İlk dəfə mənə İncil kitabı veriləndə bu çox qəribə və qeyri-adi göründü. Kitabı evə gətirdim. Әvvəlcə çox oxumurdum. Sonra isə tez-tez oxumağa başladım. Lakin mən İncildə yazılanları başa düşmürdüm. Sonralar bu kitab mənə sanki gül kimi açılmağa başladı. Başa düşdüm ki, əvvəllər Allahın Ruhu məndə yox idi. İndi Allah mənə Öz Ruhunu verib. O Ruh vasitəsilə bu Kitabın sözlərinin vəzlərdə deyildiyi kimi qızıldan da qiymətli olduğunu anladım. İncili oxuduqca Allah mənə günahlarımı, təmizlənmə yolunu göstərdi və ürəyimə böyük sevinc bəxş etdi (hansı ki, bunu sözlə ifadə etmək çətindir). Çətin anlarımda, kədərdə insanların sözlə verə bilmədiyi təsəllini bu kəlam vasitəsilə Allah mənə verdi və indi də verir. Mən hələ cavanam. Cavan üçün seçim etmək hərdən çətindir. Amma bu Kəlam mənim həyat yoluma işıqdır. Bu Kəlamla həyatımı seçmişəm. Mən bir çox kitablar oxumuşam. Amma heç bir kitab İncilin əvəzini verə bilmir. Bu əsrarəngiz kitabdır.

2004-cü ildə Azərbaycan dilində ilk dəfə “Tövrat,” “Zəbur” tərcümə olundu. Kitabın təqdimatında mən də var idim. Öz dilmdə bu kitabı əlimə alanda əllərim sevincdən əsirdi. Göz yaşlarımı saxlaya bilmirdim. Az qalmışdı ki, qışqıram “İsa çox sağ ol.”

İndi mən Allaha minnətdaram ki, hər gün bu Müqəddəs Kitabı oxuya bilirəm. Әgər hər gün oxumasam içimdə boşluq hiss edirəm. Mən minnətdaram ki, Allahın dəyərli və ən qiymətli xəzinəsindən məndə də var və bir daha minnətdaram ki, Allah bu Kəlam vasitəsilə həmişə mənimlə danışır və suallarıma cavab verir.