012 465 4150 info@yeniheyat.com

Süleymanın Məsəlləri


Fəsillər

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 2122232425262728293031

 

{attachments}

Süleymanın Məsəlləri 1

1 İsrail padşahı Davud oğlu Süleymanın məsəlləri:

Hikmət mənbəyi

2Hikmət və tərbiyəyə malik olmaq,

Müdrik sözləri dərk etmək üçün,

3Salehlik, ədalət, insaf barədə

İdrak tərbiyəsi almaq üçün,

4Cahillərə uzaqgörənlik,

Gənc oğlana bilik və dərrakə vermək üçün;

5Qoy hikmətli qulaq asıb müdrikliyini artırsın,

Dərrakəli adam sağlam məsləhət alsın.

6Bu yolla insanlar məsəl və kinayələri,

Hikmətlilərin sözlərini və müəmmalarını anlasınlar.

7 Rəbb qorxusu biliyin başlanğıcıdır,

Amma səfehlər hikmət və tərbiyəyə xor baxar.

Günahkarlardan uzaq durmaq

8Oğlum, ata tərbiyəsinə qulaq as,

Ananın öyrətdiklərini kənara atma.

9Onlar başını gözəl çələng kimi,

Boynunu boyunbağı kimi bəzər.

10Oğlum, qoyma səni günahkarlar azdırsın.

11Desələr ki: «Gəl bizimlə pusqu qurub qan tökək,

Nahaq yerə günahsızları güdək,

12Gəl onları ölülər diyarı kimi diri-diri udaq,

Tamam qəbirə düşənlərə bənzəsinlər.

13Onda çoxlu qiymətli sərvət taparıq,

Evlərimizi talan malı ilə doldurarıq.

14Bizə qoşul,

Qoy kisəmiz bir olsun»,

15Oğlum, onlara qoşulma,

Yollarına ayaq basma.

16 Çünki onların ayaqları pisliyə tərəf qaçar,

Qan tökməyə tələsər.

17Bir quşun gözü önündə

Tələ qurmaq faydasızdır.

18Çünki onların qurduğu pusqu öz qanlarını tökmək üçündür,

Güdməkləri öz canları üçündür.

19Tamahkarın yolu həmişə belədir,

Tamahı onun canını alar.

Hikmət çağırır

20 Hikmət bayırda ucadan çağırır,

Meydanlarda onun səsi ucalır.

21O, səsli-küylü küçələrin başında çağırır,

Şəhər darvazalarında deyir:

22«Ey cahillər, nə vaxtadək

Cəhaləti sevəcəksiniz?

Nə vaxtadək rişxəndçilər rişxənddən zövq alacaq,

Axmaqların bilikdən zəhləsi gedəcək?

23Məzəmmətimdən düzəlsəydiniz,

Ruhumu üstünüzə tökərdim,

Sözlərimi sizə bildirərdim.

24Sizi çağıranda məni rədd etdiniz,

Əlimi uzadanda əhəmiyyət vermədiniz.

25Bütün nəsihətlərimi boş saydınız,

Məzəmmətlərimi qəbul etmədiniz.

26Ona görə də sizin üzərinizə bəla gələndə güləcəyəm,

Dəhşət sizi bürüyəndə,

27Tufan kimi dəhşət sizə hücum çəkəndə,

Sizə qasırğa kimi bəla gələndə,

Dara, əziyyətə düşəndə istehza edəcəyəm.

28O vaxt məni çağıranlara cavab verməyəcəyəm,

Səylə axtarsalar da, məni tapa bilməyəcəklər.

29Çünki onlar biliyə nifrət etdilər,

Rəbdən qorxmaq istəmədilər,

30Nəsihətimi istəmədilər,

Hər məzəmmətimi rədd etdilər.

31Buna görə də öz yollarının bəhrəsini yeyəcəklər,

Öz nəsihətləri ilə doyacaqlar.

32Cahili özbaşınalığı öldürəcək,

Axmağı laqeydliyi məhv edəcək.

33Mənə qulaq asanlarsa əmin-amanlıqda yaşayacaq,

Rahatlıq tapacaq, pislikdən qorxmayacaq».

YUXARI

Süleymanın Məsəlləri 2

Hikmətin dəyəri

1Oğlum, əgər sözlərimi qəbul etsən,

Əmrlərimi qorusan,

2Qulağını hikmətə tərəf çevirsən,

Ürəyini dərrakəyə tərəf meyl etdirsən,

3Sən, həqiqətən, idrakı çağırsan,

Səs ucaldıb dərrakəni səsləsən,

4Bunları gümüş kimi axtarsan,

Gizli xəzinə kimi arasan,

5Onda Rəbb qorxusunu anlayarsan,

Allahı tanıyarsan.

6Çünki Rəbb hikmət verir,

Onun ağzından bilik və dərrakə çıxır.

7O, əməlisalehlərin sağlam şüurunu qoruyur,

Kamalla gəzənlərə sipər olur.

8O, ədalətin yollarını qoruyur,

Möminlərin yollarını hifz edir.

9Onda salehlik və ədaləti dərk edərsən,

İnsafı, bütün yaxşı yolları tanıyarsan.

10Hikmət qəlbinə dolar,

Bilikdən könlün xoş olar.

11İdrak səni hifz edər,

Dərrakə səni qoruyar.

12Hikmət səni pislərin yolundan,

Sözü məkrli adamlardan qurtarar.

13Onlar düz yolları atıblar,

Qaranlıq yollarda dolanırlar.

14Şər iş görəndə şad olurlar,

Şərin məkrindən xoşhallanırlar.

15Bu adamların yolları əyridir,

Onlar dolaşıq yollarla gedir.

16Hikmət səni yad arvaddan,

Şirin dilli əxlaqsız qadından qurtarar.

17Bu qadın gənc vaxtı getdiyi ərini atıb,

Allahının əhdini unudub.

18Onun evi ölümə,

Yolları qəbiristanlığa aparar.

19Yanına gələn kimsə geri qayıtmaz,

Bir daha həyat yollarına çatmaz.

20Beləliklə, yaxşıların yolu ilə gedərsən,

Salehlərin yollarına bağlı qalarsan.

21Çünki əməlisalehlər yer üzündə sakin olacaq,

Kamillər burada qalacaq.

22Pis adamlar bu torpaqdan atılacaq,

Xainlərin kökü buradan qoparılacaq.

YUXARI

Süleymanın Məsəlləri 3

Rəbbə güvən

1Oğlum, təlimimi unutma,

Qoy qəlbin əmrlərimə bağlansın.

2Onlar ömrünü uzadar,

Həyatına illər, firavanlıq artırar.

3Qoy səni xeyirxahlıq və sədaqət tərk etməsin,

Onları boynuna bağla, ürəyinin lövhəsinə yaz.

4Onda Allahın və insanların gözündə Lütf tapıb şərəfə çatarsan.

5Bütün qəlbinlə Rəbbə güvən,

Öz idrakına etibar etmə.

6Bütün yollarında Onu tanı,

O sənin yollarını düzəldər.

7Öz gözündə özünü hikmətli sanma, Rəbdən qorx, şərdən çəkin.

8Bu, bədəninə şəfa verər,

Sümüklərinə ilik olar.

9Rəbbi var-dövlətinlə,

Məhsulunun nübarı ilə şərəfləndir.

10Onda anbarların nemətlə dolar,

Şərab çənlərin təzə şərabla daşar.

11Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma, Onun məzəmmətinə nifrət etmə.

12Ata sevdiyi oğlunu necə məzəmmət edərsə, Rəbb də sevdiyini elə məzəmmət edər.

Hikmətin mədhi

13Hikmətə çatan,

Dərrakə tapan insan nə bəxtiyardır!

14Bunları qazanmaq gümüş qazanmaqdan yaxşıdır,

Bu qazanc saf qızıldan dəyərlidir.

15Hikmət yaqutlardan qiymətlidir,

Xoşladığın bütün şeylər ona tay deyil.

16Onun sağ əlində uzun ömür,

Sol əlində sərvət və şərəf var.

17Onun yolları bəyənilir,

Bütün yolları əmin-amandır.

18Ona bağlananlar üçün o, həyat ağacıdır,

Ondan möhkəm yapışanlar nə bəxtiyardır!

19Rəbb dünyanın təməlini hikmətlə qurub,

Dərrakə vasitəsilə göyləri bərqərar edib.

20Biliyi ilə dərinliklər yarılıb,

Göylərdən şeh çilənir.

Qonşularla davranış

21Oğlum, sağlam şüura, dərrakəyə bağlan,

Bunlardan gözünü çəkmə.

22Onlar sənin həyatın olar,

Gözəl naxış kimi boynuna bağlanar.

23O zaman rahat gəzərsən,

Ayaqların büdrəməz.

24Qorxusuz, rahat yatarsan,

Şirin yuxu taparsan.

25Qəfil fəlakətdən,

Pislərə gələn bəladan qorxma.

26Çünki güvəndiyin Rəbdir,

O qoymaz ki, sən tələyə düşəsən.

27Əlindən yaxşılıq gəlirsə,

Buna layiq insanlardan əsirgəmə.

28İmkanın varsa, qonşuna demə:

«Sonra gələrsən, sabah verərəm».

29Yanında sakit yaşayan qonşun üçün

Şər qurma.

30Sənə pislik etməyənlə

Nahaq yerə çəkişmə.

31Zorakıya qibtə etmə,

O gedən yolların heç birini seçmə.

32Çünki azğınlar Rəbdə ikrah yaradar,

Rəbb əməlisalehlərlə dost olar.

33Rəbb pislərin ocağına lənət edər,

Salehlərin yurduna xeyir-dua verər.

34Rəbb rişxəndçilərə istehza edər, İtaətkarlara isə lütf göstərər.

35Hikmətlilər şərəfi irs alacaq,

Axmağın nəsibi şərəfsizlik olacaq.

YUXARI

Süleymanın Məsəlləri 4

Hikmətin üstünlüyü

1Ey oğullar, atanızın verdiyi tərbiyə qulağınızda qalsın,

İdrakı dərk etmək üçün diqqətli olun.

2Çünki sizə yaxşı dərs verirəm,

Təlimimi atmayın.

3Mən ata ocağında uşaq olanda,

Anamın yeganə balası olanda

4Atam mənə təlim verərək dedi:

«Qoy qəlbin sözümə möhkəm bağlansın,

Əmrlərimə əməl et ki, ömrün uzun olsun.

5Hikmət qazan, idrak qazan,

Sözlərimi unutma, sözümdən çıxma.

6Hikmətdən ayrılmasan, o səni qoruyar,

Əgər onu sevsən, səni saxlayar.

7Hikmət hər şeydən üstündür, gərək onu qazanasan,

İdraka sahib olmaq üçün var-yoxunu verəsən.

8Onu üstün tutsan, səni ucaldar,

Əgər ona bağlansan, səni şərəfə çatdırar.

9O sənin başının gözəl çələngi olar,

Başına şərəf tacı qoyar».

10Oğlum, məni dinlə,

Sözlərimi qəbul etsən, ömrünü uzadarsan.

11Sənə hikmət yolunun təlimini verirəm,

Düz yolda gəzdirirəm.

12Gedəndə addımların büdrəməz,

Qaçanda ayaqların sürüşməz.

13Aldığın tərbiyəyə bağlan, ayrılma,

Onu saxla, o sənin həyatındır.

14Pislərin yoluna ayaq basma,

Şər insanın yolu ilə getmə.

15Çəkil, bu yolun yaxınından belə, keçmə,

Uzaq dur, başqa bir səmtdən yolu keç.

16Çünki şər adamlar pislik etməsələr,

Yata bilməzlər.

Kimisə yıxmasalar, yuxuları qaçar.

17Şərin çörəyini yeyərlər,

Zorakılığın şərabını içərlər.

18Salehlərin yolu isə dan yeri tək şəfəq saçar,

Nurunu artıraraq gündüzə qovuşar.

19Pislərinsə yolu zülmətdir,

Onlar nəyə görə büdrədiklərini bilməzlər.

20Oğlum, sözlərimə fikir ver,

Dediklərimə qulaq as.

21Onları gözlərinin önündən ayırma,

Onları ürəyində qoru.

22Çünki onları tapanlar

Həyat və cansağlığı tapar.

23Hər şeydən əvvəl öz ürəyini qoru,

Çünki həyat çeşməsi odur.

24Əyri danışığı ağzından götür,

Azğın dodaqları özündən uzaqlaşdır.

25Gözlərin irəliyə baxsın,

Düppədüz qarşına nəzər sal.

26Getdiyin yolu düzəlt, Yollarını sahmana sal.

27Nə sağa, nə də sola dön,

Ayağını pislikdən çək.

YUXARI

Süleymanın Məsəlləri 5

Əxlaqsızlıqdan uzaqlaş

1Oğlum, mənim hikmətimə diqqət yetir,

Qulağını müdrik sözlərimə tərəf çevir.

2Onda dərrakəyə bağlanarsan,

Dilin biliyi kənara atmaz.

3Əxlaqsız qadının dodağından sanki bal axır,

Dili şirin, yağdan yumşaqdır.

4Amma aqibəti yovşan kimi acıdır,

İkiağızlı qılınc kimi kəskindir.

5Onun ayaqları ölümə aparır,

Onun addımları ölülər diyarına çatır.

6Həyat yoluna fikir vermir,

Yolları dolaşıqdır, özü də bilmir.

7İndi, ey övladlar, mənə qulaq asın,

Dilimdən çıxan sözlərdən yayınmayın.

8Belə qadından uzaq ol,

Evinin qapısına yaxın getmə.

9Yoxsa şərəfini yadlara verərsən,

Ömrünü zalımlara sərf edərsən.

10Sənin var-yoxunu yadlar yeyər,

Qazancın özgənin evinə gedər.

11Ömrünün sonu çatanda,

Canında taqət qalmayanda

Ah-nalə çəkərək belə deyərsən:

12«Mən də tərbiyəyə nifrət etdim,

Ürəyimdə məzəmmətlərə güldüm!

13Müəllimimin sözünə baxmadım,

Tərbiyəçilərimə qulaq asmadım.

14Camaatın və icmanın arasında

Az qala hər cür bəlaya düşəcəkdim».

Arvadına vəfalı ol

15Öz su anbarından,

Öz quyunun içməli suyundan iç.

16Niyə sənin qaynaqların küçələrə,

Su arxların meydanlara axıb getsin?

17Onlar yalnız səninki olsun,

Yadlara paylama.

18Qoy çeşmən bərəkətli olsun,

Gənc ikən evləndiyin arvadınla xoşbəxt yaşa!

19Sevimli maralın, gözəl ceyranın

Həmişə səni öz döşləri ilə doydursun,

Onun eşqi ilə məst ol.

20Oğlum, niyə əxlaqsız qadınla məst olmalısan,

Yad arvadı qoynuna almalısan?

21İnsanların yolları Rəbbin gözü qarşısındadır,

Onların hər addımlarını yoxlayır.

22Şər insan öz təqsirlərinə görə tutular,

Günahının kəməndinə dolanar.

23Tərbiyəsizliyi üzündən həlak olar,

Hədsiz səfehliyi üzündən azar.

YUXARI

Süleymanın Məsəlləri 6

Tələlərdən ehtiyatlı ol

1Oğlum, qonşuna zamin durub,

Yadlarla əlbir olub,

2Ağzından çıxan sözlərlə tələyə düşmüsənsə,

Ağzından çıxan sözlərlə ələ keçmisənsə,

3Demək bu qonşunun əlinə düşmüsən.

Oğlum, çalış, özünü qurtar:

Get onun ayağına düş, yalvar-yaxar.

4Qoy gözünə yuxu getməsin,

Kirpiklərin ağırlaşmasın.

5Özünü ovçunun əlindən ceyran kimi,

Quşbazın əlindən quş kimi qurtar.

6Ey tənbəl, qarışqalara diqqət yetir,

Onların həyatından ibrət götür.

7Onların nə başçıları var,

Nə nəzarətçiləri, nə də hökmdarları.

8Yayda azuqələrini yığar,

Biçin vaxtı özlərinə yem toplayarlar.

9Ey tənbəl, nə qədər yatacaqsan?

Nə vaxt yuxudan oyanacaqsan?

10Bir az da uzanıb yuxuya dalsan, Əl-qolunu uzadaraq yatsan,

11Yoxsulluq soyğunçu kimi üstünə gələr,

Ehtiyac quldur kimi sənə hücum çəkər.

12Yaramaz adam – şər insan

Əyri danışaraq dolanar,

13Göz vurar, ayaqları ilə işarə edər,

Barmaqları ilə göstərər.

14Qəlbinin məkrli niyyəti var,

Həmişə şər qurar, nifaq salar.

15Ona görə başına qəfildən bəla gələr,

Birdən yıxılıb çarəsiz qalar.

16Rəbbin zəhləsi altı şeydən gedir,

Yeddi şey var, ondan ikrah edir:

17Təkəbbürlə baxan gözlər;

Yalan danışan dil;

Nahaq qan tökən əllər;

18Məqsədi şər olan ürək;

Şərə çatmaq üçün qaçan ayaqlar;

19Nəfəsini yalanla çıxaran yalançı şahid;

Qardaşlar arasında nifaq salan şəxs.

Zinaya qarşı xəbərdarlıq

20Oğlum, atanın əmrini yerinə yetir,

Ananın öyrətdiklərini atma.

21Onları qəlbinin başına yapışdır,

Həmişə onları boynuna bağla.

22Gəzəndə onlar sənə yol göstərər,

Yatanda səni hifz edər,

Oyananda sənə məsləhət verər.

23Bu əmr çıraqdır, bu təlim nurdur,

Tərbiyə üçün edilən məzəmmət həyat yoludur.

24Bunlar səni pozğun qadından,

Şirindilli yad arvaddan qoruyar.

25Onun gözəlliyinə aşiq olma,

Onun kirpiklərinin əsiri olma.

26Fahişənin üzündən insan bir tikə çörəyə möhtac qalar,

Kiminsə zinakar arvadı insanın qiymətli canını ovlar.

27Bir kişi qoynuna od alanda

Əyin-başı yanmazmı?

28Köz üzərində gəzənin

Ayaqları bişməzmi?

29Qonşusunun arvadının yanına girənin də halı belədir,

O qadına toxunan cəzasını çəkər.

30Qarnını doydurmaq üçün ac oğru oğurlarsa,

Kimsə onu qınamaz.

31Amma onu tutsalar, yeddi qat ödəməlidir,

Evinin var-yoxunu verməlidir.

32Qadınla zina edən qanmazdır,

Özünü məhv etmək istəyən belə edər.

33Bu kişinin nəsibi kötək, şərəfsizlikdir,

Biabırçılığı üzərindən silinməz.

34Çünki ərini qeyrət coşdurar,

Ondan amansızcasına qisas alar.

35Heç nə ilə ərinin qarşısını almaq olmaz,

Nə verilsə belə, o razılaşmaz.

YUXARI

Süleymanın Məsəlləri 7

Əxlaqsız qadının hiyləsi

1Oğlum, sözlərimə bağlı qal,

Əmrlərimi özündə saxla.

2Əmrlərimə bağlı qalsan, yaşayacaqsan,

Təlimimi göz bəbəyin kimi qoru.

3Onları üzük kimi barmağına keçir,

Ürəyinin lövhəsinə köçür.

4Hikmətə de: «Bacımsan»,

İdraka söylə: «Yaxın dostumsan».

5Onlar səni əxlaqsız qadından,

Şirindilli yad arvaddan qoruyar.

6Evimin pəncərəsinin şəbəkəsindən

Mən bayıra baxırdım.

7Bir dəstə cahil gənc arasında

Qanmaz bir cavanı gördüm.

8Bu qadının evinin tininə yaxın küçədən keçirdi,

Onun evi olan yolla gedirdi.

9Alaqaranlıqda, gün batanda,

Gecə düşəndə, hava qaralanda.

10Fahişə libaslı, qəlbi fitnə dolu bu qadın

Dərhal onu qarşıladı.

11O hay-küyçüdür, o bihəyadır,

Öz evində oturmayandır.

12Gah küçəyə, gah meydanlara çıxar,

Hər tin başı bir pusqu qurar.

13O, oğlanı tutub öpdü,

Həyasızcasına belə dedi:

14«Ünsiyyət qurbanı kəsməyə borclu idim,

Əhdimə bu gün əməl etmişəm.

15Ona görə səni görmək üçün qarşına çıxdım,

Səni çox axtardım, axır ki tapdım.

16Yatağıma Misir kətanından toxunan

Əlvan üz çəkmişəm.

17Yorğan-döşəyimə

Mirra, əzvay, darçın səpmişəm.

18Gəl sübhə qədər doyunca sevişək,

Eşqdən məst olaq.

19Ərim evdə yoxdur,

Uzaq bir səfərə gedib.

20Pul kisəsini götürüb,

Evə ay bədirlənəndə qayıdacaq».

21Fəndlər işlədib onu tovladı,

Şirin dilə tutub yoldan çıxartdı.

22Kəsilməyə aparılan bir öküz kimi,

Kəməndə salınan bir maral kimi

Bu oğlan o qadının ardınca düşdü.

23Axırda ciyərinə bir ox saplanacaq.

Uçub tez tora düşən quş kimi

Bu oğlan da canının alınacağını bilmirdi.

24İndi, ey övladlar, mənə qulaq asın,

Dilimdən çıxan sözlərə laqeyd olmayın.

25Qoyma qəlbin o qadının yollarına meyl etsin,

Onun yoluna dönmə.

26Çünki o qadın nə qədər insanı qurban edib,

Nə qədər adamı öldürüb.

27Onun evinin yolu ölülər diyarına aparır,

Ölüm mənzilinə gedib çatır.

YUXARI

Süleymanın Məsəlləri 8

Hikmətin nitqi

1Məgər hikmət çağırmırmı, Məgər dərrakə səsləmirmi

2Uca yerlərdə, yol kənarında,

Yollar ayrıcında dayanıb?

3Darvazaların yanında, şəhərin qarşısında,

Qapıların kandarında çağırır:

4«Ey insanlar, mən sizi səsləyirəm,

Ey bəşər övladları, sizə xitab edirəm.

5Ey cahillər, uzaqgörən olun,

Ey axmaqlar, ağıllanın.

6Dinləyin, əla şeylərdən danışıram,

Dilimdən düz sözlər çıxır.

7Ağzım həqiqət söyləyir,

Dilim şərdən iyrənir.

8Ağzımdan yalnız salehlik sözləri çıxır,

Sözlərimdə nə əyrilik, nə də ki yalan var.

9Anlayanlar üçün hər şey aydındır,

Bilik qazananlar üçün bu bir həqiqətdir.

10Gümüşü yox, tərbiyəmi qəbul edin,

Saf qızıldan çox biliyi seçin.

11Çünki hikmət yaqutdan qiymətlidir,

İnsanın könlü istəyən şeylər ona tay deyil.

12Mən hikmətəm, uzaqgörənlik məndə məskən salıb,

Biliyi, dərrakəni tapmışam.

13Rəbb qorxusu pisliyə nifrət etməkdir,

Lovğalığa, təkəbbürə, pis yola,

Hiyləli dilə nifrət edərəm.

14Nəsihət, sağlam şüur mənimdir,

İdrak mənəm, qüvvəm var.

15Mənim vasitəmlə şahlar hökmranlıq edir,

Hökmdarlar ədalətli fərman verir.

16Ədalətli hakim olan bütün başçılar və əsilzadələr

Mənim vasitəmlə hökm verir.

17Məni sevənləri sevirəm,

Məni səylə axtaran tapır.

18Sərvət və şərəf,

Dağılmaz var-dövlət və salehlik yanımdadır.

19Barım qızıldan, saf qızıldan dəyərlidir,

Bəhərim gümüşdən qiymətlidir.

20Mən salehlik yolunda,

Ədalət yollarının ortasında gəzərəm.

21Məni sevənləri sərvətə çatdıraram,

Xəzinələrini dolduraram.

22Rəbb Öz yolunun başlanğıcında, Hər işindən əvvəl mənə malik oldu.

23Yaradılışın əzəlindən,

Dünya yaranmazdan əvvəl mən var idim.

24Dərin sular olmazdan əvvəl,

Bol sulu çeşmələr olmazdan əvvəl doğulmuşam.

25Dağlar yaradılmazdan əvvəl,

Təpələr mövcud olmazdan əvvəl təvəllüd tapmışam.

26Rəbb dünyanı, çölü-düzü, torpaqları yaradanda,

27Göyləri yaradanda,

Dərinliyin üzü üstündə bir dairə çəkəndə,

28Buludları yuxarıda yerləşdirəndə,

Dərinlikdə bulaqları bağlayanda,

29Sular əmrindən çıxmasın deyə dənizə sədd çəkəndə,

Yerin bünövrələrini təyin edəndə

30Rəbbin yanında memar idim.

Hər gün fərəhlənirdim,

Hüzurunda həmişə sevinirdim.

31Yaratdığı aləmə görə sevinirdim,

Bəşər övladlarına görə fərəhlənirdim.

32İndi, ey övladlar, mənə qulaq asın:

Yoluma bağlı qalan nə bəxtiyardır!

33Verdiyim tərbiyəyə qulaq asın,

Hikmət alın, onu bir tərəfə atmayın.

34Mənə qulaq asan,

Hər gün darvazalarım qarşısında duran,

Qapılarımda dayanıb gözləyən nə bəxtiyardır!

35Çünki məni tapan həyat tapar,

Rəbbi razı salar.

36Məni əldən verən canına qəsd edər,

Mənə nifrət edənlərin hamısı ölümü sevər».

YUXARI

Süleymanın Məsəlləri 9

Hikmət yolu

1Hikmət evini qurub,

Yeddi dirəyini yonub,

2Heyvanlarını kəsib,

Şərabını hazırlayıb,

Süfrəsini də düzəldib.

3Göndərdiyi kənizlər

Şəhərin uca yerlərindən car çəkərlər:

4«Gəlin bura, ey cahillər!»

Qanmazlara belə deyərlər:

5«Gəlin, çörəyimdən yeyin,

Hazırladığım şərabdan için.

6Cəhaləti atın, ömür sürün,

İdrak yolu ilə düz gedin».

7Rişxəndçini tənqid edən özünü rüsvayçılığa salar,

Şər adamı danlayan axırda ləkələnər.

8Rişxəndçini danlama, yoxsa sənə nifrət edər,

Müdrik insanı danlasan, səni sevər.

9Hikmətliyə öyüd versən, hikmətini artıracaq,

Salehə bilik öyrətsən, müdrikliyini çoxaldacaq.

10Rəbb qorxusu hikmətin başlanğıcıdır, Müqəddəsi tanımaq idraklı olmaqdır.

11Hikmətin vasitəsilə ömrün-günün çoxalar,

Həyatına illər əlavə olar.

12Əgər hikmət qazansan, özünə xeyir verərsən,

Əgər rişxənd etsən, zərərini özün çəkərsən.

Axmaqlıq yolu

13Axmaq qadın hay-küy salır,

Cahildir, heç nə qanmır.

14O, evinin qapısı önündə oturub,

Şəhərin uca yerlərində kətil üstə əyləşib,

15Yoldan ötənləri,

Düz yolda olanları çağırır:

16«Bura gəlin, ey cahillər!»

Qanmazlara belə deyir:

17«Oğurluq su şirin olar,

Gizli yeyilən çörəyin başqa ləzzəti var».

18Lakin yanına gələnlər bilməzlər ki,

Orada ölüm var,

Bu qadının çağırdıqları ölülər diyarının dərinliyindədir.

YUXARI

Süleymanın Məsəlləri 10

Məsəllər

1Süleymanın məsəlləri: Hikmətli oğul atasını sevindirər,

Axmaq oğul anasına dərd gətirər.

2Şər yolla yığılan xəzinədən fayda götürmək olmaz,

Amma salehlik insanı ölümdən qurtarar.

3Rəbb saleh insanı ac qoymaz,

O, acgöz pisləri doydurmaz.

4Tənbəlin əlləri onu yoxsullaşdırar,

Çalışqanın əli sərvət qazanar.

5Ağıllı oğul yayda məhsul yığar,

Biçin vaxtı yatan oğul rüsvay olar.

6Saleh insanın başından bərəkət yağar,

Şər adamın dili zorakılığı gizli saxlar.

7Salehlərin həyatına baxmaq xeyir-dua gətirər,

Şər adamın adı batar.

8Qəlbən hikmətli olan əmrləri qəbul edər,

Səfeh boşboğazlığı üzündən itib-batar.

9Kamalla gəzib-dolaşan dinc yaşar,

Yolu əyri olanlar üzə çıxar.

10Göz vuran başına bəla açar,

Səfeh boşboğazlığı üzündən itib-batar.

11Salehin ağzı həyat qaynağı olar,

Amma şər adamın dili zorakılığı gizli saxlar.

12Nifrət nifaq yaradar, Lakin məhəbbət bütün günahları örtər.

13Dərrakəlinin dilindən hikmət tökülər,

Qanmaz kürəyindən kötəklənər.

14Hikmətli adamlar bilik toplar,

Səfehin boşboğazlığı onu bəlaya yaxınlaşdırar.

15Zənginin var-dövləti ona qalalı şəhərdir,

Kasıbı yoxsulluq bəlaya salar.

16Salehin mükafatı həyatdır,

Şər adamınsa qazancı günahdır.

17Tərbiyəyə bağlanan həyat yolunda olar,

Məzəmməti rədd edən yolunu azar.

18Nifrətini gizlədən yalan danışar,

Axmaq hər yana böhtanlar yayar.

19Çox sözlərlə günahı azaltmaq olmaz,

Dilini saxlayan ağıllıdır.

20Saleh insanın dili saf gümüşə oxşar,

Şər adamın qəlbinin dəyəri az olar.

21Saleh öz dili ilə çox adamı doydurar,

Səfeh qanmazlığı üzündən həlak olar.

22Rəbbin xeyir-duası insana sərvət gətirər,

Daha ona qüssə verməz.

23Axmaq üçün şər iş görmək bir əyləncədir,

Dərrakəlininsə hikməti var.

24Şər adam nədən qorxursa, başına gələr,

Saleh isə muradına çatar.

25Qopan tufan şəri süpürüb aparar,

Salehin təməli əbədi qalar.

26Dişlərə sirkə, gözlərə tüstü necə təsir edirsə,

Tənbələ iş buyuran bunu elə hiss edər.

27Rəbb qorxusu ömür uzadar,

Şər insanların ömründən illər azalar.

28Salehləri sevinc gözlər,

Şər insanların ümidi boşa çıxar.

29Kamilin pənahı Rəbbin yoludur.

Şər iş görənin başı bəla ilə doludur.

30Saleh heç vaxt sarsılmaz,

Şər insanlar yer üzündə qalmaz.

31Salehin ağzı hikmətlə çiçəklənər,

Hiyləli dillər kəsilər.

32Saleh insanın dili razı salmağı bacarar,

Şər insanın ağzından hiyləli sözlər çıxar.

YUXARI

Süleymanın Məsələləri 11

1Aldadıcı tərəzi Rəbdə ikrah yaradar,

Rəbb düz çəki daşından razı qalar.

2Lovğalıq gələndə şərəfsizlik gətirər,

Hikmət itaətkarın yanına gələr.

3Əməlisalehi kamillik yolu aparar,

Xəyanətkar əyriliyindən məhv olar.

4Heç kimi var-dövləti qəzəb günündən xilas etməz,

Amma salehlik insanı ölümdən qurtarar.

5Kamil insanın yolunu salehliyi düz edər,

Şər adamı pisliyi yıxar.

6Əməlisalehi salehliyi qurtarar,

Xaini acgözlüyü tələyə salar.

7Şər insan ölər, ümidi də boşa çıxar,

Pislərin arzusu itib-batar.

8Saleh dardan qurtular,

Onun yerinə pis insan dara düşər.

9Allahsızın dili qonşusunu məhv edər,

Bilik salehi xilas edər.

10Salehlər xeyrə çatanda bütün şəhər şad olar,

Şər adamlar öləndə sevinc harayı qalxar.

11Əməlisalehlərin alqışı şəhəri şərəfə çatdırar,

Lakin şərin qarğışı oranı viran qoyar.

12Qanmaz qonşusuna xor baxar,

Dərrakəli insan dinc dayanar.

13Sözgəzdirən sirləri açıb yayar,

Etibarlı adam sözü gizli saxlar.

14Düz məsləhət verilməyən yerdə xalq yıxılar,

Doğru nəsihət verən çoxdursa, xalq qurtuluşa çatar.

15Özgəyə zamin duran özünü bəlaya salar,

Belə zaminlikdən zəhləsi gedən dinc yaşar.

16Mehriban qadın şərəfdən,

Zalım insan isə sərvətdən yapışar.

17İnsanın sadiqliyi ona xeyir gətirər,

Qəddar adam özünə əzab verər.

18Şər adam saxta mükafat qazanar,

Salehlik toxumu əkən, həqiqətən, onun əvəzini alar.

19Sidq ürəkdən saleh olan həyata qovuşar,

Şərin ardınca düşən ölümə çatar.

20Əyri ürəkli olmaq Rəbdə ikrah yaradar,

O, yolu kamil olanlardan razı qalar.

21Doğrudan da, pis cəzasız qalmaz,

Salehlərin nəsli xilas olar.

22Bir gözəl qadının xoş rəftarı olmazsa,

Burnuna qızıl halqa taxılmış donuza bənzər.

23Salehlər yalnız yaxşılıq arzular,

Şər adama qəzəb nəsib olar.

24Əliaçıq adamın bərəkəti artar,

Başqasının qazancını yeyən ehtiyaca düşər.

25Comərd bolluğa yetişər,

Su verənə su verilər.

26Taxılı anbarda gizlədənə camaat lənət oxuyar,

Onu satanın başına bərəkət yağar.

27Səylə yaxşılığın ardınca gedən lütf axtarar,

Şər ardınca düşən isə başını bəlaya salar.

28Sərvətinə güvənənlər yıxılar,

Salehlər isə yaşıl yarpaq kimi təzələnər.

29Külfətini əzaba salanın nəsibi yel tək sovrular,

Qəlbində hikmət olana səfeh qul olar.

30Salehin barı həyat ağacıdır,

Hikmətli insan canları qurtarar.

31Əgər bu dünyada salehlərə belə, cəza verilirsə, Pislərə, günahkarlara gör nə qədər cəza verilər!

YUXARI

Süleymanın Məsəlləri 12

1Tərbiyəni sevən biliyi sevər,

Məzəmmətə nifrət edən şüursuzdur.

2Rəbb yaxşı adamdan razı qalar,

Pisniyyət adamı isə məhkum edər.

3İnsan şərlə möhkəm olmaz,

Salehinsə kökü sarsılmaz.

4Xeyirxah arvad ərinin tacıdır,

Adbatıran qadın çürümüş sümüyə oxşar.

5Salehlərin məqsədi ədalətdir,

Şər insanların məsləhəti hiyləgərlikdir.

6Şər adamların sözləri ölüm üçün pusqu qurar,

Əməlisalehlər dili ilə xilas olar.

7Pislər yıxılıb məhv olar,

Salehin evi dağılmaz.

8İnsan ağıllı sözlərinə görə təriflənər,

Qəlbində hiylə olanlara xor baxılar.

9Şöhrətsiz, lakin qul sahibi olan insan

Lovğalanan, lakin çörəyə möhtac adamdan yaxşıdır.

10Saleh insan hətta heyvanlarının ehtiyacını duyar,

Şər insanın mərhəmətində də zalımlıq var.

11Torpağını əkib-becərən doyunca çörək yeyər,

Qanmaz boş şeylərin ardınca gedər.

12Şər adam pislərin şikarına qibtə edər,

Salehin kökü pöhrələnər.

13Pis adamı itaətsiz dili tələyə salar,

Saleh dara düşsə də, oradan salamat qurtarar.

14İnsanın dilindən yaxşı söz çıxarsa, bol xeyir tapar,

Əlinin zəhmətinin əvəzini alar.

15Səfehin yolu öz gözündə düz görünər,

Hikmətli adam nəsihəti dinlər.

16Səfeh dərhal qəzəbini üzə verər,

Uzaqgörən şərəfsizliyin üstünü örtər.

17Doğru şahid həqiqəti danışar,

Yalançı şahid hiylə qurar.

18Düşünmədən danışanın dili qılınc kimi yaralar,

Hikmətlinin dili isə insanları sağaldar.

19Düz söz əbədi yaşar,

Yalanın ömrü az olar.

20Şər quranın qəlbində hiylə olar,

Nəsihət verib sülhə çağıran sevinc tapar.

21Saleh heç vaxt bəlaya düşməz,

Pislərin başı bəla ilə dolu olar.

22Rəbb yalançı dilə ikrah edər,

Həqiqəti yerinə yetirənlərdən isə razı qalar.

23Uzaqgörən bildiyini özü üçün saxlar,

Axmaq qəlbinin səfehliyini hamıya yayar.

24Çalışqanın əli özünü ağa edər,

Tənbəllik insanı qula çevirər.

25Qəlbi narahat olanın qəddi əyilər,

Xoş söz könlü şad edər.

26Saleh insan qonşusuna da yol göstərər,

Lakin şər insanın yolu dolaşıqdır.

27Tənbəlin əlinə ov düşsə də, onu bişirməz,

Çalışqan qiymətli sərvətə çatar.

28Salehliyin yollarında həyat var,

Kim bu yolla getsə, orada ölüm tapmaz.

YUXARI

Süleymanın Məsəlləri 13

1Hikmətli oğul ata tərbiyəsinə qulaq asar,

Rişxəndçi iradı qulaq ardına vurar.

2İnsanın dilində yaxşı söz olsa, onun xeyrini yeyər,

Xain zorakılıq istər.

3Dilini saxlayan canını qoruyar,

Boşboğaz başını bəlaya salar.

4Tənbəl arzuladığına çatmaz,

Çalışqan bolluğa qovuşar.

5Saleh adam yalana nifrət edər,

Şər insanın sözləri xəcalət və rüsvayçılıq gətirər.

6Kamillik yolunda olanı salehlik qoruyar,

Günahkarı şər yıxar.

7Adam var ki, heç nəyi yoxdur, özünü varlı göstərir,

Adam var ki, malı çoxdur, özünü yoxsul göstərir.

8Sərvət insanın canını təhlükədən qurtarar,

Yoxsul isə hədə-qorxu eşitməz.

9Saleh insanların işığı könlü sevindirər,

Şər insanların çırağı sönər.

10Təkəbbürdən ancaq münaqişə yaranar,

Yaxşı nəsihətə qulaq asanın hikməti var.

11Kələklə gələn sərvət azalar,

Zəhmətlə qazanılan sərvət isə artar.

12Gecikən ümid ürəyi xəstələndirir,

Arzuya çatmaq həyat ağacıdır.

13Öyüdə xor baxan öz canını həlak edər,

Əmrə ehtiram edənlərə mükafat verilər.

14Hikmətli adamın təlimi həyat qaynağıdır,

İnsanı ölüm tələsinə düşməkdən geri qaytarır.

15Dərin ağlı olan lütf qazanır,

Xainin yolu dolaşıqdır.

16Uzaqgörən hər gördüyü işi bilir,

Axmaq öz səfehliyini hamıya göstərir.

17Pis qasid bəlaya düşər,

Etibarlı elçi şəfa verər.

18Tərbiyəni rədd edən yoxsullaşıb şərəfdən düşər,

Məzəmməti qəbul edən şərəfə yetişər.

19Arzuya çatmaq qəlbə, cana şirin gələr,

Axmaq pislikdən dönməyə ikrah edər.

20Hikmətli ilə oturub-duran hikmət qazanar,

Axmaqlarla ayaqlaşan bədbəxt olar.

21Günahkarı şər qovar,

Salehin yaxşı bir əvəzi var.

22Yaxşı insan nəvələrinə də irs qoyar,

Günahkarın yığdığı sərvət salehə qalar.

23Yoxsulların əkini bol bəhrə versə də,

Ədalət olmayan yerdə bada gedər.

24Oğlundan kötəyi əsirgəyən sanki ona nifrət edər,

Oğlunu sevən ona düzgün tərbiyə verər.

25Saleh yeyib doyar,

Şər adamsa ac qalar.

YUXARI

Süleymanın Məsəlləri 14

1Hikmətli qadın evini qurar,

Səfeh qadın onu öz əli ilə uçurar.

2Düz yol tutan Rəbdən qorxar,

Yolunu azan Ona xor baxar.

3Səfeh lovğa sözlərinə görə kötək qazanar,

Hikmətlinin dili onu qoruyar.

4Öküz olmayan yerdə axur təmiz olar,

Amma bol məhsul öküzün gücü ilə yaranar.

5Doğru şahid yalan deməz,

Yalançı şahid yalandan üzə durar.

6Rişxəndçi hikmət axtaranda onu tapmaz,

Dərrakəli adama bilik tapmaq asan olar.

7Axmağın qarşısından çəkil,

Onun dilində ağıllı söz tapmazsan.

8Uzaqgörən hikməti ilə öz yolunu anlar,

Axmaq səfehliyi ilə öz-özünü aldadar.

9Səfehlər günaha rişxənd edər,

Əməlisalehlər bir-birini məmnun edər.

10Ürək öz dərdini bilər,

Özgələr onun sevincinə şərik olmaz.

11Şərin evi tar-mar olar,

Əməlisalehlərin yurdu çiçək açar.

12Yol var ki, insanın qarşısında düz görünür, Amma sonu ölümdür.

13Ürək güləndə də qəmli olar,

Sevincin sonunda da kədər var.

14Azğın ürəklilər öz yollarının bəhrəsini doyunca yeyir,

Yaxşı adam isə əməlinin əvəzini alır.

15Cahil hər sözə inanar,

Uzaqgörən hər addımına nəzər salar.

16Hikmətli qorxub pislikdən dönər,

Axmaq ehtiyatsızdır, özünə güvənər.

17Hövsələsiz səfeh-səfeh iş görər,

Pisniyyət adama nifrət edilər.

18Cahil səfehliyi irs alar,

Uzaqgörənin başına bilik tacı qoyular.

19Pislər yaxşıların qarşısında,

Şər adam isə salehin qapısında əyilər.

20Yoxsula qonşusu da nifrət edər,

Zəngini isə çox adam sevər.

21Qonşusuna xor baxan günaha batar,

Məzluma səxavət göstərən nə bəxtiyardır!

22Şər quranlar yolundan azmırlarmı?

Məqsədi xeyirxahlıq olan xeyirxahlığa, sədaqətə çatar.

23Hər zəhmətdə bir fayda var,

Boş sözlər insanı ehtiyac içində qoyar.

24Hikmətlinin başına sərvət tacı qoyular,

Axmaqlar səfehliyi ilə tanınar.

25Doğru şahid canları qurtarar,

Yalançı şahid hiylə qurar.

26Rəbdən qorxan tam arxayındır,

Çünki Rəbb onun övladlarının pənahıdır.

27Rəbb qorxusu həyat qaynağıdır,

İnsanı ölüm tələsinə düşməkdən geri qaytarır.

28Padşahın əzəməti xalqın çoxluğu ilə bilinər,

Əgər təbəələri olmasa, hökmdar süqut edər.

29Gec qəzəblənənin böyük dərrakəsi var,

Hövsələsizlərdən səfehlik çıxar.

30Ürəyin rahatlığı cana həyat verər,

Paxıllıqsa sümükləri çürüdər.

31Kasıba zülm edən Yaradanına xor baxar,

Yoxsula lütf göstərən Ona hörmət edər.

32Şər adam pisliyi üzündən qovular,

Salehin ölümündə belə, pənahı var.

33Hikmət dərrakəlinin qəlbində özünə rahat yuva qurar,

Hətta axmaqların arasında da bəlli olar.

34Salehlik bir milləti ucaldar,

Günah ümmətləri utandırar.

35Padşah ağıllı qulundan razı qalar,

Adbatıransa onun qəzəbinə düçar olar.

YUXARI

Süleymanın Məsəlləri 15

1Həlim cavab hirsi yatırar,

Sərt söz qəzəbi alovlandırar.

2Hikmətlinin dili biliyi mədh edər,

Axmaqların dilindən səfehlik tökülər.

3Rəbbin gözü hər yerə baxar,

Pislərə, yaxşılara nəzər salar.

4Şəfa gətirən dil həyat ağacıdır,

Əyri dil ürək qırar.

5Səfeh ata tərbiyəsini ələ salar,

Məzəmməti qəbul edən uzaqgörən olar.

6Salehin evində böyük xəzinə yaşar,

Şər insanın isə gəlirində əzab var.

7Hikmətlinin dili bilik səpələyir,

Axmağın qəlbi bunu edə bilmir.

8Rəbb şər insanın etdiyi qurbandan ikrah edir,

Əməlisalehlərin duasından isə razı qalır.

9Rəbb şər insanın yollarından ikrah edər,

Amma salehliyin ardınca gedəni sevər.

10Düz yolu buraxana şiddətli töhmət verilər,

Məzəmmətə nifrət edənə ölüm gələr.

11Ölüm və Həlak yeri Rəbbə aşkardır,

Gör O, insan ürəyindən necə agahdır.

12Rişxəndçi iradı sevməz,

Hikmətlilərin yanına gəlməz.

13Qəlbin sevinci üzü xoş edər,

Ürəyin kədəri könlü sındırar.

14Dərrakəlinin könlü bilik axtarar,

Axmaqların ağzı səfehliklə qidalanar.

15Məzlumun hər günü qaradır,

Ürəyi bəxtəvərin elə bil daima ziyafəti var.

16Rəbb qorxusu ilə qazanılan az şey

Qayğı ilə yığılan böyük xəzinədən yaxşıdır.

17Sevgi dolu bir yerdə göyərti yemək

Nifrət dolu bir yerdə yağlı dana əti yeməkdən yaxşıdır.

18Kəmhövsələ dava yaradar,

Səbirli münaqişəni sovuşdurar.

19Tənbəlin yolunu tikanlar basar,

Əməlisalehlərin yolu baş yoldur.

20Hikmətli oğul atasını sevindirər,

Axmaq anasına xor baxar.

21Qanmaz səfehlikdən sevinər,

Dərrakəli düz yolla gedər.

22Məsləhətsiz niyyət boşa çıxar,

Doğru nəsihət verən çoxdursa, uğur qazandırar.

23İnsan münasib cavab versə, şad olar,

Sözü yerində demək nə yaxşıdır!

24Ağıllı insan aşağıdan – ölülər diyarından ayrılmaq üçün

Həyat yolunu tutub yuxarı gedər.

25Rəbb təkəbbürlünün evini yıxar,

Dul qadının sərhədini qoruyar.

26Pislərin məqsədləri Rəbdə ikrah yaradar,

Ona xoş gələnlərin sözlərini təmiz sayar.

27Tamahkar külfətini əzaba salar,

Rüşvətə nifrət edənin ömrü uzun olar.

28Saleh insan cavab verməzdən əvvəl qəlbində düşünər,

Şər insanın dilindən pislik tökülər.

29Rəbb şər adamdan gen dayanar,

Saleh insanların duasına qulaq asar.

30Nurlu gözlər qəlbi sevindirər,

Yaxşı xəbər qəddi düzəldər.

31Həyatverici məzəmmətə qulaq asan

Hikmətlilərin içərisində yaşar.

32Tərbiyəni rədd edən öz canına xor baxar,

Məzəmmətə qulaq asan anlayış qazanar.

33Rəbb qorxusu hikmət tərbiyəsi verər,

İtaətkarlıq şərəfdən əvvəl gələr.

YUXARI

Süleymanın Məsəlləri 16

1Ürəyin fikirləri insandan,

Dilin cavabı isə Rəbdəndir.

2İnsanın bütün yolları öz gözündə təmiz sayılar,

Lakin Rəbb ürəkləri yoxlar.

3Görəcəyin işləri Rəbbə ver,

Onda niyyətlərin yerinə yetər.

4Rəbb hər şeyi məqsədinə müvafiq yaradıb,

O, pis insanı bəla günü üçün yaradıb.

5Rəbb qəlbi təkəbbürlülərdən ikrah edər,

Doğrudan da, onlar cəzasız qalmaz.

6Xeyirxahlıq və sədaqət hər təqsiri kəffarə edər,

İnsan Rəbb qorxusuna görə pislikdən dönər.

7Rəbb insanın həyatından razı qaldısa,

Düşmənlərini belə, onunla barışdırar.

8Salehliklə qazanılan az şey

Haqsız yolla olan bol gəlirdən yaxşıdır.

9İnsan ürəyində özü üçün yol qurar,

Amma Rəbbin verdiyi istiqamətlə addımlar.

10Padşah uzaqgörənliklə dilindən sözlər çıxarar,

Qoy onda məhkəmədə ədalətdən yan keçməsin.

11Rəbb düzgün tərəzi və çəkini tələb edər,

O, torbadakı hər çəki daşını müəyyən edər.

12Şər iş görmək padşahlarda ikrah yaradar,

Çünki salehliklə taxtlar möhkəm olar.

13Saleh adamın dili padşahları razı salar,

Onlar düz danışanı sevər.

14Padşahın hiddəti ölüm elçisidir,

Amma hikmətli insan bu hiddəti yatırar.

15Padşahın üzü nuranidirsə, demək, həyat var,

Razılığı yaz yağışı gətirən buluda oxşar.

16Qızıldan çox hikmət qazanmaq yaxşıdır,

Gümüşü yox, idrakı yığmaq üstün tutular.

17Əməlisalehlər pislikdən dönmək yolunu tutar,

Yoluna diqqət edən canını qoruyar.

18Əcəldən əvvəl təkəbbür gələr,

Fəlakətdən əvvəl lovğalıq ruhu gələr.

19Məzlumlar arasında sadə qəlbli olmaq

Təkəbbürlülərlə talan malı bölüşdürməkdən yaxşıdır.

20Sözdən hikmət alan xeyir tapar,

Rəbbə güvənən insan nə bəxtiyardır!

21Qəlbində hikmət olan dərrakəli adlanar,

Şirin dilli olan müdrikliyi artırar.

22Ağıl insan üçün həyat çeşməsidir,

Axmağa tərbiyə vermək səfehlikdir.

23Hikmətlinin ürəyi dilinə tərbiyə verir,

Ağzındakı müdrik sözləri artıq edir.

24Xoş sözlər sanki pətəkdə baldır,

Cana şirinlik, sümüklərə şəfadır.

25Yol var ki, insanın qarşısında düz görünür, Amma sonu ölümdür.

26Əməkçi qarnı üçün zəhmət çəkir,

Aclıq onu məcbur edir.

27Yaramaz şər quyusu qazar,

Dili alov kimi yandırıb-yaxar.

28Hiyləgər adam dava yaradar,

Qeybətçi əziz dostları ayırar.

29Zorakı qonşularını aldadar,

Onları yaxşı olmayan yola aparar.

30Niyyəti hiyləli olan göz vurar,

Dodaq büzər, şər qurar.

31Ağaran saçlar şərəf tacıdır,

Salehlik yolunun qazancıdır.

32İgid olmaqdan səbirli olmaq yaxşıdır,

Nəfsə hakim olmaq şəhəri almaqdan üstündür.

33Ətəyin üstünə püşk atılar,

Amma hökm Rəbdən gələr.

YUXARI

Süleymanın Məsəlləri 17

1Quru bir loğması olan dinc ev

Münaqişəli olan, ziyafət dolu evdən yaxşıdır.

2Ağıllı nökər adbatıran oğlun ağası olar,

Qardaşlar arasında miras payı alar.

3Qızıl-gümüş isti kürədə yoxlanar,

Rəbb isə ürəyi araşdırar.

4Pis adamın diqqəti şər ağızdadır,

Yalançı fitnəkarın sözlərinə qulaq asır.

5Yoxsula rişxənd edən Yaradanına xor baxır,

Başqasının bəlasına sevinən cəzasız qalmır.

6Nəvələr ahılların tacıdır,

Oğulların şərəfi atalarıdır.

7Sarsağa bəlağətli

söz yaraşmadığı kimi Əsilzadəyə də yalançı dil yaraşmaz.

8Rüşvət verənin gözündə rüşvət bir tilsimdir,

Çünki hansı tərəfə getsə, uğur gətirir.

9Günahı örtən məhəbbət axtarar,

Sözgəzdirən əziz dostları ayırar.

10Qanan insan üçün bir irad

Axmağa vurulan yüz zərbədən də artıq təsir edir.

11Pis insan ancaq üsyankarlıq axtarar,

Onun əleyhinə qəddar qasid göndərilər.

12Balalarını itirmiş bir ayıya rast gəlmək

Səfahətə batmış axmaqla rastlaşmaqdan yaxşıdır.

13Kim yaxşılıq əvəzinə pislik etsə,

Evindən pislik ayrılmaz.

14Davanın başlanması su bəndinin açılmasına bənzər,

Dava başlanmamış münaqişəni tərk et.

15Şərə haqq vermək, salehi məhkum etmək –

Hər ikisi Rəbdə ikrah yaradır.

16Axmaq hikmət qazanmaq istəməz,

Bunun üçün pul sərf etmək fayda verməz.

17Dost hər zaman sevər,

Qardaş dar gün üçün doğular.

18Qanmaz başqası ilə əlbir olar,

O, qonşusuna zamin durar.

19İtaətsizliyi sevən münaqişəni sevər,

Qapısını ucaldan əcəlini səslər.

20Əyri ürəkli xeyir tapmaz,

Hiyləgər dilli insanı bəlaya salar.

21Axmağın atası dərdə düşər,

Sarsağın atasının sevinci itər.

22Ürək sevinci can üçün ən yaxşı məlhəmdir,

Könlün sınması sümükləri qurudar.

23Şər qoltuğuna rüşvət götürər ki,

Ədalət yollarını pozsun.

24Qanan adam hikmətə baxar,

Axmağın gözləri dünyanın o tayını axtarar.

25Axmaq oğul atasına qəm-kədər verər,

Onu doğan anasını qubarladar.

26Saleh insanı cərimə etmək yaxşı deyil,

Əsilzadəni düzlüyünə görə döymək yaxşı deyil.

27Çoxbilən az danışar,

Müdrik həlimlik ruhunda olar.

28Səfeh belə, sakit dayansa, hikmətli hesab edilər,

Ağzını yumsa, dərrakəli görünər.

YUXARI

Süleymanın Məsəlləri 18

1Tənhalığı sevən niyyətinin ardınca düşür,

Sağlam şüura zidd gedir.

2Axmaq dərrakəni deyil,

Fikrini ortaya tökməyi sevir.

3Şər insanla hörmətsizlik,

Şərəfsizliklə rüsvayçılıq gələr.

4Dilin sözlərindən dərin sular yaranar,

Hikmət qaynağından çay axar.

5Məhkəmədə salehi haqsız çıxarmaq üçün

Pis adama tərəfkeşlik etmək yaxşı deyil.

6Axmağın dili münaqişəyə girişər,

Ağzı özünü döydürər.

7Axmağın ağzı onu bəlaya salar,

Dili canına tələ qurar.

8Qeybətçinin sözləri şirin tikələrə bənzər,

Mədənin ən dərin yerlərinə düşər.

9Ləng işləyən dağıdıcıya yoldaşdır.

10Rəbbin adı qüvvətli bir qaladır,

Saleh qaçıb ona pənah aparır.

11Varlı üçün sərvəti ona qala şəhəridir,

Öz gümanında özü üçün pənah hasarı tikir.

12Ürəyin təkəbbürü əcəldən əvvəl gələr,

İtaətkarlıq şərəfdən əvvəl gələr.

13Eşitməzdən qabaq cavab vermək

Səfehlik və rüsvayçılıqdır.

14Xəstənin ürəyi bütün ağrıları çəkər.

Amma ürəyi sınıqdırsa, buna necə dözər?

15Dərrakəli ürək bilik qazanar,

Hikmətlinin qulağı bilik axtarar.

16İnsanın hədiyyəsi ona yol açar,

Böyük adamların hüzuruna aparar.

17İddiasını əvvəl deyən haqlı görünər,

Amma əleyhdarı gəlib onu istintaq edər.

18Püşk atmaq davaları yatırar,

Savaşanları bir-birindən ayırar.

19İncik qardaşın könlünü almaq qalalı şəhəri almaqdan daha çətindir,

Belə davalar qapısı cəftəli qala kimidir.

20İnsanın qarnı ağzının bəhəri ilə,

Dilinin səmərəsi ilə doyar.

21Ölüm və həyat dilin əlindədir,

Onu sevənlər barından yeyir.

22Arvad alan uğur qazanar,

Rəbbin razılığını alar.

23Yoxsul rəhm istəyər,

Zəngin isə sərt cavab verər.

24Dost çoxaldan öz-özünü yıxar,

Amma qardaşdan daha yaxın dost da var.

YUXARI

Süleymanın Məsəlləri 19

1Kamalla yaşayan yoxsul insan

Şər danışan axmaqdan yaxşıdır.

2Bilik yoxdursa, həvəs yaxşılıq edə bilməz.

Tələsən tərsə düşər.

3İnsan öz səfehliyi ilə yolunu alt-üst edər,

Ürəyində isə Rəbbə hiddətlənər.

4Var-dövlət dost artırar,

Kasıbı isə dostları atar.

5Yalançı şahid cəzasız qalmaz,

Yalandan üzə duran qurtuluş tapmaz.

6Çoxları nəcabətlinin üzünü görmək istər,

Səxavətli adamla çoxları dostluq edər.

7Yoxsuldan qardaşının da zəhləsi gedər,

Dostları ondan lap uzaq gəzər,

Yalvararaq ardınca düşsə də, yaxınına gəlməz.

8Anlayış qazanan öz canını sevər,

Dərrakəyə bağlanan uğur qazanar.

9Yalançı şahid cəzasız qalmaz,

Yalandan üzə duran həlak olar.

10Axmağa dəbdəbəli həyat yaraşmadığı kimi

Qulun ağalara hökm etməsi də yaraşmaz.

11İnsanın ağlı hiddəti ləngidər,

Başqasının günahını bağışlamaq ona şərəf gətirər.

12Padşahın qəzəbi aslan nərəsinə bənzər,

Razılığı çəmənə düşən şehə bənzər.

13Axmaq oğul atasına bəla olar,

Davakar arvad kəsilməyən damcıya oxşar.

14İnsana ev, var-dövlət atalardan miras qalar,

Ağıllı arvadı isə Rəbb nəsib edər.

15Tənbəllik insana dərin yuxu gətirər,

Avaralıq insanı ac qoyar.

16Əmrə əməl edən canını saxlar,

Yoluna baxmayan həlak olar.

17Kasıba səxavət göstərən sanki Rəbbə borc verər,

Çünki onun əvəzi Rəbdən gələr.

18Ümid varkən oğluna tərbiyə ver,

Ölümünə bais olma.

19Kəmhövsələ insan cəriməyə düşər,

Onu qurtarsan belə, yenə də davam edər.

20Nəsihətə qulaq as, tərbiyəni qəbul et,

Bunun nəticəsində hikmətli olarsan.

21İnsanın qəlbində çox amalı var,

Amma Rəbbin niyyəti həyata keçər.

22İnsan etibar arzular,

Yoxsul adam fırıldaqçıdan yaxşıdır.

23Rəbb qorxusu insana həyat verər,

Ona şər yaxınlaşmaz, tox yatar.

24Tənbəl əlini qabda olana batırar,

Ağzına belə, aparmaz.

25Rişxəndçini döysən, cahil insan uzaqgörən olar,

Dərrakəlini danlasan, biliyini artırar.

26Kim ki atasını soyub, anasını qovar,

Xəcalət gətirən övladdır, ad batırar.

27Oğlum, bilik verən sözlərdən dönmək istəsən,

Tərbiyəyə qulaq asmaqdan vaz keç!

28Yaramaz şahid ədalətə rişxənd edər,

Pislərin ağzı acgözlüklə şəri yeyər.

29Rişxəndçilər üçün məhkəmə,

Axmaqların kürəyi üçün kötək hazırlanar.

YUXARI

Süleymanın Məsəlləri 20

1Şərab insanları ələ salar,

Kefləndirici içki onları dalaşdırar,

Sərxoş olan müdrik olmaz.

2Padşahın vahiməsi aslan nərəsinə bənzər,

Onu əsəbləşdirən canını itirər.

3Münaqişədən çəkinmək insana şərəf gətirər,

Hər səfeh davaya girişər.

4Mövsümündə kotan sürməyən tənbəl əkinçi

Biçin vaxtı heç nə tapmaz.

5Ürəyin düşüncələri dərin sulara oxşar,

Dərrakəli adam onu çəkib çıxarar.

6İnsanların çoxu sədaqətindən dəm vurar.

Amma sadiq adamı haradan tapmaq olar?

7Saleh kamalı ilə yaşar,

Özündən sonra gələn nəsli bəxtiyar olar.

8Nə zaman ki padşah hökm üçün taxta çıxar,

Gözləri ilə bütün pisliyi sovurar.

9Kim deyər ki, qəlbimi təmizləmişəm,

Günahımı silmişəm?

10Aldadıcı ölçü, aldadıcı çəki –

Hər ikisi Rəbdə ikrah yaradar.

11Hətta uşaq da əməlləri ilə,

İşlərinin saf, doğru, yoxsa əksinə olması ilə tanınar.

12Eşidən qulaq, görən gözlər –

Bunların hər ikisini yaradan Rəbdir.

13Sevmə yatmağı, yoxsullaşarsan,

Ayıq ol, onda bol çörəyə çatarsan.

14Müştəri deyər: «Pisdir, pis maldır»,

Amma alıb gedəndə özünü öyər.

15Qızıl və çox yaqut var,

Amma ağıllı söz danışan dil qiymətli cəvahirdir.

16Özgəyə zamin duranın libasını al,

Onu qəriblər üçün girov saxla.

17Kələklə əldə edilən çörək əvvəlcə şirin olar,

Axırda ağzı çınqılla doldurar.

18Nəsihət alaraq möhkəm qərar çıxar,

Müharibəni sağlam məsləhətlə apar.

19Sözgəzdirən sirləri açıb yayar,

Gərək boşboğaza qoşulmayasan.

20Kim ki atasına, anasına qarğış edər,

Zülmətə düşərkən çırağı sönər.

21Tələsik alınan mülk

Axırda xeyir gətirməz.

22Demə «bu pisliyin əvəzini çıxacağam»

Rəbbi gözlə, qoy O səni xilas etsin.

23Fərqli çəki daşları Rəbdə ikrah yaradar,

O, aldadıcı tərəzidən xoşlanmaz.

24Kişiyə addım atdıran Rəbdir.

Bəs tutduğu yolu insan necə anlasın?

25Düşünmədən nəzir edən özünü tələyə salar,

Sonra öz əhdi barədə çox fikirləşməli olar.

26Hikmətli padşah pisləri sovurar,

Onlar dəyirman daşında üyüdülər.

27İnsanın ruhu Rəbbin çırağıdır,

Daxilinin dərin yerlərini araşdırar.

28Padşahı məhəbbət və sədaqət qoruyar,

Taxtını xeyirxahlıq möhkəm saxlar.

29Gəncləri qüvvəti şərəfləndirər,

Ağ saçlar qocalara zinət verər.

30Yaralayıcı zərbələr pis insanı düzəldə bilər,

Kötəkləmək daxilin dərin yerlərinə təsir edə bilər.

YUXARI

Süleymanın Məsəlləri 21

1Padşahın ürəyi Rəbbin əlindədir,

Onu su arxı kimi istədiyi səmtə döndərər.

2İnsanın yolu öz gözündə düz sayılar,

Lakin ürəkləri Rəbb yoxlayar.

3Rəbb Ona qurban təqdimindən çox

Salehliyə, ədalətə riayət edilməsini istər.

4Təkəbbürlü baxış, lovğa ürək

Pislərin işığı və günahıdır.

5Çalışqanın niyyəti xeyir gətirər,

Tələsən ehtiyac içinə düşər.

6Yalançılıqla qazanılan xəzinə

Havaya yayılan sis-dumandır, bir ölüm tələsidir.

7Zorakılığına görə pislər süpürülüb atılacaq,

Çünki onlar ədalətə əməl etmək istəmir.

8Günahkarın yolu dolaşıqdır,

Pak insanın etdiyi doğru sayılır.

9Davakar arvadla bir evdə yaşamaqdansa

Damın bir küncündə yaşamaq yaxşıdır.

10Pis insan şərə can atar,

Qonşusu gözündə lütf tapmaz.

11Rişxəndçini cərimə etsən, cahil bundan hikmət alar,

Hikmətli ibrətdən bilik qazanar.

12Saleh insan pislərin evi barədə düşünər,

Çünki pislər alt-üst olub bəlaya düşər.

13Qulağını tutub kasıbın fəryadını eşitməyənin

Fəryadına cavab verilməyəcək.

14Gizli hədiyyə qəzəbi,

Qoltuqdakı rüşvət hiddəti yatırar.

15Haqq öz yerinə gələndə saleh sevinər,

Şər iş görənin başı bəlaya düşər.

16Kim ki ağlın yolundan çıxar,

Ölülər camaatı arasında uyuyar.

17Zövq-səfaya düşkün olan ehtiyaca düşər,

Şərab və yağlı yemək hərisi sərvət tapmaz.

18Pis insan salehin yerinə,

Xain əməlisalehin əvəzinə girov verilər.

19Davakar, deyingən arvadla yaşamaqdansa

Çöllükdə yaşamaq yaxşıdır.

20Hikmətlinin evində istənilən xəzinə və bolluq var,

Axmağın nəyi varsa, yeyib-qurtarar.

21Salehlik və sədaqətin ardınca gedən

Həyat, salehlik və şərəf tapar.

22Bir hikmətli qəhrəmanların şəhərinə hücum çəkər,

Alınmaz qalanı darmadağın edər.

23Ağzını, dilini tutan insan

Canını bəlalardan saxlayar.

24Lovğa, təkəbbürlü adam rişxəndçi adlanır,

Lovğalandıqca lovğalanır.

25Tənbəlin arzusu onu ölümə aparır,

Çünki əlləri zəhmətdən qaçır.

26Tənbəl bütün gün çox şey arzulayar,

Salehsə əsirgəmədən azuqə paylayar.

27Şər adamın etdiyi qurban iyrəncdir,

Pis niyyətlə təqdim olunarsa, daha pisdir.

28Yalançı şahid həlak olar,

Söz eşidən həmişə danışdırılar.

29Şər adam üzünü sərtləşdirər,

Əməlisaleh tutduğu yolu möhkəmləndirər.

30Heç bir hikmət, dərrakə, ibrət

Rəbbin qarşısında dayana bilməz.

31Atlar döyüş günü üçün hazırlanar,

Amma zəfəri Rəbb qazandırar.

YUXARI

Süleymanın Məsəlləri 22

1Yaxşı ad böyük sərvətdən,

Lütfkarlıq isə qızıl-gümüşdən üstündür.

2Zəngin və yoxsul insan bir şeydə bir-birinə bənzəyir –

Hər ikisini yaradan Rəbdir.

3Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar,

Cahil isə irəli çıxar, ziyan tapar.

4İtaətkarlığın və Rəbb qorxusunun nəticəsi

Sərvət, şərəf, həyatdır.

5Əyri yol tikanlıdır, orada tələlər var,

Canını qoruyan bundan uzaqlaşar.

6Uşağa tərbiyə ver ki, layiqli yol tutsun,

O qocalanda da bu yoldan dönməz.

7Zəngin yoxsulun ağası olar,

Borclu adam borc verənə qul olar.

8Haqsızlıq əkən şər biçər,

Onun qəzəbinin dəyənəyi məhv edilər.

9Əliaçıq bərəkət qazanar,

Çünki çörəyindən kasıba paylar.

10Rişxəndçi adamı qovsan, münaqişə qurtarar,

Çəkişmə, şərəfsizlik sona çatar.

11Ürək təmizliyini sevən,

Dilindən lütfkar sözlər tökülən padşahın dostudur.

12Rəbbin gözləri biliyi qoruyar,

Xainin sözlərini isə boşa çıxarar.

13Tənbəl deyər: «Bayırda aslan var,

Küçəyə çıxsam, məni parçalar».

14Əxlaqsız qadının ağzı dərin çuxura oxşar,

Rəbbin lənətinə gələn ora yıxılar.

15Səfehlik uşağın qəlbindən yapışar,

Kötəklə tənbeh ediləndə bu ondan uzaqlaşar.

16Varlanmaq üçün kasıba zülm edən,

Zəngin adama verən ehtiyaca düşər.

Hikmətlilərin sözləri

17Qulağını aç, hikmətlilərin sözlərini eşit,

Ürəyini mənim biliyimə ver.

18Onları sinənə doldursan,

Onların hamısını dilinə salsan, yaxşı olar.

19Rəbbə güvənəsən deyə

Bu gün bunları sənə bildirirəm.

20Sənə nəsihətlə, biliklə dolu əla məsəllər yazmamışammı?

21Qoy bunlar haqq sözün həqiqətini sənə bildirsinlər ki,

Hara səni göndərsələr, düz məlumat gətirəsən.

22Kasıbı fəqir olduğu üçün soyma,

Darvazada məzlumu zülmə salma.

23Çünki onların münaqişəsinə Rəbb baxar,

Onları soyanları soyub-talayar.

24Tez qəzəblənənə yoldaş olma,

Kəmhövsələ ilə yola çıxma.

25Yoxsa onun yollarına alışarsan,

Canını tələyə salarsan.

26Başqalarının borclarına zamin durmaqdan,

Belə işə əl atmaqdan çəkin.

27Ödəməyə pulun olmasa,

Altından yatağını apararlar.

28Ata-babalarından qalan

Qədim sərhəd daşının yerini dəyişmə.

29İşində mahir olanı görürsənmi?

Sıravi adamların deyil, şahların hüzurunda dayanar.

YUXARI

Süleymanın Məsəlləri 23

1Bir ağa ilə süfrəyə əyləşəndə

Qarşında olana yaxşı bax.

2İştahan çox olsa da, boğazına sərhəd qoy.

3Onun ləziz xörəklərinə tamah salma,

Çünki bu yemək adamı aldadar.

4Sərvət qazanmaq üçün özünü əldən salma,

İdraklı ol, bu fikirdən vaz keç.

5Gözünü sərvətə diksən, yox olar,

Birdən qanadlanar, uçub qartal tək göyə qalxar.

6Xəsisin çörəyini yemə,

Onun ləziz xörəklərinə tamah salma.

7O, ürəyində hər şeyin hesabını edər.

Dilində sənə «ye, iç» deyər,

Amma ürəyi ilə dili bir deyil.

8Yediyin loğmanı qusarsan,

Dediyin bütün şirin sözlər boşa çıxar.

9Axmağın qulağına söz demə,

Çünki sənin ağıllı sözlərinə xor baxar.

10Qədim sərhəd daşının yerini dəyişmə,

Yetimlərin əkininə girmə.

11Çünki onların Hamisi qüvvətlidir,

Səninlə olan münaqişəyə O baxar.

12Qəlbini tərbiyəyə,

Qulaqlarını bilik sözlərinə ver.

13Uşağa tərbiyə ver, bundan vaz keçmə,

Tərbiyə kötəyi ona ölüm gətirməz.

14Əgər sən onu kötəkləsən,

Canını ölülər diyarından xilas edərsən.

15Oğlum, ürəyin hikmətli olarsa,

Mənim də ürəyim sevinər.

16Dilindən düz sözlər çıxarsa,

Könlüm sevincdən cuşa gələr.

17Ürəyin günahkarlara qibtə etməsin,

Ancaq bütün gün Rəbb qorxusu ilə yaşa.

18Sənin də bir aqibətin var,

Ümidin boşa çıxmaz.

19Oğlum, dinlə, hikmətli ol,

Qəlbini düz yola bağla.

20Şərab düşkünü olan əyyaşlara,

Ət qapan qarınqululara qoşulma.

21Çünki əyyaş və qarınqulu yoxsullaşar,

Yeyib-içib, məst olan cır-cındır içində qalar.

22Doğma atana qulaq as,

Qoca anana xor baxma.

23Həqiqət al, onu satma,

Hikməti, tərbiyəni, idrakı qoruyub-saxla.

24Salehin atası bolluca fərəhlənəcək,

Hikmətlinin övladı onu sevindirəcək.

25Qoy ata-anan sevinsin,

Səni doğan fərəhlənsin.

26Oğlum, mənə fikir ver,

Gözlərin mənim yollarımı nəzərdən keçirsin.

27Fahişə dərin bir çuxurdur,

Yad arvad dar quyudur.

28Quldur kimi pusqu qurar,

İnsanlar arasında xainləri artırar.

29Kimdir yaslı?

Kimdir dərdli?

Kimin münaqişəsi var?

Kimin şikayəti var?

Kim boş yerə yaralandı?

Kimin gözləri qızarar?

30Şərab içməyə oturub qalxmayan,

Gedib müxtəlif şərab dadanlar!

31Şərabın al rənginə,

Qədəhdə parlamasına, rahat içilməsinə baxma.

32Axırda ilan kimi sancar,

Əfi ilan kimi zəhərlər.

33Gözlərinə qəribə şeylər görünər,

Qəlbinə əyri fikirlər gələr.

34Özünü dənizin ortasında sanarsan,

Sanki gəmi dirəyinin başında yatmısan.

35Deyərsən: «Məni vurublar, hiss etməmişəm,

Məni döyüblər, heç bilməmişəm.

Yenə içmək üçün nə zaman ayılacağam?»

YUXARI

Süleymanın Məsəlləri 24

1Pis adamlara qibtə etmə,

Onlara qoşulmaq istəmə.

2Çünki ürəklərində zalımlığı fikirləşər,

Dilləri qəddarlıqdan danışar.

3Ev hikmətlə tikilər,

Dərrakə ilə möhkəmlənər.

4Mənzillər bilik vasitəsilə,

Hər cür dəyərli, yaxşı şeylərlə dolar.

5Hikmətli kişi qüvvətli olar,

Bilikli adam öz gücünü artırar.

6Düzgün məsləhətlə müharibə edə bilərsən,

Doğru nəsihət verən çoxdursa, qələbəyə çatarsan.

7Səfeh üçün hikmət əlçatmazdır,

Darvazada susub ağzını açmır.

8Şər quran fitnəkar adlanar,

9Səfehin pis əməlləri günah sayılar,

Rişxəndçilər insanlarda ikrah yaradar.

10Dar gündə taqətdən düşsən,

Necə də zəif adamsan!

11Ölümə aparılanları qurtar,

Qırğın təhlükəsi altında olanları geri çək.

12Desən ki, bax bundan xəbərim yox idi,

Ürəkləri yoxlayan bunu görməzmi?

Canını qoruyan bunu bilməzmi?

İnsan əməlinə görə Ondan əvəz almazmı?

13Oğlum, bal ye, xeyri var,

Şanı balının şirin dadı damağında qalar.

14Bil ki, hikmət də canın üçün belə olar,

Onu tapsan, nəticəsi də var,

Ümidin boşa çıxmaz.

15Ey şər insan, salehin yurdu üçün pusqu qurma,

Onun evini soyma.

16Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar,

Şər insan büdrəsə, bəlaya düçar olar.

17Düşməninin yıxılmasına sevinmə,

Onun büdrəməsinə görə ürəyin fərəhlənməsin.

18Yoxsa Rəbb görər, bundan xoşu gəlməz,

Düşmənin üzərindən qəzəbini götürər.

19Pislik edənlərə görə qəzəblənmə,

Şər insanlara qibtə etmə,

20Çünki pis insanın axırı yoxdur,

Şər adamın çırağı sönər.

21Oğlum, Rəbdən və padşahdan qorx,

Xəyanətkarlarla yoldaş olmaqdan çəkin.

22Onların bəlası qəfildən gəlir.

Hər ikisinin verəcəyi cəzanı kim bilir?

Hikmətli sözlərin davamı

23Bu sözləri də hikmətlilər deyib:

Məhkəmədə tərəfkeşlik etmək yaxşı deyil.

24Pis insana «sən salehsən» deyəni xalqlar qınayar,

Ümmətlər lənət yağdırar.

25Amma onu danlayanlar xeyir tapar,

Başlarından bol bərəkət yağar.

26İnsana doğru cavab verən

Sanki onun üzündən öpər.

27Əvvəlcə çöldəki işini qurtar,

Zəmi sal, sonra evini tik.

28Qonşunun əleyhinə haqsız şahidlik etmə,

Qoy dilindən yalan söz çıxmasın.

29Demə: «Mənə etdiyini mən də ona edəcəyəm,

Onun əməlinin əvəzini verəcəyəm».

30Tənbəlin zəmisindən,

Qanmazın üzümlüyündən keçdim.

31Gördüm hər yanı tikan basıb,

Gicitkən bürüyüb, daşı-divarı uçub.

32Baxaraq ona diqqət yetirdim,

Bundan ibrət götürdüm:

33Bir az da uzanıb yuxuya dalsan, Əl-qolunu uzadaraq yatsan,

34Yoxsulluq üstünə soyğunçu kimi,

Ehtiyac üstünə quldur kimi hücum çəkər.

YUXARI

Süleymanın Məsəlləri 25

Süleymanın məsəllərinin davamı

1Bunlar da Süleymanın məsəlləridir. Yəhuda padşahı Xizqiyanın adamları bir yerə yığılıb bunların üzünü köçürtdü.  2Allahın işlərinin müəmması Onu şərəfləndirər,

Bu işləri aşkar etmək padşahlara şərəf gətirər.

3Göyün yüksəkliyini, yerin dərinliyini,

Padşahın da qəlbindən keçənləri bilmək olmaz.

4Tullantını gümüşdən ayırsan,

Zərgərə əl işi qalar.

5Əgər şər adam padşahın yanından ayrılarsa,

Taxtı salehliklə möhkəmlənər.

6Padşahın hüzurunda özünü ucaltma, Rütbəlilərin yanında dayanma.

7Çünki «buyur yuxarı» dəvətini almaq

Bir əsilzadə qarşısında aşağı endirilməkdən yaxşıdır.

8Gördüyün şeylər barədə

Dava yaratmağa tələsmə.

Sonra qonşun səni utandırsa, nə edərsən?

9Münaqişəni qonşunla özün həll et,

Özgənin sirrini açma.

10Yoxsa hər eşidən sənə xor baxar,

Bu səni etibardan salar.

11Yerində deyilən sözlər,

Gümüş oymalar içində qızıl almalara bənzər.

12Sözəbaxan insana hikmətlinin məzəmməti

Qızıl sırğa, qızıl bəzək kimidir.

13Biçin zamanı qar kimi sərinlik necədirsə,

Etibarlı elçi də onu göndərən üçün belədir.

O, ağasının ruhunu təzələyir.

14Kim ki vermədiyi bəxşişlərlə öyünür,

Yağışsız buluda və küləyə bənzəyir.

15Səbirlə hökmdarı da inandırmaq olar,

Şirin dil sümükləri belə, yumşaldar.

16Bal tapsan, lazımi qədər ye,

Acgözlüklə yesən, qusarsan.

17Qonşunun evinə az-az get,

Yoxsa bezər, sənə nifrət edər.

18Kim ki qonşusuna qarşı yalandan şahidlik edir,

Toppuza, qılınca, iti oxa bənzəyir.

19Dar gündə namərdə bel bağlamaq

Çürük dişə, şikəst ayağa güvənməyə bənzəyir.

20Qəlbi qubarlıya nəğmə söyləmək

Soyuq havada lüt qoyulmağa,

Soda üstə sirkə tökülməyə bənzəyir.

21Düşmənin acdırsa, onu yedizdir, Susuzdursa, ona su ver.

22Belə etməklə sanki onun başına köz tökərsən,

Bunun əvəzini Rəbdən alarsan.

23Şimal küləyi yağış gətirir,

Qeybətçi dil isə insanın üzünə qəzəb gətirir.

24Davakar arvadla bir evdə yaşamaqdansa

Damın bir küncündə yaşamaq yaxşıdır.

25Susuzluqdan yanana sərin su necədirsə,

Uzaq diyardan gələn xoş xəbər də elədir.

26Əgər saleh insan pis adama təslim olarsa,

Bulanan bulağa, murdarlanan quyuya bənzəyir.

27Qədərindən çox bal yemək xeyirli olmadığı kimi

Tərifə uymaq da yaxşı deyil.

28Nəfsini saxlaya bilməyən

Dağılmış, hasarsız şəhərə bənzəyir.

YUXARI

Süleymanın Məsəlləri 26

1Yay fəslinə qar, biçinə yağış yaraşmadığı kimi

Axmağa da şərəf yaraşmaz.

2Sərçənin ora-bura uçduğu kimi,

Qaranquşun gəlib-getdiyi kimi

Nahaq qarğış da boşdur.

3Ata qamçı, eşşəyə noxta necə yaraşırsa,

Axmağın kürəyinə də kötək elə yaraşır.

4Axmağa səfehliyinə görə cavab vermə,

Yoxsa ona bənzərsən.

5Axmağa səfehliyinə görə elə bir cavab ver ki,

Öz gözündə hikmətli görünməsin.

6Kim ki axmaq vasitəsilə xəbər göndərir,

Öz ayaqlarını kəsib ziyan çəkənə bənzəyir.

7Axmağın ağzından çıxan məsəl

Topalın ayağının axsamağına bənzəyir.

8Axmağı tərifləmək

Sapanda qoyulan daşa bənzəyir.

9Sərxoş tikanlı budağı əlində tutduğu kimi

Axmaq da məsəl çəkər.

10Axmağı, hər yoldan ötəni muzdla tutan

Hamını yaralayan naşı oxatan kimidir.

11Hansı axmaq öz səfehliyini təkrarlayırsa, Qusduğuna qayıdan itə oxşayır.

12Öz gözündə hikmətli sayılanı görmüsənmi?

Axmağa ondan artıq ümid var.

13Tənbəl deyər: «Yolda aslan var,

Şir küçələri dolanır».

14Qapı öz oxu üstündə necə fırlanırsa,

Tənbəl də yatağında elə fırlanır.

15Tənbəl əlini qabda olana batırar,

Ağzına aparmağa ərinər.

16Tənbəl öz gözündə

Ağıllı cavab verən yeddi nəfərdən də çox hikmətli görünər.

17Ona aid olmayan münaqişəyə qarışan

Elə bil küçədəki iti qulaqlarından tutur.

18Odlu, öldürücü oxlar atan dəli necədirsə,

19Qonşusunu aldadıb «zarafat etdim» deyən də elədir.

20Odun qurtaranda ocaq sönər,

Qeybətçi olmayan yerdə dava bitər.

21Necə ki kömür köz salar, odun alışar,

Davakar adam da münaqişəni bu cür alovlandırar.

22Qeybətçinin sözləri şirin tikələrə bənzər,

Mədənin ən dərin yerlərinə düşər.

23Hərarətli dili, şər dolu ürəyi olan insan

Gümüşü suya çəkilmiş saxsı qaba oxşayır.

24Düşmən kinini dili altında gizlədər,

Qəlbində hiyləsini saxlar.

25Onun mehriban danışığına inanma,

Qəlbinə yeddi cür iyrənclik doldurub.

26Nifrətini fırıldaqla gizlətsə də,

Şəri camaat qarşısında üzə çıxar.

27Quyu qazan özü quyuya düşər,

Daş isə onu yuvarlayanın üstünə gələr.

28Yalan danışan dil sancdığı adamlara nifrətini göstərər,

Yaltaqlanan ağız hər yanı xarabaya çevirər.

YUXARI

Süleymanın Məsəlləri 27

1Sabahkı gününlə öyünmə, Günün nə doğacağını bilməzsən.

2Qoy səni özün yox, başqaları tərifləsin,

Sənə tərifi öz dilin yox, yad söyləsin.

3Daşın, qumun çəkisi ağırdır,

Səfehin əsib-coşması bunların ikisindən də ağırdır.

4Hiddət amansızdır, qəzəbsə aşıb-daşar,

Paxıllıq daha betərdir, ona necə dözmək olar?

5Aşkar irad gizli məhəbbətdən üstündür.

6Dostun vurduğu yara onun sədaqətinə görədir,

Amma düşmən öpdükcə öpər.

7Toxun könlü şanı balını belə, rədd edər,

Lakin ac olana acı şeylər belə, şirin gələr.

8Yurdundan ayrı düşən insan

Bir quş kimi yuvasından ayrı düşür.

9Gözəl ətir və buxurun ürəyə verdiyi ləzzət kimi

Dostun nəsihəti də insana xoş gələr.

10Həm öz dostunu, həm də atanın dostunu tərk etmə,

Dara düşəndə qardaşının evinə getmə.

Yaxın qonşu uzaq qohumdan yaxşıdır.

11Oğlum, hikmətli ol, qoy qəlbim sevinsin,

Onda məni utandırana cavab verə bilərəm.

12Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar,

Cahil isə irəli çıxar, ziyan tapar.

13Özgəyə zamin duranın libasını al,

Onu qərib qadın üçün girov saxla.

14Kim ki qonşusunu sübh erkən ucadan salamlar,

O zaman salamı söyüş sayılar.

15Davakar qadın yağışda daman damcıya oxşar.

16Onu yel kimi dayandırmaq olmaz,

Zeytun yağı kimi ovucda saxlamaq olmaz.

17Dəmir dəmiri itilər,

İnsan insanın ağlını iti edər.

18Əncir becərən barını yeyər,

Ağasının qayğısına qalan şərəfləndirilər.

19Sifətin əksi suyun üzünə düşdüyü kimi

İnsanın ürəyi də onu elə göstərər.

20Ölüm və Həlak yeri doymadığı kimi

İnsanın da gözü doymaz.

21İsti kürədə qızıl-gümüş yoxlanar,

İnsan da başqalarının tərifi ilə tanınar.

22Buğdanı həvəngdəstədə döysən, kəpəyi çıxar,

Amma səfehi nə qədər döysən, səfehliyi çıxmaz.

23Sürünə yaxşı bax, naxırına nəzər yetir,

24Nə var-dövlət əbədidir, nə də tac nəsildən-nəslə keçir.

25Saman yığılandan sonra təzə ot bitəndə,

Dağlarda ot biçiləndə

26Quzuların səni geyindirər,

Təkələrini satıb tarla ala bilərsən.

27Keçilər sənə yemək üçün o qədər süd verər ki,

Bu, evin azuqəsinə, kənizlərinin dolanışığına çatar.

YUXARI

Süleymanın Məsəlləri 28

1Şər insan onu qovan yox ikən qaçar,

Saleh aslan kimi mərd dayanar.

2Ölkədə üsyan olanda rəhbərlər artar,

Dərrakəli, işbilən adam olsa, ölkəni uzun müddət qoruyar.

3Bir yoxsul kişi kasıbları incidərsə,

Bu, əkini yuyub aparan, qıtlıq yaradan güclü yağışa bənzər.

4Qanunu pozanlar pisi təriflər,

Qanuna əməl edənlər onlara qarşı çıxar.

5Pis insanlar nə bilir ki, ədalət nədir,

Rəbbi axtaranlar bunu dərk edir.

6Kamalla yaşayan yoxsul insan

Əyri yolla sərvət qazanandan yaxşıdır.

7Qanan oğul qanunu yerinə yetirər,

Qarınquluya qoşulan atasına xəcalət çəkdirər.

8Kim ki müamilə ilə, sələmlə var-dövlət yığar,

Onun varı axırda kasıblara səxavət göstərənə qalar.

9Kim ki qanunu eşitməmək üçün qulaqlarını bağlayır,

Onun duaları iyrəncdir.

10Kim ki əməlisalehləri əyri yola çəkər,

Öz qazdığı quyuya düşər,

Kamillərə yaxşı şeylər irs qalar.

11Zəngin özünü hikmətli sanar,

Amma müdrik kasıb onun qəlbini oxuyar.

12Salehlərin zəfəri hamıya şərəf gətirər,

Amma pislər hakim olsa, hamı gizlənər.

13Günahlarını ört-basdır edən uğur qazanmaz,

Onu etiraf edərək tərk edən mərhəmət tapar.

14Həmişə Rəbdən qorxan bəxtiyardır,

Ürəyi inadkar bəlaya düşər.

15Kasıb xalqın üzərində olan pis hökmdar

Nərildəyən aslan, hücum edən ayıya oxşar.

16Dərrakəsiz hökmdar qəddar, zülmkar olar,

Haram qazanca nifrət edənin ömrü uzanar.

17Qantökən qorxub məzara düşənədək qaçar.

Qoy heç kim ona kömək etməsin.

18Kamillik yolu ilə gedən qurtular,

Əyri yolda olanlar qəflətən yıxılar.

19Torpağını əkib-becərən doyunca çörək yeyər,

Boş şeylərin ardınca gedən müflisləşər.

20Etibarlı insanın bərəkəti boldur,

Tez varlanmaq istəyən cəzasız qalmır.

21Tərəfkeşlik yaxşı deyil,

Kişi bir loğma çörək üçün günah işlədə bilər.

22Xəsis var-dövlət ardınca düşər,

Bilmədən yoxsulluğa yetişər.

23Kim ki başqasını danlayır,

Yağlı dilə tutandan çox axırda o, lütf qazanır.

24Ata-anasını soyub «günah deyildir» deyən

Qırıcı insana yoldaşdır.

25Tamahkar dava yaradar,

Rəbbə güvənən bolluğa çatar.

26Öz ağlına güvənən axmaqdır,

Hikmətlə gəzib-dolaşan azad olur.

27Yoxsula əl tutan möhtac qalmır,

Ona məhəl qoymayan lənət qazanır.

28Pislər hakim olsa, hamı gizlənər,

Onlar yox olanda salehlər çoxalar.

YUXARI

Süleymanın Məsəlləri 29

1Məzəmmətlərə baxmayıb dikbaşlıq edən

Birdən yıxılıb çarəsiz qalar.

2Salehlər artanda xalq sevinər,

Pis hökmdar olanda xalq nalə çəkər.

3Hikmət sevən atasını sevindirər,

Fahişələrə aşna olanın əlindən var-yoxu gedər.

4Padşah ölkəni ədalətlə möhkəmləndirər,

Ağır vergilər qoyansa ölkəni süqut etdirər.

5Bir kişi ki qonşusunu yağlı dilə tutur,

Onun addımları üçün tor qurur.

6Pisin günahı özünə tələdir,

Saleh sevincindən haray çəkir.

7Saleh kasıbların haqqını görür,

Pis adam bunu dərk etmir.

8Rişxəndçilər şəhəri çaxnaşdırar,

Hikmətlilər isə qəzəbi yatırar.

9Hikmətli səfehi məhkəməyə versə,

Səfeh coşub lağ edər, dinclik gedər.

10Qana susayanlar kamil insana nifrət edər,

Əməlisalehlər can qurtarar.

11Axmaq həddini aşıb özündən çıxar,

Hikmətli səbirli dayanar.

12Hökmdar yalan sözə qulaq asarsa,

Bütün xidmətçiləri şər insana çevrilər.

13Yoxsul insan və zalım bir-birinə bir şeydə bənzəyir:

Hər ikisinin gözlərini işıqlandıran Rəbdir.

14Padşah kasıblara həqiqətlə hökm versə,

Taxtı əbədi möhkəmlənər.

15Kötək və məzəmmət hikmət gətirər,

Özbaşına qalan uşaq anasını rüsvay edər.

16Pislər çoxalanda cinayət artar,

Salehlər görəcək ki, onlar necə yıxılacaqlar.

17Oğluna tərbiyə ver ki, canın dinc olsun,

Könlün bundan ləzzət alsın.

18İlahi söz nazil olmayanda xalqda hərc-mərclik olar.

Qanuna əməl edən nə bəxtiyardır!

19Qula sözlə tərbiyə vermək olmaz,

Çünki başa düşsə belə, qulaq asmaz.

20Düşünmədən danışana baxmısanmı?

Axmağa ondan artıq ümid var.

21Kim ərköyün qul böyütsə,

Axırda bu ona dərd verər.

22Qəzəbli insan dava yaradar,

Kəmhövsələ günahı artırar.

23İnsanı təkəbbürü alçaldar,

İtaətkar şərəfə çatar.

24Oğruya qoşulan öz-özünə düşməndir,

And içsə də, məhkəmədə həqiqəti söyləməz.

25İnsandan qorxan özünü tələyə salar,

Amma Rəbbə güvənən arxayın yaşar.

26Çoxu hökmdarın hüzurunu arzular,

Amma insan ədaləti Rəbdə tapar.

27Salehlər haqsızlardan,

Pis insanlarsa əməlisalehlərdən ikrah edər.

YUXARI

Süleymanın Məsəlləri 30

Aqurun müdrik məsəlləri

1Yaqe oğlu Aqurun sözləri, onun kəlamı. Bu adam Yetielə, Yetiel və Ukala belə dedi:

2Həqiqətən, mən hamıdan ağılsızam,

İnsan idrakına malik deyiləm.

3Nə hikmət öyrənmişəm,

Nə də Müqəddəsin biliyindən xəbərim var.

4Kim göylərə qalxıb endi?

Kim yeli ovcunda topladı?

Kim suları paltarına sarıdı?

Yer üzünün qurtaracağınadək hər yeri kim yaratdı?

Adı nədir? Oğlunun adı nədir?

Bilirsənmi?

5Allahın hər bir kəlamı safdır,

Ona pənah gətirənlərin sipəri Odur.

6Onun sözünə heç nəyi əlavə etmə,

Yoxsa səni tənbeh edər, yalanını çıxarar.

7Ey Allah, Səndən iki şey istəyirəm,

Nə qədər ömrüm var, məndən onları əsirgəmə:

8Saxta, yalan sözlər qoy məndən uzaq olsun;

Məni nə yoxsul, nə də zəngin et,

Ancaq mənə gündəlik çörəyimi ver.

9Varlansam, «Rəbb kimdir?» deyə Sənə küfr edərəm,

Yoxsul olsam, oğurlaram və Allahımın adını ləkələrəm.

10Qul barədə ağasına pis sözlər demə,

Yoxsa sənə qarğış edər, bu təqsirlə yüklənərsən.

11Adam var ki, atasına qarğış edir,

Anasına alqış etmir.

12Adam var ki, özünü təmiz sanır,

Amma murdarlıqdan təmizlənməyib.

13Adam var ki, yuxarıdan aşağı baxar,

Təkəbbürlə baxmaq üçün gözlərini qaldırar.

14Adam var ki, dişləri qılınca bənzər,

Elə bil çənəsinə bıçaqlar düzüb,

Yer üzündən məzlumları udar,

İnsanların içindən fəqirləri məhv edər.

15Zəlinin iki qızı var,

«Ver, ver» deyib bağırar.

Üç şey var ki, heç doymaz,

Dörd şey var ki, «bəsdir» deməz:

16Ölülər diyarı, qısır bətn,

Sudan doymayan torpaq,

«Bəsdir» deməyən alov.

17Kim ki atasına rişxənd edir,

Anasının sözünə xor baxır,

Dərələrdəki qarğalar onun gözlərini deşəcək,

Qartal balaları onun bəbəklərini yeyəcək.

18Mənim ağlım kəsməyən üç şey var,

Anlamadığım dörd şey var:

19Səmada qartalın yolu,

Qayada ilanın yolu,

Dənizdə gəminin yolu,

Kişi ilə gənc qadının yolu.

20Zinakar qadının da yolu belədir:

Yeyər, ağzını silər,

«Nə pis iş görmüşəm ki?» deyər.

21Yer üç şeydən lərzəyə gəlir,

Dörd şey var ki, ona tab gətirmir:

22Qulun padşah olması,

Sarsağın doyunca çörək tapması,

23Nifrətəlayiq qadının ərə getməsi,

Qarabaşın öz xanımının yerinə keçməsi.

24Yer üzündə dörd şey var,

Kiçik olsa da, hikməti çoxdur:

25Qarışqalar qüvvətli olmayan birlikdir,

Yemini yayda tədarük edir;

26Qayadovşanları

da güclü olmayan birlikdir, Evlərini qaya içində tikir;

27Çəyirtkələrin şahı yoxdur,

Lakin hamısı dəstə-dəstə irəliləyir;

28Kərtənkələni əllə tutmaq olur,

Amma o, padşah saraylarına çıxır.

29Üç məxluq var ki, yerişi gözəldir,

Dörd məxluq var ki, gedişi gözəldir:

30Heyvanların ən güclüsü,

Heç nəyin qarşısından geri dönməyən şir,

31Döyüşkən xoruz, təkə,

Qoşun qabağına çıxan padşah.

32Əgər özünü ucaltmaqla sarsaqlıq etmisənsə,

Fikrində pis niyyətin varsa, əlinlə ağzını tut.

33Çünki südü çalxalayanda yağ çıxdığı kimi,

Burnu sıxanda qan çıxdığı kimi

Qəzəbi qızışdıranda da dava yaranar.

YUXARI

Süleymanın Məsəlləri 31

Lemuel padşahın anasının sözləri

1Lemuel padşahın sözləri, anasının ona öyrətdiyi kəlam.  2Nə deyim, oğlum, ey doğduğum oğul,

Nəzir-niyazla əldə etdiyim oğul?

3Gücünü qadınlara,

Yollarını padşahları məhvə aparanlara sərf etmə.

4Ey Lemuel, şərab içmək padşahlara yaraşmaz,

Kefləndirici içkiyə aludə olmaq hökmdarlara yaraşmaz.

5İçəndə qayda-qanunu unudarlar,

Bütün məzlumların haqqını pozarlar.

6Kefləndirici içkini düşkünə,

Şərabı dərdliyə verin.

7Qoy içib yoxsulluğunu unutsun,

Öz dərdini daha yada salmasın.

8Dilsizə görə ağız aç,

Bütün möhtacların haqqını qoru.

9Ağzını aç, ədalətlə hökm ver,

Məzlumların, fəqirlərin haqqını yerinə yetir.

Xeyirxah arvad

10Xeyirxah arvad tapan kimdir?

O, yaqutlardan daha qiymətlidir.

11Ərinin qəlbi ondan arxayındır,

Dayanmadan bərəkət qazanır.

12Ömrü boyu ərinə pislik deyil, yaxşılıq gətirir,

13Yunu, kətanı tapıb seçir,

Əlindən hər iş zövqlə gəlir.

14Ticarət gəmilərinə bənzəyir,

Uzaqlardan gələn ruzini gətirir.

15Alaqaranlıqda yuxudan durur,

Ailəsinə yemək hazırlayır,

Kənizlərinə də paylayır.

16Tarlaya baxandan sonra satın alır,

Əlinin zəhməti ilə bağ salır.

17Belini möhkəm bağlayır,

Qolları güc üstündən güc alır.

18Ticarətin şirinliyindən dadır,

Bütün gecə boyu çırağı yanır.

19Əlləri ilə cəhrə əyirir,

İyini

bərkidir.  20Məzlumlar üçün əliaçıqdır,

Fəqirlərə əl tutur.

21Qar yağanda ailəsi üçün qayğısı olmaz,

Çünki hamısı qırmızı paltar geyinib.

22Yorğan-döşək üçün örtük toxuyur,

Öz libası tünd qırmızı incə kətandandır.

23Əri şəhər darvazalarında yaxşı tanınır,

El ağsaqqalları ilə oturub-durur.

24Qadın tacirlərə qurşaqları,

Toxuduğu kətan paltarları satır.

25Qüvvəyə, şərəfə bürünür,

Gələcək üzünə gülür.

26Ağzını açanda hikmət axır,

Dilindən sədaqət təlimi çıxır.

27Ailəsinin işini idarə edir,

Tənbələ layiq olan çörəyi yemir.

28Övladları ayağa qalxıb onu alqışlayır,

Əri onu tərifləyir:

29«Xeyirxah qadınlar çoxdur,

Amma sənin tayın yoxdur».

30Qadının məlahəti aldadıcı, gözəlliyi fanidir,

Yalnız Rəbdən qorxan qadın tərifə layiqdir.

31Ona əlinin bəhrəsini verin,

Qoy şəhər darvazasında əməlləri ona tərif gətirsin.

YUXARI