Şeirlər Siyahısı
Şeirlər Siyahısı
- Layiqsən, Rəbb İsam, izzətlənməyə!
- Günahlı bəndəni kim əfv eyləyər
- Varmı Allah?
- Mənim Xilaskarım
- Söylə, varmı sənin yaxın yoldaşın?
- Aldı öz qoynuna buludlar Səni
- Gedirsənmi, dostum
- Əziz dost, iki yol ayrıcındasan
- Kaş biləydin sən
- Nuhun günlərində olduğu kimi
- Dayanıbdır Hakim qapı ağzında
- Sən hələ dünyaya heç gəlməmişdin
- Nə yaxşı ki, mənim Rəbb Allahım var
- Gecə, gündüz mən Səni aramışam, sən demə
- Yalnız Səndədir
- Bayatılar
Layiqsən, Rəbb İsam, izzətlənməyə!
Layiqsən, Rəbb İsam, izzətlənməyə!
Layiqsən, İlahi, şərəflənməyə!
Layiqsən hər zaman mədh edilməyə,
Layiqsən, İlahi, layiqsən hər an!
İndi əllərimiz uzanmış göyə,
Kilidlənmiş dillər indi açılmış.
Qoy dodaqlarımız söyləsin “Alqış!”
Layiqsən, İlahi, layiqsən hər an!
Haqq yolu göstərdin bizə, İlahi!
Qalxarkən Allahın ol dərgahına
Qatlasın önündə qoy dizlər Sənin,
Layiqsən, İlahi, layiqsən hər an!
Düşmənin əlindən Sən aldın bizi,
Çaldın qələbəni məhəbbətinlə.
Körpələr dilindən kamil həmd aldın,
Layiqsən, İlahi, layiqsən hər an!
Bağlansa da Rəbbim, haqq yolun Sənin
Dodaqlar sussa da dillər sussa da
Daşlar dilə gəlib Səni mədh edər,
Layiqsən, İlahi, layiqsən hər an!
Yol, Həyat və Həqiqət Sənsən,
Sənsən ümidimiz, Sən pənahımız,
Sənsən Padşahımız, Sən Allahımız!
İlahi oxuyur Sənə hər ağız,
Layiqsən, İlahi, layiqsən hər an!
Rəbb İsam, layiqsən izzətlənməyə!
Məsih İsam, layiqsən şərəflənməyə!
Layiqsən hər zaman mədh edilməyə,
Layiqsən, İlahi, layiqsən hər an!
Mənim Xilaskarım
Düşməni sevməyi öyrədir bizə,
Qonşunu sevməyi öyrədir bizə,
Allahı sevməyi öyrədir bizə
Mənim Xilaskarım, mənim Allahım.
Çıraqtək yanmağı öyrədir bizə,
Nurda yeriməyi öyrədir bizə
Yamanlıq edənə edib yaxşılıq
Qələbə çalmağı öyrədir bizə
Mənim Xilaskarım, mənim Allahım.
Çətinə dözməyi öyrədir bizə,
Təhəmmül etməyi öyrədir bizə,
Bizi lənətləyən hər bir insanı
Ürəkdən sevməyi öyrədir bizə
Mənim Xilaskarım, mənim Allahım.
Xeyirxah olmağı öyrədir bizə,
Səbirli olmağı öyrədir bizə,
Həm qəmli, həm də şən günlərimizdə
Şüktranlıq etməyi öyrədir bizə
Mənim Xilaskarım, mənim Allahım.
Xilqəti sevməyi öyrədir bizə,
Saflığı sevməyi öyrədir bizə,
Vəsiyyət edibən hər birimizə
Qardaşı sevməyi öyrədir bizə
Mənim Xilaskarım, mənim Allahım.
Ataya-anaya hörmət etməyi,
Göyərçintək məsum olub həyatda
Müqəddəs Kəlamla, Müqəddəs Sözlə
Oturub-durmağı öyrədir bizə
Mənim Xilaskarım, mənim Allahım.
Qarşımızda gedən nurlu Mayaqsan,
Hər an, hər dəqiqə bizə hayansan,
Başımızın tacı, dərdin əlacı
Əsrlər Soltanı mənim Allahım.
Kəlamın nemətdir, Kəlamın qüdrət
Kəlamın ürəyə gücdür, qüvvədir
Hər sözün bir inci, hər sözün həyat
Həyat mehrabını öyrədir bizə
Mənim Xilaskarım, mənim Allahım.
Ucasan, hamıdan ucasan, Rəbbim!
Ucalıq sirrini öyrədir bizə
Göylərin nemətin, göylərin varın
Padşahlıq sirrin öyrədir bizə
Mənim Xilaskarım mənim Allahım.
Gedirsənmi, dostum
Gedirsənmi, dostum,
Söylə, neçün sən?
Rəbbi tanımamış,
Rəbbi duymamış.
Gedirsənmi, neçün?
Dostum, söylə sən
Tövbə eyləməmiş,
Təmizlənməmiş.
Gedirsənmi? Getmə,
Getmə, əziz dost
Sən bu gün qəlbini
Rəbbə açmamış.
Laqeydlik edibən öz xilasına
Müqəddəs Kəlamı qəbul etməmiş,
Xilaskar sözünü sən eşitməmiş,
Səni sevdiyini heç dərk etməmiş
İndi doğrudanmı gedirsən, dostum?
Getmə, dostum, getmə,
Getmə inamsız,
Getmə sən ümidsiz,
Getmə Məsihsiz!
Nuhun günlərində olduğu kimi
Nuhun günlərində olduğu kimi
Hamı yeyir, içir, hamı evlənir.
Başları qarışıb dünya işinə,
Dünyanın faydasız, fani işinə.
Bir qarın yeməyin əsiri olub
Hamı çaxnaşmada, hamı qayğıda,
Hamı vurnuxmada, hamı uyğuda.
Daşlaşmış ürəklər yumşalmış nədən,
Eşidərkən Rəbbin həyat sözünü?
Kobudlaşmış qəlblər kövrəlmiş nədən,
Allah Kəlamını eşidəndə də?
Rəbbin Xoş Xəbərin, Rəbbin Müjdəsin
Söylədim Allahın izniylə mən də
Dörd uşaq anası tanış qadına.
Sözümü ağzımda yarımçıq qoyub:
“Əcəb arxayınsan, heç dərdin yoxdur?
Elə bil dünyadan xəbərin yoxdur
Zəmanı adamı deyilmisən sən?
Necə vaxt tapırsan, yəqin işin yox” söyləyərək
Rədd etdi bu Xoş Xəbəri,
Sərtləşdi ürəyi, heç yumşalmadı
Rəbbimiz döyərkən ürək qapısın.
Dəyişdi dünyasın, getdi dünyadan.
Gəlmədi Allahın qarşısına o.
Lakin o zavallı hardan biləydi?
Yetibdir dünyanın sonu, yetibdir!
Allah təyin etmiş hökmçün bir gün.
Həmən gündə Allah vermişdir hökmü
Ölüb və Dirilən İsa Məsihə!
Yerin, göyün Rəbbi, Hakimi Odur!
Onun qarşısında əyiləcəkdir
Bütün rəisliklər, bütün padşahlar,
Onun qarşısında diz çökəcəkdir –
Qatlanmayan dizlər qatlanacaqdır,
Əyilməyən başlar baş əyəcəkdir,
Özünü yüksəldən endiriləcək,
Özünü kiçildən yüksəldiləcək.
Yerin, göyün Rəbbi, Hakimi Odur!
Onun qarşısına siz gəlin, dostlar!
O sizdən qurban yox, mərhəmət istər,
Bir də dilinizin bol şükranlığın.
Tövbə edin, dostlar, münasib vaxtdır,
Qurtuluş vaxtıdır, xilas vaxtıdır.
Siz Rəbbin səbrini qurtuluş sanın.
Allah ehsan edir tövbəni indi
Bütün millətlərə, bütün xalqlara
Lütf qapıların geniş açıbdır
Allah bu gün bizim Azərbaycana!
Nə yaxşı ki, mənim Rəbb Allahım var
Nə yaxşı ki, mənim Rəbb Allahım var
Gedəsi yerim var, qalası yerim.
Nə yaxşı ki mənim Xilaskarım var
Deyəsi sözüm var, açası sirrim.
Nə yaxşı ki, mənim Məsih İsam var
Yanan Dan Ulduzu, Müqəddəs Quzu
Tökülən qanıyla təqdis eyləyib
Adımı göylərə həkk edənim var.
Nə yaxşı ki, mənim Rəbb Allahım var
Kədəri, qüssəni qoparıb məndən
Şadlığı, sevinci bəxş edənim var,
Alıb qayğıların, dərdin əlindən
Təsəlli verənim, havadarım var.
Nə yaxşı ki, mənim Xilaskarım var
Düşmənin torundan azad eyləyib
Nurlu Səltənətə haylayanım var.
Yaşayan, müqəddəs, qüdrətli arxam,
Sarsılmaz, möhtəşəm bir dayağım var.
Nə yaxşı ki, mənim Rəbb Allahım var
Əbədi məhəbbət töküb qəlbimə
Müqəddəs Ruhuyla məsh edənim var.
Nə yaxşı ki, mənim Rəbb Allahım var
Gedəsi yerim var, qalası yerim.
Günahlı bəndəni kim əfv eyləyər
Günahlı bəndəni kim əfv eyləyər
Allahdan savayı, Rəbdən savayı?
Donmuş ürəkləri kim isindirər
Allahdan savayı, Rəbdən savayı?
Kim qovar kədəri, qüssəni, qəmi?
Kim doldurar qəlbə şadlıq, sevinci?
Yaralı qəlblərə kim məlhəm qoyar
Allahdan savayı, Rəbdən savayı?
O dilsiz bəndəni kim dilləndirər,
Fağır-füqəraya kim arxa olar,
Yetim və dullara kim dayaq olar,
Allahdan savayı, Rəbdən savayı?
Hanı o qolları, biləyi güclü
Özünə güvənən o nər igidlər?
Dünyada hər nəyə gəlsə də qalib
Bir günah əlində qalıblar aciz.
Günahlı bədəndən kim azad edər
Allahdan savayı, Rəbdən savayı?
Yoxsulu kim edər hamıdan zəngin?
Kim açar göylərin dərin hikmətin?
Müftə verərmi kimsə həyat nemətin
Allahdan savayı, Rəbbdən savayı?
Mənim çiyinləri çarmıxlı Rəbbim!
Ayağı, əlləri mismarlı Rəbbim!
Bu dünyada bizi bəxtiyar etdin,
Ölüm pəncəsindən sən azad etdin.
Kim keçərdi candan günahkar üçün?
Kim tökərdi qanın günahlar üçün?
Verərmi bir kimsə əvəz günahçün,
Allahdan savayı, Rəbdən savayı?
Müqəddəs Ruhunla doldun qəlblərə,
Məhəbbətlə doldun sən ürəklərə.
Kim verər əbədi həyat bizlərə,
Allahdan savayı, Rəbdən savayı?
Məsihçiəsihdədir Yalnız bol həyat nuru,
Ucalıq yoludur Allahın yolu.
Bu yoolda kim verər xeyir-duanı,
Allahdan savayı, Rəbbdən savayı?
Günahlı bəndəni kim əfv eyləyər?
Günahlarçün özün kim qurban verər?
Nurlu gələcəyə kim yol göstərər,
Allahdan savayı, Rəbbdən savayı?
Söylə, varmı sənin yaxın yoldaşın?
Söylə, varmı sənin yaxın yoldaşın? Varmı ürəyinə yaxın sirdaşın? Varmı bu dünyada vəfalı dostun? Varmı heç qəlbini duyan həmdəmin? Varmı heç qəlbinə yaxın təbibin? Axtarma onu sən, tapmazsan, inan. Tapmazsan qəlbinə yaxın yoldaşı, Tapmazsan qəlbinə yaxın sirdaşı. Axtarma dostu da fani dünyada Dostluğu da fani, yoldaşlığı da, Məhəbbət də fani, sevgi də fani. Fanidir, hər şeyi fanidir onun. Bir çiçək kimidir, keçib gedəcək Bu dünya şöhrəti, dünya izzəti Bir buxar kimidir, ötüb keçəcək Dünyanın surəti, dünyanın üzü. Rəbb Allahını sev sən ürəyinlə, Sev bütün canınla, sev nəfəsinlə Ondadır əbədi, sonsuz bir həyat Məhəbbət əbədi, sevgi əbədi. Tərk etsə də səni yaxın yoldaşın, Tərk etsə də səni yaxın sirdaşın, Heç vaxt tərk etməz ol Rəbbin səni, Heç vaxt yetim qoymaz ol Tanrım səni. Odur ürəyini duyan həmdəmin, Odur ürəyinə yaxın təbibin. Rəbb Allahın sev sən ürəyinlə, Sev bütün canınla, sev nəfəsinlə.
Əziz dost, iki yol ayrıcındasan
Əziz dost, iki yol ayrıcındasan.
Biri qaranlıqdır, o biri nurlu,
Biri çox enlidir, o biri ensiz,
Biri Rəbb yoludur, o biri iblis
İndi öz seçkində azadsan tamam,
Sən indi azadsan öz ürəyinlə.
Hansı yolu seçdin, dostum, söylə sən?
Biri çox enlidir, çox geniş yoldur,
İndi o yol ilə gedən də çoxdur.
Kim ki, çox istəyir dünya şöhrətin,
Bu dünyanın malın, varın, dövlətin
Kim ki, çox istəyir dünya izzətin,
Kim ki, çox istəyir dünya ləzzətin
Gedir həmən enli, geniş yol ilə.
Müvəqqəti yoldur bu Allahsız yol.
Axırı uçurum, axırı əzab,
Axırı Allahsız, qaranlıq dünya
Amandır, əziz dost, getmə bu yolla!
Seç Rəbbin yolunu, o nurlu yoldur.
Olsa da əzablı, tikanlı, ensiz,
Lakin çox şərəfli, müqəddəs yoldur.
Kim tapsa bu yolu çox rahat olar,
Ürəyi sevinclə, şadlıqla dolar.
Sevincini onun anlamaz dünya,
Sevincini onun dərk etməz dünya.
İki min il öncə bu yolu Məsih
Açmış sənin üçün Öz qanı ilə,
İki min il öncə bu yolu Məsih
Açmış sənin üçün Öz bədəniylə.
Hansı yolu seçdin, dostum, söylə sən?
Sən indi durmusan yol ayrıcında.
Dayanıbdır Hakim qapı ağzında
Dayanıbdır Hakim qapı ağzında,
Şikayət etməyək bir-birimizdən.
Səbirlə qazanın canlarınızı,
Eyyubun bol səbri olmuş nümunə.
Dayanıbdır Hakim qapı ağzında,
O çox mərhəmətli, O çox şəfqətli.
Baxın o müqəddəs, uca Tanrıya,
Baxın o çarmıxa, tökülən qana,
Baxın üzündəki iztirablara!
Məhəbbət aparıb Onu o Dağa.
Allah bu dünyanı, bil, elə sevdi
Öz vahid Oğlunu O qurban verdi.
Özünü qul kimi yerə endirdi,
Səni də, məni də O azad etdi.
Dayanıbdır Hakim qapı ağzında
Şikayət etməyək bir-birimizdən.
Qaldır gözlərini sən bax İsaya!
Çarmıxda yalvarır: “Ata bağışla!
Zira, nə etdiyin anlamır onlar.”
Ucuz tutma Rəbbin bol məhəbbətin,
Göylərdən verilən o mərhəmətin
Bil qədrini, lakin yadında saxla:
Günahın əvəzi ölümdür, ölüm!
Onun da əvəzin Rəbb artıq vermiş,
Qayğıdan, lənətdən O azad etmiş,
Əbədi həyatı sülhü vəd etmiş.
Vədi verən sadiq və qüdrətlidir,
Sevgisi tükənməz, bol, əbədidir.
Bu Müjdəyə yalnız sən iman eylə,
İmansızlığınçün də dua eylə.
Dayanıbdır Hakim qapı ağzında
Şikayət etməyək bir-birimizdən
Şükranlıqlar çıxsın qoy dilimizdən.
Budur saf, müqəddəs ibadətimiz.
Gəlin sınamayaq daha Rəbbi biz.
Dayanıbdır Hakim qapı ağzında
O çox mərhəmətli, O çox şəfqətli.
Gecə, gündüz mən Səni aramışam, sən demə
Gecə, gündüz mən Səni aramışam, sən demə,
Gecə, gündüz fəryadım Sənə imiş, sən demə,
Daxilimdə daima Səni arardım, demə
Sən demə, Səndə imiş aradığım rahatlıq.
Ulu Tanrım, Səndəymiş təsəllim və sevincim.
Səndə imiş, sən demə, mənim bəxtiyarlığım.
Sən demə, Səndə imiş, Ulu Tanrım, Səndəymiş
Xilas, sevinc, məhəbbət, əbədi sonsuz həyat.
Səndə imiş, sən demə, bütün həyat sözləri.
Yer, göy və kainatın Səndə imiş sirrləri,
Səndə imiş razılıq, sülh, azadlıq, həqiqət.
Aradığım ədalət Səndə imiş, sən demə.
Bu uzanan əllərim Sənə imiş, sən demə.
Fəryadım sənə imiş, xilas etdin Sən məni.
Xilaskarım, Məsihim, əlin uzatdın mənə,
Çox uzaqda deyilmiş, yaxın imişsən mənə.
Bayatılar
Məsih gəldi göylərdən,
Bir yol saldı göylərdən
Bəxtəvər o kəsdir ki,
Yolun saldı göylərdən.
Əzizim işıq saçdı,
Zülmətdə işıq saçdı
İsa zühur eylədi
Qəlblərdə işıq saçdı.
Əzizim qoşa dağlar,
Durub baş-başa dağlar
Məsih orda qan töküb
Bizi nicata bağlar.
Əziziyəm ağlama,
Başa qara bağlama
İsa xilas gətirdi
Düşmənə bel bağlama.
Əziziyəm gül açdı,
Solmuş bağlar gül açdı.
Müjdə torpağa gəldi
Qara torpaq gül açdı.
Əziziyəm yan gedər,
Kədər, qüssə yan gedər.
Məsihi qəbul etsən
Lənət səndən yan gedər.
Məsih həyat tacıdır,
Sözü dərd əlacıdır.
Məsihin hər övladı
Əziz qardaş-bacıdır.
Varmı Allah?
Yığışıban bir zala hər təbəqədən insan
Edirdi müzakirə: “Görəsən varmı Allah?”
Birisi söylədi “var,” digəri söylədi “yox.”
Çox çəkdi müzakirə, çox uzandı bu söhbət
Bu dəm müzakirənin çox qızğın bir çağında
Zala girdi çox gözəl, dəbdəbəli geyimli
Ucaboylu bir adam.
Düzəldib boyunluğun, eynəyinin altından
Zala bir nəzər saldı.
Diplomatını qoyub yanındakı skamyaya
Belə başladı nitqə:
“Yoldaşlar, nə üçün siz vaxtınızı boş yerə
Burda keçirirsiniz?
Edirsiniz nahaqdan siz burda müzakirə?”
Özünü çox ağıllı, bilikli sayan adam
Tənqid edib Allahı davam etdi nitqinə:
“Əlbəttə yoxdur Allah,
O yalnız insanların boş-boş xəyallarıdır,
İnsanlar özlərindən kəşf eyləyiblər Onu.
O nə isə dünyanı düzgün yaratmayıbdır.
Bir hələ fikir verin,
Qışda şaxtada, qarda biz donuruq soyuqdan,
Yayda isə istidən yanıb külə dönürük.
Görürsünüzmü, dostlar,
Məgər bu dünyanı O belə yaratmalıydı?
Gərək bizim üçün O rahatlıq yaradaydı.
Allah axı nə üçün yaratmış arıları?
Nəyə lazım arılar onlar bizi sancırlar.”
Bu dəm zaldan bir nəfər qarışdı bu söhbətə.
Qalxıb ayağa dedi:
“Dayanın, dostlar! Bilin, mən imanlıyam,
Lakin nə o iblisdən, nə də Ulu Tanrıdan
Söhbət edəcəyəm mən.
Yalnız bir əhvalatı nəql edəcəm mən sizə.
Bir gün çayın kənarı yol ilə gedirdim mən
Və kiminsə ucadan eşitdim bu naləsin:
“Siz Allah, kömək edin! Kömək edin, boğuldum!”
Və bir anlığa mənim xəyalımdan keçdi ki,
Xilaskar Rəbb Məsihim xilas eyləmiş məni.
Onda yox tərəfgirlik, O baxmır insanların
Mənsəb və mənşəyinə.
Bir zamanlar O məni ölümdən xilas etmiş.
Mən də suda boğulan və Allahın adıyla
And verən o adamı xilas eyləyim gərək.
Və mən kömək edərək çıxartdım onu çaydan”
Allahı tənqid edən və özünü hamıdan
Ağıllı, müdrik sayan həmən o məğrur adam
Tanıdı tez özünü həmən bu əhvalatdan
Qıpqırmızı qızardı, başın salıb aşağı
Tərk eylədi o zalı.
Aldı öz qoynuna buludlar Səni
Aldı öz qoynuna buludlar Səni Apardı Əbədi Padşahlığına Ardınca dayanıb baxarkən Sənin İki mələk peyda oldu qəflətən Söylədi: “Nə durub göyə baxırsız? Sizdən göyə qalxan həmən o İsa Göyə qalxdığıtək, geri dönəcək, Bir də Öz xalqıyçün yerə gələcək.” Əziz dost, tövbə et sən də bu gündən, Qəbul eylə Rəbbi öz ürəyinə. Qəbul eylə Onu, O, Xilaskardır! Tövbə et, vəftiz ol Məsih İsminə! Səni yaradanı bu gündən tanı. Müqəddəs Ruh ilə qovuş Tanrınla, Müqəddəs Ruh ilə danış Onunla. Bizdən göyə qalxan həmən o İsa Göyə qalxdığıtək, geri dönəcək, Bir də Öz xalqıyçun yerə gələcək!
Kaş biləydin sən
Kaş biləydin sən
Allah hikmətini kaş biləydin sən,
Saf məhəbbətini kaş biləydin sən.
Ah, kaş sən biləydin ki, İsa Rəbdir!
O, qadir Allahdır, O, Xilaskardır!
Bütün var olanlar yaranmış Ondan,
Onun hikmətindən, Onun Sözündən.
Kaş sən tanıyaydın İsa Məsihi!
Kaş sən biləydin ki, taxta çarmıxda
Sənin günahınçün tökmüş qanını,
Kaş səni lənətdən, ölüm torundan
Azad etdiyini tez biləydin sən.
Ah, kaş sən biləydin ki, İsa Rəbbdir!
Kaş sən tanıyaydın İsa Məsihi.
Sən onda qalmazdın bu qaranlıqda,
Sən onda çəkməzdin bu əzabları,
Şikayət etməzdin sən taleyindən.
Kaş sənin gözlərin tez açılaydı,
Kaş tez tanıyaydın İsa Məsihi.
Sən onda tapardın rahatlığını,
Sən onda tapardın xeyir-duanı.
Kaş sən tanıyaydın Rəbb Allahını!
Səni sevdiyini kaş biləydin sən,
Sənə dözdüyünü kaş biləydin sən.
Allahın səbrini kaş sən duyaydın,
Kaş sən Allahını tez tanıyaydın!
Sən hələ dünyaya heç gəlməmişdin
Sən hələ dünyaya heç gəlməmişdin
Əllərimi qoydum mən sənin üstə.
Doğuldun sən xoşbəxt ulduz altında
Hələ sən yox ikən mən sevdim səni.
Sən doğruldacaqsan ümidlərimi,
İzzətimi səndə göstərəcəyəm.
Körpə balam, qorxma, mən səninləyəm.
Görürəm səyini, məhəbbətini.
Qulağıma çatır o duaların,
Eşidirəm hər an, hər saat səni,
Hikmətimlə səni dolduracağam,
Qoymaram heç zaman Mən darda səni.
İncili yazacam mən ürəyinə,
Mən Özüm açacam hər sirri sənə,
Mən Özüm verəcəm öyüd-nəsihət.
Duanda səyli ol, imanda möhkəm,
Qüdrətimi səndə göstərəcəyəm.
Dilə, balam, dilə, diləyən alar,
Hər diləyən alar, axtaran tapar.
Müdriklik istədin, onu verəcəm,
Hikmətimlə səni dolduracağam.
Saleh bir həyat sür, imanla yaşa.
Tamam az bir vaxt da keçəcək, balam,
Mən sənin ardınca qayıdacağam.
İndisə, qidalan, südlə qidalan.
Ağır yeməklər də sən yeyəcəksən.
Səbirli, duanda səyli ol, balam,
Vaxtı var hər şeyin, bil, öz vaxtı var.
Geyməyin, yeməyin qayğısın çəkmə,
Ver Mənim əlimə qayğılarını.
Möhkəm ol imanda, duanda, balam.
Əbədi həyatdır qismətin artıq.
Daha bir az zaman keçəcək, inan.
Mən sənin ardınca qayıdacağam.
Yalnız Səndədir
Həyatın sözləri yalnız Səndədir
Biz kimin yanına gedə bilərik?
Sənin hüzurunda olmaq istərik,
Bir körpə uşağa dönmək istərik.
Biz hara gedirik sənin yanından?
Atanın sözləri yalnız Səndədir.
Sənin o sevimli şagirdin kimi
Sinənə sığınıb qalmaq istərik.
Sözün yolumuza nurdur, çıraqdır
Sənin işığında qalmaq istərik.
Dəvət eylədiyin Padşahlığında
Biz Səninlə birgə olmaq istərik.
Lütfün, məhəbbətin müftədir bizə,
Bunu Sən layiq etdin hər birimizə.
Öz ismin naminə ucaltdın bizi
Biz sənin zirvəndə qalmaq istərik
Atanın yanına getməzdən öncə
Böyük bir Tapşırıq Sən verdin bizə.
Əməl edib Sənin tapşırığına
Hamıya Sən haqda demək istərik.
Biz hara gedirik Sənin yanından?
Həyatın sözləri yalnız Səndədir.
Müjdəni tez yayıb bütün dünyaya
Təkrar gəlişini görmək istərik.