ah-naləsi hüzuruna çatsın,

Ölümə aparılanları böyük qüdrətinlə qoru.

12Ey Xudavənd, Sənə tənə vuran bizim qonşuların

Tənələrini yeddi qat artıq kökslərinə qaytar.

13Biz Sənin xalqın, otlağının sürüsüyük,

Əbədilik Sənə şükür edərik,

Nəsildən-nəslə qədər həmdlərini bəyan edərik!

YUXARI

Zəbur 80

Məzmur 80

Musiqi rəhbəri üçün. Asəfin «Şoşannim» üstə oxunan şəhadət məzmuru.

1Ey İsrailin Çobanı,

Yusif nəslinə sürü kimi Baxan, qulaq as!

Ey keruvlar üstündə Oturan, nurunu saç!

2Efrayim, Binyamin, Menaşşe qəbilələrinin önündə

Qoy qüvvətin oyansın, gəl, bizi qurtar!

3Ey Allah, bizi əvvəlki halımıza qaytar,

Üzündən nur saçıb bizi qurtar!

4Ya Rəbb, ey Ordular Allahı, nə vaxtacan

Xalqının duasından qəzəblənəcəksən?

5Onlara çörək yerinə göz yaşı yedirdin,

Onlara bolluca göz yaşı içirdin.

6Qonşularımızla bizi çəkişməyə vadar etdin,

Düşmən bizi ələ salıb gülür.

7Ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar,

Üzündən nur saçıb bizi qurtar!

8Misirdən tənək fidanı gətirərək

Qovduğun millətlərin torpağında əkdin.

9Bunun üçün sahə hazırlamışdın,

Tənək rişələnib ölkəni bürüdü.

10Budaqları dağlara,

Böyük sidr ağaclarına kölgə saldı.

11Dənizə qədər qol-budaq atdı,

Zoğ atıb Fərat çayına çatdı.

12Bəs niyə ətrafdakı hasarını uçurdun?

Budur, yoldan keçən hər kəs məhsullarını qoparır,

13Tənəyi meşənin qabanları korlayır,

Onu çöl heyvanları çeynəyir.

14Ey Ordular Allahı, dön, göydən bax,

Bu tənəyi gör, qayğısına qal.

15Axı bu fidanı sağ əlinlə əkmisən,

Kökünə qüvvət vermisən.

16Tənəyini kəsib yandıranlar

Qəzəbli məzəmmətinlə qoy yox olsunlar!

17Sənin əlin, sağ əlin Öz seçdiyin adamı –

Qüvvət verdiyin bəşər oğlunu qorusun.

18Qoy Səndən dönüb ayrılmayaq,

Bizi elə yaşat ki, ismini çağıraq.

19Ya Rəbb, ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar,

Üzündən nur saçıb bizi qurtar!

YUXARI

Zəbur 81

Məzmur 81

Musiqi rəhbəri üçün. Asəfin «Gittit» üstə oxunan məzmuru.

1Qüvvətimiz olan Allahı mədh edin,

Yaqubun Allahına cuşa gəlib nida edin!

2İlahi oxuyun,

Dəfi, xoş avazlı liranı və çəngi çalın.

3 Təzə Ay mərasimində, ay bədirlənəndə,

Bizim bayram günündə

Şeypur çalın!

4Çünki bu, İsrail üçün verilən qaydadır,

Yaqubun Allahının hökmüdür.

5O, Misir əleyhinə çıxanda

Yusif nəslinə belə bir öyüd verib.

Naməlum bir səs eşitdim:

6«Onun çiyinlərini bu yükdən qurtarıram,

Qoy əlləri bu ağır səbətdən azad olsun.

7 Dar günündə Məni çağırdın,

Mən də səni qurtardım.

Gurlayaraq tufan içindən sənə cavab verdim,

Meriva sularında səni sınadım.

Sela

8Ey xalqım, dinlə, xəbərdarlıq edirəm,

Ey İsrail, kaş ki Məni dinləyəydin!

9 Aranızda özgə allah olmasın,

Yad allaha kimsə səcdə qılmasın.

10Rəbb Allahınız Mənəm,

Mən sizi Misir torpağından buraya gətirmişəm.

Ağzını yaxşı aç,

Doyunca yemək verirəm.

11Lakin xalqım səsimi eşitmədi,

İsrail nəsli Məni istəmədi.

12Onların inadkar qəlblərinə izin verdim ki,

Necə istəyirlər, elə gəzsinlər.

13Kaş ki xalqım Mənə qulaq asaydı,

İsrail nəsli Mənim yolumla gedəydi!

14Bir anda düşmənlərini yerə sərərdim,

Əlimi yağılarının üstünə qaldırardım.

15Mən Rəbbə nifrət edənlər Mənə boyun əyərdi,

Əbədi olaraq vaxtları belə keçərdi.

16Sizə taxılın əlasını yedirərdim,

Sizi qayadan axan balla bəsləyərdim».

YUXARI

Zəbur 82

Məzmur 82

Asəfin məzmuru.

1Allah Öz toplantısında durub,

Hökmünü verərək allahlar arasında deyir:

2«Nə vaxtadək nahaq hökm verəcəksiniz,

Pislərə tərəfkeşlik edəcəksiniz?

Sela

3Yoxsulun və yetimin işinə ədalətlə baxın,

Məzlumun və fəqirin haqqını verin.

4Yoxsul və möhtacları qurtarın,

Pislərin əlindən onları azad edin.

5Nə bilirsiniz, nə də ki anlayırsınız!

Yerin təməlləri sarsılır, qaranlıqda dolanırsınız.

6 Demişəm: “Siz allahlarsınız,

Hər biriniz Haqq-Taala övladlarısınız”.

7Lakin insan kimi öləcəksiniz,

Adi bir hökmdar kimi torpağa düşəcəksiniz».

8Ey Allah, qalx, dünyaya hakim ol,

Çünki bütün millətlərə Sən sahib olacaqsan!

YUXARI

Zəbur 83

Məzmur 83

Bir ilahi.

Asəfin məzmuru.

1Ey Allah, susub səssiz durma!

Ey Allah, sakit olma!

2Budur, düşmənlər qiyamət qoparır,

Sənə nifrət edənlər Sənin əleyhinə qalxır.

3Xalqına qarşı fənd işlədirlər,

Sənin qoruduqlarına qarşı birgə qərara gəlirlər.

4Deyirlər: «Gəlin, onları millət olmasın deyə məhv edək,

İsrailin adı xatırlanmasın deyə onları yox edək».

5Ürəkləri bir olaraq qərara gəliblər,

Sənə qarşı bunlar əhd ediblər:

6Edomlular, İsmaillilər,

Moavlılar, Həcərlilər,

7Geval, Ammon, Amaleq,

Filişt və Sur əhalisi.

8Aşşur da onlara qoşulub,

Lutun övladlarına kömək edir.

Sela

9 Başlarına gətir Midyanlılara etdiklərini,

Qişon vadisində Sisranın, Yavinin başına gətirdiklərini.

10Onlar En-Dorda həlak oldular,

Torpaq üçün peyin oldular.

11 Əsilzadələrini Orev və Zeev kimi et,

Bütün ağalarını Zevah və Salmunna kimi et.

12Onlar demişdilər:

«Allahın otlaqlarına sahib olaq».

13Ey Allahım, onları sovrulan toza,

Küləyin süpürdüyü saman qırıntısına çevir.

14Meşəni yandıran od kimi,

Dağları alışdıran alov kimi

15Onları tufanınla qov,

Qasırğanla dəhşətə sal.

16Ya Rəbb, onların üzünü xəcalətə bürü,

Qoy Sənin ismini axtarsınlar.

17Əbədilik utanaraq vəlvələyə düşsünlər,

Rüsvay olub yox olsunlar.

18Bilsinlər ki, Sənin ismin Rəbdir,

Bütün yer üzündə ancaq Sən Haqq-Taalasan!

YUXARI

Zəbur 84

Məzmur 84

Musiqi rəhbəri üçün. Qorah övladlarının «Gittit» üstə oxunan məzmuru.

1Ey Ordular Rəbbi, məskənin nə qədər əzizdir,

2Qəlbim Rəbbin həyətinin həsrətindədir,

Könlüm, cismim var olan Allaha mədh oxuyur.

3Ey Ordular Rəbbi, Padşahım, Allahım,

Qurbangahının yaxınında sərçələr yurd salar,

Qaranquş bala çıxartmaq üçün yuva qurar.

4Nə bəxtiyardır evində yaşayanlar,

Daim Sənə həmd oxuyanlar!

Sela

5Nə bəxtiyardır Səndən qüvvət alanlar,

Qəlbində Sionu ziyarət etməyi arzulayanlar!

6Baka vadisindən keçərkən

Onlara çağlayan bulaqlar görünər,

İlk yağışdan ora gölməçələrə bürünər.

7Bu adamlar getdikcə qüvvət alarlar,

Sionda Allahın hüzurunda olarlar.

8Ya Rəbb, ey Ordular Allahı, duamı dinlə,

Ey Yaqubun Allahı, qulaq as!

Sela

9Ey Allah, bizə sipər olana bax,

Məsh etdiyinin üzünə bax!

10Sənin həyətində keçən bir günüm

Başqa yerdə keçən min günümdən yaxşıdır.

Allahımın evinin keşiyində dayanmağım

Pislərin çadırında rahat ömür sürməkdən yaxşıdır.

11Axı Rəbb Allah günəşdir, sipərdir,

Rəbb lütf və şərəf verir,

Xeyirxahlığını düz yolla gedənlərdən əsirgəmir.

12Ey Ordular Rəbbi, Sənə güvənən nə bəxtiyardır!

YUXARI

Zəbur 85

Məzmur 85

Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru.

1Ya Rəbb, ölkədən razı qaldın,

Yaqub nəslini bəxtəvər günlərə qaytardın.

2Xalqının təqsirlərini bağışladın,

Bütün günahlarını əfv etdin.

Sela

3Sən bütün hirsini uddun,

Qızğın qəzəbini yatırdın.

4Ey bizi qurtaran Allah,

Bizə bəxtəvər günlərimizi qaytar.

Bizə qarşı hiddətindən əl çək.

5Əbədilikmi bizə acığın tutacaq?

Qəzəbin nəsildən-nəslə qədərmi uzanacaq?

6Xalqın Səndən sevinc alsın deyə

Bizi yenə dirçəltməyəcəksənmi?

7Ya Rəbb, bizə məhəbbətini göstər,

Bizi xilas et.

8Rəbb Allah nə söyləsə, dinləyirəm.

Sözləri xalqına, möminlərinə sülh bəyan edər ki,

Onlar öz cəhalətlərinə dönməsinlər.

9Bəli, Rəbb Ondan qorxanları qurtarmaq üçün,

Ehtişamını ölkəmizdə saxlamaq üçün yaxınlaşır!

10Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq,

Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək.

11Həqiqət yerdə bitib-göyərəcək,

Ədalət göylərdən baxacaq.

12Bəli, Rəbb ən yaxşı şeyləri göndərəcək,

Torpağımız bol məhsul verəcək.

13Ədalət Rəbbin önündə addımlayar,

Qədəmləri üçün cığır salar.

YUXARI

Zəbur 86

Məzmur 86

Davudun duası.

1Ya Rəbb, mənə qulaq asıb cavab ver,

Çünki mən məzlumam, fəqirəm.

2Möminəm, Sən Özün məni qoru,

Ey Allahım, Sənə güvənən bəndəni qurtar.

3Rəhm et mənə, ey Xudavənd,

Çünki bütün gün Səni səsləyirəm!

4Bu bəndənin qəlbini sevindir,

Ey Xudavənd, Sənə ürəyimi təqdim edirəm.

5Çünki Sən, ey Xudavənd, xeyirxahsan, bağışlayan Sənsən,

Səni səsləyənlərin hamısı üçün məhəbbətin boldur.

6Ya Rəbb, duamı dinlə,

Yalvarışlarımın səsinə qulaq as.

7Dar gündə Səni səsləyirəm,

Bilirəm ki, mənə cavab verərsən.

8Ey Xudavənd, allahlar arasında Sənin kimisi yoxdur,

Əməllərin kimi əməl yoxdur.

9 Ey Xudavənd, yaratdığın millətlərin hamısı hüzuruna gələcək,

Sənin ismini izzətləndirərək səcdə edəcək.

10Çünki əzəmətli, xariqələr yaradan Sənsən,

Yeganə Allah Sənsən!

11Ya Rəbb, mənə yolunu göstər,

Sənin həqiqətinlə addımlayım.

Qəlbimi səmimi et,

Qoy Sənin ismindən qorxum.

12Ey Xudavənd Allahım, bütün qəlbimlə Sənə şükür edəcəyəm,

Daim ismini izzətləndirəcəyəm.

13Çünki mənə olan məhəbbətin böyükdür,

Canımı ölülər diyarına enməkdən qurtardın.

14Ey Allah, lovğalar əleyhimə qalxır,

Bir dəstə zalım canımı almaq üçün məni axtarır,

Səni qarşılarında görmür.

15 Ey Xudavənd, Sən rəhmli, lütfkar Allahsan,

Hədsiz səbirlisən, məhəbbətin və sədaqətin boldur.

16Sən mənə baxıb rəhm et,

Bu bəndənə Öz gücündən ver,

Kənizinin oğlunu xilas et.

17Xeyirxahlığından mənə bir əlamət göstər,

Qoy mənə nifrət edənlər görüb utansınlar.

Çünki, ya Rəbb, mənə kömək edirsən,

Könlümə təsəlli verirsən.

YUXARI

Zəbur 87

Məzmur 87

Qorah övladlarının məzmuru.

Bir ilahi.

1Müqəddəs dağlar

Rəbbin şəhərinin təməlidir,

2Yaqubun bütün məskənlərindən çox

Sionun darvazaları Ona əzizdir.

3Ey Allahın şəhəri,

Haqqında bu şanlı sözləri deyirlər:

Sela

4«Məni tanıyanların içindən

Rahavın, Babilin adını çəkəcəyəm.

Həm də Filişt, Sur, Kuş barədə

Deyiləcək: “Bunlar da bu yerdə doğulub”.

5Bəli, Sion barədə deyiləcək:

“Onların hamısı bu yerdə doğulub,

Haqq-Taala buranı sarsılmaz edəcək”.

6Rəbb xalqları siyahıda qeyd edəndə yazacaq:

“Bunlar bu yerdə doğulub”.

Sela

7Oxuyanlar, rəqs edənlər belə deyəcəklər:

“Səndə mənim üçün hər cür çeşmə var”».

YUXARI

Zəbur 88

Məzmur 88

Bir ilahi.

Qorah övladlarının məzmuru.

Musiqi rəhbəri üçün Ezrahlı Hemanın «Maxalat leannot» üstə oxunan maskili.

1Ya Rəbb, ey məni qurtaran Allah,

Gecə-gündüz Sənə yalvarıram!

2Qoy duam Sənə çatsın,

Qulaq as naləmə.

3Bəlalardan canım boğazıma gəldi,

Həyatım ölülər diyarına yaxınlaşır.

4Qəbirə düşənlərin içində sayılıram,

Sanki məndə taqət qalmayıb.

5Elə bil ölülər içinə düşmüşəm,

Yaddaşından silinmişəm,

Köməyindən əlimi üzmüşəm,

Məzarda yatan meyitlər kimiyəm.

6Məni dərin qəbirə,

Dərin, qaranlıq bir yerə saldın.

7Qəzəbin üstümə gəldi,

Təlatümün tamamilə məni əzdi.

Sela

8Tanışlarımı məndən uzaqlaşdırdın,

Onlarda mənə qarşı ikrah yaratdın.

Qapalı qalmışam, çıxa bilmirəm,

9Bu zülmümdən gözlərimin nuru sönür.

Ya Rəbb, hər gün Səni çağırıram,

Sənə əl açıram.

10Xariqələrini ölülərəmi göstərəcəksən?

Kölgələrmi qalxıb Sənə şükür edəcək?

Sela

11Məhəbbətin məzardamı,

Sədaqətin Həlak yerindəmi bəyan olunacaq?

12Xariqələrin qaranlıqdamı,

Ədalətin unudulma diyarındamı tanınacaq?

13Mən isə, ya Rəbb, Səni imdada çağırıram,

Duam hər səhər hüzuruna qalxır.

14Ya Rəbb, niyə məni rədd edirsən?

Niyə məndən üzünü gizlədirsən?

15Mən uşaqlıqdan məzlumam, ölümcül haldayam,

Göstərdiyin dəhşətlərdən çarəsiz qalmışam.

16Qəzəbin üzərimdən basır,

Verdiyin vahimələrdən məhv oluram.

17Bunlar sel kimi məni dövrəyə salır,

Bunlar birgə həmişə başımın üstünü alır.

18Yarımı, yoldaşımı məndən uzaqlaşdırmısan,

Yalnız qaranlıqla həmdəm olmuşam.

YUXARI

Zəbur 89

Məzmur 89

Ezrahlı Etanın maskili.

1Ya Rəbb, daim məhəbbətindən nəğmə oxuyacağam,

Sənin sədaqətini dilim hər nəslə deyəcək.

2Deyirəm ki, məhəbbətin əbədiyaşardır,

Sədaqətin göylər qədər sarsılmazdır.

3Dedin: «Öz seçdiyimlə əhd kəsmişəm,

Qulum Davud üçün belə and içmişəm:

4 “Mən nəslini əbədi sarsılmaz edəcəyəm,

Sülaləni taxtında sonsuzadək yaşadacağam”».

Sela

5Ya Rəbb, göylər Sənin xariqələrinə şükür etsin,

Müqəddəslər camaatı arasında sədaqətinə həmd edilsin.

6Göydə Rəbbin tayı-bərabəri varmı?

İlahi varlıqlar arasında Rəbbin bənzəri varmı?

7Müqəddəslər məclisində Allah çox zəhmlidir,

Ətrafında olanların hamısından O heybətlidir.

8Ya Rəbb, Ordular Allahı, Sənin tək qüdrətli varmı?

Səni sədaqətin bürüyüb.

9Sən qabaran dənizə hökm edirsən,

Aşıb-daşan dalğaları yatırırsan.

10Sən Rahavı əzib leşini çıxartdın,

Qüvvətli qolunla düşmənləri dağıtdın.

11Göylər Sənin, yer üzü Sənin,

Qurduğun yer üzündə hər şeyin təməlini qoymusan.

12Sən şimalı, cənubu yaratmısan,

Tavor və Xermon adına mədh oxuyur.

13Qolun nə qədər qüvvətlidir,

Sağ əlin ucadır, əllərin qüdrətlidir!

14Salehlik və ədalət taxtının təməlidir,

Məhəbbət və sədaqət önündə gedir!

15Bayram şənliyində olan xalq nə bəxtiyardır!

Ya Rəbb, onlar Sənin üzünün nurunda gəzər.

16İsminə görə daim sevinirlər,

Salehliyinə görə şərəfə çatırlar.

17Onların ehtişamı, qüvvəti Sənsən.

Sənin lütfündən gücümüz artır.

18Çünki sipərimiz Rəbdəndir,

Padşahımız İsrailin Müqəddəsidir.

19Keçmişdə bir görüntü ilə

Möminlərinə belə söylədin:

«Bir cəngavərə kömək etdim,

Xalqın içindən onu seçib yüksəltdim.

20 Qulum Davudu tapdım,

Müqəddəs yağımla onu məsh etdim.

21Əlim daim onu möhkəmləndirəcək,

Qolum ona qüvvət verəcək!

22Düşmən ona qalib gələ bilməz,

Fitnəkarlar ona zülm edə bilməz.

23Qarşısındakı düşmənləri qıracağam,

Ona nifrət edənləri vuracağam.

24Yanında sədaqətim, məhəbbətim olacaq,

Gücü ismimlə artacaq.

25Dənizlərə əlini,

Çaylara sağ əlini çatdıracağam.

26Məni çağırıb deyəcək: “Atamsan, Allahımsan,

Məni xilas edən Qaya Sənsən!”

27 Mən də ilk oğul haqqını ona verəcəyəm,

Onu yer üzünün ən uca padşahı edəcəyəm.

28Ona daim məhəbbətimi göstərəcəyəm,

Sadiq qalıb əhdimi pozmayacağam.

29Onun nəslini əbədi yaşadacağam,

Göylər durduqca taxtını saxlayacağam.

30Övladları qanunumu atsalar,

Hökmlərimə görə yaşamasalar,

31Qaydalarımı pozsalar,

Əmrlərimə əməl etməsələr,

32Bu qanunsuzluqlarını kötəklə cəzalandıracağam,

Təqsirlərini qamçı ilə tənbeh edəcəyəm.

33Amma yenə də məhəbbətimi atmaram,

Sədaqətimi yalan olmağa qoymaram.

34Öz əhdimi pozmaram,

Dilimdən çıxan sözləri dəyişmərəm.

35Müqəddəsliyim naminə bir dəfə and içmişəm:

Davuda yalandan söz verməyəcəyəm.

36Sülaləsi taxtda əbədi qalacaq,

Taxtı hüzurumda günəş kimi duracaq.

37Ay kimi –

Göydəki etibarlı şahid kimi sabit qalacaq».

Sela

38Amma, ya Rəbb, məsh etdiyin padşaha qəzəblənmisən,

Sən onu rədd etmisən, ona arxa çevirmisən.

39Qulunla bağladığın əhddən imtina etmisən,

Tacını toz-torpağa atıb bulaşdırmısan.

40Bütün divarlarını yıxmısan,

Qalalarını viran etmisən.

41Yoldan keçənlər oranı soyub-talayırlar,

Qonşuları ona tənə vururlar.

42Onun düşmənlərinin sağ əlini yuxarı qaldırmısan,

Bütün yağılarını sevindirmisən.

43Qılıncının ağzını kütləşdirmisən,

Onu döyüşdə qaldırmamısan.

44Onu şərəfdən salmısan,

Taxtını yerlə yeksan etmisən.

45Nə tez onu gəncliyindən saldın,

Onu xəcalətə bürüdün.

Sela

46Ya Rəbb, nə vaxta qədər,

Yoxsa əbədilikmi bizdən gizlənəcəksən,

Od tutub qəzəbdən yanacaqsan?

47Ömrümün nə tez keçdiyini xatırla,

Bütün bəşər övladlarını nə fani yaratmısan!

48İnsanlar arasında ölüm görməyən kimdir?

Kim canını ölülər diyarının pəncəsindən qurtarar?

Sela

49Ey Xudavənd, əvvəlki məhəbbətin harada qaldı?

Çünki bu barədə Davuda sədaqətlə and içdin.

50Ey Xudavənd, unutma, gör bu bəndən necədir,

Köksümdə nə qədər xalqın tənəsini gəzdirirəm.

51Ya Rəbb, düşmənlərinin etdiyi təhqirləri,

Məsh etdiyinin yoluna vurduqları tənələri daşıyıram.

52Rəbbə əbədilik alqış olsun!

Amin, Amin.

YUXARI

Zəbur 90

Məzmur 90

Allah adamı Musanın duası.

1Ey Xudavənd, bütün nəsillərdən bəri

Bizə pənah yeri olmusan.

2Dağlara təvəllüd verməmişdən əvvəl,

Kainatı, dünyanı doğmazdan əvvəl

Əzəldən axıradək Allah Sənsən.

3İnsanları torpağa çevirirsən,

Deyirsən: «Qoy bəşər övladları toza dönsün».

4 Sənin gözündə min il ötən bir günə,

Bir gecə növbəsinə bənzər.

5İnsanları silirsən, çəkilirlər,

Elə bil ki yuxudurlar.

Sanki sübh çağı yerdə bitən otdurlar,

6Səhər boy atar, çiçək açar,

Axşamsa solar, quruyar.

7Qəzəbindən məhv oluruq,

Hiddətindən vəlvələyə düşürük.

8Hüzurunda təqsirlərimizi üzə çıxarmısan,

Gizli günahlarımıza üzünün işığını salmısan.

9Ömür-günümüz Sənin qəzəbin altında keçir,

İllərimiz bir nəfəs tək tükənir.

10Yetmiş il ömür sürərik,

Sağlam olsaq, səksənə yetişərik.

Ən yaxşı çağımız belə, zəhmətlə, kədərlə keçir,

Ömrümüz tez bitir, uçub-gedir.

11Axı qəzəbinin gücünü kim dərk edə bilər?

Hirsinin vahiməsini kim duya bilər?

12Bizə öyrət nə qədər ömrümüz var,

Qoy qəlbimiz hikmətli olsun.

13Əl çək, ya Rəbb! Nə vaxtadək qəzəbindən dönməyəcəksən?

Sən qullarına rəhm et.

14Səhər-səhər bizə doyunca məhəbbət göstər,

Qoy ömrümüz boyu sevinib fərəhlənək.

15Bizi zülmə saldığın günlər qədər,

Bəlaya düşdüyümüz illər qədər sevindir.

16Əməllərin qullarına,

Əzəmətin övladlarına görünsün.

17Ey Xudavənd Allahımız, bizimlə xoş rəftar et,

Əllərimizin zəhmətini uğurlu et,

Bəli, bizim əllərimizin zəhmətini uğurlu et.

YUXARI

Zəbur 91

Məzmur 91

1Haqq-Taalanın pənahında yaşayan,

Külli-İxtiyarın kölgəsində oturan insan

2Rəbb haqqında belə söyləyir:

«O mənim sığınacağımdır, qalamdır,

Allahımdır, Ona güvənirəm».

3Bil ki, O səni ovçunun tələsindən,

Ağır xəstəliyə düşüb ölməkdən qurtarar.

4Səni qanadlarının altına alar,

Pərlərinin altında sığınacaqsan.

Sədaqəti qalxanın, sipərin olar.

5Nə gecənin kabusundan,

Nə də gündüz atılan oxdan,

6Nə zülmətdə dolanan ağır xəstəlikdən,

Nə də günorta məhvedici qırğından qorxmazsan.

7Yanında min nəfər,

Sağında on min nəfər qırılsa,

Sənə xətər dəyməz.

8Gözlərinlə baxacaqsan,

Pislərin cəzasını görəcəksən.

9«Ya Rəbb, sığınacağımsan!» dediyin üçün,

Haqq-Taalaya sığındığın üçün

10Şərə düçar olmazsan,

Bəla çadırından uzaq qaçar.

11Allah sənə görə mələklərinə əmr edər ki, Gedəcəyin hər yerdə səni qorusunlar,

12Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin.

13Şiri, gürzəni ayaqlayarsan, Gənc aslanı, əfi ilanı tapdalayarsan.

14«Mən Rəbbi sevdiyinə görə onu azad edəcəyəm,

İsmimi tanıdığına görə onu yüksəldəcəyəm.

15Məni çağırarkən ona cavab verəcəyəm,

Dar günündə ona yar olacağam,

Onu xilas edib şərəfə-şana çatdıracağam.

16Onu uzun ömürlə doyduracağam,

Ona qurtuluşumu göstərəcəyəm».

YUXARI

Zəbur 92

Məzmur 92

Məzmur.

Şənbə günü üçün bir ilahi.

1Nə yaxşıdır Rəbbə şükür etmək,

Ey Haqq-Taala, isminə tərənnüm söyləmək,

2Hər səhər məhəbbətini elan etmək,

Hər gecə sədaqətini bəyan etmək,

3On telli alətin avazı ilə,

Çəngin, liranın sədası ilə oxumaq.

4Çünki, ya Rəbb, əməllərinlə məni sevindirmisən,

Əllərinin işlərinə görə Səni mədh edirəm.

5Ya Rəbb, Sənin işlərin nə qədər əzəmətlidir,

Sənin fikirlərin dərindən dərindir!

6Nadan insan bunu heç vaxt bilməz,

Axmaq insan bunu dərk etməz:

7Pislər ot kimi bitsə də,

Bütün şər iş görənlər çiçəklənsə də,

Əbədilik yox olacaqlar.

8Amma, ya Rəbb, Sən əbədi ucasan.

9Ya Rəbb, düşmənlərin mütləq qırılacaq,

Bütün şər iş görənlər darmadağın olacaq.

10Sən mənə çöl öküzü kimi güc vermisən,

Başıma təzə zeytun yağı çəkmisən.

11Düşmənlərimin yerə sərilməsini gözlərimlə gördüm,

Bədxahlarımın can verməsini qulaqlarımla eşitdim.

12Salehlər xurma ağacı kimi göyərir,

Livandakı sidr ağacı kimi böyüyür.

13Onlar Rəbbin evində əkilib,

Onlar Allahımızın həyətində göyərir.

14Qocalanda da bar verəcəklər,

Təravətli, yamyaşıl qalacaqlar,

15Belə deyəcəklər: «Rəbb haqdır,

O mənim qayamdır, Onda haqsızlıq yoxdur».

YUXARI

Zəbur 93

Məzmur 93

1Rəbb hökmranlıq edir, əzəmət libasıdır,

Rəbbin libasına qüdrət qurşanıb.

Dünya möhkəm durub, sarsılmazdır.

2Ya Rəbb, taxtın əvvəldən qurulub,

Əzəldən var olan Sənsən.

3Ya Rəbb, sellər çağlayır,

Şırıldayan sellər çağlayır,

Uğuldayan sellər çağlayır.

4Gur suların uğultusundan da,

Dənizin güclü dalğalanmasından da,

Ucalarda olan Rəbb qüdrətlidir!

5Ya Rəbb, öyüdlərin tamamilə etibarlıdır,

Evinə müqəddəslik əbədi olaraq yaraşır.

YUXARI

Zəbur 94

Məzmur 94

1Ya Rəbb, qisas alan Allah!

Ey qisas alan Allah, nurunu saç!

2Ey dünyanın Hakimi, qalx,

Təkəbbürlülərin əvəzini ödə!

3Ya Rəbb, nə vaxtadək pislər –

Axı nə vaxtadək pislər sevincdən cuşa gələcəklər?

4Dillərindən lovğa sözlər tökülür,

Bütün şər iş görənlər öyünürlər.

5Ya Rəbb, xalqını əzirlər,

Sənin irsindən olan adamlara zülm edirlər.

6Dul qadını və qəribi öldürürlər,

Yetimləri qırırlar.

7Belə deyirlər: «Rəbb heç nə görmür,

Yaqubun Allahı heç nə dərk etmir».

8Dərk edin, ey xalqın nadanları!

Ey axmaqlar, nə vaxt ağla gələcəksiniz?

9Qulaqları yaradan eşitməzmi?

Gözlərə quruluş verən görməzmi?

10Məgər millətlərə təlim verən,

İnsanlara bilik öyrədən tənbeh etməzmi?

11Rəbb insanın düşüncələrini görər, Bunların boş olduğunu bilər.

12Ya Rəbb, bəxtiyar o insandır ki, ona təlim vermisən,

Öz qanununu öyrətmisən!

13Pislər üçün qəbir qazılanadək

Onu dar gündən çıxarıb dinclik verəcəksən.

14Çünki Rəbb xalqını Özündən ayırmaz,

İrsini Öz əlindən verməz.

15Yenə ədalətli hökmlər çıxarılacaq,

Ürəyidüz olanlar haqqın ardınca gedəcək.

16Kim mənim üçün pislərə qarşı durar?

Şər iş görənlərə qarşı kim müdafiəçim olar?

17Əgər Rəbb köməyim olmasaydı,

Canım sükut diyarına vaxtsız köçərdi.

18Mən «ayağım büdrəyir» deyən zaman,

Ya Rəbb, mənə məhəbbətinlə dayaqsan.

19Mən daxilən çox narahat olarkən

Təsəlli verərək məni fərəhləndirirsən.

20Qanun bəhanəsi ilə şər quran

Əzazil hökmdarlardan Sənə yoldaş olarmı?

21Əlbir olub salehlərin canına qəsd qururlar,

Məhkum edib təqsirsizin qanına bais olurlar.

22Amma Rəbb mənə qala oldu,

Allahım mənə sığınacaq bir qaya oldu!

23Pislərin şər işlərini başlarına gətirəcək,

Pisliklərinə görə onları yox edəcək,

Bəli, Allahımız Rəbb onları yox edəcək!

YUXARI

Zəbur 95

Məzmur 95

1Gəlin Rəbbi mədh edək,

Bizi qurtaran Qayaya sevincdən cuşa gələrək nida edək,

2Şükür edərək hüzuruna gedək,

Cuşa gəlib ilahilərlə Ona nida edək!

3Axı Rəbb böyük Allahdır,

Bütün allahlar üzərində əzəmətli Padşahdır.

4Yerin dərin qatları Onun əlindədir,

Həm də dağların zirvələri Onundur,

5Onunkudur dəniz, Özü yaratmış,

Torpağı əlləri qurmuş!

6Gəlin Ona səcdə edək, əyilək,

Bizi yaradan Rəbbin hüzurunda diz çökək.

7Çünki O, Allahımızdır, Biz Onun otlağının xalqıyıq,

Əlinin altındakı sürüsüyük.

Əgər bu gün Onun səsini eşitsəniz,

8«Qoy ürəkləriniz Merivada olduğunuz kimi,

Səhradakı Massada keçən gündə olduğu kimi inadkar olmasın.

9Orada atalarınız Məni sınadılar,

Əməllərimi görsələr də, Məni yoxladılar.

10Qırx il o nəsildən zəhləm getdi.

Dedim: “Onlar azğın ürəkli xalqdır,

Yollarımı tanımır”.

11Buna görə qəzəblənib and içmişəm: “Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”».

YUXARI

Zəbur 96

Məzmur 96

(1Saln. 16:23-33)

1Rəbbə yeni bir ilahi oxuyun,

Ey bütün dünya, Rəbbə ilahi oxuyun,

2İsminə alqış edin, Rəbbə ilahi oxuyun,

Xilaskar olduğunu hər gün müjdələyin.

3Ehtişamını millətlərə elan edin,

Xariqələrini bütün xalqlara bəyan edin!

4Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir,

O bütün allahlardan daha zəhmlidir.

5Bütün özgə xalqların allahları bütlərdir,

Lakin göyləri yaradan Rəbdir.

6Ehtişam və əzəmət hüzurundadır,

Müqəddəs məkanında gözəlliklə qüdrət var.

7Ey xalqların tayfaları, Rəbbə verin – İzzəti, qüdrəti Rəbbə verin,

8Adına layiq izzəti Rəbbə verin,

Həyətinə girib təqdimlər verin.

9Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin,

Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin!

10Millətlərə belə elan edin:

«Rəbb hökmranlıq edir,

O, dünyanı sarsılmaz və möhkəm qurub,

O, insafla xalqların hökmünü verəcək».

11Göylər sevinsin, yer üzü şad olsun,

Dənizin və dənizdəki canlıların səsi ucalsın,

12Çöllər və çöldə yaşayanlar fərəhlənsin, Meşədəki bütün ağaclar mədh söyləsin

13Rəbbin hüzurunda!

O gəlir, dünyanın hökmünü vermək üçün gəlir,

Yer üzünün hökmünü ədalətlə,

Xalqların hökmünü həqiqətlə verəcək!

YUXARI

Zəbur 97

Məzmur 97

1Rəbb hökmranlıq edir, qoy yer üzü şadlıq etsin,

Qoy bütün adalar sevinsin.

2Buludlar və zülmət Onun ətrafındadır,

Salehliklə ədalət taxtının təməlidir.

3Onun önündən alov çıxar,

Ətrafındakı düşmənləri yandırıb-yaxar.

4Şimşəkləri dünyaya işıq saçar,

Yer üzü bunu görəndə sarsılar.

5Dağlar Rəbbin hüzurunda –

Bütün yer üzünün Sahibinin hüzurunda mum tək əriyər.

6Göylər salehliyini bəyan edər,

Əzəmətini bütün xalqlar görər.

7Bütün bütpərəstlər,

Xeyirsiz bütlərlə öyünənlər rüsvay olacaq!

Ey bütün allahlar, Rəbbə səcdə edin!

8Ya Rəbb, Sənin hökmlərini

Sion eşidib sevinir,

Yəhuda qızları cuşa gəlir.

9Çünki bütün yer üzərində,

Ya Rəbb, Haqq-Taala Sənsən!

Bütün allahların üzərində

Sən nə qədər yüksəksən!

10Ey Rəbbi sevənlər, şərə nifrət edin!

O, möminlərinin canını qoruyar,

Onları pislərin əlindən qurtarar.

11Salehlərin üstünə nur tökülər,

Ürəyidüz olanların üstünə sevinc səpilər.

12Ey salehlər, Rəbbə görə sevinin,

Onun müqəddəs adına şükür edin!

YUXARI

Zəbur 98

Məzmur 98

Məzmur.

1Rəbbə yeni bir ilahi oxuyun,

Çünki O, xariqələr yaratdı.

O, sağ əli ilə,

Öz müqəddəs qolu ilə zəfərlər qazandı.

2Rəbb zəfərini bəyan etdi,

Millətlərin gözündə salehliyini aydın göstərdi.

3İsrail nəslinə

Göstərdiyi məhəbbətini və sədaqətini xatırladı.

Yer üzünün qurtaracağınadək hər yerdə

Allahımızın zəfərini gördü.

4Ey bütün dünya, cuşa gəlib Rəbbə nida et,

Birdən nida edin, mədh, tərənnüm səsini ucaldın!

5Rəbbi lira ilə –

Lira ilə, ilahi bir səslə tərənnüm edin!

6Kərənay, şeypur səsi ilə,

Padşah olan Rəbbin hüzurunda cuşa gəlin,

Ona nida edin!

7Qoy dənizin və dənizdəki canlıların,

Yer üzü və orada yaşayanların səsi ucalsın.

8Onun hüzurunda qoy çaylar əl çalsın,

Dağlar birgə mədh oxusun!

9Çünki Rəbb dünyaya hökm etmək üçün gəlir.

Yer üzünə ədalətlə,

Xalqlara insafla hökm edəcək!

YUXARI

Zəbur 99

Məzmur 99

1Rəbb hökmranlıq edir, qoy xalqlar titrəsin, O, keruvlar üstündəki taxtındadır, qoy yer üzü lərzəyə gəlsin!

2Sionda olan Rəbb əzəmətlidir,

O bütün xalqların üzərindədir, yüksəkdədir.

3Qoy böyük, zəhmli adına şükür etsinlər!

O müqəddəsdir!

4Ey ədalətsevər güclü Padşah,

İnsafı bərqərar edən Sənsən,

Yaqub nəslinə ədalət və salehliyi göstərmisən.

5Allahımız Rəbbi ucaldın,

Ayaqlarına düşüb səcdə qılın,

O müqəddəsdir!

6Onun kahinləri arasında Musa ilə Harun olub,

Ona yalvaranlar arasında Şamuel olub.

Onlar Rəbbə yalvararkən

O cavab verərdi.

7Bulud sütununun içindən onlarla danışdı, Onun göstərişlərinə,

Onlara verdiyi qaydalarına bağlı qaldılar.

8Ya Rəbb Allahımız, Sən onlara cavab verdin,

Pis əməllərinin cəzasını versən də,

Bağışlayan Allah olduğunu onlara göstərdin.

9Allahımız Rəbbi ucaldın,

Müqəddəs dağında Ona səcdə qılın,

Çünki Allahımız Rəbb müqəddəsdir!

YUXARI

Zəbur 100

Məzmur 100

Şükran məzmuru.

1Ey bütün dünya, cuşa gəlib Rəbbə nida edin,

2Sevinclə Rəbbə qulluq edin,

Mədh oxuyaraq Onun hüzuruna gəlin!

3Rəbb Allahdır, siz bunu bilin,

O bizi yaradıb, biz Ona aidik,

Xalqıyıq, otlağında otardığı sürüyük.

4Dərgahına şükürlərlə,

Həyətlərinə həmdlərlə gəlin.

Ona şükür edin,

İsminə alqış söyləyin.

5 Rəbb nə yaxşıdır, məhəbbəti əbədidir,

Sədaqəti nəsillərdən-nəslə çatır!

YUXARI

Zəbur 101

Məzmur 101

Davudun məzmuru.

1Məhəbbətini, həqiqətini tərənnüm edəcəyəm,

Ya Rəbb, Sənə ilahi söyləyəcəyəm!

2Kamillik yolunda müdrik olacağam.

Sən yanıma nə zaman gələcəksən?

Təmiz ürəklə evimdə yaşayacağam,

3İyrənc şeylərdən gözümü çəkəcəyəm.

Azğınların işlərinə nifrət edirəm,

Qoymaram məndən yapışsın.

4Əyri ürəkdən dönəcəyəm,

Şəri tapdalayacağam.

5Qonşusuna gizlincə böhtan atanı susduracağam,

Yuxarıdan baxan lovğa insana dözə bilmərəm.

6Gözüm ölkənin sadiq insanlarına baxar,

Qoy onlar yanımda yaşasın.

Kamillik yolu ilə gedənlər qulluğumda dayanar.

7Fırıldaqçıları sarayımda yaşamağa qoymaram,

Yalançını hüzurumda dayanmağa qoymaram.

8Hər səhər ölkədəki pisləri yox edəcəyəm,

Bütün şər iş görənləri Rəbbin şəhərindən kəsib atacağam.

YUXARI

Zəbur 102

Məzmur 102

Bir məzlumun duası.

Taqətdən düşüb Rəbbin hüzurunda şikayətlənəndə.

1Ya Rəbb, bu duama qulaq as,

Qoy fəryadım Sənə çatsın.

2Nə olar, dar günümdə üzünü məndən gizlətmə,

Qulaq as, Səni çağırarkən mənə tez cavab ver.

3Günlərim tüstü kimi çəkilir,

Sümüklərim elə bil yanıb közə dönür.

4Ürəyim kəsilib atılan ot kimi saralıb-solur,

Çörək yemək belə, yadımdan çıxır.

5Ah-zar çəkməkdən

Bir dəri, bir sümük qalmışam.

6İndi çöldəki yapalağa bənzəyirəm,

Viranəlik bayquşu kimiyəm.

7Gözümə yuxu getmir,

Damda tənha qalan bir quşa bənzəyirəm.

8Bütün gün düşmənlərim məni təhqir edir,

Mənə istehza edənlər adımla lənət oxuyur.

9Yeməyim çörək yerinə kül olub,

İçməyim göz yaşıma qarışıb.

10Çünki qəzəbindən, hiddətindən

Məni götürüb bir tərəfə atmısan.

11Günlərim axşamın kölgəsi kimi keçir,

Bir ot kimi quruyuram.

12 Lakin Sən, ya Rəbb, əbədi taxtında əyləşmisən,

Sənin şöhrətin nəsildən-nəslə deyiləcək.

13Sən qalxıb Siona mərhəmət edəcəksən,

Zamanını təyin etdin, indi ona lütf ediləcək.

14Çünki Sənin qulların onun daşlarını əziz tuturlar,

Onun toz-torpağına necə də acıyırlar.

15Millətlər Rəbbin ismindən,

Dünyanın bütün padşahları Onun əzəmətindən qorxacaqlar.

16Rəbb Sionu yenidən bərpa edəcək,

Əzəmətində görünəcək,

17Yoxsulların duasına qulaq asacaq,

Yalvarışlarına xor baxmayacaq.

18Sonrakı övladları Rəbbə həmd etsin deyə

Qoy gələcək nəsil üçün belə yazılsın:

19«Rəbb müqəddəs yüksəklikdən,

Göylərdən yer üzünə nəzər saldı;

20Əsirlərin naləsini eşitmək üçün,

Ölümə aparılanları azad etmək üçün».

21Ona görə Rəbbin ismini Sionda elan edəcəklər,

Yerusəlimdə Ona həmdlər söyləyəcəklər

22Rəbbə xidmət etmək üçün gələrkən,

Xalqlar, ölkələr bir yerə gələrkən.

23Yolda ikən Rəbb gücümü azaltdı,

O, ömrümü qısaltdı.

24Dedim: «Ey Allahım, canımı alma, ömrümün yarısıdır,

Sənin illərin nəsillərdən-nəsillərə çatır».

25 Yerin təməlini əzəldən qurmusan,

Göylər Sənin əllərinin işidir!

26Onlar yox olacaq, amma Sən qalacaqsan,

Hamısı paltar kimi köhnələcək,

Onları geyim kimi dəyişdirəcəksən,

Keçib-gedəcəklər.

27Amma Sən dəyişməzsən,

İllərin tükənməzdir.

28Qullarının övladları yaşayacaq,

Nəvə-nəticələri hüzurunda dayanacaq.

YUXARI

Zəbur 103

Məzmur 103

Davudun məzmuru.

1Rəbbə alqış et, ey könlüm,

Ey bütün varlığım, Onun müqəddəs adına alqış et!

2Rəbbə alqış et, ey könlüm,

Unutma etdiyi yaxşılıqları:

3Odur bütün təqsirlərini əfv edən,

Bütün xəstəliklərinə şəfa verən.

4Odur həyatını məzara düşməkdən qurtaran,

Məhəbbətin, mərhəmətin tacını başına qoyan.

5Odur ömür boyu səni bərəkəti ilə doyduran,

Səni təzələyib gənc, gümrah qartala oxşadan.

6Rəbb bütün miskinlər üçün

Haqq və ədalət edir.

7Yollarını Musaya,

Əməllərini İsrail övladlarına göstərib.

8 Rəbb rəhmli və lütfkardır,

Hədsiz səbirli və bol məhəbbətlidir.

9Həmişə töhmətləndirməz,

Qəzəbi sonsuza qədər sürməz.

10Bizimlə günahlarımıza görə davranmaz,

Təqsirlərimizin əvəzini çıxmaz.

11Çünki göylər yerdən nə qədər ucadırsa,

Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür.

12Nə qədər şərq qərbdən uzaqdırsa,

Qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb.

13Ata övladlarına rəhm etdiyi kimi

Rəbb də Ondan qorxanlara elə rəhm edir.

14Çünki necə yarandığımızı bilir,

Torpaqdan düzəlməyimizi unutmur.

15İnsanınsa ömrü bir ota oxşar,

Çəmən gülləri kimi çiçək açar,

16Üstündən yel əsərkən yox olur,

Yerində izi belə, qalmır.

17Rəbbin isə Ondan qorxanlara olan məhəbbəti,

Onların övladlarına olan salehliyi

Əzəldən var, bu əbədi qalacaq.

18Onun əhdinə vəfa edənlərə bunları göstərir,

Qayda-qanunlarını yerinə yetirənləri unutmur.

19Rəbb taxtını göylərdə qurub,

Hər yerdə hökmranlıq edir.

20Rəbbə alqış edin, ey Onun mələkləri,

Ey Onun sözünə baxıb icra edən qüdrətli igidlər!

21Rəbbə alqış edin, ey səmanın bütün orduları,

İradəsini yerinə yetirən xidmətçiləri!

22Rəbbə alqış edin, ey Onun yaratdıqları,

Ey Onun hökm etdiyi yer üzərində olan bütün varlıqlar!

Rəbbə alqış et, ey könlüm!

YUXARI

Zəbur 104

Məzmur 104

1Rəbbə alqış et, ey könlüm!

Ya Rəbb Allahım, Sən nə qədər böyüksən,

Ehtişamı, əzəməti geyinmisən!

2Nura libas kimi bürünən,

Göyləri çadır tək açan,

3Yuxarı otaqlarını suların üstündə quran,

Buludları Özünə araba edən,

Yel qanadları üstünə minib gəzən,

4Küləyi Özünə elçi edən, Yanar odu Özünə xidmətçi edən Sənsən!

5Yer üzünün təməlini elə qurdun ki,

Əsla sarsılmasın.

6Dərin suları libas kimi yer üzünə geydirdin,

Sular dağların üstünə qalxdı.

7Sənin məzəmmətindən sular çəkildi,

Şimşəyinin səsindən qorxub qaçdı.

8Dağlardan dərələrə axdı,

Sənin təyin etdiyin yerlərə töküldü.

9Onların önünə hədd qoydun ki, ondan aşmasınlar,

Heç vaxt daşıb dünyanı basmasınlar.

10Bulaqları vadilərdən fışqırtdın,

Dağların arasından axıtdın.

11Bu bulaqlar bütün çöl heyvanlarına su verər,

Vəhşi eşşəklər içər, susuzluğu gedər.

12Yanlarında quşlar yuva qurar,

Budaqlara qonub oxuyar.

13Sən dağları göydəki sarayından sulayırsan,

Əlinin bəhrəsindən yer doyur.

14Heyvanlar üçün ot bitirirsən,

İnsana becərmək üçün bitkilər yetirirsən.

Qoy insan torpaqdan azuqəsini çıxartsın:

15Ürəkləri xoşhal edən şərabı,

Üzləri güldürən zeytun yağını,

Taqət verən çörəyi.

16Doyunca su içər Rəbbin ağacları,

Livanda əkdiyi sidr ağacları.

17Bu ağaclarda quşlar yuva qurar,

Leyləklərin yuvası şam ağacındadır.

18Uca dağlar dağ keçilərinin oylağıdır,

Qayalar qayadovşanlarının sığınacağıdır.

19Fəsilləri müəyyən etmək üçün ayı yaratdın,

Günəş batacağı zamanı bilir.

20Gecə olsun deyə havanı qaraldırsan,

Bütün meşə heyvanları vurnuxmaya düşürlər.

21Ov üçün gənc aslanlar nərə çəkərlər,

Öz yemlərini Allahdan istəyərlər.

22Gün doğanda çəkilirlər,

Yuvalarında yatırlar.

23İnsanlar iş başına gedir,

Qaş qaralana qədər işləyirlər.

24Ya Rəbb, əməllərin çoxdur!

Hər birini müdrikliklə etmisən,

Yaratdıqların yer üzünü doldurub.

25Böyük, dərin dənizlərin var,

Orada da saysız məxluqlar –

Həm kiçik, həm də böyük canlılar qaynaşar.

26Oradan gəmilər keçir,

Yaratdığın Livyatan sularda oynayır.

27Bunların hamısı gözləyir ki, Sən

Vaxtlı-vaxtında onları yemləyəsən.

28Sən yem verərkən onlar yem yığırlar,

Açıq əlinin nemətindən doyurlar.

29Amma üzünü gizlədərkən vəlvələyə düşürlər,

Sən onların nəfəsini kəsərkən ölüb torpağa qarışırlar,

30Ruhunu göndərərkən onlar yaranır,

Yer üzünə yeni həyat verirsən.

31Rəbbin ehtişamı qoy əbədi var olsun!

Qoy Rəbb yaratdıqlarına görə şad olsun!

32Rəbb yerə baxanda yer lərzəyə gəlir,

Dağa toxunanda dağ tüstülənir.

33Rəbbə ömrüm boyu ilahi söyləyəcəyəm,

Nə qədər varam, Allahımı tərənnüm edəcəyəm.

34Düşüncəm Ona xoş görünsün,

Mən Rəbbə görə sevinəcəyəm.

35Günahkarlar yer üzündən silinsinlər,

Pis adamlar yox olsunlar!

Rəbbə alqış et, ey könlüm!

Rəbbə həmd edin!

YUXARI

Zəbur 105

Məzmur 105

(1Saln. 16:8-22)

1Rəbbə şükür edin, ismini səsləyin, Əməllərini xalqlar arasında elan edin!

2Onu ilahilərlə tərənnüm edin,

Bütün xariqələrini bəyan edin!

3Onun müqəddəs adı ilə fəxr edin,

Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin!

4Rəbbi, Onun qüvvətini arayın,

Daim hüzurunu axtarın.

5Etdiyi xariqələri,

Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın,

6Ey Onun qulu İbrahim nəsli,

Ey Yaqub övladları, ey Onun seçdikləri!

7Allahımız Rəbb Odur,

Hökmü bütün yer üzündədir.

8Əbədi olaraq min nəslə qədər əhdini, Əmr etdiyi sözü,

9İbrahimlə kəsdiyi əhdini,

İshaqa and içərək verdiyi vədini unutmaz.

10Bunu qayda kimi Yaqub üçün təsdiq etdi, Bu əbədi əhdi İsrail üçün etdi.

11Dedi: «Övladlarının payına düşən mülk kimi

Kənan torpağını sənə verəcəyəm».

12O zaman onlar sayca az idilər,

Azsaylı olaraq ölkədə qərib idilər.

13Ölkədən-ölkəyə,

Məmləkətdən-məmləkətə köçürdülər.

14Rəbb heç kimi onlara əzab verməyə qoymadı, Onlara görə padşahları tənbeh etdi.

15Dedi: «Məsh etdiklərimə dəyməyin,

Peyğəmbərlərimə pislik etməyin».

16Ölkəyə qıtlıq göndərdi, Bütün çörəyin kökünü kəsdi.

17Lakin bunlardan əvvəl birini göndərmişdi, Bu, qul kimi satılan Yusif idi.

18Ayaqlarını zəncirləyib əzdilər, Boğazına dəmir halqa keçirdilər.

19Yusifin sözü düz çıxanadək

Rəbbin sözü onu təmizlədi.

20Padşah buyruq verərək onu azad etdi, Xalqların hökmdarı ona azadlıq verdi. 

21Onu sarayının ağası etdi, Varidatı üçün cavabdeh etdi.

22Ona başçılar üstündə səlahiyyət verdi ki,

Ağsaqqallarına uzaqgörənlik öyrətsin.

23Sonra İsrail Misirə gəldi, Yaqub Ham ölkəsində yerləşdi.

24Rəbb onun xalqına bərəkət verdi, Düşmənlərindən çox onlara qüdrət verdi.

25Rəbb düşmənlərinə fikir göndərdi ki, xalqına nifrət etsinlər,

Qullarına qarşı fırıldaq işlətsinlər.

26Qulu Musanı, Həm də seçdiyi Harunu göndərdi.

27Xalqın arasında Rəbbin əlamətlərini,

Ham ölkəsində Onun möcüzələrini göstərdilər.

28Rəbb qaranlıq göndərərək ölkəni zülmət etdi, Çünki Onun sözlərinə itaət etmədilər.

29Sularını qana çevirdi, Balıqlarını öldürdü.

30Ölkəyə qurbağalar qaynaşıb gəldilər, Padşahın otaqlarına belə, girdilər.

31Əmr etdi, topa-topa mozalan gəldi, Mığmığalar bütün ərazilərini bürüdü.

32Yağış əvəzinə dolu yağdırdı, Ölkələrini şimşəklərə qərq etdi.

33Tənəklərinə, əncir ağaclarına zərbə vurdu,

Sahələrində olan ağacları qırdı.

34Əmr etdi çəyirtkələrə qaynaşsın, Saysız balaları torpaqlarına daraşsın.

35Onlar ölkədə olan bütün otları yedilər,

Torpaqlarının bar-bəhərini yedilər.

36O, ölkədə hər yerlinin ilk oğlunu, Hər kişinin belindən gələn ilk oğlunu öldürdü.

37İsrailliləri oradan qızılla, gümüşlə çıxartdı, Qəbilələri arasında yıxılan olmadı.

38Onlar çıxanda Misirlilər sevindi,

Canlarında İsraillilərin qorxusu var idi.

39Üzərlərinə örtük kimi bulud sərdi, Gecəni işıqlandırmaq üçün od göndərdi.

40İstədiklərinə görə O, bildirçin gətirdi, Onlara göydən doyunca çörək verdi.

41Qayanı yararaq suyu fışqırtdı, Quraq yerə çay kimi axdı.

42Çünki müqəddəs sözünü yada salmışdı,

Qulu İbrahimə verdiyi vədini xatırlamışdı.

43O, xalqını sevinclə,

Öz seçdiklərini mədh səsi ilə çıxartdı.

44Millətlərin torpaqlarını onlara verdi, Onları ümmətlərin sərvətlərinə sahib etdi.

45Qoy Rəbbin qaydalarına riayət etsinlər,

Qanunlarına əməl etsinlər.

Rəbbə həmd edin!

YUXARI

Zəbur 106

Məzmur 106

1Rəbbə həmd edin! Rəbbə şükür edin, ona görə ki yaxşıdır,

Çünki məhəbbəti əbədidir.

2Rəbbin qüdrətli işlərini sözlə demək olarmı?

Onu layiqincə həmd edən varmı?

3Nə bəxtiyardır ədalətə bağlananlar,

Hər zaman əməlisaleh olanlar!

4Ya Rəbb, xalqına lütf edərkən məni yada sal,

Onları nicata çatdırarkən mənim də qayğıma qal.

5Qoy seçdiklərini bəxtiyar görüm,

Millətinin sevinci ilə sevinim,

İrsinlə birlikdə fəxr edim.

6Ata-babamız kimi biz də günaha batmışıq,

Biz də şər iş görməklə təqsirkar olmuşuq.

7Misirdə olanda ata-babamız Sənin xariqələrini anlamadı, Bol məhəbbətini yada salmadı,

Dəniz kənarında, Qırmızı dənizdə Sənə qarşı üsyankar oldu.

8Amma Rəbb qüdrətini göstərmək üçün

Onları ismi naminə qurtardı.

9Onun məzəmmətindən Qırmızı dəniz qurudu, Çöldən keçdikləri kimi onları dərin yerdən keçirtdi.

10İsrailliləri onlara nifrət edənin əlindən qurtardı,

Onları düşməninin əlindən xilas etdi.

11Yağıları sular basdı,

Bir nəfər də qalmadı.

12O zaman Rəbbin sözlərinə inandılar, Onu həmdlə tərənnüm etdilər.

13Lakin Rəbbin əməllərini tez unutdular,

Ondan məsləhət almadılar.

14Onlar səhrada iştahaya düşdülər, Çöllükdə Allahı sınağa çəkdilər.

15O da istədiklərini verdi,

Lakin onlara azar göndərdi.

16Düşərgədə Musaya, Rəbb üçün təqdis olunan Haruna paxıllıq etdilər,

17Torpaq yarılıb Datanı uddu,

Aviramla yoldaşlarını yerə batırdı.

18Yoldaşlarının içinə alov saldı,

Bu, pisləri yandırıb-yaxdı.

19Xorevdə bir dana heykəli düzəltdilər, Tökmə bir bütə səcdə etdilər.

20Allahın əvəzinə

Otyeyən buğanın surətinə şərəf verdilər.

21Onları qurtaran Allahı –

Misirdə böyük möcüzələr yaradanı,

22Ham ölkəsində xariqələr göstərəni,

Qırmızı dənizdə zəhmli işlər görəni unutdular.

23Rəbb onları yox etmək üçün niyyətini söylədi,

Onu məhvedici qəzəbindən döndərmək üçün

Seçdiyi Musa Onun qarşısına gəldi.

24Sonra o gözəl diyara da xor baxdılar, Rəbbin vədinə inanmadılar.

25Çadırlarında giley-güzar etdilər,

Rəbbin səsini eşitmədilər.

26Buna görə Rəbb and içdi:

Meyitlərini çöllərə sərəcək,

27Övladlarını millətlər arasına səpələyəcək, Onları ölkələr arasında darmadağın edəcək.

28Onlar Peordakı Baala səcdə etməyə gəldilər, Ölü bütə verilən qurban ətindən yedilər.

29Bu işlər Rəbbin qəzəbinə gəldi,

Aralarına vəba töküldü.

30Onda Pinxas qalxıb buna müdaxilə etdi,

Beləliklə, vəba çəkilib getdi.

31Bu, nəsillər boyu, əbədilik

Onun üçün salehlik sayıldı.

32Onlar Meriva suları kənarında Rəbbi qəzəbləndirdilər, Buna görə Musanın başına qəza gəldi:

33Onlar Musanın ruhunu incitdilər,

O da düşünülməmiş sözlər dedi.

34Rəbbin əmrini yerinə yetirmədilər, Dediyi xalqları məhv etmədilər.

35Əksinə, həmin millətlərə qarışdılar,

Adət-ənənələrini öyrənib onlara əməl etdilər.

36Onların bütlərinə ibadət edərək

Özlərini bu tələyə saldılar.

37Oğul-qızlarını Cinlərə qurban verdilər.

38Oğul-qızlarının günahsız qanını tökdülər, Onları Kənan bütlərinə qurban verdilər,

Ölkəni qana bulaşdırdılar.

39Belə işlərlə murdarlandılar,

Öz əməlləri ilə xəyanətə satıldılar.

40Rəbb xalqına qarşı qəzəbindən yandı, Öz irsini iyrənc bir şey sandı.

41Onları millətlərə təslim etdi,

Onlara nifrət edənlər üzərlərində hakim oldu.

42Düşmənləri onları zülm altına saldılar,

Onlara tabe olaraq əl altında qaldılar.

43Rəbb dəfələrlə onları azad etmişdi,

Amma pisniyyətli olduqları üçün üsyankar olmuşdular,

Bu insanları öz günahları alçaltdı.

44Lakin O, fəryadlarını eşidəndə

Onların əziyyətinə baxdı.

45Bu insanlarla bağladığı əhdini yada saldı,

Bol məhəbbəti naminə rəhmini göstərdi.

46Onları əsir edənlərin

Qəlbinə mərhəmət saldı.

47Ey Allahımız Rəbb, bizi qurtar, Bizi millətlərin arasından topla.

Müqəddəs isminə şükür edək,

Biz fəxrlə Sənə həmd söyləyək.

48Alqış olsun İsrailin Allahı Rəbbə

Əzəldən sonsuza qədər!

Qoy bütün xalq söyləsin «Amin!»

Rəbbə həmd edin!

YUXARI

Zəbur 107

Məzmur 107

1Rəbbə şükür edin, ona görə ki yaxşıdır,

Çünki məhəbbəti əbədidir!

2Qoy belə söyləsin Rəbbin xilas etdikləri,

Düşmən əlindən qurtardıqları,

3Şərqdən, qərbdən, şimaldan və cənubdan –

Ölkələrdən topladıqları.

4Bəziləri səhrada, çöllükdə sərgərdan dolanırdılar,

Yaşamaq üçün heç bir şəhər tapmırdılar.

5Aclıqdan, susuzluqdan

Canlarının taqəti getmişdi.

6Onlar dara düşəndə Rəbbə fəryad etdilər,

Rəbb onları dərdlərindən qurtardı.

7Yaşamaq üçün onlar bir şəhərə çatanadək

Onları düz yolla apardı.

8Rəbbə şükür etsinlər məhəbbətinə görə,

Bəşər övladlarına göstərdiyi xariqələrinə görə!

9Çünki O, susuzlara doyunca su verər,

Acları bol nemətlərlə bəslər.

10Bəziləri əsir düşüb zülmətdə yaşayırdı,

Zəncirlənib qaranlıqda, əziyyətdə qalırdı.

11Çünki Allahın sözlərinə qarşı çıxmışdılar,

Haqq-Taalanın məsləhətinə xor baxmışdılar.

12Ona görə ağır işlə onların ürəklərinə əzab verdi,

Yıxılanda heç kim onlara kömək etmədi.

13Onlar dara düşəndə Rəbbə fəryad etdilər,

Rəbb onları dərdlərindən qurtardı.

14Onların buxovlarını qopardı,

Zülmətdən, qaranlıqdan çıxardı.

15Qoy şükür etsinlər Rəbbə məhəbbətinə görə,

Bəşər övladlarına göstərdiyi xariqələrinə görə!

16Çünki O, tunc qapıları qırar,

Dəmir cəftələri qoparar.

17Bəzilərinin ağlı çaşıb üsyankar oldu,

Təqsirləri onları zülmə saldı.

18Hər yeməkdən iyrəndilər,

Ölüm qapılarına yaxın gəldilər.

19Dara düşərkən Rəbbə fəryad qopardılar,

Rəbb onları dərdlərindən qurtardı.

20Kəlamını göndərib onlara şəfa verdi,

Məzara düşməkdən onları xilas etdi.

21Rəbbə şükür etsinlər məhəbbətinə görə,

Bəşər övladlarına göstərdiyi xariqələrinə görə!

22Qoy şükür qurbanlarını təqdim etsinlər,

Əməllərinə mədh oxuyub bəyan etsinlər!

23Bəziləri gəmilərlə dənizlərdə üzdülər,

Dəryalarda böyük işlər gördülər.

24Orada Rəbbin əməllərinə,

Dərin sularda etdiyi xariqələrinə şahid oldular.

25Çünki Onun əmri ilə qasırğa qopdu,

Dənizin dalğaları qalxdı.

26Gəmiçilər göyə qalxıb dərinə enirdi,

Qorxudan canları əldən gedirdi.

27Onlar sərxoş kimi yırğalanıb-səndələyirdi,

Ağıllarına heç bir çarə gəlmirdi.

28Onlar dara düşəndə Rəbbə fəryad etdilər,

Rəbb onları dərdlərindən qurtardı.

29Qasırğanı yatırdı, sükut gətirdi,

Dalğaları sakit etdi.

30Sakitlik yarananda onlar çox sevindilər,

Rəbb də onları istədikləri limana çatdırdı.

31Rəbbə məhəbbətinə görə,

Bəşər övladlarına göstərdiyi xariqələrinə görə şükür etsinlər!

32Qoy Onu xalqın toplantısında ucaltsınlar,

Ona ağsaqqallar məclisində həmd etsinlər!

33O, çayları qurudub səhra edər,

Bulaqlar olan yeri quraq çölə döndərər,

34Orada yaşayanların pisliyinə görə

Münbit torpağı şoranlığa çevirər.

35Səhranı gölməçəyə döndərər,

Quraq torpaqdan bulaqlar çıxardar.

36Oranı verər ki, aclar məskən salsınlar,

Yaşamaq üçün özlərinə şəhər qursunlar,

37Tarlanı əksinlər, üzümlüklər salsınlar.

Bol məhsul götürsünlər.

38Onun xeyir-duası ilə törəyib artırlar,

Heyvanlarının sayı azalmır.

39Sonra əzabdan, darlıqdan, bəlalardan

Onlar azalıb alçaldılan an

40 Rəbb əsilzadələrin üstünə həqarət yağdırar,

Onları sonsuz çöldə sərgərdan dolandırar.

41Amma fəqiri zülm altından qaldırar,

Övladlarını sürü kimi çoxaldar.

42Bunu görən əməlisalehlər şad olar,

Fitnə söyləyən ağızlarsa yumular.

43Kimin ağlı varsa, qoy buna fikir versin,

Qoy Rəbbin məhəbbətini dərk etsin!

YUXARI

Zəbur 108

Məzmur 108

(Zəb. 57:7-11; 60:5-12)

Bir ilahi.

Davudun məzmuru.

1Ey Allahım, qəlbim Sənə möhkəm bağlanıb,

Qoy bütün varlığımla ilahi oxuyum, Səni tərənnüm edim.

2Ey çəng və lira, oyan!

Qoy səhəri oyadım.

3Ya Rəbb, xalqlar arasında

Sənə şükür edəcəyəm.

Ümmətlər arasında

Səni tərənnüm edəcəyəm.

4Məhəbbətin böyükdür, göylərdən ucadır,

Sədaqətin buludlara çatır.

5Ey Allah, göylər üzərində ucal!

Ehtişamın bütün yer üzərində olsun!

6Sevdiyin insanların xilas olması üçün

Sağ əlinlə bizi qurtar, mənə cavab ver!

7Allah Öz müqəddəs məskənindən belə söylədi:

«Şekemi sevinclə bölüşdürəcəyəm,

Sukkot dərəsini böləcəyəm.

8Gilead torpağı Mənimdir,

Menaşşe torpağı Mənimdir,

Efrayim başımın dəbilqəsidir,

Yəhuda Mənim əsamdır.

9Moav yuyunmaq üçün ləyənimdir,

Çarığımı ataraq Edomu tutacağam,

Zəfər harayını Filiştə salacağam».

10Kim məni istehkamlı şəhərə apara bilər?

Edoma qədər kim mənə yol göstərə bilər?

11Ay Allah, niyə bizi atmısan?

Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan?

12Düşmənin qarşısında bizə imdad et,

Çünki insanın köməyi puçdur.

13Allahın köməyi ilə şücaət göstərəcəyik,

O, düşmənlərimizi tapdalayacaq!

YUXARI

Zəbur 109

Məzmur 109

Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1Ey tərənnüm etdiyim Allah, susma!

2Çünki pislər, hiyləgərlər ağzını açıb

Yalançı dilləri ilə məndən danışırlar.

3Mənə hər tərəfdən nifrət dolu sözlər deyirlər,

Nahaq yerə hücumlarına məruz qalıram.

4Sevgimin əvəzinə mənə ittiham yağdırırlar,

Mən isə dua etməkdəyəm.

5Yaxşılığımın əvəzinə yamanlıq edirlər,

Sevgimin əvəzinə nifrətlə cavab verirlər.

6Belə adamın qarşısına bir pis insanı çıxar,

Sağ tərəfində dayanıb onu ittiham etsin!

7Hökm oxunanda o təqsirkar çıxsın,

Qoy onun duası günah sayılsın!

8 Onun ömrü az olsun,

Vəzifəsini başqası tutsun!

9Övladları yetim,

Arvadı isə dul qalsın!

10Övladları didərgin düşüb dilənçi olsun,

Yaşamağa xarabalıq belə, tapmasın!

11Sələmçilər hər şeyini əlindən alsın,

Nə qazanıbsa, yadellilər talayaraq aparsın!

12Ona məhəbbət göstərən olmasın,

Yetim qalan balalarına yazığı gələn tapılmasın!

13Qoy onun nəsli kəsilsin,

Gələcək nəslin arasından adları silinsin!

14Ata-babasının təqsiri Rəbbin hüzurunda yaddan çıxmasın,

Anasının günahı heç zaman yuyulmasın!

15Belə adamlar Rəbbin hüzurunda daim təqsirkar qalsınlar,

Dünyadan izi-tozu silinsin, yada salınmasınlar!

16Çünki məhəbbət göstərməyi unutdular,

Məzlumu, fəqiri, qəlbisınıqları

Həlak etmək üçün təqib etdilər.

17Qarğış etməyi sevirdi, öz başına dönsün,

Alqış etməyi sevmirdi, ona əli çatmasın!

18Ondan əynindəki paltar kimi qarğış çıxardı,

Qoy qarğışı su kimi canına, ilik kimi sümüklərinə hopsun!

19Qarğışı onu əyninin libası kimi bürüsün,

Hər gün belinə kəmər tək dolansın!

20Məni ittiham edənlər,

Mənim barəmdə pis sözlər söyləyənlər

Rəbbin cəzasına gəlsinlər!

21Lakin, ey Xudavənd Rəbb, ismin naminə

Özün mənə qayğı göstər,

O gözəl məhəbbətinə görə məni azad et.

22Çünki mən məzlum və fəqir insanam,

Köksümdəki ürəyimdən yaralanmışam.

23Düşən kölgə kimi itirəm,

Vurulub atılan çəyirtkəyə bənzəyirəm.

24Bax oruc tutmaqdan dizlərim əsir,

Bir dəri, bir sümük qalmışam.

25 Görənlər mənə lağ edir,

Başlarını yelləyir.

26Ya Rəbb Allahım, Sən mənə kömək et,

Məhəbbətinə görə məni qurtar.

27Bilsinlər ki, bu Sənin əlindədir,

Ya Rəbb, Sən bunu edə bilərsən.

28Qoy onlar qarğış etsinlər, Sən mənə xeyir-dua ver,

Qoy onlar əleyhimə qalxarkən utansınlar.

Sənin qulunam, qoy sevinim!

29İttihamçılarım rüsvayçılığa bürünsünlər,

Xəcaləti xalat kimi geyinsinlər.

30Mənim dilim Rəbbə bol-bol şükür söyləyəcək,

Xalq içində Ona həmd edəcək.

31Çünki O, fəqirin sağ tərəfində dayanar ki,

Edam hökmü verənlərin əlindən onu qurtarsın.

YUXARI

Zəbur 110

Məzmur 110

Davudun məzmuru.

1Rəbb mənim Ağama dedi:

«Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək

Sağımda otur».

2Rəbb Siondan Sənin qüdrətli əsanı göndərəcək,

Düşmənlərinin üzərində sənə hökmranlıq verəcək.

3Döyüşəcəyin gün xalqın könüllü olaraq sənə qoşulacaq,

Gənclərin səhər şehi kimi müqəddəs libasını geyib yanına gələcək.

4 Rəbb and içdi, qərarını dəyişməz:

«Sən Melkisedeq vəzifəli əbədi bir kahinsən».

5Xudavənd sənin sağ tərəfindədir,

Qəzəb günündə padşahları qıracaq.

6Millətlərin hökmünü verəndə cəsədləri hər yeri bürüyəcək,

O bütün ölkələrin başçılarını əzəcək.

7Yol kənarında olan vadidən su içəcək,

Buna görə güclənib yüksələcək.

YUXARI

Zəbur 111

Məzmur 111

1Rəbbə həmd edin!

Əməlisalehlər məclisində, icma arasında

Bütün qəlbimlə Rəbbə şükür edəcəyəm.

2Rəbbin işləri böyükdür,

Bunlardan zövq alanlar ibrət götürür.

3Əməllərində ehtişamı, əzəməti görünür,

Salehliyi əbədi qalır.

4Xariqələrini xalqının yadına salır.

Rəbb lütfkar və rəhmlidir,

5Ondan qorxanları bəsləyərək saxlayır,

Öz əhdini əbədi olaraq yadda saxlayır.

6Xalqına millətlərin torpaqlarını verərək

Qüdrətli işlərini onlara göstərdi.

7Əllərinin işləri sədaqət və ədalətdir,

Onun bütün qayda-qanunları etibarlıdır.

8Onlar həmişə, əbədi olaraq möhkəmdir,

Sədaqətdən, düzlükdən yaranmışdır.

9Öz xalqına qurtuluş göndərdi,

Əhdi əbədi olsun deyə əmr verdi,

İsmi müqəddəsdir, zəhmlidir.

10Rəbb qorxusu hikmətin başlanğıcıdır, Buna əməl edənlərin sağlam düşüncəsi vardır.

Ona əbədi olaraq həmdlər olsun!

YUXARI

Zəbur 112

Məzmur 112

1Rəbbə həmd edin!

Nə bəxtiyardır Rəbdən qorxan,

Əmrlərindən zövq alan insan!

2Nəsli yer üzündə güclü olacaq,

Əməlisalehlərin övladları xeyir-dua alacaq.

3Evindən bolluq və sərvət əskilməz,

Salehliyi əbədi qalar.

4Zülmətdə belə, əməlisaleh insanlar üçün,

Lütfkar, rəhmli və saleh adamlar üçün nur doğar.

5Səxavətlə borc verən,

İşlərini ədalətlə görən yaxşı insandır.

6Belə adam əsla sarsılmaz,

Saleh insan əbədi olaraq yadda qalacaq.

7Pis xəbərdən qorxmaz,

Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir,

8Cəsur ürəklidir,

Düşmənlərinin süqutunu görənədək qorxmaz.

9 Səpələyər, fəqirlərə paylayar,

Salehliyi əbədi qalar,

Qüdrəti və hörməti ucalar.

10Pis adamsa bunu görüb qəzəblənər,

Dişlərini qıcıdar, yanıb-tökülər,

Pislərin arzusu puç olar.

YUXARI

Zəbur 113

Məzmur 113

1Rəbbə həmd edin!

Ey Rəbbin qulları, həmd edin,

Rəbbin isminə həmd edin!

2İndidən sonsuzadək

Rəbbin isminə alqış olsun!

3Gündoğandan günbatanadək

Rəbbin ismi həmdə layiqdir!

4Rəbb bütün millətlərdən ucadır,

Ehtişamı göylərdən yüksəkdir!

5Allahımız Rəbbin misli varmı?

Ucalardakı taxtında oturan,

6Göyə, yerə əyilərək baxan Odur.

7O, yoxsulları toz-torpaqdan qaldırar, Fəqirləri küllükdən çıxarar.

8Onları əsilzadələrlə,

Öz xalqının əsilzadələri ilə yanaşı oturdar.

9Sonsuz qadının evini tikər,

Ona övlad verməklə bəxtəvər ana edər.

Rəbbə həmd edin!

YUXARI

Zəbur 114

Məzmur 114

1İsraillilər Misirdən çıxanda, Yaqub nəsli başqa dildə danışan xalqdan ayrılanda

2Yəhuda Rəbbin müqəddəs məskəni oldu,

İsrail Rəbbin səltənəti oldu.

3Onları görəndə dəniz qaçdı, İordan çayı geri çəkildi.

4Zirvələr qoçlar kimi,

Təpələr quzular kimi tullandı.

5Ey dəniz, niyə qaçdın, sənə nə oldu?

Ey İordan çayı, niyə belə geri çəkildin?

6Ey zirvələr, qoçlar kimi,

Ey təpələr, quzular kimi niyə tullandınız?

7Ey dünya, Hökmranın hüzurunda, Yaqubun Allahının qarşısında lərzəyə gəl!

8Qayanı gölməçəyə döndərən,

Çaxmaq daşını çeşməyə çevirən Odur.

YUXARI

Zəbur 115

Məzmur 115

1Bizi yox, ya Rəbb, bizi yox,

Məhəbbətin, sədaqətin naminə

Öz adını şərəfləndir.

2Niyə millətlər belə desin:

«Onların Allahı haradadır?»

3Allahımız göylərdədir,

Öz istədiyini edir.

4Amma onların bütləri qızıldan, gümüşdən düzəlmişdir, Onlar insan əllərinin işidir.

5Ağızları var, danışa bilmir,

Gözləri var, amma görmür,

6Qulaqları var, eşitmir,

Burunları var, qoxu bilmir,

7Əlləri var, hiss etmir,

Ayaqları var, gəzə bilmir,

Boğazlarından səs gəlmir.

8Bütləri düzəldən, onlara güvənən insanlar

Bu bütlər kimi cansız olacaqlar.

9Ey İsraillilər, Rəbbə güvənin,

Odur köməyiniz və sipəriniz!

10Ey Harun nəsli, Rəbbə güvənin,

Odur köməyiniz və sipəriniz!

11Ey Rəbdən qorxanlar, Rəbbə güvənin,

Odur köməyiniz və sipəriniz!

12Rəbb bizi unutmayıb,

Bizə xeyir-dua verəcək –

İsrail nəslinə xeyir-dua verəcək,

Harun nəslinə xeyir-dua verəcək,

13Kiçikdən böyüyə qədər Ondan qorxanlara xeyir-dua verəcək.

14Qoy Rəbb sizi,

Sizi və nəslinizi artırsın!

15Rəbdən, göyləri və yeri Yaradandan

Bərəkət alasınız!

16Rəbb səmaya sahibdir,

Yeri bəşər övladlarına verdi.

17Ölənlər, sükut diyarına düşənlər

Rəbbə həmd etmirlər.

18Lakin biz Rəbbə alqış edirik

İndidən sonsuzadək.

Rəbbə həmd edin!

YUXARI

Zəbur 116

Məzmur 116

1Rəbbi sevirəm,

Çünki O, yalvarışımı eşidir.

2Səsimə qulaq asdığı üçün

Nə qədər varam, Onu çağıracağam.

3Ətrafıma ölüm bağları sarıldı,

Ölülər diyarının sıxıntıları məni haqladı,

Dərd-bəlalar məni tapdı.

4O zaman Rəbbin adını çağırdım:

«Ya Rəbb, amandır, canımı qurtar!»

5Rəbb lütfkardır, ədalətlidir,

Allahımız mərhəmətlidir.

6Rəbb avam adamı qoruyur,

O məni düşkünlüyə düçar olanda qurtardı.

7Ey canım, rahat ol,

Çünki Rəbb sənə comərdlik etdi.

8Ya Rəbb, canımı ölümdən,

Gözlərimi göz yaşından, ayağımı büdrəməkdən qurtardın.

9İndi Rəbbin hüzurunda gəzib-dolaşıram,

Dirilər arasındayam.

10«Mən çox əzab çəkirəm» deyərkən İnamımı itirməmişdim.

11Mən təlaşa düşüb belə demişdim:

«Bütün insanlar yalançıdır».

12Mənə etdiyi comərdliyə görə

Rəbbin borcunu necə qaytara bilərəm?

13Qurtuluş piyaləsini qaldıracağam,

Rəbbin ismini çağıracağam.

14Rəbbə Onun bütün xalqı qarşısında

Əhd etdiyim təqdimləri verəcəyəm.

15Rəbbin gözündə hər bir möminin

Ölümü çox bahadır.

16Aman, ya Rəbb, mən Sənin qulunam,

Qulunam, kənizinin oğluyam,

Buxovlarımı açmısan.

17Sənə şükür qurbanları təqdim edəcəyəm,

Rəbbin adını çağıracağam.

18Rəbbə Onun bütün xalqı qarşısında

Əhd etdiyim təqdimləri verəcəyəm

19Rəbbin evinin həyətində,

Ey Yerusəlim, sənin mərkəzində.

Rəbbə həmd edin!

YUXARI

Zəbur 117

Məzmur 117

1Ey bütün millətlər, Rəbbə həmd edin! Ey bütün ümmətlər, Onu mədh edin!

2Bizə olan məhəbbəti böyükdür,

Rəbbin sədaqəti əbədidir!

Rəbbə həmd edin!

YUXARI

Zəbur 118

Məzmur 118

1Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir!

2Qoy İsraillilər belə desin:

«Çünki məhəbbəti əbədidir!»

3Harun nəsli belə desin:

«Çünki məhəbbəti əbədidir!»

4Qoy Rəbdən qorxanlar belə söyləsin:

«Çünki məhəbbəti əbədidir!»

5Sıxıntı içində Rəbbi çağırdım,

Cavab verib məni genişliyə çıxartdı.

6Rəbb mənimlədir, heç qorxmaram. İnsan mənə nə edə bilər?

7Rəbb mənimlədir, mənə yardım edər,

Mənə nifrət edənlərin aqibətini görəcəyəm.

8Rəbbə pənah gətirmək

İnsana güvənməkdən yaxşıdır.

9Rəbbə pənah gətirmək

Əsilzadələrə güvənməkdən yaxşıdır.

10Bütün millətlər məni mühasirəyə aldılar,

Rəbbin ismi ilə onları qırdım.

11Hər tərəfdən məni mühasirəyə aldılar,

Rəbbin ismi ilə onları qırdım.

12Arılar tək məni mühasirəyə aldılar,

Lakin kol-kos kimi alışıb tez söndülər,

Rəbbin ismi ilə onları qırdım.

13Möhkəm təzyiq altında yıxılmağıma az qalmışdı,

Lakin Rəbb imdadıma çatdı.

14Rəbb qüvvətim, məzmurumdur, O məni xilas etdi!

15Salehlərin çadırlarından zəfər nidası yüksəlir:

«Rəbbin sağ əli qüdrətli işlər göstərir!

16Rəbbin sağ əli necə əzəmətlidir!

Rəbbin sağ əli qüdrətli işlər göstərir!»

17Ölməyib sağ qalacağam,

Rəbbin işlərini bəyan edəcəyəm.

18Rəbb mənə möhkəm cəza verdi,

Amma məni ölümə təslim etmədi.

19Salehlik darvazalarını üzümə açın,

Qoy oradan keçib Rəbbə şükür edim.

20Bu, Rəbbin darvazasıdır,

Oradan saleh insanlar keçəcək.

21Ya Rəbb, Sənə şükür edirəm,

Çünki cavab verərək məni xilas etmisən!

22Bənnaların rədd etdiyi daş Guşədaşı olub.

23Bu, Rəbbin işi idi,

Gözümüzdə xariqəli bir işdir.

24Bu günü Rəbb yaratdı,

Onda sevinib şadlıq edək!

25Aman, ya Rəbb, bizi qurtar! Aman, ya Rəbb, bizə uğur göndər!

26Rəbbin ismi ilə gələnə alqış olsun! Sizə Rəbbin evindən xeyir-dua veririk.

27Rəbb Allahdır, O, üzərimizə nur saçdı,

Qurbangahın buynuzlarına bayram qurbanını bağlayın.

28Allahım Sənsən, Sənə şükür edəcəyəm!

Allahımsan, Səni yüksəldəcəyəm!

29Rəbbə şükür edin, ona görə ki yaxşıdır,

Çünki məhəbbəti əbədidir!

YUXARI

Zəbur 119

Məzmur 119

Alef

1Nə bəxtiyardır öz yolunda kamil olanlar,

Rəbbin qanununa görə yaşayanlar.

2Nə bəxtiyardır Onun göstərişlərinə əməl edənlər,

Bütün qəlbi ilə Onu axtaranlar.

3Həqiqətən, onlar fitnəkarlıq etməzlər,

Rəbbin yolunda gəzərlər.

4Sən qayda-qanunlarını qoydun,

Bunlara bağlı qalmağı buyurdun.

5Sənin qaydalarına bağlı qalmaq üçün

Kaş tutduğum yolda möhkəm olaydım.

6Onda xəcalət çəkməzdim,

Sənin bütün əmrlərindən gözümü çəkməzdim.

7Adil hökmlərini öyrənərkən

Sənə düz qəlblə şükür edəcəyəm.

8Sənin qaydalarına əməl edəcəyəm,

Sən məni tamamilə tərk etmə!

Bet

9Bir cavan yolunu necə təmiz saxlaya bilər?

– Sənin sözlərinə bağlı qalmaqla.

10Bütün qəlbimlə Səni axtarmışam,

Qoyma əmrlərindən çıxım.

11Sənə qarşı günah etməyim deyə

Kəlamını qəlbimdə qoruyub saxlamışam.

12Ya Rəbb, Sənə alqış olsun!

Qaydalarını mənə öyrət.

13Ağzından çıxan hər hökmü

Dilimlə bəyan edirəm.

14Göstərişlərinin ardınca gedərkən sevinirəm,

Elə bil bolluca var-dövlətə çatmışam.

15Qayda-qanunlarını dərindən düşünürəm,

Sənin yollarından gözümü çəkmirəm.

16Qaydalarından zövq alıram,

Sözünü unutmuram.

Gimel

17Quluna comərdliyini göstər,

Qoy yaşayım və sözünə bağlı qalım.

18Gözlərimi aç ki,

Qanununun xariqələrini görüm.

19Əmrlərini məndən gizlətmə,

Çünki mən bu dünyada bir qəribəm,

20Hökmlərinin həsrətini çəkməkdən

Hər zaman ürəyim ağrıyır.

21Sənin əmrlərindən çıxan lovğaları məzəmmət etdin,

Çünki onlar lənətləndi.

22Həqarəti, tənəni məndən uzaq et,

Göstərişlərinə əməl etmişəm.

23Başçılar yığılıb mənim üçün qəsd qurdular,

Lakin mən qulun qaydalarını dərin düşünürəm.

24Göstərişlərin mənə zövq verir,

Onlar mənim məsləhətçilərimdir.

Dalet

25Mən torpağa düşmüşəm,

Öz sözünə görə məni həyata qaytar.

26Keçdiyim yolları Sənə bəlli edəndə cavab verdin,

Mənə qaydalarını öyrət.

27Qayda-qanunlarının yollarını mənə Özün izah et,

Xariqələrin barədə dərin düşünüm.

28Kədərdən canım üzülüb,

Öz sözünə görə mənə güc ver.

29Məni yanlış yoldan uzaqlaşdır,

Qanununa görə mənə lütf göstər.

30Mən sədaqət yolunu seçdim,

Hökmlərini gözümün önünə gətirdim.

31Sənin göstərişlərindən yapışmışam,

Ya Rəbb, qoyma xəcalətli qalım.

32Qəlbimin düşüncəsini genişləndirərkən

Əmrlərinin yolu ilə getməyə səy göstərəcəyəm.

He

33Ya Rəbb, Sən mənə qaydalarının yolunu öyrət,

Onlara axıradək əməl edəcəyəm.

34Mənə ağıl ver, qanununa görə yaşayım,

Bütün qəlbimlə ona bağlanım.

35Mənə əmrlərinin yollarını göstər,

Bu yollardan zövq alaram.

36Qəlbimi haram qazanca deyil,

Göstərişlərinə tərəf yönəlt.

37Qoyma gözlərim fani şeylərə baxsın,

Öz yolunda mənə həyat bəxş et.

38Səndən qorxanlara verdiyin vədini

Qulun üçün həyata keçirt.

39Qorxduğum tənələri məndən sovuşdur,

Sənin hökmlərin nə yaxşıdır!

40Qayda-qanunlarının həsrətini çəkirəm,

Salehliyinlə məni yaşat.

Vav

41Ya Rəbb, mənə məhəbbətini göstər,

Kəlamına görə məni qurtar!

42Məni təhqir edənlərə layiqincə cavab verəcəyəm,

Çünki Sənin sözlərinə güvənirəm.

43Qoy həqiqət kəlamı dilimdən düşməsin,

Çünki Sənin hökmlərinə ümid bağlamışam.

44Daim, əbədi olaraq

Qanununa bağlı qalacağam.

45Azad gəzib-dolaşacağam,

Çünki qayda-qanunlarını axtarmışam.

46Padşahların hüzurunda göstərişlərindən danışacağam,

Bundan utanmayacağam.

47Sənin əmrlərindən zövq alıram,

Onları sevirəm.

48Sevdiyim əmrlərinə tərəf əl açacağam,

Sənin qaydalarını dərindən düşünəcəyəm.

Zayin

49Sən quluna verdiyin sözü xatırla,

Bu sözünlə mənə ümid vermisən.

50Əzab çəkəndə bundan təsəlli tapıram ki,

Kəlamın məni həyata qaytaracaq.

51Lovğalar mənə çox istehza etdilər,

Amma Sənin qanunundan dönmədim.

52Əzəldən var olan hökmlərini xatırladıqca,

Ya Rəbb, bunlardan təsəlli tapıram.

53Qanununu atan pisləri görərkən

Qəzəb məni bürüyür.

54Sənin qaydalarını bu qürbət eldə

İlahi tək oxuyuram.

55Hər gecə adını yadıma salıram,

Ya Rəbb, qanununa bağlı qalıram.

56Bu mənə bir adət oldu,

Sənin qayda-qanunlarını yerinə yetirdim.

Xet

57Ya Rəbb, mənim nəsibimsən,

Sözlərinə bağlı qalmaq üçün vəd etmişəm.

58Bütün qəlbimlə Sənə yalvarıram,

Sən Öz kəlamına görə mənə lütf göstər.

59Tutduğum yollara nəzər salmışam,

Hər addımımı göstərişlərinə tərəf yönəltmişəm.

60Əmrlərinə bağlanmaq üçün tələsirəm,

Bunun üçün ləngimirəm.

61Pis adamlar mənə kəmənd atarkən

Qanununu unutmadım.

62Adil hökmlərinə görə Sənə şükür etmək üçün

Gecə yarısı qalxıram.

63Səndən qorxanların hamısı ilə,

Qayda-qanunlarına bağlı qalanlarla dostam.

64Ya Rəbb, yer üzü məhəbbətinə bürünüb,

Mənə qaydalarını öyrət.

Tet

65Ya Rəbb, verdiyin sözə görə

Quluna xeyirxahlıq etmisən.

66Mənə ağıl, bilik öyrət,

Çünki əmrlərinə inanıram.

67Əzaba düşməzdən əvvəl yoldan azırdım,

Amma indi mən kəlamına bağlıyam.

68Nə qədər yaxşısan, xeyirxahlıq edirsən!

Mənə qaydalarını öyrət.

69Lovğalar yalanları ilə mənə qara yaxırlar,

Amma mən bütün qəlbimlə qayda-qanunlarını yerinə yetirirəm.

70Onların ürəkləri piylənərək daş bağlayıb,

Mənsə qanunundan zövq alıram.

71Çəkdiyim əzabın xeyri mənə bu olub:

Sənin qaydalarını öyrənirəm.

72Ağzından çıxan qanun mənim üçün

Minlərlə qızıldan, gümüşdən daha qiymətlidir.

Yod

73Əllərinlə yaranmışam, mənə surət vermisən,

Mənə qabiliyyət ver, qoy əmrlərini öyrənim.

74Səndən qorxanlar məni görərkən sevinsinlər,

Çünki Sənin sözünə ümid bağlamışam.

75Ya Rəbb, bilirəm ki, hökmlərin ədalətlidir,

Mənə əzab çəkdirsən də, sədaqətin yox olmur.

76Quluna verdiyin kəlama görə

Məhəbbətin mənə təsəlli versin.

77Mənə mərhəmət et ki, yaşayım,

Çünki qanunundan zövq alıram.

78Mənim barəmdə yalan danışan lovğaları utandır,

Çünki mən qayda-qanunlarını dərindən düşünürəm.

79Səndən qorxanlar yanıma gəlsin,

Onlar Sənin göstərişlərini bilənlərdir.

80Qaydalarına görə mənim qəlbim kamil olsun,

Qoy heç zaman xəcalət çəkməyim!

Kaf

81Qurtuluş həsrətini çəkməkdən qəlbimdə tab qalmayıb,

Sözünə ümid bağlamışam.

82Sözünün intizarından gözümün nuru sönür.

Deyirəm: «Nə vaxt mənə təsəlli verəcəksən?»

83Tüstü içindəki tuluq kimi oldum,

Amma qaydalarını unutmuram.

84Qulun daha nə qədər gözləsin?

Məni təqib edənləri nə vaxt mühakimə edəcəksən?

85Qanununu pozan lovğa insanlar

Mənim üçün quyu qazıblar.

86Sənin bütün əmrlərin etibarlıdır.

Kömək et! Məni yalançı insanlar təqib edir.

87Az qaldı ki, yer üzündən məni yox etsinlər,

Lakin qayda-qanunlarından çıxmamışam.

88Məhəbbətinə görə mənə həyat ver,

Ağzından çıxan göstərişlərə bağlı qalım.

Lamed

89Ya Rəbb, sözün əbədidir,

Göylərdədir, dəyişməzdir.

90Sədaqətin nəsildən-nəslə çatır,

Yer üzünü Sən qurmusan, möhkəm qalır.

91Hökmlərinə görə bu günədək hər şey qalır,

Onlar Sənin xidmətində dayanırlar.

92Sənin qanunundan zövq almasaydım,

Əzab çəkməkdən həlak olardım.

93Qayda-qanunlarını heç vaxt unutmaram,

Çünki onlarla məni həyata qaytarmısan.

94Qurtar məni, mən Səninəm,

Qayda-qanunlarını axtarmışam.

95Pislər məni öldürmək üçün pusqu qurarkən

Mən Sənin göstərişlərinin üzərində düşünürəm.

96Görmüşəm ki, hər kamil şeyin qarşısına bir hədd qoyulur,

Sənin əmrlərin isə sərhəd tanımır.

Mem

97Qanununu nə qədər sevirəm!

Həmişə onun üzərində dərindən düşünürəm.

98Əmrlərin məni düşmənlərimdən daha müdrik edir,

Çünki onlar həmişə mənimlədir.

99Bütün müəllimlərimdən daha aqil olmuşam,

Çünki göstərişlərin üzərində dərindən düşünürəm.

100Ağsaqqallardan da artıq dərrakəliyəm,

Çünki qayda-qanunlarına əməl edirəm.

101Ayağımı hər pis yoldan kənar qoydum ki,

Sözlərinə bağlı qalım.

102Hökmlərindən dönməmişəm,

Çünki məni Sən belə öyrətmisən.

103Vədlərin damağıma necə də ləzzət verir!

Onlar dilimdə baldan şirindir.

104Qayda-qanunlarına görə dərrakəliyəm,

Buna görə hər yanlış yola nifrət edirəm.

Nun

105Sözün addımıma çıraqdır,

Yollarıma işıqdır.

106Ədalətli hökmlərinə bağlı qalmaq üçün and içmişəm,

Yerinə yetirəcəyəm.

107Ya Rəbb, nə qədər əzab çəkmişəm!

Öz sözünə görə həyatımı qoru.

108Ya Rəbb, sidq ürəkdən etdiyim həmdi qəbul et,

Mənə Öz hökmlərini öyrət.

109Həyatım daim təhlükəyə düşdü,

Amma qanununu unutmadım.

110Pislər mənə tələ quranda belə,

Mən Sənin qayda-qanunlarını pozmadım.

111Əbədilik Sənin göstərişlərinə malikəm,

Çünki onlar qəlbimə sevinc verir.

112Qəlbimi əbədilik, sonsuzadək

Qaydalarına əməl etməyə meyl etdirmişəm.

Samek

113İkiüzlü insanlara nifrət edirəm,

Qanununu isə sevirəm.

114Sən pənahgahım, sipərimsən,

Sözünə ümid bağlamışam.

115Siz ey pislər, məndən uzaq olun!

Qoy Allahımın əmrlərinə əməl edim.

116Kəlamınla mənə dayaq ol ki, yaşayım,

Ümidim boşa çıxmasın, utanmayım.

117Özün mənə dayaq ol, qoy mən nicat tapım,

Sənin qaydalarını həmişə nəzərimdə tutum.

118Qaydalarını atanları Özündən kənar edirsən,

Çünki onların bütün fəndləri boşdur.

119Yer üzünün bütün pislərini tullantı hesab edirsən,

Buna görə göstərişlərini sevirəm.

120Zəhmindən bədənim lərzəyə gəlir,

Hökmlərindən çox qorxuram.

Ayin

121Ədalətli, düz işlər görmüşəm,

Məni zülmkarlara təslim etmə.

122Qulunun xeyri üçün zamin dur,

Qoyma lovğa insanlar mənə zülm etsin.

123Xilasını, haqq sözünə əməl olunmasını gözləməkdən

Gözümün nuru sönür.

124Quluna məhəbbət göstər,

Qaydalarını mənə öyrət.

125Qulunam, mənə ağıl ver ki,

Sənin göstərişlərini dərk edim.

126Ya Rəbb, insanlar qanununu pozdular,

Vaxtı çatıb, onlar üçün bir tədbir gör.

127Qızıldan, saf qızıldan çox

Sənin əmrlərini sevirəm.

128Bəli, bütün qayda-qanunlarına görə

Mən düz yolla gedirəm,

Bütün səhv yollarasa nifrət edirəm.

Pe

129Göstərişlərinin heyrətamizliyinə görə

Onlara ürəkdən əməl edirəm.

130Kəlamının açıqlanması nur saçır,

Hər nadanı ağıllandırır.

131Ağız açıb ah-zar edirəm,

Çünki əmrlərinin həsrətini çəkirəm.

132Adını sevənlər üçün etdiyin adətə görə

Mənə bax və lütf göstər.

133Kəlamınla addımlarımı möhkəmləndir,

Qoy heç bir təqsirim mənə hakimlik etməsin.

134Məni insanların zülmündən qurtar,

Qoy Sənin qayda-qanunlarına bağlı qalım.

135Üzün qulunun üstünə nur saçsın,

Sən mənə qaydalarını öyrət.

136Gözlərimdən sellər kimi yaş axır,

Çünki insanlar qanununa bağlı qalmırlar.

Sade

137Ya Rəbb, adilsən,

Hökmlərin doğrudur.

138Buyurduğun göstərişlər ədalətlidir,

Onlar tamamilə etibarlıdır.

139Qeyrətim məni yandırıb-yaxıb,

Çünki düşmənlərim Sənin sözlərini unudub.

140Sənin kəlamın çox safdır,

Bu qulun onu sevir.

141Kiçik sayılsam da, mənə xor baxsalar da,

Qayda-qanunlarını unutmamışam.

142Salehliyin əbədi salehlikdir,

Sənin qanunun həqiqətdir.

143Başıma sıxıntı və məşəqqət gəldi,

Amma Sənin əmrlərin mənə zövq verdi.

144Sənin göstərişlərin həmişə ədalətlidir,

Mənə ağıl ver ki, yaşayım.

Qof

145Ya Rəbb, cavab ver! Bütün qəlbimlə Səni səsləyirəm,

Sənin qaydalarına əməl edəcəyəm.

146Səni səslədim, məni qurtar,

Qoy göstərişlərinə bağlı qalım.

147Dan yeri sökülməzdən əvvəl qalxıb Səni imdada çağırıram,

Çünki ümidimi Sənin sözlərinə bağlayıram.

148Gecə boyu gözümə yuxu getmir,

Kəlamını dərindən düşünürəm.

149Məhəbbətinə görə mənim səsimi eşit,

Ya Rəbb, hökmlərinə görə mənə həyat bəxş et.

150Şər ardınca qaçanlar mənə yaxınlaşdılar,

Onlar Sənin qanunundan uzaqlaşdılar.

151Ya Rəbb, Sən mənə yaxınsan,

Bütün əmrlərin həqiqətdir.

152Göstərişlərini lap əvvəldən öyrənirəm,

Əbədi qalsın deyə öyüdlərini verdin.

Reş

153Çəkdiyim əzabı gör, məni qurtar,

Çünki qanununu unutmamışam.

154Münaqişəmi həll edib Özün məni azad et,

Mənə kəlamına görə həyat bəxş et.

155Pislər qurtuluşdan uzaqdır,

Çünki onlar Sənin qaydalarını axtarmırlar.

156Ya Rəbb, mərhəmətin çoxdur,

Hökmlərinə görə məni yaşat.

157Düşmənlərim, məni təqib edənlər çoxdur,

Lakin Sənin göstərişlərindən dönmədim.

158Bu xainlərə ikrahla baxıram,

Çünki Sənin vədinə bağlı qalmayıblar.

159Sənin qayda-qanunlarını gör nə qədər sevirəm,

Ya Rəbb, məhəbbətinə görə mənə həyat ver.

160Sözlərinin mahiyyəti həqiqətdir,

Bütün ədalətli hökmlərin əbədidir.

Sin və Şin

161Başçılar boş yerə məni təqib edir,

Amma ürəyim Sənin sözlərindən qorxur.

162Çoxlu qənimət tapan bir insan kimi

Sənin kəlamın məni sevindirir.

163Yalandan zəhləm gedir, iyrənirəm,

Çünki qanununu sevirəm.

164Ədalətli hökmlərinə görə

Hər gün yeddi dəfə Sənə həmd edirəm.

165Qanununu sevənlər böyük əmin-amanlıq tapırlar,

Onlar heç nə ilə büdrəməzlər.

166Ya Rəbb, xilasına ümid bəsləmişəm,

Əmrlərinə əməl etmişəm.

167Göstərişlərinə ürəkdən bağlanmışam,

Onları çox sevirəm!

168Qayda-qanunlarına, göstərişlərinə bağlı qalıram,

Çünki bütün yollarım Sənin hüzurundadır.

Tav

169Ya Rəbb, mənim fəryadım qoy Sənə çatsın,

Mənə Öz sözünə görə ağıl ver.

170Qoy yalvarışım hüzuruna çatsın,

Məni Öz kəlamınla azad et.

171Qoy dilimdən həmdlər tökülsün,

Mənə qaydalarını öyrətmisən.

172Sənin kəlamını dilim tərənnüm etsin,

Çünki Sənin bütün əmrlərin ədalətlidir.

173Sənin əlin mənə kömək etsin,

Çünki Sənin qayda-qanunlarını seçdim.

174Ya Rəbb, qurtuluşun üçün həsrət çəkirəm,

Qanunundan zövq alıram.

175Mənə həyat bəxş elə, qoy Sənə həmd oxuyum,

Hökmlərin qoy mənə kömək olsun.

176İtən quzu kimi azmışam, qulunu axtar,

Çünki əmrlərini unutmamışam.

YUXARI

Zəbur 120

Məzmur 120

Ziyarət nəğməsi.

1Dar gündə Rəbbi səslədim,

O mənə cavab verdi.

2Dedim: «Ya Rəbb, yalançı dodaqlardan,

Fitnəkar dillərdən canımı qurtar».

3Ey fitnəkar dil, sənə nə veriləcək?

Bu işinin əvəzi nə ilə ödəniləcək?

4Cəngavərin iti oxları,

Yanan odundan düşən közlər!

5Yazıq canım, Meşekdə qərib olmuşam,

Qedar çadırlarında yaşayıram!

6Mənim belə yerdə,

Sülhə nifrət edənlərin içində yaşamağım bəsdir.

7Mən sülh sevirəm, buna görə danışıram,

Onlarsa müharibə üçün çalışır.

YUXARI

Zəbur 121

Məzmur 121

Ziyarət nəğməsi.

1Gözlərimi dağlara dikirəm,

Haradan mənə kömək gələcək?

2Göyləri və yeri yaradan Rəbdən

Mənə kömək gələcək.

3O, ayaqlarını büdrəməyə qoymaz,

Səni qoruyan yatmaz.

4Bax İsraili qoruyan yuxulamaz,

Yatıb qalmaz.

5Səni qoruyan Rəbdir,

O, sağ tərəfindədir, sənə kölgədir.

6Gündüz günəşin ziyanı sənə dəyməz,

Gecə ay da sənə zərər verməz.

7Rəbb səni hər cür şərdən saxlayar,

Canını qoruyar.

8Rəbb gediş-gəlişini hifz edər

İndidən sonsuza qədər.

YUXARI

Zəbur 122

Məzmur 122

Davudun ziyarət nəğməsi.

1Mənə «Rəbbin evinə gedək» deyilərkən sevindim.

2Ey Yerusəlim, sənin darvazalarından keçdim,

Torpağına qədəm qoydum.

3Bu, Yerusəlim şəhəridir,

Çox sıx tikilmişdir.

4İsrail üçün verilən şəhadət naminə

Qəbilələr, Rəbbin qəbilələri

Rəbbin isminə şükür etmək üçün

Buranı ziyarət etməyə gəlirlər.

5Hökm üçün burada taxtlar qurulub,

Bu taxtlarda Davud sülaləsi oturub.

6Hamı Yerusəlim üçün sülh diləsin:

«Qoy səni sevənlər dinc həyat sürsün!

7Qoy qala divarlarının içində sülh olsun!

Qoy saraylarındakılar dinc yaşasın!»

8Yoldaşlarıma, dostlarıma görə

«Səndə sülh olsun!» deyirəm.

9Allahımız Rəbbin evinə görə

Sənə bəxtiyarlıq diləyirəm.

YUXARI

Zəbur 123

Məzmur 123

Ziyarət nəğməsi.

1Ey göylərdəki taxtında Oturan,

Gözlərimi Sənə dikmişəm.

2Ağasının əlinə baxan qul kimi,

Xanımının əlinə baxan kəniz tək

Biz də Allahımız Rəbbə göz dikmişik,

Bizə rəhm etməsini gözləyirik.

3Bizə rəhm et, ya Rəbb, rəhm et!

Çünki təhqirlərdən doymuşuq.

4Laqeydlərin rişxəndləri,

Təkəbbürlülərin təhqirləri bizi cana doydurdu.

YUXARI

Zəbur 124

Məzmur 124

Davudun ziyarət nəğməsi.

1İndi İsrail söyləsin:

Rəbb tərəfimizi saxlamasaydı,

2Bizə qarşı insanlar qalxarkən

Rəbb tərəfimizi saxlamasaydı,

3Bizə qarşı qəzəblərindən yanarkən

Bizi diri-diri udardılar,

4Sular bizi yuyub-aparardı,

Sellər üstümüzü basardı,

5Azğın sular üstümüzü basardı.

6Alqış olsun Rəbbə!

O bizi onların dişlərinə ov etmədi.

7Bizi ovçunun tələsindən bir quş kimi qurtardı,

Tələ qırıldı, canımız azad oldu.

8Bizə Rəbbin adından,

Göyləri və yeri yaradandan yardım gəlir.

YUXARI

Zəbur 125

Məzmur 125

Ziyarət nəğməsi.

1Rəbbə güvənənlər Sion dağı kimi

Sarsılmaz, əbədi qalar.

2Dağlar Yerusəlimi dövrəyə aldığı kimi

Rəbb də indidən sonsuzadək xalqının ətrafındadır.

3Salehlərin payı üstündə

Şər insanların dəyənəyi hökm sürə bilməz,

Yoxsa salehlər də şərə əl atardı.

4Ya Rəbb, xeyirxahlara,

Ürəyidüz olan insanlara xeyirxahlıq et!

5Rəbb əyri yola dönənləri aparacaq,

Onları şər iş görənlərlə bir yerə qoyacaq.

İsrailin üzərinə sülh olsun!

YUXARI

Zəbur 126

Məzmur 126

Ziyarət nəğməsi.

1Rəbb Siona bəxtəvər günlərini qaytaranda

Bizə röya kimi gəldi.

2Dodaqlarımızdan gülüş tökülürdü,

Dilimizdən sevinc harayı yüksəlirdi.

Millətlər öz aralarında belə deyirdi:

«Rəbb onlar üçün böyük işlər görüb».

3Bunun üçün sevinirik,

Çünki Rəbb bizim üçün böyük işlər görüb.

4Selləri Negevə qaytardığın kimi,

Ya Rəbb, o bəxtəvər günləri bizə qaytar.

5Göz yaşı ilə əkənlər

Sevinc harayı çəkərək biçəcək.

6Ağlaya-ağlaya toxum torbasını daşıyıb-gedən

Sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək.

YUXARI

Zəbur 127

Məzmur 127

Süleymanın ziyarət nəğməsi.

1Evi Rəbb tikməzsə,

Bənnaların zəhməti boşa gedər.

Şəhəri Rəbb qorumazsa,

Keşikçilər boş yerə orada gözlər.

2Erkən qalxıb gec yatmağınız,

Azuqə üçün özünüzü çox yormağınız faydasızdır.

Rəbb sevdiklərinə yuxuda olanda belə, verər.

3Övladlar Rəbbin verdiyi paydır,

Bətnin bəhrəsi Onun mükafatıdır.

4İnsanın gənc ikən övladları olarsa,

Bir igidin əlindəki oxlara bənzər.

5Oxdanı bu cür dolu olan nə bəxtiyardır!

Darvazada əleyhdarları ilə çəkişən zaman

Xəcalətli olmayacaq.

YUXARI

Zəbur 128

Məzmur 128

Ziyarət nəğməsi.

1Nə bəxtiyardır Rəbdən qorxan,

Onun yolları ilə gedən insan!

2Çünki öz əlinin bəhrəsini yeyəcəksən,

Xoşbəxt olub uğur qazanacaqsan.

3Evində arvadın tənək kimi bar gətirəcək,

Övladların zeytun pöhrələri kimi

Süfrənin ətrafını bürüyəcək.

4Rəbdən qorxan insan

Belə xeyir-dua alacaq:

5Rəbb Siondan sənə xeyir-dua versin,

Ömür boyu Yerusəlimin xoşbəxtliyini görəsən,

6Övladlarının övladlarını görəsən!

İsrailin üzərinə sülh olsun!

YUXARI

Zəbur 129

Məzmur 129

Ziyarət nəğməsi.

1Qoy İsrail söyləsin:

«Mənə gəncliyimdən bəri əzab verdilər.

2Bəli, gəncliyimdən bəri mənə əzab verdilər,

Lakin məğlub edə bilmədilər.

3Elə bil kürəyimdə kotan sürüblər,

Qamçılarla bədənimə uzun-uzun şırım çəkiblər.

4Rəbb isə adildir,

Pislərin buxovlarını qırdı».

5Siona nifrət bəsləyənlərin hamısı

Qoy xəcalət içində geri qovulsun!

6Qoy cücərmədən solsunlar,

Damda bitən ot kimi olsunlar!

7O, biçinçinin ovcunu,

Dərz bağlayanın qucağını doldurmaz!

8Yoldan keçən onlara belə deməz:

«Rəbb sizə xeyir-dua versin,

Sizə Rəbbin ismi ilə alqış olsun!»

YUXARI

Zəbur 130

Məzmur 130

Ziyarət nəğməsi.

1Ya Rəbb, dərinliklərdən

Səni səsləyirəm.

2Ey Xudavənd, səsimi eşit,

Yalvarış səsimi yaxşı dinlə.

3Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsan,

Bəs, ey Xudavənd, kim bunun qarşısında dayana bilər?

4Amma Sən bağışlayansan,

Ona görə hamı Səndən çəkinir.

5Rəbbi gözləyirəm, döyünən ürəyim gözləyir,

Onun sözünə ümid edirəm.

6Keşikçilər səhərin açılmasını gözlər,

Bəli, keşikçilər səhərin açılmasını gözlər,

Qəlbimsə bundan da çox Xudavəndin həsrətini çəkər.

7Ey İsrail, Rəbbə ümidini bağla!

Çünki Rəbdə məhəbbət var,

Onda bol-bol qurtuluş var.

8 Ey İsrail, O səni

Bütün təqsirlərindən azad edər!

YUXARI

Zəbur 131

Məzmur 131

Davudun ziyarət nəğməsi.

1Ya Rəbb, təkəbbürlü deyiləm,

Gözümü yuxarı yerlərə dikməmişəm,

Gücüm çatmayan böyük işlərə girişməmişəm.

2Ovunub səsimi kəsmişəm,

Ana qucağında olan körpə kimiyəm,

Sanki bir sakit körpəyə dönmüşəm.

3Ey İsrail, Rəbbə ümidini bağla,

İndidən sonsuzadək ümidini Ona bağla!

YUXARI

Zəbur 132

Məzmur 132

Ziyarət nəğməsi.

1Ya Rəbb, Davudu,

Çəkdiyi bütün əzabları,

2Rəbbə etdiyi andı,

Yaqubun qüdrətli Allahına etdiyi əhdi yada sal.

3O dedi: «Öz evimdə yaşamaram,

Yatağımda yatmaram,

4Gözümə yuxu getməz,

Gözlərimi yummaram

5Rəbbə layiq bir yer,

Yaqubun qüdrətli Allahına bir məskən tapana qədər».

6 Əhd sandığının Efratada olduğunu eşitdik,

Onu Yaar tarlalarında tapdıq.

7Dedik: «Gəlin, Onun məkanına gedək,

Kətilində səcdə edək».

8Ya Rəbb, qüvvənin rəmzi olan sandığınla birgə

İstirahət edəcəyin yerə qalx.

9Kahinlərin həqiqətə bürünsün,

Möminlərin Səni mədh etsin.

10Qulun Davudun xatirinə

Məsh etdiyindən üz döndərmə.

11 Rəbb Davuda sədaqətlə and içdi,

Bu andından dönməz:

«Belindən gələn oğullarından birini

Səndən sonra taxtında oturdacağam.

12Əgər övladların əhdimə,

Onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə,

Onların oğulları da

Sonsuza qədər sənin taxtında oturacaq».

13Çünki Rəbb Sionu seçdi,

Orada Öz məskənini salmaq istədi.

14Dedi: «Bura əbədi olaraq istirahət edəcəyim yerdir,

İstəyirəm ki, burada məskən salım.

15Bu yerə bol ruzi-bərəkət verəcəyəm,

Buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm.

16Kahinlərini zəfərə bürüyəcəyəm,

Möminləri sevinclə mədh oxuyacaq.

17 Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm,

Məsh etdiyim üçün bir çıraq hazır etmişəm.

18Düşmənlərini xəcalətə salacağam,

Lakin onun tacı nur saçacaq».

YUXARI

Zəbur 133

Məzmur 133

Davudun ziyarət nəğməsi.

1Nə yaxşıdır, nə xoşdur

Qardaş olub bir yaşamaq!

2Belə yaşamaq qiymətli yağ kimidir;

O yağ ki başa çəkilib saqqala,

Harunun saqqalından paltarının yaxasına axırdı.

3Sanki Xermon dağının şehi

Sion dağlarına düşür,

Çünki Rəbb buyurub ki,

Bu məkana bərəkət, əbədi həyat verilsin.

YUXARI

Zəbur 134

Məzmur 134

Ziyarət nəğməsi.

1Rəbbə alqış edin, ey Onun qulları,

Ey Rəbb evinin xidmətində gecələr oyaq duranlar!

2Müqəddəs yerə tərəf əllərinizi qaldırın,

Rəbbə alqış edin!

3Göyləri və yeri yaradan Rəbb

Siondan sizə xeyir-dua versin.

YUXARI

Zəbur 135

Məzmur 135

1Rəbbə həmd edin!

Rəbbin isminə həmd edin,

Ey Rəbbin qulları, həmd edin!

2Ey Rəbbin evində xidmət edənlər,

Allahımızın evinin həyətində duranlar,

3Rəbb yaxşıdır, Rəbbə həmd edin,

O nə qədər şirindir, isminə tərənnüm oxuyun!

4Çünki Rəbb Özü üçün Yaqubu seçdi,

İsraili Özünə məxsus xalq olaraq seçdi.

5Bilirəm, Rəbb əzəmətlidir,

Xudavəndimiz bütün allahlardan üstündür.

6Göylərdə, yer üzündə,

Dənizlərdə, bütün ümmanlarda Rəbb istədiyini edər.

7Yerin ucqarlarından buludları qaldırar, Şimşəkləri çaxdırar, yağış yağdırar,

Küləkləri öz mənbələrindən çıxarar.

8Rəbb Misirlilərin ilk oğullarını qırdı,

Hər insanın, hər heyvanın ilk balasını öldürdü.

9Ey Misir, sənin daxilində,

Fironla bütün əyanlarının üzərində

O, əlamətlərini, möcüzələrini göstərdi.

10Nə qədər millətləri qırdı,

Qüdrətli padşahları öldürdü.

11Emorluların padşahı Sixonu,

Başan padşahı Oqu,

Bütün Kənan padşahlarını qırdı.

12Onların torpaqlarını, mülklərini

Öz xalqı İsrailə irs olaraq verdi.

13Ya Rəbb, ismin əbədidir!

Ey Rəbb, şöhrətin nəsillərdən-nəsillərə çatır!

14Rəbb xalqına haqq verəcək,

Qullarına rəhm edəcək.

15Amma millətlərin bütləri qızıldan, gümüşdən düzəlmişdir, Onlar insan əllərinin işidir.

16Ağızları var, danışa bilmir,

Gözləri var, amma görmür,

17Qulaqları var, eşitmir,

Ağızlarından nəfəs gəlmir.

18Bütləri düzəldən, onlara güvənən insanlar

Bu bütlər kimi cansız olacaqlar.

19Ey İsraillilər, Rəbbə alqış edin!

Ey Harun nəsli, Rəbbə alqış söyləyin!

20Ey Levi nəsli, Rəbbə alqış edin!

Ey Rəbdən qorxanlar, Ona alqış söyləyin!

21Rəbbə Siondan alqış oxunsun!

Rəbb Yerusəlimdə yaşayır!

Rəbbə həmd edin!

YUXARI

Zəbur 136

Məzmur 136

1Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir!

2Allahların Allahına şükür edin,

Çünki məhəbbəti əbədidir!

3Hökmranların Hökmranına şükür edin,

Çünki məhəbbəti əbədidir!

4Yalnız Odur böyük xariqələr yaradan,

Çünki məhəbbəti əbədidir!

5Odur göyləri hikməti ilə quran, Çünki məhəbbəti əbədidir!

6Odur yerin təməlini sular üstündə qoyan, Çünki məhəbbəti əbədidir!

7Odur böyük işıqları yaradan, Çünki məhəbbəti əbədidir!

8Gündüzü günəşin hökmü altına saldı,

Çünki məhəbbəti əbədidir!

9Gecə ay-ulduzların hökmü altında oldu,

Çünki məhəbbəti əbədidir!

10O, Misirlilərin ilk oğullarını qırdı, Çünki məhəbbəti əbədidir!

11İsrail nəslini Misirlilərin arasından çıxartdı, Çünki məhəbbəti əbədidir!

12İsrailliləri qüdrətli əli, uzanan qolu ilə apardı,

Çünki məhəbbəti əbədidir!

13Qırmızı dənizi iki yerə yardı, Çünki məhəbbəti əbədidir!

14İsrailliləri dənizin ortasından keçirtdi,

Çünki məhəbbəti əbədidir!

15Fironla ordusunu Qırmızı dənizdə batırdı,

Çünki məhəbbəti əbədidir!

16O, xalqını səhrada apardı,

Çünki məhəbbəti əbədidir!

17O, böyük padşahları vurdu,

Çünki məhəbbəti əbədidir!

18O, güclü padşahları qırdı,

Çünki məhəbbəti əbədidir!

19Emor padşahı Sixonu vurdu, Çünki məhəbbəti əbədidir!

20Başan padşahı Oqu öldürdü, Çünki məhəbbəti əbədidir!

21Onların torpaqlarını irs olaraq verdi,

Çünki məhəbbəti əbədidir!

22Bu yerləri qulu İsrail nəslinin mülkü etdi,

Çünki məhəbbəti əbədidir!

23O, miskin halımızda bizi yaddan çıxarmadı,

Çünki məhəbbəti əbədidir!

24Bizi düşmən əlindən qurtardı,

Çünki məhəbbəti əbədidir!

25O, bəşəriyyətə ruzi verir,

Çünki məhəbbəti əbədidir!

26Göylərin Allahına şükür edin,

Çünki məhəbbəti əbədidir!

YUXARI

Zəbur 137

Məzmur 137

1Babil torpağında olanda Sionu yada salardıq,

Çay kənarında oturaraq ağlayardıq,

2Liralarımızı söyüd ağaclarından asardıq.

3Bizi əsir edənlər

Nəğmə oxumağımızı əmr edirdilər,

Bizə zülm verənlər

Onları şənləndirməyimizi istəyirdilər,

«Bizim üçün Sion nəğmələrini oxuyun» deyirdilər.

4Axı yad ölkədə Rəbbin nəğmələrini necə oxuyaq?

5Ey Yerusəlim, əgər səni unutsam,

Qoy sağ əlim qurusun.

6Ey Yerusəlim,

Səni anmasam, ən böyük sevincim olmasan,

Qoy dilim damağıma yapışsın.

7Ya Rəbb, Edomluları bir yada sal,

Məğlubiyyət günü Yerusəlimdən danışırdılar,

Deyirdilər: «Gəlin oranı uçuraq, təməlindən dağıdaq!»

8Ey Babil qızı, xaraba qalacaqsan. Bizə etdiyinin əvəzini sənə verən qoy bəxtiyar olsun!

9Körpələrini daşa çırpıb öldürən bəxtiyar olsun!

YUXARI

Zəbur 138

Məzmur 138

Davudun məzmuru.

1Bütün qəlbimlə Sənə şükür edirəm,

«Allahlar»ın önündə Səni tərənnüm edirəm.

2Müqəddəs məbədinə tərəf səcdə edirəm,

Məhəbbətin, sədaqətin naminə isminə şükür edirəm.

Çünki ismini, kəlamını hər şeydən üstün tutmusan.

3Səni çağıranda mənə cavab vermisən,

Canıma taqət verib məni ürəkləndirmisən.

4Ya Rəbb, bütün dünya padşahları Sənə şükür edəcəklər,

Çünki ağzından çıxan kəlamları eşidiblər.

5Rəbbin yollarını tərənnüm edəcəklər,

Çünki Rəbbin ehtişamı böyükdür.

6Rəbb ucalarda olsa da, yazıqlara nəzər salar,

Amma lovğaları uzaqdan tanıyar.

7Sıxıntı içində gəzsəm də,

Mənə həyat verirsən.

Düşmənin qəzəbinə qarşı əl qaldırırsan,

Məni sağ əlinlə qurtarırsan.

8Rəbb mənə verdiyi vədə əməl edir.

Ya Rəbb, məhəbbətin əbədidir.

Öz əlinin işini tərk etmə!

YUXARI

Zəbur 139

Məzmur 139

Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1Ya Rəbb, məni yoxlayaraq tanıdın,

2Oturuşumu-duruşumu Özün bilirsən,

Fikirlərimi uzaqdan duyursan.

3Getməyimə, yatmağıma nəzarət edirsən,

Nə yollardan keçdiyimi bilirsən.

4Sözlərimi dilə gətirməmişdən əvvəl,

Ya Rəbb, hamısını tamamilə bilirsən.

5Hər yandan məni əhatə etmisən,

Öz əlini üzərimə qoymusan.

6Bu bilik əsrarəngizdir, məndən yüksəkdir,

Bunu dərk edə bilmərəm.

7Hara gedim ki, Ruhun orada olmasın?

Hara qaçım ki, hüzurunda olmayım?

8Əgər göylərə çıxsam, Sən oradasan,

Ölülər diyarında yatsam, Sən oradasan.

9Qanad alıb gündoğana uçsam belə,

Dənizi keçib günbatana qonsam belə,

10Sənin sağ əlin bələdçim olacaq,

Sağ əlin məni qoruyacaq.

11Desəm də: «Qoy zülmət məni bürüsün,

İşıq batsın, ətrafım gecəyə dönsün»,

12Sənin qarşında zülmət batar,

Önündə gecə də gündüz kimi nur saçar.

Nurun, zülmətin Sənin üçün nə fərqi var?

13Sən mənim daxili üzvlərimi yaratmısan,

Mənə ana bətnində quruluş vermisən.

14Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan,

Ona görə şükür edirəm.

Nə qədər xariqəli işlər görmüsən!

Bunu ürəkdən yaxşı dərk edirəm.

15Mən gizli bir yerdə yaranarkən,

Dünyanın dərin yerində yaranarkən

Bədənim Səndən gizli qalmadı.

16Dünyaya gəlməzdən əvvəl

Sənin gözlərin məni gördü.

Ömrüm başlamazdan əvvəl

Mənə təyin etdiyin hər bir günü kitabına yazmısan.

17Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur,

Onların sayı-hesabı yoxdur!

18Saysaydım onları, qum dənələrindən çox olardı,

Oyananda yenə mən Səninləyəm.

19Ey Allah, kaş ki pisləri qıraydın,

Qantökənlərin hamısı məndən uzaq olaydı,

20Onlar Sənə qarşı pis niyyətlə danışır,

Düşmənlərin adına küfr edirlər!

21Ya Rəbb, Sənə nifrət edənlərə nifrət etmərəmmi?

Əleyhdarlarından ikrah etmərəmmi?

22Onlara tamamilə nifrət edirəm,

Onları özümə düşmən sayıram.

23Ey Allah, məni yoxla, qəlbimi öyrən,

Sən məni sınaqdan keçirib bütün fikirlərimi bil.

24Gör qəlbimdə pisliyə yol verirəmmi?

Əbədi yolda mənə rəhbər ol!

YUXARI

Zəbur 140

Məzmur 140

Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1Ya Rəbb, məni şər adamlardan xilas et,

Məni qəddar insanlardan hifz et.

2Ürəklərində pis niyyətləri var,

Hər gün dava yaradırlar.

3 Kəskin dilləri ilan tək çalar,

Sanki dodaqlarında gürzə zəhəri var.

Sela

4Ya Rəbb, şər insanın əlindən,

Qəddar insanlardan məni qoru.

İstəyirlər ki, ayağımı büdrətsinlər.

5Bu təkəbbürlü insanlar mənə tələ qurublar,

Tor atıblar, cələlərini yolumun üstünə qoyublar.

Sela

6Rəbbə dedim: «Allahım Sənsən,

Ya Rəbb, yalvarıram, Sən məni eşit!

7Ey Xudavənd Rəbb, Sən qüvvətli Xilaskarımsan,

Döyüş günündə başıma dəbilqə qoymusan.

8Ya Rəbb, qoy pis adam muradına çatmasın,

Pis niyyətinə imkan vermə, qoy lovğalanmasın».

Sela

9Ətrafımdakıların ağzından çıxan pis sözlər

Qoy öz başlarına tökülsün!

10Qoy onların üstünə yanar közlər tökülsün,

Onlar quyuya düşüb, çıxa bilməsin!

11Qoyma ki bu ölkədə iftiraçı uğur qazansın,

Bəlalar qəddarı vursun, onu ovlasın!

12Bilirəm ki, Rəbb məzlumların məhkəmə işinə baxır,

Fəqirlərə haqq qazandırır.

13Bəli, salehlər Sənin isminə şükür oxuyacaq,

Əməlisalehlər hüzurunda yaşayacaq.

YUXARI

Zəbur 141

Məzmur 141

Davudun məzmuru.

1Ya Rəbb, Səni çağırıram, tez imdadıma yetiş,

Fəryad edərkən səsimi eşit!

2 Qoy hüzurunda dualarım buxur kimi,

Açılan əllərim axşam qurbanı kimi qəbul olunsun!

3Ya Rəbb, ağzıma nəzarətçi qoy,

Dodağımın qapısını qoru.

4Qoyma qəlbim şərə meyl etsin,

Şər iş görənlərə qoşulub mən də pis iş görməyim,

Pislərlə birgə onların ləziz yeməklərindən yeməyim.

5Saleh insan məni vursa, məhəbbətinə görə tənbeh edər,

Bundan imtina etmərəm, sanki başıma çəkilən yağdır.

Daim pislərin şərinə qarşı dua edərəm.

6Hakimləri yarğandan atılarkən

Qoy xalq sözlərimi eşitsin, şirinliyini bilsin.

7Şumlanan yerdə şırımlara narın torpaq töküldüyü kimi

Sümüklərimiz ölülər diyarının qapısına səpilib.

8Ey Xudavənd Rəbb, gözlərimi Sənə dikmişəm,

Məni təhlükədə qoyma, Sənə pənah gətirmişəm.

9Şər iş görənlərin tələsindən,

Onların qurduğu cələdən məni qoru.

10Qoy pislər öz torlarına düşsün,

Mən də yolumu salamat keçib-gedim.

YUXARI

Zəbur 142

Məzmur 142

Davudun məzmuru.

Maskil.

Mağarada olanda etdiyi dua.

1Rəbbə fəryad qoparıb haray salıram,

Rəbbə yalvararaq haray salıram.

2Hüzuruna şikayətimi tökürəm,

Qarşısında əziyyətimi söyləyirəm.

3Ruhdan düşəndə hansı yolda olduğumu bildin,

Yolumda gizli tələ qurublar.

4Sağıma bax, Özün gör, heç kim məni saymır,

Pənah yerim yoxdur,

Heç kim qayğıma qalmır.

5Ya Rəbb, Sənə fəryad edərək dedim:

«Pənahım Sənsən,

Dirilər arasında Sən mənim nəsibimsən».

6Qulaq as fəryadıma,

Nə qədər alçaldılmışam!

Məni təqib edənlərdən qurtar,

Çünki onlar məndən güclüdür.

7Canımı zindandan qurtar,

Qoy isminə şükür edim!

Onda salehlər məni əhatə edəcək,

Çünki mənə comərdlik etdin!

YUXARI

Zəbur 143

Məzmur 143

Davudun məzmuru.

1Ya Rəbb, eşit duamı, yalvararkən məni dinlə,

Mənə sədaqətin, salehliyin naminə cavab söylə.

2 Qulunu məhkəməyə çəkmə,

Bu bəşəriyyət içindən kimsə qarşında saleh çıxmaz.

3Məni düşmən təqib etdi,

Yerə vurdu, həyatım əldən getdi.

Sanki lap çoxdan ölənlərin biriyəm,

Bu düşmən məni zülmətə saldı.

4Ona görə ruhdan düşmüşəm,

Bu dəhşət qəlbimi sarsıtdı.

5Qədim dövrlər yadıma düşür,

Sənin bütün işlərini dərindən düşünürəm,

Əməllərin barədə hey fikirləşirəm.

6Sənə sarı əllərimi açmışam,

Bir quraq torpaq kimi Sənin üçün susamışam.

Sela

7Ya Rəbb, mənə tez cavab ver,

Çünki ürəyim çəkilir.

Üzünü məndən gizlətmə,

Qoyma qəbirə düşən insanlara bənzəyim.

8Hər səhər məhəbbətini mənə hiss etdir,

Çünki Sənə güvənirəm.

Gedəcəyim yolu mənə öyrət,

Çünki varlığımı Sənə verirəm.

9Ya Rəbb, məni düşmənlərdən qurtar,

Sənə pənah gətirirəm.

10Mənə Sənin iradənə əməl etməyi öyrət,

Çünki mənim Allahım Sənsən.

Sənin Ruhun yaxşıdır,

Düz yer üçün mənə yol göstər.

11Ya Rəbb, mənə ismin naminə həyat ver,

Salehliyin naminə canımı dardan qurtar.

12Məhəbbətin naminə yağılarımı məhv et,

Canıma düşmən olanları qır, çünki mən Sənin qulunam.

YUXARI

Zəbur 144

Məzmur 144

Davudun məzmuru.

1Alqış olsun Rəbbə, Qayama!

Əllərimə döyüş təlimi,

Barmaqlarıma müharibə təlimi verən Odur.

2Mənə Məhəbbət göstərən, mənim Qalam,

Qülləm, Xilaskarım,

Qalxanım, Pənahgahım,

Xalqımı mənə itaət etdirən Odur.

3 Ya Rəbb, insan kimdir ki, qayğısına qalırsan,

Bəşər övladı kimdir ki, onu düşünürsən?

4İnsan bir nəfəsə bənzər,

Ömrü kölgə kimi keçib-gedər.

5Ya Rəbb, göyləri yar, aşağı en,

Dağlara toxun, qoy tüstülənsin.

6Şimşəyini çaxdır, düşmənləri dağıt,

Oxlarını yağdır, yağıları darmadağın et.

7Göylərdən əl uzadıb dərin sulardan məni xilas et,

Məni yadellilərin əlindən azad et.

8Onların dili yalan danışar,

Sağ əlləri yalandan and etmək üçün qalxar.

9Ey Allah, Sənə yeni bir ilahi ilə şükür edəcəyəm,

Səni ontelli çənglə tərənnüm edəcəyəm.

10Sənsən padşahlara zəfər qazandıran,

Qulun Davudu amansız qılıncdan qurtaran.

11Məni yadellilərin əlindən xilas et,

Sən məni azad et!

Onların dili yalan danışar,

Sağ əlləri yalandan and etmək üçün qalxar.

12Qoy yeniyetmə oğullarımız sağlam fidan kimi boy atsın,

Qızlarımız oyulmuş saray sütunları kimi gümrah olsun.

13Anbarlarımız müxtəlif nemətlərlə dolub-daşsın,

Otlaqda qoyunlarımız minlərlə, on minlərlə çoxalsın.

14Naxırlarımız çoxlu balalar versin,

Hasarlarımız dəlmə-deşiksiz olsun.

İnsanlarımız əsir düşməsin,

Meydanlarımız şivən səsinə bir daha bürünməsin.

15Nə bəxtiyardır belə xeyir-dua alan xalq!

Nə bəxtiyardır Allahı Rəbb olan xalq!

YUXARI

Zəbur 145

Məzmur 145

Davudun həmd nəğməsi.

1Ey Padşahım olan Allahım, Səni yüksəldəcəyəm,

İsminə sonsuza qədər alqış edəcəyəm.

2Sənə hər gün alqış edəcəyəm,

İsminə əbədilik həmd edəcəyəm.

3Rəbb əzəmətlidir, bol həmdə layiqdir,

Onun əzəməti insan ağlına sığmaz.

4Əməllərin nəsildən-nəslə qədər mədh ediləcək,

Qüdrətli işlərin bəyan ediləcək.

5Əzəmətindən, izzətindən, şərəfindən deyiləcək,

Xariqəli işlərini dərindən düşünəcəyəm.

6İnsanlar zəhmli işlərinin qüdrətindən danışacaq,

Sənin əzəmətini elan edəcəyəm.

7İnsanlar Sənin bol xeyirxahlığını bəyan edəcəklər,

Salehliyini mədh edəcəklər.

8 Rəbb lütfkar və rəhmlidir,

Hədsiz səbirli və bol məhəbbətlidir.

9Rəbb hamıya xeyirxahlıq edər,

Yaratdıqlarının hər birinə mərhəmət göstərər.

10Ya Rəbb, bütün yaratdıqların Sənə şükür edəcək,

Möminlərin Sənə alqış edəcək.

11Padşahlığının əzəmətindən deyəcəklər,

Qüdrətindən danışacaqlar.

12Qoy bəşər övladları Sənin qüdrətini,

Padşahlığının izzətini, əzəmətini bilsin.

13Sənin padşahlığın əbədi padşahlıqdır,

Səltənətin nəsildən-nəslə qədər uzanır.

14Rəbb yıxılanların hamısına dayaqdır,

Qəddi əyilənlərin hamısını qaldırır.

15Ya Rəbb, hamının gözü Sənə baxır,

Vaxtlı-vaxtında onlara azuqə verirsən.

16Əlini açırsan,

Bütün canlıları doyunca yedirirsən.

17Rəbb bütün yollarında adildir,

Hər işində sadiqdir.

18Rəbb Onu çağıran bütün insanlara,

Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır.

19Ondan qorxanları murada çatdırar,

Fəryadlarına qulaq asıb onları qurtarar.

20Rəbb Onu sevənlərin hamısını hifz edər,

Bütün pis adamlarınsa kökünü kəsər.

21Mənim dilim Rəbbə həmd oxuyacaq,

Qoy Onun müqəddəs isminə bütün bəşəriyyət əbədilik alqış etsin!

YUXARI

Zəbur 146

Məzmur 146

1Rəbbə həmd edin!

Ey könlüm, Rəbbə həmd et!

2Ömür boyu Rəbbə həmdlər söyləyəcəyəm,

Allahımı nə qədər varam, tərənnüm edəcəyəm!

3Əsilzadələrə,

Sizi qurtara bilməyən bəşər oğluna güvənməyin.

4Onlar canı çıxan kimi torpağa düşər,

Niyyətləri bircə anda yox olar.

5Nə bəxtiyardır Yaqubun Allahından kömək alan,

Yalnız Allahı Rəbbə ümid bağlayan insan!

6Odur göyləri, yeri, dənizi, dənizdəkiləri yaradan,

Odur əbədi sadiq qalan.

7O, miskinlərə haqq qazandırır,

O, acları azuqə ilə doydurur.

Rəbb əsirləri azad edir,

8Rəbb kor gözləri açır.

Rəbb qəddi əyilənləri düzəldir,

Rəbb salehləri sevir.

9Rəbb qəriblərə dayaq olur,

Yetimi, dul qadını ayağa qaldırır,

Pislərinsə yollarını dolaşdırır.

10Rəbb əbədi hökmranlıq edir,

Ey Sion, Allahın nəsillər boyu hökm verir!

Rəbbə həmd edin!

YUXARI

Zəbur 147

Məzmur 147

1Rəbbə həmd edin!

Allahımızı tərənnüm etmək nə qədər yaxşıdır!

O buna layiqdir, Ona həmdlər söyləmək xoşdur!

2Rəbb Yerusəlimi bərpa edər,

İsrailin əsarətdə olanlarını yığıb-gətirər.

3O, sınıq qəlblərə şəfa verər,

Yaralarını sarıyar.

4Ulduzların sayını hesablar, Hər birini öz adı ilə çağırar.

5Xudavəndimiz əzəmətlidir,

Qüvvəti çoxdur, dərrakəsi hədsizdir!

6Rəbb məzlumları ayağa qaldırar,

Pisləri isə toz-torpaq içinə atar.

7Rəbbə şükür nəğməsi söyləyin,

Allahımızı lira ilə tərənnüm edin!

8O, göyləri buludlarla bürüyər,

Yer üzünü yağışla təmin edər,

Dağlarda ot bitirər.

9O, heyvanlara yem verər,

Çığırışan quzğun balalarını yemlər.

10O, güclü atlardan zövq almaz,

Qüvvətli addımlardan razı qalmaz.

11Amma Rəbb Ondan qorxanlardan,

Onun məhəbbətinə ümid bağlayanlardan razı qalar.

12Ey Yerusəlim, Rəbbi mədh et!

Ey Sion, Allahına həmd et!

13Çünki darvazalarının cəftələrini bərkidər,

Sənin əhalinə bərəkət verər.

14Sərhədinə əmin-amanlıq,

Sənə doyunca əla taxıl yetirər.

15Kəlamını yer üzünə yollar,

Onun sözü tez yayılar.

16Ağ yun kimi qar yağdırar,

Kül kimi qırov salar.

17Parça-parça dolu tökər.

Onun soyuğuna kim dözə bilər?

18Buyruq verəndə buz əriyər,

Külək əsdirəndə sular sel tək axar.

19O, Yaqub nəslinə sözlərini,

İsraillilərə qanun və hökmlərini bildirir.

20Başqa millətlər üçün belə etməyib,

Heç birinə hökmlərini bildirməyib.

Rəbbə həmd edin!

YUXARI

Zəbur 148

Məzmur 148

1Rəbbə həmd edin!

Göylərdən Rəbbə həmd edin,

Yüksəklərdən Ona həmd edin!

2Ey Onun bütün mələkləri, Ona həmd edin!

Ey Onun bütün orduları, Ona həmd edin!

3Ey günəş, ey ay, Ona həmd edin!

Ey parlayan bütün ulduzlar, Ona həmd edin!

4Ey göylərin ən uca qatları, Ona həmd edin!

Ey göy üzərindəki sular, Ona həmd edin!

5Rəbbin isminə həmd etsinlər!

Çünki Onun əmri ilə yaranıblar.

6Rəbb onları həmişəlik, əbədi olaraq yerinə qoyub,

Bunun üçün pozulmaz qayda qoyub.

7Rəbbə həmd edin, ey yer üzündəkilər,

Ey dəniz əjdahaları, ey bütün dərinliklər,

8Ey şimşək, dolu, qar, buludlar,

Ey Onun əmrinə tabe olan qasırğalar,

9Ey dağlar, bütün təpələr,

Ey bəhərli ağaclar, bütün sidr ağacları,

10Ey çöl və ev heyvanları,

Ey sürünənlər və uçan quşlar,

11Ey dünya padşahları və bütün ümmətlər,

Ey başçılar və dünyada olan bütün hakimlər,

12Ey gənc oğlanlar və qızlar,

Ey qocalar, cavanlar!

13Hamınız Rəbbin isminə həmd edin!

Çünki yalnız Onun ismi ucadır.

Əzəməti göylərin, yerin üstündədir,

14O, xalqına böyük qüvvət verib.

Buna görə Ona həmd etsin Onun bütün möminləri,

Əziz xalqı olan İsrail övladları!

Rəbbə həmd edin!

YUXARI

Zəbur 149

Məzmur 149

1Rəbbə həmd edin!

Rəbbə yeni bir ilahi oxuyun,

Möminlər camaatı arasında Ona həmd edin!

2İsrail nəsli Yaradanına görə sevinsin,

Sion övladları Padşahına görə şad olsun!

3Rəqslərlə isminə həmd edin,

Dəflə, lira ilə ismini tərənnüm edin!

4Çünki Rəbb Öz xalqından zövq alar,

Zəfəri ilə itaətkarların üstünə yaraşıq salar.

5Bu şərəfə görə qoy möminlər sevinsinlər,

Yataqlarında belə, Onu tərənnüm etsinlər.

6Dilləri ilə Allahı ucaltsınlar,

Əllərində ikiağızlı qılınc tutsunlar.

7Millətləri qıraraq qisas alsınlar,

Ümmətləri cəzalandırsınlar.

8Padşahlarına zəncir vursunlar,

Sərkərdələrini dəmir buxovlara salsınlar.

9Onlar üçün yazılan hökmü yerinə yetirsinlər,

Rəbbin bütün möminləri bununla şərəflənsinlər.

Rəbbə həmd edin!

YUXARI

Zəbur 150

Məzmur 150

1Rəbbə həmd edin!

Müqəddəs məskənində Allaha həmd edin!

Möhtəşəm göy qübbəsində Ona həmd edin!

2Qüdrətli işləri üçün Ona həmd edin!

Bol əzəmətinə görə Ona həmd edin!

3Şeypur səsi ilə Ona həmd edin!

Çənglə, lira ilə Ona həmd edin!

4Dəflə, rəqslərlə Ona həmd edin!

Sazla, tütəklə Ona həmd edin!

5Xoş səsli sinclərlə Ona həmd edin!

Cingildəyən sinclərlə Ona həmd edin!

6Ey bütün canlı varlıqlar, Rəbbə həmd edin!

Rəbbə həmd edin!

YUXARI