Allah və insan

Əhməd maraqla dedi:

– Mən daima bizim axırıncı söhbət barədə düşünürəm. Əvvəlcə dedin ki, Məryəm oğlu İsa insandır, sonra dedin ki, Allah Özünü Onda göstərib. O, həqiqətən kimdir? Belə çıxmırmı ki, siz özünüz Məsihi Allah Oğlu etmisiniz?

Həmdi sözə başladı:

– Bilirsən, Əhməd, bu sualın cavabı Allahla əbədiyyətdə və burada olan həyatın açarıdır. Əgər biz insanı Allah etsəydik, onu Allaha şərik qoşardıq. Lakin Bibliya deyir ki, Allah insanda göründü. Gəlin razılaşaq ki, Allah insan kimi doğuldu. Peyğəmbərlik kitablarında göstərildiyi kimi O, İbrahimin, Yaqubun, Davudun oğludur. Məsih doğulmazdan əvvəl edilən peyğəmbərliklər də bunu göstərir. Allah demişdi ki, “O, Məsih simasında yanımıza gələcək.” Həvarilər və peyğəmbərlər Allahın həqiqətən Özünü Məsihdə bizə göstərməsini öyrədirlərmi?” – Əhməd heyrətlə soruşdu.

Həmdi dedi:

– Bibliyanın əsas mövzusu Məsihdir. Allahın Məsih haqqındakı həqiqəti peyğəmbərlərə açmasına təəccüblənmə.

Əhməd təkidlə dedi:

– Mən yazının bu yerlərini görmək istəyirəm, tez ol göstər.

Həmdi bir az düşünüb sonra dedi:

– B.e.ə. 700-cü ildə Allah Mikeya peyğəmbərə bu sözü nazil etdi ki, Məsih Beytlehem şəhərində doğulacaq. O, burada açmışdı ki, Məsih doğulmazdan əvvəl də mövcud idi.

“Ey Beytlehem Efrata, sən Yəhuda nəsillərinin kiçiyi olsan da, Mənim üçün İsrail üzərində hökmdar səndən çıxacaq. Onun nəsli çox qədimlərə, zamanın başlanğıcına gedir.” (1)

Məsih Müjdədə yazıldığı kimi Beytlehemdə doğuldu.

“Yusif də Davud sülaləsindən və nəslindən olduğuna görə, hamilə olan nişanlısı Məryəm ilə bərabər orada qeyd olunmaq üçün, Qalileyadakı Nazaret şəhərindən Yəhudeyada yerləşən Beytlehemə, Davudun şəhərinə yola düşdü. Onlar orada olarkən Məryəmin doğmaq vaxtı gəldi. İlk Oğlunu doğdu, Onu qundağa sarıdı. Və Onu bir axura qoydu, çünki onlar üçün mehmanxanada yer yox idi. (2)

Sual oluna bilər ki, dünya yaranmazdan əvvəl var olan Şəxs kimdir? O, Yerusəlimdə Ona şübhə ilə yanaşan yəhudilərə belə demişdi:

“Atanız İbrahim Mənim günümü görəcəyi üçün şad oldu; gördü və sevindi.” Bunun üçün yəhudilər Ona dedilər: “Sənin heç əlli yaşın yoxdur; məgər Sən İbrahimi gördünmü?” İsa onlara cavab verdi: “Sizə doğrusunu, doğrusunu deyirəm: İbrahim olmazdan əvvəl Mən varam.” (3)

Bildiyimiz kimi İbrahim e.ə. 2000-ci ildə yaşamışdı. Onda belə çıxır ki, Məsih Özü də təsdiq edir ki, O, doğulmazdan əvvəl mövcud idi, – Əhməd dedi. – Bəs Allahın Özünü Məsihdə göstərməsi harada yazılıb?

Həmdi dedi:

– Bu, Bibliyanın çox yerində yazılıb. Yeşaya peyğəmbər deyir ki, O, kiçik bir ölkədən çıxacaq. İsa orada böyüdü. O, əbədi səltənət quracaq və bu, padşahlığın əsas xətti Allahın sülhü olacaq. Oranın Padşahı Davud oğlu Özü olacaq, peyğəmbər Məsihə müxtəlif adlar verərək Onun şəxsiyyətindən danışır.

“Çünki bizim üçün körpə doğuldu, bizə oğul verildi, hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar, Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Əmin-amanlıq Hökmdarı olacaq. Hakimiyyətinin və əmin-amanlığının artmasının sonu olmayacaq, O, Davudun taxtı və səltənəti üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə indidən əbədi olaraq quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək.” (4)

Bildiyimiz kimi Allah verən adlar bu İnsanın şəxsiyyətini müəyyənləşdirir.

Bəli, Əhməd, Ecazkar, Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Əmin-amanlıq Hökmdarı adı ilə adlandırılan bu şəxs kimdir?

Əhməd dedi:

– Məsih doğulmazdan əvvəl belə, peyğəmbərlərin Onun barəsində yazdığını artıq başa düşdüm. Doğurdanmı Allah yaratdığı dünyaya gələcək.

Həmdi dedi:

– Vəftizçi Yəhya Məsihin müasiri idi. Allah onu göndərmişdi ki, Məsihin yollarını hazırlasın, insanları tövbəyə və İsaya iman etməyə çağırsın. Yəhyadan “kimsən, Allah səni nə üçün göndərib” deyə soruşanda o, Yeşaya peyğəmbərin kitabından 40-cı fəsildəki bu sözləri söylədi:

“Səhrada bir nəfərin səsi nida edir: “Rəbbin yolunu hazırlayın, çöldə Allahımız üçün düz yol açın. Hər dərə yüksəldiləcək, hər dağ və təpə aşağı endiriləcək, yoldakı əyriliklər düzələcək, kələ-kötür yerlər hamar ediləcək. Rəbbin əzəməti aşkar olunacaq, bütün bəşər bunu birlikdə görəcək.” (5)

Yeşaya peyğəmbər yazırdı ki, böyük padşah gələcək, Onun üçün səhrada yeni və hamar yol salmaq lazımdır. Əhməd, bizim yanımızda olacaq bu padşah kimdir?

Əhməd fikirləşərək dedi:

– Peyğəmbərin dediyinə görə bu Rəbbimiz, Allahımızdır.

Həmdi sözünə davam etdi:

– Bu şəkil get-gedə daha aydın olur. Əgər bu yazını daha diqqətlə oxusaq, orada yazılmışdır:

“Ey Siona müjdə gətirən, yüksək dağa çıx! Ey Yerusəlimə xoş xəbər gətirən, ucalt səsini, car çək, qaldır səsini, qorxma. Yəhuda şəhərlərinə de: “Budur Allahınız!” Budur, Xudavənd Rəbb Öz qüvvəsi ilə gəlir, O, qüdrətlə hökm edəcək, mükafatı Onunladır, ənamı önündədir. O Öz sürüsünü çoban kimi otaracaq, quzuları qucağına alacaq, sinəsində gəzdirəcək, sağmal heyvanların qayğısını çəkib otaracaq.” (6)

Ona iman edənlər üçün Məsih həqiqətən bir çoban simasında gəldi. O Öz haqqında belə deyir:

“Mən yaxşı çobanam; yaxşı çoban qoyunlar uğrunda canını verər.” (7)

Əhməd, bəs peyğəmbərin dediyinə görə çoban simasında gələn Şəxs kimdir?

Əhməd peyğəmbərin sözlərinin böyük təsiri altında dedi:

– Razılaşmalıyam ki, Rəbb Allahın Özüdür.

Həmdi sözünə davam etdi:

– Məsih haqqında edilən bütün peyğəmbərliklərdən göründüyü kimi deyilənlər Məryəm oğlu İsa Məsihdə tamam oldu. Məsih doğulmazdan əvvəl Cəbrayıl vəftizçi Yəhyanın atasının yanına gəlib, onun oğlu olması barədə xəbər verdi. Cəbrayıl dedi:

“O, Rəbbin qarşısında böyük olacaq, şərab və başqa içki içməyəcək; və hələ anasının bətnində ikən, Müqəddəs Ruhla dolacaqdır; Və İsrail oğullarından bir çoxunu, onların Allahı olan Rəbbə tərəf döndərəcəkdir; Ataların ürəklərini uşaqlara, itaətsizləri salehlərin hikmətinə döndərmək və Rəbbə hazırlanmış bir xalq təşkil etmək üzrə İlyasın ruhu və qüdrətilə Rəbbin önündə yeriyəcəkdir.” (8)

Əhməd, İncilə əsasən vəftizçi Yəhyadan sonra gələn kimdir?

Əhməd dedi:

– Onların Rəbb Allahı.

Həmdi dedi:

– Vəftizçi Yəyha doğulanda Zəkəriyyə belə demişdi:

“Ey körpə, sən isə Haqq-Təalanın peyğəmbəri adlanacaqsan, çünki Rəbbin yolunu hazırlamaq üçün Onun önündə gedəcəksən, Onun xalqına günahlarının bağışlanması ilə xilas olunacaqlarını bildirəcəksən. Çünki Allahımızın ürəyi mərhəmətlidir. Bu səbəbdən yüksəklərdən doğan Günəş…” (9)

Görürsən, Yeşaya peyğəmbərin, mələk Cəbrayılın və Zəkəriyyənin sözlərinə görə Zəkəriyyə oğlu Yəhya Rəbdən qabaq gələcəkdir. Ondan sonra gələn isə Allahın Özüdür:

Əhməd dedi:

– Bəli, bunları başa düşürəm və görürəm ki, hər şey Məsih gələndən sonra təsdiq olundu.

Həmdi dedi:

– Özü də tam dəqiqliyi ilə. Məryəm Davudun şəhəri olan Beytlehemdə İsanı doğarkən Rəbbin mələyi otlaqdakı çobanlara görünüb dedi:

“Mələk də onlara dedi: “Qorxmayın! Mən sizə, bütün xalqı çox sevindirəcək bir müjdə gətirmişəm. Çünki bu gün Davudun şəhərində sizə Xilaskar doğuldu. O, Rəbb Məsihdir.” (10)

Məsihin Rəbb olması faktı İncildə dəfələrlə təsdiq olunmuşdu. Məsələn, orada yazılıb:

“Mən və Ata birik.” (11)

Əhməd dedi:

– Lap əvvəldən Məryəm oğlu İsanı sevərək ona hörmət bəsləmişəm, amma ilk dəfədir ki, Məsihin şəxsiyyəti və dünyaya gəlişinin məqsədini tam dəqiqliyi ilə anlayıram. Sənə səmimi qəlbdən minnətdaram ki, mənim üçün vaxt ayırıb bunların hamısını mənə izah etdin.

Həmdi ciddi surətdə dedi:

– Əhməd, əgər Məsihə inansan Allah sənin bütün günahlarını bağışlayar və səni əbədi həyata dəvət edər. Ölümə qalib gələrək ölülərdən dirilən Məsihin Özü belə deyir:

“İsa ona dedi: “Dirilmə və həyat Mənəm; Mənə iman edən ölsə də yaşayar; Və kim yaşayıb Mənə iman edərsə, əsla ölməz.” (12)

Əhməd, Məsihə iman etməklə Allahın sənə verdiyi bu hədiyyəni qəbul edirsənmi?

Əhmədin gözləri yaşardı və dedi:

– Bəli. O, indi mənim qapımı döyür. Mən bu hədiyyəni necə qəbul edə bilərəm?

Həmdi dedi:

– Bu çətin deyil. Allaha öz sözlərinlə dua et. Onun üçün qəlbini aç. Onsuz da O bizim haqqımızda hər şeyi bilir. Məsih qurbanı vasitəsilə verilən əfvi qəbul et. Dua et ki, Allah sənin həyatına gəlib, Müqəddəs Ruhu ilə sənə lazımınca güc versin ki, Məsihin ardıcılı və şagirdi olasan. Məsihin adı ilə dua et, çünki O Özünü qurban verməklə səninlə Allah arasında vəsatətçi oldu.

Bu yolla Məsihi qəbul etsən, bir möcüzə görəcəksən. Bibliya öyrədir ki, sən səmadan doğulacaq, Məsih vasitəsilə Allahla şəxsi ünsiyyət quracaq və Ondan yeni həyat alacaqsan. Allah sənin Atan, sən də onun oğlu olacaqsan. Xoş Xəbər də Məsihi qəbul edənlər barəsində belə yazılıb:

“Onu qəbul edənlərin hamısına, Onun adına iman edənlərə isə Allahın oğulları olmaq haqqını verdi.” (13)

Onlar duasını bitirəndən sonra Rəbbə şükür etdilər.

Həmdi sevinclə dedi:

– Bizim ailəmizə xoş gəlmisən. İndi biz Məsih vasitəsilə böyük Allah ailəsində qardaşıq.

Əhməd sevincdən cuşa gələrək dedi:

– Sənə minnətdarlığımı necə bildirim?

Həmdi dedi:

– Minnətdarlığını Allaha hər gün bildir. Çalış ki, sənin kimi Məsihin başqa ardıcılları ilə ünsiyyətdə olasan. İndi sən Məsihin şagirdlərinə öyrətdiyi duanı edə bilərsən.

“Ey göylərdə olan Atamız, Adın müqəddəs tutulsun. Səltənətin gəlsin. Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver; Və bizə borclu olanları bağışladığımız kimi, bizim borclarımızı da bağışla; Və bizi imtahana çəkmə, lakin bizi şərdən xilas et. Çünki səltənət, qüdrət və izzət əbədi olaraq Sənindir. Amin.” (14)

(1) Mikeya 5:2

(2) Luka 2:4-7

(3) Yəhya 8:56-58

(4) Yeş. 9:6-7

(5) Yeş. 40:3-5

(6) Yeş. 40:9-11

(7) Yəhya 10:11

(8) Luka 1:15-17

(9) Luka 1:76-78

(10) Luka 2:10-11

(11) Yəhya 10:30

(12) Yəhya 11:25-26

(13) Yəhya 1:12

(14) Matta 6:9-13