Mən Yəhya 1958-ci ildə Azərbaycanda anadan olmuşam. Gənclik illərimdə bir neçə suallara cavab axtarırdım. Mən nə üçün bu dünyaya gəlmişəm. Ziyalı ailəsində doğulduğum üçün bizim evdə çoxlu kitablar var idi və mən bu kitablardan istifadə edirdim. Lakin bu kitablar mənim suallarıma cavab vermirdi. Mən həyatda özümə yer tapa bilmirdim. Düşünürdüm ki, bəlkə evim və ailəm olsa hər şey yaxşı olacaq. Lakin hər şey əksinə oldu. Sonra düşünürdüm ki, bəlkə özümü dinə həsr edim. Ona görə də Quran oxuyub, namaz qılmağa başladım. Demek olar ki, islam dinini fanatik kimi öyrənirdim. Bütün bunlara baxmayaraq, məni maraqlandıran suallara cavab tapa bilmirdim.
1994-cü ildə bir tanışımla onun qonşusunun yanına getdik. O pastor idi və kilsədə vəz edirdi. Biz onunla görüşdük. O mənə İsa Məsih barədə danışdı və məni kilsəyə dəvət etdi. Mən bu təklifi qəbul etdim və bazar günü kilsəyə getdim. O gündən mən pastor ilə tez-tez görüşməyə başladım. O mənə İncildən, mən isə ona Qurandan danışırdım. Onun söhbətləri məndə maraq oyadırdı. Bir gün o mənə ‘Tanrının müqəddəs üçlükdə birliyi’ kitabçasını verdi. Mən bu kitabçanı oxudum, lakin heç nə anlamadım.
Bir gün pastor kilsənin götürüləcəyi haqqında danışdı. Mən qəribə hisslər keçirtdim, düşündüm ki, hamı İsa ilə qalxacaq, mən isə yerdə qalacam. Mən göz yaşları içində pastordan xahiş etdim ki, gedəndə məni də özü ilə aparsın, çünki biz 6 ay idi ki, bir-birimizi tanıyırdıq. Mən onu çox sevmişdim, onun mənə olan sevgisi məni dəyişdirmişdi, ona görə də ondan ayrılmaq istəmirdim. O mənə dedi ki, bizim birlikdə olmağımızın bir yolu var. Sən tövbə edib, İsanı qəbul etməlisən. Mən tövbə etdim və tövbə edəndə sanki üzərimdən bir yük qaldırıldı. Mən çox rahatlandım və həmin gün evə çox böyük sevinclə getdim. Ailəmlə bu sevinci bölüşdüm, ancaq onlar məni anlamadı. Mən pastorun yanına gəldim və baş verənləri ona danışdım. O mənə dedi ki, narahat olma, Rəbb səninlədir.
O gündən mən Müqəddəs Kitabı oxumağa başladım. Lakin Tanrının üçlük olmasını dərk edə bilmirdim. O zaman pastor ‘Tanrının müqəddəs üçlükdə birliyi’ kitabçasını oxumağı mənə məsləhət gördü. Mən bu kitabı yenidən oxudum və Tanrının üçlük olmasını dərk etdim.
Mənim həyatımda olan möcüzələrə görə Allaha minnətdaram. Suallarıma cavab və rahatlıq tapmaqda O mənə kömək etdi. Mən həyatımın qalan hissəsini Ona həsr etmişəm.