Bu şəhadəti oxuyan bütün bacı-qardaşları salamlayıram.
Adım Sevdadır. Mən Bakı şəhərində müsəlman ailəsində anadan olmuşam. Ailəmiz 10 nəfərdən ibarət idi, 5 qardaş və 3 bacı. Evin ən kiçiyi mənəm. Atamı 9 yaşında itirmişəm. Bu itki mənim uşaqlığıma demək olar ki, son qoydu. Mən belə böyük bir ailədə özümü çox tənha hiss edirdim. İllər keçirdi və mənim ürəyimdəki boşluq daha da dərinləşirdi. Baxmayaraq ki, bizim ailəmiz heç bir müsəlman adət-ənənələrini yerinə yetirmir, məscidə getmir və Allah haqqında heç nə bilmirdi, lakin biz Allahın varlığına inanırdıq.
Uşaq vaxtında atama Allah haqqında çoxlu suallar verir və heç bir düzgün cavab ala bilmirdim. Allaha maraq məndə daha da artırdı. Amma Allah mənim üçün əlçatmaz, ciddi, cəzalandıran bir varlıq kimi idi. Buna baxmayaraq, mən Onunla danışmağa cəsarət tapırdım. Adətən Onunla söhbətim, yalnız şikayətlərdən ibarət idi. Çünki mənim çox mənasız, qorxulu, kədərli həyatım var idi.
Bir gün təsadüfən əlimə islam dinini izah edən bir kitab düşdü. Bu məndə Quranı oxumağa həvəs oyatdı. Quranı oxuyur, namaz qılırdım. Düşünürdüm ki, bu yolla Allaha yaxın olaram və ürəyimdəki boşluq dolar. Bir müddət keçdi. Ürəyimin boşluğu qürur, özümü hamıdan üstün tutmaqla doldu. Mən hiss edirdim ki, heç nə dəyişmir, Allahı hiss etmirəm, mən özümü yaxşı hiss etmirdim. Amma buna baxmayaraq, mən qürurla bu yolu davam edirdim.
Bir gün qardaşım mənim Allaha marağımı görüb, mənə İncil kitabı gətirdi. Bu kitabı mən Qurana hörmət etdiyim üçün oxumağa başladım. Çünki Quranda belə bir ayə var: ‘Tövratı, Zəburu, İncili rədd edən Quranı rədd etmiş olur.’ Və mənə İncil çox möcüzəli və nağıl kimi görünürdü. Mən orada olan həqiqətlərə inanmaq istəmirdim. Lakin ürəyimdə yavaş-yavaş nə isə baş verirdi. Bu ‘nə isə’ məni həm sevindirir, həm də qorxudurdu. Sevinirdim ona görə ki, axtardığım Allaha Ata deyə bilərdim, qorxurdum ona görə ki, mən öz dinimdən dönsəydim, Allah məni cəzalandırardı. Mənim bu vəziyyətim 1 ildən çox davam etdi. Mən çox əziyyət çəkirdim. Mənə bir yol lazım idı.
Bir gün qardaşım vasitəsilə mənə İncil göndərən qadınla məbədə getdim. Bu yer mənim üçün başqa planet kimi idi. Çünki mən görmədiyim məhəbbətlə əhatə olunmuşdum. Bu mənim çox xoşuma gəlsə də, içimdəki mübarizə davam edirdi. Sonra mən bir neçə dəfə məbədə gəldim və pastorla mübahisə etdim, amma evə qayıdanda məbəddə eşitdiklərim mənə ümid, sevinc verirdi. Belə vəziyyət bir neçə müddət davam etdi və mənim hansı yolla gedəcəyim sual altında idi.
Bir gün mən İncildəki ‘Yol, həyat və həqiqət mənəm’ sözlərini oxuyanda, çox qəribə hisslərlə doldum. ‘Həqiqət’ sözü mənim axtardığım söz idi. O vaxtdan Allahdan bu sözü təsdiq etməsini xahiş edirdim. Sonra mən yenə də məbədə getməyə başladım. Orada artıq çox adam var idi. Onların Allah qarşısında çıxıb tövbə etmələri mənə çox təsir edirdi. Artıq yavaş-yavaş ürəyimdə nə baş verdiyini anlamağa başlamışdım. Qərara gəlmək mənim üçün çox çətin idi.
Bir gün bu sözlər haqqında daha dərin düşünməyə başladım, ‘Yol, həyat və həqiqət mənəm’ və mən sabahsı gün məbədə getdim. Artıq həqiqəti tapmışdım. O gün çox sevinirdim. Məbəddə tövbə vaxtı çatanda bir neçə nəfər tövbəyə çıxdı. Və mən bir addım atıb yerimdə döndum. Tövbə vaxtı qurtardı və mən çox kədərli idim, elə bil nə isə itirdim. Bu vaxt pastor Almaniyadan Bakıya qonaq gəlmiş bir pastora söz verdi. Və o pastor salam verib, elə bil əlini mənə göstərərək, dedi: ‘İsa deyir: Yol, həyat və həqiqət mənəm.’ Mən özüm də bilmədən göz yaşları içində tövbəyə çıxdım.
İndi dünya mənim üçün çox fərqlidir. Dünyada eyni problemlər, eyni kədər, eyni dərdlər var. Kəlamda deyildiyi kimi bu dünyada kədərimiz olacaq. Lakin indi mənim qayğıma qalan, yükümü daşıyan, məni sevən Atam var. Bu Ata məni elə sevir ki, mənə görə Öz Oğlunu qurban verib. İsa Məsih ürəyimin dərinliyinə elə sevinc qoyub ki, bu sevinci məndən heç bir kədər ala bilməz. İsa mənim həyatımda çoxlu möcüzələr edib. Mən bütün həyatımı Ona verib, həyatımda məna, sevinc, sülh, ümid, bolluq və əsl həyat tapmışam. Mən Rəbb İsa ilə çox-çox xoşbəxtəm.