012 465 4150 info@yeniheyat.com

Originally posted 2015-08-07 09:50:14.

 

İndi isə sizin və mənim üçün və eləcə də, dünyada hamı üçün əhəmiyyət kəsb edən bir məsələyə çatdıq. Günahkar olduğumuzu bildiyimizə görə Allaha yalvarmalıyıq ki, bizi bağışlaması və qəbul etməsi üçün, Öz iradəsini bizə bildirsin. Bildiyin kimi, bəzi adamlar hesab edirlər ki, əgər onlar müəyyən irqə mənsub olub, hər hansı dinin tərəfdarıdılarsa, onda Allah onları qəbul edər. Digərləri inanırlar ki, xeyirxah işlər görməklə günahlarından yaxa qurtara bilərlər. Beləliklə də şəxsi nicatlarını qazanmış olarlar. Başqaları isə əmindirlər ki, hər hansı peyğəmbər və ya müqəddəs insan onların yerinə ibadət edib, Allahdan onların bağışlanmasını istəyəcəklər. Lakin Müqəddəs Kitab öyrədir ki, bu yollardan heç biri əbədi nicat üçün təminat verə bilməz. Yerdə Allahın Öz Padşahlığına qəbul edə biləcəyi elə bir yaxşı adam yoxdur.

Deməli, biz günahkarlar üçün heç bir ümid yeri yoxdur? Allaha şükür olsun ki, ümid var. Özümüz üçün edə bilmədiklərimizi, peyğəmbərlərin bizim üçün edə bilmədiklərini, Allah Öz sevgisi ilə bizim üçün etmişdir. Müqəddəs Kitabda deyilir: ‘O Özü günahlarımız və yalnız bizim deyil, bütün dünyanın günahları üçün əfv təmin edən qurbandır.’ ‘Allahın Oğlu İsa Məsihin qanı bizi hər günahdan təmizləyir.’ ‘Әgər günahlarımızı etiraf ediriksə, sadiq və adil olan Allah günahlarımızı bağışlayıb bizi hər yamanlıqdan təmizləyəcəkdir’ (1Yəhya 2:2; 1:7-9).

Beləliklə, görürük ki, biz günahkarların Ona pənah gətirməsi və Onun tərəfindən qəbul edilməsi üçün Allahın açdığı yol – Onun günaha görə qurban verdiyi İsaya iman yoludur. Başqa yol yoxdur. Belə ki, İsa demişdir: ‘Yol və həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz’ (Yəhya 14:6). Allah dünyanın bütün adamlarını xilas etmək üçün Öz Oğlunu göndərdi. İsa hamını yanına dəvət etdi. O dedi ki, Onun yanına gələni heç vaxt rədd etməz. Bu o deməkdir ki, günaha nifrət edən və ürəkdən peşmançılıq çəkən və Allah Oğlu Məsihə inanan hər bir adam, əlbəttə, bağışlanacaqdır. İstər qoca, istərsə də gənc, istər yoxsul, istərsə də varlı, istər savadlı, istərsə də savadsız, yaxşı və ya pis olsun – hamı gələ bilər. Lakin başa düşməliyik ki, Məsihə inam, sadəcə olaraq, İsanı Allah Oğlu kimi əqli cəhətdən qəbul etmək deyildir. İsaya inam özünü bütünlüklə Ona verməkdir. Xəstə adamın onu sağaldacağına inanıb özünü təcrübəli təbibə etibar etdiyi kimi.

Biz sevinirik ki, Məsih sağdır və O, qədim peyğəmbərlər və Musa kimi dəfn olunmadı. O, insan kimi yaşayarkən, Ona iman gətirən xəstələri necə sağaldırdısa, bu gün də O bizə bu yolla şəfa verə bilər. Günəş Nuru kimi İsa həm Yerdə, həm də Öz Atası ilə göylərdə bizimlədir. O həmişə Allahın yanındadır və orada Ona inananların hamısı üçün dua edir. Müqəddəs Kitab deyir: ‘Buna görə O Öz vasitəsilə Allaha yaxınlaşanları tamamilə xilas etməyə qadirdir; çünki onlar üçün şəfaət etmək məqsədilə daim yaşamaqdadır’ (İbr. 7:25). Bizim uğrumuzda Onun çarmıxdakı ölümü və daimi duaları, iman edənlərin təkcə cəhənnəmdən qurtuluşu üçün deyil, onları Allaha yaxınlaşdırmaq, bu mürtəd dünyada yaşadıqları müddətdə onları saflaşdırmaq və əziz tutmaq üçün səmərəlidir. Әziz dostum! Mən dua edirəm ki, siz və Allahı axtaran hər bir kəs Onun xilasını qəbul etməyi arzulayasınız. Heç kəs bu qabiliyyəti ala bilməz, lakin əgər biz Onu öz ürəyimizə qəbul ediriksə, Allah Öz mərhəmətinə görə bizi xilas edir.

İman Yolu(Yusif Miller)