Mən Şahin 1973-cü ildə Bakı şəhərində anadan olmuşam. Uşaqlıqdan çox pis mühitdə böyümüşəm. Orta məktəbi demək olar ki, oxumamışam. Hətta bir çox hərfləri tanımırdım. Mən uşaqlıqdan özümü müsəlman sayırdım, lakin mənim müsəlmançılığa heç bir aidiyyətim yox idi. Yaşadığım ərazidə xristianlar yaşayırdı və mən onlarla müsəlmanlar arasında fərq qoyurdum. Mən xristianları sevmirdim, həmişə onlarla mübahisə edirdim.
1989-cu il idi. Mənim 15-16 yaşım olardı. O dövrdə ermənilər Azərbaycan torpaqlarını zəbt etdilər. Bizim xalqımız bununla razılaşmadı. Azərbaycanda böyük nümayişlər başladı. Mən də bu nümayişlərin iştirakçısı oldum. İlk dəfə nümayişdə on üç gün iştirak etdim. O dövrdə Azərbaycan Sovet imperiyasının tərkibində olduğu üçün sovet qoşunları şəhərə daxil olub, bizi mühasirəyə aldı və tanklar üstümüzə gəldi. Bu ilk nümayişdə Allah məni təhlükədən qurtardı. Bir neçə aydan sonra mən daha böyük bir nümayişə qoşuldum. Bu hadisə 1990-cı ilin yanvar ayında baş verdi. Yanvarın 10-dan 19-na qədər mən orada idim. Ayın 19-u atam yanıma gəlib, məni paltarlarımı dəyişmək üçün evə apardı. Elə həmin gecə mən evdə olarkən qoşunlar insanların üstünə hücum edib, 200 yaşlı insanı qətlə yetirdi. 100-lərlə insan itkin düşdü. Allah məni bu fəlakətdən qurtardı.
Bir neçə aydan sonra mən şəhər restoranlarından birində işləməyə başladım. Mən əyri yollarla pul qazanıb, içkiyə və zinaya xərcləyirdim. O zaman mən bir qızla tanış olub, onunla yaşamağa başladım. Gecə və gündüz sərxoş həyat sürürdüm. Bu 3 il davam etdi.
1996-cı ildə mən İsa barəsində eşitdim, bir tanışım vasitəsilə məbədə gəldim. Mən məbədə həmin qızla gəldim. Orada İsa haqqında eşitdim, lakin heç nə dərk edə bilmirdim. Toplantını yarıdan tərk edib getdim. Yenə də öz çirkin günahlı həyatımı yaşamağa davam edirdim. O zaman narkotik maddələrə qurşandım, ondan asılı vəziyyətə düşdüm. Hər cür yolla narkotik maddə əldə etməyə çalışırdım. Mən Bakıdan 300-400 km aralıda yerləşən bir şəhərə gedib, oradan narkotik maddəni ucuz alıb, Bakıda satırdım. Və bununla da çox cavanları cəlb edirdim.
Bu işlə məşğul olduğum zaman polislər məni axtarmağa başladılar. Mən həyətdə olarkən bir dostum mənə İsa barədə danışdı və təklif etdi ki, tənha bir otaqda Allahı çağırım. Mən dizlərimi büküb, Allahdan kömək istədim. Bir neçə saniyədən sonra mən ‘kayfdan’ ayıldım və başladım həmin dostumu söyməyə.
Üç gündən sonra məni tutdular və orada mənə çox əziyyət verirdilər. Zindanda tək olarkən mən kitab oxumağı öyrənməyə başladım. Bir çox əziyyətlərdən sonra mən zindandan azadlığa buraxıldım. Çıxarkən çox dostlarım məndən üz döndərmişdilər və mənə axırıncı bir avara kimi baxırdılar. Mən özümü tənha və heç kimə lazım olmayan biri kimi hiss edirdim.
Bir gün həmin dostum məni məbədə dəvət etdi. Mən orada tövbə etdim. Mənə Müqəddəs Kitab verdilər, lakin mən onu oxuyarkən heç nə anlamırdım və günahlı həyatımı yaşamağa davam edirdim. Dostum bir daha yanıma gəldi və mənə dedi: ‘İt öz qusduğuna qayıtdığı kimi, təmizlənmiş donuz palçığa girən kimi, sən yenə də öz günahına qayıtdın.’
Mən yenə də məbədə gəldim, tövbə etdim və Tanrını qəbul etdim. Kəlamı oxuyub bir çox şeyləri başa düşdüm. Anladım ki, hər zaman özümdən uzaq saydığım Allah mənə çox yaxındı, hətta demək olar ki, o mənim ürəyimdə yaşayır. Mən Allahı tamam başqa cür təsəvvür edirdim. Düşünürdüm ki, o cəlladdır. İnsanlara can verir və istəyəndə onları öldürür. Mən İsa ilə tanış olandan sonra Allahın mənə Ata olduğunu dərk etdim və onun mənə qarşı sonsuz məhəbbəti olduğunu dərk etdim. Mənim də ürəyimdə ona qarşı böyük məhəbbət yarandı.
Allah məni siqaretdən, alkoqoldan, narkotik maddələrdən, zinadan və bir çox murdar pis əməllərdən azad etdi. Hal-hazırda mən məbədin xidmətində iştirak edirəm.
Hər olduğum yerdə insanlara İsa haqqında şəhadətlik edirəm. Allaha mənim həyatımda etdiyi çoxlu dəyişikliklərə və möcüzələrə görə minnətdaram.