Mən İsa Məsihə iman etməyim haqqında yazılı şəhadət etmək istəyirəm. Bir çoxları kimi mən də tüfeyli bir həyat tərzi sürürdüm. Bu dünyadakı hər şey məni maraqlandırırdı, bir Allahdan başqa. Mənim üçün həyatın mənası yox idi və artıq hər şeydən bezmişdim. Həyatıma məna qatan heç bir şey yox idi. Ona görə də mən özümü öldürmək istəyirdim. Lakin bunu da edə bilmirdim.
Mənim bir xalam oğlu var. Onun adı Raviddir. Bizim uşaqlığımız demək olar ki, bir yerdə keçib. İnsan həyatda çox vaxt qardaş sevgisinə ehtiyac duyur. Bizim də doğma qardaşımız olmadığına görə Ravidlə qardaş kimi idik. Hər dəfə görüşərdik, bir yerdə gəzərdik, futbol oynayardıq və s. Bir xeyli vaxt mən Ravidlə görüşmədim. Bir görüşümüzdən sonra başa düşdüm ki, bu həmin mənim tanıdığım insan deyil. Ravid artıq dəyişmişdi. O mənimlə həmişə etdiyi söhbətləri etmirdi. Bir gün o, mənə Allah haqqında danışdı. Dedi ki, yer üzünə Xilaskar gəlib və Onun adı İsa Məsihdir. O mənə Allahın lazım olduğunu və Allahsız həyatın sonunun cəhənnəm olduğunu dedi. Sonra o, Allahın məni sevdiyini dedi və İsa Məsihi bir Xilaskar kimi qəbul etməyi təklif etdi. Bu sözlər mənə çox toxunmuşdu və mənə elə gəlirdi ki, bu sözləri bir başa Allah özü deyir. Çünki məni qeyri-adi hal bürümüşdü, lakin mən bu sözləri qəbul etmədim.
18 yaşım tamam olanda hərbi xidmətə çağırıldım. Təəccüblüsü o idi ki, hərbi xidmətdə olanda Ravidin dediyi sözlər həmişə mənim beynimdə və ürəyimdə fırlanırdı. Hərbi xidmət mənim imansız həyatımın axrıncı sınağı oldu. Mən hərbi xidmətimi bitirənə yaxın başa düşdüm ki, Allah mənə lazımdır. Başa düşdüm ki, Rəbbsiz birbaşa cəhənnəmə gedəcəyəm. Canıma qorxu düşmüşdü, çünki mən özümü sevən bir insan idim. Ravid mənə demişdi ki, yer üzündə axrıncı insan tövbə edəcək və artıq qapılar bağlanacaq.
Eqoistcəsinə bir dua etdim. Bu mənim imansız həyatımda etdiyim ilk duam idi. Dedim, “Әgər həqiqətən Sən sevən, mərhəmətli, bağışlayan Allahsansa, qoy mən hərbi xidməti bitirim və məbədə gedib tövbə edim. İsa Məsihi şəxsi Xilaskarım kimi qəbul edim və sonra tövbə qapıları bağlansın. Amin…” Elə də oldu. Rəbb mənim bu duama cavab verdi. Hərbi xidməti bitirəndən sonra İsa Məsihi qəbul etdim. Məbədə gəldim və orada deyilən Allah Kəlamlarına qulaq asdım. Mənə təklif edildi ki, Rəbbi qəbul edim və bunu etdim. Tövbə edən zaman məni qeyri-adi bir hal bürümüşdü. Mənim həm ağlamağım, həm də sevinməyim gəlirdi. Mən hiss edirdim ki, kainatı yaradan Diri Allah bizim aramızdadır. Elə hiss edirdim ki, bütün yüklərim götürülüb və rahatlıq tapmışdım.
İmansız olanda məndə Allahın istəmədiyi mənfi xüsusiyyətlər var idi. Məs: oğurluq, yalan, böhtan, paxıllıq, qəzəb, nifrət və s. Mən İsa Məsihi şəxsi Xilaskarım kimi qəbul edəndən sonra Allah daxilimdə olan bu mənfi xüsusiyyətlərdən məni azad etməyə başladı. Rəbb mənim həyatımı dəyişdi və ən əsası İsa mənim həyatıma məna qatdı. Artıq mən özümü öldürmək istəmirəm. Artıq mən xoşbəxtəm, çünki İsa Məsih mənə görə canını qurban verib. Üç ilə yaxındır ki, İsa Məsihlə yaşayıram. Şükür olsun ki, O, mənim kimi günahkar insanı qəbul edib öz balası edib. Amin.