Mən, Ravid 1978-ci ildə Qusar rayonunun Anıx kəndində zəngin bir ailədə anadan olmuşam.
Atam, anam və iki bacım var. Atam lal və kardır. Anam isə evdar qadındır.

Atam Bakıda, biz isə kənddə yaşayırdıq. O bizim ilə yaşamaq istəmirdi, çünki bizi sevmirdi. Lakin o, iki aydan bir bizim yanımıza gəlirdi. Bizə qayğı göstərən və bizi saxlayan babam, yəni atamın atası idi. Bizim ümidimiz babamıza idi, ona görə də mən babamı özümə Rəbb bilirdim. Çünki o mənim hər şeyim idi, məni sevirdi.

Bundan başqa mənim cavab tapa bilmədiyim suallarım olurdu. Məsələn, nə üçün dünyada bu qədər müharibələr olur və uşaqlar, qocalar öldürülür. Onlar Rəbbə yalvarırlar, əgər Rəbb varsa, bəs nə üçün onlara cavab vermir və onları qorumur? Bu suallara cavab tapmadığım üçün mənim Rəbbə imanım yox idi.

Təxminən 13 yaşım olanda babam dünyasını dəyişdi və atam bizi yaşamaq üçün Bakıya apardı. Biz bərabər yaşayanda atam və anam tez-tez mübahisə edirdilər və bu mənə çox pis təsir edirdi. Mən özümü öldürmək istəyirdim. Mənə kömək edən yox idi. Buna görə də düşündüm ki, bəlkə Rəbb var, mən onu tapmalıyam və o bizə kömək edə bilər.

Mən o gündən Rəbbi axtarmağa başladım. Bir ‘Krişna’ cəmiyyətinə getdim. Lakin mən ‘krişna’ olanda hiss edirdim ki, nə isə çatmır və mənim Kiməsə ehtiyacım var. Sonra bizim qonşumuz mənə islam dini haqqında danışdı və mən namaz qılmağa və Quran oxumağa başladım. Amma yenə də hiss etdim ki, mən ehtiyacım olanı tapa bilməmişəm.
Ailəmizdə olan mübahisələr bitmirdi və mən artıq belə yaşamaq istəmirdim.

Bir müddətdən sonra atam bizi atıb Moskvaya getdi. Bizə kömək edən olmadığı üçün həyat bizim üçün çox çətin oldu. Çörək almağa pulumuz yox idi. Artıq mənim 15 yaşım var idi və mən bir iş tapmaq istəyirdim. Həmin vaxt mən xəstələnib, yatağa düşdüm. O zaman Allaha dua edib dedim: ‘Tanrı, mən namaz qılıram, Quran oxuyuram, bəs nə üçün sən mənə kömək etmirsən? Sən hardasan?’

Bir gün mən xəstə olduğum vaxt bir tanışımız bizə qonaq gəldi. Məni yataqda görüb soruşdu, nə üçün sən nə üçün xəstələnmisən? Mən isə ona dedim ki, mən çox pirlərə getmişəm, Rəbbə çox dua edirəm, amma O mənə şəfa vermir. O mənə dedi ki, mən bir Xilaskar tanıyıram. Adı İsadir. Әgər sən istəsən mən sənin üçün İsaya dua edərəm və O mütləq sənə yardım edər. Baxmayaraq ki, mənim Məhəmmədə imanım çox idi, amma ürəyimdə bu insanın sözlərinə qarşı iman yarandı və mən ona dedim ki, o mənim üçün İsaya dua etsin.

Bu insan mənim üçün dua edəndən 1 həftə sonra mən yataqdan qalxdım. İsanın mənə şəfa verməsini unutdum və artıq mənim üçün dua edən insanı görmədim. Özüm-özümə kömək etməyə çalışırdım, lakin kömək edə bilmirdim. Problemlərim daha da çoxalmağa başlayırdı. Mən isə Allah haqqında düşünmür, artıq namaz qılıb, Quran oxumurdum.

Bir gün mən bir dostumun yanına getdim. O mənə çay və bir broşurdan cırılmış kağızda qənd verdi. Mən çayı içəndə qəndi götürdüm. Qəndi götürəndə kağızda İsa Məsihin şəklini və altında Matta 11:28-ci ayəni gördüm. Orada yazılmışdı: ‘Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm.’

Bu şəklə baxanda hiss etdim ki, İsa məni çağırır. Yanıma gəl, mən sənə kömək etmək istəyirəm. Bu an mən bütün yüklərimdən azad olmuş kimi hiss edirdim. Elə bil ki, yatmışdım, O isə məni oyatdı. O gündən İsanı axtarmağa başladım.

Bir gün küçədə bir neçə insanın bir yerə toplaşdığını gördüm. Onlara yaxınlaşanda gördüm ki, cavan bir oğlanla yaşlı kişi İsa haqqında söhbət edir. Qoca kişi isə ona Məhəmməd barədə danışır. Bir qədər söhbətdən sonra qoca kişi cavan oğlanın suallarına cavab verə bilmədiyi üçün hirsləndi və utanıb oradan getdi. Mən bu oğlana yaxınlaşdım və onunla tanış oldum. Onun adı İsmayıl idi. Mən ondan bu sözləri hardan bildiyini soruşdum. O isə mənə dedi ki, əgər sən istəsən mən səni bizim kilsəyə apararam və sən də bu sözləri eşidə bilərsən. Mən onunla razılaşdım və dirilmə günü onunla görüşüb kilsəyə getdim. Kilsədəki toplantıda vəz edən insan Matta 11:28-ci ayəni oxudu və bu ayə ikinci dəfə mənim ürəyimə toxundu. Mən hiss etdim ki, İsa mənə lazımdır və toplantının sonunda tövbə edib, İsanı qəbul etdim.

O gündən mənim həyatım dəyişildi. İsa məni yüklərimdən azad etdi, ailəmi sevməyə başladım, atamı bağışladım. Mən ata sevgisinə həsrət qalmışdım. Amma İsa mənə pastor vasitəsilə ata sevgisini göstərdi.

Mən iş axtarırdım. Bir qədər sonra Allah mənə sizin misiyanızda çalışmaq üçün kömək etdi. Bu fürsətdən istifadə edib, sizə öz minnətdarlığımı bildirirəm.
İsa Məsihə həyatımda etdiyi möcüzələrə görə minnətdaram. İndi mən İsa Məsih və Onun Xilaskar olması barədə başqa insanlara şəhadətlik edirəm.