Məsihə gəlməmişdən əvvəl Allahın varlığına inanırdım və Onu axtarırdım. Çünki ən çətin vəziyyətlərdə O, həmişə mənə kömək edirdi. Heç bir dini şey (məs. kəlmeyi-şəhadət və.s) bilmirdim. Amma gecələr həmişə Allaha dua edirdim. İnanırdım ki, Allah məni eşidir.

Bütün dünyəvi insanlar kimi mən də günah içində idim. Başqalarını asanlıqla mühakimə edir, yalan danışırdım. Özüm haqqında isə müsbət fikirdə idim. Ancaq özümü düşünürdüm ki, təki mənim həyatım yaxşı olsun. Nəinki qonşu, hətta yaxın adamım belə mənim üçün maraqlı deyildi. Daxilimdə qürur var idi ki, mən yaxşı qızam və mütləq cənnətə düşəcəyəm. Ona görə bu cür fikirləşirdim ki, etdiyim günahlara göz yumur, yaxşı əməllərimi isə şişirdirdim.

Məsihin cəmiyyətinə ilk dəfə maraq xatirinə gəlmişəm. Әvvəllər hər şey mənə gülməli görünürdü. Çünki başqa dinə məxsus olan bir ailədə böyümüş qız üçün, Allaha bu cür ibadət qeyri-adi idi. Lakin burada gedən söhbətlər Allah haqqında olduğu üçün məni maraqlandırırdı. İlk diqqətimi cəlb edən məsələlərdən biri hamının günahkar olması fikri idi. Hər dəfə Allah mənim günahlarımı ifşa edirdi. Nəhayət mən zaman keçdikdən sonra doğrudan da günahkar olduğumu dərk etdim. Amma tövbə etmək fikrim yox idi. Çünki nə qədər də maraqlı olsa da, bu dinin mənim dinim olmadığını düşünürdüm.

Ancaq bir müddət keçdikdən sonra, Məsihin cəmiyyətindəki insanların dünyadakı insanlardan fərqləndiyini görürdüm və onlarla ünsiyyətdə olduqca, mən də o insanlar kimi olmaq istəyirdim. Buna görə dua edirdim. Allah məni dəyişdirir və daha da sadələşdirirdi. Elə bir xırda istəyim yox idi ki, Allah onu yerinə yetirməsin.

Mən altı yaşında olarkən atamı itirmişdik. Onunla bağlı olan xatirələr mənim yadıma gəlmir. Ata qayğısının nə olduğunu, ata balasının istəklərini necə yerinə yetirdiyini mən öz həyatımda duymamışam. Әtrafımdakı atalı insanlara qiptə etmişəm. Amma bu çox davam etmədi. Mən İsanın qayğıma qaldığını və istəklərimi yerinə yetirdiyini gördükcə, öz atasızlığımı unudurdum.

Bütün istəklərimin yerinə yetirildiyini gördükcə, məndə iman daha da artırdı. Mən İsanın həqiqətən diri olub, məni eşitdiyinin şahidi olurdum. İndi mənim dünyəvi atalardan fərqli, ölməz, əbədi Atam var. O, Rəbb İsa Məsihdir!

Mən artıq beş ilə yaxındır ki, məsihçiyəm. Mən Allahı sevir və ömrümü Ona həsr etməyə hazıram. Rəbbə mənə xilas verdiyinə görə minnətdaram. Həmişə Allaha məndən istifadə etməsi üçün dua edirəm.

Məni seçdiyinə görə Allaha və mənim imana gəlməyim üçün bu yolda zəhmət çəkən, dua edən insanlara minnətdaram.