Nə yaxşı ki, mənim Rəbb Allahım var

Nə yaxşı ki, mənim Rəbb Allahım var
Gedəsi yerim var, qalası yerim.
Nə yaxşı ki mənim Xilaskarım var
Deyəsi sözüm var, açası sirrim.

Nə yaxşı ki, mənim Məsih İsam var
Yanan Dan Ulduzu, Müqəddəs Quzu
Tökülən qanıyla təqdis eyləyib
Adımı göylərə həkk edənim var.

Nə yaxşı ki, mənim Rəbb Allahım var
Kədəri, qüssəni qoparıb məndən
Şadlığı, sevinci bəxş edənim var,
Alıb qayğıların, dərdin əlindən
Təsəlli verənim, havadarım var.

Nə yaxşı ki, mənim Xilaskarım var
Düşmənin torundan azad eyləyib
Nurlu Səltənətə haylayanım var.
Yaşayan, müqəddəs, qüdrətli arxam,
Sarsılmaz, möhtəşəm bir dayağım var.

Nə yaxşı ki, mənim Rəbb Allahım var
Əbədi məhəbbət töküb qəlbimə
Müqəddəs Ruhuyla məsh edənim var.

Nə yaxşı ki, mənim Rəbb Allahım var
Gedəsi yerim var, qalası yerim.

 

Bayatılar
Məsih gəldi göylərdən,
Bir yol saldı göylərdən
Bəxtəvər o kəsdir ki,
Yolun saldı göylərdən.

Əzizim işıq saçdı,
Zülmətdə işıq saçdı
İsa zühur eylədi
Qəlblərdə işıq saçdı.

Əzizim qoşa dağlar,
Durub baş-başa dağlar
Məsih orda qan töküb
Bizi nicata bağlar.

Əziziyəm ağlama,
Başa qara bağlama
İsa xilas gətirdi
Düşmənə bel bağlama.

Əziziyəm gül açdı,
Solmuş bağlar gül açdı.
Müjdə torpağa gəldi
Qara torpaq gül açdı.

Əziziyəm yan gedər,
Kədər, qüssə yan gedər.
Məsihi qəbul etsən
Lənət səndən yan gedər.

Məsih həyat tacıdır,
Sözü dərd əlacıdır.
Məsihin hər övladı
Əziz qardaş-bacıdır.