Əhməd bir işə şirkətə girmişdi. Tamamilə demək olmazdı ki, o öz işindən narazı idi, amma rəhbərliklə işləmək onun üçün çox çətin idi. Mütəmadi olaraq rəhbəri onun bilik və bacarığını üzə çıxarmasına maneçilik törədirdi. Şöbədə yeni bir mürəkkəb tapşırıq olan kimi rəhbər özünü irəli atıb, bütün şöhrəti özünə götürürdü.

Dəfələrlə Əhməd işini dəyişmək barəsində düşünürdü. Amma o zaman işsizlik problemi olduğuna görə bundan yaxşı iş tapmaq çətin idi. Bundan başqa o biri yerlərdə əmək haqqı aşağı olduğundan, Əhməd bu işdə qalmaq məcburiyyətində idi. O öz-özünə deyirdi ki, axı ona pul lazımdır və arvadını, iki uşağını saxlamalıdır. Əhməd öz uşaqları ilə fəxr edirdi, xüsusən Həsənlə. O, universitetdə mühəndis ixtisası üzrə oxuyurdu.

Budur, şöbədə yaxşı bir hadisə oldu. Həmdi adlı bir adam onların yanına işə girdi. O Əhməddən bir qədər cavan idi. Daim əhval-ruhiyyəsi yaxşı, şən insan idi və onunla asanlıqla yola getmək olurdu. Axır ki, Əhmədin işdə bir dostu oldu. Onlar birgə nahar edib və işdən sonra da görüşməyə başladılar. Həmdi də evli idi və Allah ona dörd övlad vermişdi; iki oğul, iki qız.

Tezliklə Əhməd və Həmdi yaxın dosta çevrildilər və bir-birlərinə qonaq gedib-gəlirdilər. Onlar çay masası arxasında oturub söhbət etməyi çox xoşlayırdılar. Əvvəllər onların söhbəti iş barəsində olurdu. Get-gedə ən mühüm həyati məsələləri də müzakirə etməyə başladılar. Onlar ayrı-ayrı dinə mənsub olmalarına baxmayaraq, hər ikisinin dinə münasibəti ciddi idi. Əhməd müsəlman idi. Yaxın dostu Həmdi isə daima Bibliya oxuyardı, çünki Məsihin ardıcılı idi. Əhməd öz-özünə heyrətlənirdi, çünki o, Həmdini yaxından tanıdıqca onun Allahla keçən həyatına və dininə ehtiramla yanaşmağa başlayırdı. Dostunun onun gözləmədiyindən də artıq Allahla əlaqəsi olmasını Əhməd dərk etməyə başladı. Bu da onda böyük maraq yaratdı. Əhməd tam yəqin etdi ki, Həmdinin Allahla keçən həyatı Məsihə bağlıdır. Müəyyən mənada Əhməd də Məsihə inanırdı, amma başqa cür. Əhməd Quranda Məryəm oğlu İsa haqqında yazılanların hamısına inanırdı, onun İsaya dərin ehtiramı vardı. Əhməd bilirdi ki, İsa bakirə Məryəmdən doğulmuşdu, Allahın izni ilə çoxlu möcüzələr göstərmiş və Müjdəni Allahdan almışdı. Eyni zamanda Əhməd anlayırdı ki, Məsihin həyatından bir neçə şeyi bilir. Quranda göstərilən bu böyük Allah rəsulu haqqında daha çox öyrənmək istəyirdi.

Nəhayət Əhmədin bu marağı üstün gəldi və Həmdidən Məsih haqqında öyrənmək qərarına gəldi. Bu qərar xeyli söhbətlərlə nəticələndi.