012 465 4150 info@yeniheyat.com

Originally posted 2015-06-17 09:03:25.

İmana gəlməzdən öncə

Mən, Telman Bakı şəhəri Әmircan kəndində 1962-ci ildə Azərbaycanlı ailəsində anadan olmuşam. Ata və anam Azərbaycanlıdırlar. Mən də bir Azərbaycanlı kimi adi həyat yaşayırdım. Mənim həyatım nədən bəhs edirdi:

1. Özümü hamıdan üstün sayıb, heç kimə salam vermirdim. Həmişə gözləyərdim ki, mənə salam versinlər.
2. İçirdim və narkotik qəbul edirdim.
3. Qadınlarla yaşayırdım.
4. Ticarətdə işləyəndə aldatmağı, yalan danışmağı, başqalarına da içməyi, pis həyat yaşamağı təklif edirdim.
5. Ata-anamı aldadırdım, özümü yalandan tərbiyəli aparırdım.
6. Oğurluq edib yaşayırdım.
7. Allah dilimdə idi, ürəyimdə deyildi.

İmana gələndən sonrakı həyat tərzim

Yuxarıda qeyd etdiyim həyat tərzinə 1995-ci ildə son qoydum. İsa Məsihi tövbə edərək, öz həyatıma qəbul etdim. İman etməyimə səbəb Allahın Müqəddəs Sözünü eşitməyim oldu. Mən iman etdim ki, insanları yaradan Allahdır və O, yeganə Allahdır. O, yaratdığı insanların ölümünü (yəni ruhumuzun ölümünü) istəmir. Buna görə də O, İsa Məsihi göndərdi və bütün səlahiyyəti Ona verdi. Mən və həyat yoldaşım Şirinnaz, 1995-ci ildən öz düşüncəmizlə və razılığımızla Xilaskarımız və Allah-Təalanın yeganə Oğlu İsa Məsihi qəbul etdik. Biz Allaha çox minnətdarıq ki, Onu qəbul etdiyimiz ildən O bizi şeytanın bütün hiylələrindən azad etdi. Bizə öz lütfü ilə xilasını bəxş etdi.

Bizim əvvəlki həyatımız tamamilə dəyişilib və Onun müqəddəsliyinə, sevgisinə doğru yönəlib. Hal-hazırda qonşularımız və qohumlarımızla əvvəlki ünsiyyətimizə Allahın müqəddəs sözlərinə əməl etməklə son qoymuşuq. Biz bir daha Rəbbimiz İsaya minnətdarıq ki, indiki həyatımızda nə qürur, nə kin, nə oğurluq, heç bir qanunsuzluq yoxdur. Әksinə insanlar bizdə Allah-Təalanın Müqəddəs Ruhunun bəhrələrini görürlər. Məsələn: məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik özünə hakim olmaq. (Qalatiyalılara 5:22) Mən bir daha Allaha minnətdaram ki, Onun Müqəddəs Ruhu bizdə yaşayır və bizi dəyişib. O bizi Özünə bənzər və layiq edib. Mən həmişə dua edirəm ki, iman etməyənlər iman edib İsa Məsihi qəbul etsinlər. Allaha və Onun yeganə Oğlu İsa Məsihə tərəf dönsünlər və həyatları dəyişilsin. Amin!

Әminəm ki, sizdən yaxşı işə başlamış olan Allah, Məsih İsanın gününə kimi bunu bitirəcəkdir. İncil- Filipililərə 1:6