Mən, Vahid 1975-ci ildə Bakı şəhərində anadan olmuşam. Uşaqlıqdan imansız həyatı yaşayırdım. Məktəbdə oxuyarkən, 16 yaşımdan murdar həyat yaşayırdım. Yəni yalan danışır, zina edir, narkotik maddələr qəbul edirdim. Pulumuz olmayanda, dostlarımla birgə başqa uşaqları döyüb, pullarını əllərindən alırdıq.
17 yaşım olanda mən bir musiqi qrupu yaratdım. Bu qrupun adı ‘Göylərin Elçisi idi.’ Bayramlar olanda biz televizorda konsert verirdik. Bu isə məni çox qürurlandırırdı, mən özümü çox yüksək səviyyəli bir insan hesab edirdim. Konsert verməyə gedəndə narkotik maddə qəbul edib, sonra gedirdik.
Bir gün yaşadığım məhəllədə Lenya adlı bir dostum mənə yaxınlaşdı. O mənə dedi ki, İsa Məsih səni sevir və sənin qrupunun adı da İsa Məsih haqqındadır. Mən ondan soruşdum: ‘İsa Məsih kimdir?’ O mənə dedi: ‘İsa Allahdır və Allahın Oğludur.’
Bu söhbətdən sonra mən dostlarımla birgə Lenyanı İsaya inandığına görə alçaldırdıq, söyürdük və döyürdük. Lakin o bizə heç nə demirdi. Onu alçaltdığımıza görə mən pis hiss edirdim, narahat olurdum, gecələr yata bilmirdim. Ona görə də axşamlar Lenyanın evinə gedib deyirdim ki, məni bağışlasın.
O tez-tez mənim yanıma gəlir və dostlarımın yanında mənə deyirdi ki, İsa səni sevir. Mən onu söyüb qovurdum, amma yenə axşamlar onun yanına gedib üzr istəyirdim.
Bir gün o məni kilsəyə dəvət etdi. O mənə dedi ki, kilsədə mahnı oxuyan dostları var və məni onlarla tanış etmək istəyirdi. Mən onunla kilsəyə getdim, orada ancaq rusları gördüm və bu mənim xoşuma gəlmədi. Bir müddətdən sonra azərbaycanlı bir qardaş kafedraya çıxıb rus dilində danışmağa başladı. Toplantı qurtardıqdan sonra o mənim yanıma gəldi və biz tanış olduq. O, pastor idi. Pastor mənə dedi ki, səni bura Rəbb gətirib, sən Allaha lazımsan. O səni seçib və sən gələcəkdə onun üçün çalışacaqsan. Mən ona qulaq asdım, lakin kilsəyə gec-gec gedirdim. Bu hadisə 1994-cü ildə baş vermişdi.
1996-cı ildə mən tövbə etdim və bir neçə aydan sonra vəftiz oldum. Mənim həyatım dəyişilməmişdi, lakin buna baxmayaraq, Rəbb mənim qəlbimdə işləyirdi.
1998-ci ildə İsa mənim ürəyimə toxundu və mən anladım ki, özüm-özümü aldatmışam. Mən həqiqətən İsanı Xilaskar kimi qəbul etdim. O vaxtdan həyatım dəyişildi və mən ürəkdən İsanı sevməyə başladım. Bir gün konsert zalında konsert verərkən ‘Göylərdə olan Atamız’ duasını etdim və bir ilahi oxudum. Ondan sonra məni oxumağa qoymadılar. Həmin vaxtdan Allah mənə sizin misiyanız vasitəsilə iş verdi və mən artıq kilsədə çalışaraq, öz ilahilərimlə İsanı izzətləndirməyə başladım. Bu günə qədər də Onu izzətləndirirəm.
Mən İsaya minnətdaram ki, o mənim həyatımı dəyişdi. Həmçinin mənə kömək etdiyinizə görə sizə də öz təşəkkürümü bildirirəm.
Rəbb İsa Məsih sizə xeyir-dua versin. Sonda mən ən sevdiyim ayəni sizə hədiyyə etmək istəyirəm. Yəhya 14:6, ‘İsa ona dedi: ‘Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz.’