012 465 4150 info@yeniheyat.com

Saylar

Fəsillər:

Saylar – PDF
Adobe-PDF

 

Saylar 1

İsrail övladlarının ilk dəfə siyahıya alınması

1İsrail övladlarının Misirdən çıxmasının ikinci ilində, ikinci ayın birinci günü Sina səhrasında, Hüzur çadırında Rəbb Musaya belə dedi:  2«Bütün İsrail övladlarının icmasını, nəsilləri və ailələri ilə birlikdə siyahıya alın. Bütün kişiləri ayrı-ayrı sayıb adlarını yazın.  3İsraildə iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişini sən və Harun siyahıya alıb dəstələrə ayıracaqsınız.  4Sizinlə bərabər hər qəbilədən bir kişi olsun; bu adamlar ailə başçısı olmalıdır.  5Sizə kömək edəcək adamlar bunlardır: Ruven qəbiləsindən: Şedeur oğlu Elisur;  6Şimeondan: Surişadday oğlu Şelumiel;  7Yəhudadan: Amminadav oğlu Naxşon;  8İssakardan: Suar oğlu Netanel;  9Zevulundan: Xelon oğlu Eliav;  10Yusif övladlarından: Efrayimdən: Ammihud oğlu Elişama; Menaşşedən: Pedahsur oğlu Qamliel;  11Binyamindən: Gidoni oğlu Avidan;  12Dandan: Ammişadday oğlu Axiezer;  13Aşerdən: Okran oğlu Pagiel;  14Qaddan: Deuel oğlu Elyasaf;  15Naftalidən: Enan oğlu Axira».  16Bunlar icmadan təyin edilmiş adamlar, öz ata-babalarının qəbilə rəhbərləri və İsrailin tayfa başçıları idilər.  17Musa ilə Harun adları göstərilən bu adamları apardılar.  18İkinci ayın birinci günündə bütün icmanı topladılar; nəsillərinə və ailələrinə görə adlarının siyahısı ilə iyirmi və ondan yuxarı yaşda olanlar ayrı-ayrı yazıldılar.  19Rəbbin Musaya əmr etdiyi kimi onlar Sina səhrasında xalqı elə də siyahıya aldılar.  20İsrailin ilk oğlu Ruvenin övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına ayrı-ayrı qeyd edildi.  21Ruven qəbiləsindən 46 500 nəfər siyahıya alındı.  22Şimeon övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına ayrı-ayrı qeyd edildi.  23Şimeon qəbiləsindən 59 300 nəfər siyahıya alındı.  24Qad övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.  25Qad qəbiləsindən 45 650 nəfər siyahıya alındı.  26Yəhuda övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.  27Yəhuda qəbiləsindən 74 600 nəfər siyahıya alındı.  28İssakar övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.  29İssakar qəbiləsindən 54 400 nəfər siyahıya alındı.  30Zevulun övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.  31Zevulun qəbiləsindən 57 400 nəfər siyahıya alındı.  32Yusif nəslindən – Efrayim övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.  33Efrayim qəbiləsindən 40 500 nəfər siyahıya alındı.  34Menaşşe övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.  35Menaşşe qəbiləsindən 32 200 nəfər siyahıya alındı.  36Binyamin övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.  37Binyamin qəbiləsindən 35 400 nəfər siyahıya alındı.  38Dan övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.  39Dan qəbiləsindən 62 700 nəfər siyahıya alındı.  40Aşer övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.  41Aşer qəbiləsindən 41 500 nəfər siyahıya alındı.  42Naftali övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.  43Naftali qəbiləsindən 53 400 nəfər siyahıya alındı.  44Musa, Harun və İsrailin on iki rəhbəri tərəfindən bunlar siyahıya alındı; hər biri mənsub olduqları ailəni təmsil edirdi.  45İsraildə iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan kişilərin hamısı mənsub olduqları ailəyə görə siyahıya alındı.  46Siyahıya alınanlar cəmi 603 550 nəfər idi.  47Lakin onların arasında Levililər ailələrinə görə siyahıya alınmadı.  48Çünki Rəbb Musaya demişdi:  49«Ancaq Levi qəbiləsini siyahıya alma və digər İsrail övladlarını aldığın siyahıya daxil etmə.  50Şəhadət məskəni ilə onun bütün avadanlığı və məskənə aid olan hər şey üçün məsuliyyəti Levililərin üzərinə qoy. Məskəni və onun bütün avadanlığını onlar daşısınlar, məskənə baxsınlar və onun ətrafında düşərgə salsınlar.  51Məskən daşınacağı zaman Levililər onu toplasınlar. Məskən bir yerə qoyulacağı zaman yenə Levililər onu qursunlar. Onlardan savayı məskənə yaxınlaşan öldürülsün.  52İsrail övladları öz çadırlarını bölüklərinə görə qursunlar. Hər kəs öz düşərgəsində bayrağının altında olsun.  53Levililər isə Şəhadət məskəni ətrafında düşərgə salsınlar ki, İsrail icması Rəbbin qəzəbinə düçar olmasın. Levililər Şəhadət məskəninə cavabdeh olsunlar».  54İsrail övladları bütün bunları Rəbbin Musaya əmr etdiyi kimi etdilər.

YUXARI

Saylar 2

Qəbilələrin düşərgə yerləri

1Rəbb Musaya və Haruna dedi:  2«İsrail övladları Hüzur çadırını əhatə edərək bir az kənarda, hər biri öz bayrağının altında ailələrinin nişanı ilə düşərgə salsınlar.  3Şərq tərəfində, gündoğana tərəf Yəhuda ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salsınlar. Yəhudalıların rəhbəri Amminadav oğlu Naxşon olsun.  4Yəhuda ordusunda 74 600 nəfər siyahıya alındı.  5Onun yanında düşərgə salanlar İssakar qəbiləsi olacaq. İssakarlıların rəhbəri Suar oğlu Netanel olsun.  6Onun ordusundan 54 400 nəfər siyahıya alındı.  7Sonra Zevulun qəbiləsi düşərgə salacaq. Zevulun övladlarının rəhbəri Xelon oğlu Eliav olsun.  8Onun ordusundan 57 400 nəfər siyahıya alındı.  9Yəhuda ordugahından bölüklərinə görə bütün sayılanlar 186 400 nəfər idi. Onlar birinci köçəcəklər.  10Cənub tərəfində Ruven ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Ruvenlilərin rəhbəri Şedeur oğlu Elisur olsun.  11Ruven ordusundan 46 500 nəfər siyahıya alındı.  12Onun yanında düşərgə salanlar Şimeon qəbiləsi olacaq. Şimeonluların rəhbəri Surişadday oğlu Şelumiel olsun.  13Onun ordusundan 59 300 nəfər siyahıya alındı.  14Sonra Qad qəbiləsi düşərgə salacaq. Qadlıların rəhbəri Deuel oğlu Elyasaf olsun.  15Onun ordusundan 45 650 nəfər siyahıya alındı.  16Ruven ordugahından bölüklərinə görə sayılanların cəmi 151 450 nəfər idi. İkinci onlar gedəcəklər.  17Hüzur çadırı yola düşəndə Levililərin düşərgəsi düşərgələrin ortasında dursun. Hərə necə düşərgə salıbsa, həmin nizamla, öz bayrağı altında yola düşsün.  18Qərb tərəfində Efrayim ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Efrayimlilərin rəhbəri Ammihud oğlu Elişama olsun.  19Efrayim ordusundan 40 500 nəfər siyahıya alındı.  20Onun yanında düşərgə salanlar Menaşşe qəbiləsi olacaq. Menaşşelilərin rəhbəri Pedahsur oğlu Qamliel olsun.  21Onun ordusundan 32 200 nəfər siyahıya alındı.  22Sonra Binyamin qəbiləsi düşərgə salacaq. Binyaminlilərin rəhbəri Gidoni oğlu Avidan olsun.  23Onun ordusundan 35 400 nəfər siyahıya alındı.  24Efrayim ordugahından bölüklərinə görə sayılanların cəmi 108 100 nəfər idi. Üçüncü onlar gedəcəklər.  25Şimal tərəfində Dan ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Danlıların rəhbəri Ammişadday oğlu Axiezer olsun.  26Dan ordusundan 62 700 nəfər siyahıya alındı.  27Onun yanında düşərgə salanlar Aşer qəbiləsi olacaq. Aşerlilərin rəhbəri Okran oğlu Pagiel olsun.  28Onun ordusundan 41 500 nəfər siyahıya alındı.  29Sonra Naftali qəbiləsi düşərgə salacaq. Naftalililərin rəhbəri Enan oğlu Axira olsun.  30Onun ordusundan 53 400 nəfər siyahıya alındı.  31Dan ordugahından cəmi 157 600 nəfər siyahıya alındı. Öz bayraqlarının altında ən sonuncu onlar gedəcəklər».  32İsrail övladlarından ailələrinə görə siyahıya alınanlar bunlardır. Ordugahlardan bölüklərinə görə cəmi 603 550 nəfər siyahıya alındı.  33Ancaq Rəbbin Musaya əmr etdiyi kimi Levililər digər İsrail övladları ilə birgə siyahıya alınmadı.  34İsrail övladları Rəbbin Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər. Bayraqlarının altında belə düşərgə saldılar və hər kəs nəsil və ailəsi ilə birgə belə yola düşdü.

YUXARI

Saylar 3

Harun oğulları

1Rəbb Sina dağında Musa ilə danışdığı zaman Harunla Musanın nəsil tarixçəsi belədir.  2 Harun oğullarının adları belədir: ilk doğulan Nadav, Avihu, Eleazar və İtamar.  3Harun oğullarının kahinlik vəzifəsinə keçirdiyi məsh olunmuş kahinlər bunlardır.  4 Nadav ilə Avihu Sina səhrasında Rəbbin önündə haram od təqdim edərkən oradaca öldülər. Onların övladları yox idi. Eleazarla İtamar ataları Harunun yanında kahinlik etdilər.  5Rəbb Musaya dedi:  6«Levi qəbiləsini gətir və kahin Harunun önündə dayandır ki, ona kömək etsinlər.  7Qoy Hüzur çadırında Harun və bütün icma üçün öz vəzifələrini yerinə yetirərək müqəddəs məskənə xidmət etsinlər.  8Hüzur çadırının bütün avadanlığına baxsınlar və məskənə xidmət edərək İsrail övladları üçün vəzifələrini yerinə yetirsinlər.  9Levililəri Harunla oğullarının ixtiyarına ver; onlar İsrail övladları arasından tamamilə Onun xidmətinə verilmişdir.  10Harunla oğullarına tapşır ki, öz kahinlik vəzifələrini yerinə yetirsinlər; müqəddəs yerə yaxınlaşan kənar adam isə öldürülsün».  11Rəbb Musaya dedi:  12«Budur, hər İsrail qadınının doğduğu ilk oğlan uşağının əvəzinə İsraillilər arasından Levililəri seçmişəm. Levililər Mənimdir.  13 Çünki bütün ilk oğlanlar Mənimdir. Misir torpağında bütün ilk doğulanları məhv etdiyim gün İsraildə istər insan, istərsə heyvan – erkək olan bütün ilk doğulanları Özüm üçün ayırdım. Onlar Mənim olacaq. Rəbb Mənəm».

Levililərin vəzifələri

14Rəbb Sina səhrasında Musaya belə dedi:  15«Levililəri ailələrinə, nəsillərinə görə siyahıya al. Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən olanları siyahıya al».  16Musa da Rəbbin sözünə görə əmr edildiyi kimi onları siyahıya aldı.  17Adbaad Levi oğulları bunlardır: Gerşon, Qohat və Merari.  18Nəsillərinə görə Gerşonun nəsil başçısı olan oğullarının adları belədir: Livni və Şimey.  19Qohatın nəsil başçısı olan oğulları: Amram, İshar, Xevron və Uzziel.  20Merarinin nəsil başçısı olan oğulları: Maxli və Muşi. Ailələrinə görə Levi nəsilləri bunlardır.  21Livni və Şimey nəsilləri Gerşon nəslindəndir. Gerşon tayfaları bunlardır.  22Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən 7500 nəfər siyahıya alındı.  23Gerşon nəsilləri qərb tərəfində məskənin arxasında düşərgə salmalıdırlar.  24Gerşon nəslinə mənsub olan ailələrin rəhbəri Lael oğlu Elyasafdır.  25Hüzur çadırında Gerşon övladları Müqəddəs məskənə, çadır örtüklərinə, Hüzur çadırının girişində olan arakəsməyə,  26həyətin pərdələrinə, məskənlə qurbangahın ətrafındakı həyətin darvazasının arakəsməsi ilə iplərinə və bunlarla əlaqədar olan bütün xidmətə cavabdehdirlər.  27Amram, İshar, Xevron və Uzziel nəsilləri Qohat nəslindəndir. Qohat nəsilləri bunlardır.  28Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən 8600 nəfər siyahıya alındı. Onlar müqəddəs əşyalara cavabdehdirlər.  29Qohat nəsilləri çadırın cənub tərəfində düşərgə salmalıdırlar.  30Qohat nəsillərinə mənsub ailələrin rəhbəri Uzziel oğlu Elisafandır.  31Onlar sandığa, masaya, çıraqdana, qurbangahlara, müqəddəs yerdə ibadət üçün işlənən bütün əşyalara, arakəsmə pərdəsinə və bunlarla əlaqədar olan bütün xidmətə cavabdehdirlər.  32Levili rəhbərlərinin rəhbəri kahin Harun oğlu Eleazardır. O, Müqəddəs yerə cavabdeh olanlara nəzarətçi təyin edilmişdir.  33Maxli və Muşi nəsilləri Merari nəslindəndir. Merari nəsilləri bunlardır.  34Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən 6200 nəfər siyahıya alındı.  35Merari nəsillərinə mənsub ailələrin rəhbəri Avixayil oğlu Surieldir. Onlar məskənin şimal tərəfində düşərgə salmalıdırlar.  36Merarililərə məskənin çərçivələri, şüvülləri, dirəkləri, altlıqları, bütün avadanlığı və bunlarla əlaqədar bütün xidmət,  37məskənin ətrafındakı həyətin dirəkləri ilə altlıqları, payaları və ipləri həvalə olundu.  38Musa və Harun ilə oğulları məskənin şərq tərəfində, gündoğana doğru Hüzur çadırının önündə düşərgə salmalıdırlar. Onlar İsrail övladları üçün öz vəzifələrini yerinə yetirərək Müqəddəs məkana cavabdehdirlər. Oraya yaxınlaşan kənar adam öldürülməlidir.  39Rəbbin əmri ilə Musa və Harunun Levi nəsillərindən saydıqları bir aylıq və ondan yuxarı yaşda kişi cinsindən olanlar cəmi 22 000 nəfər idi.  40Rəbb Musaya dedi: «Bir aylıq və ondan yuxarı yaşda kişi cinsindən olan, ilk doğulan bütün İsrail övladlarını adları ilə siyahıya al.  41İsrail övladlarının bütün ilk oğlanlarının əvəzinə Levililəri və İsraillilərin ilk doğulan heyvanlarının əvəzinə Levililərin heyvanlarını Mənim üçün ayır. Rəbb Mənəm».  42Musa Rəbbin ona əmr etdiyi kimi etdi. İsrail övladları arasında bütün ilk doğulanları siyahıya aldı.  43Adları qeyd edilən, bir aylıq və ondan yuxarı yaşda ilk doğulan kişi cinsindən olanlar cəmi 22 273 nəfər idi.  44Rəbb Musaya dedi:  45«Levililəri İsrail övladlarının ilk doğulanlarının əvəzinə və Levililərin heyvanlarını onların heyvanları əvəzinə ayır. Levililər Mənim olacaq; Rəbb Mənəm».  46İsraillilərin ilk oğlanlarından olub Levililərin sayını aşan 273 nəfəri satın almaq məqsədi ilə,  47hər adam üçün hər şekeldə iyirmi gera olan Müqəddəs yerdəki şekelə görə beş şekel götür.  48Onları Levililərin sayını aşanları satınalma ödənişi olaraq Haruna və oğullarına ver.  49Musa Levililərlə əvəz olanların sayını aşan İsrail övladlarından satınalma ödənişini götürdü.  50İsrail övladlarının ilk oğlanlarından Müqəddəs yerdəki şekelə görə 1365 şekel aldı.  51Musa Rəbbin sözünə görə, Rəbbin ona əmr etdiyi kimi satınalma ödənişini Harunla oğullarına verdi.

YUXARI

Saylar 4

Qohat övladlarının vəzifələri

1Rəbb Musaya və Haruna dedi:  2«Levililər arasından Qohat övladlarına mənsub nəsillərlə ailələri siyahıya alın.  3Hüzur çadırında xidmət etməyə gələn otuz yaşından əlli yaşına qədər kişilərin hamısını hesablayın.  4Qohatlıların Hüzur çadırında xidməti budur: ən müqəddəs əşyalara baxmaq.  5Düşərgə yola düşəndə Harunla oğulları içəri girsinlər, arakəsmə pərdəsini endirərək onunla Şəhadət sandığını örtsünlər.  6Onun üzərinə suiti dərisindən örtük çəkərək üstünə büsbütün bənövşəyi kətan sərsinlər və onun şüvüllərini yerinə qoysunlar.  7Təqdis masası üzərinə bənövşəyi kətan sərərək kətanın üstündə sinilər, nimçələr, dolçalar və içmə təqdimi tökmək üçün piyalələr olmalıdır. Daimi çörək onun üzərində qalsın.  8Onların üzərinə al rəngli bir kətan sərərək suiti dərisindən bir örtük çəksinlər və onun şüvüllərini yerinə qoysunlar.  9Bənövşəyi kətan götürüb, işıq verəcək çıraqdanı, çıraqlarını, maşalarını, xəkəndazlarını və çıraqdan xidmətində işlədilən bütün zeytun yağı qablarını örtsünlər.  10Çıraqdanı və onun bütün avadanlığını suiti dərisindən bir örtüklə sarıyıb xərəyə qoysunlar.  11Qızıl qurbangahın üzərinə bənövşəyi kətan sərərək onu suiti dərisindən bir örtüklə örtsünlər və şüvüllərini taxsınlar.  12Müqəddəs yerdə ibadət zamanı işlədilən bütün əşyaları götürərək bənövşəyi kətanla sarısınlar və suiti dərisindən bir örtüklə örtüb xərəyə qoysunlar.  13Qurbangahdan külü təmizləyib, üzərinə tünd qırmızı kətan çəksinlər.  14İbadət zamanı işlədilən bütün əşyaları: xəkəndazı, çəngəlləri, kürəkləri, ləyənləri, qurbangahın bütün avadanlığını onun üzərinə qoysunlar. Sonra bunların üstünü suiti dərisindən bir örtüklə örtüb şüvüllərini taxsınlar.  15Düşərgə yola düşəndə Harunla oğulları müqəddəs əşyaları və bütün avadanlığı örtməyi qurtarandan sonra Qohatlılar onu daşımağa gəlsinlər. Amma müqəddəs şeylərə toxunmamalıdırlar ki, ölməsinlər. Hüzur çadırında olan bu şeyləri daşımaq məsuliyyəti Qohatlılara aiddir.  16Kahin Harun oğlu Eleazarın işi çıraq üçün zeytun yağına, ətirli buxura, daimi taxıl təqdimi və məsh yağına nəzarət etməkdir. O bütün məskənə və içində olan hər şeyə, müqəddəs yerlə avadanlığına nəzarət edəcəkdir».  17Rəbb Musaya və Haruna dedi:  18«Qoymayın ki Levililər arasından Qohatlıların nəsilləri yox olsun.  19Ancaq ən müqəddəs şeylərə yaxınlaşdıqları zaman ölməyib sağ qalsınlar deyə Harunla oğulları içəri girib onların hərəsini öz işinin üstünə və öz yükünün başında qoysun.  20Lakin Qohatlılar bir an belə, içəri girib müqəddəs əşyalara baxmasınlar, yoxsa ölərlər».

Gerşon övladlarının vəzifələri

21Rəbb Musaya belə dedi:  22«Gerşonluları da mənsub olduqları ailələrə və nəsillərə görə siyahıya al.  23Onlardan otuz yaşından əlli yaşına qədər olanların hamısını siyahıya al. Qoy xidmət edib Hüzur çadırında iş görmək üçün gəlsinlər.  24İş görmək və yük daşımaq xüsusunda Gerşon nəsillərinin vəzifəsi budur:  25Müqəddəs məskənin pərdələrini, Hüzur çadırı ilə onun örtüyünü, üzərindəki suiti dərisindən xarici örtüyü, Hüzur çadırının girişində olan arakəsməni,  26həyətin pərdələrini və qurbangahın ətrafındakı həyətin darvazasının arakəsməsi ilə iplərini və onların ibadət üçün işlənən bütün əşyalarını daşısınlar; bu şeylərlə görüləcək bütün işləri Gerşonlular görsünlər.  27İstər yük daşımaq, istərsə başqa iş görmək, edəcəkləri bütün xidmətlər Harunla oğullarının rəhbərliyi ilə görülsün. Gerşonlular daşıyacaqları hər yükə cavabdeh olsunlar.  28Hüzur çadırında Gerşon nəsillərinin xidməti budur. Onların vəzifələri kahin Harun oğlu İtamarın nəzarəti altında olsun.

Merari övladlarının vəzifələri

29Merarililəri mənsub olduqları nəsillərə və ailələrə görə siyahıya al.  30Otuz yaşından əlli yaşına qədər Hüzur çadırının işini görmək üçün gələnlərin hamısını siyahıya al.  31Hüzur çadırında xidmət edərkən onların vəzifəsi budur: məskənin çərçivələrini, şüvüllərini, dirəklərini, altlıqlarını,  32çadırın ətrafındakı həyətin dirəkləri ilə altlıqlarını, payalarını, iplərini, bütün avadanlığını və işlətdikləri hər şeyi daşımaq. Hər kəsi adbaad təyin et ki, müəyyən əşyaları daşısın.  33Hüzur çadırında Merari nəsillərinin vəzifəsi budur. Onlar kahin Harun oğlu İtamarın nəzarəti altında xidmət edəcəklər».

Levililərin siyahıya alınması

34Musa ilə Harun və icma başçıları, Qohatlılardan nəsillərə və ailələrə görə  35otuz yaşından əlli yaşına qədər Hüzur çadırına xidmət edib iş görmək üçün gələn kişilərin hamısını siyahıya aldılar.  36Nəsillərinə görə 2 750 nəfər siyahıya alındı.  37Hüzur çadırında xidmət edən Qohat nəsillərinə mənsub kişilərin cəmi bu idi. Rəbbin Musa vasitəsilə verdiyi əmrə görə Musa ilə Harun onları siyahıya aldılar.  38Gerşonlulardan nəsillərinə və ailələrinə görə  39otuz yaşından əlli yaşına qədər Hüzur çadırına xidmət edib iş görmək üçün gələn kişilərin hamısı siyahıya alındı.  40Nəsillərinə və ailələrinə görə 2630 nəfər siyahıya alındı.  41Gerşon nəslindən siyahıya alınan, Hüzur çadırında xidmət edən kişilərin cəmi bu idi. Rəbbin əmrinə görə Musa ilə Harun onları siyahıya aldılar.  42Merari övladlarından nəsillərinə və ailələrinə görə  43otuz yaşından əlli yaşına qədər Hüzur çadırına xidmət edib iş görmək üçün gələn kişilərin hamısı siyahıya alındı.  44Nəsillərinə görə 3200 nəfər siyahıya alındı.  45Hüzur çadırında xidmət edən Merari nəsillərinə mənsub kişilərin cəmi bu idi. Rəbbin Musa vasitəsi ilə verdiyi əmrə görə Musa ilə Harun onları siyahıya aldılar.  46Musa ilə Harun və İsrail rəhbərləri, nəsillərinə və ailələrinə görə bütün Levililəri,  47otuz yaşından əlli yaşına qədər, Hüzur çadırında xidmət etmək və yük daşımaq üçün gələn kişilərin hamısını siyahıya aldılar.  488580 nəfər siyahıya alındı.  49Rəbbin əmrinə görə hər biri edəcəyi xidmətə və daşıyacağı yükə görə Musanın nəzarəti ilə siyahıya alındılar; onlar Rəbbin Musaya əmr etdiyi kimi siyahıya alındılar.

YUXARI

Saylar 5

Düşərgənin paklığı

1Rəbb Musaya dedi:  2«İsrail övladlarına əmr et ki, bütün iyrənc dəri xəstəliyi və xəstəliyə görə bədən axıntısı olan yaxud da meyitdən murdarlanan hər kəsi düşərgədən çıxarsınlar.  3Onlar istər kişi olsun, istər qadın, arasında olduğum düşərgələrini murdar etməsinlər, onları düşərgədən çıxarın».  4İsrail övladları beləcə etdilər: onları düşərgədən çıxardılar. Rəbb Musaya necə söylədisə, İsrail övladları elə də etdilər.

Günah üçün ödəmə

5 Rəbb Musaya dedi:  6«İsrail övladlarına söylə: “İnsanların işlətdiyi günahlardan birini edərək Rəbbə xəyanət edən kişi yaxud qadın təqsirkardır”.  7Qoy o işlətdiyi günahı etiraf edib təqsirinin əvəzinin beşdə birini əlavə edərək qarşısında təqsirkar olan adama ödəsin.  8Əgər o adamın təqsirinin əvəzini ala biləcək qohumu yoxdursa, ödənəcək əvəz Rəbb üçün verilsin; qoy bu təqsirkar üçün verdiyi kəffarə təkəsi ilə birlikdə kahininki olsun.  9İsrail övladlarının kahinə təqdim etdikləri bütün müqəddəs ianələr kahinə məxsusdur.  10Hər kəsin özü üçün təqdis etdiyi əşyalar özünə məxsusdur, amma kahinə nə verərlərsə, kahinə aiddir».

Xəyanətdə ittiham edilən qadınlar

11Rəbb Musaya belə dedi:  12«İsrail övladlarına belə söylə: “Bir kişinin arvadı əyri yola düşüb ona xəyanət etsə və  13başqa kişi ilə yaxınlıq edib cinsi əlaqədə olduğu ərindən gizlədilirsə və beləcə qadının murdar işi ortaya çıxmamışsa, heç bir şahid olmadığı üçün günah üstündə tutulmamışsa,  14əri qısqanclığa qapılıb murdar iş görən arvadından şübhələnməyə başlayarsa yaxud arvadı murdar iş görmədiyi halda yenə qısqanclığa qapılıb ondan şübhələnərsə,  15kişi arvadını kahinin yanına aparsın və arvadı üçün təqdim olaraq istənilən efanın onda biri qədər arpa unu gətirsin. Onun üzərinə nə zeytun yağı töksün, nə də kündür qoysun, çünki bu qısqanclıq üçün taxıl təqdimidir. Təqsirkarlığı xatırladan xatirə təqdimidir.  16Kahin qadını Rəbbin hüzuruna gətirsin;  17gil qaba müqəddəs su alaraq müqəddəs məskənin döşəməsindən toz götürüb suya salsın.  18Kahin qadını Rəbbin önündə dayandıraraq onun saçını dağıtsın. Sonra xatirə təqdimini onun ovuclarına qoysun. Bu, qısqanclıq üçün taxıl təqdimidir. Kahinin əlində isə lənət gətirən acı su olacaq.  19Kahin qadına and içdirib desin: ‹Əgər sən başqa kişi ilə yaxınlıq etməmisənsə, ərinin nikahı altında olaraq əyri yola düşüb murdarlıq etməmisənsə, lənət gətirən bu acı su sənə zərər vurmayacaq.  20Lakin əri ilə nikahda olaraq əyri yola düşərək ərindən başqa bir kişi ilə yaxınlıq edib murdar olmusansa›  21onda kahin qadına lənət andını içdirib belə desin: ‹Rəbb sənin bətnini sonsuz edib qarnını şişirtdiyi zaman səni xalqının içində lənət və töhmətə düçar etsin.  22Lənət gətirən bu su sənin qarnını şişirtmək və bətnini sonsuz etmək üçün bağırsaqlarına daxil olsun›. Qadın ‹Amin, amin!› desin.  23Kahin bu lənətləri bir tumara yazsın və acı suda islatsın,  24sonra lənət gətirən acı suyu qadına içirtsin. Lənət gətirən su onun bətninə girəcək və acı olacaq.  25Kahin qısqanclıq üçün taxıl təqdimini qadının əlindən alsın və Rəbbin hüzurunda yellədikdən sonra qurbangaha gətirsin.  26Xatirə təqdimi olaraq taxıl təqdimindən ovuc dolusu götürsün və qurbangahda tüstülədib yandırsın, sonra qadına suyu içirtsin.  27Qadına suyu içirdikdən sonra əgər qadın murdar olub ərinə xəyanət etmişsə, lənət gətirən su onun bətninə girəcək və acılıq verəcək; onun qarnı şişəcək, bətni sonsuz olacaq və özü xalqının arasında lənətlənəcəkdir.  28Əgər qadın murdarlıq etməmişsə və pakdırsa, su zərər vurmayacaq və uşaq doğa biləcəkdir.  29Qısqanclığa aid olan qanun belədir: bir qadın əri ilə nikahda olarkən əyri yola düşüb murdar olanda  30yaxud bir kişi qısqanclığa qapılıb arvadından şübhələnəndə kahin qadını Rəbbin hüzurunda qoysun və ona bütün bu qanunu icra etsin.  31Kişi bu işdə cəzasız qalsın, o qadın isə öz günahının cəzasını çəksin”».

YUXARI

Saylar 6

Nəzirilik andı

1Rəbb Musaya belə dedi:  2«İsrail övladlarına söylə və onlara əmr et: “Bir kişi və yaxud bir qadın nəzirilik əhdi edib özünü Rəbbə həsr edərsə,  3 şərabdan və başqa kefləndirici içkidən çəkinsin. Hətta şərab sirkəsi də, başqa kefləndirici içkidən hazırlanmış sirkə də, üzüm suyu da içməsin; nə üzüm, nə də kişmiş yesin.  4Nəziri olduğu müddətdə çəyirdəkdən qabığa qədər meynədən istehsal edilmiş heç bir şey yeməsin.  5Nəziri olduğu bütün müddətdə başına ülgüc dəyməsin, saçını uzatsın; özünü Rəbbə həsr etdiyi müddət qurtarana qədər müqəddəs olsun.  6Özünü Rəbbə həsr etdiyi günlərdə meyitə yaxınlaşmasın.  7Atası və anası, qardaşı və bacısı ölsə, onlara görə özünü murdar etməsin; çünki özünü Allahına həsretmə rəmzi onun başı üzərindədir.  8Nəziri olduğu bütün müddətdə o, Rəbbə həsr edilmişdir.  9Yanında bir adam birdən-birə qəflətən ölərsə və nəzirinin saçını murdar eləyərsə, o təmiz olduğu gün – yeddinci gün başını qırxdırsın.  10Səkkizinci gün Hüzur çadırının girişində kahinə iki qumru quşu yaxud iki göyərçin gətirsin.  11Kahin birini günah qurbanı və o birini yandırma qurbanı kimi təqdim etsin ki, nəzirinin günahı üçün kəffarə olsun, çünki meyitlə bir yerdə olmaqla o günah işlətdi. Həmin gün yenidən başını təqdis etsin.  12Nəziri olduğu müddətdə özünü Rəbbə yenidən həsr etsin və təqsir qurbanı olaraq birillik erkək toğlu gətirsin. Əvvəlki günlər isə boşa getsin, çünki nəziriliyi murdarlanmışdır.  13 Nəziriyə aid olan qanun budur: özünü həsr etdiyi müddət qurtaranda nəziri Hüzur çadırının girişinə gətirilsin.  14Orada Rəbbə bu təqdimləri gətirsin: yandırma qurbanı olaraq birillik qüsursuz bir erkək toğlu, günah qurbanı olan birillik qüsursuz bir dişi toğlu, ünsiyyət qurbanı olan qüsursuz bir qoç,  15bir səbət mayasız çörək, narın undan zeytun yağı ilə yoğrulmuş mayasız kökələrdən və üstünə zeytun yağı sürtülmüş mayasız qoğallardan ibarət olan taxıl təqdimləri və içmə təqdimləri.  16Kahin Rəbbin önündə onları təqdim etsin; günah qurbanını və yandırma qurbanını gətirsin.  17Mayasız çörək səbəti ilə birgə qoçu Rəbbə ünsiyyət qurbanı kimi gətirsin; kahin onun taxıl təqdimi ilə içmə təqdimini də gətirsin.  18Nəziri Hüzur çadırının girişində öz həsr etdiyi saçını qırxsın, sonra saçını götürüb ünsiyyət qurbanının altındakı oda qoysun.  19Nəziri həsr etdiyi saçını qırxdıqdan sonra kahin qoçun bişmiş bir qolunu, səbətdən götürdüyü mayasız bir kökə və mayasız bir qoğal ilə birgə nəzirinin ovuclarına qoysun.  20Sonra yellətmə təqdimi kimi onları Rəbbin hüzurunda yellətsin. Onlar yellədilən döş əti və qaldırılan budla birgə müqəddəsdir, kahinə məxsusdur. Ondan sonra nəziri şərab içə bilər.  21Özünü həsr etdiyinə görə Rəbbə təqdimini və buna əlavə olaraq verə biləcəyi başqa şeyləri əhd edən nəziri ilə əlaqədar qanun budur. Nəzirilik qanuna görə nəziri nə əhd etmişsə, onu icra etməlidir”».

Kahinlərin xeyir-duası

22Rəbb Musaya dedi:  23«Harun və oğullarına belə de: İsrail övladlarına belə xeyir-dua verin:  24“Qoy Rəbb sənə xeyir-dua verib səni qorusun;

25Rəbb Öz nurlu üzünü sənə göstərərək lütf versin.

26Rəbb üzünü sənə tərəf çevirsin, sənə sülh versin”.

27Beləcə kahinlər Mənim adımla İsrail övladlarına xeyir-dua verəndə Mən də onlara xeyir-dua verəcəyəm».

YUXARI

Saylar 7

Rəhbərlərin təqdimləri

1Musa məskəni qurub qurtaranda onu və bütün avadanlığını məsh və təqdis etdi. Qurbangah və bütün avadanlığını da məsh və təqdis etdi.  2Sonra İsrail rəhbərləri təqdimləri gətirdilər. Onlar nəsil başçıları, siyahıya alınan xalqa nəzarət edən qəbilə rəhbərləri idi.  3Rəbbə təqdim olaraq üstü örtülü altı araba və on iki öküz gətirdilər; hər iki rəhbər üçün bir araba və hər rəhbər üçün bir öküz. Bu təqdimləri məskənin önünə gətirdilər.  4Rəbb Musaya belə dedi:  5«Onları bu adamlardan götür ki, Hüzur çadırındakı xidmətlərdə işlənilsin. Onları Levililərə, hər birinin vəzifəsinə görə ver».  6Musa arabaları və öküzləri götürüb Levililərə verdi.  7Gerşonlulara vəzifələrinə görə iki araba və dörd öküz verdi;  8Merarililərə isə vəzifələrinə görə dörd araba və səkkiz öküz verdi. Onların hamısı kahin Harun oğlu İtamarın nəzarəti altında idi.  9Lakin Qohatlılara bir şey vermədi, çünki onların vəzifəsi müqəddəs əşyaları çiyinlərində daşımaqdır.  10Qurbangah məsh edilən gün rəhbərlər onun təqdisi üçün təqdimlər gətirdilər; onlar təqdimlərini qurbangahın qabağına gətirdilər.  11Çünki Rəbb Musaya demişdi: «Qurbangahın təqdisi üçün hər gün bir rəhbər öz təqdimini gətirsin».  12Birinci gün təqdimi gətirən Yəhuda qəbiləsindən Amminadav oğlu Naxşon oldu.  13Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;  14buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;  15yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;  16günah qurbanı olaraq bir təkə;  17ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Amminadav oğlu Naxşonun gətirdiyi təqdimlər bunlar idi.  18İkinci gün İssakarlıların rəhbəri Suar oğlu Netanel təqdimlərini gətirdi.  19Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini; yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;  20buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;  21yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;  22günah qurbanı olaraq bir təkə;  23qurban ediləcək ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Suar oğlu Netanelin gətirdiyi təqdimlər bunlar idi.  24Üçüncü gün Zevulunluların rəhbəri Xelon oğlu Eliav təqdimlərini gətirdi.  25Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;  26buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;  27yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;  28günah qurbanı olaraq bir təkə;  29qurban ediləcək ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Xelon oğlu Eliavın gətirdiyi təqdimlər bunlar idi.  30Dördüncü gün Ruvenlilərin rəhbəri Şedeur oğlu Elisur təqdimlərini gətirdi.  31Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;  32buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;  33yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;  34günah qurbanı olaraq bir təkə;  35qurban ediləcək ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Şedeur oğlu Elisurun gətirdiyi təqdimlər bunlar idi.  36Beşinci gün Şimeonluların rəhbəri Surişadday oğlu Şelumiel təqdimlərini gətirdi.  37Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın un ilə dolu idi;  38buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;  39yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;  40günah qurbanı olaraq bir təkə;  41ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Surişadday oğlu Şelumielin gətirdiyi təqdimlər bunlar idi.  42Altıncı gün Qadlıların rəhbəri Deuel oğlu Elyasaf təqdimlərini gətirdi.  43Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;  44buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;  45yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;  46günah qurbanı olaraq bir təkə;  47ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Deuel oğlu Elyasafın gətirdiyi təqdimlər bunlar idi.  48Yeddinci gün Efrayimlilərin rəhbəri Ammihud oğlu Elişama təqdimlərini gətirdi.  49Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;  50buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;  51yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;  52günah qurbanı olaraq bir təkə;  53ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Ammihud oğlu Elişamanın gətirdiyi təqdimlər bunlar idi.  54Səkkizinci gün Menaşşelilərin rəhbəri Pedahsur oğlu Qamliel təqdimlərini gətirdi.  55Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;  56buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;  57yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;  58günah qurbanı olaraq bir təkə;  59ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Pedahsur oğlu Qamlielin gətirdiyi təqdimlər bunlar idi.  60Doqquzuncu gün Binyaminlilərin rəhbəri Gidoni oğlu Avidan təqdimlərini gətirdi.  61Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;  62buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;  63yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;  64günah qurbanı olaraq bir təkə;  65ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Gido
ni oğlu Avidanın gətirdiyi təqdimlər bunlar idi.  66Onuncu gün Danlıların rəhbəri Ammişadday oğlu Axiezer təqdimlərini gətirdi.  67Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;  68buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;  69yandırma qurbanı olaraq bir dana, bir qoç, bir erkək toğlu;  70günah qurbanı olaraq bir təkə;  71ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Ammişadday oğlu Axiezerin gətirdiyi təqdimlər bunlar idi.  72On birinci gün Aşerlilərin rəhbəri Okran oğlu Pagiel təqdimlərini gətirdi.  73Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;  74buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;  75yandırma qurbanı olaraq bir dana, bir qoç, bir erkək toğlu;  76günah qurbanı olaraq bir təkə;  77ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, birillik beş erkək toğlu. Okran oğlu Pagielin gətirdiyi təqdimlər bunlar idi.  78On ikinci gün Naftalililərin rəhbəri Enan oğlu Axira təqdimlərini gətirdi.  79Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş unla dolu idi;  80buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;  81yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;  82günah qurbanı olaraq bir təkə;  83ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Enan oğlu Axiranın gətirdiyi təqdimlər bunlar idi.  84Qurbangah məsh ediləndə İsrail rəhbərlərinin onun təqdisi üçün gətirdiyi təqdimlər bunlardır: on iki gümüş sini, on iki gümüş ləyən, on iki qızıl nimçə;  85hər gümüş nimçənin ağırlığı yüz otuz şekel və hər ləyənin ağırlığı isə yetmiş şekel idi; bütün gümüş qabların ağırlığı Müqəddəs yerdəki şekelə görə iki min dörd yüz şekel idi;  86buxurla dolu on iki qızıl nimçədən hər birinin ağırlığı Müqəddəs yerdəki şekelə görə on şekel olub. Beləliklə, nimçələrdəki bütün qızılın ağırlığı yüz iyirmi şekel idi;  87yandırma qurbanı olaraq, taxıl təqdimləri ilə birlikdə heyvanların cəmi on iki buğa, on iki qoç, on iki erkək toğlu və günah qurbanı olaraq on iki təkə;  88ünsiyyət qurbanı üçün heyvanların cəmi iyirmi dörd buğa, altmış qoç, altmış təkə, altmış erkək toğlu. Qurbangah məsh ediləndən sonra onun təqdisi üçün verilən təqdimlər bunlar idi.  89Musa Rəbb ilə danışmaq üçün Hüzur çadırına girdiyi zaman Şəhadət sandığında olan kəffarə qapağının üzərindəki iki keruvun arasından ona xitab edən Rəbbin səsini eşidərdi. Rəbb Musa ilə danışardı.

YUXARI

Saylar 8

Yeddi çıraq

1Rəbb Musaya belə dedi:  2«Haruna de: “Yeddi çırağı elə qoy ki, çıraqdanın önünü işıqlandırsın”».  3Harun belə etdi; Rəbbin Musaya əmr etdiyi kimi çıraqları çıraqdanın önündə yerləşdirdi.  4Çıraqdanın quruluşu belə idi: altlığından gül təsvirlərinə qədər yastılanmış qızıldan hazırlanmışdı. Çıraqdan Rəbbin Musaya göstərdiyi nümunəyə görə düzəldilmişdi.

Levililərin təyin edilməsi

5Rəbb Musaya dedi:  6«İsrail övladlarının arasından Levililəri götür və onları pak et.  7Onları pak etmək üçün belə et: paklama suyunu üzərlərinə çilə, sonra bədənlərindəki bütün tükləri qırxıb geyimlərini yusunlar. Beləliklə, pak olarlar.  8O zaman bir buğa və onun taxıl təqdimi olan zeytun yağı ilə yoğrulmuş narın un götürsünlər. Günah qurbanı olaraq yenə bir buğa götür.  9Levililəri Hüzur çadırının önünə gətir. İsrail övladlarının bütün icmasını da topla.  10Levililəri Rəbbin önünə gətirdikdə qoy İsrail övladları əllərini onların üzərinə qoysunlar.  11Harun yellətmə təqdimi olaraq İsrail övladlarının arasından Levililəri Rəbbin önünə gətirəcək ki, Rəbbə xidmət etsinlər.  12Levililər əllərini buğaların başlarına qoysunlar; birini günah qurbanı və o birini yandırma qurbanı olaraq Rəbbə gətir ki, Levililər üçün kəffarə olunsun.  13Levililəri Harunla oğullarının önündə dayandır. Sonra da onları Rəbbə gətirib yellətmə təqdimi olaraq həsr edəcəksən.  14Levililəri İsrail övladları arasından beləcə ayır ki, Levililər Mənim olsun.  15Levililəri pak edib yellətmə təqdimi olaraq həsr et; bundan sonra onlar Hüzur çadırında xidmət etmək üçün içəri girə bilər.  16Çünki İsrail övladları arasından onlar tamamilə Mənə verilmişdir; İsrailli qadınların doğduğu bütün ilk oğlanların əvəzinə onları Özümə götürdüm.  17 İsrail övladları arasında ilk doğulan bütün oğlanlar və bütün heyvan balaları Mənimdir; Misir diyarında bütün ilk oğlanları məhv etdiyim gün onları Özümə təqdis etdim.  18Ona görə də İsrail övladları arasında bütün ilk oğlanların yerinə Levililəri götürdüm.  19İsrail övladları arasından Levililəri Haruna və oğullarına hədiyyə olaraq verdim ki, Hüzur çadırında İsrail övladları üçün xidməti yerinə yetirib kəffarə etsinlər və beləcə Müqəddəs yerə yaxınlaşan İsrailliləri bəlaya düçar olmaqdan qorusunlar».  20Musa ilə Harun və bütün İsrail övladlarının icması Levililər üçün deyilənləri etdilər. İsrail övladları Rəbbin Levililər haqqında Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər.  21Levililər özlərini pak edib geyimlərini yudular. Harun onları Rəbbin önünə gətirib yellədilən təqdim olaraq həsr etdi və onlar üçün kəffarə etdi ki, pak olsunlar.  22Ondan sonra Levililər Harunla oğullarının nəzarəti altında Hüzur çadırında xidmətlərini icra etmək üçün Rəbbin Musaya əmr etdiyini yerinə yetirdilər.  23Rəbb Musaya belə dedi:  24«Bu qanun Levililərə aiddir. İyirmi beş yaş və ondan yuxarı olanlar Hüzur çadırının işini görmək üçün içəri girsinlər.  25Əlli yaşa çatanda isə gördükləri xidmətlərini dayandırıb daha işləməməlidirlər.  26Hüzur çadırında öz vəzifələrini yerinə yetirən qardaşlarına yardım edə bilərlər, lakin özləri xidmət etməsinlər. Levililərin vəzifələrini belə qaydaya sal».

YUXARI

Saylar 9

Pasxa bayramının keçirilməsi

1İsrail övladları Misir torpağından çıxdıqdan sonra ikinci ilin birinci ayında Rəbb Sina səhrasında Musaya dedi:  2«İsrail övladları Pasxa bayramını təyin olunmuş vaxtda qeyd etsinlər.  3Onu ayın on dördüncü günündə, axşamçağı, təyin olunmuş vaxtda keçirin; onu bütün qaydalarına və hökmlərinə görə qeyd edin».  4Beləcə Musa İsrail övladlarına əmr etdi ki, Pasxa bayramını keçirsinlər.  5Sina səhrasında, birinci ayın on dördüncü günündə, axşamçağı Pasxa bayramını keçirtdilər. İsrail övladları Rəbbin Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər.  6Ölüyə toxunub murdar olan adamlar vardı ki, o gün onlar Pasxa bayramını keçirə bilmədilər. Həmin gün bu adamlar Musa və Harunun yanına gəlib  7belə dedilər: «Ölüyə görə biz murdarıq, nə üçün biz başqa İsrail övladları kimi Rəbbə qurban təqdim etməkdən məhrum olaq?»  8Musa onlara dedi: «Dayanın, görüm Rəbb sizin barədə nə əmr edəcək».  9Rəbb Musaya dedi:  10«İsrail övladlarına belə de: “Əgər sizdən yaxud nəslinizdən bir nəfər ölüyə toxunub murdar olarsa yaxud uzaq yolda olarsa, yenə də Rəbbin Pasxa bayramını keçirtsin.  11İkinci ayın on dördüncü günü axşamçağı Pasxa bayramını qeyd etsinlər. Pasxa qurbanını mayasız çörək və acı göyərti ilə yesinlər.  12 Ondan sabaha qədər heç nə qalmasın və bir sümük belə qırılmasın. Pasxaya aid olan bütün qanunları icra etsinlər.  13Amma kim ki pakdır, uzaq yolda deyil və Pasxanı keçirmirsə, öz xalqı arasından qovulsun; çünki təyin olunan vaxtda Rəbbin təqdimini gətirməmişdir, o adam günahının cəzasını çəksin.  14Əgər sizinlə yaşayan bir yadelli Rəbbin Pasxa bayramını keçirmək istəyirsə, Pasxanı qaydalarına və hökmlərinə görə keçirsin; həm yadelli üçün, həm də yerli əhali üçün qayda bir olsun”».

Məskən üzərindəki bulud

(Çıx. 40:34-38)

15Məskənin qurulduğu gün məskəni, Şəhadət çadırını bulud bürüyərdi; axşamdan səhərə qədər məskənin üzərindəki bulud alova oxşayırdı.  16Daima belə oldu. Məskəni bürüyən bulud gecələr oda oxşayırdı.  17 Bulud çadırın üzərindən qalxan zaman İsrail övladları köç edərdilər; əgər bulud harada dayanardısa, İsrail övladları da orada düşərgə salardılar.  18Onlar Rəbbin əmrinə görə yola düşər və Rəbbin əmrinə görə də məskən salardılar. Nə vaxt bulud məskənin üzərində dayanardısa, onlar düşərgə saldıqları yerdə qalardılar.  19Bulud uzun müddət çadırın üzərində dayananda İsrail övladları Rəbbin buyruğuna riayət edərdilər.  20Bəzən bulud məskənin üzərində bir neçə gün görünərdi; onlar Rəbbin əmrinə görə düşərgə saldıqları yerdə qalar, yenə Rəbbin əmrinə görə yola düşərdilər.  21Bəzən də bulud axşamdan səhərə kimi dayanırdı; səhər erkən bulud qalxdıqda yola düşərdilər. İstər gecə, istər gündüz olsun bulud qalxanda yola düşərdilər.  22İstər iki gün olsun, istər bir ay və yaxud bir il, bulud məskən üzərində dayanıb qalanda İsrail övladları düşərgə saldıqları yerdə qalar, köç etməzdilər. Lakin qalxan zaman yola düşərdilər.  23Rəbbin əmrinə görə düşərgə salardılar və Rəbbin əmrinə görə də yola düşərdilər. Musa vasitəsilə verdiyi əmrə görə Rəbbin buyruğuna riayət edərdilər.

YUXARI

Saylar 10

İki gümüş kərənay

Rəbb Musaya belə dedi:  2«Özünə yastılanmış gümüşdən iki kərənay düzəlt. Bunları icmanı çağırmaq və düşərgədəkilərin köçməsi üçün işlət.  3İki kərənay birdən çalınarsa, 1bütün icma sənin yanına, Hüzur çadırının girişinə toplansın.  4Əgər tək biri çalınarsa, rəhbərlər, İsrailin tayfa başçıları sənin yanına toplansınlar.  5Yüksək səslə çalınanda şərqi düşərgədəkilər yola düşsünlər.  6Yenə də yüksək səslə çalınanda cənubi düşərgədəkilər yola düşsünlər. Onları yola salmaq üçün yüksək səslə çalınsın.  7Camaatı toplamaq lazım olanda çalın, amma yüksək səslə çalmayın.  8Kərənayları Harun oğulları olan kahinlər çalsınlar. Bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.  9Sizi torpağınızda sıxışdıran düşmənə qarşı döyüşə çıxanda kərənayları yüksək səslə çalın ki, Allahınız Rəbbin yadına düşüb düşmənlərinizdən xilas olasınız.  10Şad gününüzdə, bayramlarınızda və Təzə Ay mərasimində yandırma qurbanlarınızı və ünsiyyət qurbanınızı verərkən kərənay çalın; Allahınızın qarşısında bu sizin üçün bir xatirə olsun. Allahınız Rəbb Mənəm».

İsrail övladları Sinanı tərk edirlər

11İkinci ilin ikinci ayında, ayın iyirminci günündə Şəhadət məskəninin üzərindən bulud çəkildi.  12İsrail övladları köçlərinə görə Sina səhrasından yola düşdülər. Bulud Paran səhrasında dayandı.  13İlk dəfə olaraq Musa vasitəsilə Rəbbin əmrinə görə yola düşdülər.  14Öncə Yəhuda ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Amminadav oğlu Naxşon rəhbərlik edirdi.  15İssakar qəbiləsinin ordusuna Suar oğlu Netanel rəhbərlik edirdi.  16Zevulun qəbiləsinin ordusuna isə Xelon oğlu Eliav rəhbərlik edirdi.  17Məskən söküləndə məskəni daşıyan Gerşon övladları və Merari övladları yola düşdülər.  18Ruven ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Şedeur oğlu Elisur rəhbərlik edirdi.  19Şimeon qəbiləsinin ordusuna Surişadday oğlu Şelumiel rəhbərlik edirdi.  20Qad qəbiləsinin ordusuna Deuel oğlu Elyasaf rəhbərlik edirdi.  21Müqəddəs əşyaları daşıyan Qohatlılar yola düşdülər; onlar gələnədək o birilər məskəni qurardılar.  22Efrayim ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Ammihud oğlu Elişama rəhbərlik edirdi.  23Menaşşe qəbiləsinin ordusuna Pedahsur oğlu Qamliel rəhbərlik edirdi.  24Binyamin qəbiləsinin ordusuna isə Gidoni oğlu Avidan rəhbərlik edirdi.  25Ən axırda isə Dan ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Ammişadday oğlu Axiezer rəhbərlik edirdi.  26Aşer qəbiləsinin ordusuna Okran oğlu Pagiel,  27Naftali qəbiləsinin ordusuna Enan oğlu Axira rəhbərlik edirdi.  28İsrail ordu dəstələri bu nizamla yola düşərdilər.  29Musa qayınatası Midyanlı Reuel oğlu Xovava dedi: «Rəbbin “sizə verəcəyəm” dediyi yerə yola düşürük, bizimlə gəl, biz sənə yaxşılıq edərik. Çünki Rəbb İsrailə yaxşılıq edəcəyinə söz verib».  30Xovav ona dedi: «Gedə bilmərəm. Mən öz torpağıma və qohum-əqrəbamın yanına gedəcəyəm».  31Musa dedi: «Xahiş edirəm, bizi tərk etmə, çünki səhrada düşərgə salacağımız yerləri sən bilirsən. Bizə bələdçilik et.  32Bizimlə getsən, Rəbbin bizə edəcəyi yaxşılığı biz də sənə edərik».  33İsrail övladları Rəbbin dağından ayrılıb üç gün yol getdilər. Rəbbin Əhd sandığı da üç gün onların önündə getdi ki, dincələcəkləri yeri onlara göstərsin.  34Düşərgə saldıqları yerdən yola düşdükləri vaxt Rəbbin buludu gündüz onların üzərində idi.  35 Sandıq yola düşəndə Musa deyirdi: «Ya Rəbb qalx!

Qoy düşmənlərin dağılsın,

Sənə nifrət edənlər Sənin hüzurundan qaçsın».

36Sandıq dayananda belə deyirdi: «Ya Rəbb, İsrail tayfalarının on minlərinin yanına qayıt».

YUXARI

Saylar 11

Rəbbin göndərdiyi od və bildirçinlər

1Camaat çəkdiyi sıxıntıdan Rəbbə şikayət etdi. Rəbb bunu eşidəndə qəzəbi alovlandı. Rəbbin odu onların arasında yandı və düşərgə ətrafındakıların bəzilərini məhv etdi.  2Camaat Musaya fəryad etdi. Musa Rəbbə yalvardı və od söndü.  3O yerin adı Tavera qoyuldu, çünki onların arasında Rəbbin odu yanırdı.  4 Xalqın arasında olan alçaq yadellilərin iştahası ifrat dərəcədə artdı. İsrail övladları da yenə ağlayıb dedilər: «Kaş ki yeməyə ətimiz olaydı!  5Misirdə müftə yediyimiz balıqları, xiyarları, qarpızları, kəvərləri, soğanları və sarımsaqları yadımıza salırıq.  6Ancaq indi iştahamız küsüb, yeməyə mannadan başqa bir şey görmürük».  7 Manna görünüşcə keşniş toxumu kimi idi, rəngi də mirvari rəngində idi.  8Camaat dolaşar və onu yığıb dəyirmanda üyüdər yaxud da həvəngdə döyərdilər. Qazanda qaynadaraq kökə düzəldərdilər. Onun dadı zeytun yağı ilə bişirilmiş yeməklərə oxşayırdı.  9 Manna gecə düşərgə üzərinə düşən şehlə bərabər düşərdi.  10Musa xalqın, hər ailənin çadırının qarşısında ağlamaqlarını eşitdi və Rəbbin qəzəbi çox alovlandı. Musa da narazı idi.  11Ona görə Rəbbə dedi: «Sən nə üçün quluna əzab verdin? Sənin gözündə lütf tapmadığım üçün bu xalqın bütün yükünü mənim üzəriməmi qoyursan?  12Bütün bu xalqa mənmi hamilə olmuşam? Bunları mənmi doğmuşam? Məgər Sən istəyirsən ki, südəmər uşağı gəzdirən dayə kimi atalarına and içib söz verdiyin torpağa onları qucağımda mən aparım?  13Bütün bu xalqa yedirtmək üçün əti mən haradan tapım? Çünki onlar mənim qarşımda ağlayaraq “bizə ət ver, yeyək” deyirlər.  14Bu xalqı mən təkbaşına daşıya bilmərəm, çünki bu mənim üçün çox ağırdır.  15Əgər mənimlə bu cür davranacaqsansa, gözündə lütf tapdımsa, onda nə olar, məni öldür ki, belə əzabı görməyim».  16Rəbb Musaya dedi: «Mənə xalq arasında rəhbər və mötəbər saydığın İsrail ağsaqqallarından yetmiş nəfər topla. Onları Hüzur çadırına gətir və qoy səninlə dursunlar.  17Mən enərək orada səninlə danışacağam. Səndə olan Ruhdan götürüb onlara verəcəyəm ki, xalqın yükünü səninlə bərabər çəksinlər. Bununla da bu yükü təkbaşına daşımayacaqsan.  18Xalqa de ki, sabah üçün özlərini pak etsinlər, çünki ət yeyəcəklər. “Kaş ki ətimiz olaydı! Misirdə halımız yaxşı idi” deyərək bərkdən ağladınız. Bunu Rəbb eşitdi. Ona görə Rəbb sizə ət verəcək, yeyəcəksiniz.  19Nə bir gün, nə iki gün, nə beş gün, nə on gün, nə də iyirmi gün yeyəcəksiniz.  20Düz bir ay, burnunuzdan gələnə qədər, iyrənənə qədər yeyəcəksiniz; çünki aranızda olan Rəbbi rədd etdiniz və Onun qarşısında “nə üçün Misirdən çıxdıq?” deyərək ağladınız».  21Musa dedi: «Arasında olduğum bu xalqda altı yüz min piyada vardır və Sən deyirsən: “Mən onlara bir aylıq yemək üçün ət verəcəyəm”.  22Bütün qoyun-keçi və mal-qara kəsilərsə, onlar doyarmı? Dənizin bütün balıqları tutularsa, onlar doyarmı?»  23Rəbb Musaya dedi: «Məgər Rəbbin əli qısaldımı? İndi görəcəksən sənə dediklərim yerinə yetir ya yox».  24Musa çıxdı və Rəbbin sözünü xalqa çatdırdı. Xalqın ağsaqqallarından yetmiş nəfəri topladı və çadırın ətrafında dayandırdı.  25Rəbb buludda endi və Musa ilə danışdı. Ondakı Ruhdan götürüb yetmiş nəfər ağsaqqallara verdi; onların üzərinə Ruh çökən zaman peyğəmbərlik etdilər, amma sonra etmədilər.  26Düşərgədə iki adam qalmışdı, birinin adı Eldad və o birinin adı Medad idi. Onlar yazılan yetmiş nəfər arasında idilər, lakin çadıra getməmişdilər. Ruh onların da üzərinə çökdü və onlar düşərgədə peyğəmbərlik edirdilər.  27Bir gənc qaçaraq Musaya xəbər verib dedi: «Eldad və Medad düşərgədə peyğəmbərlik edirlər».  28Gəncliyindən bəri Musanın köməkçisi olan Nun oğlu Yeşua «ağam Musa, onlara qadağan et» deyib fikrini bildirdi.  29Musa ona cavab verdi: «Sən mənə görəmi qısqanırsan? Kaş Rəbbin bütün xalqı peyğəmbər olaydı və Rəbb onlara Ruhunu verəydi!»  30Sonra Musa və İsrail ağsaqqalları düşərgəyə qayıtdılar.  31Rəbb dənizdən bildirçin gətirən bir külək əsdirdi. Külək bildirçinləri düşərgənin hər istiqamətindən bir günlük yol qədər uzaqlığa, yerin üzərindən iki qulac qədər hündürlüyə saldı.  32Bütün o gün, o gecə və ertəsi gün camaat çıxıb bildirçinləri yığdı. Ən az yığan on xomer yığdı. Bildirçinləri özləri üçün düşərgənin ətrafına sərirdilər.  33Amma əti hələ dişləri arasında çeynəməmişdən əvvəl xalqa qarşı Rəbbin qəzəbi alovlandı, Rəbb onları şiddətli vəba ilə cəzalandırdı.  34O yerin adı Qivrot-Hattaava qoyuldu, çünki iştahası başqa yemək çəkənlər orada basdırıldı.  35Camaat Qivrot-Hattaavadan Xaserota köçüb orada qaldı.

YUXARI

Saylar 12

Məryəmin cəzalanması

1Məryəm ilə Harun Kuşlu qadından ötrü Musadan giley edirdilər. Çünki Musa özünə arvad olaraq həmin Kuşlu qadını almışdı.  2Onlar dedilər: «Rəbb yalnız Musa vasitəsiləmi danışdı? Bizim vasitəmizlə də danışmadımı?» Rəbb bunu eşitdi.  3Musa yer üzündə yaşayan bütün adamlardan daha itaətkar bir insan idi.  4Rəbb bir anlıq Musaya, Haruna və Məryəmə dedi: «Üçünüz də Hüzur çadırına gəlin». Üçü də oraya getdilər.  5O zaman Rəbb bulud dirəyində endi və çadırın girişində durub Harunla Məryəmi çağırdı; hər ikisi önə çıxanda  6Rəbb onlara dedi: «İndi sözlərimi dinləyin;

Əgər aranızda bir peyğəmbər varsa,

Mən Rəbb görüntüdə ona Özümü bildirərəm,

Yuxuda onunla danışaram.

7Qulum Musa isə elə deyil, O bütün evimdə sadiqdir.

8Mən onunla müəmmalarla deyil,

Üzbəüz açıq danışaram və

O, Rəbbin surətini görür.

Nə üçün qorxmayaraq qulum Musadan gileyləndiniz?»

9Rəbb onlara bərk qəzəbləndi və oradan getdi.  10Bulud çadırın üzərindən çəkiləndə Məryəm cüzama tutulmuş, qar kimi ağarmışdı. Harun Məryəmə baxdıqda gördü ki, o cüzama tutulub.  11Harun Musaya dedi: «Ey ağam, rica edirəm ki, axmaqlıq və günah işlədiyimizə görə bizi bu cəzanı çəkməyə qoyma.  12Rica edirəm, qoyma ki onun bədəni ananın bətnindən çıxan ölü doğulmuş uşağın yarı çürümüş bədəninə bənzəsin».  13Musa Rəbbə fəryad edib dedi: «Yalvarıram, ay Allah, ona şəfa ver!»  14 Rəbb Musaya dedi: «Əgər atası onun üzünə tüpürmüş olsaydı, yeddi gün gözdən düşməyəcəkdimi?»  15Məryəm yeddi gün düşərgədən kənar yerdə saxlandı. O geri gətirilənə qədər camaat köçmədi.  16Ondan sonra camaat Xaserotdan yola düşdü və Paran səhrasında düşərgə saldılar.

YUXARI

Saylar 13

Kənan ölkəsinə nəzər salma

(Qanun. 1:19-33)

1Rəbb Musaya dedi:  2«İsrail övladlarına verəcəyim Kənan torpağına nəzər salmağa adamlar göndər; atalarının hər qəbiləsindən bir rəhbər göndər».  3Musa Rəbbin əmrinə görə Paran səhrasından onları göndərdi; hamısı İsrail övladlarının başçılarındandır.  4Adları bunlardır: Ruven qəbiləsindən Zakkur oğlu Şammua;  5Şimeon qəbiləsindən Xori oğlu Şafat;  6Yəhuda qəbiləsindən Yefunne oğlu Kalev;  7İssakar qəbiləsindən Yusif oğlu İqal;  8Efrayim qəbiləsindən Nun oğlu Huşə;  9Binyamin qəbiləsindən Rafu oğlu Palti;  10Zevulun qəbiləsindən Sodi oğlu Qaddiel;  11Yusif qəbiləsindən, yəni Menaşşe qəbiləsindən Susi oğlu Qaddi;  12Dan qəbiləsindən Gemalli oğlu Ammiel;  13Aşer qəbiləsindən Mikael oğlu Setur;  14Naftali qəbiləsindən Vofsi oğlu Naxbi;  15Qad qəbiləsindən Maki oğlu Geuel.  16Ölkəni nəzərdən keçirmək üçün Musanın göndərdiyi adamların adları belədir: Musa Nun oğlu Huşəyə Yeşua adını verdi.  17Musa onları Kənan torpağını nəzərdən keçirmək üçün göndərərkən dedi: «Bu yoldan Negevə gedin və dağlığa çıxın.  18Ölkənin necə olduğunu görün. Orada yaşayan xalq güclümü, zəifmi, azmı, çoxmu?  19Yaşadıqları ölkə necə, yaxşımı, pismi? Şəhərləri necə, hasarlımı, istehkamsızmı?  20Torpaq necə, münbitmi, məhsulsuzmu? Orada ağac varmı, yoxsa yox? Əlinizdən gələni edib ölkənin meyvəsindən gətirin». O zaman üzüm yetişən mövsüm idi.  21Onlar yola düşdülər və Zin səhrasından Xamat keçidindəki Rexova qədər ölkəni nəzərdən keçirdilər.  22Negevə çıxdılar və Xevrona çatdılar; orada Anaqlı Aximan, Şeşay və Talmay yaşayırdı. Xevron Misirdəki Soan şəhərindən yeddi il əvvəl tikilmişdi.  23Eşkol vadisinə çatanda bir salxım üzümü olan bir tənək budağı kəsdilər və adamların ikisi bir neçə nar və əncirlə birlikdə tənək budağını aralarında bir şüvüldə aparırdılar.  24İsrail oğullarının oradan kəsdikləri salxıma görə o yerə Eşkol vadisi deyildi.  25Qırx gündən sonra ölkəni nəzərdən keçirib qayıtdılar.  26Paran səhrasındakı Qadeşə, Musa ilə Harunun və bütün İsrail övladlarının icmasının yanına gəldilər. Onlara və bütün icmaya xəbər gətirdilər, sonra ölkənin meyvələrini onlara göstərdilər.  27Musaya belə izah edərək dedilər: «Bizi göndərdiyin ölkəyə çatdıq. Həqiqətən də, orada süd və bal axır. Budur o torpağın meyvələri!  28Lakin orada yaşayan xalq çox güclüdür. Şəhərlər istehkamlı və çox böyükdür. Hətta orada Anaqlıları gördük.  29Negev məntəqəsində Amaleqlilər, dağlıqda Xetlilər, Yevuslular və Emorlular, dəniz kənarında və İordan çayı sahilində isə Kənanlılar yaşayırlar».  30Kalev Musanın önündə camaatı sakitləşdirib dedi: «Gedib oranı ələ keçirək. Çünki biz mütləq onların öhdəsindən gələrik».  31Onunla gedən adamlar isə dedilər: «O xalqa hücum edə bilmərik, çünki onlar bizdən güclüdürlər».  32Nəzərdən keçirdikləri torpaq haqqında İsrail övladlarına pis xəbər gətirib dedilər: «Gözdən keçirmək üçün içindən keçdiyimiz torpaq öz əhalisinin başını yeyən torpaqdır və orada gördüyümüz hər kəs uca boyludur.  33Orada nəhəng adamların nəslindən olan Anaqlıları gördük. Onların yanında özümüzü çəyirtkə boyda hiss etdik, onlara da elə göründük».

YUXARI

Saylar 14

Xalqın üsyanı

1Bütün icma uca səslə fəryad qoparıb gecə boyu ağladı.  2İsrail övladları Musaya və Haruna qarşı deyindilər; bütün icma onlara dedi: «Kaş Misir torpağında ya da bu səhrada öləydik!  3Nə üçün Rəbb bizi bu torpağa aparır? Yəni biz qılıncla qırılaq? Arvadlarımız və uşaqlarımız əsir olacaqlar. Misirə qayıtmaq bizim üçün daha yaxşı olmazdımı?»  4Sonra bir-birlərinə dedilər: «Özümüzə başçı seçək və Misirə qayıdaq».  5O zaman Musa ilə Harun orada toplanmış bütün İsrail icmasının camaatının önündə üzüstə yerə sərildi.  6Ölkəyə nəzər salanlardan Nun oğlu Yeşua və Yefunne oğlu Kalev paltarlarını cırdılar;  7bütün İsrail övladlarının icmasına belə dedilər: «Nəzərdən keçirmək üçün içərisindən keçdiyimiz ölkə çox yaxşı bir ölkədir.  8Əgər Rəbb bizdən razı qalarsa, bizi o ölkəyə aparacaq, süd və bal axan torpağı bizə verəcək.  9 Ancaq Rəbbə qarşı üsyankarlıq etməyin. Ölkənin xalqından qorxmayın, onları məğlub edə bilərik. Müdafiəçiləri onları atıb getmişdir, amma Rəbb bizimlədir. Onlardan qorxmayın!»  10Lakin bütün icma «Onları daşqalaq edin!» deyəndə Rəbbin izzəti Hüzur çadırında bütün İsrail övladlarına göründü.  11Rəbb Musaya belə dedi: «Nə vaxtadək bu xalq Mənə hörmətsizlik edəcək? Aralarında etdiyim əlamətləri görə-görə nə vaxta qədər Mənə iman gətirməyəcəklər?  12Onları vəba ilə cəzalandıracağam. İrsdən məhrum edəcəyəm. Onlardan çox böyük və güclü bir milləti səndən törədəcəyəm».  13 Musa Rəbbə dedi: «O zaman Misirlilər eşidəcək, çünki bu xalqı onların arasından qüdrətinlə Sən çıxartdın.  14Bunu ölkənin əhalisinə anladacaqlar. Eşitdilər ki, Sən Rəbb bu xalqın arasındasan. Çünki, ya Rəbb, Sən onlarla üzbəüz görüşürsən, Sənin buludun onların üzərində durur. Sən gündüz bulud sütunu və gecə alov sütunu ilə onlara yol göstərirsən.  15Əgər bu xalqın hamısını bir nəfər kimi öldürsən, Sənin şöhrətini eşidən millətlər belə deyəcəklər:  16“Rəbb and içərək vəd etdiyi ölkəyə bu xalqı apara bilmədiyi üçün onları səhrada öldürdü”.  17İstəyirəm ki, qoy indi Xudavəndin böyük qüdrəti göstərilsin, necə ki Sən dedin:  18 “Rəbb hədsiz səbirli, bol məhəbbətli, cəzanı və qanunsuzluğu bağışlayandır, lakin cəzasız da qoymaz, ataların cəzasını üçüncü-dördüncü nəslə çəkdirər”.  19İstəyirəm ki, Misirdən çıxdıqları gündən bu günə kimi bu xalqı necə bağışlamısansa, onların günahını böyük məhəbbətinə görə bağışlayasan».  20Rəbb dedi: «Sənin ricana görə bağışladım,  21 amma Varlığıma və Rəbbin bütün dünyanı dolduran izzətinə and olsun ki,  22izzətimi və Misirdə, eləcə də səhrada etdiyim əlamətləri görüb Məni on dəfə sınayan, Mənim sözümü dinləməyən bu adamların heç biri  23atalarına and içərək vəd etdiyim torpağı görməyəcək və Mənə hörmətsizlik edənlərin heç biri oranı görməyəcək.  24 Ancaq qulum Kalevdə başqa ruh var. O bütün qəlbi ilə ardımca getdi. Onu gəzdiyi torpağa aparacağam və onun nəsli oranı irs olaraq alacaq.  25Amaleqlilər və Kənanlılar dərədə yaşayırlar. Ona görə sabah qayıdın və Qırmızı dənizin yolu ilə səhraya gedin».  26Rəbb Musaya və Haruna dedi:  27«Nə vaxta qədər bu pis icma Mənə qarşı deyinəcək? İsrail oğullarının Mənə deyinmələrini eşitdim.  28Onlara de ki, Rəbb deyir: “Varlığıma and olsun ki, Mənə qarşı dediklərinizin eynisini sizə edəcəyəm.  29 Meyitləriniz bu səhraya səriləcək. Mənə deyinən iyirmi və ondan yuxarı yaşda olub siyahıya alınanların hamısı səhrada öləcək,  30sizi sakin edəcəyimə əlimi qaldırıb and içdiyim torpağa girməyəcəksiniz. Oraya yalnız Yefunne oğlu Kalev və Nun oğlu Yeşua girəcək.  31Lakin ‹əsir olacaqlar› dediyiniz uşaqlarınızı oraya aparacağam və sizin rədd etdiyiniz ölkəni onlar tanıyacaqlar.  32Sizə gəldikdə isə meyitləriniz bu səhraya səriləcək.  33 Övladlarınız qırx il səhrada çobanlıq edəcəklər. Nə vaxta qədər ki siz səhrada məhv olmamısınız, sizin xəyanətinizin acısını çəkəcəklər.  34Ölkəni nəzərdən keçirdiyiniz günlərin sayına görə qırx gün, hər gün üçün bir il olmaqla, qırx il günahlarınızın cəzasını çəkəcəksiniz və sizdən üz döndərdiyimi biləcəksiniz”.  35Mən Rəbb söylədim: “Həqiqətən, Mənə qarşı birləşən bu pis icmaya belə də edəcəyəm. Bu səhrada ölüb tələf olacaqlar”».  36Musanın ölkəni nəzərdən keçirmək üçün göndərdiyi adamlar qayıdıb ölkə haqqında pis xəbər gətirərək bütün icmanın Rəbbə qarşı deyinməsinə səbəb oldular.  37Ölkə haqqında pis xəbər gətirənlər Rəbbin önündə vəbadan öldü.  38Ölkəni nəzərdən keçirmək üçün gedənlərdən yalnız Nun oğlu Yeşua və Yefunne oğlu Kalev sağ qaldılar.  39Musa bu sözləri bütün İsrail övladlarına danışdı və xalq çox kədərləndi.  40Onlar səhər tezdən qalxıb dağın təpəsinə çıxaraq dedilər: «Günah etmişik, indi Rəbbin vəd verdiyi yerə çıxırıq».  41Musa dedi: «Nə üçün Rəbbin əmrinə qarşı çıxırsınız? Bunu bacara bilməzsiniz.  42Döyüşə çıxmayın, çünki Rəbb aranızda deyil. Düşmənlərinizə məğlub olacaqsınız.  43Çünki Amaleqlilər və Kənanlılar orada önünüzdədir və qılıncla öləcəksiniz; madam ki Rəbbin ardınca getməkdən vaz keçdiniz, Rəbb sizinlə bərabər olmayacaq».  44Ancaq onlar özlərinə güvənərək dağlığın ən yüksək təpəsinə çıxdılar. Lakin nə Rəbbin Əhd sandığı, nə də Musa düşərgədən ayrılmadı.  45O zaman həmin dağlıqda yaşayan Amaleqlilər və Kənanlılar enib onlara hücum etdilər və Xorma şəhərinədək qovub məğlubiyyətə uğratdılar.

YUXARI

Saylar 15

Qurban haqqında qanunlar

1Rəbb Musaya dedi:  2«İsrail övladlarına belə söylə: “Sakin olmaq üçün sizə verəcəyim torpağa girib yaşadığınız vaxt  3əgər kimsə Rəbbin xoşuna gələn ətri təqdim etmək üçün yandırma qurbanı, əhd qurbanı, könüllü qurban yaxud bayram qurbanı olaraq mal-qaradan yaxud qoyun-keçidən Rəbb üçün yandırma təqdimi versə,  4Rəbbə qurban gətirən adam taxıl təqdimi kimi dörddə bir hin zeytun yağı ilə yoğrulmuş efanın onda biri qədər narın un gətirsin.  5Yandırma qurbanı yaxud digər növlü qurban üçün hər bir quzuya tökülən içmə təqdimi olaraq dörddə bir hin şərab hazırlayın.  6Qoç üçün taxıl təqdimi kimi hinin üçdə biri qədər zeytun yağı ilə yoğrulmuş efanın onda iki hissəsi qədər narın un və  7içmə təqdimi kimi hinin üçdə biri qədər şərab hazırlayın. Bunları Rəbbin xoşuna gələn ətir olaraq təqdim edin.  8Rəbbə yandırma qurbanı, əhd qurbanı və yaxud ünsiyyət qurbanı kimi bir buğa kəsərkən  9buğa ilə birlikdə taxıl təqdimi kimi yarım hin zeytun yağı ilə yoğrulmuş efanın onda üçü qədər narın un gətirin.  10İçmə təqdimi kimi yarım hin şərab təqdim edin. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.  11Hər buğa, qoç, quzu və yaxud keçi belə hazırlansın.  12Nə qədər heyvan kəssəniz, hər biri ilə birlikdə eyni təqdimi gətirin.  13Hər bir yerli İsrail övladı Rəbbin xoşuna gələn ətri – yandırma təqdimini gətirərkən bu şeyləri belə etsin.  14Müvəqqəti yaxud nəsildən-nəslə aranızda yaşayan yadelli Rəbbin xoşuna gələn ətri – yandırma təqdimini gətirərkən eynilə sizin etdiyiniz kimi etsin.  15Ey camaat, sizin üçün də, sizinlə yaşayan yadelli üçün də qayda birdir, nəsillər boyu daimi qaydadır, çünki Rəbb sizə də, yadellilərə də bir gözlə baxır.  16 Sizin üçün də, sizinlə yaşayan yadellilər üçün də eyni qanun və eyni hökm olmalıdır”».  17Rəbb Musaya belə dedi:  18«İsrail övladlarına belə söylə: “Mən sizi aparacağım torpağa girib yaşadığınız vaxt  19torpağın çörəyindən yeyəndə onun müəyyən hissəsini Rəbbə qaldırma təqdimi kimi verin.  20İlk xəmirinizdən bir yastı kökə gətirin, bunu xırmanınızın qaldırma təqdimi kimi verin.  21İlk xəmirinizdən edilən bu qaldırma təqdimini nəsildən-nəslə qədər Rəbbə verin.

Bilmədən işlənən günaha görə təqdim

22Əgər səhv edib Rəbbin Musaya buyurduğu əmrlərin birinə –  23Rəbbin əmr etdiyi gündən başlayaraq nəsildən-nəslə Musa vasitəsilə sizə buyurduğu hər hansı bir şeyə əməl etmirsinizsə  24bu iş səhvən İsrail icması tərəfindən bilmədən edilirsə, onda bütün icma Rəbbin xoşuna gələn ətir olaraq qaydaya görə taxıl və içmə təqdimləri ilə birlikdə yandırma qurbanı olaraq bir buğa və günah qurbanı olaraq bir təkə gətirsin.  25Kahin bütün İsrail övladlarının icması üçün kəffarə etsin. Beləcə onlar bağışlanacaqlar, çünki səhv olmuşdur və bu səhv üçün də Rəbb üçün yandırma təqdimi olan qurbanlarını və Onun hüzurunda günah qurbanlarını gətirmişlər.  26Bütün İsrail icması və aralarında yaşayan yadellilər bağışlanacaq, çünki bütün xalq bilmədən səhv etmişdir.  27 Əgər bir nəfər bilmədən günah edərsə, qoy günah qurbanı olaraq birillik dişi keçi gətirsin.  28Kahin bilmədən günah işlədən adam üçün Rəbbin önündə kəffarə etsin ki, o bağışlansın. Kəffarə edilən adam bağışlanacaq.  29İsrail övladları arasında yerli olsun ya da yadelli olsun, bilmədən günah edənlər üçün qoy qanun bir olsun.  30Lakin əgər yerli ya yadelli qəsdən günah işlətsə, Rəbbə küfr etmişdir və xalqı arasından qovulsun.  31Çünki o, Rəbbin sözünə xor baxıb və Onun əmrini pozub. Belə adam mütləq qovulsun və öz cəzasını çəksin”».

Şənbə gününü pozan adam

32İsrail övladları səhrada olarkən Şənbə günündə odun yığan bir adama rast gəldilər.  33Odun toplayan adamla rastlaşanlar onu Musanın, Harunun və bütün icmanın qarşısına gətirdilər.  34O adamı həbs etdilər, çünki onunla nə edəcəkləri hələ qərara alınmamışdı.  35Rəbb Musaya dedi: «Bu adam öldürülməlidir; qoy bütün icma onu düşərgədən kənara aparsın və daşqalaq edərək öldürsün».  36İcma o adamı düşərgədən kənara çıxarıb Rəbbin Musaya əmr etdiyi kimi daşqalaq edərək öldürdü.

Qotazlar

37Rəbb Musaya belə dedi:  38 «İsrail övladlarına de ki, nəsildən-nəslə geyimlərinin ətəklərinə dörd tərəfdən qotaz tiksinlər. Hər qotazın üzərinə bənövşəyi qaytan salsınlar.  39Bu qotazlara baxanda Rəbbin bütün əmrlərini xatırlayın və onlara əməl edin; öz ürəyinizin və gözlərinizin istəklərinə qapılıb Mənə xəyanət etməyin.  40O zaman bütün əmrlərimi yadda saxlayıb yerinə yetirəcəksiniz və Allahınızın hüzurunda müqəddəs olacaqsınız.  41Allahınız olmaq üçün sizi Misir torpağından çıxaran Allahınız Rəbb Mənəm. Bəli, Allahınız Rəbb Mənəm!»

YUXARI

Saylar 16

Qorah, Datan və Aviramın etirazı

1Levi oğlu Qohat oğlu İshar oğlu Qorah qürurlanıb Ruven nəslindən Eliav oğulları Datan ilə Aviram və Pelet oğlu On ilə birlikdə  2Musaya qarşı üsyan qaldırdılar. İsrail övladlarından icmada seçilmiş və ad qazanmış iki yüz əlli nəfər icma rəhbəri onlara qoşuldu.  3Birlikdə toplanaraq Musa ilə Haruna qarşı çıxdılar və onlara dedilər: «Artıq bəsdir! Çünki bütün icmanın hamısı müqəddəsdir və Rəbb onların arasındadır. Nə üçün siz özünüzü Rəbbin camaatından üstün tutursunuz?»  4Musa bunu eşidib üzüstə yerə sərildi.  5Sonra Qorah ilə bütün yoldaşlarına dedi: «Səhər Rəbb kimin Ona məxsus, kimin müqəddəs olduğunu göstərəcək və həmin adamın Öz hüzuruna girməsinə izin verəcək. Rəbbin seçdiyi adam hüzuruna girməsinə izin verdiyi adamdır.  6Ey Qorah və bütün yoldaşları, özünüz üçün buxurdanlar alın;  7səhəri gün Rəbbin hüzurunda onların içinə közərmiş kömür və buxur qoyun. Beləliklə, Rəbb kimi seçibsə, müqəddəs olan o olacaqdır. Ey Levililər, artıq bəsdir!»  8Musa Qoraha bunu da söylədi: «Ey Levililər, mənə qulaq asın!  9İsrailin Allahı sizi İsrail icmasından seçib Öz hüzuruna gəlməniz üçün imkan yaratdı ki, Rəbbin məskənində iş görəsiniz və icmanın önündə duraraq onlara xidmət edəsiniz.  10Sizə və bütün Levili qardaşlarınıza Öz hüzuruna girmə səlahiyyətini verdi. Bu sizə azmı gəlir? İndi kahinliyi də istəyirsiniz?  11Deməli, ey Qorah, sən və bütün yoldaşların belə toplanaraq Rəbbə qarşı çıxırsınız. Harun kimdir ki, ona qarşı deyinirsiniz?»  12Musa Eliav oğulları Datanı və Aviramı çağırtdırdı və onlar dedi: «Gəlməyəcəyik!  13Bizi səhrada öldürmək üçün süd və bal axan ölkədən çıxardığın bəs deyil, hələ özünü üzərimizdə başçı etmək istəyirsən?  14Bundan başqa, bizi süd və bal axan bir ölkəyə gətirmədin, irs olaraq bizə tarlalar və bağlar vermədin. Bu adamların gözündən pərdə asmaq istəyirsən? Gəlməyəcəyik!»  15Musa çox qəzəblənib Rəbbə dedi: «Onların təqdimlərinə əhəmiyyət vermə; onlardan bir eşşək belə, almadım və onların heç birinə pislik etmədim».  16Musa Qoraha dedi: «Sən və bütün yoldaşların, sabah Rəbbin hüzurunda olun – sən, onlar və Harun.  17Hər biriniz öz buxurdanınızı götürüb üzərinə buxur qoyun. Sonra iki yüz əlli nəfərin hər biri buxurdan götürüb Rəbbin hüzuruna gətirsin. Sən və Harun da buxurdanınızı gətirin».  18Hər kəs öz buxurdanını götürüb içinə közərmiş kömür və buxur qoydu. Sonra Musa və Harunla birgə Hüzur çadırının girişində durdular.  19Qorah Musa ilə Haruna qarşı çıxmaq üçün bütün yoldaşlarını Hüzur çadırının girişinə toplayanda Rəbbin izzəti bütün icmaya göründü.  20Rəbb Musaya və Haruna dedi:  21«Bu icmadan ayrılın ki, onları bir an içində məhv edim».  22Onlar üzüstə yerə sərildilər: «Ey Allah, bütün bəşərə ruh verən Allah! Bir adamın günahına görə bütün icmayamı qəzəblənirsən?»  23Rəbb Musaya dedi:  24«İcmaya de: “Qorah, Datan və Aviramın məskənlərinin ətrafından çəkilin!”»  25Musa qalxıb Datanla Aviramın yanına getdi. İsrailin ağsaqqalları da onun ardınca getdilər.  26Musa icmaya xəbərdarlıq edib dedi: «Nə olar, bu pis adamların məskənlərindən uzaqlaşın və onlara aid olan heç bir şeyə toxunmayın. Yoxsa onların bütün günahlarına görə siz məhv olarsınız».  27Hamı Qorah, Datan və Aviramın məskənlərindən uzaqlaşdı. Datanla Aviram, arvadları, oğulları və körpə uşaqları ilə çıxıb çadırlarının girişində durdular.  28Musa dedi: «Bütün bu işləri etmək üçün məni Rəbbin göndərdiyini, özbaşıma hərəkət etmədiyimi bununla biləcəksiniz.  29Əgər bu adamlar hər kəsin öldüyü kimi ölsələr və yaxud hər kəsin başına gələn təcrübələrdən keçsələr, o halda Rəbb məni göndərməmişdir.  30Lakin Rəbb yeni bir şey etsə, yer ağzını açaraq onları və onlara aid olan hər şeyi udsa, onlar ölülər diyarına diri-diri ensələr, bu adamların Rəbbi təhqir etdiklərini anlayacaqsınız».  31Musa bütün bu şeyləri danışıb qurtaran kimi onların altındakı yer yarıldı.  32Yer ağzını açdı, onları, ailələrini, Qoraha aid olan bütün adamları və bütün mallarını uddu.  33Onlar və onlara aid olanların hamısı diri-diri ölülər diyarına endilər. Yer üzərlərinə qapandı və camaat arasından yox oldular.  34Onların ətrafında olan bütün İsrail övladları onların fəryadını eşidib «Yer bizi də udmasın!» deyərək qaçışdılar.  35Rəbbin hüzurundan od çıxdı və buxur təqdim edən iki yüz əlli nəfəri məhv etdi.  36Rəbb Musaya dedi:  37«Kahin Harun oğlu Eleazara de, buxurdanları yanmış adamların üstündən götürsün, sən isə közləri kənara dağıt, çünki buxurdanlar müqəddəsdir.  38Öz həyatı bahasına günah edən bu adamların buxurdanlarından qurbangah üçün örtük olaraq lövhələr düzəltsinlər. Çünki buxurdanlar Rəbbə təqdim edildiyi üçün müqəddəsdir. Qoy bu, İsrail övladlarına əlamət olsun».  39Yandırılan adamların təqdim etmiş olduqları mis buxurdanları, kahin Eleazar Rəbbin Musa vasitəsilə ona dediyi kimi götürüb döydü və onlardan qurbangahı örtmək üçün lövhələr düzəltdi.  40Bu, İsrail övladlarına bir xatirədir ki, Harunun nəslindən olmayan bir kənar şəxs Rəbbin hüzuruna gəlib buxur yandırmasın, yoxsa Qorah və yoldaşları kimi məhv olar.  41 Ancaq ertəsi gün bütün İsrail övladlarının icması Musaya və Haruna qarşı deyinərək dedilər: «Rəbbin xalqını siz öldürdünüz».  42İcma Musaya və Haruna qarşı çıxmaq üçün toplanıb Hüzur çadırına yönələndə qəflətən bulud çadırı bürüdü və Rəbbin izzəti göründü.  43Musa ilə Harun Hüzur çadırının önünə gəldilər.  44Rəbb Musaya dedi:  45«Bu icmanın arasından çıxın ki, onları bir anda məhv edim». Musa ilə Harun üzüstə yerə sərildilər.  46Sonra Musa Haruna dedi: «Öz buxurdanını götür, içinə qurbangahdan közərmiş kömür və buxur qoy. Tez icmaya apar, onlar üçün kəffarə et, çünki Rəbb qəzəbini tökdü. Vəba başladı».  47Musanın dediyi kimi Harun buxurdanı götürdü və camaatın arasına qaçdı. Gördü ki, xalq arasında vəba başlamışdır. Buna görə buxuru təqdim edərək xalq üçün kəffarə etdi.  48Harun ölülərlə dirilər arasında duranda vəba dayandı.  49Qorah əhvalatında ölənlərdən başqa vəbadan ölənlər on dörd min yeddi yüz nəfər idi.  50Vəba dayandığına görə Harun Musanın yanına Hüzur çadırının girişinə qayıtdı.

YUXARI

Saylar 17

Harunun əsası

1Rəbb Musaya belə dedi:  2«İsrail övladlarına de və hər qəbilə üçün bir əsa götür. Qəbilə rəhbərlərinin hər birindən alınan on iki əsa olacaq. Hər birinin adını öz əsasının üzərinə yaz.  3Harunun adını Levi əsasının üzərinə yaz ki, hər qəbilə başçısı üçün bir əsa olsun.  4Əsaları sizinlə görüşdüyüm yerə, Hüzur çadırındakı Şəhadət sandığının qarşısına qoy.  5O zaman seçəcəyim adamın əsası tumurcuqlayacaq və İsrail övladlarının sizə qarşı sürəkli deyinmələrinə son qoyacağam».  6Musa İsrail övladları ilə danışdı. Onların bütün rəhbərləri ona bir əsa verdilər. Hər qəbilə rəhbəri üçün biri olmaqla on iki əsa var idi. Harunun əsası da onların əsaları arasında idi.  7Musa əsaları Şəhadət çadırında Rəbbin önünə qoydu.  8 Ertəsi gün Musa Şəhadət çadırına girdi və gördü ki, Levi nəslini təmsil edən Harunun əsası tumurcuqlayıb. Budur, tumurcuq qönçələnmiş, çiçək açmış və badam yetişdirmişdi.  9Musa əsaların hamısını Rəbbin hüzurundan bütün İsrail övladlarının qarşısına çıxardı. Əsalara baxdılar və hər kəs öz əsasını götürdü.  10Rəbb Musaya dedi: «Üsyan edənlərə qarşı əlamət olaraq saxlamaq üçün Harunun əsasını Şəhadət sandığının önünə qoy. Bu onların Mənim üçün deyinmələrinə son qoyacaq ki, ölməsinlər».  11Musa Rəbbin əmr etdiyinə əməl etdi.  12İsrail övladları Musaya dedilər: «Yox olacağımız bəllidir! Məhv olacağıq! Hamımız həlak olacağıq!  13Rəbbin məskəninə yaxınlaşan hər kəs ölür. Doğrudanmı hamımız öləcəyik?»

YUXARI

Saylar 18

Kahinlərlə Levililərin vəzifəsi

1Rəbb Haruna dedi: «Sən, övladların və atanın nəsli Müqəddəs məkanla əlaqədar hər hansı bir günah üçün məsuliyyət daşıyacaqsınız. Kahinliklə əlaqədar günahlar üçün məsuliyyəti yalnız sən və oğulların daşıyacaqsınız.  2 Atanın qəbiləsi olan Levi qəbiləsinə mənsub olan soydaşlarınızı da özünlə götür ki, sən və övladların Şəhadət çadırının önündə ikən sənə qoşulub kömək etsinlər.  3Sənin qarşında cavabdehlik daşıyaraq çadırın bütün işlərinə baxsınlar. Ancaq müqəddəs yerin əşyalarına və qurbangaha yaxınlaşmasınlar ki, həm onlar, həm də siz ölməyəsiniz.  4Sənə qoşulsunlar və Hüzur çadırının işlərinə, çadırdakı bütün xidmətlərə cavabdeh olsunlar. Başqa heç kimsə sizə yaxınlaşmamalıdır.  5Müqəddəs yerə və qurbangaha cavabdeh olun ki, İsrail övladları bir də qəzəbimə düçar olmasınlar.  6Budur, Mən İsrail övladları arasından Levili soydaşlarınızı sizə hədiyyə olaraq seçdim. Onlar Rəbbə Hüzur çadırında xidmət etmək üçün həsr olunmuşlar.  7Lakin qurbangaha və pərdənin iç tərəfinə aid olan hər şeyə yalnız sən və oğulların kahin kimi xidmət edin. Kahinlik xidmətinizi sizə hədiyyə olaraq verirəm. Sizdən başqa müqəddəs yerə kim yaxınlaşarsa, öldürülsün».

Kahinlə Levililərin payı

8Rəbb Haruna dedi: «Budur, Mənə gətirilən təqdimlərə nəzarət etməyi sənə tapşırdım. İsrail övladlarının bütün müqəddəs təqdimlərini əbədi pay olaraq sənə və övladlarına verirəm.  9Qurbangahda yandırılmayan ən müqəddəs təqdimlərdən bunlar sənin olsun: taxıl təqdimləri, günah qurbanları və təqsir qurbanları – Mənə gətirilən ən müqəddəs təqdimlərin hamısı sənin və övladlarının olsun.  10Bu ən müqəddəs şeyləri ye. Kişi cinsindən hər kəs onlardan yeyə bilər. Onları müqəddəs say.  11Bunlar, İsrail övladlarının xüsusi hədiyyə olaraq gətirdikləri yellətmə təqdimlərinin hamısı sənindir. Onları sənə və oğullarınla qızlarına əbədi pay olaraq verdim. Sənin ailəndə pak olan hər kəs onu yeyə bilər.  12Rəbbə verdikləri ilk məhsulları, zeytun yağının ən yaxşısının hamısını, təzə şərabın və buğdanın ən yaxşısının hamısını sənə verdim.  13Torpaqlarında bitən nübardan Rəbbə gətirdiklərinin hamısı sənin olsun. Sənin ailəndə pak olan hər kəs onu yeyə bilər.  14 İsraildə Rəbbə həmişəlik həsr olunan hər şey sənin olsun.  15Hər bətndən ilk doğulan, Rəbbə həsr olunan bütün oğlanlar və bütün heyvan balaları sənin olsun. Ancaq hər ilk oğlanın əvəzini mütləq ödə, hər murdar heyvanın ilk balasının da əvəzini ödə.  16Onlar bir aylıq olanda sənin qoyduğun qiymətə görə iyirmi gera ağırlığında olan Müqəddəs yerdəki şekelə görə beş şekel gümüşlə əvəzlərini ödə.  17Ancaq inəyin, qoyunun və yaxud da keçinin ilk balasının əvəzini ödəmə. Onlar müqəddəsdir. Qanlarını qurbangah üzərinə səp və piylərini tüstülədib yandır ki, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi olsun.  18Yellədilən döş əti və sağ budu kimi onların əti də sənin olsun.  19İsrail övladlarının Mənə qaldırma təqdimi kimi gətirdikləri müqəddəs təqdimlərin hamısını Mən Rəbb sənə və oğullarınla qızlarına əbədi pay olaraq verdim. Bu, Rəbbin səninlə və nəslinlə kəsdiyi əbədi və pozulmaz əhddir».  20Rəbb Haruna dedi: «Onların torpağında sənin irsin olmayacaq və onlar arasında heç bir payın olmayacaq. İsrail övladları arasında sənin payın və irsin Mənəm.  21 Levililərə isə İsraildə olan bütün varidatın onda birini irs olaraq verdim. Bu, xidmətlərinin, Hüzur çadırında etdikləri xidmətin əvəzidir.  22Artıq İsrail övladları Hüzur çadırına yaxınlaşmasınlar ki, günahlarının cəzasını çəkib ölməsinlər.  23Lakin Hüzur çadırının xidmətini Levililər etsinlər və çadırla əlaqədar günahlarının cəzasını çəksinlər. Bu, nəsildən-nəslə qədər sizin üçün əbədi qaydadır. İsrail övladları arasında onların irsi olmayacaq.  24Bunun yerinə Levililərə irs olaraq İsrail övladlarının Rəbbə qaldırma təqdimi kimi verdikləri onda birini verdim. Buna görə Levililər üçün dedim ki, İsrail övladları arasında onların irsi olmayacaq».  25Rəbb Musaya dedi:  26«Levililərə belə söylə: “İsrail övladlarının məhsullarından irsiniz olaraq sizə verdiyim onda bir hissəni aldığınız vaxt bu hissənin onda birini qaldırma təqdimi kimi verin.  27Təqdiminiz xırmanda döyülən taxıl yaxud üzümsıxandan çıxan məhsul kimi sayılacaq.  28Beləliklə, İsrail övladlarından alacağınız onda birlərinizin hamısından Rəbbə qaldırma təqdimini gətirib kahin Haruna verin.  29Bütün hədiyyələrinizdən Rəbbə qaldırma təqdimi verin. Hər təqdim onun təqdis olunmuş ən yaxşı hissəsindən olsun”.  30Bunun üçün onlara deyin: “Ondan ən yaxşısını təqdim etdiyiniz zaman bu, Levililər üçün xırman məhsulu yaxud üzümsıxan məhsulu kimi sayılacaq.  31Siz və ev xalqınız hər yerdə onu yeyəcəksiniz, çünki o, haqqınız, Hüzur çadırında olan xidmətinizin əvəzidir.  32Ondan ən yaxşısını təqdim edəndə ondan savayı günahın cəzasını çəkməmək üçün İsrail övladlarının müqəddəs təqdimlərini pozmayın ki, ölməyəsiniz”».

YUXARI

Saylar 19

Qırmızı düyə və paklama suyu

1Rəbb Musaya və Haruna dedi:  2«Bu, Rəbbin əmr etdiyi qanunun qaydasıdır: İsrail övladlarına deyin ki, qüsursuz, eyibsiz, heç vaxt boynuna bir boyunduruq taxılmayan bir qırmızı düyə gətirsinlər.  3Onu kahin Eleazara verin. Düyə düşərgənin kənarına çıxarılsın və onun önündə kəsilsin.  4Kahin Eleazar barmağı ilə onun qanından götürərək Hüzur çadırının önünə doğru yeddi dəfə çiləsin.  5Onun gözləri önündə düyə yandırılsın. Dərisi, əti və qanı, bağırsağı ilə birgə yansın.  6Kahin sidr ağacının budağını, züfa otunu və al rəngli ipi götürüb yandırılan düyənin üstünə atsın.  7Kahin geyimlərini yusun, bədənini su ilə yusun, sonra düşərgəyə girsin. O, axşama qədər murdar sayılsın.  8Qoy düyəni yandıran adam da geyimlərini yusun, bədənini də su ilə yusun və axşama qədər murdar sayılsın.  9 Düyənin külünü pak adam toplayıb düşərgənin kənarında pak bir yerə qoysun və İsrail övladlarının icması naminə paklama suyu düzəltmək üçün saxlanılsın. Bu, günah qurbanıdır.  10Düyənin külünü toplayan adam geyimlərini yusun və axşama qədər murdar sayılsın. Bu, İsrail övladları üçün və aralarında yaşayan yadellilər üçün də əbədi bir qaydadır.  11Hər hansı bir insan meyitinə toxunan yeddi gün murdar olacaq.  12Üçüncü və yeddinci gün özünü paklama suyu ilə paklasın ki, pak olsun. Əgər üçüncü və yeddinci gün özünü paklamasa, pak olmayacaq.  13Bir ölüyə, hər hansı bir insan meyitinə toxunan və özünü pak etməyən adam Rəbbin məskənini murdar edər, o şəxs İsraildən qovulsun. Paklama suyu onun üzərinə səpilmədiyi üçün murdar sayılsın. Onun murdarlığı hələ üzərində qalır.  14Çadırda ölən adam üçün təlimat belədir: çadıra girən və çadırda olan hər kəs yeddi gün murdar sayılsın.  15İplə bağlanmış qapağı olmayan hər açıq qab murdar sayılsın.  16Çöldə qılıncla öldürülmüş olana, bir ölüyə yaxud bir insan sümüyünə yaxud da qəbirə toxunan şəxs yeddi gün murdar sayılsın.  17Murdar adam üçün yanmış günah qurbanı külündən götürüb onun üzərinə axar su tökün.  18Pak bir adam züfa otunu götürüb, o suya batırsın və çadırın, bütün qabların və orada olanların üzərinə çiləsin. Sümüyə, öldürülən adama, meyitə yaxud da qəbirə toxunan adamın üzərinə də çiləsin.  19Pak adam murdar adamın üzərinə üçüncü gün və yeddinci gün çiləsin və yeddinci gün bu pak olacaq. O, geyimlərini yusun, su ilə yuyunsun və axşam pak sayılsın.  20Ancaq murdar olub özünü pak etməyən adam camaat arasından qovulsun, çünki Rəbbin Müqəddəs məkanını murdarlayıb. Onun üzərinə paklama suyu çilənmədiyi üçün o murdar sayılsın.  21Bu onlara əbədi qayda olsun: paklama suyu çiləyən adam geyimlərini yusun və paklama suyuna toxunan adam axşama qədər murdar sayılsın.  22Murdar adamın toxunduğu hər şey murdar sayılsın. O şeyə toxunan adam axşama qədər murdar sayılsın».

YUXARI

Saylar 20

Qayadan çıxan su

1Birinci ay bütün İsrail övladlarının icması Zin səhrasına gəldi. Onlar Qadeşdə dayandılar. Məryəm oradaca öldü və elə orada da basdırıldı.  2 İcma üçün su yox idi, ona görə Musa və Haruna etiraz etmək üçün toplandılar.  3Xalq Musaya narazılıq edib dedi: «Kaş ki biz də soydaşlarımızla birgə Rəbbin önündə öləydik!  4Rəbbin camaatını bu səhraya nə üçün gətirdiniz? Bizim və heyvanlarımızın burada ölməsi üçünmü?  5Nə üçün bizi Misirdən çıxarıb belə pis yerə gətirdiniz? Bura nə əkin, nə əncir, nə bağ, nə də nar yeridir. İçməyə belə, su yoxdur».  6Musa ilə Harun camaatın önündən Hüzur çadırının girişinə getdilər və üzüstə yerə sərildilər. Rəbbin izzəti onlara göründü.  7Rəbb Musaya dedi:  8«Əsanı götür, sən və qardaşın Harun icmanı toplayın və onların gözü önündə qayaya su versin deyə söyləyin. Qayadan onlara su çıxart, icmaya və heyvanlarına içirt».  9Musa əmr olunduğu kimi əsanı Rəbbin önündən götürdü.  10Musa ilə Harun camaatı qayanın önünə topladılar və onlara dedilər: «Ey dönük olanlar, indi dinləyin; bu qayadan sizə su çıxaraqmı?»  11Musa əlini qaldırdı və əsası ilə iki dəfə qayaya vurdu, qayadan bol su çıxdı. Bütün icma və onların heyvanları su içdilər.  12Lakin Rəbb Musaya və Haruna dedi: «Madam ki İsrail övladlarının gözü önündə Mənim müqəddəsliyimi göstərərək Mənə iman etmədiniz, bu camaatı onlara verdiyim ölkəyə aparmayacaqsınız».  13Bu sulara Meriva suları deyilir, çünki bu yerdə İsrail övladları Rəbb ilə mübahisə etdilər və Rəbb onlara Öz müqəddəsliyini göstərdi.

Edom padşahının İsrail övladlarına etirazı

14Musa Qadeşdən Edom padşahına bu xəbərlə qasidlər göndərdi: «Qardaşın İsrail belə deyir: “Çəkdiyimiz zəhmətin hamısını bilirsən.  15Atalarımız Misirə köçdülər və biz bir xeyli vaxt Misirdə yaşadıq. Misirlilər bizimlə və atalarımızla pis rəftar etdilər.  16Rəbbə fəryad etdik, O da səsimizi eşitdi və bir mələk göndərdi, bizi Misirdən çıxardı. İndi biz sənin sərhədinə yaxın bir şəhər olan Qadeşdəyik.  17Sənə rica edib torpağından keçmək üçün izin istəyirəm. Biz tarladan və bağdan keçməyəcəyik, heç bir quyudan su içməyəcəyik. Padşah yolu ilə sənin torpaqlarından keçənədək sağa və sola dönməyəcəyik”».  18Lakin Edomlular ona dedilər: «Torpağımızdan keçməyin, yoxsa qarşınıza qılıncla çıxarıq».  19İsrail övladları onlara dedilər: «Biz əsas yolla getmək istəyirik. Əgər biz və sürülərimiz sularından içəriksə, dəyərini ödəyərik; yalnız piyada getməkdən başqa heç nə istəmirik».  20Edomlular dedilər: «Keçmək olmaz». Sonra Edomlular böyük və güclü bir ordu ilə onların qarşısına çıxdılar.  21Edomlular ölkəsindən İsrail övladlarının keçməsinə izin verməyəndə İsraillilər onların torpaqlarından çəkildilər.

Harunun ölümü

22Bütün İsrail icması Qadeşdən yola düşüb Hor dağına gəldi.  23Rəbb Edom torpağı sərhədində Hor dağında Musa ilə Haruna belə dedi:  24«Harun ölüb öz xalqına qovuşacaq, çünki Meriva sularında sözümə qarşı çıxdığınız üçün İsrail övladlarına vəd etdiyim ölkəyə girməyəcək.  25Harunu və oğlu Eleazarı götür, onları Hor dağına apar.  26Harunun paltarlarını çıxar və onları oğlu Eleazara geyindir, Harun isə oradaca ölüb xalqına qovuşacaq».  27Musa Rəbbin əmr etdiyi kimi etdi və bütün icmanın gözü önündə Hor dağına çıxdılar.  28 Musa Harunun kahinlik geyimlərini çıxarıb oğlu Eleazara geyindirdi. Harun orada dağın təpəsində öldü. Musa ilə Eleazar dağdan endilər.  29Bütün icma Harunun öldüyünü bildi. Bütün İsrail xalqı onun üçün otuz gün yas tutdu.

YUXARI

Saylar 21

Arad şəhərinin yox edilməsi

1Negevdə yaşayan Kənanlı Arad padşahı İsrail övladlarının Atarim yolundan keçdiyini eşitdi. O, İsrail övladları ilə vuruşaraq bir neçə nəfəri əsir tutdu.  2İsrail övladları Rəbbə əhd edib dedilər: «Əgər, həqiqətən, bu xalqı bizə təslim etsən, o zaman onların şəhərlərini tamamilə yox edəcəyik».  3Rəbb İsraillilərin səsini eşitdi. Kənanlıları onlara təslim etdi. İsraillilər də onları və şəhərlərini tamamilə yox etdilər və beləliklə, o yerin adı Xorma qoyuldu.

Tunc ilan

4 Xalq Hor dağını tərk edib Edom torpağının ətrafından keçmək üçün Qırmızı dəniz yolundan keçdi. Yolda onların səbri tükəndi.  5 Onlar Allaha və Musaya qarşı deyinirdilər: «Nə üçün siz bizi Misirdən çıxardınız? Səhrada ölmək üçünmü? Axı burada nə çörək, nə də su var. Bu dadsız yeməkdən də iyrənirik».  6O zaman Rəbb xalqın arasına zəhərli ilanlar göndərdi. İlanlar xalqı sancdı və İsrail övladlarından çox adam öldü.  7Xalq gəlib Musaya dedi: «Biz günah etdik, çünki Rəbbə və sənə qarşı deyindik. İndi isə ilanları bizdən uzaqlaşdırmaq üçün Rəbbə yalvar». Musa xalqı xilas etmək üçün Rəbbə yalvardı.  8Rəbb Musaya dedi: «Özünə bir ilan düzəlt və onu uzun dəyənəyin üzərinə qoy. İlan vuran adam ona baxdıqda sağalsın».  9 Musa tuncdan bir ilan düzəltdi və dəyənəyin üzərinə qoydu, ilan vuran hər adam tunc ilana baxan kimi sağalırdı.

Moav səfəri

10İsrail övladları yola düşüb Ovotda düşərgə saldılar.  11Ovotdan köç edib Moavın şərqindəki səhrada İye-Avarimdə dayandılar.  12Oradan da yola düşdülər və Zered vadisində dayandılar.  13Oradan da yola düşüb Emorluların sərhədindən başlanan səhradakı Arnon dərəsinin o tayında dayandılar, çünki Arnon dərəsi Moavlılarla Emorlular arasındakı sərhəddir.  14Bu barədə «Rəbbin Döyüşləri» kitabında yazılmışdır: «Sufada olan Vahev və vadilər, Arnon,

15Arın məskəninə uzanıb

Moav sərhədinə çatan vadilərin yamacları…»

16Oradan Beerə yola düşdülər; Rəbbin Musaya «xalqı topla, onlara su verəcəyəm» dediyi quyu budur.  17O zaman İsrail övladları bu nəğməni oxudular: «Ey quyu, suların fışqırsın,

Ona nəğmə oxuyun,

18O quyu ki onu başçıların açdı,

Xalqın əsilzadələri

Əsa ilə, dəyənəklə qazdı».

Sonra səhradan Mattanaya yollandılar.  19Mattanadan Naxalielə, Naxalieldən Bamota,  20Bamotdan isə Moav torpağında olan dərəyə, çölə baxan Pisqa dağının yamaclarına getdilər.

Padşah Sixonun və padşah Oqun məğlub olması

(Qanun. 2:26-3:11)

21İsrail Emorluların padşahı Sixona qasidlər göndərib dedi:  22«Rica edirəm, sənin torpağından keçmək üçün bizə izin verəsən. Nə tarlaya, nə də bağa girəcəyik. Quyularının suyundan belə, içməyəcəyik. Sənin sərhədindən keçənədək yalnız padşah yolu ilə gedəcəyik».  23Lakin Sixon İsraili öz sərhədlərindən buraxmayaraq bütün ordusunu topladı və İsrail övladları ilə vuruşmaq üçün səhraya çıxdı. Yahsaya çatanda İsraillilərə hücum etdi.  24İsrail övladları onu qılıncdan keçirdilər, Arnondan Yabboqa və Ammonluların sərhədinə qədər uzanan torpaqlarını aldılar. Çünki Ammon sərhədinin möhkəm istehkamı var.  25İsrail övladları bu şəhərlərin hamısını ələ keçirdilər. Xeşbon və ətrafındakı qəsəbələr daxil olmaqla Emorluların bütün şəhərlərinə yerləşdilər.  26Çünki Xeşbon Emorluların padşahı Sixonun şəhəri idi. Sixon Moavın əvvəlki padşahı ilə döyüşmüş və Arnona qədər uzanan bütün torpaqlarını ələ keçirmişdi.  27Bunun üçün şairlər belə deyirlər: «Xeşbona gəlin;

Qoy yenidən qurulsun,

Sixonun şəhəri bərpa edilsin.

28 Çünki Xeşbondan atəş,

Sixonun şəhərindən alov çıxdı;

Moavın Ar şəhərini,

Arnonun təpələrinin başçılarını

Yandırıb məhv etdi.

29Vay halına, ey Moav!

Ey Kemoşun xalqı, yox oldun!

Kemoş övladları Emorluların padşahı Sixonun qarşısından qaçdı,

Qızları əsir aparıldı.

30Lakin biz onları məğlub etdik,

Xeşbondan Divona qədər məhv oldular,

Medvaya uzanan Nofahadək

Hər tərəfi viran etdik».

31İsraillilər Emorluların torpağında məskunlaşdı.  32Musa Yazeri nəzərdən keçirmək üçün adamlar göndərdi. İsrail övladları ətraf qəsəbələri ələ keçirərək orada yaşayan Emorluları qovdular.  33Sonra istiqaməti dəyişib Başana yollandılar. Başan padşahı Oq bütün ordusu ilə birlikdə Edreidə onlarla döyüşə çıxdı.  34Rəbb Musaya dedi: «Ondan qorxma, çünki Mən onu, bütün xalqını və torpağını sənə təslim edirəm. Xeşbonda yaşayan Emorluların padşahı Sixonun başına gətirdiyini onun da başına gətir».  35İsraillilər onu, övladlarını və bütün xalqını bir nəfər qalmayana qədər qırdılar və torpağını ələ keçirdilər.

YUXARI

Saylar 22

Balaqın Bilamı çağırması

1İsrail övladları yola düşüb Moav düzənliyində, İordanın şərqində Yerixonun qarşısında dayandılar.  2İsrailin Emorluların başına gətirdiyi hər şeyi Sippor oğlu Balaq görmüşdü.  3Camaatı gördükdə Moavlılar bərk qorxdular, çünki İsrail xalqı çox idi. Moav sakinləri İsrail övladlarından vahiməyə düşdü.  4Moavlılar Midyan ağsaqqallarına dedilər: «Öküz çöl otunu yediyi kimi bu camaat da indi bütün ətrafımızı yeyib qurtaracaq». O vaxtlar Sippor oğlu Balaq Moav padşahı idi.  5 Beor oğlu Bilamı çağırmaq üçün Fərat çayının kənarındakı Petora, onun vətəninə qasidlər göndərib dedi: «Budur, Misirdən bir xalq çıxıb, yer üzünü bürüyərək yaxınlığımda yerləşmişdir.  6Xahiş edirəm, indi gəl, mənim xeyrimə bu xalqa lənət oxu, çünki onlar məndən güclüdür. Bəlkə onda mən onları məğlub edib ölkədən qova bildim. Sənin xeyir-dua verdiyin şəxsin xeyir-dualı, lənətlədiyin şəxsin lənətli olduğunu bilirəm».  7Moav ağsaqqalları ilə Midyan ağsaqqalları fala baxmaq haqqını əllərinə götürüb Bilamın yanına getdilər və Balaqın sözlərini ona söylədilər.  8Bilam onlara dedi: «Bu gecəni burada keçirin ki, Rəbb mənə söyləyəcəyini sizə deyim». Beləliklə, Moav başçıları Bilamın yanında qaldılar.  9Allah Bilamın yanına gəlib dedi: «Evindəki bu adamlar kimdir?»  10Bilam Allaha dedi: «Moav padşahı Sippor oğlu Balaq mənim yanıma adam göndərib dedi:  11“Budur, Misirdən çıxan xalq yer üzünü bürüyür. İndi gəl, mənim xeyrimə görə ona lənət oxu, bəlkə döyüşüb onları qova bildim”».  12Allah Bilama dedi: «O adamlarla getmə, o xalqa lənət etmə, çünki xeyir-dualı xalqdır».  13Bilam səhər tezdən durdu və Balaqın başçılarına dedi: «Torpağınıza qayıdın, çünki Rəbb sizinlə birgə getməyə mənə izin vermir».  14Moav başçıları qalxdılar və Balaqın yanına gəlib dedilər: «Bilam bizimlə birgə gəlmək istəmədi».  15Yenə Balaq əvvəlkilərdən daha çox və daha etibarlı başçılar göndərdi.  16Bilamın yanına gəlib ona dedilər: «Sippor oğlu Balaq belə deyir: “Xahiş edirəm, yanıma gəlməkdən imtina etmə.  17Çünki sənə çox mükafat verəcəyəm və nə desən, hamısını edəcəyəm. İndi xahiş edirəm, gəl, mənim xeyrimə görə bu xalqa lənət oxu”».  18Bilam cavab verib Balaqın adamlarına dedi: «Balaq evini qızıl və gümüşlə dolu mənə versə belə, Allahım Rəbbin sözündən yan keçib, nə kiçik, nə də böyük iş görə bilərəm.  19İndi xahiş edirəm, siz də bu gecə burada qalın və görüm Rəbb mənə başqa nə deyəcək».  20O gecə Allah Bilama görünüb ona dedi: «Əgər bu adamlar səni çağırmaq üçün gəliblərsə, qalx onlarla get, ancaq Mənim sənə söyləyəcəyim şeyləri et».

Bilamın eşşəyi

21Bilam səhər tezdən qalxaraq eşşəyinə palan vurub Moav başçıları ilə birgə getdi.  22O getdiyi üçün Allahın qəzəbi alovlandı və Rəbbin mələyi ona qarşı çıxmaq üçün yolda durdu. Bilam eşşəyinə minmişdi və onunla bərabər iki nökəri də vardı.  23Eşşək siyrilmiş qılıncı əlində, yolda duran Rəbbin mələyini gördü və yoldan dönərək tarlaya girdi. Bilam yoluna döndərmək üçün eşşəyi vurdu.  24Rəbbin mələyi bağların arasında dar bir yolda durdu. Hər iki tərəf divar idi.  25Eşşək Rəbbin mələyini görüb divara sıxıldı və Bilamın ayağını divara sıxışdırdı. O yenə eşşəyi vurmağa başladı.  26Rəbbin mələyi irəli çıxdı və sağa-sola dönmək üçün yol olmayan dar bir yerdə durdu.  27Eşşək Rəbbin mələyini gördü və Bilamın altında çökdü. Bilamın qəzəbi alovlandı, dəyənəklə eşşəyi vurdu.  28Rəbb eşşəyin dilini açdı və o, Bilama dedi: «Sənə nə etdim ki, məni üç dəfə vurdun?»  29Bilam eşşəyə dedi: «Çünki mənimlə əyləndin. Kaş ki əlimdə bir qılınc olaydı, indi səni öldürərdim».  30Eşşək Bilama dedi: «Ömrünün əvvəlindən bu günə qədər belinə mindiyin eşşəyin mən deyiləmmi? Mən sənə heç belə edərdimmi?» Bilam dedi: «Xeyr».  31Sonra Rəbb Bilamın gözlərini açdı. Bilam əlində siyrilmiş qılınc olan Rəbbin mələyinin yolda durduğunu gördü və başını əyib üzüstə yerə sərildi.  32Rəbbin mələyi ona dedi: «Nə üçün eşşəyini üç dəfə vurdun? Budur, mən sənə qarşı durmaq üçün çıxdım. Məncə tezliklə yolun məhvə doğru gedir.  33Eşşək məni gördü, bu üç dəfədir ki, önümdən yana döndü. Əgər yoldan dönməsəydi, həqiqətən, indi səni öldürərdim və onu sağ buraxardım».  34Bilam Rəbbin mələyinə dedi: «Günah etdim, çünki sənin mənə qarşı yolda durduğunu bilmədim. İndi əgər bu sənin gözündə pis görünürsə, qoy evimə qayıdım».  35Rəbbin mələyi Bilama dedi: «Bu adamlarla get, ancaq yalnız sənə deyəcəyim sözü de». Bilam Balaqın başçıları ilə bərabər getdi.  36Balaq Bilamın gəldiyini eşitdikdə onu qarşılamaq üçün Arnon çayının kənarında, torpağının ən uzaq sərhədində olan İr-Moav şəhərinə getdi.  37Balaq Bilama dedi: «Səni çağırtdırmaq üçün adam göndərmədimmi? Nə üçün mənim yanıma gəlmədin? Məgər mən sənə mükafat verə bilmirəmmi?»  38Bilam Balaqa dedi: «Budur, indi sənin yanına gəldim! Amma nə deyə bilərəm ki? Ancaq Allahın dilimə qoyacaq sözü söyləyəcəyəm».  39Bilam Balaqla birgə getdi və Qiryat-Xusota gəldilər.  40Balaq mal-qaranı və qoyun-keçini qurban kəsdi. Bilama və onunla birgə olan başçılara ət göndərdi.  41Bundan sonra səhəri gün Balaq Bilamı götürdü və onu Bamot-Baala çıxartdı. Bilam oradan İsrail xalqının bir hissəsini gördü.

YUXARI

Saylar 23

Bilamın birinci dəfə gələcəkdən xəbər verməsi

1Bilam Balaqa dedi: «Burada mənə yeddi qurbangah düzəlt və mənim üçün burada yeddi buğa və yeddi qoç hazırla».  2Balaq Bilamın dediyi kimi etdi. Balaq ilə Bilam hər qurbangahda bir buğa və bir qoç təqdim etdilər.  3Bilam Balaqa dedi: «Sən yandırma qurbanının yanında dur, mən gedim. Bəlkə Rəbb məni qarşılamağa gələcək və mənə nə göstərsə, sənə bildirərəm». Sonra çılpaq bir təpəyə çıxdı.  4Allah Bilamla qarşılaşdı və Bilam Ona dedi: «Yeddi qurbangah hazırladım və hər qurbangahda bir buğa ilə bir qoç təqdim etdim».  5Rəbb Bilamın vasitəsilə bir kəlam dedi: «Balaqın yanına qayıdıb belə de».  6Bilam Balaqın yanına qayıtdı. Gördü ki, Balaq və Moavın bütün başçıları yandırma qurbanlarının yanında durublar.  7Bilam gələcəkdən xəbər verib dedi: «Balaq məni Aramdan,

Moav padşahı məni şərq dağlarından gətirdi,

“Gəl, mənim xeyrimə görə Yaquba lənət oxu,

Gəl İsrailə qarğış et” dedi.

8Allahın lənət etmədiyinə mən necə lənət edim?

Rəbbin qarğış etmədiyinə mən necə qarğış edim?

9Qayaların zirvəsindən onları görürəm mən,

Təpələrdən onlara baxıram.

Müstəqil yaşayan,

Ellərdən özünü ayıran

Bir xalq görürəm.

10Kim Yaqubun tozunu saya bilər?

İsrailin dörddə birini

Axı kim hesablar?

Qoy saleh adamların ölümü ilə ölüm!

Onlar necə olubsa, sonum elə olsun!»

11Balaq Bilama dedi: «Mənə nə etdin? Düşmənlərimə lənət etmək üçün səni gətirdim, budur, sən onlara xeyir-dua verdin!»  12Bilam cavab verdi: «Rəbbin dilimə qoyduğunu söyləməyə diqqət etməli deyiləmmi?»

Bilamın ikinci dəfə gələcəkdən xəbər verməsi

13Balaq ona dedi: «Xahiş edirəm, mənimlə gəl, başqa bir yerə gedək, oradan onları görəcəksən. Onların hamısını yox, bir qismini görəcəksən. Oradan mənim xeyrimə onlara lənət oxu».  14Onu Pisqa təpəsindəki Sofim yaylağına apardı, yeddi qurbangah düzəltdi və hər qurbangahda bir buğa, bir qoç təqdim etdi.  15Bilam Balaqa dedi: «Bir az irəlidə Rəblə görüşə gedirəm. Sən burada yandırma qurbanının yanında dur».  16Rəbb Bilama görünüb nə deyəcəyini ona bildirərək dedi: «Balaqın yanına qayıt və belə de».  17Beləliklə, Bilam Balaqın yanına gəldi. Gördü ki, Balaq yandırma qurbanının yanında durub. Moav başçıları da onunla bərabər idi. Balaq ondan soruşdu: «Rəbb nə dedi?»  18Bilam gələcəkdən xəbər verib dedi: «Ey Balaq, oyan və dinlə;

Ey Sippor oğlu, mənə qulaq as.

19Allah insan deyil ki,

Yalan söyləsin,

Bəşər oğlu deyil ki,

Fikrini dəyişdirsin.

Dediyini həyata keçirməzmi?

Verdiyi sözü yerinə yetirməzmi?

20Budur, xeyir-dua üçün əmr aldım;

O, xeyir-dua vermişdir,

Mən onu dəyişə bilmərəm.

21Yaqubda bədbəxtlik üz verməyəcək.

İsraildə bəla olmayacaq.

Özlərinin Allahı Rəbb onlarladır,

Onları padşah kimi alqışlayırlar.

22Allah onları Misirdən çıxardı;

Onların çöl öküzü kimi qüvvəti vardır.

23Yaqub üçün edilən baxıcılıq baş tutmaz,

İsrail üçün edilən falçılıq alınmaz.

Bax indi deyiləcək:

“Yaqub və İsrail üçün

Allah nələr etdi!”

24Budur, xalq dişi aslan tək oyanır,

Şir kimi qalxır,

Şikarını yeməyincə,

Ölənlərin qanını içməyincə yatmayacaq».

25Balaq Bilama dedi: «Onlara nə lənət oxu, nə də xeyir-dua ver».  26Ancaq Bilam Balaqa cavab verib dedi: «Məgər sənə demədim ki, Rəbb nə desə, hamısını etməliyəm?»

Bilamın üçüncü dəfə gələcəkdən xəbər verməsi

27Balaq Bilama dedi: «Xahiş edirəm gəl, səni başqa bir yerə aparım; bəlkə Allahın gözünə xoş gələr ki, oradan onlara mənim xeyrimə görə lənət oxuyasan».  28Balaq Bilamı çölə baxan Peor təpəsinə apardı.  29Bilam Balaqa dedi: «Burada mənə yeddi qurbangah düzəlt və burada mənim üçün yeddi buğa və yeddi qoç hazırla».  30Balaq Bilamın dediyi kimi etdi. Hər qurbangahda bir buğa və bir qoç təqdim etdi.

YUXARI

Saylar 24

1Bilam Rəbbin gözündə İsrailə xeyir-dua verməyin yaxşı olduğunu gördükdə əvvəlki kimi baxıcılıq etmədi, amma üzünü səhraya doğru çevirdi.  2Bilam gözlərini qaldırdı və İsraili qəbilələrinə görə yerləşmiş görəndə onun üzərinə Allahın Ruhu endi.  3O, gələcəkdən xəbər verib dedi: «Budur, Beor oğlu Bilamın kəlamı,

Uzaq görən adamın kəlamı,

4Allahın sözlərini eşidən,

Külli-İxtiyarın görüntüsünü görən,

Gözləri açıq, yerə sərilən adamın kəlamı:

5“Ey Yaqub, sənin çadırların,

Ey İsrail, məskənlərin nə gözəldir!

6Yayılırlar vadilər tək,

Çay kənarındakı bağ-bağçalar tək,

Rəbbin bitirdiyi əzvay ağacları tək,

Çay kənarındakı sidr ağacları tək.

7Satıllarından sular axacaq,

Toxumları bol su ilə sulanacaq,

Padşahları Aqaqdan böyük olacaq,

Padşahlıqları ucalacaq.

8Allah onları Misirdən çıxartdı;

Onların çöl öküzü kimi qüvvəti var.

Onlar düşmən millətləri yeyib qurtaracaq.

Sümüklərini qıracaq,

Oxları ilə onları dələcək.

9Onlar pusub şir kimi yatar, Dişi aslana oxşar.

Onları oyandırmağa kim cürət edər?

Sizə xeyir-dua verən xeyir-dualı olsun,

Sizə lənət oxuyan qoy lənətli olsun!”»

10Bilama qarşı Balaqın qəzəbi alovlandı. Balaq əllərini bir-birinə vurdu və Bilama dedi: «Səni düşmənlərimə lənət etmək üçün çağırdım və budur, üçüncü dəfədir ki, onlara ancaq xeyir-dua verirsən.  11İndi tez get, yerinə qayıt. Demişdim ki, səni çox mükafatlandıracağam, amma Rəbb səni mükafatdan məhrum etdi».  12Bilam Balaqa dedi: «Yanıma göndərdiyin qasidlərə demədimmi,  13Balaq mənə qızıl və gümüşlə dolu evini versə belə, Rəbbin sözündən bilə-bilə yan keçib yaxşılıq yaxud pislik edə bilmərəm. Rəbb nə desə, onu deyəcəyəm.  14İndi mən xalqımın yanına qayıdıram. Qoy mən bu xalqın gələcəkdə sənin xalqının başına nə gətirəcəyini bildirim».

Bilamın dördüncü dəfə gələcəkdən xəbər verməsi

15Sonra Bilam gələcəkdən xəbər verib dedi: «Budur, Beor oğlu Bilamın kəlamı,

Uzaq görən adamın kəlamı,

16Allahın sözlərini eşidən,

Haqq-Taalanın biliyinə qovuşan,

Külli-İxtiyarın görüntüsünü görən,

Gözləri açıq, yerə sərilən adamın kəlamı:

17“Onu mən görürəm, amma indi deyil,

Mən ona baxıram, amma yaxından deyil.

Yaqubdan bir ulduz çıxacaq,

İsraildən bir Əsa

ucalacaq, Moavlıların alınlarını,

Şet övladlarının başlarını əzəcək.

18Onun düşməni Edomla Seir təslim olacaq,

İsrail isə get-gedə güclənəcək.

19Yaqubun nəslindən olan o adam

Səltənət sürəcək,

Şəhərdə sağ qalanları məhv edəcək”».

Bilamın sonuncu dəfə gələcəkdən xəbər verməsi

20Bilam Amaleqliləri görəndə gələcəkdən xəbər verib belə dedi: «Amaleq millətlərin birincisi idi,

Ancaq axırda məhv olacaq».

21Qenliləri görəndə gələcəkdən xəbər verib belə dedi: «Məskəniniz möhkəm,

Yuvanız qayada qurulub.

22Amma, ey Qenlilər, Aşşurlular sizi əsir alanda

Yanıb yox olacaqsınız».

23Bilam gələcəkdən xəbər verməyə belə davam etdi: «Vay, Allah bunu etdiyi zaman kim yaşaya biləcək?

24Kittim sahillərindən gəmilər gələcək,

Aşşur ilə Everi ram edəcək,

Amma onlar da məhv olacaq».

25Bundan sonra Bilam yola çıxıb evinə qayıtdı. Balaq da öz yoluna davam etdi.

YUXARI

Saylar 25

İsrail övladlarının Peorda günaha batması

1İsrail xalqı Şittimdə yaşayarkən kişiləri Moav qızları ilə zina etməyə başladı.  2Bu qadınlar allahlarına qurban kəsəndə İsrail xalqını da dəvət edirdilər. İsrail xalqı qurban ətindən yedi və onların allahlarına səcdə etdi.  3İsrail övladları Peordakı Baal bütünə səcdə edənlərə qoşuldular və Rəbbin qəzəbi İsraillilərə qarşı alovlandı.  4Rəbb Musaya dedi: «Xalqın bütün başçılarını götürüb gündüz Rəbbin önündə dar ağacından asdır. Beləliklə, qoy Rəbbin qızğın qəzəbi İsraildən dönsün».  5Buna görə Musa İsrailin hakimlərinə dedi: «Hər biriniz öz adamlarınız arasında Peordakı Baala səcdə edənlərə qoşulanları öldürün».  6Bu an İsrail övladlarından olan bir nəfər gəldi, Musanın və Hüzur çadırının girişində ağlaşan bütün İsrail övladlarının icmasının gözü önündə qohumlarına Midyanlı bir qadın gətirdi.  7Kahin Harun oğlu Eleazar oğlu Pinxas bunu görən kimi icmanın arasından qalxdı və əlinə bir nizə götürdü.  8İsrailli adamın ardınca çadırın içinə girdi, nizəni İsrailli kişinin və qadının qarnına soxdu. Beləliklə, İsrail övladlarını qıran vəba dayandı.  9Vəbadan ölənlərin sayı iyirmi dörd min nəfər idi.  10Rəbb Musaya dedi:  11«Kahin Harun oğlu Eleazar oğlu Pinxas Mənim qəzəbimi İsrail övladlarından döndərdi, çünki aralarında yalnız o Mənim qeyrətimi çəkdi. Beləliklə, Mən qeyrətimə görə İsrail övladlarını məhv etmədim.  12Buna görə söylə: “Budur, Mən onunla sülh əhdi bağlayıram.  13Bu onun üçün və ondan sonra gələn nəsli üçün əbədi kahinlik əhdi olacaq. Çünki Allahının qeyrətini çəkib İsrail övladları üçün kəffarə etdi”».  14Midyanlı qadınla birgə öldürülən İsrailli kişinin adı Salu oğlu Zimri idi. O, Şimeonlular arasında bir nəsil rəhbəri idi.  15Öldürülən Midyanlı qadının adı Sur qızı Kozbi idi. Sur Midyanda bir nəsil başçısı idi.  16Rəbb Musaya dedi:  17«Midyanlıları düşmən hesab edin və onları qırın.  18Çünki onlar hiylə ilə sizə düşmənçilik etdilər. Peor hadisəsində və Peorda baş verən vəba günündə öldürülən bacıları, Midyanlı bəyin qızı Kozbi məsələsində sizi aldatdılar».

YUXARI

Saylar 26

İkinci siyahıyaalma

1Vəbadan sonra Rəbb Musaya və kahin Harun oğlu Eleazara dedi:  2«Bütün İsrail övladlarının icmasını, ailələrinə görə iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan İsrail övladlarını sayın».  3Musa ilə kahin Eleazar İordan çayı yanında, Yerixo qarşısında Moav düzənliyində onlarla danışıb dedi:  4«Rəbbin Musaya əmr etdiyi kimi iyirmi və ondan yuxarı yaşda olanları siyahıya alın!» Misir torpağından çıxan İsrail övladları bunlardır:  5İsrailin ilk oğlu Ruven, Ruvenlilər bunlardır: Xanok soyundan Xanok nəsli; Pallu soyundan Pallu nəsli;  6Xesron soyundan Xesron nəsli; Karmi soyundan Karmi nəsli.  7Ruvenlilərin nəsilləri bunlardır, sayları 43 730 nəfər idi.  8Palunun oğlu Eliav,  9Eliavın oğulları Nemuel, Datan və Aviram idi. Bunlar o Datanla Aviramdır ki, icma tərəfindən seçildi və Rəbbə üsyan edən Qorahın tərəfdarlarına qoşulub Musa ilə Haruna zidd getdilər.  10Qorahla 250 yoldaşını od yandırıb yox edəndə yer yarıqları onları uddu. Qorahla birlikdə ölənlər başqalarına da bir ibrət oldu.  11Qorahın nəsli isə ölmədi.  12Nəsillərinə görə Şimeonlular bunlardır: Nemuel soyundan Nemuel nəsli; Yamin soyundan Yamin nəsli; Yakin soyundan Yakin nəsli;  13Zerah soyundan Zerah nəsli; Şaul soyundan Şaul nəsli;  14Şimeon nəsilləri bunlardır, sayları 22 200 nəfərdir.  15Nəsillərinə görə Qadlılar bunlardır: Sefon soyundan Sefon nəsli; Haqqi soyundan Haqqi nəsli; Şuni soyundan Şuni nəsli;  16Ozni soyundan Ozni nəsli; Eri soyundan Eri nəsli:  17Arod soyundan Arod nəsli; Areli soyundan Areli nəsli.  18Qad nəsilləri bunlardır, sayları 40 500 nəfərdir.  19Yəhudanın iki oğlu var idi: Er və Onan. Onlar Kənan torpağında öldülər.  20Nəsillərinə görə Yəhudalılar bunlardır: Şela soyundan Şela nəsli; Peres soyundan Peres nəsli; Zerah soyundan Zerah nəsli.  21Peres övladları bunlardır: Xesron soyundan Xesron nəsli; Xamul soyundan Xamul nəsli.  22Yəhuda nəsilləri bunlardır, sayları 76 500 nəfərdir.  23Nəsillərinə görə İssakar övladları bunlardır: Tola soyundan Tola nəsli; Puva soyundan Puva nəsli;  24Yaşuv soyundan Yaşuv nəsli; Şimron soyundan Şimron nəsli.  25İssakar nəsilləri bunlardır, sayları 64 300 nəfərdir.  26Nəsillərinə görə Zevulunlular bunlardır: Sered soyundan Sered nəsli; Elon soyundan Elon nəsli; Yaxleel soyundan Yaxleel nəsli.  27Zevulun nəsilləri bunlardır, sayları 60 500 nəfərdir.  28Nəsillərinə görə Yusifin oğulları: Menaşşe və Efrayim.  29Menaşşe övladları bunlardır: Makir soyundan Makir nəsli, Makir Gileadın atası idi; Gilead soyundan Gilead nəsli;  30Gilead övladları bunlardır: İezer soyundan İezer nəsli; Xeleq soyundan Xeleq nəsli;  31Asriel soyundan Asriel nəsli; Şekem soyundan Şekem nəsli;  32Şemida soyundan Şemida nəsli; Xefer soyundan Xefer nəsli.  33Xefer oğlu Selofxadın oğlu olmadı, amma Maxla, Noa, Xoqla, Milka və Tirsa adında qızları var idi.  34Menaşşe nəsilləri bunlardır, sayları 52 700 nəfərdir.  35Nəsillərinə görə Efrayim övladları bunlardır: Şutelah soyundan Şutelah nəsli; Beker soyundan Beker nəsli; Taxan soyundan Taxan nəsli;  36Şutelah övladları bunlardır: Eran soyundan Eran nəsli.  37Efrayim övladlarının nəsilləri bunlardır, sayları 32 500 nəfərdir. Nəsillərinə görə Yusif övladları bunlardır.  38Nəsillərinə görə Binyaminlilər bunlardır: Bela soyundan Bela nəsli; Aşbel soyundan Aşbel nəsli; Axiram soyundan Axiram nəsli;  39Şufam soyundan Şufam nəsli; Xufam soyundan Xufam nəsli.  40Belanın oğulları Ardla Naaman nəslindən törənənlər bunlardır: Ard soyundan Ard nəsli; Naaman soyundan Naaman nəsli.  41Nəsillərinə görə Binyamin övladları bunlardır, sayları 45 600 nəfərdir.  42Nəsillərinə görə Dan övladları bunlardır: Şuxam soyundan Şuxam nəsli. Bunlar Dan nəslindən törənən nəsillərdir.  43Hamısı Şuxam nəslindəndir, sayları 64 400 nəfərdir.  44Nəsillərinə görə Aşerlilər bunlardır: İmna soyundan İmna nəsli; İşvi soyundan İşvi nəsli; Beria soyundan Beria nəsli.  45Beria övladları bunlardır: Xever soyundan Xever nəsli; Malkiel soyundan Malkiel nəsli.  46Aşerin Serah adında bir qızı var idi.  47Aşer övladları bunlardır, sayı 53 400 nəfərdir.  48Nəsillərinə görə Naftali övladları bunlardır: Yaxseel soyundan Yaxseel nəsli; Quni soyundan Quni nəsli;  49Yeser soyundan Yeser nəsli; Şillem soyundan Şillem nəsli.  50Naftali nəsilləri bunlardır, sayları 45 400 nəfərdir.  51Sayılan İsrail övladlarının cəmi 601 730 kişi idi.  52 Rəbb Musaya belə dedi:  53«Adamların sayına görə ölkə bunlara irs olaraq bölünsün.  54Sayı çox olana böyük, sayı az olana az pay verəcəksən. Siyahıya yazılanların sayına görə hər birinə düşən pay verilsin.  55Ancaq torpaq püşklə bölünsün. Hər kəsin payı atalarının aid olduğu qəbilələrin adına görə olacaq.  56Kiçik ya böyük – hər qəbilənin payı püşklə bölünsün».  57Nəsillərinə görə sayılan Levililər bunlardır: Gerşon soyundan Gerşon nəsli; Qohat soyundan Qohat nəsli; Merari soyundan Merari nəsli.  58Bunlar da Levi nəsilləridir: Livni nəsli, Xevron nəsli, Maxli nəsli, Muşi nəsli, Qorah nəsli. Qohat Amramın atası idi.  59Amramın arvadının adı Yokeved idi. O, Misirdə Levi nəslindən doğulmuşdu. Amramdan Harun, Musa və bacıları Məryəm doğuldu.  60 Harunun Nadav, Avihu, Eleazar, İtamar adlı uşaqları oldu.  61 Nadavla Avihu Rəbbin önündə haram od təqdim edərkən öldülər.  62Levililərdən sayılan bir aylıq və ondan yuxarı yaşda bütün kişi cinsindən olanlar 23 000 nəfər idi. Bunlar o biri İsrail övladları ilə birlikdə siyahıya alınmışdı. Çünki İsrail övladları arasında onlara miras verilməmişdi.  63İsrail övladlarının siyahısı İordan çayının yanında, Yerixo qarşısındakı Moav düzənliyində Musa və kahin Eleazar tərəfindən tutuldu.  64Amma Musa ilə kahin Harunun Sina səhrasında saydığı İsrail övladlarından heç kim bu siyahıda olmadı.  65 Ona görə ki Rəbb o vaxt siyahıya alınan İsrail övladlarının səhrada öləcəyini qətiyyətlə söyləmişdi. Onlardan Yefunne oğlu Kalevlə Nun oğlu Yeşuadan başqa kimsə sağ qalmamışdı.

YUXARI

Saylar 27

Selofxadın qızları

1Menaşşe oğlu Makir oğlu Gilead oğlu Xefer oğlu Selofxadın qızları Yusif oğlu Menaşşenin nəsillərinə mənsub idi. Qızların adları belədir: Maxla, Noa, Xoqla, Milka və Tirsa.  2Onlar Musanın, kahin Eleazarın və rəhbərlərlə bütün icmanın önündə, Hüzur çadırının girişində durub dedilər:  3«Atamız səhrada öldü, lakin Qorahın tərəfini tutub Rəbbə qarşı üsyan edənlərin arasında deyildi. O öz günahına görə öldü və oğulları olmadı.  4Oğlu olmadığına görə onun adı öz nəsli arasından nə üçün silinməlidir? Atamızın qardaşları arasında bizə bir mülk verin».  5Musa onların işini Rəbbin önünə qoydu.  6Rəbb Musaya dedi:  7 «Selofxadın qızları doğru deyirlər: mütləq onlara atalarının qardaşları arasında mülk ver və atalarının mirasını onlara keçir.  8İsrail övladlarına de ki, əgər bir adam ölərsə və onun oğlu yoxdursa, o zaman mirası onun qızına keçir.  9Əgər onun qızı yoxdursa, onda mirasını onun qardaşlarına ver.  10Əgər qardaşları yoxdursa, onda mirasını atasının qardaşlarına ver.  11Əgər atasının qardaşları yoxdursa, o zaman mirasını nəslindən ona ən yaxın olan qohumuna ver ki, mülk onun olsun. Bu, Rəbbin Musaya əmr etdiyi kimi İsrail övladlarına qanun və hökm olsun».

Yeşuanın Musanın yerinə təyin olunması

(Qanun. 31:1-8)

12 Rəbb Musaya dedi: «Bu Avarim dağına çıx və İsrail oğullarına verdiyim ölkəni gör.  13Onu gördükdən sonra qardaşın Harun nə cür xalqına qovuşdusa, sən də elə ölüb, xalqına qovuşacaqsan.  14Çünki Zin səhrasında əmrimə qarşı çıxdınız. İcma Mənə üsyan edəndə sulara görə onların gözləri önündə Mənim müqəddəsliyimi etiraf etmədiniz». Bunlar Zin səhrasındakı Qadeşdə olan Meriva sularıdır.  15Musa Rəbbə dedi:  16«Rəbb – bütün bəşər ruhlarının Allahı, icma üzərinə bir adam nəsib etsin,  17 o da onların önündə girib-çıxsın, onların önündə döyüşə gedib-gəlsin. Qoy Rəbbin icması çobansız sürü kimi olmasın».  18 Rəbb Musaya dedi: «İçində Ruh olan bir adamı – Nun oğlu Yeşuanı yanına gətirərək əlini onun üzərinə qoyacaqsan.  19Onu kahin Eleazar və bütün icma qarşısında dayandırıb onların gözləri önündə ona vəzifə tapşır.  20Ona öz səlahiyyətindən ver ki, bütün İsrail icması ona itaət etsin.  21O, hökm almaq üçün kahin Eleazarın qarşısında duracaq. Eleazar isə Urim vasitəsilə Rəbdən soruşmalıdır. Yeşua ilə bütün İsraillilər icması Eleazarın əmri ilə döyüşə gedib-gəlsinlər».  22Musa Rəbbin ona əmr etdiyi kimi etdi: Yeşuanı götürüb kahin Eleazarın və bütün icmasının önündə dayandırdı.  23 Rəbbin Musa vasitəsilə əmr etdiyi kimi əllərini onun üzərinə qoyaraq ona vəzifə tapşırdı.

YUXARI

Saylar 28

Gündəlik təqdimlər

(Çıx. 29:38-46)

1Rəbb Musaya dedi:  2«İsrail övladlarına əmr edib de: “Diqqət edin ki, Mənə təqdim olunan payı – yandırma təqdimini, Mənim xoşuma gələn ətri öz vaxtında verəsiniz”.  3Onlara de: “Rəbbə verəcəyiniz yandırma təqdimi budur: daimi yandırma qurbanı olaraq hər gün iki birillik qüsursuz erkək toğlu.  4Toğlulardan birini səhər, o birini isə axşamçağı təqdim edin.  5Toğlu ilə birlikdə taxıl təqdimi olaraq dörddə bir hin çəkilmiş zeytun yağı ilə yoğrulmuş efanın onda biri narın un təqdim edin.  6Bu, daimi yandırma qurbanı, Sina dağında buyurulan, Rəbbin xoşuna gələn ətir – Onun üçün yandırma təqdimidir.  7Hər toğlu ilə birlikdə içmə təqdimi olaraq dörddə bir hin kefləndirici içkini Rəbbin adına müqəddəs yerdə tökün.  8O biri toğlunu axşamçağı təqdim edin. Səhərki kimi taxıl təqdimi və içmə təqdimi ilə birlikdə onu təqdim edin. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.

Şənbə təqdimləri

9 Şənbə günündə iki birillik qüsursuz erkək toğlu və taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda iki efa narın un və onun içmə təqdimini təqdim edin.  10Daimi yandırma qurbanı və onun içmə təqdimindən başqa hər Şənbənin yandırma qurbanı olan təqdim budur.

Təzə Ay təqdimləri

11Hər ayın başında Rəbbə yandırma qurbanı olaraq qüsursuz iki buğa və bir qoç, birillik yeddi erkək toğlu təqdim edin.  12Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa narın un və tək qoç üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda iki efa narın un,  13hər toğlu üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda bir efa narın un təqdim edin. Bu, yandırma qurbanı Rəbbin xoşuna gələn ətir – Onun üçün yandırma təqdimidir.  14Onların içmə təqdimləri bir buğa üçün yarım hin, qoç üçün üçdə bir hin və bir toğlu üçün dörddə bir hin şərab olacaq. İl boyu hər yeni ayda veriləcək yandırma qurbanı budur.  15Daimi yandırma qurbanı və onun içmə təqdimlərindən başqa Rəbbə günah təqdimi olaraq bir təkə də təqdim edin.

Pasxa bayramının təqdimləri

(Lev. 23:5-14)

16 Birinci ayın on dördüncü günü Rəbbin Pasxa bayramıdır.  17Bu ayın on beşinci günü bayram olsun, yeddi gün mayasız çörək yeyilsin.  18Birinci gün müqəddəs toplantı keçirin, gündəlik işlərinizi görməyin.  19Rəbbə yandırma qurbanı, yandırma təqdimi olaraq iki buğa, bir qoç və birillik yeddi erkək toğlu təqdim edin; hamısı qüsursuz olsun.  20Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, qoç üçün onda iki,  21yeddi toğludan hər toğlu üçün onda bir efa narın un təqdim edin.  22Özünüzü kəffarə etmək üçün günah qurbanı olaraq bir təkə təqdim edin.  23Hər səhər təqdim edəcəyiniz daimi yandırma qurbanına əlavə olaraq bunları da təqdim edin.  24Beləliklə, yeddi gün ərzində hər gün Rəbbin payını, Onun xoşuna gələn ətri – yandırma təqdimini verin. Bunu daimi yandırma qurbanı ilə içmə təqdiminə əlavə olaraq verin.  25Yeddinci gün müqəddəs toplantı keçirin, gündəlik işlərinizi görməyin.

Həftələr bayramının təqdimləri

(Lev. 23:15-22; Qanun. 16:9-12)

26Nübarın təqdim edilməsi günü Həftələr bayramında Rəbbə təzə taxıl təqdimi gətirəndə müqəddəs toplantı keçirin, gündəlik işlərinizi görməyin.  27Yandırma qurbanını Rəbbin xoşuna gələn ətir kimi iki buğa, bir qoç və birillik yeddi erkək toğlu olmaqla təqdim edin.  28Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, tək qoç üçün onda iki efa,  29yeddi toğludan hər toğlu üçün isə onda bir efa narın un təqdim edin.  30Özünüzü kəffarə etmək üçün bir təkə də təqdim edin.  31Daimi yandırma qurbanı taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. Qurban etdiyiniz heyvanlar qüsursuz olmalıdır.

YUXARI

Saylar 29

Şeypur çalma gününün təqdimləri

(Lev. 23:23-25)

1Yeddinci ayda, ayın birində müqəddəs toplantı keçirin, heç bir gündəlik işlərinizi görməyin. O gün sizin üçün şeypur çalma günü olacaq.  2Yandırma qurbanını Rəbbin xoşuna gələn ətir kimi qüsursuz bir buğa, bir qoç və birillik yeddi erkək toğlu olmaqla verin.  3Buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, qoç üçün onda iki efa,  4yeddi toğludan hər toğlu üçün onda bir efa narın un təqdim edin.  5Özünüzü kəffarə etmək üçün günah qurbanı olaraq bir təkə də təqdim edin.  6Aylıq və gündəlik yandırma qurbanları ilə lazımi taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. Bu, Rəbbin xoşuna gələn ətir – Onun üçün yandırma təqdimidir.

Kəffarə gününün təqdimləri

(Lev. 23:26-32)

7 Həmin yeddinci ayın onunda müqəddəs toplantı keçirin; özünüzü hər şeydən məhrum edin və heç bir iş görməyin.  8Rəbbə xoş ətir kimi yandırma qurbanı olaraq bir buğa, bir qoç, birillik yeddi erkək toğlu təqdim edin. Onlar qüsursuz olmalıdır.  9Buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, qoç üçün onda iki efa,  10yeddi toğludan hər toğlu üçün onda bir efa narın un təqdim edin.  11Günah qurbanı olaraq bir təkə də təqdim edin. Kəffarələr üçün günah qurbanına, daimi yandırma qurbanına, onun taxıl təqdiminə və onların içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.

Çardaqlar bayramının təqdimləri

(Lev. 23:33-44)

12 Yeddinci ayın on beşinci günündə müqəddəs toplantı keçirin; heç bir gündəlik işlərinizi görməyin. Rəbbin şərəfinə yeddi gün bayram keçirin.  13Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi olaraq qüsursuz on üç buğa, iki qoç və birillik on dörd erkək toğlu verin. Onlar qüsursuz olmalıdır.  14Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, hər qoç üçün onda iki efa,  15on dörd toğludan hər toğlu üçün onda bir efa narın un təqdim edin.  16Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.  17İkinci gün qüsursuz on iki buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin.  18Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin.  19Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.  20Üçüncü gün qüsursuz on bir buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin.  21Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin.  22Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.  23Dördüncü gün qüsursuz on buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin.  24Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin.  25Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.  26Beşinci gün qüsursuz doqquz buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin.  27Buğa, qoç və toğluların sayına görə lazımi taxıl və içmə təqdimlərini gətirin.  28Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.  29Altıncı gün qüsursuz səkkiz buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin.  30Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin.  31Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.  32Yeddinci gün qüsursuz yeddi buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin.  33Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin.  34Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.  35 Səkkizinci gün özünüz üçün təntənəli toplantı keçirin, heç bir gündəlik işlərinizi görməyin.  36Yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi olaraq qüsursuz bir buğa, bir qoç və birillik yeddi erkək toğlu təqdim edin.  37Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin.  38Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.  39Əhdə görə və könüllü təqdimlərinizdən əlavə təyin olunan bayramlarınızda Rəbbə bu yandırma qurbanlarınızı, taxıl təqdimlərinizi, içmə təqdimlərinizi və ünsiyyət qurbanlarınızı təqdim edin”».  40Musa Rəbbin ona əmr etdiyi hər şeyi İsrail övladlarına bildirdi.

YUXARI

Saylar 30

Əhdlər

1Musa İsrail övladlarının qəbilə başçılarına dedi: «Rəbb belə əmr etmişdir:  2 bir kişi Rəbbə əhd edərək yaxud and içərək öhdəsinə nə isə götürərsə, verdiyi sözü pozmasın, ağzından çıxan hər şeyi yerinə yetirsin.  3Əgər atasının evində yaşayan gənc qız Rəbbə əhd edib öhdəsinə nə isə götürərsə,  4lakin atası onun əhdini və öhdəsinə götürdüyü şeyi eşidəndə ona qarşı çıxmazsa, qızın etdiyi əhdlər və öhdəsinə götürdüyü şeylərin hamısı qüvvədə qalar.  5Amma atası bunları eşidən gün mane olarsa, qızın etdiyi əhdlər və öhdəsinə götürdüyü şeylər qüvvədən düşər. Rəbb onu bağışlayar, çünki atası mane olmuşdur.  6Əgər qız əhd yaxud düşünmədən öhdəsinə bir şey götürdükdən sonra ərə gedərsə,  7bunu eşidən əri həmin gün ona qarşı çıxmazsa, onun etdiyi əhdlər və düşünmədən öhdəsinə götürdüyü şeylər qüvvədə qalar.  8Amma əri bunu eşidən gün mane olarsa, gəlinin etdiyi əhdlər və öhdəsinə götürdüyü şeylər qüvvədən düşər. Rəbb onu bağışlayar.  9Dul yaxud boşanan qadının əhdi və öhdəsinə götürdüyü hər şey qüvvədə qalar.  10Əgər ərli bir qadın əhd edər yaxud öhdəsinə nə isə götürərsə,  11əri bunu eşidəndə ona qarşı çıxmayıb mane olmazsa, qadının bütün əhdləri yaxud öhdəsinə götürdüyü şeylər qüvvədə qalar.  12Amma əri bunları eşidən gün ona mane olarsa, qadının bütün əhdləri və öhdəsinə götürdüyü şeylər qüvvədən düşər. Əri mane olduğu üçün Rəbb qadını bağışlayar.  13Əri qadının özünü məhrum etmək üçün etdiyi əhdləri yaxud and içərək öhdəsinə götürdüyü şeyləri təsdiq edə bilər ya da mane ola bilər.  14Əgər əri bir gün içində bu barədə ona qarşı çıxmazsa, bütün əhdləri yaxud öhdəliklərini təsdiqləmiş olur. Onları eşidən gün qadına qarşı çıxmamaqla təsdiqləmiş sayılar.  15Əgər onları eşitdikdən bir müddət sonra mane olursa, qadının cəzasını əri çəkər».  16Kişi ilə arvadı, atası ilə onun evində yaşayan gənc qızı arasında münasibət barədə Rəbbin Musaya əmr etdiyi qaydalar bunlardır.

YUXARI

Saylar 31

Midyanlılardan qisas alma

1Rəbb Musaya belə dedi:  2«İsrail övladlarının qisasını Midyanlılardan al. Sonra isə ölüb öz xalqına qovuşacaqsan».  3Buna görə Musa xalqa belə dedi: «Aranızdan bəzi adamları silahlandırın ki, Midyanlılarla döyüşə çıxıb Rəbbin qisasını onlardan alsınlar.  4İsrail qəbilələrinin hər birindən döyüşə min nəfər göndərin».  5Beləliklə, İsrailin tayfalarından, hər qəbilədən min nəfər olmaqla döyüşə hazır on iki min nəfər seçildi.  6Musa hər qəbilədən min nəfəri kahin Eleazarın oğlu Pinxasla birlikdə döyüşə göndərdi. Pinxas özü ilə müqəddəs yerə aid bəzi əşyaları və işarə vermək üçün kərənayları götürdü.  7Onlar Rəbbin Musaya əmr etdiyi kimi Midyanlılarla döyüşüb bütün kişiləri qırdılar.  8Qırılanlar arasında Midyanın beş padşahı vardı: Evi, Reqem, Sur, Xur və Reva. Beor oğlu Bilamı da qılıncla öldürdülər.  9Sonra İsraillilər bütün Midyan qadınları ilə uşaqlarını əsir götürüb onların bütün naxır və sürülərini, bütün əşyalarını talan etdilər.  10Midyanlıların yaşadıqları bütün şəhərlərə, obalara od vurdular.  11İnsanları, heyvanları, bütün qəniməti, talan mallarını götürdülər.  12Əsirləri, qəniməti, talan mallarını İordan çayının şərqində, Yerixonun qarşısında, Moav düzənliyindəki düşərgədə olan Musa ilə kahin Eleazarın və İsrail övladlarının icmasının yanına gətirdilər.  13Musa, kahin Eleazar və icma rəhbərləri onları qarşılamaq üçün düşərgənin kənarına çıxdılar.  14Musa döyüşdən qayıdan sərkərdələrə – minbaşılara və yüzbaşılara qəzəblənib  15«Bütün qadınları nə üçün sağ saxladınız?» dedi.  16 «Bunlar həmin qadınlardır ki, Bilamın verdiyi nəsihətə uyub Peor hadisəsində İsrail övladlarının Rəbdən dönməsinə səbəb oldular. Ona görə Rəbbin icması arasında vəba törəndi.  17İndi bütün oğlan uşaqlarını və kişi ilə yaxınlıq etmiş qadınları öldürün.  18Yalnız kişi ilə yaxınlıq etməmiş cavan qızları özünüz üçün sağ saxlayın.  19Aranızda kimisə öldürən yaxud meyitə toxunan hər kəs yeddi gün düşərgənin kənarında qalsın. Üçüncü və yeddinci gün özünüzü, həm də əsirlərinizi pak edin.  20Hər paltarı, dəridən, keçi tükündən və ağacdan düzələn nə varsa, hamısını pak edin».  21Bundan sonra kahin Eleazar döyüşdən qayıdan əsgərlərə dedi: «Rəbbin Musaya əmr etdiyi qanunun qaydası belədir.  22Qızılı, gümüşü, tuncu, dəmiri, qalayı, qurğuşunu,  23oda davamlı hər şeyi alovdan keçirin ki, pak sayılsın. Lakin paklama suyu ilə də paklansın. Oda davamsız şeyləri isə sudan keçirin.  24Yeddinci gün geyimlərinizi yuyun, onda pak olacaqsınız, sonra düşərgəyə girin».

Talan malının bölünməsi

25Rəbb Musaya dedi:  26«Sən, kahin Eleazar və icmanın nəsil başçıları ələ keçirilən insanları, heyvanları, talan mallarını sayın.  27Talan mallarını döyüşə çıxan igidlərlə icmanın qalan qismi arasında yarı bölün.  28Döyüşə gedən igidlərə düşən insan, mal-qara, eşşək, qoyun-keçi payından vergi olaraq beş yüzdə birini Rəbbə ayırın.  29Bu vergini igidlərə bölünən paydan götürüb Rəbbə ianə olaraq təqdim etmək üçün kahin Eleazara verin.  30O biri İsrail övladlarına düşən paydan insan, mal-qara, eşşək, qoyun-keçi və başqa heyvanlardan əllidə birini götürüb Rəbbin məskəninə cavabdeh olan Levililərə verin».  31Musa ilə kahin Eleazar Rəbbin Musaya əmr etdiyinə əməl etdilər.  32Döyüşə gedən igidlərin götürdüyü talan malından bu qənimətlər qalmışdı: 675 000 qoyun-keçi,  3372 000 mal-qara,  3461 000 eşşək,  35kişi ilə yaxınlıq etməmiş 32 000 qız.  36Bunların yarısı döyüşə gedən igidlərə pay düşdü: 337 500 qoyun-keçi,  37bunlardan Rəbbə vergi olaraq 675 qoyun-keçi verildi;  3836 000 mal-qara, bunlardan 72 mal-qara Rəbbə vergi olaraq ayrıldı;  3930 500 eşşək, bunlardan 61 eşşək Rəbbə vergi olaraq ayrıldı;  4016 000 nəfər, bunlardan 32 nəfər Rəbbə vergi olaraq ayrıldı.  41Musa Rəbbin ona əmr etdiyi kimi Rəbbə vergi olaraq ayrılanları kahin Eleazara verdi.  42Musanın döyüşə gedən igidlərdən ayırdığından İsrail övladlarına düşən payın yarısı bunlardır:  43İcmaya düşən yarı pay 337 500 qoyun-keçi,  4436 000 mal-qara,  4530 500 eşşək,  4616 000 insan.  47Rəbbin ona əmr etdiyi kimi Musa İsrail övladlarının payından hər əlli nəfərdən və heyvandan birini seçib Rəbbin məskəninə cavabdeh olan Levililərə verdi.  48Ordu bölmələrində hökm verən sərkərdələr – minbaşılar və yüzbaşılar Musanın yanına gedib dedilər:  49«Biz qulların hökm etdiyimiz döyüşçülərin sayını öyrəndik. Onlardan heç kim əskik deyildir.  50Ona görə də hər birimiz əldə etdiyimiz qızıl əşyaları – xalxalları, bilərzikləri, üzükləri, sırğaları, boyunbağıları təqdim olaraq Rəbbə gətirdik ki, Rəbbin önündə özümüz üçün kəffarə edək».  51Musa ilə kahin Eleazar qızılı və hər cür bəzək əşyalarını onlardan aldı;  52minbaşılardan və yüzbaşılardan Rəbbə ianə olaraq gətirdikləri qızıl cəmi 16 750 şekel ağırlığında idi.  53Döyüşə gedən igidlərin hər biri özləri üçün talan edilmiş maldan götürmüşdü.  54Musa ilə kahin Eleazar minbaşılardan və yüzbaşılardan qızılı alıb İsrail övladları üçün Rəbbin önündə bir xatirə olaraq Hüzur çadırına gətirdilər.

YUXARI

Saylar 32

Ruvenlilərlə Qadlıların Gileadda məskunlaşması

(Qanun. 3:12-22)

1Ruvenlilərlə Qadlıların çoxlu heyvanları var idi. Onlar Yazer ilə Gilead torpaqlarını görəndə heyvan otarmaq üçün bu yerlərin münasib olduğunu başa düşdülər.  2Qadlılarla Ruvenlilər gəlib Musaya, kahin Eleazara və icmanın rəhbərlərinə dedilər:  3«Atarot, Divon, Yazer, Nimra, Xeşbon, Elale, Sevam, Nevo və Beon  4Rəbbin İsrail icmasına təslim etdiyi bu ölkə heyvan otarmaq üçün münasib yerdir; qullarının da heyvanları var».  5Sonra əlavə etdilər: «Əgər biz sənin gözündə lütf tapmışıqsa, qoy bu torpaq mülk olaraq biz qullarına verilsin. Bizi İordandan o taya keçirməyin».  6Musa cavab verdi: «İsrailli qardaşlarınız döyüşməyə gedərkən siz buradamı qalmaq niyyətindəsiniz?  7Nə üçün çayı keçib Rəbbin onlara verdiyi torpağa getmək üçün İsrail övladlarını ruhdan salırsınız?  8 Qadeş-Barneadan o torpağı gözdən keçirməyə göndərdiyim atalarınız da belə hərəkət etdilər.  9Onlar Eşkol vadisinə çatıb torpağı gördülər, lakin İsrail övladlarını ruhdan saldılar ki, Rəbbin verdiyi torpağa girməsinlər.  10 O gün Rəbbin qəzəbi alovlandı və and içib dedi:  11“Misirdən çıxan iyirmi və ondan yuxarı yaşda olan adamların heç biri İbrahimə, İshaqa və Yaquba and içib vəd etdiyim torpağı heç vaxt görməyəcək, çünki onlar Mənim yolumda sədaqətlə getmədilər.  12Ancaq Qenizli Yefunne oğlu Kalev və Nun oğlu Yeşua bu torpağı görəcək, çünki onlar yolumda sədaqətlə getdilər”.  13Rəbbin qəzəbi İsrailə qarşı alovlandı və Rəbb gözündə pislik etmiş nəsil ölənə qədər onları qırx il səhrada gəzdirdi.  14Budur, atalarınızın yerinə siz – günahlılar nəsli qalxaraq Rəbbin qızğın qəzəbini İsrailə qarşı daha da alovlandırırsınız.  15Əgər siz indi Rəbbin ardınca getməkdən dönsəniz, O bütün bu xalqı yenə də səhrada atacaq, siz də onların ölümünə səbəb olacaqsınız».  16Ruvenlilərlə Qadlılar Musaya yaxınlaşıb dedilər: «Burada sürülərimiz üçün ağıllar, övladlarımız üçün şəhərlər tikəcəyik.  17Biz isə silahlanıb İsrail övladlarının qabağında getməyə hazırıq. Onlar vəd olunmuş torpağa daxil olana qədər onları tərk etmərik. Uşaqlarımız isə qoy möhkəmlənmiş şəhərlərdə qalsınlar ki, bu torpağın sakinlərindən qorunsunlar.  18İsrail övladlarından hər biri öz irsini alana qədər evlərimizə qayıtmayacağıq.  19Biz onlarla birlikdə İordanın o biri tayındakı torpaqdan irs istəməyəcəyik, çünki bizim payımız İordanın şərq tərəfinə düşdü».  20Musa onlara belə cavab verdi: «Əgər siz belə hərəkət edib silahlanaraq Rəbbin hüzurunda döyüşə getsəniz  21və Rəbb düşmənlərini hüzurundan qovana qədər hamınız Onun hüzurunda İordanın o biri tayına silahlı olaraq keçsəniz,  22bu torpaq Rəbbin önündə sizə tabe olarsa, onda qayıda bilərsiniz. Rəbbin və İsrailin qarşısında borclarınızı yerinə yetirmiş olarsınız. Onda bu torpaq Rəbbin təsdiqi ilə sizin mülkünüz olacaq.  23Lakin əgər belə etməsəniz, budur, Rəbbə qarşı günah etmiş olursunuz və bilin ki, günahınıza görə cəza alacaqsınız.  24Uşaqlarınız üçün şəhərlər, sürüləriniz üçün ağıllar düzəldin. Lakin vədinizi yerinə yetirin».  25Qadlılarla Ruvenlilər Musaya dedilər: «Ağamız necə buyurursa, biz qulların elə də edərik.  26Arvadlarımız, uşaqlarımız, qoyun-keçi və mal-qaramız, burada – Gilead şəhərlərində qalacaq.  27Sənin qulların – hamımız silahlanaraq, ağamız buyurduğu kimi çayı keçib Rəbbin əmri ilə döyüşə çıxacağıq».  28 Musa onların haqqında kahin Eleazara, Nun oğlu Yeşuaya və İsrail övladlarının qəbilə başçılarına əmr etdi.  29Musa onlara dedi: «Əgər Qadlılarla Ruvenlilər silahlanaraq Rəbbin əmri ilə sizinlə İordan çayının o biri tayına keçərlərsə, torpaq zəbt olunarsa, onda Gilead torpağını onlara mülk olaraq verin.  30Lakin əgər onlar silahlanıb sizinlə çayın o biri tayına keçməsələr, onlar sizin aranızda – Kənan torpağında miras alacaqlar».  31Qadlılar və Ruvenlilər belə cavab verdilər: «Rəbb sənin qullarına necə deyibsə, biz də elə edərik.  32Biz Rəbbin hüzurunda silahlanıb çaydan Kənan torpağına keçəcəyik, lakin bizim miras aldığımız torpaq İordanın bu tayında olsun».  33Musa Emorlular padşahı Sixonun ölkəsini, Başan padşahı Oqun ölkəsini bütün ətraf şəhərləri və torpaqları ilə birlikdə Ruvenlilərlə Qadlılara və Menaşşe qəbiləsinin yarısına verdi.  34Qadlılar möhkəmlənmiş şəhərlər olaraq Divonu, Atrotu, Aroeri,  35Atrot-Şofanı, Yazeri, Yoqbohanı,  36Bet-Nimranı və Bet-Haranı bərpa etdilər və sürülər üçün ağıllar düzəltdilər.  37Ruvenlilər isə Xeşbonu, Elaleni, Qiryatayimi,  38Nevonu, Baal-Meonu – onların adları sonra dəyişdirildi – və Sivmanı bərpa etdilər. Yenidən tikdikləri şəhərlərə başqa adlar qoydular.  39Menaşşe oğlu Makirin övladları Gileada girib oradakı Emorluları qovdular və oranı ələ keçirdilər.  40Musa Gileadı Menaşşe oğlu Makirin nəslinə verdi. Onlar orada məskən saldılar.  41Menaşşe nəslindən olan Yair gedib Emorluların kəndlərini alaraq adlarını Xavvot-Yair qoydu.  42Novah isə gedib Qenatı və ətrafdakı qəsəbələri aldı. Oranı da öz adı ilə Novah adlandırdı.

YUXARI

Saylar 33

Misirdən Moava qədər köçlər

1Musa və Harunun başçılığı ilə ordular halında Misir torpağından çıxan İsrail övladlarının köçləri bunlardır.  2Musa Rəbbin əmrinə görə onların köçlərini və dayanacaqlarını qeyd etdi. Onların köçləri və qaldıqları yerlər bunlardır:  3İsrail övladları Pasxa bayramının səhəri, birinci ayın on beşində Misirlilərin gözü qarşısında vüqarla Ramsesdən yola düşdü.  4O vaxt Misirlilər Rəbbin qırdığı bütün ilk oğlanları basdırırdılar. Rəbb onların allahlarını da Öz hökmünə məruz qoymuşdu.  5İsrail övladları Ramsesdən yola çıxıb Sukkotda düşərgə saldılar.  6Sukkotu tərk edib səhra kənarındakı Etamda düşərgə saldılar.  7Etamı tərk edib Baal-Sefonun şərqində Pi-Haxirota qayıtdılar və Miqdol yaxınlığında düşərgə saldılar.  8Pi-Haxirotu tərk edib dənizin ortasından keçərək səhraya çıxdılar. Etam səhrasında üç gün gəzib dolanandan sonra Marada düşərgə saldılar.  9 Maranı tərk edib on iki su çeşməsi və yetmiş xurma ağacı olan Elimə gedərək orada düşərgə saldılar.  10Elimi tərk edib Qırmızı dəniz kənarında düşərgə saldılar.  11Qırmızı dənizin kənarından ayrılıb Sin səhrasında düşərgə saldılar.  12Sin səhrasını tərk edib Dofqada düşərgə saldılar.  13Dofqanı tərk edib Aluşda düşərgə saldılar.  14Aluşu tərk edib Refidimdə düşərgə saldılar. Orada xalq üçün içməyə su yox idi.  15Refidimi tərk edib Sina səhrasında düşərgə saldılar.  16Sina səhrasını tərk edib Qivrot-Hattaavada düşərgə saldılar.  17Qivrot-Hattaavanı tərk edib Xaserotda düşərgə saldılar.  18Xaserotu tərk edib Ritmada düşərgə saldılar.  19Ritmanı tərk edib Rimmon-Peresdə düşərgə saldılar.  20Rimmon-Peresi tərk edib Livnada düşərgə saldılar.  21Livnanı tərk edib Rissada düşərgə saldılar.  22Rissanı tərk edib Qehelatda düşərgə saldılar.  23Qehelatı tərk edib Şefer dağında düşərgə saldılar.  24Şefer dağını tərk edib Xaradada düşərgə saldılar.  25Xaradadan ayrılıb Maqhelotda düşərgə saldılar.  26Maqhelotu tərk edib Taxatda düşərgə saldılar.  27Taxatdan ayrılıb Terahda düşərgə saldılar.  28Terahı tərk edib Mitqada düşərgə saldılar.  29Mitqanı tərk edib Xaşmonada düşərgə saldılar.  30Xaşmonadan ayrılıb Moserotda düşərgə saldılar.  31Moserotu tərk edib Bene-Yaaqanda düşərgə saldılar.  32Bene-Yaaqandan ayrılıb Xor-Haqqidqadda düşərgə saldılar.  33Xor-Haqqidqadı tərk edib Yotvatada düşərgə saldılar.  34Yotvatanı tərk edib Avronada düşərgə saldılar.  35Avronanı tərk edib Esyon-Geverdə düşərgə saldılar.  36Esyon-Geveri tərk edib Zin səhrasında, yəni Qadeşdə düşərgə saldılar.  37Qadeşdən ayrılıb Edom torpağının sərhədindəki Hor dağında düşərgə saldılar.  38 Kahin Harun Rəbbin əmrinə görə Hor dağına çıxdı. İsraillilərin Misirdən çıxmasının qırxıncı ilində, beşinci ayın birinci günündə orada öldü.  39Harun Hor dağında öləndə yüz iyirmi üç yaşında idi.  40 Kənan ölkəsinin Negev bölgəsində yaşayan Kənanlı Arad padşahı eşitdi ki, İsrail övladları gəlib.  41İsrail övladları Hor dağından ayrılıb Salmonada düşərgə saldılar.  42Salmonanı tərk edib Punonda düşərgə saldılar.  43Punonu tərk edib Ovotda düşərgə saldılar.  44Ovotu tərk edib Moav sərhədindəki İye-Avarimdə düşərgə saldılar.  45İye-Avarimi tərk edib Divon-Qadda düşərgə saldılar.  46Divon-Qaddan ayrılıb Almon-Divlataymada düşərgə saldılar.  47Almon-Divlataymanı tərk edib Nevo yaxınlığında olan Avarim dağlıq bölgəsində düşərgə saldılar.  48Avarim dağlıq bölgəsindən ayrılıb İordan çayı yanında, Yerixo qarşısında olan Moav düzənliyində düşərgə saldılar.  49İordan çayı boyunca Bet-Yeşimotdan Avel-Şittimə qədər Moav düzənliyində düşərgə saldılar.  50Orada, İordan çayı yanında, Yerixo qarşısındakı Moav düzənliyində Rəbb Musaya belə dedi:  51«İsrail övladlarına de: “İordan çayından Kənan ölkəsinə keçəndə  52ölkədə yaşayan bütün əhalini qovun. Oyma daşlarının, tökmə bütlərinin hamısını yox edin. Onların bütün səcdəgah yerlərini dağıdın.  53Ölkəni ələ keçirib orada məskunlaşacaqsınız, çünki mülk almaq üçün oranı sizə verdim.  54 Püşklə ölkəni nəsilləriniz arasında bölün. Böyük nəslə böyük torpaq payı, kiçik nəslə kiçik torpaq payı verin. Kimin püşkünə nə çıxsa, qoy ora onun olsun. Paylarınızı atalarınızın qəbilələrinə görə irs alın.  55Amma yerli əhalini qovmasanız, qalanlar böyrünüzü kol kimi dolayıb tikan kimi gözünüzə girəcək. Yaşadığınız ölkədə sizə əziyyət verəcək.  56Mən də onlara nə etməyi düşünsəm, onu sizə edəcəyəm”».

YUXARI

Saylar 34

Kənan ölkəsinin sərhədləri

1Rəbb Musaya dedi:  2«İsrail övladlarına əmr et və onlara de: “Kənan ölkəsinə girdiyiniz zaman irs olaraq sizə düşən torpağın – Kənan torpağının sərhədləri belə olacaq:  3 Cənub tərəfiniz Zin səhrasından Edom sərhədi boyunca uzanacaq. Cənub sərhədiniz şərqdə Duz dənizinin ucundan başlayacaq.  4Sərhədiniz Aqrabbim keçidinin cənubundan dolaşaraq Zin səhrasına keçəcək və oradan Qadeş-Barneanın cənubuna qədər uzanacaq. Oradan Xasar-Addara uzanıb Asmona keçəcək.  5Sərhəd Asmondan Misir vadisinə qədər dolaşacaq və onun ucu dənizin yanında olacaq.  6Qərb sərhədiniz Böyük dənizi və onun kənarı olacaq, qərb sərhədiniz belə olacaq.  7Şimal sərhədiniz bu olacaq: Böyük dənizdən Hor dağına qədər nişan qoyacaqsınız.  8Hor dağından da Xamat keçidinə qədər nişan qoyacaqsınız. Sərhədin ucu Sedadda olacaq.  9Sərhəd Zifrona uzanacaq və onun ucu Xasar-Enanda olacaq. Bu, şimal sərhədiniz olacaq.  10Şərq sərhədinizə Xasar-Enandan Şefama qədər nişan qoyacaqsınız.  11Sərhəd Şefamdan Ayinin şərq tərəfində olan Rivlaya enəcək və oradan Kinneret gölünün şərq kənarındakı yamaclara çatacaq.  12Sonra sərhəd İordan çayı boyunca enəcək və onun ucu Duz dənizinin yanında olacaq. Hər tərəfdən ölkənizin sərhədləri bunlar olacaq”».  13 Musa İsrail övladlarına əmr edib dedi: «Bu o torpaqdır ki, siz onu püşk vasitəsilə bölməlisiniz. Rəbbin əmri ilə onu doqquz yarım qəbilə arasında bölməlisiniz.  14Çünki Ruven qəbiləsinin nəsilləri, Qad qəbiləsinin nəsilləri və Menaşşe qəbiləsinin o biri yarısı öz irsini aldılar.  15Bu iki yarım qəbilə Yerixonun qarşısında İordan çayının şərq tərəfində irsini aldı».  16Rəbb Musaya dedi:  17«Torpaqları sizə irs olaraq böləcək adamların adları belədir: kahin Eleazar və Nun oğlu Yeşua.  18Torpaqları bölmək üçün hər qəbilədən bir nəfər rəhbər götürün.  19Bu adamlar bunlardır: Yəhuda qəbiləsi üçün Yefunne oğlu Kalev;  20Şimeon qəbiləsi üçün Ammihud oğlu Şamuel;  21Binyamin qəbiləsi üçün Kislon oğlu Elidad;  22Dan qəbiləsi üçün rəhbər olan Yoqli oğlu Buqqi;  23Yusif oğullarından Menaşşe qəbiləsi üçün rəhbər olan Efod oğlu Xanniel;  24Efrayim qəbiləsi üçün rəhbər olan Şiftan oğlu Qemuel;  25Zevulun qəbiləsi üçün rəhbər olan Parnak oğlu Elisafan;  26İssakar qəbiləsi üçün rəhbər olan Azzan oğlu Paltiel;  27Aşer qəbiləsi üçün rəhbər olan Şelomi oğlu Axihud;  28Naftali qəbiləsi üçün rəhbər olan Ammihud oğlu Pedahel».  29Kənan torpağında İsrail övladlarına irs torpaqları bölmək üçün Rəbbin əmr etdiyi adamlar bunlardır.

YUXARI

Saylar 35

Levililərə ayrılan şəhərlər

1İordan çayının yanında, Yerixo qarşısında olan Moav düzənliyində Rəbb Musaya dedi:  2«İsrail övladlarına əmr et ki, mülk etdikləri torpaqda yaşamaq üçün Levililərə şəhərlər versinlər. Sən şəhərlərin ətrafında Levililərə otlaqlar da ver.  3Beləliklə, Levililərin yaşamaq üçün şəhərləri və onların mal-qaraları, sürüləri və digər heyvanları üçün otlaqları olsun.  4Levililərə verəcəyiniz şəhərlərin ətrafındakı otlaqlar şəhər divarından min qulac uzanacaq.  5Şəhər ortada olaraq şəhərin bayırından şərq tərəfini iki min qulac, cənub tərəfini iki min qulac, qərb tərəfini iki min qulac və şimal tərəfini iki min qulac ölçün. Bu onlar üçün şəhər otlaqları olsun.  6Levililərə verəcəyiniz şəhərlərdən altı sığınacaq şəhər olsun ki, kimisə öldürən oraya qaça bilsin. Bunlardan başqa qırx iki şəhər də verin.  7Levililərə verəcəyiniz şəhərlərin cəmi qırx səkkiz şəhər olsun. Onları otlaqları ilə birgə verin.  8Levililərə verəcəyiniz şəhərlər hər qəbiləyə düşən payın nisbətində alınsın, çox şəhəri olan qəbilədən çox şəhər, az şəhəri olan qəbilədən az şəhər alın».

Sığınacaq şəhərlər

(Qanun. 19:1-13; Yeşua 20:1-4)

9Sonra Rəbb Musaya dedi:  10«İsrail övladlarına de: “Siz İordan çayını keçib Kənan torpağına girəndə  11sığınacaq şəhərlər olaraq bəzi şəhərlər seçin ki, bilmədən adam öldürən oraya qaçsın.  12Qisas alandan sığınacaq şəhərləriniz bunlar olsun ki, adam öldürən şəxs icmanın önündə hökm alana qədər öldürülməsin.  13Verəcəyiniz bu altı şəhər sizin üçün sığınacaq şəhərlər olsun.  14İordan çayının o biri tayında üç şəhər və Kənan torpağında üç şəhər verin. Bunlar sığınacaq şəhərlər olsun.  15Bu altı şəhər İsrail övladlarına, aralarında yaşayan yadellilərə və qəriblərə sığınacaq şəhərləri olacaq. Belə ki bilmədən birini öldürən hər kəs oraya qaça bilsin.  16Əgər biri dəmir bir alətlə başqa birini vurub öldürmüşsə, o adam qatildir. Qatil öldürülməlidir.  17Əgər kimsə əlində insanın ölə biləcəyi bir daşla kimisə vurmuşsa və o adam ölmüşsə, onda o adam qatildir. Qatil öldürülməlidir.  18Yaxud əlində adam öldürə bilən ağac bir alətlə birini vurub öldürmüşsə, o adam qatildir. Qatil öldürülməlidir.  19Tökülən qanın qisasını alan özü qatili öldürsün, onunla rastlaşdığı zaman öldürsün.  20Əgər onu kinlə itələyib yaxud pusquda duraraq ona tərəf bir şey atıb öldürmüşsə  21ya da ədavətə görə onu əli ilə vurub öldürmüşsə, vuran mütləq öldürülməlidir. O qatildir, tökülən qanın qisasını alan adam qatilə rast gəldiyi zaman onu öldürsün.  22Ancaq ədavəti olmayaraq birini qəflətən itələmişsə yaxud pusquda durmadan ona bir şey atmışsa  23və yaxud da onu görmədən üstünə adam öldürə bilən bir daş düşürüb öldürmüşsə, onda ölən şəxsi-qərəzlik olmadığından və ona ziyan vurmaq istəmədiyindən  24adam öldürənlə tökülən qanın qisasını alan arasında bu hökmlərə görə icma hökm çıxaracaq.  25İcma tökülən qanın qisasını alanın əlindən adam öldürəni qurtaracaq, qaçdığı sığınacaq şəhərə geri göndərəcək və o, müqəddəs yağla məsh olunmuş baş kahinin ölümünə qədər orada qalacaq.  26Əgər adam öldürən qaçdığı sığınacaq şəhərin sərhədini keçərsə,  27tökülən qanın qisasını alan adam öldürəni sığınacaq şəhərin sərhəd kənarında taparsa və onu öldürərsə, o qatil sayılmayacaq.  28Çünki adam öldürən baş kahinin ölümünə qədər sığındığı şəhərdə qalmalı idi. Ancaq baş kahinin ölümündən sonra öz mülkü olan torpağına qayıda bilər.  29Bunlar nəsildən-nəslə bütün yaşadığınız yerlərdə qanun və hökm olacaq.  30 Bir adam bir adamı öldürsə, şahidlərin ifadəsi ilə öldürülsün. Lakin heç bir qatil tək şahidin ifadəsi ilə öldürülməsin.  31Ölüm cəzasına layiq qatilin canı üçün fidyə almayın, çünki o öldürülməlidir.  32Sığınacaq şəhərinə qaçan üçün fidyə almayın ki, kahinin ölümündən əvvəl torpağında yaşamağa qayıtsın.  33Beləcə olduğunuz ölkəni murdarlamayın. Çünki qan tökmək ölkəni murdar edər və ölkədə tökülən qanın əvəzi ancaq onu tökənin qanı ilə kəffarə oluna bilər.  34Yaşadığınız, Mənim də olduğum ölkəni ləkələməyin. Çünki İsrail övladları arasında yaşayan Rəbb Mənəm”».

YUXARI

Saylar 36

Selofxadın qızlarının irsi

1Yusif övladlarının nəsillərindən Menaşşe oğlu Makir oğlu Gilead nəslinin ailə başçıları yaxınlaşıb Musanın önündə və İsrail nəsil başçıları olan rəhbərlərin önündə belə danışdılar:  2 «Rəbb ölkəni irs olaraq püşk ilə İsrail övladları arasında bölüşdürməyi ağamıza əmr etdi. Soydaşımız Selofxadın irsini onun qızlarına vermək ağamıza Rəbb tərəfindən əmr olundu.  3Əgər Selofxadın qızları başqa bir İsrail qəbiləsinə mənsub kişilərə ərə getsələr, onların irsi bizim irsimizdən götürülüb mənsub olacaqları qəbilənin irsinə qatılar. Beləliklə, püşklə bizə düşən pay azalar.  4İsrail övladlarının Azadlıq ili gələndə qızların irsi ərlərinin mənsub olduqları qəbilənin irsinə əlavə olunar. Beləliklə, qızların irsi atalarımızın qəbiləsinə düşən irsdən alınar».  5Musa Rəbbin əmrinə görə İsrail övladlarına əmr edib dedi: «Yusif nəslinin qəbiləsi doğru söyləyir.  6Selofxadın qızları haqqında Rəbbin əmr edib dediyi söz budur: onlar öz istədikləri kişiyə ərə gedə bilər, ancaq atalarının mənsub olduğu qəbilədən olan nəsil içində ərə getməlidirlər ki,  7İsrail övladlarının irsi qəbilədən qəbiləyə keçməsin. İsrail övladlarının hər biri atalarının qəbiləsinin irsinə bağlı qalsın.  8İsrail qəbilələrindən hər hansı birində irsə malik olan hər qız atasının mənsub olduğu qəbilədən və nəsildən bir nəfərə ərə getməlidir ki, hər bir İsrail övladı atalarının irsinə malik olsun.  9İrs bir qəbilədən başqa qəbiləyə keçməsin. Hər bir İsrail qəbiləsi öz irsinə bağlı qalsın».  10Rəbbin Musaya əmr etdiyinə əməl edərək Selofxadın qızları  11Maxla, Tirsa, Xoqla, Milka və Noa əmisi oğlanlarına ərə getdilər.  12Onlar Yusif oğlu Menaşşe nəsillərinə mənsub kişilərə ərə getdilər. Ona görə də irsi atalarının mənsub olduğu qəbilə və nəsil içində qaldı.  13Rəbbin Musa vasitəsilə İordan çayının yanında Yerixo qarşısındakı Moav düzənliyində İsrail övladlarına verdiyi əmr və hökmlər bunlardır.

YUXARI