Yaradılış 1
Dünyanın yaranması
1 Başlanğıcda Allah göyləri və yeri yaratdı. 2 Yer quruluşsuz və boş idi. Dərin sular
üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. 3
Allah dedi: «Qoy
işıq olsun». İşıq oldu. 4 Allah gördü ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırdı.
5 Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Axşam oldu, səhər açıldı; bu,
birinci gün idi. 6
Sonra Allah dedi: «Qoy suların arasında bir qübbə olsun və suları birbirindən
ayırsın». 7 Allah qübbəni düzəltdi və qübbənin altındakı suları onun üstündəki
sulardan ayırdı. Belə də oldu. 8 Allah qübbəni «göy» adlandırdı. Axşam oldu, səhər
açıldı; bu, ikinci gün idi. 9
Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın
ki, quru görünsün». Belə də oldu. 10 Allah qurunu «yer», su yığınlarını isə «dənizlər»
adlandırdı. Allah gördü ki, bu, yaxşıdır. 11 Sonra Allah dedi: «Qoy yer üzü bitkilər
yetirsin: toxumlar bitirən ot-ələf və torpaqda hər növ bəhərli ağaclar yetişsin. Ağaclar
meyvə gətirsin və toxumları meyvələrinin içində olsun». Belə də oldu. 12 Yer üzü bitkilər
yetirdi: hər növ toxum bitirən ot-ələf və hər növ ağac yetişdi. Ağaclar meyvə gətirirdi və
toxumları meyvələrinin içində idi. Allah gördü ki, bu, yaxşıdır. 13 Axşam oldu, səhər
açıldı; bu, üçüncü gün idi. 14 Sonra Allah dedi: «Qoy göy qübbəsində gecəni gündüzdən
ayıran çıraqlar olsun. Onlar işarələri, fəsilləri və günlərlə illəri göstərsin. 15 Qoy onlar göy
qübbəsində çıraq olub, yer üzünə işıq saçsın». Belə də oldu. 16 Allah iki böyük çıraq
düzəltdi: gündüzü idarə etmək üçün böyük çıraq, gecəni idarə etmək üçün kiçik çıraq. O
həmçinin ulduzları düzəltdi. 17 Allah onları göy qübbəsinə qoydu ki, yer üzünə işıq
saçsın, 18 gündüzü və gecəni idarə etsin, işığı qaranlıqdan ayırsın. Allah gördü ki, bu,
yaxşıdır. 19 Axşam oldu, səhər açıldı; bu, dördüncü gün idi. 20 Sonra Allah dedi: «Qoy
sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində quşlar uçsun».
21 Allah nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları,
həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah gördü ki, bu, yaxşıdır. 22 Allah
onlara bərəkət verərək dedi: «Törəyib çoxalın və dənizlərdəki suları doldurun, quşlar da
yer üzündə çoxalsın». 23 Axşam oldu, səhər açıldı; bu, beşinci gün idi. 24 Sonra Allah
dedi: «Qoy yer üzü hər növ canlı məxluqlar – hər növ ev heyvanları, sürünən canlılar və
çöl heyvanları əmələ gətirsin». Belə də oldu. 25 Allah hər növ çöl heyvanlarını, hər növ ev
heyvanlarını və yerdə sürünən bütün canlıları yaratdı. Allah gördü ki, bu, yaxşıdır. 26
Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki
heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən
canlıların hamısına hökmranlıq etsin». 27 Allah insanı Öz surətində yaratdı, Allahın
surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı. 28 Allah onlara xeyir-dua verərək
dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar,
göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin». 29 Allah dedi:
«Budur, yer üzündə toxum verən bütün ot-ələfi və meyvələrində toxumu olan bütün
ağacların bəhərini sizə verirəm ki, qidalanasınız. 30 Yerdəki heyvanların, göydəki quşların
və yerdə sürünən canlıların hamısına – nəfəsi olan bütün canlılara isə yem olmaq üçün
bütün yaşıl otları verirəm». Belə də oldu. 31 Allah gördü ki, yaratdığı hər şey çox
yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, altıncı gün idi.
Yaradılış 2
1 Göylər və yer, oradakı hər şey beləcə tamamlandı. 2
Allah yeddinci günə qədər gördüyü
işləri qurtardı və yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi. 3 Allah yeddinci
günə bərəkət verdi və onu təqdis etdi, çünki gördüyü bütün yaratma işini qurtarıb həmin
gün istirahət etdi.
Adəm və Həvva Eden bağında
4 Rəbb Allahın göyləri və yeri yaratmasının hekayəti belədir: Rəbb Allah göyləri və yeri
yaradanda 5
yer üzündə heç bir bitki yox idi, heç bir çöl otu da bitmirdi, çünki Rəbb Allah
yer üzünə hələ yağış göndərməmişdi və torpağı becərən insan da yaranmamışdı. 6 Amma
yerdən su çıxırdı və bütün torpağı sulayırdı. 7
Rəbb Allah yerin torpağından insanı
düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu. 8
Sonra
Rəbb Allah şərqdə yerləşən Edendə bir bağ saldı və düzəltdiyi insanı orada yerləşdirdi. 9
Rəbb Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar
yetirdi. O həmçinin bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını bitirdi.
10 Bağı suvarmaq üçün Edendən bir çay çıxırdı, oradan isə dörd qola bölünürdü.
11 Onlardan birinin adı Pişondur. O bütün Xavila ölkəsini dolanaraq axır. Orada qızıl
çıxır.
12 Bu ölkənin qızılı yaxşıdır. Burada həm də ətirli qatran və damarlı əqiq var.
13 İkinci çayın adı Gixondur. O, Kuş ölkəsini dolanaraq axır. 14 Üçüncü çayın adı
Dəclədir. O, Aşşur ölkəsinin şərqindən axır. Dördüncü çay Fəratdır. 15 Rəbb Allah insanı
götürüb Eden bağına qoydu ki, oranı becərsin və saxlasın. 16 Rəbb Allah insana əmr edib
dedi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. 17 Ancaq xeyirlə şəri
bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən». 18 Rəbb
Allah yenə dedi: «İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi
yaradacağam». 19 Rəbb Allah bütün çöl heyvanlarını və göydəki bütün quşları torpaqdan
düzəltdi. Sonra onları insanın yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün.
İnsan hər heyvana hansı adı qoydusa, o cür də adlandı. 20 İnsan bütün ev heyvanlarına,
göydəki quşlara və bütün çöl heyvanlarına ad verdi, amma insana münasib olan bir
köməkçi tapılmadı. 21 O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o yuxuya
getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə örtdü. 22 Rəbb
Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi.
23 İnsan dedi: «Bax, nəhayət, bunun
Sümüyü mənim sümüyümdən,
Bədəni mənim bədənimdəndir.
Adına “qadın” deyiləcək,
Çünki o, kişidən
götürülüb». 24 Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir
bədən olacaq. 25 Adəm və arvadı – ikisi də çılpaq idi, ancaq bundan utanmırdılar.
Yaradılış 3
Adəm və Həvvanın günaha batması
1 Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi:
«Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?»
2 Qadın ilana dedi: «Bağdakı ağacların bəhrələrindən yeyə bilərik. 3 Amma bağın
ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Ondan yeməyin və ona toxunmayın,
yoxsa öləcəksiniz!”» 4
İlan qadına dedi: «Yox, əsla ölməzsiniz. 5 Əksinə, Allah bilir ki, o
meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi
olacaqsınız». 6
Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür
və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi.
Sonra yanında olan ərinə də verdi, o da yedi. 7 O vaxt ikisinin də gözləri açıldı və çılpaq
olduqlarını bildilər. Buna görə də əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə
düzəltdilər. 8 Onlar günün sərinliyində bağda gəzişən Rəbb Allahın səsini eşitdilər. Adəm
və onun arvadı Rəbb Allahın hüzurundan qaçıb bağdakı ağacların arasında gizləndilər.
9 Rəbb Allah Adəmi səsləyib dedi: «Haradasan?» 10 O cavab verdi: «Bağda səsini eşitdim
və çılpaq olduğum üçün qorxdum, ona görə də gizlənmişəm». 11 Rəbb Allah dedi: «Kim
sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən
yeməmisən ki?» 12 Adəm dedi: «Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın
meyvəsindən verdi, mən də yedim». 13 Rəbb Allah qadına dedi: «Sən niyə belə etdin?»
Qadın dedi: «İlan məni yoldan çıxartdı, mən də yedim». 14 Rəbb Allah ilana dedi: «Sən
bunu etdiyin üçün
Bütün ev heyvanları və çöl heyvanları arasında
Lənət qazanırsan.
Qarnın üstündə sürünəcəksən,
Bütün ömrün boyu torpaq yeyəcəksən.
15 Mən səninlə qadın arasına,
Sənin balanla onun övladı arasına
Düşmənçilik salıram.
Bu övlad sənin başından vuracaq,
Sən də onu dabanından sancacaqsan».
16 Sonra Rəbb Allah qadına dedi: «Hamilə olanda sənə
Çox əziyyət verəcəyəm,
Uşaqlarını ağrı içində doğacaqsan.
Ərinə meylli olacaqsan,
O sənə ağalıq edəcək».
17 Sonra Rəbb Allah Adəmə dedi: «Arvadının sözünə qulaq asdığın üçün,
Qadağan etdiyim, “meyvəsini yemə” dediyim
Ağacdan yediyin üçün
Sənə görə torpaq lənətlənir.
Ömrün boyu zəhmətlə
Torpaqdan yemək əldə edəcəksən.
18 O sənə tikan və qanqal bitirəcək,
Sən də çöldəki ot-ələfi yeyəcəksən.
19 Alın tərinlə çörək yeyəcəksən.
Axırda torpağa qayıdacaqsan,
Çünki oradan götürülmüsən,
Ona görə ki yerin torpağısan,
Torpağa da qayıdacaqsan».
20 Adəm arvadının adını Həvva qoydu, çünki o, yer üzündə yaşayanların hamısının anası
oldu. 21 Onda Rəbb Allah Adəmlə arvadı üçün dəridən paltar düzəltdi və onlara
geyindirdi. 22 Sonra Rəbb Allah dedi: «Budur, insan xeyirlə şərin nə olduğunu bilərək
bizlərdən biri kimi oldu. Qoy indi əlini uzadaraq həyat ağacının meyvəsindən dərib
yeməsin və əbədi yaşamasın!» 23 Rəbb Allah insanı Eden bağından çıxartdı ki, o özünün
də bir qismindən götürüldüyü torpağı becərsin. 24 Rəbb Allah insanı qovdu. O, Eden
bağının şərqinə keruvlarını və hər tərəfə fırlanan odlu qılıncını qoydu ki, həyat ağacına
gedən yolu qorusunlar.
Yaradılış 4
Qabil və Habil
1 Adəm arvadı Həvva ilə yaxınlıq etdi və Həvva hamilə olub Qabili doğdu. Həvva dedi:
«Rəbbin köməyi ilə bir insan qazandım». 2
Sonra o, Qabilin qardaşı Habili doğdu. Habil
çoban oldu, Qabil isə əkinçi. 3 Bir müddət keçəndən sonra Qabil torpağın bəhrəsindən
Rəbb Allaha təqdim gətirdi. 4
Habil də sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini
və onların piyini təqdim etdi. Rəbb Habili və onun təqdimini qəbul etdi, 5
ancaq Qabili və
onun təqdimini qəbul etmədi. Buna görə də Qabil bərk qəzəblənib qaşqabağını salladı.
6 Rəbb Qabilə dedi: «Niyə qəzəblənmisən? Niyə qaşqabağını sallamısan? 7 Əgər yaxşı iş
görürsənsə, Mən qəbul etmərəmmi? Əgər yaxşı iş görmürsənsə, günah qapının ağzında
durub. Onun meyli sənədir, ancaq sən ona üstün gəlməlisən». 8
Sonra Qabil qardaşı
Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum
çəkib onu öldürdü. 9
Sonra Rəbb Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O dedi:
«Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?» 10 Rəbb dedi: «Sən nə etdin?
Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir. 11 Buna görə də bu torpaqda lənət
almısan; o torpaq ki sənin əlinlə tökülən qardaş qanını udmaq üçün ağzını açdı.
12 Torpağı becərdiyin zaman o daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq və
sərgərdan olacaqsan». 13 Qabil Rəbbə dedi: «Cəzam çəkə biləcəyimdən daha artıqdır.
14 Bax bu gün Sən məni torpaqdan qovursan. Mən də Sənin hüzurundan gizlənib yer
üzündə qaçaq və sərgərdan olacağam. Ancaq kim mənə rast gəlsə, məni öldürəcək».
15 Rəbb ona dedi: «Xeyr! Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq». Rəbb
Qabilə bir əlamət qoydu ki, ona rast gələn kəs onu öldürməsin. 16 Beləcə Qabil Rəbbin
hüzurunu tərk etdi və Eden bağından şərqdə – Nod torpağında yaşamağa başladı.
Qabilin nəsli
17 Qabil arvadı ilə yaxınlıq etdi və arvadı hamilə olub Xanoku doğdu. O zaman o, bir
şəhər tikdi, şəhərə oğlu Xanokun adını verdi. 18 Xanokdan İrad törədi. İraddan Mehuyael
törədi. Mehuyaeldən Metuşael törədi. Metuşaeldən Lemek törədi. 19 Lemek iki arvad aldı:
birinin adı Ada, o birinin adı Silla idi. 20 Ada Yavalı doğdu. Yaval çadırda yaşamağın və
sürü saxlamağın əsasını qoydu. 21 Onun qardaşının adı Yuval idi. O hər cür lira və tütək
çalmağın əsasını qoydu. 22 Silla isə Tuval-Qayini doğdu. Tuval-Qayin tuncdan və
dəmirdən hər cür kəsici alətlər düzəldərdi. Onun Naama adlı bacısı var idi. 23 Bir dəfə
Lemek arvadlarına dedi: «Ey Ada və Silla, səsimi eşidin,
Ey Lemekin arvadları, sözümə qulaq asın:
Məni yaraladığı üçün
Bir adam öldürdüm,
Məni zədələdiyi üçün
Bir cavan öldürdüm.
24 Qabil üçün yeddi qat qisas alınacaqsa,
Lemek üçün yetmiş yeddi qat alınacaq».
Şet və Enoş
25 Adəm yenə arvadı ilə yaxınlıq etdi və Həvva bir oğlan doğub adını Şet qoyaraq dedi:
«Qabilin öldürdüyü Habilin yerinə Allah mənə başqa bir oğul bəxş etdi». 26 Şetin də bir
oğlu oldu və adını Enoş qoydu. O zaman insanlar Rəbbin adını çağırmağa başladı.
Yaradılış 5
Adəmdən Nuha qədər olan nəsillər
(1 Saln. 1:1-4)
1 Adəmin nəsil tarixçəsi belədir. Allah insanı yaradanda onu Öz bənzərinə görə yaratdı. 2
Allah onları kişi və qadın olaraq yaratdı, onlara xeyir-dua verdi və yaratdığı gün onları
«insan» adlandırdı. 3 Adəmin yüz otuz yaşı olanda özünə bənzər, öz surətində bir oğlu
oldu və adını Şet qoydu. 4
Şet doğulandan sonra Adəm səkkiz yüz il yaşadı. Onun çoxlu
oğlu və qızı oldu. 5 Adəm doqquz yüz otuz il ömür sürüb öldü. 6
Şet yüz beş yaşında
olanda oğlu Enoş doğuldu. 7
Enoş doğulandan sonra Şet səkkiz yüz yeddi il yaşadı. Onun
çoxlu oğlu və qızı oldu. 8
Şet doqquz yüz on iki il ömür sürüb öldü. 9
Enoş doxsan
yaşında olanda oğlu Qenan doğuldu. 10 Qenan doğulandan sonra Enoş səkkiz yüz on beş
il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 11 Enoş doqquz yüz beş il ömür sürüb öldü.
12 Qenan yetmiş yaşında olanda oğlu Mahalalel doğuldu. 13 Mahalalel doğulandan sonra
Qenan səkkiz yüz qırx il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 14 Qenan doqquz yüz on il
ömür sürüb öldü. 15 Mahalalel altmış beş yaşında olanda oğlu Yered doğuldu. 16 Yered
doğulandan sonra Mahalalel səkkiz yüz otuz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
17 Mahalalel səkkiz yüz doxsan beş il ömür sürüb öldü. 18 Yered yüz altmış iki yaşında
olanda oğlu Xanok doğuldu. 19 Xanok doğulandan sonra Yered səkkiz yüz il yaşadı.
Onun çoxlu oğlu və qızı oldu. 20 Yered doqquz yüz altmış iki il ömür sürüb öldü. 21
Xanok altmış beş yaşında olanda oğlu Metuşelah doğuldu. 22 Metuşelah doğulandan
sonra Xanok üç yüz il Allahla bir yol getdi. Onun çoxlu oğlu və qızı oldu. 23 Xanok üç
yüz altmış beş il yaşadı. 24 O, Allahla bir yol getdi. Sonra qeyb oldu, çünki Allah onu Öz
yanına götürdü. 25 Metuşelah yüz səksən yeddi yaşında olanda oğlu Lemek doğuldu.
26 Lemek doğulandan sonra Metuşelah yeddi yüz səksən iki il yaşadı. Onun çoxlu oğlu və
qızı oldu. 27 Metuşelah doqquz yüz altmış doqquz il ömür sürüb öldü. 28 Lemek yüz
səksən iki yaşında olanda bir oğlu doğuldu. 29 O dedi: «Bu oğul Rəbbin lənətlədiyi
torpağı becərəndə çəkdiyimiz əziyyətlərdə, əlimizin zəhmətində bizə təsəlli verəcək».
Buna görə də onun adını Nuh qoydu. 30 Nuh doğulandan sonra Lemek beş yüz doxsan beş
il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 31 Lemek yeddi yüz yetmiş yeddi il ömür sürüb
öldü. 32 Nuh beş yüz yaşında olanda Sam, Ham və Yafəs adında oğulları oldu.
Yaradılış 6
İnsanların pozğunlaşması və daşqın
1
İnsanlar yer üzündə çoxalmağa başladı və onların qızları doğuldu. 2 O zaman Allah
oğulları gördülər ki, insan qızları çox gözəldir və bəyəndikləri hər qızı özlərinə arvad
etdilər. 3 Rəbb dedi: «Mənim Ruhum insanda əbədi qalmayacaq, çünki onlar ancaq
bədəndir. Onların ömrü yüz iyirmi il olacaq». 4 Həmin dövrdə və Allah oğulları insan
qızlarını arvad alıb övladları doğulan dövrdə də yer üzündə böyük adamlar yaşayırdı.
Bunlar qədim dövrün qəhrəman və adlı-sanlı adamları idi. 5
Rəbb gördü ki, yer üzündəki
insanların şər əməlləri çoxdur və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər
pisliyə doğru yönəlir. 6 O, yer üzündə insanları yaratdığına peşman oldu və ürəyində
kədərləndi. 7 Rəbb dedi: «Yaratdığım insanları yer üzündən siləcəyəm, bunu insanlarla
birgə heyvanların, sürünənlərin və quşların da başına gətirəcəyəm, çünki onları
yaratmağıma peşman olmuşam». 8 Ancaq Nuh Rəbbin gözündə lütf tapdı. 9
Nuhun
tarixçəsi belədir: Nuh saleh və öz nəsli arasında qüsursuz bir adam idi. O, Allahla bir yol
gedirdi. 10 Nuhun üç oğlu oldu: Sam, Ham və Yafəs.
11 Ancaq Allahın nəzərində yer
üzündəki insanlar pozğunlaşmışdı və dünya zorakılıqla dolmuşdu. 12 Allah yer üzündəki
insanların daha da pozğunlaşdığını gördü, çünki dünyadakı bütün bəşər yolunu azmışdı.
13 Allah Nuha dedi: «Önümdə olan bütün bəşərin sonu çatıb, çünki yer üzü onların
zorakılığı ilə dolub. Buna görə də Mən onları yer üzü ilə birgə məhv edəcəyəm.
14 Özünə
qofer ağacından bir gəmi düzəlt, onun içində otaqlar düzəlt, üstünə içəridən və bayırdan
qatran vur. 15 Gəmini belə düzəlt: onun uzunluğu üç yüz qulac, eni əlli qulac, hündürlüyü
isə otuz qulac olsun. 16 Gəminin üstündən bir qulac aşağı pəncərə açarsan və qapısını yan
tərəfdən qoyarsan. Gəminin üç mərtəbəsi olsun: biri altda, biri ortada, biri də üstdə.
17 Bax Mən yer üzünü suya qərq edəcəyəm ki, göylər altında həyat nəfəsi olan bütün
canlılar məhv olsun və yer üzündə olanların hamısı öləcək. 18 Ancaq əhdimi səninlə
bağlayıram. Sən oğulların, arvadın və gəlinlərinlə birgə gəmiyə minərsən. 19 Bütün
heyvanlardan, canlı məxluqlardan bir cütünü – erkək və dişisini gəmiyə götürərsən ki,
səninlə birgə sağ qalsın. 20 Növlərinə görə quşların, heyvanların və yerdə sürünənlərin hər
birindən bir cütü sənin yanına gələcək ki, sağ qalsın. 21 Həmçinin özünlə birlikdə hər cür
azuqə götürüb yanına yığ ki, sənin və onların yeməyi olsun». 22 Nuh hər şeyi etdi: Allah
ona necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi.
Yaradılış 7
1 Rəbb Nuha dedi: «Sən bütün ailənlə birgə gəmiyə gir, çünki bu bəşər nəsli içində yalnız
səni önümdə saleh gördüm. 2 Bütün yer üzündə nəsli kəsilməsin deyə hər pak heyvanın
erkək və dişisindən yeddi cüt, hər murdar heyvanın erkək və dişisindən bir cüt götür.
3 Həmçinin göydəki hər quşun erkək və dişisindən yeddi cüt götür. 4 Çünki yeddi gün
sonra yer üzünə qırx gün-qırx gecə yağış yağdıracağam və yaratdığım bütün canlıları yer
üzündə məhv edəcəyəm». 5 Rəbb Nuha necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə
yetirdi. 6 Yer üzündə daşqın olanda Nuhun altı yüz yaşı var idi. 7
Nuh, onun arvadı,
oğulları və gəlinləri daşqından qurtarmaq üçün birlikdə gəmiyə mindilər.
8 Allahın Nuha
əmr etdiyi kimi pak və murdar heyvanların, quşların, bütün yerdə sürünənlərin 9
erkək və
dişisi cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi. 10 Yeddi gün sonra yer üzündə daşqın
oldu. 11 Həmin gün – Nuhun ömrünün altı yüzüncü ilində, ikinci ayın on yeddinci günü
dərinlikdə olan bütün gur su qaynaqları püskürdü və göylərin pəncərələri açıldı. 12 Yer
üzünə qırx gün-qırx gecə yağış yağdı. 13 Elə həmin gün Nuh, onun arvadı, oğulları Sam,
Ham, Yafəs və üç gəlini gəmiyə mindilər.
14 Onlarla birgə hər növ çöl heyvanı, hər növ
ev heyvanı, hər növ yerdə sürünən, hər növ göydə uçan canlı və hər cür quş gəmiyə girdi:
15 həyat nəfəsi olan bütün canlılardan cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi.
16 Allahın Nuha əmr etdiyi kimi bütün canlılardan erkək və dişi heyvanlar gəmiyə
girdilər. Onların dalınca Rəbb gəminin qapısını örtdü. 17 Yer üzündə qırx gün daşqın oldu
və su çoxalıb gəmini yerdən yuxarı qaldırdı. 18 Su çox yuxarı qalxıb yer üzünü aldı və
gəmi suyun üzündə üzməyə başladı. 19 Su yer üzünü elə tutdu ki, göylər altında olan
bütün uca dağlar suya qərq oldu. 20 Su dağların zirvəsindən on beş qulac qalxdı və onları
örtdü. 21 Yer üzündə hərəkət edən canlıların hamısı – quşlar, ev heyvanları, çöl
heyvanları, yerdə sürünənlər və bütün insanlar məhv oldu. 22 Quruda yaşayan, burnunda
həyat nəfəsi olan canlı varlıqların hamısı öldü. 23 Rəbb yer üzündə olan bütün canlıları
məhv etdi: insanlardan tutmuş heyvanlara, sürünənlərə və göydəki quşlara qədər hər şey
yer üzündə məhv oldu. Yalnız Nuh və onunla birgə gəmidə olanlar sağ qaldı. 24 Yüz əlli
gün ərzində su yer üzündə çoxaldı.
Yaradılış 8
Daşqının sonu
1 Allah Nuhu və onunla birgə gəmidə olan bütün çöl heyvanlarını və ev heyvanlarını yada
saldı. Allah yer üzünə külək göndərdi və su azalmağa başladı. 2 Dərinlikdə olan su
qaynaqları və göylərin pəncərələri bağlandı, yağış dayandı. 3
Su yer üzündən tədricən
çəkildi, yüz əlli gün keçdikdən sonra su azaldı. 4 Yeddinci ayın on yeddinci günü gəmi
Ararat dağlarında dayandı. 5 Onuncu aya qədər su yavaş-yavaş çəkildi, onuncu ayın
birinci günü dağların zirvələri göründü. 6 Qırx gün sonra Nuh düzəltdiyi gəminin
pəncərəsini açıb 7
bir qarğa buraxdı; qarğa uçub getdi və yer üzündə su quruyana qədər
hər tərəfi dolaşdı. 8 Nuh bu dəfə bir göyərçin buraxdı ki, suyun yer üzündən çəkilib-
çəkilmədiyini bilsin. 9 Amma göyərçin qonmaq üçün rahat bir yer tapmadığına görə onun
yanına – gəmiyə qayıtdı, çünki hələ bütün yer üzündə su var idi. Nuh əlini uzadıb
göyərçini tutdu və gəmiyə – öz yanına apardı. 10 O daha yeddi gün gözlədi və göyərçini
yenə gəmidən buraxdı. 11 Axşamüstü göyərçin onun yanına qayıtdı. Göyərçinin ağzında
təzə zeytun yarpağı var idi. Nuh suyun yer üzündən çəkildiyini bildi. 12 O daha yeddi gün
gözlədi və göyərçini yenə buraxdı, artıq göyərçin onun yanına qayıtmadı. 13 Nuhun
ömrünün altı yüz birinci ilində, birinci ayın birinci günü yer üzündə su qurudu. Nuh
gəminin qapağını qaldırdı və torpağın üzərindəki suyun quruduğunu gördü. 14 İkinci ayın
iyirmi yeddinci günü yer üzündəki su tamamilə qurudu. 15 Allah Nuha dedi: 16 «Sən öz
arvadın, oğulların və gəlinlərinlə birgə gəmidən çıx. 17 Səninlə birgə olan bütün canlıları
– quşları, heyvanları və yerdə sürünənləri bayıra çıxart. Qoy yer üzünə yayılsınlar və yer
üzündə törəyib çoxalsınlar». 18 Nuh öz arvadı, oğulları və gəlinləri ilə birgə gəmidən
çıxdı. 19 Bütün heyvanlar, sürünənlər, quşlar və yerdə sürünən bütün canlılar dəstə-dəstə
gəmini tərk etdilər. 20 Nuh Rəbbə bir qurbangah düzəltdi. O hər cür pak heyvandan və
pak quşdan götürüb orada yandırma qurbanı təqdim etdi. 21 Bundan Rəbbə xoş ətir qalxdı
və Rəbb ürəyində dedi: «Cavanlığından bəri insan ürəyinin fikirlərinin həmişə pis
olmasına baxmayaraq, insanlara görə bir daha yer üzünü lənətləməyəcəyəm. İndi
elədiyim kimi bütün canlıları bir daha məhv etməyəcəyəm.
22 Dünya durduqca Əkinbiçin,
isti-soyuq,
Yay-qış və gecə-gündüz
Sona yetməyəcək».
Yaradılış 9
Allahın Nuha vədi
1 Allah Nuha və onun oğullarına xeyir-dua verib dedi: «Törəyib çoxalın və yer üzünü
bürüyün. 2 Qurudakı bütün heyvanlar, göydəki bütün quşlar, yerdə sürünən bütün canlılar
və dənizdə olan bütün balıqlar sizdən qorxub dəhşətə gələcək. Onlar sizin ixtiyarınıza
verilib. 3 Bütün canlılar da sizə qida olsun, onların hamısını bütün göy otlar kimi sizə
verirəm. 4
Ancaq əti onun canı olan qanla birgə yeməyin. 5
Sizin isə qanınız tökülərsə,
əvəzini hökmən alacağam. Hər heyvandan hesabınızı alacağam. Həmçinin insandan –
qardaşının canını alan hər kəsdən əvəzini alacağam. 6
Kim insan qanı töksə, Onun da
qanı
İnsan əli ilə töküləcək.
Çünki Allah insanı
Öz surətinə görə yaradıb.
7
Siz törəyib çoxalın,
Yer üzünə yayılın,
Orada çoxalın».
8 Allah Nuha və yanında olan oğullarına dedi: 9
«Mən sizinlə, sizdən sonrakı nəslinizlə
Öz əhdimi bağlayıram, 10 gəmidən çıxan yer üzündəki bütün canlı məxluqlarla – quşlar,
ev heyvanları və bütün çöl heyvanları ilə əhdimi bağlayıram. 11 Sizinlə Öz əhdimi
qoyuram ki, bütün canlılar bir daha daşqınla məhv olmayacaq və heç vaxt yer üzünü
viran edən daşqın baş verməyəcək». 12 Allah yenə dedi: «Mənim sizinlə və sizinlə olan
bütün canlılarla əbədi olaraq bağladığım əhdin əlaməti budur: 13 buludda Öz göy
qurşağımı qoyuram ki, Mənimlə yer üzü arasında olan əhdin əlaməti olsun. 14 Mən yer
üzünə bulud gətirdiyim zaman buludda göy qurşağı görünəcək. 15 Onda Mən sizinlə və
bütün canlı məxluqlarla bağladığım əhdi yada salacağam. Sular bir daha daşqına çevrilib
bütün canlıları məhv etməyəcək. 16 Buludda göy qurşağı olacaq. Mən Allah onu görüb
yer üzündə yaşayan bütün canlı məxluqlarla bağladığım əbədi əhdi yada salacağam».
17 Allah yenə Nuha dedi: «Mənim yer üzündə yaşayan bütün canlılarla bağladığım əhdin
əlaməti budur».
Nuhun oğulları
18 Gəmidən çıxan Nuhun oğulları bunlardır: Sam, Ham və Yafəs. Hamdan Kənan törədi.
19 Nuhun üç oğlu bunlardır və yer üzündə yayılan bütün insanlar onlardan törədi. 20 Nuh
torpağı becərməyə başladı və bir üzüm bağı saldı. 21 O, şərab içib sərxoş oldu və öz
çadırında çılpaq uzandı. 22 Kənanın atası Ham atasının çılpaq olduğunu gördü və bunu
bayırda iki qardaşına söylədi. 23 Sam və Yafəs bir paltar götürüb öz çiyinlərinə saldılar və
dal-dalı içəri girib, atalarının çılpaq bədənini örtdülər. Onlar üzlərini əks tərəfə
çevirmişdilər ki, atalarının çılpaqlığını görməsinlər.
24 Nuh öz sərxoşluğundan ayıldı və
kiçik oğlunun əməlini bilib dedi: 25 «Kənana lənət olsun,
Öz qardaşlarının qullarına qul olsun».
26 Yenə dedi: «Samın Allahı Rəbbə alqış olsun,
Kənan ona qul olsun.
27 Allah Yafəsə genişlik versin,
Samın çadırlarında yaşasın.
Kənan ona qul olsun».
Nuhun ölümü
28 Nuh daşqından sonra üç yüz əlli il yaşadı. 29 O, doqquz yüz əlli il ömür sürüb öldü.
Yaradılış 10
Nuhun nəsli
(1 Saln. 1:5-23)
1 Nuhun oğulları Sam, Ham və Yafəsin nəsil tarixçəsi belədir. Daşqından sonra onların
oğulları oldu. 2 Yafəsin oğulları: Qomer, Maqoq, Maday, Yavan, Tuval, Meşek və Tiras.
3 Qomerin oğulları: Aşkenaz, Rifat və Toqarma. 4 Yavanın oğulları: Elişa, Tarşiş, Kittim
və Dodanim. 5 Onların nəsilləri adalara, öz torpaqlarına yayıldı. Öz millətlərinin arasında
dillərə və qəbilələrə ayrıldı. 6 Hamın oğulları: Kuş, Misrayim, Put və Kənan. 7 Kuşun
oğulları: Seva, Xavila, Savta, Raama və Savteka. Raamanın oğulları: Səba və Dedan.
8 Kuşun Nəmrud adlı bir oğlu da oldu. O, yer üzündə ilk qüdrətli adam oldu. 9 Nəmrud
Rəbbin önündə mahir bir ovçu idi, buna görə də xalqın arasında «Rəbbin önündə Nəmrud
kimi mahir ovçu» sözü deyilir. 10 Əvvəlcə onun padşahlığına Şinar ölkəsində olan Babil,
Erek, Akkad və Kalne daxil idi. 11 O bu torpaqdan Aşşur torpağına köçüb, Ninevanı,
Rexovot-İri, Kelahı, 12 Nineva ilə böyük şəhər olan Kelahın arasındakı Reseni tikdi.
13 Misrayimin nəsilləri bunlardır: Ludlular, Anamlılar, Lehavlılar, Naftuhlular,
14 Patroslular, Filiştlilərin əcdadı olan Kasluhlular, həmçinin Kaftorlular. 15 Kənanın
nəsilləri bunlardır: ilk oğlu Sidon, Xet, 16 həmçinin Yevuslular, Emorlular, Qirqaşlılar,
17 Xivlilər, Arqlılar, Sinlilər, 18 Ervadlılar, Semarlılar və Xamatlılar. Sonralar Kənan
qəbilələri ətraf yerlərə yayıldı. 19 Kənanlıların ərazisi Sidondan Gerara tərəf Qəzzəyə
qədər, Sodoma, Homorraya, Admaya, Sevoyimə tərəf Leşaya qədər uzanırdı. 20 Bunlar öz
ölkələrində və millətlərinin arasında qəbilələrinə və dillərinə görə ayrılan Ham oğulları
idi. 21 Everin bütün oğullarının əcdadı və Yafəsin böyük qardaşı olan Samın da oğulları
oldu. 22 Samın oğulları: Elam, Aşşur, Arpakşad, Lud və Aram. 23 Aramın oğulları: Us,
Xul, Geter və Maş.
24 Arpakşaddan Şelah törədi, Şelahdan Ever törədi. 25 Everin iki oğlu
oldu: birinin adı Peleq idi, çünki onun dövründə yer üzü bölündü. Qardaşının adı Yoqtan
idi. 26 Yoqtandan Almodad, Şelef, Xasarmavet, Yerah, 27 Hadoram, Uzal, Diqla, 28 Oval,
Avimael, Səba, 29 Ofir, Xavila və Yovav törədi; bunların hamısı Yoqtanın oğulları idi.
30 Onlar şərqdə – Meşadan Sefara tərəf yerləşən dağlıq bölgədə məskən salmışdı.
31 Bunlar öz ölkələrində və millətləri arasında qəbilələrinə və dillərinə görə ayrılan Sam
oğulları idi. 32 Öz millətləri arasında nəsillərinə görə Nuh oğullarının qəbilələri bunlardır.
Daşqından sonra onların nəsillərindən yer üzünə millətlər yayıldı.
Yaradılış 11
Babil qülləsi
1 Bütün dünyada bir dil və bir danışıq var idi. 2
İnsanlar şərqdən köçüb gəldikləri zaman
Şinar torpağında bir düzənliyə rast gəldilər və orada məskən saldılar. 3
Sonra bir-birlərinə
dedilər: «Gəlin kərpic düzəldək və onu yaxşı bişirək». Onlar daş əvəzinə kərpic və palçıq
əvəzinə qatran götürdülər.
4 Yenə dedilər: «Gəlin özümüzə bir şəhər və başı göylərə çatan
bir qüllə tikib ad çıxaraq, daha bütün yer üzünə yayılmayaq». 5 Rəbb bəşər övladlarının
tikdiyi şəhəri və qülləni görmək üçün aşağı endi. 6 Rəbb dedi: «Budur, onların hamısı bir
xalqdır və bir dilləri var. Buna görə də bu işi görməyə başlamışlar və indi etmək
istədikləri işə heç kəs mane olmayacaq. 7 Gəlin aşağı enib orada onların dilini qarışdıraq
ki, bir-birlərinin dilini başa düşməsinlər». 8 Rəbb onları oradan bütün yer üzünə yaydı.
Onlar şəhəri tikməyi dayandırdı. 9 Buna görə də o yerin adına Babil dedilər, çünki orada
Rəbb bütün dünyadakı adamların dilini qarışdırdı və onları bütün yer üzünə yaydı.
Samdan İbrama qədər olan nəsillər
(1 Saln. 1 :24 –27 )
10 Samın nəsil tarixçəsi belədir: daşqından iki il sonra Sam yüz yaşında olanda oğlu
Arpakşad doğuldu. 11 Arpakşad doğulandan sonra Sam beş yüz il yaşadı. Onun çoxlu
oğlu və qızı oldu. 12 Arpakşad otuz beş yaşında olanda oğlu Şelah doğuldu. 13 Şelah
doğulandan sonra Arpakşad dörd yüz üç il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 14 Şelah
otuz yaşında olanda oğlu Ever doğuldu. 15 Ever doğulandan sonra Şelah dörd yüz üç il
yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 16 Ever otuz dörd yaşında olanda oğlu Peleq
doğuldu. 17 Peleq doğulandan sonra Ever dörd yüz otuz il yaşadı. Onun çoxlu oğlu və qızı
oldu. 18 Peleq otuz yaşında olanda oğlu Reu doğuldu. 19 Reu doğulandan sonra Peleq iki
yüz doqquz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 20 Reu otuz iki yaşında olanda oğlu
Seruq doğuldu. 21 Seruq doğulandan sonra Reu iki yüz yeddi il yaşadı. Onun çoxlu oğlu
və qızı oldu. 22 Seruq otuz yaşında olanda oğlu Naxor doğuldu. 23 Naxor doğulandan
sonra Seruq iki yüz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 24 Naxor iyirmi doqquz
yaşında olanda oğlu Terah doğuldu. 25 Terah doğulandan sonra Naxor yüz on doqquz il
yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 26 Terah yetmiş yaşında olanda oğulları İbram,
Naxor və Haran doğuldu. 27 Terahın nəsil tarixçəsi belədir: Terahdan İbram, Naxor və
Haran törədi. Harandan Lut törədi. 28 Haran atası Terahın sağlığında doğulduğu ölkədə –
Xaldeylilərin Ur şəhərində öldü. 29 İbram və Naxor özlərinə arvad aldılar. İbramın
arvadının adı Saray, Naxorun arvadının adı isə Milka idi. Milka və İska Haranın qızları
idi. 30 Saray sonsuz idi, onun uşağı olmurdu. 31 Terah oğlu İbramı, Haranın oğlu olan
nəvəsi Lutu, oğlu İbramın arvadı olan gəlini Sarayı özü ilə götürdü və Kənan torpağına
getmək üçün Xaldeylilərin Ur şəhərindən çıxdı. Onlar Xarana gəlib, orada məskən
saldılar. 32 Terah iki yüz beş il ömür sürüb Xaranda öldü.
Yaradılış 12
Allahın İbrama çağırışı
1 Rəbb İbrama dedi: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə
göstərəcəyim torpağa get. 2
Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua
verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. 3
Sənə xeyir-dua verənlərə
xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları
sənin vasitənlə xeyir-dua alacaq». 4
İbram Rəbbin ona söylədiyi kimi oradan çıxdı. Lut da
onunla birgə getdi. Xarandan çıxdığı vaxt İbram yetmiş beş yaşında idi. 5
İbram arvadı
Sarayı, qardaşı oğlu Lutu, Xaranda əldə etdikləri bütün əmlakı və özünün bütün
nökərlərini götürüb Kənan torpağına tərəf yola düşdü. Onlar Kənan torpağına gəldilər.
6
İbram oranı dolaşıb, Şekem deyilən yerdəki More palıdının yanına çatdı. O vaxt bu
torpaqda Kənanlılar yaşayırdı. 7
Rəbb İbrama görünüb dedi: «Bu torpağı sənin nəslindən
olana verəcəyəm». İbram ona görünən Rəbbə orada bir qurbangah düzəltdi. 8 Buradan
Bet-Elin şərqində yerləşən dağlıq yerə tərəf yola düşdü və burada çadır qurdu. Çadırdan
qərbdə Bet-El, şərqdə isə Ay şəhəri idi. İbram orada da Rəbbə bir qurbangah qurdu və
Rəbbə sitayiş etdi. 9
İbram tədricən cənuba doğru hərəkət edirdi.
İbram Misirdə
10 Bu torpaqda aclıq başlandı. İbram müvəqqəti qalmaq üçün Misirə getdi, çünki ölkədə
böyük aclıq hökm sürürdü. 11 O, Misirə yaxınlaşanda arvadı Saraya dedi: «Bax mən
bilirəm ki, sən gözəl qadınsan. 12 Misirlilər səni görüb deyəcəklər: “Bu onun arvadıdır”.
Onda məni öldürəcəklər, səni isə sağ buraxacaqlar. 13 Bəlkə sən deyəsən ki, mənim
bacımsan, onda sənin xatirinə mənimlə yaxşı rəftar edərlər və mən də sağ qalaram».
14 İbram Misirə gəlib çatanda Misirlilər onun arvadının çox gözəl olduğunu gördülər.
15 Fironun əyanları da qadını gördülər və onu firona təriflədilər. Qadın fironun sarayına
aparıldı. 16 Onun xatirinə firon İbramla da yaxşı rəftar etdi: İbram qoyun-keçi, mal-qara,
erkək və dişi eşşəklər, qullar, qarabaşlar və dəvələr sahibi oldu. 17 Ancaq Rəbb İbramın
arvadı Saraydan ötrü fironun və onun ev adamlarının başına böyük fəlakətlər gətirdi.
18 Firon İbramı çağırıb dedi: «Bu nə işdir, mənim başıma gətirdin? Bu qadının sənin
arvadın olduğunu niyə mənə bildirmədin? 19 Nə üçün “bu mənim bacımdır” dedin ki, mən
də onu özümə arvad olmaq üçün aldım? İndi isə arvadını da götür get». 20 Firon adamlara
onlar barədə əmr verdi və İbramla arvadını sahib olduğu bütün şeylərlə birgə yola
saldılar.
Yaradılış 13
Lutun İbramdan ayrılması
1 İbram arvadı və sahib olduğu bütün şeylərlə birgə Misirdən çıxıb Negev torpağına getdi.
Lut da onunla idi. 2
İbram çox varlandı: onun çoxlu sürüsü və qızıl-gümüşü oldu.
3 Negevdən çıxıb bir yerdən o biri yerə keçərək Bet-Elə qədər – Bet-Ellə Ay şəhəri
arasında əvvəllər çadır qurduğu yerə getdi. 4
İbram o vaxt düzəltdiyi qurbangahın yanına
çatdı və orada Rəbbə sitayiş etdi. 5
İbramla birlikdə olan Lutun da qoyun-keçisi, malqarası
və çadırları var idi. 6 Birlikdə yaşamaq üçün yer onlara darlıq edirdi, çünki onların
malı çox idi və birgə qala bilməzdilər. 7
İbramın sürülərinin çobanları ilə Lutun
sürülərinin çobanları arasında mübahisə düşdü. O vaxt bu torpaqda Kənanlılar və
Perizlilər yaşayırdı. 8
İbram Luta dedi: «Qoy mənimlə sənin və çobanlarımla çobanların
arasında mübahisə olmasın, çünki biz qohumuq. 9 Bütün torpaqlar gözünün önündə
deyilmi? Gəl ayrılaq. Əgər sən sola getsən, mən sağa gedəcəyəm, sən sağa getsən, mən
sola gedəcəyəm». 10 Lut başını qaldırıb İordan çayının kənarındakı düzənliyi gördü. O
vaxt bu yer Misir torpağı kimi bütünlüklə Soara qədər suvarılırdı və Rəbbin bağı kimi idi.
Rəbb hələ Sodom və Homorranı məhv etməmişdi. 11 Lut özünə İordan çayının
kənarındakı düzənliyi seçdi. O, şərqə tərəf hərəkət etdi. Beləcə onlar bir-birindən ayrıldı.
12 İbram Kənan torpağında qaldı, Lut isə düzənlikdəki şəhərlərdə yaşamağa başladı və
Sodoma qədər öz çadırlarını qurdu. 13 Sodomun əhalisi çox pozğun idi və Rəbbə qarşı
çoxlu günah edirdi. 14 Lut İbramdan ayrıldıqdan sonra Rəbb İbrama dedi: «Başını qaldırıb
dayandığın yerdən şimala, cənuba, şərqə və qərbə tərəf bax. 15 Gördüyün bütün torpaqları
əbədi olaraq sənə və nəslinə verəcəyəm. 16 Nəslini yerin tozu qədər çoxaldacağam. Əgər
bir nəfər yerin tozunu saya bilərsə, sənin nəslini də saya bilər. 17 Qalx bu torpağı uzununa
və eninə dolaş, çünki Mən onu sənə verirəm». 18 İbram çadırını götürdü və gəlib
Xevronda olan Mamre palıdının yanında məskən saldı. O burada Rəbbə bir qurbangah
düzəltdi.
Yaradılış 14
İbramın Lutu xilas etməsi
1 Bu zaman Şinar padşahı Amrafel, Ellasar padşahı Aryok, Elam padşahı Kedorlaomer və
Qoyim padşahı Tidal 2
Sodom padşahı Beraya, Homorra padşahı Birşaya, Adma padşahı
Şinava, Sevoyim padşahı Şemeverə, Bela, yəni Soar padşahına qarşı müharibəyə başladı.
3 Bu son beş padşah indi Duz dənizi adlanan Siddim vadisində öz qoşunlarını birləşdirdi.
4 Onlar on iki il Kedorlaomerin əsarəti altında qalmış, on üçüncü il isə üsyan etmişdilər.
5 On dördüncü il Kedorlaomer və onunla birgə olan padşahlar gəlib Aşterot-Qarnayimdə
Rafalıları, Hamda Zuzluları, Şave-Qiryatayimdə Emliləri, 6
çöl kənarındakı El-Parana
qədər uzanan Seir dağlarında Xorluları qırdılar. 7
Sonra geri qayıdıb En-Mişpata, yəni
Qadeşə getdilər. Bütün Amaleq torpağının əhalisini və Xaseson-Tamarda yaşayan
Emorluları qırdılar. 8
Sodom padşahı, Homorra padşahı, Adma padşahı, Sevoyim
padşahı, Bela, yəni Soar padşahı Siddim vadisinə gəlib, 9
Elam padşahı Kedorlaomerlə,
Qoyim padşahı Tidalla, Şinar padşahı Amrafellə, Ellasar padşahı Aryokla döyüşə
girdilər: dörd padşah beş padşaha qarşı idi. 10 Siddim vadisində qatranla dolu çoxlu çuxur
var idi. Sodom və Homorra padşahları döyüşdən qaçanda oraya yıxıldılar, sağ qalanlar isə
dağlara qaçdılar. 11 Qaliblər Sodom və Homorranın bütün əmlakını və azuqəsini götürüb
getdilər.
12 İbramın qardaşı oğlu Lutu və onun əmlakını özləri ilə apardılar, çünki o da
Sodomda yaşayırdı. 13 Döyüşdən sağ qurtaran bir nəfər gəlib İbrani İbrama bunu xəbər
verdi. O, Eşkolun və Anerin qardaşı Emorlu Mamrenin palıdının yanında yaşayırdı. Onlar
İbramın müttəfiqləri idi. 14 İbram qohumu Lutun əsir alındığını eşidəndə evində
doğulmuş, döyüş təlimi keçmiş üç yüz on səkkiz nökərini götürüb düşmənləri Dana qədər
təqib etdi. 15 Özü və nökərləri gecə vaxtı dəstələrə bölünüb, onları qırdılar və sağ
qalanları Dəməşqin şimal tərəfində olan Xovaya qədər təqib etdilər. 16 İbram qarət
olunmuş bütün əmlakı, qardaşı oğlu Lutu və onun əmlakını, həmçinin qadınları və xalqı
geri qaytardı.
Melkisedeqin İbrama xeyir-dua verməsi
17 İbram Kedorlaomer və onunla olan padşahları məğlub edib qayıdanda Sodom padşahı
«Padşah vadisi» adlanan Şave vadisində onun pişvazına çıxdı. 18 Onda Salem padşahı
Melkisedeq çörək və şərab gətirdi. O, Allah-Taalanın kahini idi. 19 Melkisedeq İbrama
xeyir-dua verib dedi: «Göy və yeri yaradan Allah-Taala
İbrama xeyir-dua versin.
20 Düşmənlərini sənə təslim edən
Allah-Taalaya alqış olsun».
İbram bütün qənimətin onda birini Melkisedeqə verdi. 21 Sodom padşahı İbrama dedi:
«Adamlarımı mənə ver, əmlak isə sənə qalsın». 22 Ancaq İbram Sodom padşahına dedi:
«Göy və yeri yaradan Allah-Taala Rəbbin dərgahına and üçün əlimi qaldırıram ki,
23 sənin nə bir ipini, nə də bir çarıq bağını götürürəm, ta deməyəsən ki, mən İbramı
varlandırdım. 24 Nökərlərin yediklərindən başqa, hər şey sənin olsun. Üstəlik mənimlə
gedən adamlar – Aner, Eşkol və Mamre öz paylarını götürsün».
Yaradılış 15
Allahın İbramla əhdi
1 Bir müddət sonra İbrama görüntüdə Rəbbin bu sözü nazil oldu: «Ey İbram, qorxma.
Sənin qalxanın Mənəm. Mükafatın çox böyük olacaq». 2
İbram dedi: «Ey Xudavənd
Rəbb, mənə nə verəcəksən? Mənim övladım yoxdur, evimin sahibi bu Dəməşqli Eliezer
olacaq». 3
İbram sözünə davam etdi: «Sən mənə övlad vermədiyin üçün evimin nökəri
mənim varisim olacaq». 4 Ona Rəbbin bu sözü nazil oldu: «O sənin varisin olmayacaq, öz
belindən gələn övladın sənin varisin olacaq». 5
Rəbb onu bayıra çıxarıb dedi: «Göyə bax,
oradakı ulduzları saya bilərsənsə, say». Yenə dedi: «Nəslin o qədər olacaq». 6
İbram
Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı. 7 Rəbb İbrama dedi: «Bu torpağı sənə
irs olaraq vermək üçün səni Xaldeylilərin Ur şəhərindən çıxaran Mən Rəbbəm». 8
İbram
soruşdu: «Ya Xudavənd Rəbb, onu irs olaraq alacağımı necə bilim?» 9 Rəbb ona dedi:
«Mənim üçün bir üçyaşlı buğa, bir üçyaşlı keçi, bir üçyaşlı qoç, həmçinin bir qumru və
bir göyərçin balası gətir». 10 İbram bunların hamısını götürüb kəsdi və iki hissəyə ayırdı,
hər hissəni o birinin qarşısına qoydu, ancaq quşları iki hissəyə ayırmadı. 11 Yırtıcı quşlar
cəmdəklərin üzərinə uçub gəldilər, ancaq İbram onları qovdu. 12 Günəş batan vaxt İbrama
dərin yuxu gəldi. Birdən onun üzərinə dəhşət və qatı qaranlıq çökdü. 13 Rəbb İbrama
dedi: «Yəqin bil ki, nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və
onlara dörd yüz il zülm ediləcək. 14 Ancaq onların köləlik edəcəkləri xalqı Özüm
cəzalandıracağam. Bundan sonra onlar böyük əmlakla oradan çıxacaqlar. 15 Sən isə
atalarının yanına gedəcəksən, uzun ömür sürəndən sonra sülh içində öləcəksən. 16 Sənin
dördüncü nəslin buraya qayıdacaq, çünki Emorluların günah kasası hələ dolmayıb».
17 Günəş batıb qaranlıq düşəndə tüstü çıxan bir təndir və alovlanan məşəl görünərək
parçalanmış heyvanların arasından keçdi. 18 O gün Rəbb İbramla əhd bağlayıb dedi:
«Misir çayından böyük Fərat çayına qədər uzanan bu torpaqları – 19 Qenlilərin,
Qenizlilərin, Qadmonluların, 20 Xetlilərin, Perizlilərin, Rafalıların, 21 Emorluların,
Kənanlıların, Qirqaşlıların və Yevusluların torpağını Mən sənin nəslinə verirəm».
Yaradılış 16
Həcər və İsmail
1
İbramın arvadı Sarayın uşağı olmurdu. Onun Həcər adında Misirli bir qarabaşı var idi.
2
Saray İbrama dedi: «Bax Rəbb mənim bətnimi bağladı ki, uşağım olmasın. Qarabaşımla
yaxınlıq et, qoy o mənim üçün uşaq doğsun». İbram Sarayın sözünə qulaq asdı. 3
İbramın
arvadı Saray qarabaşı Misirli Həcəri götürüb əri İbrama arvad olmaq üçün verdi; bu
əhvalat İbram Kənan torpağında on il yaşadıqdan sonra baş verdi. 4
İbram Həcərlə
yaxınlıq etdi və Həcər hamilə oldu. Həcər hamilə olduğunu görəndə xanımına həqarətlə
baxmağa başladı. 5
Saray İbrama dedi: «Mənim təhqir olunmağıma sən səbəb oldun. Mən
qarabaşımı sənin qoynuna verdim, o da hamilə olduğunu görəndə mənə həqarətlə
baxmağa başladı. Qoy səninlə mənim aramda Rəbb hökm etsin». 6
İbram Saraya dedi:
«Qarabaşını sənin ixtiyarına verirəm, ona nə istəyirsən, elə». Saray qarabaşı ilə sərt rəftar
etməyə başladı və qarabaşı onun yanından qaçdı. 7 Rəbbin mələyi Şur yolundakı çöldə
olan bulağın yanında onu tapdı. 8 Mələk ondan soruşdu: «Ey Sarayın qarabaşı Həcər,
haradan gəlib, haraya gedirsən?» Həcər dedi: «Mən xanımım Sarayın yanından qaçıram».
9 Rəbbin mələyi ona dedi: «Xanımının yanına qayıt və ona tabe ol». 10 Rəbbin mələyi
sözünə davam etdi: «Sənin nəslini lap çoxaldacağam, çoxluğuna görə sayı-hesabı
bilinməyəcək». 11 Sonra Rəbbin mələyi ona dedi: «Bax sən hamiləsən,
Bir oğul doğacaqsan.
Onun adını İsmail qoyarsan,
Çünki Rəbb əziyyət içində fəryadını eşitdi.
12 O, insanlar arasında
Vəhşi eşşək kimi olacaq:
O hamıya,
Hamı isə ona qarşı çıxacaq,
Bütün qardaşları ilə yola getməyərək yaşayacaq».
13 Həcər onunla danışan Rəbbi «El-Roi adlandırdı» dedi, çünki o söyləmişdi: «Doğrudan
da, burada məni görən Allahı gördüm». 14 Buna görə də həmin bulaq Beer-Laxay-Roi
adlanır. O, Qadeşlə Beredin arasında yerləşir. 15 Həcər İbrama bir oğul doğdu və İbram
Həcərdən olan oğlunun adını İsmail qoydu. 16 Həcər ona İsmaili doğanda İbramın səksən
altı yaşı var idi.
Yaradılış 17
Əhdin rəmzi olan sünnət
1 İbram doxsan doqquz yaşında olanda Rəbb ona görünərək dedi: «Külli-İxtiyar Allah
Mənəm. Mənim yolumla get və kamil ol. 2 Əhdimi Özümlə sənin aranda qoyacağam və
nəslini lap çoxaldacağam». 3
İbram üzüstə düşdü. Allah onunla danışıb dedi: 4
«Mən
səninlə əhd bağlamışam, sən çoxlu millətin atası olacaqsan. 5
Daha sənə İbram
deyilməyəcək, bu gündən adın İbrahim olacaq, çünki səni çoxlu millətin atası etdim.
6 Nəslini lap çoxaldacağam, səndən millətlər törədəcəyəm və nəslindən padşahlar
çıxacaq. 7
Özümlə sənin və səndən sonrakı nəslinin arasında əbədi əhd qoyuram ki, Mən
sənin və səndən sonrakı nəslinin Allahı olacağam. 8
Sənə və səndən sonrakı nəslinə qərib
kimi yaşadığın bu torpağı – bütün Kənan torpağını əbədi mülk olaraq verəcəyəm və
onların Allahı olacağam». 9
Sonra Allah İbrahimə dedi: «Sən və səndən sonrakı
övladların nəsillər boyu əhdimə əməl edin. 10 Mənim səninlə və səndən sonrakı nəslinlə
bağladığım, sizin əməl edəcəyiniz əhdin əlaməti budur: qoy aranızda olan bütün kişilər
sünnət olunsun. 11 Sünnət ətinizi kəsin; bu Mənimlə sizin aranızda olan əhdin əlaməti
olacaq. 12 Evinizdə doğulmuş yaxud nəslinizdən olmayıb bir yadellidən satın alınmış kişi
cinsindən olan hər uşaq səkkizinci gün sünnət olunsun; bu, nəsildən-nəslə davam etsin.
13 Evinizdə doğulmuş yaxud satın alınmış hər uşaq mütləq sünnət olunmalıdır. Beləcə
Mənim əhdimin əlaməti əbədi olaraq bədəninizdə olacaq. 14 Sünnət əti kəsilməmiş kişi
cinsindən olan hər kəs xalqının arasından qovulacaq, çünki əhdimi pozmuş olacaq».
15 Allah yenə İbrahimə dedi: «Arvadın Saraya isə artıq Saray demə. Bundan sonra onun
adı Sara olacaq. 16 Ona xeyir-dua verəcəyəm, ondan sənə bir oğul verəcəyəm. Saraya
xeyir-dua verəcəyəm: o, millətlərin anası olacaq və xalqların padşahları ondan
doğulacaq». 17 İbrahim üzüstə düşdü və gülüb ürəyində dedi: «Yüz yaşlı adamın oğlu ola
bilərmi? Doxsan yaşında olan Sara doğacaqmı?» 18 Sonra İbrahim Allaha dedi: «Kaş ki
İsmail Sənin önündə xeyir-dua alaydı!» 19 Allah isə dedi: «Xeyr, arvadın Sara sənə bir
oğul doğacaq və adını İshaq qoyacaqsan. Onunla və ondan sonrakı nəsli ilə əhdimi əbədi
olaraq davam etdirəcəyəm. 20 İsmail barədə dediyin sözləri də eşitdim. Ona xeyir-dua
verəcəyəm, onu bəhərli edəcəyəm, nəslini lap çoxaldacağam. O, on iki başçının atası
olacaq. Ondan böyük bir millət törədəcəyəm.
21 Əhdimi isə gələn il bu vaxt Saranın sənə
doğacağı İshaqla saxlayacağam».
22 Allah İbrahimlə söhbətini bitirərək ondan ayrılıb
yuxarı çəkildi. 23 İbrahim oğlu İsmaili, evində doğulan bütün nökərləri, satın aldığı hər
kəsi – öz evində kişi cinsindən olan bütün adamları götürüb həmin gün Allahın ona
dediyi kimi sünnət etdi. 24 Sünnət əti kəsilən vaxt İbrahim doxsan doqquz yaşında idi.
25 Oğlu İsmail isə sünnət əti kəsilən vaxt on üç yaşında idi. 26 İbrahim oğlu İsmaillə birgə
həmin gün sünnət olundu. 27 Onunla birgə evdəki bütün kişilər – evində doğulan və
yadellilərdən satın alınmış hər kəs sünnət olundu.
Yaradılış 18
İbrahimə oğlu olacağı barədə vəd verilməsi
1 Mamre palıdının yanında Rəbb İbrahimə göründü; bu zaman o, günün istisində çadırın
girəcəyində oturmuşdu. 2
O, başını qaldırıb baxanda qarşısında üç adamın dayandığını
gördü. Onları görən kimi çadırın girəcəyindən onları qarşılamağa qaçdı və yerə qədər
əyilib dedi: 3
«Ey ağam, əgər indi gözündə lütf tapdımsa, qulunun yurdundan yan keçmə.
4
İndi bir az su gətirərlər, ayaqlarınızı yuyub, ağac altında dincələrsiniz. 5 Mən isə bir
parça çörək gətirərəm ki, canınıza qüvvət gəlsin. Ondan sonra gedərsiniz, çünki siz
qulunuzun yanından keçirdiniz». Onlar dedilər: «Dediyin kimi elə».
6
İbrahim çadıra –
Saranın yanına qaçıb dedi: «Tez ol, üç sea narın un götürüb xəmir yoğur və kökə bişir».
7
İbrahim mal-qaraya tərəf qaçdı. Oradan körpə və yaxşı bir buzov götürüb nökərinə
verdi. Nökər də onu hazırlamaq üçün tələsdi. 8
İbrahim kəsmiyi, südü və hazırladığı
buzovu götürüb onların qabağına qoydu, özü isə ağacın altında, onların yanında durdu.
Onlar da yedilər. 9
Sonra İbrahimə dedilər: «Arvadın Sara haradadır?» O dedi: «Burada
çadırdadır». 10 Onlardan biri dedi: «Gələn il bu vaxt yenə də sənin yanına gələcəyəm.
Onda arvadın Saranın bir oğlu olacaq». Sara onun arxasında, çadırın girəcəyində durub
qulaq asırdı. 11 İbrahim və Sara qocalıb yaşa dolmuşdular. Sara aybaşıdan kəsilmişdi. 12
O, ürəyində gülüb dedi: «Qocaldığım halda mənə belə şadlıq üz verə bilərmi? Ağam da
qocadır». 13 Rəbb İbrahimə dedi: «Sara nə üçün “Qocaldıqdan sonra mən uşaq doğa
bilərəmmi?” deyib güldü? 14 Rəbb üçün çətin bir şey varmı? Gələn il bu vaxt Mən yenə
sənin yanında olacağam və Saranın bir oğlu olacaq». 15 Sara qorxduğu üçün «gülmədim»
deyib inkar etdi. Ancaq Rəbb dedi: «Xeyr, güldün». 16 O adamlar qalxıb oradan Sodoma
tərəf baxdılar. İbrahim onları yola salmaq üçün onlarla birgə getdi.
İbrahimin Sodom üçün yalvarması
17 O vaxt Rəbb dedi: «Mən edəcəyim şeyi İbrahimdən gizlədəcəyəmmi? 18 Həqiqətən,
İbrahimdən böyük və güclü bir millət törəyəcək, onun vasitəsilə yer üzünün bütün
millətləri xeyir-dua alacaq. 19 Çünki Mən onu seçdim ki, oğullarına və özündən sonrakı
nəslinə saleh və ədalətli işlər görmək üçün Rəbbin yolu ilə getməyi tapşırsın. Rəbb də
İbrahim barədə dediyi sözü yerinə yetirsin». 20 Rəbb yenə dedi: «Sodom və Homorraya
qarşı qalxan fəryad böyük, oranın adamlarının günahı çox ağırdır. 21 Buna görə də aşağı
enib baxacağam ki, Mənə çatan fəryadın doğru olub-olmadığını bilim». 22 O adamlar
oradan dönüb Sodoma getdilər, ancaq İbrahim hələ də Rəbbin önündə dururdu. 23 İbrahim
yaxın gəlib dedi: «Doğrudanmı, Sən salehi də günahkarla birgə məhv edəcəksən? 24 Əgər
bu şəhərdə əlli nəfər saleh adam olsa, Sən yenə də oranı məhv edəcəksən? Əlli nəfər
saleh adamın xatirinə bu yerə rəhm etməyəcəksən? 25 Axı Sən bunu eləməzsən, saleh
adamı günahkarla birgə öldürməzsən. Saleh adamın aqibətini günahkarınkı kimi
etməzsən, Sən bunu eləməzsən. Bütün dünyanın Hakimi belə ədalətsizlik etməz».
26 Rəbb
dedi: «Əgər Sodom şəhərində əlli nəfər saleh adam tapsam, onların xatirinə bütün bu yerə
rəhm edəcəyəm». 27 İbrahim cavab verdi: «Mən önündə toz və kül kimi bir şey olsam da,
indi bunu Rəbbə söyləməyə cəsarət edirəm: 28 əlli nəfərdən beş nəfər az saleh adam
tapılsa, beş nəfər əskik olduğu üçün bütün şəhəri məhv edərsənmi?» Rəbb dedi: «Əgər
orada qırx beş nəfər tapsam, şəhəri dağıtmayacağam». 29 İbrahim yenə Onu dilə tutub
dedi: «Əgər orada qırx nəfər tapılsa, necə?» Rəbb dedi: «Qırx nəfərin də xatirinə bunu
etmərəm». 30 İbrahim dedi: «Mən çox danışdığım üçün Rəbb qəzəblənməsin: əgər orada
otuz nəfər tapılsa, necə?» Rəbb dedi: «Əgər orada otuz nəfər də tapılsa, bunu etmərəm».
31 İbrahim dedi: «Mən yenə də Rəbbə bunu söyləməyi cəsarət edirəm: orada iyirmi nəfər
tapılsa, necə?» Rəbb dedi: «İyirmi nəfərin də xatirinə oranı məhv etmərəm». 32 İbrahim
dedi: «Qoy Rəbb qəzəblənməsin ki, mən son dəfə danışacağam: orada on nəfər tapılsa,
necə?» Rəbb dedi: «On nəfərin də xatirinə oranı məhv etmərəm». 33 Rəbb İbrahimlə
söhbətini bitirib getdi. İbrahim də öz yerinə qayıtdı.
Yaradılış 19
Sodom və Homorranın məhv olması
1 Axşam iki mələk Sodoma gəldi. Lut şəhərin darvazası yanında oturmuşdu. O, mələkləri
gördü, qalxıb onları qarşıladı və yerə qədər əyilib dedi: 2
«Ağalarım, qulunuzun evinə
girib gecələyin və ayaqlarınızı yuyun. Səhər qalxıb yolunuza davam edərsiniz». Onlar
dedilər: «Yox, biz gecəni şəhər meydanında keçirəcəyik». 3
Lut onları çox dilə tutdu,
axırda onlar Lutla birgə onun evinə getdilər. Lut onları qonaq edib mayasız çörəklər
bişirdi və onlar yedilər.
4 Ancaq onlar yatmazdan əvvəl cavandan tutmuş qocaya qədər
Sodom şəhərinin hər məhəlləsindən olan kişilər evi əhatəyə aldılar. 5 Adamlar Lutu
çağırıb ona dedilər: «Bu gecə sənin yanına gələn adamlar haradadır? Onları bizim
yanımıza gətir ki, onlarla yaxınlıq edək». 6
Lut bayıra – onların yanına çıxıb arxasınca
qapını örtdü. 7 O dedi: «Qardaşlarım, pislik etməyin. 8 Mənim ərə getməmiş iki qızım var.
Qızlarımı sizin yanınıza gətirim, onlara nə istəyirsiniz, edin. Ancaq bu adamlara
toxunmayın, çünki onlar mənim evimin qonaqlarıdır». 9 Kişilər qışqırıb dedilər: «Geri
çəkil! Bu adam burada qəribdir, ancaq ağalıq edir. İndi səninlə onlardan da pis rəftar
edəcəyik». Onlar Luta hücum edib qapını qırmaq üçün yaxınlaşdılar. 10 Onda içəridəki
mələklər əllərini uzadıb Lutu evin içinə – öz yanlarına saldılar və qapını bağladılar.
11 Evin qapısı arxasında duran adamları kiçikdən tutmuş böyüyə qədər kor etdilər. Bu
səbəbdən adamlar qapını tapa bilmədilər.
12 Mələklər Luta dedilər: «Burada daha kimin
var? Bu şəhərdə kürəkənlərin, oğulların, qızların – nəslindən olan hər kəs varsa, hamısını
bu yerdən çıxart, 13 çünki biz bu yeri məhv edəcəyik. Bu xalqın əleyhinə qalxan fəryad
Rəbbə gəlib çatmışdır, buna görə də Rəbb bizi göndərib ki, onu məhv edək». 14 Lut gedib
qızlarını almaq istəyən kürəkənlərinə dedi: «Qalxıb bu yerdən çıxın, çünki Rəbb şəhəri
məhv edəcək». Ancaq kürəkənləri güman etdilər ki, o zarafat edir. 15 Səhər açılanda
mələklər Lutu tələsdirərək dedilər: «Qalx yanındakı arvadını və iki qızını götür get, yoxsa
şəhərdəkilərin günahlarına görə məhv olacaqsan». 16 Lut yavaş tərpəndi. Rəbb ona
mərhəmət etdiyinə görə həmin şəxslər onun, arvadının və iki qızının əlindən tutub
şəhərdən kənara çıxartdılar. 17 Onları çıxaran zaman mələklərdən biri dedi: «Öz canını
qurtar, arxana baxma. Bu düzənliyin heç yerində qalma, dağa qalx, yoxsa həlak olarsan».
18 Lut onlara dedi: «Aman, ağam! 19 İndi bu qulun sənin gözündə lütf tapdı və canımı
xilas etməklə mənə göstərdiyin xeyirxahlığını çoxaltdın. Ancaq dağa çata bilmərəm,
çünki bəla mənə də yetişə bilər və həlak olaram. 20 Yaxınlıqda qaça biləcəyim kiçik bir
şəhər var. Qoy oraya qaçıb canımı qurtarım. Axı o şəhər kiçikdir». 21 Mələklərdən biri
Luta dedi: «Sənin xatirinə bunu da edərəm: dediyin şəhəri dağıtmaram. 22 Tez ol, oraya
qaç! Sən oraya çatmamış Mən bir şey etməyəcəyəm». Buna görə də o şəhər Soar adlandı.
23 Günəş doğanda Lut Soara gəldi. 24 Rəbb Sodom və Homorranın üzərinə göydən odlu
kükürd yağdırdı, 25 bu şəhərləri, bütün düzənliyi, oranın bütün sakinlərini və torpaqda
bitən hər şeyi məhv etdi. 26 Ancaq Lutun arvadı dönüb geriyə baxdı və duz sütununa
çevrildi. 27 İbrahim səhər erkən qalxıb Rəbbin önündə durduğu yerə getdi. 28 Oradan
Sodom və Homorraya, bütün düzənliyə baxdı. O, yerdən ocaq tüstüsü kimi bir tüstü
qalxdığını gördü. 29 Allah düzənlikdəki şəhərləri məhv etdiyi zaman İbrahimi xatırladı,
buna görə də Lutun yaşadığı şəhərləri dağıdarkən onu fəlakət içindən çıxartdı.
Lut və onun qızları
30 Lut iki qızı ilə birgə Soardan çıxıb dağda yaşadı, çünki Soarda yaşamaqdan qorxurdu.
O, iki qızı ilə bir mağarada qaldı. 31 Onun böyük qızı kiçiyinə dedi: «Atamız qocalıb və
bu dünyada insan adətinə görə yanımıza girməyə bir kişi yoxdur. 32 Gəl atamıza şərab
içirək və onunla yataq ki, öz atamızdan nəslimiz olsun». 33 Onlar o gecə atalarına şərab
içirdilər. Böyük qız içəri girib atası ilə yatdı, atası isə onun nə vaxt yatıb-durduğunu
bilmədi. 34 O biri gün böyük qız kiçiyinə dedi: «Mən dünən gecə atamla yatdım. Gəl bu
gecə də ona şərab içirək və sən də onunla yat ki, öz atamızdan nəslimiz olsun». 35 O gecə
yenə atalarına şərab içirdilər. Kiçik qız qalxıb onunla yatdı, atası isə onun nə vaxt yatıbdurduğunu
bilmədi. 36 Lutun iki qızı beləcə atalarından hamilə oldu. 37 Böyük qız bir oğul
doğdu və onun adını Moav qoydu. O, indiki Moavlıların əcdadıdır. 38 Kiçik qız da bir
oğul doğdu və onun adını Ben-Ammi qoydu. O, indiki Ammonluların əcdadıdır.
Yaradılış 20
İbrahim və Avimelek
1
İbrahim Mamredən Negev torpağına köçdü və Qadeşlə Şur arasında məskən saldı. Sonra
bir müddət Gerarda qaldı. 2
İbrahim orada arvadı Sara barəsində «bu mənim bacımdır»
söylədi. Gerar padşahı Avimelek adam göndərib Saranı apardı. 3 Ancaq gecə yuxuda
Allah Avimelekə görünüb dedi: «Apardığın qadına görə sən öləcəksən, çünki o, bir
nəfərin arvadıdır». 4 Avimelek qadına toxunmamışdı. O dedi: «Ya Rəbb, məgər sən
günahsız xalqı öldürə bilərsən? 5 O adam mənə “bu mənim bacımdır” demədimi? Qadın
özü də “o mənim qardaşımdır” dedi. Mən bunu sadədillik və təmiz niyyətlə etdim».
6 Allah yuxuda dedi: «Mən də bilirəm ki, sən bunu sadədilliklə etdin. Buna görə də səni
ona toxunmağa qoymayaraq Mənə qarşı günah etməkdən saxladım. 7
İndi isə qadını ərinə
qaytar, çünki o, peyğəmbərdir. Sənin üçün dua edər, salamat qalarsan. Ancaq qadını
qaytarmasan, özün və bütün nəslin hökmən öləcək». 8 Avimelek səhər tezdən qalxıb
bütün adamlarını çağırdı və bu sözləri onların qarşısında söylədi. Adamlar çox qorxdular.
9 Avimelek İbrahimi çağırıb ona dedi: «Bizə nə etdin? Sənə qarşı nə günah etdim ki,
özümün və padşahlığımın üzərinə bu böyük təqsiri gətirdin? Mənə qarşı nalayiq işlər
etdin». 10 Avimelek yenə İbrahimə dedi: «Bu işi görəndə nə düşünürdün?» 11 İbrahim
dedi: «Düşünürdüm ki, burada Allah qorxusu yoxdur və arvadıma görə məni
öldürəcəklər.
12 O, doğrudan da, mənim bacımdır: atamız birdir, ancaq anamız ayrıdır.
Mən onu arvad aldım. 13 Allah məni ata evimdən qürbətə apardığı vaxt ona dedim:
“Mənə bu cür yaxşılıq elə: gedəcəyimiz hər yerdə mənim barəmdə ‹bu mənim
qardaşımdır› söylə”». 14 Avimelek İbrahimə qoyun-keçi, mal-qara, qullar və qarabaşlar
verdi. Arvadı Saranı da ona qaytardı. 15 Avimelek dedi: «Mənim ölkəm sənin önündədir:
istədiyin yerdə yaşaya bilərsən». 16 Sonra Saraya dedi: «Bax qardaşına min parça gümüş
verdim. Qoy bu gümüş sənin yanındakılara günahsızlığını göstərən bir sübut olsun və hər
kəs sənin günahsız olduğunu bilsin». 17 İbrahim Allaha dua etdi, Allah da Avimelekə,
onun arvadına və cariyələrinə şəfa verdi: onların uşaqları oldu. 18 Çünki Rəbb İbrahimin
arvadı Saradan ötrü Avimelekin evində olan bütün qadınların bətnini bağlamışdı.
Yaradılış 21
İshaqın doğulması
1 Rəbb dediyi kimi Saraya nəzər saldı və ona söylədiyi sözü yerinə yetirdi: 2
Sara hamilə
oldu və İbrahimin qocalıq çağında – Allahın ona söylədiyi vaxt bir oğul doğdu. 3
İbrahim
Saradan doğulan oğluna İshaq adını qoydu. 4
Allahın İbrahimə əmr etdiyi kimi o, oğlu
İshaqı doğulandan səkkiz gün sonra sünnət etdi. 5
İshaq doğulanda İbrahimin yüz yaşı var
idi. 6
Sara dedi: «Allah mənim üzümü güldürdü. Bunu eşidən hər kəs mənimlə birgə
güləcək». 7 O yenə dedi: «Kim İbrahimə deyərdi ki, Sara uşaq əmizdirəcək? Amma
qocalıq çağında mən ona bir oğul doğmuşam».
Həcər və İsmailin evdən qovulması
8 Uşaq böyüyüb süddən kəsildi. İshaqın süddən kəsildiyi gün İbrahim böyük bir ziyafət
verdi. 9
Sara gördü ki, Misirli Həcərin İbrahimə doğduğu oğlu ona gülür. 10 Sara
İbrahimə dedi: «Bu cariyəni və onun oğlunu qov. Bu cariyənin oğlu mənim oğlum
İshaqla birgə varis olmayacaq». 11 Bu iş İbrahimi çox narahat etdi, çünki İsmail də onun
oğlu idi. 12 Allah İbrahimə dedi: «Uşaqdan və cariyəndən ötrü narahat olma. Saranın
sənə söylədiyi bütün sözlərə qulaq as, çünki İshaqdan törəyənlər sənin nəslin adlanacaq.
13 Amma cariyənin oğlundan da bir millət törədəcəyəm, çünki o da sənin nəslindir».
14 İbrahim səhər tezdən qalxdı, çörək və bir tuluq su götürüb çiyninə qoyaraq Həcərə
verdi. Uşağı da ona verib onu yola saldı. Həcər gedib Beer-Şeva çölündə dolaşdı.
15 Tuluqda su qurtardı. O, oğlunu bir kolun altına qoydu. 16 Sonra oradan bir ox məsafəsi
qədər aralanıb uzaqda oturdu. «Oğlumun ölümünü görməyim» dedi və uşağın qarşısında
oturub hönkür-hönkür ağladı. 17 Allah uşağın səsini eşitdi. Allahın mələyi göylərdən
Həcəri çağırıb dedi: «Sənə nə olub, Həcər? Qorxma, çünki uşağın oturduğu yerdən Allah
onun səsini eşitdi. 18 Qalx uşağı qaldır, onu qucağına götür. Mən ondan böyük bir millət
törədəcəyəm». 19 Allah Həcərin gözlərini açdı və o, bir su quyusu gördü. Gedib tuluğu su
ilə dolduraraq uşağa içirtdi. 20 Allah bu uşaqla idi. O böyüyüb, çöldə yaşamağa başladı və
mahir oxatan oldu. 21 O, Paran çölündə məskən saldı. Anası ona Misir torpağından bir
arvad aldı.
İbrahimin Avimeleklə əhdi
22 O zaman Avimelek və onun ordu başçısı Pikol İbrahimə dedilər: «Sən nə etsən, Allah
səninlədir. 23 İndi burada Allahın haqqına mənə and iç ki, nə mənə, nə oğluma, nə də
nəvəmə xəyanət edəcəksən: mən sənə sadiq olduğum kimi sən də mənə və qaldığın
torpağın adamlarına sadiq ol». 24 İbrahim «mən and içirəm» dedi. 25 Avimelekin
adamlarının qəsb etdiyi su quyusundan ötrü İbrahim Avimeleki məzəmmət etdi.
26 Avimelek dedi: «Bilmirəm, bu işi kim etdi. Sən də mənə bildirmədin, mən ancaq indi
eşidirəm». 27 İbrahim qoyun-keçi və mal-qara alıb Avimelekə verdi. Beləcə ikisi bir əhd
bağladı. 28 İbrahim sürüsündən yeddi dişi quzunu ayırıb qoydu. 29 Avimelek İbrahimə
dedi: «Ayırıb qoyduğun bu yeddi dişi quzu nə üçündür?» 30 O dedi: «Bu yeddi dişi
quzunu məndən götür ki, bu quyunu qazdığıma şəhadət olsun». 31 Buna görə də o buranı
Beer-Şeva adlandırdı, çünki onların ikisi də orada and içdi. 32 Beləcə Beer-Şevada əhd
bağladılar. Sonra Avimelek və onun ordu başçısı Pikol qalxıb Filiştlilərin ölkəsinə
qayıtdılar. 33 İbrahim Beer-Şevada bir yulğun ağacı əkdi və orada əbədi Allah olan Rəbbə
sitayiş etdi. 34 İbrahim Filiştlilərin ölkəsində uzun müddət qaldı.
Yaradılış 22
İbrahimin sınağa çəkilməsi
1 Bir müddət sonra Allah İbrahimi sınağa çəkdi. O «Ey İbrahim!» deyə çağırdı. İbrahim
«Buradayam!» dedi. 2 Allah dedi: «Sevdiyin yeganə oğlunu – İshaqı götürüb Moriya
torpağına get. Orada sənə göstərəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim
et». 3
İbrahim səhər tezdən qalxdı və eşşəyini palanladı. Özü ilə iki nökərini və oğlu
İshaqı götürdü. O, yandırma qurbanı üçün odun yardı və qalxıb Allahın dediyi yerə
yollandı. 4
İbrahim üçüncü gün başını qaldırıb uzaqdan o yeri gördü. 5 O, nökərlərinə
dedi: «Siz eşşəklə birlikdə burada qalın, mən uşaqla oraya gedəcəyəm. Səcdə edib,
yanınıza qayıdarıq». 6
İbrahim yandırma qurbanı üçün odun götürüb oğlu İshaqın
kürəyinə qoydu, odu və bıçağı isə özü götürdü. Onlar birlikdə getdilər. 7
İshaq atası
İbrahimi çağırdı: «Ay ata!» O cavab verdi: «Buradayam, oğlum». İshaq dedi: «Od və
odun var, bəs yandırma qurbanı olacaq quzu haradadır?» 8
İbrahim dedi: «Oğlum,
yandırma qurbanı olacaq quzunu Allah Özü hazırlayacaq». Onlar birlikdə getdilər. 9
Sonra Allahın İbrahimə göstərdiyi yerə gəldilər. İbrahim orada bir qurbangah düzəldib
odunları düzdü və oğlu İshaqın əl-qolunu bağlayıb qurbangaha, odunların üstünə qoydu.
10 İbrahim əlini uzadıb oğlunun başını kəsmək üçün bıçağı götürdü. 11 Rəbbin mələyi
göylərdən onu çağırdı: «İbrahim, İbrahim!» O «Mən buradayam!» dedi. 12 Mələk dedi:
«Uşağa əl qaldırma və ona bir şey etmə. İndi bildim ki, sən Allahdan qorxursan; öz
yeganə oğlunu Məndən əsirgəmədin». 13 İbrahim başını qaldırıb baxdı və arxasında
buynuzları kolluğa ilişmiş bir qoç gördü. İbrahim gedib qoçu götürdü və oğlunun əvəzinə
yandırma qurbanı olaraq təqdim etdi. 14 İbrahim o yeri Yahve-İre adlandırdı; buna görə
də indiyə qədər belə deyilir: «Rəbbin dağında hazırlanacaq». 15 Rəbbin mələyi yenə
göylərdən İbrahimi çağırıb dedi: 16 «Rəbb bəyan edir: “Öz varlığıma and içirəm ki, sən
bu işi etdiyinə və yeganə oğlunu əsirgəmədiyinə görə
17 Mən sənə böyük xeyir-dua
verəcəyəm, nəslini göydəki ulduzlar və dəniz kənarındakı qum qədər artırıb
çoxaldacağam. Sənin nəslin öz düşmənlərinin şəhərlərinə sahib olacaq. 18 Dünyanın
bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə
qulaq asdın”». 19 Sonra İbrahim öz nökərlərinin yanına qayıtdı və onlar qalxıb Beer-
Şevaya getdilər. İbrahim Beer-Şevada sakin oldu.
Naxorun nəsli
20 Bir müddət sonra İbrahimə xəbər verib söylədilər: «Budur, Milka qardaşın Naxora
oğullar doğdu: 21 ilk oğlu Us, onun qardaşı Buz, Aramın atası olan Qemuel, 22 Kesed,
Xazo, Pildaş, İdlaf və Betuel». 23 Betueldən Rivqa törədi. Bu səkkiz övladı Milka
İbrahimin qardaşı Naxora doğdu. 24 Onun adı Reuma olan cariyəsi də Tebahı, Qahamı,
Taxaşı və Maakanı doğdu.
Yaradılış 23
Saranın ölümü
1 Sara yüz iyirmi yeddi il yaşadı; o bu qədər ömür sürdü. 2
Sara Kənan torpağında olan
Qiryat-Arbada, yəni Xevronda öldü. İbrahim yas tutub ağlamaqdan ötrü Saranın
cəsədinin yanına getdi. 3
İbrahim cəsədin yanından gedib Xetlilərə dedi: 4
«Mən sizin
aranızda qərib və qonağam. Yanınızda qəbir düzəltmək üçün mənə torpaq sahəsi satın ki,
öz ölümü götürüb orada basdırım». 5 Xetlilər İbrahimə cavab verdilər: 6
«Ey ağamız, bizə
qulaq as: sən aramızda Allahın qoyduğu bir başçısan, öz ölünü də qəbirlərimizin ən
yaxşısında basdır; ölünü basdırmaq üçün bizdən heç kəs qəbrini səndən əsirgəməz».
7
İbrahim qalxıb o ölkənin xalqı olan Xetlilərə təzim etdi. 8
Sonra onlarla danışıb dedi:
«Əgər siz mənim ölümü basdırmağa razısınızsa, mənə qulaq asın: mənim üçün Sohar
oğlu Efrondan xahiş edin ki, 9
tarlasının qurtaracağında ona məxsus olan Maxpela
mağarasını mənə satsın, yanınızda qəbir düzəltmək üçün onu tam dəyəri ilə mənə versin».
10 Efron Xetlilərin arasında oturmuşdu. Xetli Efron şəhər darvazasının yanına yığılan
bütün Xetlilərin önündə İbrahimə belə cavab verdi: 11 «Yox, ağam, mənə qulaq as: mən
tarlanı və orada olan mağaranı sənə verirəm, öz xalqımın adamları önündə onu sənə
verirəm; get ölünü basdır». 12 İbrahim o ölkənin xalqına təzim etdi. 13 Sonra o ölkənin
xalqının yanında Efrona belə dedi: «Xahiş edirəm, mənə qulaq as: tarlanın dəyərini
verirəm, onu məndən götür, qoy mən də öz ölümü orada basdırım». 14 Efron İbrahimə
cavab verdi: 15 «Ay ağam, mənə qulaq as: torpağın qiyməti dörd yüz şekel gümüşdür;
mənimlə sənin aranda bu nədir? Ölünü basdır». 16 İbrahim Efronun sözünü qəbul edib
Xetlilərin yanında Efronun dediyi kimi tacirlərin tərəzi daşları ilə dörd yüz şekel gümüş
çəkdi. 17 Beləcə Mamre qarşısındakı Maxpelada olan Efronun tarlası, oradakı mağara,
tarlada və onun ərazisində olan bütün ağaclar 18 Xetlilərin gözü önündə – şəhər
darvazasında yığılanların qarşısında İbrahimin mülkü oldu. 19 Bundan sonra İbrahim
arvadı Saranı Kənan torpağında olan Mamre, yəni Xevron qarşısındakı Maxpela
tarlasının mağarasında basdırdı. 20 Beləcə Xetlilər tarlanı və orada olan mağaranı qəbir
düzəltmək üçün İbrahimə mülk verdilər.
Yaradılış 24
İshaq və Rivqa
1 İbrahim qocalıb yaşa dolmuşdu. Rəbb hər şeydə ona xeyir-dua vermişdi. 2 Bir gün
İbrahim evində bütün işləri idarə edən qulbaşıya dedi: «Əlini budumun altına qoyub
3
göyün və yerin Allahı Rəbbin adına mənə and iç ki, oğluma aralarında yaşadığım
Kənanlıların qızlarından arvad almayacaqsan, 4
ancaq mənim ölkəmə, qohumlarımın
yanına gedib oğlum İshaq üçün arvad alacaqsan». 5 Nökər ona dedi: «Bəlkə qız mənimlə
birgə bu ölkəyə gəlməyə razı olmadı? Onda oğlunu sənin çıxdığın ölkəyə aparımmı?»
6
İbrahim ona dedi: «Bax oğlumu oraya aparma. 7 Məni atamın evindən və
doğulduğum torpaqdan çıxaran, mənimlə danışan və and içərək “bu torpağı sənin nəslinə
verəcəyəm” deyən göylərin Allahı Rəbb Öz mələyini sənin önündə göndərəcək və sən
oradan oğluma arvad alıb gətirəcəksən. 8 Əgər o qadın səninlə gəlmək istəməsə, sən bu
anddan azad olursan. Ancaq mənim oğlumu oraya aparma». 9 Nökər əlini ağası İbrahimin
budu altına qoyub bu işə görə ona and içdi. 10 Nökər ağasından on dəvə və ən yaxşı
hədiyyələr götürüb getdi və Aram-Naharayimə, Naxor şəhərinə gəldi. 11 Axşam qadınlar
su çəkmək üçün çıxdıqları zaman onun dəvələri şəhərin kənarında olan su quyusunun
yanında dayandı. 12 Sonra dua etdi: «Ya Rəbb, ağam İbrahimin Allahı, yalvarıram, bu
gün işimi avand elə və ağam İbrahimə xeyirxahlıq göstər. 13 Mən bu bulağın yanında
dururam; şəhər sakinlərinin qızları su çəkmək üçün buraya gəlirlər.
14 Qoy elə olsun ki,
mənim “xahiş edirəm, səhəngini endir, su içim” deyəcəyim və mənə “özün də iç və
dəvələrinə də verim” söyləyəcək qız qulun İshaq üçün təyin etdiyin arvad olsun; bundan
bilərəm ki, ağama xeyirxahlıq edirsən». 15 O, duasını bitirməmişdi ki, İbrahimin qardaşı
Naxorun arvadı Milkadan doğulan oğlu Betuelin qızı Rivqa çiynində səhəng gəldi. 16 Qız
görünüşcə çox gözəl idi və hələ bakirə idi. O, bulağa endi və səhəngini doldurub yuxarı
qalxdı. 17 Nökər onun qabağına qaçıb dedi: «Xahiş edirəm, səhəngindən mənə bir az su
ver, içim». 18 Qız dedi: «Ağam, buyur iç». Qız tez səhəngini əli üstünə endirdi və ona su
verdi. 19 Ona su verəndən sonra dedi: «Dəvələrin üçün də su çəkim, içib doysunlar».
20 Qız tez səhəngini təknəyə boşaltdı, su çəkmək üçün cəld quyunun yanına qaçdı və
nökərin bütün dəvələri üçün su çəkdi. 21 O adam sakit duraraq diqqətlə qıza baxırdı ki,
Rəbbin onun yoluna xeyir-dua verib-vermədiyini bilsin. 22 Dəvələr su içib qurtaranda o
adam çəkisi bir beqa olan qızıl burun sırğası, qızın qolları üçün çəkisi on şekel olan iki
bilərzik götürüb dedi: 23 «Mənə de görüm, sən kimin qızısan? Atanın evində bizə gecə
qalmaq üçün yer tapılarmı?» 24 Qız ona dedi: «Mən Milkanın Naxora doğduğu Betuelin
qızıyam». 25 Yenə dedi: «Bizdə saman da, yem də çoxdur və gecələməyə yer də var».
26 O adam əyilib Rəbbə səcdə etdi. 27 Sonra dedi: «Ağam İbrahimin Allahı Rəbbə alqış
olsun ki, xeyirxahlığını və sədaqətini ağamdan əsirgəmədi: Rəbb məni birbaş ağamın
qardaşının evinə gətirdi». 28 Qız qaçıb anasının evində bu barədə danışdı. 29 Rivqanın bir
qardaşı var idi, adı Lavan idi. Lavan çıxıb o adamın yanına – bulağa qaçdı. 30 O, bacısının
burun halqasını və qollarındakı bilərziyi görəndə, bacısı Rivqanın «bu adam mənimlə
belə danışdı» sözlərini eşidəndə o adamın yanına gəldi. O, bulaq başında dəvələrin
yanında dayanmışdı. 31 Lavan dedi: «Ey Rəbbin xeyir-dua verdiyi adam, içəri gir. Nə
üçün bayırda durursan? Mən sənə otaq və dəvələrinə yer hazırlamışam». 32 O adam evə
girdi. Lavan dəvələrin yükünü boşaltdı, onlara saman və yem verdi, o adama və onunla
birgə olanlara ayaqlarını yumaq üçün su verdi. 33 Onların qabağına yemək gətirildi, ancaq
həmin adam dedi: «Məqsədimi söyləməyincə yeməyəcəyəm». Lavan dedi: «Söylə».
34 O
dedi: «Mən İbrahimin nökəriyəm. 35 Rəbb ağama çoxlu xeyir-dua verdi: onu varlandırdı,
ona qoyun-keçi, mal-qara, qızıl-gümüş, qullar, qarabaşlar, dəvələr və eşşəklər verdi.
36 Ağamın arvadı Sara da qoca ikən ağama bir oğul doğdu. Ağam özünə məxsus olan hər
şeyi ona verdi. 37 Sonra da məni and içdirərək dedi: “Ölkələrində yaşadığım Kənanlıların
qızlarından oğluma arvad alma, 38 ancaq atamın evinə – qohumlarımın yanına gedib
oradan oğluma bir arvad al”. 39 Mən ağama dedim: “Bəlkə o qadın mənimlə gəlmədi”.
40 O mənə dedi: “Önündə davrandığım Rəbb səninlə Öz mələyini göndərəcək, yolun
uğurlu olacaq və qohumlarımın arasından – atamın evindən oğluma bir arvad alacaqsan.
41 Qohumlarımın yanına getdiyin zaman içdiyin anddan azad olacaqsan: əgər o qızı sənə
verməsələr, içdiyin anddan azad olacaqsan”. 42 Mən də bu gün bulağın yanına gəlib dua
etdim: “Ey ağam İbrahimin Allahı Rəbb, yalvarıram, getdiyim yolu aç. 43 İndi mən
bulağın yanında dururam; su çəkməyə gələn və mənim ona ‹xahiş edirəm, mənə
səhəngindən bir az su ver, içim› deyəcəyim, 44 onun da mənə ‹sən də iç, dəvələrinə də
gedib su çəkim› söyləyəcək qız ağamın oğlu üçün Rəbbin təyin etdiyi arvad olsun”.
45 Mən ürəyimdə dua etməyi qurtarmamışdım ki, Rivqa səhəngi çiynində gəldi və bulağa
enib su çəkdi. Ona dedim: “Xahiş edirəm, mənə su ver”. 46 O tez səhəngini çiynindən
endirib dedi: “Sən iç, gedim dəvələrinə də su verim”. Mən içdim, o isə dəvələrə su verdi.
47 Ondan soruşdum: “Sən kimin qızısan?” O dedi: “Milkanın Naxora doğduğu Betuelin
qızıyam”. Mən də onun burnuna halqa və qollarına bilərziklər taxdım. 48 Sonra əyilib
Rəbbə səcdə etdim. Ağamın qardaşı qızını oğluna almaq üçün məni birbaş buraya gətirən
ağam İbrahimin Allahı Rəbbə şükür etdim. 49 İndi mənə deyin görüm, siz ağama
xeyirxahlıq və sədaqət göstərmək istəyirsiniz ya yox? Bunu mənə bildirin ki, mən də nə
edəcəyimi bilim». 50 Lavan və Betuel ona belə cavab verdilər: «Bu iş Rəbdən oldu; sənə
nə yaxşı, nə də pis söz deyə bilərik. 51 Bax Rivqa qarşındadır: onu götürüb get və qoy o,
Rəbbin söylədiyi kimi ağanın oğluna arvad olsun». 52 İbrahimin nökəri onların sözlərini
eşidəndə yerə qapanıb Rəbbə səcdə etdi. 53 Nökər qızıl-gümüş şeylər və paltarlar çıxarıb
Rivqaya verdi. Onun qardaşına və anasına da qiymətli şeylər bağışladı. 54 Özü və onunla
birgə olan adamlar yeyib-içdilər və orada gecələdilər. Səhər qalxanda nökər dedi: «Məni
ağamın yanına göndərin». 55 Qızın qardaşı ilə anası dedilər: «Qoy qız bizimlə heç olmasa
on gün qalsın, sonra gedər». 56 Nökər onlara dedi: «İndi ki Rəbb mənə yol açdı, məni
gecikdirməyin, buraxın ağamın yanına gedim». 57 Onlar dedilər: «Qoy qızı çağırıb öz
dilindən eşidək». 58 Rivqanı çağırıb ona dedilər: «Bu adamla gedirsənmi?» O da
«gedirəm» dedi. 59 Onlar bacıları Rivqanı, onun dayəsini, İbrahimin nökərini və onunla
olan adamları yola saldılar. 60 Rivqaya xeyir-dua verib dedilər: «Ey bacımız,
Minlərlə, on minlərlə övlada ana olasan!
Qoy nəslin yağıların yurduna sahib olsun!»
61 Rivqa və qulluqçuları qalxıb dəvələrə mindilər və o adamla birgə getdilər. Beləliklə,
nökər Rivqanı götürüb getdi. 62 İshaq Beer-Laxay-Roi yolu ilə gəldi, çünki o, Negev
torpağında yaşayırdı. 63 Axşam düşəndə İshaq bir qədər düşünmək üçün çöllüyə getdi. O,
başını qaldırıb baxanda gördü ki, dəvələr gəlir. 64 Rivqa da başını qaldırıb İshaqı görəndə
dəvədən düşdü. 65 O, nökərdən soruşdu: «Bizi qarşılamaq üçün çöllüyə gələn bu adam
kimdir?» Nökər «ağamdır» dedi. Rivqa rübəndini üzünə çəkib örtündü. 66 Nökər baş
vermiş bütün işlər barədə İshaqa danışdı. 67 İshaq Rivqanı anası Saranın yaşadığı çadıra
apardı və Rivqa onun arvadı oldu. İshaq onu sevdi və anasının ölümündən sonra onunla
təsəlli tapdı.
Yaradılış 25
İbrahimin ölümü
(1 Saln. 1:32<33 - )
1
İbrahim başqa bir arvad aldı. Onun adı Qetura idi. 2 Qetura ona bunları doğdu: Zimran,
Yoqşan, Medan, Midyan, İşbaq və Şuah. 3 Yoqşandan Səba və Dedan törədi. Dedanın
nəsilləri: Aşşurlular, Letuşlular, Leumlular. 4 Midyanın oğulları: Efa, Efer, Xanok, Avida
və Eldaa. Bunların hamısı Qeturanın övladlarıdır. 5
İbrahim özünə məxsus olan hər şeyi
İshaqa verdi. 6 Cariyələrinin oğullarına isə hədiyyələr verdi. Sağlığında onları oğlu
İshaqın yanından şərq torpağına tərəf göndərdi. 7
İbrahim yüz yetmiş beş il ömür sürdü.
8 O, uzun ömür sürdü, qoca vaxtında son nəfəsini verərək ölüb əcdadlarına qoşuldu.
9 Oğulları İshaq və İsmail onu Mamre qarşısında olan Maxpela mağarasında, Xetli Sohar
oğlu Efronun tarlasında basdırdılar. 10 O tarlanı İbrahim Xetlilərdən satın almışdı.
İbrahim və arvadı Sara orada basdırıldı. 11 Allah İbrahimin ölümündən sonra oğlu İshaqa
xeyir-dua verdi. İshaq Beer-Laxay-Roidə yaşayırdı.
İsmailin oğulları
(1 Saln. 1 :28 –31 )
12 Saranın qarabaşı Misirli Həcərin İbrahimə doğduğu İsmailin nəsil tarixçəsi belədir.
13 Doğulma sırasına görə İsmailin oğullarının adları belədir: İsmailin ilk oğlu Nevayot,
Qedar, Adbeel, Mivsam, 14 Mişma, Duma, Massa, 15 Xadad, Tema, Yetur, Nafiş və
Qedma; 16 İsmailin oğulları bunlardır, kəndləri və obaları ilə birgə onların adları belədir.
Onlar öz tayfalarının on iki başçısı idi. 17 İsmail yüz otuz yeddi il ömür sürdü. O, ömrünü
başa vurdu və ölüb əcdadlarına qoşuldu. 18 İsmailin nəsilləri Xaviladan Şura qədər olan
ərazidə məskən saldı. Şur Aşşura gedərkən Misirin qarşısındadır. Onlar qardaşlarının
yaşadığı yerin qarşısında yerləşmişdi.
Yaqub və Esav
19 İbrahimin oğlu İshaqın tarixçəsi belədir: İbrahimdən İshaq törədi. 20 İshaq PaddanAramdan
Aramlı Lavanın bacısı, Aramlı Betuelin qızı Rivqanı arvad alanda qırx yaşında
idi. 21 İshaq arvadı üçün Rəbbə yalvardı, çünki o, sonsuz idi. Rəbb İshaqın yalvarışını
eşitdi, onun arvadı Rivqa hamilə oldu. 22 Rivqanın bətnindəki uşaqlar çarpışmağa başladı.
O da «Niyə bu iş başıma gəldi?» deyib bu barədə Rəbdən soruşmağa getdi. 23 Rəbb ona
dedi: «Sənin bətnində iki millət var,
Sənin qarnından iki xalq çıxacaq.
Bir xalq o biri xalqdan güclü olacaq,
Böyüyü kiçiyinə qulluq edəcək».
24 Rivqanın doğmaq vaxtı çatanda məlum oldu ki, onun bətnində əkizlər var. 25 İlk
doğulan uşağın bütün dərisi qırmızı və tüklü cübbə kimi idi. Onda onun adını Esav
qoydular. 26 Ondan sonra qardaşı doğuldu. O, əli ilə Esavın topuğundan tutmuşdu. Onun
adını Yaqub qoydular. Onların doğulduğu vaxt İshaq altmış yaşında idi. 27 Uşaqlar
böyüdü. Esav mahir ovçu və çöl adamı oldu. Yaqub isə çadırlarda yaşayan mülayim bir
adam oldu. 28 İshaq Esavı sevirdi, çünki onun ovladığı heyvanlar İshaqın xoşuna gəlirdi.
Rivqa isə Yaqubu sevirdi. 29 Bir gün Yaqub şorba bişirirdi. Esav isə çöldən yorğun gəldi.
30 Esav Yaquba dedi: «Bu qırmızı şorbadan bir az ver, yeyim, çünki acmışam». Buna
görə də ona Edom adı verildi. 31 Yaqub dedi: «Əvvəlcə ilk oğulluq haqqını mənə sat».
32 Esav dedi: «Bir halda ki mən acından ölürəm, ilk oğulluq haqqı nəyimə lazımdır?» 33
Yaqub dedi: «Əvvəlcə mənə and iç». Esav ona and içdi və ilk oğulluq haqqını Yaquba
satdı. 34 Yaqub Esava çörək və mərci şorbası verdi. Esav yeyib-içdi, sonra qalxıb getdi.
Beləcə Esav ilk oğulluq haqqına etinasızlıq etdi.
Yaradılış 26
İshaq və Avimelek
1
İbrahimin yaşadığı dövrdə olan aclıqdan başqa, ölkədə daha bir aclıq oldu. İshaq Gerara,
Filiştlilərin padşahı Avimelekin yanına getdi. 2 Rəbb ona görünüb dedi: «Misirə getmə,
sənə söylədiyim ölkədə məskən sal, 3
bu torpaqda qal. Mən səninlə olacağam və sənə
xeyir-dua verib bütün bu ölkələri sənə və nəslinə verəcəyəm; atan İbrahimə içdiyim andı
yerinə yetirəcəyəm.
4 Nəslini göydəki ulduzlar qədər çoxaldacağam və bütün bu ölkələri
nəslinə verəcəyəm. Yer üzünün bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq.
5 Çünki İbrahim sözümə qulaq asıb Mənim buyruğuma, əmrlərimə, qaydalarıma və
qanunlarıma əməl etdi». 6
İshaq da Gerarda yaşadı. 7
O ölkənin sakinləri İshaqın arvadı
barədə soruşanda «bu mənim bacımdır» dedi, çünki «mənim arvadımdır» deməyə
qorxdu. Öz-özünə dedi: «Yoxsa Rivqadan ötrü bu yerin adamları məni öldürərlər». Rivqa
görünüşcə çox gözəl idi. 8
İshaq orada uzun müddət qaldı. Bir gün Filiştlilərin padşahı
Avimelek pəncərədən baxıb gördü ki, İshaq arvadı Rivqanı əzizləyir. 9 Avimelek İshaqı
çağırıb dedi: «O ki sənin arvadındır. Bəs niyə onun barəsində “bu mənim bacımdır”
dedin?» İshaq ona dedi: «Çünki istəmədim ki, ondan ötrü ölüm». 10 Avimelek dedi: «Bu
nə işdir başımıza gətirdin? Az qalmışdı ki, xalqdan biri sənin arvadınla yatsın. Beləcə bizi
günaha batıracaqdın». 11 Sonra Avimelek «bu adama və onun arvadına toxunan mütləq
öldürüləcək» deyə bütün xalqa elan etdi. 12 İshaq o torpaqda toxum əkdi və o il yüz qat
məhsul aldı. Beləcə Rəbb ona xeyir-dua verdi. 13 Bu şəxs böyük adam oldu. Çox böyük
adam olana qədər get-gedə yüksəldi. 14 Onun çoxlu qoyun-keçisi, mal-qarası və
xidmətçiləri olduğuna görə Filiştlilər ona paxıllıq etməyə başladı. 15 Atası İbrahimin
dövründə atasının qullarının qazdığı bütün quyuları Filiştlilər qapayıb torpaqla
doldurmuşdular. 16 Avimelek İshaqa dedi: «Yanımızdan get, çünki bizdən çox güclü
oldun». 17 İshaq oradan getdi, Gerar vadisində məskən saldı və orada qaldı. 18 İshaq atası
İbrahimin dövründə qazılmış su quyularını yenə qazdı, çünki Filiştlilər İbrahimin
ölümündən sonra onları qapamışdılar. O, atasının qoyduğu adları yenə onlara verdi.
19 İshaqın qulları vadidə torpağı qazdılar və bir içməli su quyusu tapdılar. 20 Gerar
çobanları «su bizimdir» deyib İshaqın çobanları ilə mübahisə etdilər. O, quyunun adını
Eseq qoydu, çünki onun üstündə mübahisə etmişdilər.
21 Onlar başqa bir quyu qazdılar.
Onun üçün də mübahisə etdilər. İshaq bu quyunun adını Sitna qoydu. 22 İshaq oradan
köçüb başqa bir quyu qazdı. Ancaq onun üçün mübahisə etmədilər, buna görə də İshaq
onun adını Rexovot qoyub dedi: «İndi Rəbb bizə genişlik verdi və biz bu torpaqda
çoxalacağıq». 23 İshaq oradan Beer-Şevaya getdi. 24 O gecə Rəbb ona görünüb dedi:
«Mən atan İbrahimin Allahıyam. Qorxma, çünki Mən səninləyəm. Qulum İbrahimə görə
sənə xeyir-dua verəcəyəm və nəslini çoxaldacağam». 25 İshaq orada bir qurbangah
düzəltdi və Rəbbə sitayiş etdi. O özünə çadır qurdu. İshaqın qulları orada bir quyu
qazdılar. 26 O zaman Avimelek məsləhətçisi Axuzzat, ordu başçısı Pikol ilə birgə
Gerardan İshaqın yaşadığı torpağa gəldi. 27 İshaq onlara dedi: «Nə üçün yanıma
gəlmisiniz? Sizin ki məndən acığınız gəlirdi və məni yanınızdan qovdunuz». 28 Onlar
dedilər: «Biz gördük ki, Rəbb, doğrudan da, səninlədir. İndi istəyirik ki, səninlə bizim
aramızda and olsun. Gəl səninlə əhd bağlayaq ki, 29 biz sənə toxunmadığımız və yalnız
yaxşılıq edib sağ-salamat yola saldığımız kimi sən də bizə heç bir pislik etməyəcəksən.
İndi sən Rəbbin xeyir-dua verdiyi adamsan». 30 İshaq onlara ziyafət verdi və onlar yeyibiçdilər.
31 Səhər tezdən qalxıb bir-birlərinə and içdilər. İshaq onları yola saldı və onlar
sağ-salamat onun yanından getdilər. 32 O gün İshaqın qulları gəldilər və qazdıqları quyu
barədə ona bildirərək «su tapdıq» dedilər. 33 İshaq bu quyunun adını Şiva qoydu, buna
görə də şəhərin adı bu günə qədər Beer-Şevadır.
Esavın arvadları
34 Esav qırx yaşında olanda Xetli Beerinin qızı Yehuditi və Xetli Elonun qızı Basmatı
arvad aldı. 35 Onlar İshaqın və Rivqanın ürəklərinə dərd oldu.
Yaradılış 27
İshaqın Yaquba xeyir-dua verməsi
1
İshaq qocalıb gözləri görməyəndə böyük oğlu Esavı yanına çağırıb dedi: «Ay oğlum».
Esav ona «mən buradayam» dedi. 2
İshaq dedi: «Mən artıq qocalmışam, bu gün-sabah
öləcəyəm. 3
İndi silahını, yayını və oxdanını götür, çöllüyə get və mənim üçün heyvan
ovla. 4
Sonra da mənə xoşladığım ləzzətli yeməyi hazırla və gətir ki, yeyim. Onda
ölməmişdən qabaq mən sənə xeyir-dua verərəm». 5
İshaq oğlu Esavla danışarkən Rivqa
eşidirdi. Esav heyvan ovlayıb gətirmək üçün çöllüyə getdi. 6 Rivqa oğlu Yaquba belə
dedi: «Bax mən eşitdim ki, atan qardaşın Esava bu sözləri dedi: 7
“Mənim üçün ov əti
gətir, mənə ləzzətli yemək hazırla ki, yeyim. Sonra sənə ölümümdən qabaq Rəbbin
hüzurunda xeyir-dua verərəm”. 8 Oğlum, indi sənə əmr edəcəyim sözlərə qulaq as: 9
bu
saat sürüyə gedib oradan mənə iki yaxşı oğlaq gətir. Onlardan atanın xoşladığı kimi
ləzzətli yemək hazırlayacağam. 10 Sən də onu yeməsi üçün atana aparacaqsan ki,
ölümündən qabaq sənə xeyir-dua versin». 11 Yaqub anası Rivqaya dedi: «Qardaşım Esav
tüklü bir adamdır, mən isə tüksüzəm.
12 Birdən atam mənə əlini sürtər və mən onun
nəzərində yalançı olaram. Onda üzərimə xeyir-dua yox, lənət gətirərəm». 13 Anası ona
dedi: «Sənə olunacaq lənət mənə gəlsin, oğlum. Ancaq sözümə qulaq as: get, dediyim
şeyi mənə gətir». 14 Yaqub gedib oğlaqları götürdü və anasına gətirdi, anası da onun
atasının xoşladığı kimi ləzzətli yemək hazırladı. 15 Rivqa böyük oğlu Esavın evdə
saxladığı ən gözəl paltarını götürüb kiçik oğlu Yaquba geyindirdi. 16 Onun əllərinə və
boynunun tüksüz yerinə oğlaq dəriləri bağladı. 17 Sonra hazırladığı ləzzətli yeməyi və
çörəyi oğlu Yaqubun əlinə verdi. 18 Yaqub atasının yanına gəlib dedi: «Ay ata». Atası
dedi: «Mən buradayam. Sən kimsən, oğlum?» 19 Yaqub atasına dedi: «Sənin ilk oğlun
Esavam. Dediyin kimi elədim. Qalx otur və gətirdiyim ov ətindən ye ki, mənə xeyir-dua
verəsən». 20 İshaq oğluna dedi: «Necə oldu ki, belə tez ov tapdın, oğlum?» O dedi:
«Sənin Allahın Rəbb mənə uğur verdi». 21 İshaq Yaquba dedi: «Yaxın gəl, oğlum, əlimi
sənə sürtüb bilim ki, doğrudanmı, oğlum Esavsan ya yox?» 22 Yaqub atası İshaqa
yaxınlaşdı. İshaq əlini ona sürtüb dedi: «Səs Yaqubun səsidir, ancaq əllər Esavın
əlləridir». 23 İshaq onu tanımadı, çünki onun əlləri qardaşı Esavın əlləri kimi tüklü idi.
İshaq Yaquba xeyir-dua verdi. 24 O soruşdu: «Doğrudanmı, sən oğlum Esavsan?» Yaqub
dedi: «Bəli». 25 İshaq dedi: «Oğlum, gətirdiyin ov ətini qabağıma qoy, yeyim, sonra da
sənə xeyir-dua verərəm». Yaqub yeməyi onun qabağına qoydu və o yedi, Yaqub ona
şərab gətirdi və o içdi. 26 Atası İshaq Yaquba dedi: «Oğlum, indi yaxınlaş, atanı öp». 27 O
yaxınlaşıb atasını öpdü. İshaq onun paltarının qoxusunu hiss etdi və ona xeyir-dua verib
dedi: «Bax oğlumun qoxusu
Rəbbin xeyir-dua verdiyi
Çölün qoxusu kimidir.
28 Allah sənə göylərin şehini,
Torpağın şirəsini,
Bol buğda və çoxlu təzə şərab versin.
29 Xalqlar sənə qulluq etsin,
Ümmətlər sənə baş əysin.
Öz qardaşlarına ağa ol,
Ananın oğulları sənə baş əysin.
Sənə lənət edənlərə lənət gəlsin,
Sənə xeyir-dua verənlər xeyir-dua alsın».
İshaqın Esava xeyir-dua verməsi
30 İshaq Yaquba xeyir-dua verib qurtarandan sonra Yaqub atası İshaqın yanından çıxar-
çıxmaz qardaşı Esav ovdan qayıtdı. 31 Esav da ləzzətli yemək hazırlayıb atasına gətirdi və
ona dedi: «Atam qalxıb oğlunun gətirdiyi ov ətindən yesin və mənə xeyir-dua versin».
32 Atası İshaq ondan soruşdu: «Sən kimsən?» O cavab verdi: «Mən ilk oğlun Esavam».
33 İshaqın canına bərk titrətmə düşdü və o dedi: «Bəs onda heyvan ovlayıb mənə gətirən
kim idi? Sən gəlməmişdən qabaq hər şeydən yedim və ona xeyir-dua verdim. Xeyir-dua
da onunku oldu». 34 Esav atasının sözlərini eşidəndə ucadan və acı səslə fəryad edib dedi:
«Ay ata, mənə də xeyir-dua ver». 35 İshaq dedi: «Qardaşın hiylə ilə gəlib sənin xeyirduanı
aldı». 36 Esav dedi: «Onu nahaq yerə Yaqub çağırmırlar ki? Bununla ikinci dəfədir
ki, məni aldadır: əvvəl ilk oğulluq haqqımı, indi də xeyir-duamı aldı». Sonra soruşdu:
«Bəs mənə xeyir-dua saxlamamısan?» 37 İshaq Esava cavab verdi: «Onu sənə ağa etdim,
bütün qardaşlarını ona qul olaraq verdim, buğda və təzə şərabla onu təmin etdim. Bəs
sənə nə edim, oğlum?» 38 Esav atasına dedi: «Səndə yalnız bir xeyir-dua varmı, ata?
Mənə də xeyir-dua ver, ata». Esav hönkürüb ağladı. 39 Atası İshaq ona belə cavab verdi:
«Yaşadığın yer torpağın şirəsindən,
Yuxarıda göylərin şehindən uzaq olacaq.
40 Qılıncınla yaşayıb
Qardaşına qulluq edəcəksən.
Amma azad olmaq istəyəndə
Onun boyunduruğunu
Boynundan qırıb atacaqsan».
41 Atası Yaquba xeyir-dua verdiyinə görə Esav qardaşına nifrət etdi. O öz-özünə dedi:
«Atamın matəm günləri yaxınlaşır. O zaman qardaşım Yaqubu öldürərəm».
42 Böyük
oğlu Esavın dediyi sözlər Rivqanın qulağına çatdı. Buna görə də xəbər göndərib kiçik
oğlu Yaqubu çağırdı və ona dedi: «Bax qardaşın Esav səni öldürməklə qisas almaq
istəyir. 43 Oğlum, indi sözümə qulaq as: qalxıb Xarana, qardaşım Lavanın yanına qaç.
44 Qardaşının hirsi soyuyana qədər bir müddət Lavanın yanında qal. 45 Sənə qarşı qəzəbi
sönəndə, ona elədiyini unudanda xəbər göndərib səni oradan çağıraram. Nə üçün bir
gündə ikinizdən də məhrum olum?» 46 Sonra Rivqa İshaqa dedi: «Xetli qızların əlindən
həyatımdan bezdim. Əgər Yaqub da beləcə bu ölkənin qızlarından – Xetli qızlardan
özünə arvad alsa, daha mən niyə yaşayıram?»
Yaradılış 28
İshaqın Yaqubu Lavanın yanına göndərməsi
1
İshaq Yaqubu çağırıb ona xeyir-dua verdi və xəbərdarlıq edərək dedi: «Kənan
qızlarından arvad alma. 2 Qalxıb Paddan-Arama, ana baban Betuelin evinə get. Oradan
dayın Lavanın qızlarından özünə arvad al. 3 Külli-İxtiyar Allah sənə xeyir-dua versin,
səni bəhərli edib nəslini çoxaltsın, səndən çoxlu xalq törəsin; 4
İbrahimin xeyir-duasını
sənə və səninlə birgə nəslinə versin ki, Allahın İbrahimə verdiyi torpağı – qərib kimi
yaşadığın torpağı irs olaraq alasan». 5
İshaq Yaqubu yola saldı. O, Paddan-Arama,
Yaqubla Esavın anası Rivqanın qardaşı Aramlı Betuel oğlu Lavanın yanına getdi.
Esavın üçüncü arvadı
6
Esav gördü ki, İshaq Yaquba xeyir-dua verdi və özünə arvad almaq üçün onu PaddanArama
göndərdi; həm də ona xeyir-dua verən zaman «Kənan qızlarından arvad alma»
deyib xəbərdarlıq etdi. 7 Yaqub da ata-anasına qulaq asıb Paddan-Arama getdi.
8
Esav
gördü ki, Kənan qızları atası İshaqın xoşuna gəlmir. 9
Esav İsmailin yanına getdi. O,
İbrahim oğlu İsmailin qızı Maxalatı arvadlarının üstünə arvad aldı. Maxalat Nevayotun
bacısı idi.
Yaqubun Bet-Eldə yuxu görməsi
10 Yaqub Beer-Şevadan çıxıb Xarana tərəf getdi. 11 Bir yerə çatıb orada gecələdi, çünki
günəş batmışdı. O torpaqdan bir daş götürüb başının altına qoydu və orada yatdı. 12 O,
yuxuda gördü ki, yerin üzərində bir nərdivan durmuş və onun başı göylərə çatmışdır.
Allahın mələkləri onunla çıxıb-düşürdülər. 13 Rəbb nərdivanın üstündə durub deyirdi:
«Mən baban İbrahimin və İshaqın Allahı Rəbbəm. Üstündə yatdığın torpağı sənə və
nəslinə verəcəyəm.
14 Sənin nəslin yerin tozu kimi çox olacaq, qərbə, şərqə, şimala və
cənuba yayılacaq. Yer üzünün bütün tayfaları sənin və nəslinin vasitəsilə xeyir-dua
alacaq. 15 Mən həmişə səninləyəm, gedəcəyin hər yerdə səni qoruyacağam və bu torpağa
qaytaracağam. Dediyimi edənə qədər səni tərk etməyəcəyəm». 16 Yaqub yuxusundan
oyanıb dedi: «Doğrudan da, Rəbb buradadır. Mən isə bunu bilmirdim». 17 Sonra qorxub
dedi: «Bu yer necə də qorxuludur. Bu, Allahın evindən başqa bir şey ola bilməz, bura
göylərin qapısıdır». 18 Yaqub səhər tezdən qalxdı. O, başının altına qoyduğu daşı götürüb
sütun kimi qoydu və üstünə zeytun yağı tökdü. 19 O yerin adını Bet-El qoydu, ancaq
əvvəlcə şəhərin adı Luz idi. 20 Yaqub əhd edib dedi: «Əgər Allah mənimlə olsa, getdiyim
bu yolda məni qorusa, mənə yemək üçün çörək və geymək üçün paltar versə,
21 sağ-
salamat atamın evinə dönsəm, o zaman Rəbb mənə Allah olacaq. 22 Sütun kimi
qoyduğum bu daş da Allahın evi olacaq. Ay Allah, mənə verəcəyin hər şeyin onda birini
Sənə verəcəyəm».
Yaradılış 29
Yaqubun Paddan-Arama gəlişi
1 Yaqub yoluna davam edərək şərq xalqlarının torpağına getdi. 2 O gördü ki, çöllükdə bir
quyu var və onun yanında üç qoyun sürüsü yatıb, çünki quyudan o sürülərə su verirdilər.
Quyunun ağzında böyük bir daş var idi. 3 Bütün sürülər oraya yığılırdı. Adamlar daşı
quyunun ağzından yuvarlayıb qoyunlara su verir və yenə daşı yerinə – quyunun üstünə
qoyurdular. 4 Yaqub onlardan soruşdu: «Ey qardaşlar, haradansınız?» Onlar dedilər: «Biz
Xarandanıq». 5 Yaqub onlara dedi: «Naxorun nəvəsi Lavanı tanıyırsınızmı?» Onlar
dedilər: «Tanıyırıq». 6 Yaqub onlardan soruşdu: «O, sağ-salamatdırmı?» Onlar dedilər:
«Bəli, sağ-salamatdır. Odur, qızı Rəhilə də qoyunlarla gəlir». 7 Yaqub dedi: «Hələ
axşama çox vaxt var, sürülərin yığılma vaxtı deyil. Qoyunlara su verin, sonra aparıb
otarın». 8 Onlar dedilər: «Bütün sürülər yığılmayınca və daş quyunun ağzından
yuvarlanmayınca bunu edə bilmərik, yalnız onda qoyunlara su verə bilərik». 9 Yaqub
onlarla danışarkən Rəhilə atasının qoyunları ilə gəldi, çünki o, çoban idi. 10 Yaqub dayısı
Lavanın qızı Rəhiləni və dayısı Lavanın qoyunlarını görəndə yaxınlaşıb daşı quyunun
ağzından yuvarladı və dayısı Lavanın qoyunlarına su verdi. 11 Yaqub Rəhiləni öpdü və
hönkürtü ilə ağladı. 12 Yaqub atasının qohumlarından və Rivqanın oğlu olduğunu
Rəhiləyə bildirdi. Rəhilə də qaçıb atasına danışdı. 13 Lavan bacısı oğlu Yaqubun gəldiyini
eşidəndə onu qarşılamağa qaçdı. Onu qucaqlayıb öpdü və evinə gətirdi. Yaqub hər şeyi
Lavana danışdı. 14 Lavan ona dedi: «Sən, doğrudan da, mənim sümüyümdən, mənim
ətimdənsən». Yaqub onun yanında bir ay qaldı.
Yaqubun Leanı və Rəhiləni arvad alması
15 Lavan Yaquba dedi: «Məgər qohum olduğun üçün mənə havayı xidmət edəcəksən?
Mənə söylə, haqqın nə olsun?» 16 Lavanın iki qızı var idi: böyüyünün adı Lea, kiçiyininki
Rəhilə idi. 17 Leanın gözləri zəif görürdü, Rəhilə isə çox gözəl və qamətli idi. 18 Yaqub
Rəhiləyə vuruldu və dedi: «Kiçik qızın Rəhilə üçün sənə yeddi il xidmət edərəm».
19 Lavan dedi: «Onu sənə vermək başqa adama verməkdən daha yaxşıdır. Yanımda qal».
20 Yaqub Rəhiləyə görə yeddi il xidmət etdi. Onu sevdiyi üçün bu müddət gözünə bir
neçə gün kimi göründü. 21 Yaqub Lavana dedi: «Vaxtım çatdı; indi arvadımı mənə ver ki,
onun yanına girim». 22 Lavan o torpağın bütün adamlarını topladı və bir ziyafət verdi.
23 Gecə qızı Leanı götürüb Yaqubun yanına apardı. Yaqub onun yanına girdi. 24 Lavan öz
qarabaşı Zilpanı Leaya qulluqçu olmaq üçün verdi. 25 Səhər məlum oldu ki, bu, Leadır.
Yaqub Lavana dedi: «Nə üçün mənimlə belə rəftar etdin? Sənin yanında Rəhilə üçün
xidmət etmədimmi? Bəs məni niyə aldatdın?» 26 Lavan dedi: «Bizim yerdə kiçik qızı
böyüyündən əvvəl ərə vermək olmaz. 27 Bu həftəni bitir, onu da sənə verərik. Onun üçün
də yanımda daha yeddi il xidmət etməlisən». 28 Yaqub belə də etdi: o həftəni bitirdi.
Lavan da qızı Rəhiləni ona arvad olmaq üçün verdi. 29 Öz qarabaşı Bilhanı da qızı
Rəhiləyə qulluqçu olmaq üçün verdi. 30 Yaqub Rəhilənin də yanına girdi. Rəhiləni
Leadan da çox sevdi. O, Lavanın yanında daha yeddi il xidmət etdi.
Yaqubun övladları
31 Rəbb Leanın sevilmədiyini görüb onun bətnini açdı. Rəhilə isə sonsuz idi. 32 Lea
hamilə olub bir oğul doğdu və onun adını Ruven qoyaraq dedi: «Yəqin Rəbb mənim
fağırlığımı gördü. İndi ərim məni sevəcək». 33 O yenə hamilə olub bir oğul doğdu və
dedi: «Rəbb sevilmədiyimi eşidib mənə bunu da verdi». Onun da adını Şimeon qoydu.
34 Lea yenə hamilə olub bir oğul doğdu və dedi: «İndi bu dəfə ərim mənə bağlanacaq,
çünki ona üç oğul doğdum». Buna görə də adını Levi qoydu. 35 O yenə hamilə olub bir
oğul doğdu və dedi: «Bu dəfə Rəbbi mədh edəcəyəm». Buna görə də onun adını Yəhuda
qoydu. Sonra o, bir müddət doğmadı.
Yaradılış 30
1 Rəhilə Yaquba uşaq doğmadığını görəndə bacısına həsəd apardı və ərinə dedi: «Mənə
uşaq ver, yoxsa ölərəm».
2 Yaqubun Rəhiləyə qəzəbi alovlandı və o dedi: «Məgər mən
sənin bətninə bəhər verməyən Allaham?» 3 Rəhilə dedi: «Qarabaşım Bilhanı götür və
yanına gir. Qoy o, dizlərimin üstünə bir uşaq doğsun və ondan uşaqlarım olsun». 4 Rəhilə
qarabaşı Bilhanı ona arvad olmaq üçün verdi və Yaqub onun yanına girdi. 5 Bilha hamilə
olub Yaquba bir oğul doğdu. 6 Rəhilə dedi: «Allah məni haqlı çıxartdı və səsimi eşidib
mənə bir oğul verdi». Buna görə də onun adını Dan qoydu. 7 Rəhilənin qarabaşı Bilha
yenə hamilə olub Yaquba ikinci oğul doğdu. 8 Rəhilə dedi: «Bacımla güclü mübarizəyə
girişib ona üstün gəldim». O, uşağın adını Naftali qoydu. 9
Lea daha doğmadığına görə
qarabaşı Zilpanı götürüb Yaquba arvad olmaq üçün verdi. 10 Leanın qarabaşı Zilpa
Yaquba bir oğul doğdu. 11 Lea «uğur qazandım» deyib onun adını Qad qoydu. 12 Leanın
qarabaşı Zilpa Yaquba ikinci oğul doğdu. 13 Lea dedi: «Xoşbəxtəm, çünki qadınlar məni
bəxtiyar sayacaqlar». O, uşağın adını Aşer qoydu. 14 Ruven buğda biçini vaxtı gedib
tarlada məhəbbət otları tapdı və onları anası Leaya gətirdi. Rəhilə Leaya dedi: «Oğlunun
məhəbbət otlarından mənə də ver». 15 Lea ona dedi: «Ərimi əlimdən aldığın bəs deyilmi?
İndi də oğlumun məhəbbət otlarını almaq istəyirsən?» Rəhilə dedi: «Elə isə qoy ərim
oğlunun məhəbbət otlarının əvəzində bu gecə səninlə yatsın». 16 Yaqub axşam çöldən
gələndə Lea onu qarşılamağa çıxıb dedi: «Mənim yanıma gir, çünki səni oğlumun
məhəbbət otları ilə satın almışam». Yaqub o gecə onunla yatdı. 17 Allah Leanı eşitdi və o
hamilə olub Yaquba beşinci oğlunu doğdu. 18 Lea dedi: «Allah haqqımı verdi, çünki
qulluqçumu ərimə verdim». O, uşağın adını İssakar qoydu. 19 Lea yenə hamilə olub
Yaquba altıncı oğlunu doğdu. 20 O dedi: «Allah mənə yaxşı bir hədiyyə verdi, bu dəfə
ərim mənə hörmət edəcək, çünki ona altı oğul doğdum». O, uşağın adını Zevulun qoydu.
21 Sonra bir qız doğub, adını Dina qoydu. 22 Allah Rəhiləni yada salıb onu da eşitdi və
bətnini açdı. 23 O hamilə olub bir oğul doğdu və dedi: «Allah xəcalətimi götürdü». 24 O
«Rəbb mənə bir oğul da artırsın» deyib uşağın adını Yusif qoydu.
Yaqubun sürülərə sahib olması
25 Rəhilə Yusifi doğandan sonra Yaqub Lavana dedi: «Məni göndər, öz torpağıma və
ölkəmə gedim. 26 Əvəzində sənə xidmət etdiyim arvadlarımı və uşaqlarımı da ver, gedim,
çünki sənə necə xidmət etdiyimi yaxşı bilirsən». 27 Lavan ona dedi: «Əgər indi sənin
gözündə lütf tapdımsa, yanımda qal, çünki baxıcılıq edib sənə görə Rəbbin mənə xeyir-
dua verdiyini gördüm». 28 Sonra dedi: «Haqqını mənə təyin et, verim». 29 Yaqub ona
dedi: «Sənə necə xidmət etdiyimi və mənimlə olan sürülərini necə saxladığımı bilirsən.
30 Çünki mən gəlməmişdən əvvəl sənin malın az idi, sonra isə xeyli çoxaldı; Rəbb mənim
gəlişimlə sənə xeyir-dua verdi. Bəs mən öz ailəm üçün nə vaxt çalışacağam?» 31 Lavan
dedi: «Sənə nə verim?» Yaqub dedi: «Mənə heç nə vermə. Əgər bunu etsən, yenə sənin
sürünü qoruyub ona baxaram: 32 qoy bu gün sənin bütün sürülərinin içindən keçib
qoyunlar arasından hər xallı, zolaqlı qoyunu və qara quzunu, keçilər arasından hər zolaqlı
və xallı keçini ayırım; haqqım da bu olsun. 33 Bundan sonra qarşında olan haqqım üçün
gəldikdə düzlüyüm mənim barəmdə şəhadət edəcək. Qoy keçilərdən xallı və zolaqlı
olmayanı, quzulardan da qara olmayanı oğurlanmış sayılsın». 34 Lavan dedi: «Yaxşı, qoy
dediyin kimi olsun». 35 Amma o həmin gün alabəzək və xallı təkələri, bütün zolaqlı və
xallı keçiləri, ağ keçiləri və bütün qara quzuları ayırıb oğullarının ixtiyarına verdi.
36 Sonra özü Yaqubdan üç günlük yol qədər uzaqlaşdı. Yaqub isə Lavanın qalan sürüsünü
otarırdı. 37 Yaqub ağcaqovaq, badam və çinar ağacından düzəldilmiş təzə çubuqlar
götürdü və çubuqların qabığını soyub ağ rəngli içi üzə çıxana qədər zolaqlar açdı.
38 Sonra qabığını soyduğu çubuqları sürülərin su içmək üçün gəldikləri təknələrə,
heyvanların qabağına qoydu. Onlar gəlib su içəndə döllənirdi. 39 Beləcə heyvanlar
çubuqların qabağında döllənirdi və sürülərdə alabəzək, xallı və zolaqlı heyvanlar
doğulurdu. 40 Yaqub quzuları ayırırdı və sürünün üzünü Lavanın sürüsündə olan bütün
alabəzək və qara heyvanlara tərəf tuturdu. O öz sürüsünü ayrıca qoydu və onları Lavanın
sürüsünə qatmadı. 41 Hər dəfə sürünün qüvvətli heyvanları dölləndikləri zaman Yaqub
təknələrə, sürünün gözləri önünə çubuqlar qoyurdu ki, çubuqlar arasında döllənsinlər.
42 Ancaq heyvanlar zəif olanda onları qoymazdı. Beləcə zəif heyvanlar Lavanın, qüvvətli
heyvanlar isə Yaqubun oldu. 43 Bu adam çox varlandı: onun çoxlu sürüsü, qarabaşı, qulu,
dəvəsi və eşşəyi oldu.
Yaradılış 31
Yaqubun Lavandan qaçması
1 Yaqub Lavanın oğullarının bu sözləri dediklərini eşitdi: «Yaqub atamıza məxsus olan
hər şeyə sahib oldu, bütün bu var-dövləti atamıza məxsus olan əmlakdan əldə etdi».
2 Yaqub Lavanın ona münasibətini gördü, o da Yaqubla əvvəlki kimi rəftar etmirdi.
3 Rəbb Yaquba dedi: «Atalarının ölkəsinə, öz qohumlarının yanına qayıt. Mən səninlə
olacağam». 4 Yaqub xəbər göndərib Rəhiləni və Leanı çöllərə – sürüsünü otardığı yerə
çağırdı. 5 Yaqub onlara dedi: «Mən atanızın münasibətini görürəm ki, mənimlə əvvəlki
kimi rəftar etmir. Ancaq atamın Allahı mənimlədir. 6
Siz bilirsiniz ki, var gücümlə
atanıza xidmət etmişəm. 7 Atanız məni aldatdı və haqqımı on dəfə dəyişdirdi, amma
Allah onu mənə pislik etməyə qoymadı. 8 O, “xallı heyvanlar sənin haqqın olacaq”
deyəndə bütün sürüdə xallı heyvanlar doğuldu. “Sənin haqqın alabəzək heyvanlar olacaq”
deyəndə isə bütün sürüdə alabəzək heyvanlar doğuldu. 9 Beləcə Allah atanızın sürüsünü
alıb mənə verdi. 10 Sürünün dölləndiyi vaxt yuxuda başımı qaldırıb gördüm ki, sürüdəki
heyvanlarla cütləşən təkələr alabəzək, xallı və ləkəlidir. 11 Yuxuda Allahın mələyi mənə
dedi: “Yaqub!” “Mən buradayam!” deyə cavab verdim. 12 O dedi: “İndi başını qaldır, gör
ki, sürüdəki heyvanlarla cütləşən bütün təkələr alabəzək, xallı və ləkəlidir, çünki Lavanın
sənə etdiyi hər şeyi gördüm. 13 Mən Bet-Eldə sənə görünən Allaham. Orada bir sütun
qoyub məsh etdin və Mənim önümdə əhd etdin. İndi qalxıb bu torpaqdan get və
doğulduğun torpağa qayıt”». 14 Rəhilə və Lea ona cavab verdilər: «Məgər atamızın
mülkündə bir payımız ya mirasımız var? 15 Məgər o bizi özgə hesab etmir? Axı o bizi
satıb bizim üçün ödənmiş pulu da xərclədi. 16 Buna görə də Allahın atamızdan aldığı
bütün o var-dövlət bizim və uşaqlarımızındır. İndi sən də Allahın söylədiyi şeylərin
hamısına əməl et». 17 Onda Yaqub qalxıb uşaqlarını və arvadlarını dəvələrə mindirdi.
18 Bütün sürüsünü, qazandığı bütün var-dövlətini, Paddan-Aramda əldə etdiyi öz
sürüsünü sürdü ki, Kənan torpağına, atası İshaqın yanına getsin. 19 Lavan qoyunlarını
qırxmağa gedəndə Rəhilə atasına məxsus olan ev bütlərini oğurladı. 20 Yaqub qaçdığını
bildirməməklə Aramlı Lavanı aldatdı. 21 Beləcə özünə məxsus olan hər şeyi götürüb
qaçdı. O, Fərat çayını keçib Gilead dağlıq bölgəsinə yönəldi.
Lavanın Yaqubu təqib etməsi
22 Yaqubun qaçdığı Lavana üçüncü gün bildirildi. 23 O, qohumlarını özü ilə götürüb yeddi
gün onu təqib etdi və Gilead dağlıq bölgəsində Yaquba çatdı. 24 Allah gecə yuxusunda
Aramlı Lavana görünüb dedi: «Özünü gözlə, Yaquba nə yaxşı, nə də pis söz de».
25 Lavan Yaquba çatdı. Yaqub dağda çadır qurmuşdu. Lavan qohumları ilə birgə Gilead
dağında çadır qurdu. 26 Lavan Yaquba dedi: «Niyə belə etdin? Məndən gizlicə qaçdın və
qızlarımı müharibə əsirləri kimi apardın. 27 Nə üçün gizlicə qaçıb məni aldatdın? Mənə
bunu bildirmədin ki, səni sevinclə, mahnı oxumaqla, dəf və lira çalmaqla yola salım.
28 Məni nəvələrimlə qızlarımı öpməyə qoymadın; ağılsızcasına rəftar etmisən. 29 Sizə
pislik edə bilərdim, ancaq atanızın Allahı dünən gecə mənə belə söylədi: “Özünü gözlə,
Yaquba nə yaxşı, nə də pis söz de”. 30 İndi atanın evi üçün bərk darıxdığına görə çıxıb
gedirsən. Bəs büt allahlarımı niyə oğurlayıb aparırsan?» 31 Yaqub Lavana cavab verdi:
«Qorxub düşündüm ki, qızlarını zorla məndən alarsan. 32 Büt allahlarını isə kimin
yanında tapsan, o sağ qalmayacaq. Qohumlarımızın önündə yoxlayıb məndə nəyini
tapsan, özünə götür». Ancaq Yaqub Rəhilənin onları oğurladığını bilmirdi. 33 Lavan
Yaqubun, Leanın və iki qarabaşın çadırına girdi, ancaq büt allahları tapmadı. O, Leanın
çadırından çıxıb Rəhilənin çadırına girdi. 34 Rəhilə ev bütlərini götürərək dəvənin
yəhərinə qoyub onların üstündə oturmuşdu. Lavan bütün çadırı yoxladı, ancaq onları
tapmadı. 35 Rəhilə atasına dedi: «Hüzurunda qalxa bilmədiyim üçün ağam
qəzəblənməsin, çünki qadın adətinə mübtəlayam». Lavan axtardı, ancaq ev bütlərini
tapmadı. 36 Yaqub qəzəblənib Lavanla mübahisə etdi. O, Lavana söylədi: «Günahım və
təqsirim nədir ki, məni belə təqib edirsən? 37 Bütün şeylərimi yoxladın, bütün ev
şeylərindən nə tapdın? Tapdığın şeyi mənim qohumlarımın və öz qohumlarının qabağına
qoy ki, ikimizin arasında şəhadət olsun. 38 Ötən iyirmi il sənin yanında işlədim,
qoyunların və keçilərin balalarını salmadı, sürülərindəki qoçlarını yemədim. 39 Vəhşi
heyvanların parçaladığı heyvanı sənin yanına gətirməzdim, zərərini özüm çəkərdim. İstər
gündüz, istərsə də gecə oğurlanan hər heyvanı məndən tələb edərdin. 40 Gündüzün istisi,
gecənin soyuğu məni əldən salardı, yuxum gözümdən tökülərdi. 41 İyirmi il sənin evində
qaldım: iki qızın üçün on dörd il və sürün üçün altı il sənə xidmət etdim. Sən isə on dəfə
haqqımı dəyişdirdin. 42 Atamın və İbrahimin Allahı, İshaqın sitayiş etdiyi Allah mənimlə
olmasaydı, indi yəqin məni əliboş yola salardın. Allah əzabımı və əlimin zəhmətini
gördü, dünən gecə sənə xəbərdarlıq etdi». 43 Lavan Yaquba belə cavab verdi: «Qızlar
mənim qızlarım, uşaqlar mənim uşaqlarım, sürülər mənim sürülərim və sənin gördüyün
hər şey mənimdir. Bu gün qızlarıma yaxud onların doğduqları uşaqlara nə edə bilərəm?
44 İndi gəl bir-birimizə əhd edək ki, səninlə mənim aramda şahid olsun». 45 Yaqub bir daş
götürüb sütun kimi qoydu. 46 O öz qohumlarına dedi: «Daş yığın». Onlar daşları götürüb
bir qalaq düzəltdilər və o qalağın yanında yeyib-içdilər. 47 Lavan onun adını YeqarSahaduta
qoydu, Yaqub isə onun adını Qaled qoydu. 48 Lavan dedi: «Bu qalaq bu gün
mənimlə sənin aranda şahiddir». Buna görə də onun adı Qaleddir. 49 Ona həm də Mispa
deyildi, çünki Lavan demişdi: «Bir-birimizdən ayrılan zaman qoy Rəbb səninlə mənim
aramda gözətçi olsun. 50 Söz ver ki, qızlarımı incitməyəcəksən və onların üstünə arvad
almayacaqsan. Bil ki, bizim aramızda bir nəfər şahid olmasa da, Allah aramızda
şahiddir». 51 Lavan yenə Yaquba dedi: «Bax bu da öz aramızda düzəltdiyim qalaq və
sütun! 52 Bu qalaq və sütun şahid olsunlar ki, nə mən sənin tərəfinə – qalağın o tayına
gedəcəyəm, nə də sən pislik etmək üçün mənim tərəfimə – qalağın və sütunun bu tayına
gələcəksən. 53 Qoy İbrahimin, Naxorun və onların atalarının Allahı aramızda hökm
etsin!» Yaqub atası İshaqın sitayiş etdiyi Allaha and içdi. 54 Sonra Yaqub o dağda qurban
kəsdi və qohumlarını çörək yeməyə çağırdı. Onlar çörək yedilər və dağda gecələdilər.
55 Lavan səhər tezdən qalxıb nəvələrini və qızlarını öpdü, onlara xeyir-dua verdi. Sonra
öz yerinə qayıtdı.
Yaradılış 32
Yaqubun Esavla görüşə hazırlaşması
1 Yaqub yoluna davam etdi. Allahın mələkləri ona rast gəldi. 2 Yaqub onları görəndə dedi:
«Bu, Allahın ordugahıdır». O yerin adını Maxanayim qoydu. 3 Yaqub özündən qabaq
Edom çölünə, Seir torpağına, qardaşı Esavın yanına qasidlər göndərdi. 4 Onlara bu əmri
verdi: «Ağam Esava söyləyin ki, qulun Yaqub belə deyir: “Mən Lavanın yanında qalıb
indiyə qədər yaşadım”. 5 Mal-qaram, eşşəklərim, qoyun-keçim, qullarım və qarabaşlarım
oldu. Mən ağama xəbər vermək üçün yanına qasidlər göndərdim ki, sənin gözündə lütf
tapım». 6 Qasidlər Yaqubun yanına qayıdıb dedilər: «Qardaşın Esavın yanına getdik. Özü
də səni qarşılamaq üçün gəlir və yanında dörd yüz nəfər var». 7 Yaqub çox qorxub
həyəcanlandı. Yanında olan adamları, qoyun-keçini, mal-qaranı və dəvələri iki dəstəyə
ayırıb dedi: 8
«Əgər Esav bir dəstəyə hücum edib onları qırsa, arxada qalan dəstə qaça
bilsin». 9
Sonra Yaqub dedi: «Ey babam İbrahimin Allahı, atam İshaqın Allahı Rəbb, Sən
mənə demişdin: “Öz ölkənə və qohumlarının yanına qayıt. Mən sənə yaxşılıq edəcəyəm”.
10 Quluna göstərdiyin bütün xeyirxahlığa və sədaqətə layiq deyiləm; bu İordan çayını
təkcə dəyənəyimlə keçdim, indi isə iki dəstə köçüm var. 11 Yalvarıram, məni qardaşım
Esavın əlindən qurtar. Çünki onun gəlib məni, uşaqlarımla analarını öldürməsindən
qorxuram.
12 Sən dedin: “Hökmən sənə yaxşılıq edəcəyəm, nəslini saysız-hesabsız dəniz
qumu qədər çoxaldacağam”». 13 Yaqub o gecəni orada keçirtdi. Özündə olan hər şeydən
qardaşı Esava hədiyyə olaraq 14 iki yüz keçi, iyirmi təkə, iki yüz qoyun, iyirmi qoç,
15 balaları ilə birgə otuz sağmal dəvə, qırx inək, on buğa, iyirmi dişi və on erkək eşşək
götürdü. 16 Sürüləri ayrı-ayrı qullarına tapşırdı və onlara dedi: «Mənim qabağımda gedin
və bir sürü ilə o biri sürü arasında məsafə saxlayın». 17 Yaqub birinci qula əmr edib dedi:
«Qardaşım Esav sənə rast gəlib “Kimin adamısan, hara gedirsən, qabağındakı bu
heyvanlar kimindir?” deyə soruşanda 18 ona söylə: “Bunlar qulun Yaqubundur, bu da
ağam Esava göndərilmiş hədiyyələrdir. Özü də bizim dalımızca gəlir”». 19 Sonra o, ikinci,
üçüncü quluna və sürülərin dalınca gedən hər kəsə əmr edib dedi: 20 «Esava rast gələndə
ona eyni sözləri söyləyin: “Qulun Yaqub da dalımızca gəlir”». Çünki o öz-özünə deyirdi:
«Əvvəlcə qabağımda göndərdiyim hədiyyələrlə onu rəhmə gətirərəm, sonra onunla
görüşərəm. Bəlkə onda məni qəbul edər».
21 Hədiyyələr Yaqubun qabağında getdi, o isə
gecəni düşərgədə yatdı.
Yaqubun Allahla rastlaşması
22 Yaqub gecə qalxıb iki arvadını, iki cariyəsini və on bir uşağını götürərək Yabboq
çayının keçidindən keçdi. 23 Onları götürüb çayı keçirtdi və özünə məxsus şeyləri də
keçirtdi. 24 Sonra Yaqub tək qaldı. Dan yeri sökülənə qədər bir Şəxs onunla güləşdi.
25 Yaquba üstün gələ bilmədiyini görüb onun budunun oynağına zərbə vurdu. O Şəxslə
güləşərkən Yaqubun budunda oynağı zədələndi. 26 O Şəxs dedi: «Burax, gedim, çünki
səhər açılır». Yaqub dedi: «Mənə xeyir-dua verməsən, Səni buraxmaram». 27 O Şəxs
soruşdu: «Adın nədir?» O dedi: «Yaqub». 28 O Şəxs dedi: «Artıq sənə Yaqub deyil, İsrail
deyiləcək, çünki sən Allahla və insanlarla güləşib üstün gəlmisən». 29 Yaqub soruşdu:
«Xahiş edirəm, adını söylə». O dedi: «Adımı niyə soruşursan?» O Şəxs orada Yaquba
xeyir-dua verdi. 30 Yaqub o yerin adını Peniel qoydu, çünki demişdi: «Allahı üz-üzə
gördüm və salamat qaldım». 31 Yaqub Penieldən keçəndə günəş doğdu. O, bir budundan
axsayırdı. 32 Ona görə bu günə qədər də İsraillilər bud oynağının üzərindəki vətərləri
yeməzlər. Çünki güləşən Şəxs Yaqubun bud oynağının vətərinə toxunmuşdu.
Yaradılış 33
Yaqubun Esavla görüşü
1 Yaqub başını qaldırıb gördü ki, Esav dörd yüz adamla birlikdə gəlir. O, Leanın,
Rəhilənin və iki cariyəsinin uşaqlarını ayırdı: 2
cariyələrlə onların uşaqlarını qabağa, Lea
ilə onun uşaqlarını ortaya, Rəhilə ilə Yusifi isə arxaya qoydu. 3 Özü isə onların qabağına
keçdi və qardaşına yaxınlaşanda yeddi dəfə yerə əyildi. 4
Esav Yaqubu qarşılamaq üçün
qaçıb onu qucaqladı və boynuna sarılıb öpdü. Onlar ağlaşdılar. 5
Esav başını qaldırıb
qadınları və uşaqları görəndə dedi: «Bunlar sənin nəyindir?» Yaqub dedi: «Allahın sənin
quluna lütf etdiyi uşaqlardır». 6 Əvvəl cariyələrlə uşaqları yaxınlaşıb təzim etdilər,
7
sonra
Lea ilə uşaqları yaxınlaşıb təzim etdilər, axırda isə Yusiflə Rəhilə yaxınlaşıb təzim
etdilər. 8
Esav soruşdu: «Rast gəldiyim o biri dəstəni nə üçün göndərmişdin?» Yaqub
dedi: «Ağamın gözündə lütf tapmaq üçün». 9
Esav dedi: «Mənim sürüm çoxdur,
qardaşım, səndə olan sənin olsun». 10 Yaqub dedi: «Yox, xahiş edirəm, indi gözündə lütf
tapdımsa, məndən bu hədiyyələri götür. Çünki sənin üzünü görəndə Allahın üzünü
görmüş sandım, mənə qarşı çox xeyirxah oldun. 11 Xahiş edirəm, sənə gətirilən
hədiyyələri götür. Çünki Allah mənə lütf etdi və indi mənim hər şeyim var». Yaqub təkid
etdikdən sonra Esav hədiyyələri götürdü. 12 Esav dedi: «Köç edib gedək. Mən sizin
qabağınızda gedəcəyəm». 13 Yaqub ona dedi: «Ağam bilir ki, uşaqlar zəifdir, yanımda
olan qoyun-keçi və mal-qara da sağmaldır. Sürüləri bir gün bərk sürsələr, hamısı tələf
olar. 14 Xahiş edirəm, ağam qulundan qabaqda getsin, mən isə ağamın yanına, Seirə
çatana qədər qabağımda olan sürülərin və uşaqların yerişinə görə yavaş sürəcəyəm».
15 Esav dedi: «Mənimlə olan adamların bəzisini səninlə qalmaq üçün qoyum». Yaqub
dedi: «Bu nəyə lazımdır? Mən ancaq ağamın gözündə lütf tapmaq istəyirəm». 16 Esav o
gün yola düşüb Seirə qayıtdı. 17 Yaqub Sukkota köçüb özünə ev tikdi və sürüsünə ağıllar
düzəltdi. Ona görə də bu yerin adını Sukkot qoydular. 18 Yaqub Paddan-Aramdan
qayıtdıqdan sonra sağ-salamat Kənan torpağında olan Şekem şəhərinə gəldi və şəhərin
qarşısında məskən saldı. 19 O, çadırını qurduğu tarla sahəsini Şekemin atası Xamorun
oğullarından yüz parça gümüşlə satın aldı. 20 Yaqub orada bir qurbangah qurub adını ElElohe-İsrail
qoydu.
Yaradılış 34
Dinanın rüsvayçılığı
1
Leanın Yaquba doğduğu qızı Dina o ölkənin qızlarını görməyə çıxdı. 2 O ölkənin ağası
Xivli Xamorun oğlu Şekem onu gördü. Qızı aparıb onunla yatdı və onu zorladı. 3 Onun
ürəyi Yaqubun qızı Dinaya bağlandı. Şekem qızı sevdi və onunla xoş rəftar etdi. 4
Şekem
atası Xamora dedi: «Bu qızı mənə arvad al». 5 Yaqub qızı Dinanın zorlandığını eşitdi,
ancaq oğulları çöldə sürülərinin yanında olduqları üçün onlar gələnə qədər susdu.
6
Şekemin atası Xamor Yaqubla danışmaq üçün onun yanına getdi. 7 Yaqubun oğulları
bunu eşidib çöllükdən gəldilər. Onlar məyus oldular və bərk qəzəbləndilər. Çünki Şekem
Yaqubun qızı ilə yatmaqla İsraili rüsvay etmişdi, belə iş etmək olmazdı. 8 Xamor onlara
belə dedi: «Oğlum Şekemin ürəyi qızınıza bağlanıb. Xahiş edirəm, qızı ona arvad olmaq
üçün verəsiniz. 9 Bizimlə qohum olun: öz qızlarınızı bizə arvad verin, bizim qızlarımızı
özünüzə alın. 10 Bizimlə qalın, ölkə də sizin ixtiyarınızdadır: burada yaşayın, ticarət edin
və mülk sahibi olun». 11 Şekem qızın atasına və qardaşlarına dedi: «Sizin gözünüzdə lütf
tapmaq üçün məndən nə istəsəniz, verərəm.
12 Məndən çoxlu başlıq və hədiyyələr istəyin,
söylədiyiniz hər şeyi verərəm. Ancaq qızı arvad olmaq üçün mənə verin». 13 Yaqubun
oğulları Şekemə və onun atası Xamora hiylə ilə cavab verdilər, çünki Şekem bacıları
Dinanı zorlamışdı. 14 Onlara dedilər: «Biz bunu edə bilmərik, bacımızı sünnətsiz bir
adama ərə verə bilmərik. Bu bizim üçün rüsvayçılıq olar. 15 Ancaq bir şərtlə sizinlə razı
oluruq: bütün kişiləriniz sünnət edilib bizim kimi olsalar, 16 öz qızlarımızı sizə ərə
verərik, sizin qızlarınızı özümüzə alarıq və sizinlə yaşayıb bir xalq olarıq. 17 Əgər bizə
qulaq asmasanız və sünnət olunmasanız, qızımızı götürüb gedəcəyik». 18 Onların sözləri
Xamorun və oğlu Şekemin xoşuna gəldi. 19 Cavan oğlan bu işi dərhal etdi, çünki
Yaqubun qızı çox xoşuna gəlmişdi. Şekem atasının evində ən hörmətli adam idi.
20 Xamor və oğlu Şekem öz şəhərlərinin darvazasına gəldilər və şəhərin adamlarına belə
dedilər: 21 «Bu adamlar bizimlə səmimidir. Qoy bu ölkədə yaşasınlar və ticarət etsinlər.
Bu ölkə onlar üçün kifayət qədər genişdir. Onların qızlarını özümüzə arvad alarıq, öz
qızlarımızı da onlara ərə verərik. 22 Bu adamlar yalnız bir şərtlə bizimlə yaşamağa və bir
xalq olmağa razı olurlar ki, bizim də bütün kişilərimiz onlar kimi sünnət olunsun.
23 Onların sürüləri, mülkləri və heyvanları bizim olmayacaqmı? Gəlin onlarla razılaşaq və
onlar bizimlə yaşasın».
24 Şəhərin bütün sakinləri Xamora və oğlu Şekemə qulaq asdılar:
şəhər əhalisindən olan bütün kişilər sünnət olundu. 25 Üçüncü gün onlar hələ də ağrı
çəkən zaman Dinanın qardaşları – Yaqubun iki oğlu Şimeon və Levi qılınclarını götürüb
maneəsiz şəhərə girdilər və bütün kişiləri qılıncdan keçirtdilər.
26 Xamoru və oğlu Şekemi
də öldürdülər. Dinanı Şekemin evindən götürüb getdilər. 27 Yaqubun oğulları ölənlərin
yanına gəldilər və şəhəri qarət etdilər, çünki bacılarını zorlamışdılar. 28 Onların qoyun-
keçilərini, mal-qaralarını, eşşəklərini, şəhərdə və çöldə olan hər şeyi götürdülər. 29 Bütün
mallarını, uşaqlarını və qadınlarını əsir apardılar, onların evlərində olan hər şeyi qarət
etdilər. 30 Yaqub Şimeona və Leviyə dedi: «Ölkədə yaşayan Kənanlılarda və Perizlilərdə
mənə qarşı nifrət oyadıb məni bəlaya saldınız. Biz sayca azıq, əgər birləşib bizi qırsalar,
özüm də ailəmlə birgə həlak olacağam». 31 Amma onlar dedilər: «Bəs bizim bacımızla bir
fahişə kimi rəftar etmək olarmı?»
Yaradılış 35
Yaqubun Bet-Elə qayıtması
1 Allah Yaquba dedi: «Qalxıb Bet-Elə get və orada qal. Qardaşın Esavın əlindən qaçanda
sənə görünən Allaha orada bir qurbangah düzəlt». 2 Yaqub ailəsinə və onunla olanların
hamısına dedi: «Yanınızda olan özgə büt allahlarını atın və özünüzü pak edib
paltarlarınızı dəyişin. 3 Qalxıb Bet-Elə gedək. Dərdli günümdə mənə cavab verən və
getdiyim yolda mənimlə olan Allaha orada bir qurbangah düzəldəcəyəm».
4 Onlar
yanlarında olan bütün özgə büt allahlarını və qulaqlarındakı sırğaları Yaquba verdilər.
Yaqub bunları Şekem yaxınlığında olan palıdın altında basdırdı. 5 Onlar yola düşdülər.
Allah ətraf şəhərlərin sakinlərini dəhşətə salmışdı və buna görə də onlar Yaqubun
oğullarını təqib etmədilər. 6 Yaqub yanındakı bütün adamlarla birgə Kənan torpağında
olan Luza, yəni Bet-Elə gəldi. 7 Burada bir qurbangah düzəldib o yerin adını El-Bet-El
qoydu, çünki qardaşının əlindən qaçanda Allah Özünü orada Yaquba zahir etmişdi.
8 Rivqanın dayəsi Devora öldü. Onu Bet-Elin aşağısında olan palıdın altında basdırdılar.
Oranın adını Allon-Bakut qoydular. 9 Yaqub Paddan-Aramdan qayıdanda Allah yenə
Yaquba göründü və ona xeyir-dua verdi. 10 Allah ona dedi: «Sənin adın Yaqubdur. Artıq
adın Yaqub çağırılmayacaq, bundan sonra adın İsrail olacaq». Allah onun adını İsrail
qoydu 11
və ona dedi: «Külli-İxtiyar Allah Mənəm. Qoy nəslin artıb çoxalsın. Səndən bir
millət və çoxlu millət törəyəcək, sənin nəslindən çoxlu padşahlar çıxacaq. 12 İbrahimə və
İshaqa verdiyim torpağı sənə verəcəyəm. Səndən sonra da onu sənin nəslinə verəcəyəm».
13 Allah Yaqubla danışdığı yerdə onun yanından yuxarı çəkildi. 14 Yaqub Allahın onunla
danışdığı yerdə bir sütun qoydu, üstünə içmə təqdimi səpdi və sonra üzərinə zeytun yağı
tökdü. 15 Yaqub Allahın onunla danışdığı yerin adını Bet-El qoydu.
Rəhilənin və İshaqın ölümü
16 Onlar Bet-Eldən yola düşdülər. Efrata çatana yaxın Rəhilə doğdu. Onun doğuşu ağır
oldu. 17 Doğuş zamanı ağrı çəkəndə mamaça ona dedi: «Qorxma, yenə də bir oğlun
oldu». 18 O, ölüm ayağında can verərkən oğlunun adını Ben-Oni qoydu, ancaq atası onun
adını Binyamin qoydu. 19 Rəhilə öldü və Efrata, yəni Bet-Lexemə gedən yolda basdırıldı.
20 Yaqub onun qəbri üstünə bir daş qoydu. O bu günə qədər Rəhilənin başdaşıdır. 21 İsrail
yola düşdü və Eder qülləsinin o biri tərəfində çadır qurdu. 22 İsrail bu ölkədə yaşayanda
Ruven gedib atasının cariyəsi Bilha ilə yatdı. İsrail bunu eşitdi. 23 Yaqubun on iki oğlu
var idi. Leanın oğulları: Yaqubun ilk oğlu Ruven, Şimeon, Levi, Yəhuda, İssakar və
Zevulun. 24 Rəhilənin oğulları: Yusif və Binyamin. 25 Rəhilənin qulluqçusu Bilhanın
oğulları: Dan və Naftali. 26 Leanın qulluqçusu Zilpanın oğulları: Qad və Aşer. Yaqubun
Paddan-Aramda doğulan oğulları bunlardır. 27 Yaqub Qiryat-Arbada, yəni Xevronda
olan Mamreyə, atası İshaqın yanına gəldi. İbrahim və İshaq Mamredə qərib idilər.
28 İshaq yüz səksən il ömür sürdü. 29 O qocalıb yaşa dolaraq canını tapşırdı və ölüb
əcdadlarına qoşuldu. Oğulları Esav və Yaqub onu basdırdılar.
Yaradılış 36
Esavın nəsli
(1 Saln. 1 :34 –37 )
1
Esavın, yəni Edomun tarixçəsi belədir. 2
Esav Kənan qızlarından Xetli Elonun qızı
Adanı, Xivli Siveonun qızı Ananın qızı Oholivamanı,
3
həmçinin İsmailin qızı,
Nevayotun bacısı Basmatı arvad aldı. 4 Ada Esava Elifazı doğdu, Basmat isə Reueli
doğdu. 5 Oholivama Yeuşu, Yalamı və Qorahı doğdu; Esavın Kənan torpağında doğulan
oğulları bunlardır. 6
Esav arvadlarını, oğullarını, qızlarını, evindəki adamların hamısını,
sürülərini, bütün heyvanlarını və Kənan torpağında qazandığı bütün var-dövləti götürüb
qardaşı Yaqubun yanından başqa bir torpağa getdi. 7 Çünki əmlakları çox olduğuna görə
bir yerdə yaşaya bilmədilər; sürüləri çox olduğu üçün qaldıqları torpağa sığmırdılar.
8
Esav, yəni Edom Seir dağlıq diyarında məskən saldı. 9
Edomluların əcdadı Esavın Seir
dağlıq diyarındakı tarixçəsi belədir. 10 Esavın oğullarının adları belədir: Esavın arvadı
Adanın oğlu Elifaz, Esavın arvadı Basmatın oğlu Reuel. 11 Elifazın oğulları: Teman,
Omar, Sefo, Qatam və Qenaz. 12 Timna Esavın oğlu Elifazın cariyəsi idi. O, Elifaza
Amaleqi doğdu. Esavın arvadı Adanın nəvələri bunlardır. 13 Reuelin oğulları bunlardır:
Naxat, Zerah, Şamma və Mizza; bunlar Esavın arvadı Basmatın nəvələridir. 14 Esavın
arvadı Siveon qızı Ana qızı Oholivamanın oğulları bunlardır: o, Esava Yeuşu, Yalamı və
Qorahı doğdu. 15 Esav oğullarının başçıları bunlardır: Esavın ilk oğlu Elifazın oğulları:
başçı Teman, başçı Omar, başçı Sefo, başçı Qenaz, 16 başçı Qorah, başçı Qatam, başçı
Amaleq. Edom torpağında Elifazdan olan başçılar bunlardır; onlar Adanın nəvələridir.
17 Esavın oğlu Reuelin oğulları bunlardır: başçı Naxat, başçı Zerah, başçı Şamma, başçı
Mizza. Edom torpağında Reueldən olan başçılar bunlardır; onlar Esavın arvadı Basmatın
nəvələridir. 18 Esavın arvadı Oholivamanın oğulları bunlardır: başçı Yeuş, başçı Yalam,
başçı Qorah; onlar Esavın arvadı Ana qızı Oholivamanın nəslindən olan başçılardır.
19 Bunlar Esavın, yəni Edomun oğullarıdır, bunlar da onların başçılarıdır.
Seirin nəsli
(1 Saln. 1 :38 –41 )
20 Ölkədə yaşayan Xorlu Seirin oğulları bunlardır: Lotan, Şoval, Siveon, Ana, 21 Dişon,
Eser və Dişan. Edom torpağında başçılıq edən Xorlu Seirin oğulları bunlardır. 22 Lotanın
oğulları Xori və Hemam, Lotanın bacısı Timna. 23 Şovalın oğulları bunlardır: Alvan,
Manaxat, Eval, Şefo və Onam. 24 Siveonun oğulları bunlardır: Ayya və Ana; atası
Siveonun eşşəklərini otararkən çöldə isti bulaqlar tapan Ana budur. 25 Ananın övladları
bunlardır: Dişon və Ananın qızı Oholivama. 26 Dişonun oğulları bunlardır: Xemdan,
Eşban, İtran və Keran. 27 Eserin oğulları bunlardır: Bilhan, Zaavan və Aqan. 28 Dişanın
oğulları bunlardır: Us və Aran. 29 Xorlulardan olan başçılar bunlardır: başçı Lotan, başçı
Şoval, başçı Siveon, başçı Ana, 30 başçı Dişon, başçı Eser, başçı Dişan; Seir torpağında
qəbilələrinə görə Xorlu başçılar bunlardır.
Edomun padşahları və başçıları
(1 Saln. 1 :43 –54 )
31 İsraillilərə bir kəs padşahlıq etməzdən əvvəl Edom ölkəsində padşahlıq edən adamlar
bunlardır: 32 Edomda Beorun oğlu Bela padşah oldu. Onun şəhəri Dinhava idi. 33 Bela
öldü və onun yerinə Bosradan olan Zerah oğlu Yovav padşah oldu. 34 Yovav öldü və
onun yerinə Temanlıların torpağından olan Xuşam padşah oldu. 35 Xuşam öldü və onun
yerinə Moav çölündə Midyanlıları qıran Bedad oğlu Hadad padşah oldu. Onun şəhəri
Avit idi. 36 Hadad öldü və onun yerinə Masreqadan olan Samla padşah oldu. 37 Samla
öldü və onun yerinə Rexovot-Hannahardan olan Şaul padşah oldu. 38 Şaul öldü və onun
yerinə Akbor oğlu Baal-Xanan padşah oldu. 39 Akbor oğlu Baal-Xanan öldü və onun
yerinə Hadar padşah oldu. Onun şəhəri Pau idi. Onun arvadının adı Me-Zahav qızı
Matred qızı Mehetavel idi. 40 Esavın nəslindən olan başçıların qəbilələrinə və yerlərinə
görə adları belədir: başçı Timna, başçı Alva, başçı Yetet, 41 başçı Oholivama, başçı Ela,
başçı Pinon, 42 başçı Qenaz, başçı Teman, başçı Mivsar, 43 başçı Maqdiel, başçı İram;
sahib olduqları ölkədə yaşadıqları yerlərə görə Edom başçıları bunlardır. Esav da
Edomluların əcdadıdır.
Yaradılış 37
Yusifin yuxuları
1 Yaqub atasının qərib olduğu Kənan torpağında yaşadı. 2 Yaqubun tarixçəsi belədir.
Yusif on yeddi yaşında bir gənc idi. O öz qardaşları – atalarının arvadları Bilhanın və
Zilpanın oğulları ilə birlikdə sürü otarırdı. Yusif onların pis işləri barədə xəbərləri atasına
çatdırırdı. 3
İsrail Yusifi bütün oğullarından çox sevirdi, çünki Yusif onun qocalıq çağının
oğlu idi. O, Yusifə əlvan paltar tikdirdi. 4 Qardaşları gördülər ki, ataları onlardan çox
Yusifi sevir. Buna görə də ona nifrət etdilər və onunla yaxşı rəftar etmədilər. 5 Bir dəfə
Yusif yuxu gördü və onu qardaşlarına danışdı. Bundan sonra ona daha çox nifrət etməyə
başladılar. 6 Yusif onlara dedi: «Gördüyüm bu yuxuya qulaq asın: 7
biz zəminin ortasında
dərz bağlayırdıq; mənim dərzim qalxıb dik durdu, sizin dərzləriniz isə mənim dərzimi
əhatəyə alıb ona səcdə etdilər». 8 Qardaşları ona dedilər: «Doğrudanmı, sən bizə padşah
olacaqsan, hökmranlıq edəcəksən?» Onlar yuxularına və sözlərinə görə Yusifə daha çox
nifrət etdilər. 9 Yusif başqa bir yuxu gördü və onu qardaşlarına danışıb dedi: «Yenə bir
yuxu gördüm; gördüm ki, günəş, ay və on bir ulduz mənə səcdə edir». 10 O, yuxusunu
atasına və qardaşlarına danışanda atası onu danlayıb dedi: «Bu gördüyün yuxu nə
deməkdir? Doğrudanmı, mən, anan və qardaşların yerə əyilib sənə təzim etmək üçün
gələcəyik?» 11 Qardaşları ona paxıllıq etdilər, atası isə bu sözü yadda saxladı.
Qardaşlarının Yusifi satması
12 Bir gün Yusifin qardaşları atalarının sürüsünü otarmaq üçün Şekemə getdilər. 13 İsrail
Yusifə dedi: «Qardaşların Şekemdə sürü otarırlar. Gəl səni də onların yanına göndərim».
O, atasına dedi: «Getməyə hazıram». 14 İsrail yenə ona dedi: «Get bax, qardaşların
yaxşıdırmı, sürü salamatdırmı? Sonra mənə xəbər gətir». Beləcə onu Xevron vadisindən
yola saldı. Yusif gəlib Şekemə çatdı. 15 Çöldə dolaşarkən bir nəfər ona rast gəldi. Bu
adam «Nə axtarırsan?» deyə ondan soruşdu. 16 O dedi: «Mən qardaşlarımı axtarıram.
Mənə de görüm, onlar sürünü harada otarırlar?» 17 Bu adam dedi: «Buradan getdilər,
çünki mən onların “Dotana gedək” sözlərini eşitdim». Yusif qardaşlarının dalınca düşdü
və onları Dotanda tapdı. 18 Qardaşları onu uzaqdan gördülər. Yusif onların yanına
çatmamış onu öldürmək qərarına gəldilər. 19 Qardaşlar bir-birlərinə dedilər: «Budur, yuxu
görənimiz gəlir. 20 İndi gəlin onu öldürüb bir quyuya ataq, sonra da deyək ki, vəhşi
heyvan onu parçaladı. Onda görərik, yuxuları necə çin çıxır». 21 Ruven bunu eşidib Yusifi
onların əlindən qurtarmaq üçün dedi: «Gəlin ona toxunmayaq». 22 Ruven onlara «qan
tökməyin, onu çöldə olan bu quyuya atın, ancaq ona toxunmayın» dedi. Bunu ona görə
deyirdi ki, Yusifi qardaşlarının əlindən qurtarıb atasının yanına qaytarsın. 23 Yusif
qardaşlarının yanına çatanda onlar Yusifin əyninə geydiyi alabəzək paltarı dartıb
çıxartdılar. 24 Özünü də götürüb quyuya atdılar. Quyu boş idi, orada su yox idi.
25 Qardaşlar çörək yemək üçün oturdular. Onlar başlarını qaldıranda gördülər ki,
Gileaddan İsmaillilərin bir karvanı gəlir. Onların dəvələri ədviyyat, balzam və ətriyyatla
yüklənmişdi və bunları Misirə aparırdılar. 26 Yəhuda qardaşlarına dedi: «Əgər
qardaşımızı öldürüb qətli ört-basdır etsək, bunun nə xeyri olar? 27 Gəlin onu İsmaillilərə
sataq və ona toxunmayaq, çünki qardaşımızdır, biz eyni qandanıq». Qardaşları onun sözü
ilə razılaşdılar. 28 Oradan Midyan tacirləri keçəndə Yusifi quyudan çıxarıb İsmaillilərə
iyirmi gümüşə satdılar. Onlar da Yusifi Misirə apardılar. 29 Ruven quyuya tərəf qayıdıb
gördü ki, Yusif orada yoxdur. O, paltarını cırdı. 30 Sonra qardaşlarının yanına qayıdıb
dedi: «Uşaq yoxdur, bəs mən nə edim?» 31 Onlar Yusifin paltarını götürdülər və bir keçi
kəsib paltarı qana batırdılar. 32 Sonra qardaşlar bu əlvan paltarı götürüb atalarına
gətirdilər və dedilər: «Biz bunu tapdıq: gör, oğlunun paltarıdır ya yox?» 33 O, paltarı
tanıyıb dedi: «Bu, oğlumun paltarıdır; yəqin onu vəhşi bir heyvan yeyib. Həqiqətən,
Yusif parçalanıb». 34 Yaqub öz paltarını cırdı və belinə çul bağladı; o uzun müddət oğlu
üçün yas tutdu. 35 Bütün oğulları və qızları ona təsəlli vermək üçün yığışdı, ancaq o
təsəlli tapmaq istəməyib dedi: «Kədərlə oğlumun yanına – ölülər diyarına enəcəyəm».
Beləcə atası onun üçün ağladı. 36 Midyanlılar isə Yusifi Misirdə fironun bir əyanı olan
mühafizəçilər rəisi Potifara satdılar.
Yaradılış 38
Yəhuda və Tamar
1 O zaman Yəhuda qardaşlarından ayrılaraq Xira adlı Adullamlı bir adamın yanına gedib
məskən saldı. 2 Yəhuda orada Şua adlı Kənanlı bir adamın qızını gördü. Yəhuda qızı
arvad alıb yanına girdi. 3 Qadın hamilə olub bir oğlan doğdu və Yəhuda onun adını Er
qoydu. 4 Qadın yenə hamilə olub bir oğlan doğdu və adını Onan qoydu. 5
Sonra yenə də
bir oğlan doğub, adını Şela qoydu. Qadın onu doğduğu zaman Yəhuda Kezivdə idi.
6 Yəhuda ilk oğlu Er üçün bir arvad aldı, onun adı Tamar idi. 7 Yəhudanın ilk oğlu Er
Rəbbin gözündə pis idi və Rəbb onu öldürdü. 8
Yəhuda Onana dedi: «Qardaşın arvadının
yanına gir, öz qayınlıq vəzifəni yerinə yetirib qardaşın üçün nəsil yetişdir». 9 Onan bilirdi
ki, bu nəsil ona məxsus olmayacaq. Buna görə də qardaşı arvadının yanına girəndə
toxumunu yerə tökərdi ki, qardaşı üçün nəsil yetişdirməsin. 10 Onun etdiyi bu iş Rəbbin
gözündə pis oldu və Rəbb onu da öldürdü. 11 Yəhuda gəlini Tamara dedi: «Atanın evinə
qayıt, oğlum Şela böyüyənə qədər dul olaraq qal». Yəhuda fikirləşdi ki, Şela da qardaşları
kimi ölə bilər. Tamar gedib atasının evində qaldı. 12 Uzun müddətdən sonra Şuanın qızı
olan Yəhudanın arvadı öldü. Yəhuda matəm qurtarandan sonra dostu Adullamlı Xira ilə
birlikdə Timnata sürüsünü qırxanların yanına getdi. 13 Tamara bildirdilər: «Bax qayınatan
sürüsünü qırxmaq üçün Timnata gəlir». 14 Tamar dulluq paltarını əynindən çıxarıb rübənd
örtdü və bürünüb Timnata gedən yolda olan Enayim darvazasının yanında oturdu. Çünki
o görürdü ki, Şela böyüyüb, o isə hələ də Şelaya ərə verilməyib. 15 Yəhuda onu görəndə
elə bildi ki, bir fahişə qadındır, çünki üzünü örtmüşdü. 16 Yəhuda yolunu ona tərəf salıb
dedi: «İcazə ver, sənin yanına girim». Ancaq onun öz gəlini olduğunu bilmədi. Qadın
dedi: «Yanıma girmək üçün mənə nə verirsən?» 17 Yəhuda dedi: «Sürüdən bir oğlaq
göndərərəm». O dedi: «Onu göndərənə qədər mənə girov olaraq bir şey verərsənmi?»
18 Yəhuda soruşdu: «Girov olaraq sənə nə verim?» Qadın dedi: «Öz möhürünü, qaytanını
və əlində olan əsanı». Yəhuda bunları qadına verib yanına girdi. Qadın ondan hamilə
qaldı. 19 Sonra Tamar qalxıb getdi və rübəndini götürüb dulluq paltarını geydi. 20 Yəhuda
qadından girovunu almaq üçün Adullamlı dostunun vasitəsilə oğlağı göndərdi. Ancaq o,
qadını tapmadı. 21 Qadının olduğu yerin adamlarından soruşdu: «Enayimdə yol kənarında
olan fahişə haradadır?» Onlar dedilər: «Burada fahişə yoxdur». 22 O, Yəhudanın yanına
qayıdıb dedi: «Onu tapa bilmədim. O yerin adamları da “burada fahişə yoxdur” dedilər».
23 Yəhuda dedi: «Qoy bu şeylər onunku olsun, ancaq biz bu işdən rüsvay olmayaq. Bax
mən bu oğlağı ona göndərdim, amma sən onu tapmadın». 24 Bundan təxminən üç ay
sonra Yəhudaya bildirdilər: «Gəlinin Tamar zina edib, həm də bu zinadan hamilə qalıb».
Yəhuda dedi: «Onu çıxarıb yandırın». 25 O bayıra çıxarıldığı zaman qayınatasına xəbər
göndərib dedi: «Mən bu şeylərin sahibi olan adamdan hamilə qaldım». Sonra dedi: «Bax
gör, bu möhür, qaytan və əsa kimindir?» 26 Yəhuda bunları tanıyıb dedi: «O məndən
haqlıdır, çünki onu oğlum Şelaya vermədim». Yəhuda onunla bir daha yaxınlıq etmədi.
27 Tamar doğanda məlum oldu ki, bətnində əkiz var. 28 Doğuş vaxtı bir uşaq əlini çıxartdı.
Mamaça götürüb onun əlinə qırmızı ip bağladı və dedi: «Əvvəlcə bu doğuldu». 29 Ancaq
o uşaq əlini geri çəkdi və qardaşı birinci doğuldu. Mamaça dedi: «Özünə necə deşik
açdın?» Buna görə də onun adını Peres qoydular. 30 Ondan sonra əlində qırmızı ip olan
qardaşı doğuldu. Onun adını Zerah qoydular.
Yaradılış 39
Yusif və Potifarın arvadı
1 Yusif Misirə aparıldı. Fironun bir əyanı – mühafizəçilər rəisi Misirli Potifar onu oraya
gətirmiş İsmaillilərdən satın aldı. 2
Rəbb Yusiflə idi və o, işlərində uğur qazanırdı. Yusif
Misirli ağasının evində qalırdı. 3 Ağası gördü ki, Rəbb onunladır və etdiyi hər işdə ona
uğur verir. 4 Yusif ağasının gözündə lütf tapdı və onun şəxsi xidmətçisi oldu. Ağası
Yusifi evinə nəzarətçi təyin etdi və özünə məxsus olan hər şeyi onun ixtiyarına verdi.
5
Evinin və özünə məxsus olan hər şeyin ixtiyarını ona verən vaxtdan bəri Rəbb Yusifə
görə Misirlinin evinə bərəkət verdi, evində, tarlasında və özünə məxsus olan hər şeydə
Rəbbin bərəkəti göründü. 6 Ağası özünə məxsus olan hər şeyi Yusifin ixtiyarına vermişdi,
yediyi yeməkdən başqa, evində olan heç nədən xəbəri yox idi. Yusif gözəl və yaraşıqlı
idi. 7 Bir müddət sonra ağasının arvadının Yusifə gözü düşüb dedi: «Gəl mənimlə yat».
8 Ancaq Yusif bundan imtina edib ağasının arvadına dedi: «Mən burada olarkən ağam
evində nə olduğunu bilmir və özünə məxsus olan hər şeyi mənim ixtiyarıma verib. 9 Bu
evdə isə hətta o məndən böyük deyil və səndən başqa heç bir şeyi məndən əsirgəmədi,
çünki sən onun arvadısan. Bəs mən necə bu böyük pisliyi edib Allahın önündə günaha
bata bilərəm?» 10 Qadın hər gün bunu Yusifə deyirdi, Yusif isə onunla yatmağa, hətta
birgə olmağa razı olmurdu. 11 Bir gün Yusif öz işini görmək üçün evə girdi. İçəridə ev
adamlarından heç kəs yox idi. 12 Qadın «Mənimlə yat!» deyib onun paltarından tutdu.
Yusif paltarını onun əlində qoyub qaçdı və bayıra çıxdı. 13 Qadın onun paltarını əlində
qoyub qaçdığını görəndə
14 ev adamlarını çağırıb dedi: «Baxın, ağanız bu İbranini bizi
təhqir etmək üçün yanımıza gətirib. O mənimlə yatmaq üçün yanıma gəldi, mən isə
ucadan qışqırdım. 15 O, səsimi ucaldıb qışqırdığımı görəndə paltarını yanımda qoyub
qaçdı və bayıra çıxdı». 16 Yusifin ağası evə gələnə qədər qadın onun paltarını özündə
saxladı. 17 Sonra ərinə də bu sözləri söyləyib dedi: «Bizə gətirdiyin bu İbrani qul məni
təhqir etmək üçün yanıma gəldi. 18 Səsimi ucaldıb qışqırdığım zaman paltarını yanımda
qoyub bayıra qaçdı». 19 Yusifin ağası arvadının «sənin qulun mənimlə belə rəftar etdi»
sözlərini eşidəndə bərk qəzəbləndi. 20 Ağası Yusifi götürüb padşahın məhbuslarının
saxlanıldığı zindana təhvil verdi. Yusif zindanda qaldı. 21 Ancaq Rəbb Yusiflə idi və ona
xeyirxahlıq göstərdi. O, zindanın baş nəzarətçisinin gözündə lütf tapdı. 22 Zindanın baş
nəzarətçisi zindanda olan bütün məhbusları Yusifin ixtiyarına verdi. Orada görülən hər
işə o başçılıq edirdi. 23 Zindanın baş nəzarətçisi Yusifin ixtiyarında olan heç nəyə nəzarət
etmirdi, çünki Rəbb Yusiflə idi və etdiyi hər işdə ona uğur verirdi.
Yaradılış 40
Yusif məhbusların yuxusunu yozur
1 Bir müddət sonra Misir padşahının saqisi və çörəkçisi ağaları Misir padşahına qarşı
günah etdilər.
2
Firon bu iki əyanına – baş saqiyə və baş çörəkçiyə bərk qəzəbləndi 3
və
onları mühafizəçilər rəisinin evində – Yusifin məhbus olduğu zindanda saxladı.
4 Mühafizəçilər rəisi Yusifi onlara xidmətçi təyin etdi və Yusif də onlara xidmət etdi.
Onlar bir müddət zindanda qaldılar. 5 Bir gün Misir padşahının zindanda məhbus olan
saqisi və çörəkçisi yuxu gördülər. Hər ikisi bir gecədə müxtəlif mənalı yuxular gördü.
6
Səhər Yusif onların yanına gəldi və kədərli olduqlarını gördü. 7 Yusif onunla birgə
ağasının evində, zindanda olan firon əyanlarından soruşdu: «Niyə bu gün üzünüz
kədərlidir?» 8 Onlar Yusifə dedilər: «Yuxu görmüşük, ancaq onu yozan yoxdur». Yusif
onlara dedi: «Yuxu yozmaq Allahın işi deyilmi? Onu mənə danışın». 9 Baş saqi yuxusunu
Yusifə danışıb dedi: «Yuxumda gördüm ki, önümdə bir üzüm tənəyi var. 10 Tənəkdə üç
budaq var idi. Onlarda tumurcuqlar görünüb çiçək açdı və salxımlar yetişdi. 11 Fironun
piyaləsi mənim əlimdə idi. Üzümləri götürüb fironun piyaləsinə sıxdım və piyaləni firona
verdim». 12 Yusif ona dedi: «Onun yozması belədir: üç budaq üç gündür. 13 Üç gün
ərzində firon səni yüksəldəcək. Səni öz işinə qaytaracaq, sən də onun saqisi olduğun
vaxtdakı kimi əvvəlki qaydaya görə fironun piyaləsini əlinə verəcəksən.
14 Ancaq sənin
vəziyyətin yaxşılaşanda məni yadına sal və xeyirxahlıq göstər. Haqqımda firona danışıb
məni bu yerdən çıxart. 15 Doğrudan da, mən İbranilərin torpağından oğurlanmışam və
burada da zindana salınmağa layiq bir iş görməmişəm». 16 Baş çörəkçi Yusifin yuxunu
yaxşılığa yozduğunu görüb ona dedi: «Mən isə yuxuda gördüm ki, başımın üstündə üç
səbət ağ çörək var. 17 Ən üstdəki səbətdə çörəkçinin firon üçün bişirdiyi hər cür çörək
var. Quşlar başımın üstündəki səbətdən onları yeyirdi». 18 Yusif belə cavab verdi: «Onun
yozması belədir: üç səbət üç gündür. 19 Üç gün ərzində firon sənin başını bədənindən
ayıracaq, özünü də ağacdan asacaq və quşlar sənin ətini didəcək». 20 Üçüncü gün –
fironun ad günü o bütün əyanlarına ziyafət verdi. Baş saqini və baş çörəkçini əyanlarının
önünə çıxartdı. 21 Baş saqini saqiliyinə qaytardı və o, piyaləni fironun əlinə verdi, 22 baş
çörəkçini isə asdırdı; hər şey Yusifin yozduğu kimi oldu. 23 Ancaq baş saqi Yusifi yada
salmadı və onu unutdu.
Yaradılış 41
Fironun yuxuları
1
İki il keçəndən sonra firon belə bir yuxu gördü: o, Nil çayının sahilində dayanmışdı.
2 Çaydan yeddi bəslənmiş və kök inək çıxdı. Onlar qamışlıq içində otlamağa başladı.
3 Onlardan sonra haldan düşmüş və arıq olan başqa yeddi inək Nil çayından çıxdı. Onlar
çayın sahilindəki inəklərin yanında dayandılar. 4 Haldan düşmüş və arıq inəklər
bəslənmiş və kök olan yeddi inəyi yedilər. Onda firon yuxudan oyandı. 5
Sonra yatıb
ikinci dəfə bu yuxunu gördü: bir saplaqdan yeddi dolu və yaxşı sünbül çıxdı. 6 Onlardan
sonra isə cılız və şərq küləyindən yanmış yeddi sünbül bitdi. 7 Cılız sünbüllər yeddi
böyük və dolu sünbülü uddular. Onda firon oyandı; bu bir yuxu idi. 8
Səhəri gün onun
ürəyi narahat oldu. O xəbər göndərib Misirin bütün sehrbazlarını və müdriklərini çağırdı.
Firon onlara öz yuxusunu danışdı, ancaq onların arasında fironun yuxusunu yozan bir
adam tapılmadı. 9 Baş saqi firona belə söylədi: «Mən bu gün öz günahımı yadıma saldım:
10 bir dəfə firon qullarına qəzəbləndi və mənimlə baş çörəkçini zindana, mühafizəçilər
rəisinin evinə saldı. 11 Biz bir gecə yuxu gördük, hər birimiz müxtəlif mənalı yuxular
gördük. 12 Orada bizimlə birgə mühafizəçilər rəisinin qulu olan bir İbrani gənc var idi.
Biz ona danışdıq, o da yuxularımızı yozdu, hər birimizə yuxusunun mənasını izah etdi.
13 O bizə necə yozmuşdusa, elə də oldu: mən öz vəzifəmə qaytarıldım, baş çörəkçi isə
asıldı». 14 Firon xəbər göndərib Yusifi çağırdı. Onu tez zindandan çıxartdılar. O, başını
qırxıb paltarlarını dəyişdi və fironun hüzuruna gəldi. 15 Firon Yusifə dedi: «Bir yuxu
görmüşəm, ancaq onu yozan yoxdur. Mən sənin barəndə eşitmişəm ki, yuxuları eşidib
yoza bilirsən». 16 Yusif firona cavab verdi: «Bu məndən deyil, Allah fironun xeyrinə
cavab verəcək». 17 Firon Yusifə dedi: «Yuxumda gördüm ki, Nil çayının sahilində
durmuşam. 18 Çaydan kök və bəslənmiş yeddi inək çıxdı. Onlar qamışlıq içində otlamağa
başladı. 19 Onlardan sonra halsız, çox cılız və arıq olan başqa yeddi inək çıxdı. Bütün
Misir ölkəsində bunlar kimi cılız inək görməmişəm. 20 Arıq və cılız inəklər əvvəlki yeddi
kök inəyi yedilər.
21 Kök inəklər onların qarınlarına girdiklərinə baxmayaraq, bu
bilinmirdi, onlar əvvəlki kimi arıq idi. Onda oyandım. 22 Yenə yuxumda gördüm ki, bir
saplaqdan yeddi dolu və böyük sünbül çıxdı. 23 Onlardan sonra solğun, cılız və şərq
küləyindən yanmış yeddi sünbül bitdi. 24 Cılız sünbüllər yeddi dolu sünbülü uddular;
bunları sehrbazlara danışdım, ancaq mənə cavab verən tapılmadı». 25 Yusif firona dedi:
«Fironun yuxularının mənası eynidir. Allah etmək istədiyi işi firona bildirdi. 26 Yeddi
bəslənmiş inək yeddi ildir, yeddi dolu sünbül də yeddi ildir; yuxuların mənası eynidir.
27 Onlardan sonra çıxan yeddi arıq, cılız inək və şərq küləyindən yanmış boş yeddi sünbül
də yeddi ildir; yeddi il aclıq olacaq. 28 Firona demək istədiyim sözlər bunlardır. Allah
etmək istədiyi işi firona göstərdi. 29 Bütün Misir torpağında yeddi il böyük bolluq olacaq.
30 Bundan sonra yeddi il aclıq olacaq. Misir ölkəsində olan bütün bolluq yaddan çıxacaq
və aclıq ölkəni əldən salacaq. 31 Ölkədəki bolluq ondan sonra gələn aclıq üzündən
görünməyəcək, çünki aclıq çox ağır olacaq. 32 Firon yuxunu iki dəfə görüb, çünki Allah
belə qərara gəlmişdir və tezliklə bu işi görəcək. 33 Buna görə də firon ağıllı və müdrik bir
adam axtarsın, onu Misir ölkəsinə başçı təyin etsin. 34 Firon ölkədə məmurlar qoymağı
əmr etsin və yeddi il bolluq zamanı Misir torpağının məhsullarının beşdə birini yığsın.
35 Qoy onlar uğurlu olan bu illərin bütün məhsullarını toplasınlar. Taxılı isə azuqə olaraq
şəhərlərdə fironun nəzarəti altında yığıb saxlasınlar. 36 Bu azuqə Misir torpağına gələn
yeddi il aclıq dövrü üçün ehtiyat olacaq, ta ki ölkə əhalisi aclıqdan qırılmasın».
Yusifin Misirdə başçı olması
37 Bu sözlər fironun və onun əyanlarının xoşuna gəldi. 38 Firon əyanlarına dedi: «Bu
adam kimi Allahın Ruhuna malik olan bir kəs tapa biləcəyikmi?» 39 Sonra firon Yusifə
dedi: «İndi ki Allah sənə bütün bu şeyləri bildirdi, deməli, sənin kimi ağıllı və müdrik
adam yoxdur. 40 Sən mənim saray adamlarıma başçılıq edəcəksən və bütün xalqım sənin
əmrinlə idarə olunacaq. Mən yalnız taxtda səndən böyük olacağam».
41 Firon yenə Yusifə
dedi: «Səni bütün Misir ölkəsinə başçı təyin edirəm».
42 Firon öz möhürünü barmağından
çıxarıb Yusifin barmağına taxdı, ona incə kətan paltar geyindirdi və boynuna qızıl zəncir
asdı. 43 Firon əmr etdi ki, onu özünün ikinci arabasına mindirsinlər və qarşısında «Diz
çökün!» deyib bağırsınlar. Beləcə o, Yusifi bütün Misir ölkəsinə başçı qoydu. 44 Firon
Yusifə dedi: «Mən fironam. Bütün Misir ölkəsində heç kəs sənsiz əlini yaxud ayağını
tərpətməyəcək». 45 Firon Yusifin adını Safnat-Paneah qoydu və On şəhərinin kahini PotiFeranın
qızı Asnatı ona arvad olmaq üçün verdi. Yusif bütün Misir ölkəsini gəzməyə
çıxdı. 46 Misir padşahı fironun hüzurunda olarkən Yusif otuz yaşında idi. Yusif fironun
hüzurundan çıxıb bütün Misir ölkəsini dolaşdı. 47 Yeddi bolluq ilində torpaq qucaq-qucaq
məhsul verdi. 48 Yusif yeddi ildə Misir torpağında yığılmış bütün məhsulu topladı. O,
məhsulu şəhərlərə qoydu. Hər şəhərin ətrafında olan tarlada yetişən məhsulu o şəhərdə
saxladı. 49 Yusif dəniz qumu qədər çox taxıl yığdı və daha onu hesablamadı, çünki sayı-
hesabı yox idi. 50 Aclıq illərindən qabaq Yusifin iki oğlu oldu; onları Yusifə On kahini
Poti-Feranın qızı Asnat doğdu. 51 Yusif ilk oğlunun adını Menaşşe qoydu, çünki demişdi:
«Allah bütün zəhmətimi və atamın evindəkilərin hamısını mənə unutdurdu». 52 İkinci
oğlunun adını Efrayim qoydu, çünki demişdi: «Allah əziyyət çəkdiyim torpaqda məni
bəhərli etdi». 53 Misir torpağında yeddi il bolluq qurtardı. 54 Yusifin söylədiyi kimi yeddi
il aclıq başladı. Bütün ölkələrdə aclıq oldu, lakin Misir torpağının hər yerində ərzaq var
idi. 55 Bütün Misir əhalisi aclıq çəkəndə çörək üçün firona fəryad etdi. Firon bütün
Misirlilərə dedi: «Yusifin yanına gedin, onun dediyini edin». 56 Bütün yer üzündə aclıq
oldu. Yusif məhsul olan bütün anbarları açıb Misirlilərə taxıl satırdı. Misir torpağında
aclıq gücləndi. 57 Bütün ölkələrin adamları taxıl almaq üçün Misirə, Yusifin yanına
gəlirdilər, çünki bütün yer üzündə şiddətli aclıq idi.
Yaradılış 42
Yusifin qardaşları Misirə gedir
1 Yaqub öyrəndi ki, Misirdə taxıl var. O öz oğullarına dedi: «Nə üçün bir-birinizə
baxırsınız?» 2
Yenə dedi: «Mən eşitdim ki, Misirdə taxıl var, gedib oradan bizim üçün
taxıl alın ki, ölməyib yaşayaq». 3 Yusifin on qardaşı taxıl almaq üçün Misirə getdi.
4 Ancaq Yaqub Yusifin qardaşı Binyamini qardaşları ilə birgə göndərmədi, çünki
fikirləşirdi ki, onun başına bir fəlakət gələ bilər. 5
Taxıl almağa gələnlər arasında İsrailin
oğulları da var idi, çünki Kənan torpağında da aclıq hökm sürürdü. 6 Yusif ölkənin başçısı
idi və ölkənin bütün əhalisinə də taxılı özü satırdı. Yusifin qardaşları gəlib onun önündə
üzlərini yerə qoyub səcdə etdilər. 7 Yusif qardaşlarını görüb tanıdı, ancaq onlarla yad
adam kimi rəftar edərək sərt danışdı. Yusif onlardan soruşdu: «Haradan gəlirsiniz?»
Onlar dedilər: «Ərzaq almaq üçün Kənan torpağından gəlirik». 8 Yusif qardaşlarını tanıdı,
amma onlar Yusifi tanımadılar. 9
Yusif qardaşları barədə gördüyü yuxuları xatırlayıb
onlara dedi: «Siz casussunuz, ölkənin zəif yerlərini öyrənmək üçün gəlmisiniz».
10 Qardaşları ona dedilər: «Xeyr, ey ağamız, qulların yalnız ərzaq almaq üçün gəliblər.
11 Biz hamımız bir adamın oğullarıyıq. Biz təmiz adamlarıq, qulların casus deyil».
12 Ancaq Yusif onlara dedi: «Xeyr, siz ölkənin zəif yerlərini öyrənmək üçün gəlmisiniz».
13 Onlar dedilər: «Biz qulların on iki qardaşıq və Kənan torpağında bir adamın
oğullarıyıq. Kiçik qardaşımız indi atamızın yanındadır, bir qardaşımız isə yoxa çıxıb».
14 Yusif onlara dedi: «Hər şey mən dediyim kimidir: siz casussunuz, 15
ancaq mən sizi
belə yoxlayacağam: fironun canına and olsun ki, kiçik qardaşınız buraya gəlməsə, siz
buradan gedə bilməyəcəksiniz. 16 Aranızdan bir nəfəri göndərin ki, qardaşınızı gətirsin,
siz isə burada saxlanacaqsınız. Onda sizin düz deyib-demədiyiniz bilinəcək. Yoxsa
fironun canına and olsun ki, siz casussunuz». 17 Yusif üç gün onları zindanda saxladı.
18 Üçüncü gün Yusif onlara dedi: «Dediyimə əməl edib canınızı qurtarın, çünki mən
Allahdan qorxuram. 19 Əgər siz təmiz adamsınızsa, qoy qardaşlarınızdan biri həbs
olunduğunuz yerdə qalsın, siz isə gedib ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl aparın.
20 Sonra kiçik qardaşınızı mənim yanıma gətirin. Beləcə düz dediyinizi biləcəyəm və
canınızı qurtaracaqsınız». Qardaşlar belə də etdilər.
21 Onlar bir-birlərinə dedilər:
«Doğrudan da, biz qardaşımızın qarşısında təqsirkarıq. O bizə yalvardığı vaxt çəkdiyi
əziyyəti gördük, ancaq ona qulaq asmadıq. Buna görə də başımıza bu bəla gəldi». 22
Ruven onlara belə cavab verdi: «Mən demədimmi uşağa pislik etməyin, lakin siz mənə
qulaq asmadınız. İndi isə onun qanına görə cəza çəkirik». 23 Qardaşları Yusifin onları
başa düşdüyünü bilmirdilər, çünki onlar tərcüməçi vasitəsilə danışırdılar. 24 Yusif onların
yanından kənara çəkilib ağladı. Sonra qardaşlarının yanına qayıdıb onlarla söhbət etdi.
Aralarından Şimeonu götürüb qardaşlarının gözü qabağında onun əl-qolunu bağladı.
25 Yusif əmr etdi ki, onların çuvalları taxılla doldurulsun, hər birinin verdiyi pul da öz
çuvalına qoyulsun və onlara yol üçün azuqə verilsin. Belə də edildi. 26 Qardaşlar
taxıllarını eşşəklərinin belinə yükləyib oradan getdilər. 27 Onlardan biri gecələdiyi yerdə
eşşəyinə yem vermək üçün çuvalını açanda öz pulunu gördü: pul çuvalın ağzında idi.
28 O, qardaşlarına dedi: «Pulum özümə qaytarılıb, budur, o, çuvalımın içindədir».
Qardaşların ürəyi həyəcana düşdü və onlar qorxa-qorxa bir-birlərinə dedilər: «Allah
bizim başımıza nə iş gətirdi?» 29 Onlar Kənan torpağına, ataları Yaqubun yanına gəldilər
və başlarına gələn bütün hadisələri ona danışıb dedilər: 30 «O ölkənin başçısı olan adam
bizimlə sərt danışdı, bizi ölkəyə gələn casuslar hesab etdi. 31 Ona dedik: “Biz təmiz
adamlarıq, casus deyilik. 32 Biz bir atanın oğulları, on iki qardaşıq. Bir qardaşımız yoxa
çıxıb, biri də indi Kənan torpağında atamızın yanındadır”. 33 O ölkənin başçısı olan adam
bizə dedi: “Sizin təmiz adam olduğunuzu bundan biləcəyəm: qardaşlarınızdan birini
yanımda qoyub, ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl götürərək gedin. 34 Sonra kiçik
qardaşınızı yanıma gətirin. O zaman sizin casus deyil, təmiz adam olduğunuzu
biləcəyəm. Onda qardaşınızı sizə təhvil verəcəyəm və ölkədə alver edə bilərsiniz”».
35 Qardaşlar çuvallarını boşaldarkən gördülər ki, hər kəsin çuvalında pul kisəsi var. Özləri
və onların atası pul kisələrini görəndə qorxdular. 36 Ataları Yaqub onlara dedi: «Siz məni
övladsız qoydunuz. Yusif yox, Şimeon yox, Binyamini də aparacaqsınız. Bütün bunları
mənim başıma gətirmək istəyirsiniz». 37 Ruven atasına belə dedi: «Əgər onu sənin yanına
gətirməsəm, iki oğlumu öldürərsən. Onu mənim ixtiyarıma ver, mən də onu qaytarıb
yanına gətirəcəyəm». 38 Yaqub dedi: «Oğlum sizinlə getməyəcək, çünki onun qardaşı
ölüb və tək qalıb. Əgər getdiyiniz yolda onun başına bir iş gəlsə, mənim ağ saçlı başımı
kədər içində ölülər diyarına endirəcəksiniz».
Yaradılış 43
Misirə ikinci səfər
1 Kənan torpağında aclıq güclənmişdi. 2 Qardaşların Misirdən gətirdiyi buğda yeyilib
tükənəndə ataları onlara dedi: «Yenə gedib bizə bir az ərzaq alın». 3 Yəhuda ona belə
söylədi: «O adam bizə ciddi xəbərdarlıq edib dedi ki, əgər qardaşınız sizinlə gəlməsə,
gözümə görünməyin. 4 Əgər sən qardaşımızı bizimlə göndərsən, gedib ərzaq alarıq.
5 Ancaq onu göndərməsən, getməyəcəyik, çünki o adam bizə dedi ki, qardaşınız sizinlə
gəlməsə, gözümə görünməyin». 6
İsrail dedi: «Niyə o adama daha bir qardaşınız
olduğunu bildirib mənə pislik etdiniz?» 7 Onlar dedilər: «O adam özümüz və ailəmiz
barədə dəfələrlə bizə belə suallar verdi: “İndi atanız sağdırmı? Başqa qardaşlarınız
varmı?” Biz də onun bu suallarına cavab verdik. Ağlımıza gələrdi ki, o bizə “qardaşınızı
gətirin” deyəcək?» 8
Sonra Yəhuda atası İsrailə dedi: «Uşağı mənimlə göndər ki, qalxıb
gedək. Sən də, biz də, uşaqlarımız da ölməyib sağ qalarıq. 9 Mən ona zamin dururam, onu
məndən tələb edərsən. Əgər onu sənin yanına gətirib qarşında dayandırmasam, ömrüm
boyu önündə təqsirkar olacağam. 10 Çünki biz gecikməsəydik, indi ikinci dəfə gedibqayıdardıq».
11 Ataları İsrail onlara dedi: «Əgər belədirsə, bunu edin: torbalarınızda bu
torpağın ən yaxşı məhsullarından o adama hədiyyə olaraq bir qədər balzam, bal, ədviyyat,
ətriyyat, püstə və badam götürün. 12 Özünüzlə iki qat artıq pul götürün. Çuvallarınızın
içində geri qaytarılmış pulu öz əllərinizlə aparıb verin, bəlkə bir səhv olub.
13 Qardaşlarınızı götürüb gedin və o adamın yanına qayıdın. 14 Külli-İxtiyar Allah o
adamda sizə qarşı mərhəmət oyandırsın, o da digər qardaşınızı və Binyamini sizə təhvil
versin. Mən uşaqlarımdan məhrum olacağamsa, qoy olum». 15 Qardaşlar özləri ilə
hədiyyə və iki qat artıq pul götürdülər. Binyamini də götürüb qalxdılar və Misirə gəlib
Yusifin önündə durdular. 16 Yusif Binyamini onlarla bərabər görəndə öz ev nəzarətçisinə
dedi: «Bu adamları evə apar və heyvan kəsib hazırla, çünki onlar mənimlə nahar
edəcəklər».
17 O adam Yusifin dediyinə əməl etdi: bu adamları Yusifin evinə apardı.
18 Bu adamlar Yusifin evinə aparıldıqları üçün qorxub dedilər: «Keçən dəfə
çuvallarımızda geri qaytarılmış pul üstündə bizi aparırlar. O istəyir ki, bizə qarşı bəhanə
tapıb üstümüzə düşsün, bizi özünə qul etsin və eşşəklərimizi alsın». 19 Onlar Yusifin ev
nəzarətçisinə yaxınlaşdılar və evin astanasında ona belə söylədilər: 20 «Ey ağamız, keçən
dəfə biz ərzaq almaq üçün gəlmişdik. 21 Ancaq gecələdiyimiz yerə çatdığımız zaman
çuvallarımızı açıb gördük ki, hər birimizin pulu çəkisi əskik olmayaraq çuvalımızın
içindədir. İndi onu öz əllərimizlə geri qaytarırıq. 22 Ərzaq almaq üçün özümüzlə başqa
pul da gətirmişik. O pulu isə çuvallarımıza kimin qoyduğunu bilmirik». 23 Ev nəzarətçisi
dedi: «Narahat olmayın, qorxmayın. Özünüzün və atanızın Allahı sizə çuvallarınızda
xəzinə verdi. Pulunuz mənə gəlib çatdı». Sonra Şimeonu onların yanına gətirdi. 24 O
adam qardaşları Yusifin evinə gətirdi. Ayaqlarını yumaq üçün onlara su verdi və
eşşəklərinə yem verdi. 25 Qardaşlar Yusif nahara gələnə qədər hədiyyəni hazırladılar,
çünki orada yemək yeyəcəklərini eşitdilər. 26 Yusif evə gələndə onlar hədiyyəni otağa
gətirib təqdim etdilər, onun önündə yerə qədər əyilib səcdə etdilər. 27 Yusif onların kefini
soruşub dedi: «O dediyiniz qoca atanız salamatdırmı? Hələ də yaşayırmı?» 28 Onlar
dedilər: «Sənin qulun atamız salamatdır, hələ də yaşayır». Onlar Yusifə əyilib səcdə
etdilər. 29 Yusif başını qaldıranda öz anasının oğlu olan qardaşı Binyamini görüb dedi:
«Mənə söylədiyiniz kiçik qardaşınız budurmu?» Sonra Binyaminə dedi: «Ey oğlum,
Allah sənə lütf etsin». 30 Yusif tələsik oradan çıxdı, çünki qardaşını görəndə ürəyi
sızıldadı, onu ağlamaq tutdu və otağa girib orada ağladı. 31 Sonra üzünü yuyub çıxdı,
özünə gəlib dedi: «Yemək gətirin». 32 Yeməyi ona ayrıca, qardaşlarına ayrıca, onunla
birgə yeyən Misirlilərə isə ayrıca qoydular, çünki Misirlilər İbranilərlə birgə yemək
yeməzdilər; bu, Misirlilər üçün iyrənc bir şey idi. 33 Qardaşlar böyük-kiçikliyinə görə
Yusifin hüzurunda oturdular. Onlar bir-birlərinə baxıb çaşdılar. 34 Yusifin önündəki
yeməklərdən onlara pay ayrıldı. Ancaq Binyaminin payı onların hər birinin payından beş
qat artıq idi. Onlar yeyib-içdilər və onunla bərabər xoş vaxt keçirdilər.
Yaradılış 44
Yusifin itmiş kasası
1 Yusif öz ev nəzarətçisinə əmr edib dedi: «Bu adamların çuvallarını gücləri çatana qədər
ərzaqla doldur və hər kəsin pulunu öz çuvalının ağzına qoy.
2 Kiçiyinin çuvalının ağzına
isə mənim gümüş kasamı və taxıl əvəzinə verilən pulu qoy». O, Yusifin dediyi sözə əməl
etdi. 3
Səhər açılanda bu adamları eşşəkləri ilə birgə yola saldılar. 4 Onlar hələ şəhərdən
uzaqlaşmamışdı ki, Yusif öz ev nəzarətçisinə dedi: «Qalx o adamların dalınca get və
onlara çatdığın zaman belə söylə: “Nə üçün yaxşılığa pisliklə cavab verdiniz? 5 Bu kasa
ağamın içdiyi və onunla baxıcılıq etdiyi kasa deyilmi? Siz çox pis iş tutdunuz”». 6
Ev
nəzarətçisi onlara çatdı və bu sözləri söylədi. 7 Qardaşlar ona dedilər: «Nə üçün ağam
belə sözlər söyləyir? Bu iş qullarından uzaq olsun. 8 Biz çuvalımızın içində tapdığımız
pulu Kənan torpağından sənə geri qaytardıq. Ağanın evindən necə qızıl yaxud gümüş
oğurlaya bilərik? 9 Qoy bu şey qullarından kimdə tapılsa, o adam öldürülsün və biz də
ağamıza qul olaq». 10 O dedi: «Yaxşı, qoy siz deyən kimi olsun: bu kimin yanında tapılsa,
o mənə qul olsun, qalanlarınız isə təqsirkar olmayacaqsınız». 11 Onların hər biri tələsik
çuvalını yerə endirdi və çuvalının ağzını açdı. 12 Ev nəzarətçisi böyükdən başlayıb kiçiyə
qədər onları axtardı və kasa Binyaminin çuvalından tapıldı. 13 Qardaşlar paltarlarını
cırdılar və hər biri eşşəyini yükləyib şəhərə qayıtdı. 14 Yəhuda qardaşları ilə birgə Yusifin
evinə gəldi. O hələ də orada idi. Onlar Yusifin önündə yerə qapandılar. 15 Yusif onlara
dedi: «Bu nə işdir, görmüsünüz? Güman etmədiniz ki, mənim kimi bir adam baxıcılıq edə
bilər?» 16 Yəhuda dedi: «Ağama nə deyim, nə söyləyim? Özümüzü necə təmizə çıxara
bilərik? Allah öz qullarında təqsir gördü. İndi biz də, yanında kasa tapılan adam da
ağamızın quluyuq». 17 O dedi: «Yox, mən belə etməyəcəyəm. Yalnız yanında kasa
tapılan adam mənə qul olacaq, siz isə sağ-salamat atanızın yanına gedin». 18 Yəhuda ona
yaxınlaşıb dedi: «Ey ağam, xahiş edirəm ki, qulunun dediyi sözlərə qulaq as və quluna
qarşı qəzəbin alovlanmasın, çünki sən firon kimi bir adamsan. 19 O zaman ağam
qullarından “Sizin atanız yaxud qardaşınız varmı?” deyə soruşanda 20 biz ağamıza
söyləmişdik: “Bizim bir qoca atamız və onun da ixtiyar çağında doğulan bir kiçik uşağı
var. Onun bir qardaşı öldü, anasından doğulan yalnız o qaldı. Atası onu çox sevir”. 21 Sən
qullarına demişdin: “Onu mənim yanıma gətirin ki, öz gözümlə görüm”. 22 Biz də
ağamıza demişdik: “Uşaq atasından ayrıla bilməz, çünki atasından ayrılsa, atası ölər”.
23 Amma sən qullarına demişdin: “Əgər kiçik qardaşınız sizinlə gəlməsə, bir daha
gözümə görünməyin”. 24 Sənin qulun atamın yanına gəldiyimiz zaman ağamızın sözlərini
ona çatdırdıq. 25 Atamız dedi: “Yenə gedin, bizə bir az ərzaq alıb gətirin”. 26 Biz dedik:
“Gedə bilmərik. Kiçik qardaşımız bizimlə getsə, gedərik, kiçik qardaşımız bizimlə
getməsə, o adamın gözünə görünə bilmərik”. 27 Sənin qulun atam bizə dedi: “Bilirsiniz ki,
arvadım mənə iki oğul doğdu. 28 Bir oğlum yanımdan getdi və dedim ki, onu yəqin vəhşi
bir heyvan parçalayıb; indiyə qədər o oğlumu görməmişəm. 29 Bu oğlumu da yanımdan
aparsanız və onun başına bir iş gəlsə, ağ saçlı başımı kədər içində ölülər diyarına
endirəcəksiniz”. 30 İndi sənin qulun atamın yanına qayıtdığım zaman uşaq bizimlə olmasa
və ürəyi bütün sevgisi ilə uşağa bağlanan atamız 31 onu görməsə, ölər. Onda biz qulların
qulun atamızın ağ saçlı başını kədər içində ölülər diyarına endirərik. 32 Mən qulun, atama
uşaq üçün zamin durub dedim: “Əgər onu sənin yanına gətirməsəm, atamın önündə
ömrüm boyu təqsirkar olacağam”. 33 İndi xahiş edirəm, qoy uşağın əvəzinə mən ağama
qul olmaq üçün qalım, uşaq isə qardaşlarımla birgə getsin. 34 Çünki o mənimlə olmasa,
necə atamın yanına gedə bilərəm? Onda mən atamın başına fəlakət gəldiyini görərəm».
Yaradılış 45
Yusifin özünü tanıtması
1 Yusif yanında duranların hamısının önündə özünü saxlaya bilməyib qışqırdı: «Hamını
yanımdan çıxarın». Yusif özünü qardaşlarına tanıtdığı zaman yanında heç kəs yox idi. 2 O
hönkürüb ağladı. Misirlilər və fironun saray adamları eşitdilər. 3 Yusif qardaşlarına dedi:
«Mən Yusifəm. Atam hələ sağdırmı?» Qardaşları ona cavab vermədilər, çünki çaşıb
qalmışdılar. 4 Yusif qardaşlarına dedi: «Mənə yaxın gəlin». Onlar yaxın gəldilər. Yusif
dedi: «Misirə satdığınız qardaşınız Yusif mənəm. 5
İndi məni buraya satdığınız üçün
kədərlənməyin və təəssüflənməyin, çünki Allah həyatınızı qorumaq üçün məni sizdən
qabaq buraya göndərdi. 6 Artıq iki ildir ki, ölkədə aclıqdır, hələ beş il də əkin-biçin
olmayacaq. 7 Allah məni sizdən qabaq buraya göndərdi ki, sizi yer üzündə saxlasın və
böyük bir qurtuluşla həyatınızı qorusun. 8 Ona görə də məni buraya göndərən siz
deyilsiniz, Allahdır. O məni firona ata, onun bütün saray adamlarına ağa, bütün Misir
ölkəsinə isə başçı etdi. 9
Tez atamın yanına gedib ona söyləyin ki, oğlun Yusif belə
deyir: “Allah məni bütün Misir ölkəsinə ağa etdi. Daha durma, yanıma gəl. 10 Qoşen
vilayətində yaşayarsan. Özün, oğulların, nəvələrin, qoyun-keçin, mal-qaran – sənin hər
şeyin mənə yaxın olar. 11 Orada sənin qayğına qalaram, çünki daha beş il aclıq olacaq.
Yoxsa özün, ailən və bütün yaxın adamların yoxsulluq çəkəcək”. 12 İndi sizin və
qardaşım Binyaminin gözləri görür ki, bu sözləri dilimlə sizə deyirəm. 13 Misirdə sahib
olduğum böyük izzəti və bütün gördüklərinizi atama bildirin və tezliklə atamı buraya
gətirin». 14 Yusif qardaşı Binyaminin boynuna sarılıb ağladı, Binyamin də onun boynuna
sarılıb ağladı. 15 Yusif bütün qardaşlarını öpdü və onların boynuna sarılıb ağladı. Bundan
sonra qardaşları onunla söhbət etdilər. 16 Yusifin qardaşlarının gəlməsi barədə fironun
sarayına xəbər çatdı. Bu xəbər fironun və onun əyanlarının xoşuna gəldi. 17 Firon Yusifə
dedi: «Qardaşlarına söylə ki, belə etsinlər: heyvanlarınızı yükləyin və yola düşüb Kənan
torpağına gedin. 18 Atanızı və ev adamlarınızı götürüb yanıma gəlin. Sizə Misir ölkəsində
ən yaxşı torpağı verəcəyəm, torpağın şirəsini yeyəcəksiniz. 19 Sənə isə əmr olunur ki,
onlara söyləyəsən: “Belə edin: arvad-uşağınız üçün Misir ölkəsində özünüzə arabalar alın
və atanızı gətirib gəlin”. 20 Orada qalan şeylərinizdə gözünüz qalmasın, çünki bütün Misir
torpağının ən yaxşı şeyləri sizindir». 21 İsrailin oğulları belə də etdilər. Yusif fironun əmri
ilə onlara arabalar və yol üçün azuqə verdi. 22 Onların hər birinə bir dəst paltar verdi,
Binyaminə isə üç yüz parça gümüş və beş dəst paltar verdi. 23 Yusif atası üçün Misirin ən
yaxşı şeyləri ilə yüklənmiş on eşşək, yol üçün taxıl, çörək və azuqə yüklənmiş on dişi
eşşək göndərdi. 24 O, qardaşlarını yola saldı və onlar getdilər. Yusif onlara dedi: «Yolda
dava etməyin». 25 Onlar Misirdən çıxıb Kənan torpağına, ataları Yaqubun yanına gəldilər.
26 Ona hər şeyi danışıb dedilər: «Yusif sağ-salamatdır, özü də bütün Misir ölkəsinə
başçılıq edir». Yaqub heyrətlənib qaldı və onlara inanmadı. 27 Qardaşlar Yusifin onlara
dediyi bütün sözləri ona söylədilər. Onu aparmaq üçün Yusifin göndərdiyi arabaları
görəndə ataları Yaqubun ürəyi ruhlandı. 28 İsrail dedi: «İndi inandım ki, oğlum Yusif sağ-
salamatdır. Qoy ölməmişdən qabaq gedib onu görüm».
Yaradılış 46
Yaqubun Misirə getməsi
1
İsrail özünə məxsus hər şeyi ilə birgə yola çıxdı. Beer-Şevaya gəlib atası İshaqın
Allahına qurbanlar kəsdi. 2 Gecə görüntülərində Allah İsraili çağırdı: «Yaqub! Yaqub!»
Yaqub cavab verdi: «Mən buradayam». 3 Allah dedi: «Mən Allaham, atanın Allahıyam.
Misirə getməkdən qorxma, çünki orada səndən böyük bir millət törədəcəyəm.
4 Mən də
səninlə birgə Misirə gedəcəyəm. Səni yenə oradan çıxaracağam. Yusif öz əli ilə sənin
gözlərini bağlayacaq». 5 Yaqub Beer-Şevadan çıxdı. İsrailin oğulları ataları Yaqubu və
arvad-uşaqlarını fironun Yaqubu aparmaq üçün göndərdiyi arabalara mindirdilər. 6
Yaqub və onun bütün övladları heyvanlarını və Kənan torpağında əldə etdikləri hər şeyi
götürüb Misirə gəldilər. 7 O özü ilə birgə oğullarını və qızlarını, oğul nəvələrini və qız
nəvələrini – bütün övladlarını Misirə gətirdi. 8
İsrailin Misirə gələn oğullarının – Yaqubla
oğullarının adları belədir: Yaqubun ilk oğlu Ruven. 9 Ruvenin oğulları: Xanok, Pallu,
Xesron və Karmi. 10 Şimeonun oğulları: Yemuel, Yamin, Oxad, Yakin, Sohar və bir
Kənanlı qadından doğulan Şaul. 11 Levinin oğulları: Gerşon, Qohat və Merari.
12 Yəhudanın oğulları: Er, Onan, Şela, Peres və Zerah. Ancaq Er və Onan Kənan
ölkəsində öldülər. Peresin oğulları: Xesron və Xamul. 13 İssakarın oğulları: Tola, Puvva,
Yov və Şimron. 14 Zevulunun oğulları: Sered, Elon və Yaxleel. 15 Bunlar Yaqubun
Leadan doğulan övladlarıdır. Lea onları və qızı Dinanı Paddan-Aramda doğdu. Yaqubun
oğul və qız övladları cəmi otuz üç nəfər idi. 16 Qadın oğulları: Sifyon, Haqqi, Şuni,
Esbon, Eri, Arodi və Areli. 17 Aşerin oğulları: İmna, İşva, İşvi, Beria və onların bacısı
Serah. Berianın oğulları: Xever və Malkiel. 18 Bunlar Lavanın qızı Leaya verdiyi
Zilpadan doğulan Yaqub övladlarıdır. Onlar on altı nəfər idi. 19 Yaqubun arvadı Rəhilənin
oğulları: Yusif və Binyamin. 20 Yusifin Misirdə On şəhərinin kahini Poti-Feranın qızı
Asnatdan Menaşşe və Efrayim adlı iki oğlu oldu. 21 Binyaminin oğulları: Bela, Beker,
Aşbel, Gera, Naaman, Exi, Roş, Muppim, Xuppim və Ard. 22 Bunlar Yaqubun Rəhilədən
doğulan övladlarıdır. Onlar on dörd nəfər idi. 23 Danın oğlu Xuşim. 24 Naftalinin oğulları:
Yaxseel, Quni, Yeser, Şillem. 25 Bunlar Lavanın qızı Rəhiləyə verdiyi Bilhadan doğulan
Yaqub övladlarıdır. Onlar cəmi yeddi nəfər idi. 26 Yaqubun oğullarının arvadlarından
başqa, Yaqubun nəslindən olan və onunla Misirə gələn övladları altmış altı nəfər idi. 27
Yusifin Misirdə doğulan iki oğlu ilə birlikdə Misirə köçən Yaqubun ailəsində yetmiş
nəfər var idi.
Yaqub oğullarının Qoşendə sakin olması
28 Yaqub Qoşen yoluna bələdçilik etmək üçün özündən əvvəl Yəhudanı Yusifin yanına
göndərdi. Onlar Qoşen torpağına girəndə
29 Yusif arabasını hazırlayıb Qoşenə atası İsraili
qarşılamağa getdi. Özünü atasına tanıtdırıb onun boynuna sarıldı və uzun müddət onu
qucaqlayıb ağladı. 30 İsrail Yusifə dedi: «İndi ölə bilərəm, çünki üzünü gördüm. Sən sağ-
salamatsanmış».
31 Yusif qardaşlarına və atasının ailəsinə dedi: «Qoy gedim firona xəbər
verim ki, Kənan torpağında yaşayan qardaşlarımla atamın ailəsi yanıma gəliblər. 32 Onlar
sürü sahibi olan çobanlardır. Ona görə də qoyun-keçiləri, mal-qaraları və bütün şeyləri ilə
birlikdə gəliblər. 33 Firon sizi çağırıb “Nə işin sahibisiniz?” deyə soruşsa, 34 deyin:
“Atalarımız kimi biz də uşaqlıqdan bəri heyvandarlıqla məşğuluq”. Belə deyin ki, qoy
sizi Qoşen vilayətində yerləşdirsin, çünki Misirlilər çobanlardan iyrənirlər».
Yaradılış 47
1 Yusif fironun yanına daxil olub dedi: «Kənan torpağından atam və qardaşlarım qoyunkeçiləri,
mal-qaraları və özlərinə məxsus hər şeyləri ilə birgə buraya gəliblər və indi
Qoşen vilayətindədirlər».
2
Sonra qardaşları arasından beşini götürüb fironun hüzuruna
gətirdi. 3
Firon Yusifin qardaşlarına dedi: «Nə işin sahibisiniz?» Onlar firona dedilər:
«Biz qulların, atalarımız kimi çobanıq. 4 Bu ölkəyə müvəqqəti yaşamaq üçün gəlmişik,
çünki Kənan torpağında dəhşətli aclıq hökm sürür. Sürülərimiz üçün otlaq yox idi. İndi
xahiş edirik ki, Qoşen vilayətində yaşamağa izin verəsiniz». 5
Firon Yusifə dedi: «Atanla
qardaşların yanına gəliblər. 6 Misir torpağı sənin önündədir: atanla qardaşlarını bu
torpağın ən yaxşı yerlərində yerləşdir. Qoy Qoşen vilayətində yaşasınlar. Aralarında
hansı bacarıqlıdırsa, onu mənim sürülərimə çoban qoy». 7 Yusif atası Yaqubu götürüb
fironun hüzuruna gətirdi. Yaqub firona xeyir-dua verdi. 8
Firon Yaqubdan soruşdu:
«Neçə yaşın var?» 9 Yaqub firona cavab verdi: «Ömrümün yüz otuz ilini qürbətdə
keçirdim, amma ömrüm az və ağır oldu, atalarımın qürbətdəki ömrü qədər uzun olmadı».
10 Sonra firona xeyir-dua verib onun hüzurundan çıxdı.
11 Yusif atası ilə qardaşlarını
Misirdə yerləşdirdi və fironun əmrinə əsasən onlara ölkənin ən yaxşı yerində – Ramses
bölgəsində mülk verdi. 12 Bundan əlavə, Yusif atasına, qardaşlarına və atasının ailəsinə
malik olduqları uşaqların sayına görə çörək saxladı.
Aclıq güclənir
13 Aclıq getdikcə o qədər gücləndi ki, heç bir ölkədə çörək tapılmadı. Misir və Kənan
ölkələrinin əhalisini aclıq taqətdən salmışdı. 14 Yusif satdığı taxılın əvəzində Misir və
Kənan ölkələrində yığılan bütün pulları toplayıb fironun sarayına apardı.
15 Misir və
Kənan ölkələrində pul qurtaranda bütün Misirlilər Yusifin yanına gəlib dedilər: «Bizə
çörək ver. Gərək qarşında ölək? Axı pulumuz qurtarıb». 16 Yusif dedi: «Onda
heyvanlarınızı verin. Əgər pulunuz qurtarıbsa, heyvanlarınızı verin, onların əvəzinə sizə
çörək verərəm». 17 Onlar heyvanlarını Yusif üçün gətirdilər. Yusif də atların, qoyun-keçi
və mal-qara sürülərinin, eşşəklərin əvəzinə onlara çörək verdi. Həmin il onları heyvanları
əvəzinə verdiyi çörəklə saxladı. 18 İl başa çatanda ikinci il yenə onun yanına gəlib dedilər:
«Ağamızdan gizli deyil ki, pulumuz qurtarıb, heyvan sürülərimiz də ağamızındır.
Ağamızın hüzurunda canımız və torpaqlarımızdan başqa bir şeyimiz qalmadı. 19 Nə üçün
gözünün önündə torpağımızla bərabər məhv olaq? Bizi və torpaqlarımızı çörək əvəzinə
satın al. Qoy firon bizim də, torpaqlarımızın da sahibi olsun. Toxum ver ki, ölməyib
yaşaya bilək, həm də torpağımız səhraya çevrilməsin». 20 Beləliklə, Yusif Misirin bütün
torpaqlarını firon üçün satın aldı. Bütün Misirlilər öz zəmilərini satdılar, çünki aclıqdan
əzab çəkirdilər. Bütün torpaqlar fironun oldu. 21 Yusif Misir ərazisinin bir ucundan o biri
ucuna qədər bütün əhalisini şəhərlərə köçürdü. 22 Yalnız kahinlərin torpağını satın
almadı, çünki onlar firondan məvacib alır və fironun verdiyi məvaciblə dolanırdılar. Buna
görə də torpaqlarını satmadılar. 23 Yusif xalqa dedi: «Sizi də, torpaqlarınızı da firon üçün
satın almışam. Alın, bu sizin toxumunuz, torpağı əkin. 24 Məhsul yığılanda onun beşdə
birini firona verin. Beşdə dördünü isə toxumluq olaraq istifadə edin. Həm özünüz, həm
külfətiniz, həm də övladlarınız yesin». 25 Xalq isə dedi: «Sən bizim canımızı qurtardın.
Qoy ağamızın gözündə lütf tapaq, biz fironun köləsi oluruq». 26 Yusif məhsulun beşdə
birinin firona verilməsi barədə Misirdə bir torpaq qanunu qoydu. Bu qanun bu günə qədər
qüvvədədir. Yalnız kahinlərin torpaqları firona verilmədi.
İsrailin son sözü
27 İsrailin nəsli Misirdəki Qoşen vilayətində yaşayaraq orada mülk sahibi oldu. Onlar
artaraq çoxaldılar. 28 Yaqub Misir torpağında on yeddi il yaşadı. O, yüz qırx yeddi il
ömür sürdü. 29 İsrailin öləcəyi gün yaxınlaşanda oğlu Yusifi çağırıb dedi: «Əgər gözündə
lütf tapmışamsa, əlini budumun altına qoy və and iç ki, xeyirxahlıq və sədaqət göstərib
məni Misirdə basdırmayacaqsan, 30 ancaq atalarımla birgə uyumaq üçün öləndə məni
Misirdən aparıb onların məqbərəsində basdıracaqsan». Yusif dedi: «Dediyin kimi
edərəm». 31 Atası dedi: «Mənə and iç». O da and içdi. İsrail yatağının başına söykənib
Allaha səcdə etdi.
Yaradılış 48
Yaqubun Efrayimə və Menaşşeyə xeyir-dua verməsi
1 Bir müddət sonra Yusifə dedilər: «Atan xəstədir». O, iki oğlunu – Menaşşe və Efrayimi
özü ilə götürdü. 2 Yaquba xəbər verib dedilər: «Budur, oğlun Yusif yanına gəlir». İsrail
gücünü toplayıb yatağı üstündə oturdu. 3
Yaqub Yusifə dedi: «Külli-İxtiyar Allah Kənan
torpağında olan Luzda mənə göründü və xeyir-dua verdi. 4 O mənə belə dedi: “Bax Mən
səni bəhərli edib nəslini çoxaldacağam, səndən çoxlu xalq törədəcəyəm. Səndən sonra bu
torpağı övladlarına əbədi mülk olaraq verəcəyəm”. 5
İndi sənin yanına, Misirə gəlməzdən
əvvəl Misir torpağında doğulan iki oğlun da mənimdir: Efrayim və Menaşşe Ruvenlə
Şimeon kimi mənimki olacaq. 6 Onlardan sonra sənin üçün doğulan uşaqlar isə səninki
olacaq, öz miras torpaqlarında qardaşlarının adları ilə qeyd olunacaq. 7
Mən Paddandan
gələndə Kənan torpağında Efrata yaxın yerdə Rəhilə yanımdaca öldü. Onu elə orada –
Efrat yolunda, yəni Bet-Lexemdə basdırdım». 8
İsrail Yusifin oğullarını görüb dedi:
«Bunlar kimdir?» 9 Yusif atasına dedi: «Allahın burada mənə verdiyi oğullarımdır». İsrail
dedi: «Onları yanıma gətir, xeyir-dua verim». 10 İsrail artıq qocalmış, gözləri zəifləmişdi
və görə bilmirdi. O, nəvələrini özünə yaxınlaşdırdı və öpüb qucaqladı. 11 Sonra İsrail
Yusifə dedi: «Düşünmürdüm ki, üzünü bir də görərəm, amma Allah mənə sənin
övladlarını da göstərdi». 12 Yusif övladlarını atasının dizləri yanından kənara çəkib onun
qarşısında üzünü yerə qoyaraq səcdə etdi. 13 Sonra oğullarını götürüb Efrayimi sağ əli ilə
İsrailin sol tərəfinə, Menaşşeni isə sol əli ilə İsrailin sağ tərəfinə çəkərək ona
yaxınlaşdırdı. 14 İsrail əllərini çarpaz uzatdı: sağ əlini kiçik olan Efrayimin, sol əlini isə
Menaşşenin başına qoydu. Menaşşe ilk oğul olduğuna baxmayaraq, İsrail əllərini qəsdən
dəyişdi. 15 İsrail Yusifə xeyir-dua verərək belə dedi: «Atalarım İbrahimin, İshaqın xidmət
etdiyi Allah,
Bu günə qədər mənim qayğıma qalan Allah,
16 Məni bütün pisliklərdən xilas edən Mələk
Qoy bu uşaqlara da xeyir-dua versin!
Onlar mənim adımla,
Atalarım İbrahim və İshaqın
Adı ilə çağırılsın,
Yer üzündə çoxaldıqca çoxalsın!»
17 Yusif atasının sağ əlini Efrayimin başına qoyduğunu gördü və bu onun xoşuna
gəlmədi. O, atasının əlini Efrayimin başından götürüb Menaşşenin başına qoymaq istədi.
18 Buna görə də atasına dedi: «Ata, ilk oğul Menaşşedir, sağ əlini onun başına qoy. Belə
düz deyil». 19 Lakin atası istəməyib dedi: «Bilirəm, oğlum, bilirəm. Menaşşenin
nəslindən də böyük bir xalq olacaq. Amma kiçik qardaşından daha böyük bir xalq
törəyəcək, onun nəslindən çoxlu millətlər yaranacaq». 20 O gün İsrail nəvələrinə xeyirdua
verərək dedi: «İsrail nəsli
“Qoy Allah səni
Efrayim və Menaşşe kimi etsin”
Deyərək sizin adınızla
Xeyir-dua verəcək».
Yaqub beləcə Efrayimi Menaşşedən üstün tutdu. 21 İsrail Yusifə dedi: «Artıq mən ölürəm,
amma Allah sizinlə olacaq, sizi atalarınızın torpağına qaytaracaq. 22 Sənə qardaşlarından
bir pay da artıq olaraq Şekemi verirəm. Onu mən Emorluların əlindən qılıncım və
kamanımla almışam».
Yaradılış 48
Yaqubun oğullarına xeyir-duası
1 Yaqub oğullarını çağırıb dedi: «Yanıma toplaşın, gələcəkdə başınıza gələnləri sizə
söyləyim: 2
Ey Yaqub oğulları, yığılıb eşidin,
Atanız İsrailə qulaq asın:
3
Ey Ruven, ilk oğlum,
Gücümün və qüdrətimin mənbəyi sənsən.
Ləyaqətin hamıdan üstündür,
Qüvvətin hamıdan çoxdur.
4 Amma sən su kimi oynaqsan,
Artıq üstün olmayacaqsan.
Çünki atanın yatağına girib
Onu murdar etdin,
Sən döşəyimə çıxdın.
5
Şimeonla Levi qardaşdır,
Qəddarlıq qılıncları ilə silahlanıblar.
6
Ey qəlbim, onların məclisinə getmə,
Ey şərəfim, onların toplantısında olma.
Çünki onlar qəzəblənəndə qətl etdilər,
Əylənəndə öküzlərin ayaq vətərini kəsdilər.
7
Lənət olsun vəhşi qəzəblərinə,
Lənət olsun qəddar hiddətlərinə.
Onları Yaqubda ayıracağam,
İsraildə səpələyəcəyəm.
8 Yəhuda, qardaşların səni mədh edəcək,
Düşmənlərin boynu əlində olacaq,
Atanın oğulları önündə səcdə edəcək.
9
Yəhuda bir aslan balasıdır,
Ey oğlum, sən şikara çıxanda
Bir şir kimi yerə əyilirsən,
Dişi aslan kimi torpağa yatırsan.
Kim səni yerindən qaldıra bilər?
10 Padşahlıq əsası
Yəhudanın əlindən getməyəcək,
Hökmdarlıq əsası onun nəslindən itməyəcək;
O vaxta qədər ki əsanın Sahibi gələcək.
Onda xalqlar Ona itaət edəcək.
11 Eşşəyini tənəyə,
Ulağını ən seçmə bir tənəyə bağlayacaq.
Paltarını şərabda,
Köynəyini üzümün qızıl qanında yuyacaq.
12 Gözləri şərabdan da parlaq olacaq,
Dişləri süddən də ağ olacaq.
13 Zevulun isə dəniz kənarında yaşayacaq,
Ora gəmilərin limanı olacaq,
Ərazisi Sidonun yanınadək uzanacaq.
14 Qoyun ağılları arasında yatan İssakar
Bir qüvvətli ulağa oxşar.
15 O, yaxşı və rahat olan yer,
Bir səfalı ölkə görsə,
Çiynini yük daşımaq üçün əyər,
Mükəlləfiyyətçi qul olar.
16 Dan İsrail qəbilələrindən biri olub
Öz xalqına hökm edəcək.
17 Dan yol üstündə bir ilan,
Cığırda bir gürzə olacaq;
Elə bir gürzə ki atın topuğundan sancır,
Süvarisi arxası üstə yıxılır.
18 Ya Rəbb! Mən Sənin xilasını gözləyirəm.
19 Qad talançı basqınına düçar olacaq,
Lakin onları topuğundan vuracaq.
20 Aşerdən zəngin nemətlər gələcək,
O, şahanə ləzzətli yeməklər yetirəcək.
21 Naftali azad edilmiş bir maraldır,
Ondan gözəl balalar doğulacaq.
22 Yusif barlı bir ağac,
Çeşmə kənarında meyvəli bir ağacdır,
Budaqları divarın üstündən aşar.
23 Oxçular ona güclü hücum etdilər,
Düşmənçilik edib üstünə ox yağdırdılar.
24 Amma Yaqubun qüdrətli Allahı –
İsrailin Daşı və Çobanı olan
Allahın sayəsində
Onun kamanı möhkəm,
Qolları qüvvətli oldu.
25 Sənə kömək edən
Atanın Allahıdır,
Sənə xeyir-dua verən
Külli-İxtiyardır.
Yuxarıda göylərin bərəkəti ilə,
Dərinlikdə olan
Su mənbələrinin bərəkəti ilə,
Döşlərin və bətnlərin bərəkəti ilə
Sənə xeyir-dua verəcək.
26 Atanın xeyir-duası
Atalarımın xeyir-duasından daha ucadır;
Əbədi qalan təpələrin
Zirvəsinə çatar.
Qoy xeyir-dualarım
Yusifin – qardaşlar arasında
Başçı olanın üstündə olsun.
27 Binyamin acgöz bir qurddur,
Səhər ovunu yeyər,
Axşam qənimət paylar».
28 Bunların hamısı İsrailin on iki qəbiləsidir. Ataları onlara xeyir-dua verərkən bu sözləri
söylədi və hər birinə xeyir-dua verdi.
Yaqubun ölümü
29 Sonra Yaqub oğullarına vəsiyyət edib dedi: «Mən ölüb əcdadlarıma qoşulacağam.
Məni atalarımın yanında – Xetli Efronun tarlasında olan mağarada basdırın. 30 O mağara
Kənan torpağında olan Mamre qarşısındakı Maxpela tarlasındadır. İbrahim o mağaranı
qəbir düzəltmək üçün Xetli Efrondan tarlası ilə birlikdə satın almışdı. 31 İbrahimlə arvadı
Sara və İshaqla arvadı Rivqa orada basdırılmışdı. Mən Leanı da orada basdırdım.
32 Həmin tarla ilə oradakı mağara Xetlilərdən satın alınıb». 33 Yaqub oğullarına vəsiyyət
edib qurtaranda ayaqlarını yatağına yığaraq son dəfə nəfəs aldı və ölüb əcdadlarına
qoşuldu.
Yaradılış 50
Yaqubun dəfni
1 Yusif özünü atasının üstünə atdı və ağlayaraq onu öpdü. 2
Sonra həkim xidmətçilərinə
atasının meyitini mumiyalamağı əmr etdi. Həkimlər İsraili mumiyaladılar. 3 Bu iş qırx
günə görüldü, çünki mumiyalamaq üçün qırx gün lazım idi. Misirlilər yetmiş gün İsrail
üçün yas tutdular. 4 Yas günləri qurtarandan sonra Yusif fironun saray adamlarına
müraciət edib dedi: «Əgər gözünüzdə lütf tapmışamsa, firona söyləyin ki, 5
atam məni
and içdirib demişdi: “Mən can üstəyəm. Kənan torpağında özüm üçün qəbir qazmışam,
məni orada basdır”. İndi qoy o mənə izin versin ki, gedib atamı basdırım və qayıdım».
6
Firon dedi: «Get, atanın sənə and içdirdiyi kimi onu basdır». 7 Beləliklə, Yusif atasını
basdırmağa getdi. Fironun bütün əyanları, sarayın və Misirin bütün ağsaqqalları, 8 Yusifin
bütün ev adamları, qardaşları və atasının ev adamları onu müşayiət etdilər. Qoşen
vilayətində yalnız uşaqlarını, qoyun-keçilərini və mal-qaralarını qoydular. 9 Onlarla birgə
atlılar və arabalar da yola çıxmışdı, ona görə də dəstə çox böyük idi. 10 Onlar İordan
çayının yaxınlığındakı Atad xırmanına çatanda böyük ağlaşma ilə matəm qurdular. Yusif
atası üçün yeddi gün yas tutdu. 11 O ölkənin əhalisi olan Kənanlılar Atad xırmanındakı
yası görəndə dedilər: «Gör Misirlilər necə böyük matəmlə yas tuturlar». Ona görə də
İordan çayının yaxınlığındakı bu yerə Avel-Misrayim adı verildi. 12 Yaqubun oğulları
atalarının vəsiyyətini əmr etdiyi kimi yerinə yetirdilər. 13 Onu Kənan ölkəsinə gətirib
Mamre qarşısındakı Maxpela tarlasında olan mağarada basdırdılar. İbrahim bir vaxt
həmin mağaranı qəbir düzəltmək üçün tarla ilə birlikdə Xetli Efrondan satın almışdı.
14 Yusif atasını dəfn etdikdən sonra həm özü, həm qardaşları, həm də onunla birlikdə
atasının dəfninə gələnlərin hamısı Misirə qayıtdı.
Yusifin qardaşları ilə mehriban rəftarı
15 Ataları öləndən sonra Yusifin qardaşları öz aralarında dedilər: «Bəlkə Yusif bizə qarşı
kin saxlayır. Əgər ona etdiyimiz pisliyə görə bizdən qisas alarsa, nə edərik?» 16 Buna
görə də Yusifə xəbər göndərdilər: «Atan ölümündən qabaq bizə vəsiyyət etdi ki, gedib
Yusifə belə deyin: 17 “Bax səndən xahişim budur ki, qardaşlarının günahını və təqsirini
bağışlayasan. Axı onlar sənə pislik ediblər”. Xahiş edirik, sən atanın Allahının qulları
olan biz qardaşlarının günahını bağışla». Bu sözlər Yusifə çatanda o ağladı. 18 Sonra
qardaşları özləri Yusifin yanına gedib önündə yerə qapandılar və dedilər: «Biz sənin
qullarınıq». 19 Yusif onlara dedi: «Məgər mən Allaham ki, məndən qorxursunuz? 20 Baxın
siz mənə qarşı pis fikrə düşdünüz, lakin Allah onu yaxşı işə çevirdi ki, bu gün
gördüyünüzü etsin və çoxlu adamın həyatını qorusun. 21 Daha qorxmayın, mən həm sizi,
həm də övladlarınızı saxlayacağam». Yusif onlara ürəklərincə olan sözlərlə təsəlli verdi.
Yusifin ölümü
22 Yusifin və atasının nəsli Misirdə sakin oldu. Yusif yüz on il ömür sürdü. 23 O,
Efrayimin üç nəsil övladlarını gördü. Menaşşenin oğlu Makirin övladları da Yusifin
yanında doğuldu. 24 Bir gün Yusif qardaşlarına dedi: «Mən ölürəm, amma Allah mütləq
sizə nəzər salacaq. O sizi bu ölkədən İbrahimə, İshaqa və Yaquba and içdiyi torpağa
aparacaq».
25 Sonra Yusif İsrailin övladlarını and içdirib dedi: «Allah mütləq sizə nəzər
salacaq. Gedən zaman mənim sümüklərimi də buradan çıxarın». 26 Yusif yüz on yaşında
öldü. Onu Misirdə mumiyalayıb bir tabuta qoydular.