– Həmdi, – Əhməd sözə başladı. – Bilirsən, mən Məsih və Onun həyatını bəşəriyyətin günahına görə qurban verib kəffarə etməsi barədə çox düşündüm. Bir şey var ki, onu başa düşmək istəyirəm. Günah haradan yaranır? Nə üçün hər bir insanda günah problemi var? Bunu mənə izah edə bilərsənmi? – Əhməd ciddi surətdə müraciət etdi.
– Düşünürəm ki, izah edə bilərəm? Amma biz əvvəldən başlamalıyıq. Günahın haradan yaranmasından. Tövratda oxuyuruq ki, Allah bəşəriyyəti və dünyanı yaradandan sonra insanı cənnətdə yerləşdirdi. Cənnətdə insan pak və həmahəng idi. Bildiyin kimi bir hadisə cənnətdəki həyatı korladı. Nə baş verdi Əhməd?
– Əşi şeytan gəlib cənnətdə hər şeyi korladı. – Əhməd cavab verdi.
– Tamamilə doğrudur! – Həmdi dedi. Allah Adəmə dediyi kimi xeyir və şər ağacının meyvəsindən yeməyi qadağan etmişdi:
“Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən.” (1)
Şeytan ilan şəklində gəlib Adəm və Həvvanı sınağa çəkdi. Onlar Allahın sözünə itaət etməyib meyvədən yedilər.
Bu bütün bəşəriyyətin məhvinə səbəb oldu və o zamandan günah insana daxil olub, onun bir hissəsinə çevrildi. Bununla da bütün insanlar günahkar oldular.
– Bütün insanların günahkar olmasına əminsənmi? – Əhməd şübhə ilə soruşdu.
– Bunu qəbul etmək mənim üçün çətindir. Necə yəni hamı günahkardır?
– İnsan yediyi meyvə kimi oldu, – Həmdi dedi. – O çox qəribə bir qarışığa çevrildi. Bəzən insan çox gözəl və xeyirxah iş görə bilər, sonra dönüb yalan, riyakar bir hərəkət edə bilər və yaxud da öz yaxınının yaxşı şeylərini mənimsəyə bilər. Bir tərəfdən insan sevən, qayğıkeş, digər tərəfdən paxıl, eqoist, nifrət edən, günahın müxtəlif keyfiyyətlərini özündə daşıya bilən şəxsə çevrilə bilər. Əhməd, dediyin kimi hər kəsin belə bir problemi var. Bütün dinlər bu problemi həll etməyə çalışırlar. Bütün ölkələrdə qanun tərtib edilir ki, günahı məhdudlaşdırsınlar. Ən pisi isə budur ki, insan günah etdiyi üçün günahkar deyil, o günahkar olduğu üçün günah edir. Bu insan daxilində günah və şər istehsal edən bir fabrikə bənzəyir. Məgər bu belə deyilmi?
– Təəssüf ki, insan haqqında dediklərinin hamısı düzdür və bunlarla razılaşmağa məcburam. İnsan həqiqətən də xeyirlə şərin qarışığıdır. – Əhməd cavab verdi. – Şeytanın bura nə dəxli var?
– Başa düşürsən, şeytan vasitəsilə günah bəşər həyatına və bütün cəmiyyətə hökm etdi, – Həmdi dedi, – o, bir zaman Adəm və Həvvanı sınağa çəkən eyni ruhda bu gün də öz işini görür. O insanları şirnikləndirir, bizi günah içində yaşamağa vadar edir. Deməli, günah vasitəsilə şeytan bizim həyatımız üzərində hökm sürür. Çünki günah bizi Allahdan ayırır, elə günaha görə də dünyamız bu gün bərbad vəziyyətdədir. Allah hər bir şeyi gözəl yaratmışdı. İnsan dünyaya çoxlu şər gətirdi. Məsələn, xalqlar arasında müharibələr işgəncələr, insanlar arasında qeyri-normal əlaqələr və dünyada insan həyatı dağıdan müxtəlif növlü çoxsaylı şər işlər.
– Demək istəyirsən ki, Allah bizi tamamilə başqa cür yaratmışdı, amma dünyanın bugünkü vəziyyəti Adəm günahının davamıdır. – Əhməd soruşdu.
– Əlbəttə. – Həmdi dedi. – Yazıldığı kimi günah Adəm vasitəsilə insana daxil oldu.
“…günah tək bir adam vasitəsilə və ölüm günah vasitəsilə dünyaya girdi, eləcə də ölüm bütün insanlara keçdi; çünki hamı günah işlətmişdir.” (2)
Günahın ən pis aqibəti ruhani və fiziki ölümdür.
– Ruhani və fiziki ölümmü? – Əhməd təəccüblə Həmdiyə baxaraq soruşdu. – Ruhani ölüm nə deməkdir?
– Allah insana dedi ki, əgər o meyvədən yesə məhv olub öləcək. – Həmdi cavab verdi. Allah sözünə sadiq olduğuna görə bəşəriyyətin başının üstünü ölüm kəsdi və o gündən hər bir kəs ölümlə üzləşməlidir. Lakin insan günah edərkən ruhən də ölür.
– Bu necə olur? – Əhməd soruşdu.
– Günahın aqibəti insanın cənnətdən qovulması ilə nəticələndi, – Həmdi dedi. – O, Allahla kamil ünsiyyətdə olduğu təmiz yerdən qovuldu. Cənnətdən kənarda yaşamağa məcbur oldu. İnsan ruhən öldü və günaha görə müqəddəs və Var olan Allahdan ayrı düşdü. Beləliklə, insanı Allahdan günah və şər kimi başqa heç nə ayıra bilməz. Günaha görə insan Allahla yaxın ünsiyyət qura bilmir. Allah pak və müqəddəs olduğuna görə günahla heç bir əlaqəsi yoxdur. Bu na görə də bizə Xilaskar lazımdır ki, O bizi günahın aqibətindən xilas etsin. Əhməd inanırsanmı ki, sənin bütün günahların yazılıb?
Əhməd bir qədər narahat olaraq dedi:
– Bilirəm ki, insanı müşayiət edən iki mələk bunları yazır.
– Allah bizim haqqımızda hər şeyi bilir. – Həmdi sözünə davam etdi. – Hər bir pis hərəkəti, hər bir pis sözü, pis mövqeyi. Bunlar hamısı Allahın yanında yazılmışdır. Hökm günü əməllərinin necə qiymətləndiriləcəyini bilirsənmi?
– Yox ancaq Allah bilir. – Əhməd sakitcə cavab verdi.
– Allah səni sevir Əhməd. Yada sal ki, Allah Quzusu Məryəm oğlu İsa bütün günahlarımızı üzərinə götürdü. Hər şeyin əfvi var, – Həmdi təmkinlə danışdı.
Əhməd bir az düşünüb sonra dedi:
– Əgər Məsih bu qədər vacibdirsə, nə üçün Adəm və Həvva Onun barəsində eşitməmişdir?
– Desəm ki, onlar Məsih haqqında eşidiblər inanarsanmı? – Həmdi dedi.
– Yox, Adəm və Həvvanın Onun haqqında eşitməsi əsla ola bilməz. – Əhməd təəccübləndi.
– Allah insanı sevir və onunla ünsiyyətdə olmaq istəyir; – Həmdi cavab verdi, – Nəyə görə O, başlanğıcda Məsih barədə deyib. Adəm və Həvvanın başına bu faciə gələndə onlara bir xilaskar vəd olundu ki, O, günlərin bir günündə iblisin insan üzərindəki hökmünü süqut etdirəcək. Allah iblisə deyəndə Adəm və Həvva da Onun sözlərini eşitmişdi.
“Mən səninlə qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, sən də onu dabanından sancacaqsan.” (3)
Bibliya boyu oğullar atasının adı ilə göstərilir – İbrahim oğlu, Yaqub oğlu, həmçinin orada “qadın toxumu” da göstərilir. Onlardan birinin atası olmayacaq, oğul ancaq qadından doğulacaq. Bu Oğul bəşəriyyət üzərində şeytanın hökmünü dağıdacaq. Baxmayaraq ki, şeytan ilan kimi Onu dabanından sancıb öldürmək istəyəcək.
Bu Məryəm oğlu İsanın Özünü qurban verməsi və bəşəriyyətin günahının kəffarə edilməsinin dəqiqliklə göstərilməsidir.
– Bu çox gözəldir. – Əhməd dedi: – fövqəladə Allah yerdəki ilk insanlara Məsih haqqında məlumat verib və Məsihin Bibliyanın əsas həqiqəti olması Bibliyada deyildiyi kimi sübuta yetirilib. Həmdi, növbəti görüşümüzədək mənə düşünmək üçün çox şey verdin.
– Salamat qal.
– Salamat qal.
(1) Yar. 2:16-17
(2) Rom. 5:12
(3) Yar. 3:15