Mən Samirə, 1973-cü ildə Bakı şəhərində doğulmuşam. 1997-ci ildə İsa Məsih haqqında eşidib, Ona iman etmişəm. Onu tanımamışdan əvvəl, mən tamamilə başqa cür həyat sürürdüm. Mən çox qürurlu idim. İllərlə küsülü olduğum insanları bağışlamırdım, nifrət edirdim, yalan danışırdım, öz doğma atamı sevmirdim. İlk dəfə mənə İsa Məsih haqqında dayım oğlu danışmışdı. Lakin mən elə bilirdim ki, bu yanlış yoldur. Nəhayət mən onların toplantılarına getdim ki, İsa Məsih haqqında çox məlumatım olsun. Bu ‘Yəhova şahidləri’ idi. Onu daha dərindən tanımağa marağım çox idi, lakin istədiyimi ala bilmirdim.
Bir gün bizim qonşumuz Zemfira bacı toplantıdan qayıdanda əlimdə Bibliya kitabı görüb məndən soruşdu: ‘Sən İsa Məsihə inanırsan?’ Mən də bəli dedim və ona təbliğ etməyə çalışdım. Lakin o məni saxlayıb, mənim səhv yolda olduğumu söylədi. Məni öz ev toplantılarına dəvət etdi. Mən razılaşdım. Məqsədim o oldu ki, gedib onların səhv yolda olduqlarını onlara deyim. Çunki 3 aydan çox idi ki, mən ‘Yəhova şahidlərindən’ belə təlim almışdım və mən səhv fikirlərlə dolmuşdum. Mən o toplantıya getdim. Onlara narazılığımı bildirdim, çünki onlar İsanı Rəbb kimi, Allah kimi qəbul edirdilər. Mən çox şeylərlə razılaşmırdım. Nəhayət toplantı başlandı. Və onlar ilahi oxudular. Mən onların ilahi oxuduqlarını görəndə heyrətə gəldim. Sanki Allahı görürdülər və bu mənim çox xoşuma gəldi. Sonra pastor gəldi, o hamımız kimi sadə bir insan idi, bizdən heç seçilmirdi. Biz tanış olduq və mən yenə öz dediyimi yeritməyə başladım ki, siz necə İsanı Allah saya bilərsiniz? Üçlük barədə mübahisəyə başlamaq istədim. O məni saxlayıb, mənim üçün dua etməyi təklif etdi. Hamı sakitcə dua edirdi və mən də ürəyimdə öz bildiyim kimi dua edirdim ki, Allah Özünü onlara tanıtsın. Lakin mən dua edərkən, elə bil kimsə mənim ağzımı yumdu və qulaqlarımı pastorun duasına açdı. Mən belə dua eşitməmişdim. Bütün bədənimə titrəyiş düşdü. Ürəyim elə döyünürdü ki, elə bilirdim ki, ağzımdan çıxacaq. Mən hələ bilmirdim bu nə deməkdir və ruhda dua etmək nədir? O duadan sonra özümü çox sakit gördüm və o mənə Müqəddəs Kitabdan İsa Məsihin Allah olması barədə bir neçə ayəni göstərdi. Mən məyus oldum. O mənə təklif etdi ki, evə gedəndə bir otağa girib, tənhalıqda dua edim. Çaşqın vəziyyətdə olduğumu Allaha deyim.
Evə qayıtdım. Mən dua etməyə başladım. Üç gün dua etdim. İki gün cavab almadım. Üçüncü gün mən gördüm ki, yatdığım otağın tavanı buludlarla örtülübdür və bir nərdivan var. Mən bu nərdivanla yuxarı qalxıb, əlimi buludlara saldım və çox rahat idim. Bir səs mənə: ‘Məsihin ardınca get!’ – dedi. Bu anda mən yuxudan oyandım. Özümü çox xoşbəxt hiss etdim, sevinirdim, sanki uçurdum. Çünki bilirdim ki, Allah mənə cavab verdi. Ondan hansı yolu tutmağımı soruşurdum və O mənə cavab verdi.
İlk dəfə idi ki, mən cavab almışdım. Bu hadisədən sonra mən məbədə getdim. Orada tövbə etdim, İsa Məsihi həyatıma qəbul etdim və mənim həyatım tam dəyişməyə başladı. Fikir düşüncələrim, planlarım və xüsusiyyətlərim. Məqsədim 1 oldu – İsa Məsih. O mənim həyatımı dəyişdi. Mənə atamı sevməyi öyrətdi. İndi biz onunla çox yaxınıq. O mənə yalanı həqiqətdən ayırmağı öyrətdi. Yanlış yollardan qorudu. Böyük sirrlərini açdı. Mənimlə kəlam, yuxu vasitəsilə danışdı. Həyatımda çoxlu möcüzələr gördüm. Amma əsas möcüzələr deyil, əsas odur ki, mən həqiqəti dərk etdim və daha göz muncuğuna, at nalına, üzərliyə yox, diri olan Allahın Özünə iman edirəm. Onun sevgisini duyuram. Mən indi çox xoşbəxtəm, çünki hər sabahım İsa Məsihlə açılır və mən bilirəm ki, hər nə olursa-olsun O heç vaxt məni tərk etmir. O hər zaman mənimlədir.
O mənim həyatımın mənasıdır. Amin!