Mən 2000-ci ildə tövbə edəndə məbəddən İncil kitabı almışam. Evdə biləndə ki, mən İsanı qəbul etmişəm, onlar məni imandan döndəriblər və artıq bu kitaba imanım olmadığına görə o kitabın üzünü çıxarıb içini isə qonşuda olan tumsatan qadına vermişəm. Sonra Rəbb məni yenidən məbədə qaytardı. Mən müəllimimdən xahiş etdim ki, mənə kitab versinlər. Mənə İncil hədiyyə olundu. Bu kitabı əlimə alanda, vicdanım məni mühakimə etdi və ağlayaraq Rəbbdən üzr istədim.

Bu gün bu kitabın mənim həyatımda böyük bir yeri var. Bu gün o kitab mənim həm çörəyim, həm suyum, həm də nəfəsimdir. O kitabsız mən imanlı həyatımı təsəvvür etmirəm! İncil mənə nişanlım İsadan göndərilən çox dəyərli məktubdur. Mən o kitabla təsəlli tapıram, bütün pis əməllərimi görürəm və İsanın mənə olan sevgisini duyuram. Mən bu kitaba görə Rəbbə minnətdaram. İncilsiz bir günümüz olmasın. Amin.

Şeri şəxsən özüm yazmışam. Məndən sizə yadigar olsun.

Yalansız həyatı öyrədir bizə,
İblissiz həyatı öyrədir bizə.
Günahsız həyatı Rəbb verir bizə,
İncildir mənim çörəyim, duzum,
İncilsiz həyatı mən necə qurum?!

Tanrının sözüdür o kitab bizə,
Tanrının əlidir o üstümüzə,
Tanrının rəhmidir inanın bizə,
İncildir mənim çörəyim, duzum,
İncilsiz həyatı mən necə qurum?!

İsadır mənim həyat çörəyim,
İsadır mənim vuran ürəyim,
İsadır mənim həyat bulağım,
İncildir mənim çörəyim, duzum,
İncilsiz həyatı təsəvvür etmək olmur.