Bir qadın kimi ən böyük ehtiyacımız nədir?
Yəhyanın Müjdəsi – Fəsil 4
İsa və Samariyalı qadın
1) Fariseylər İsanın* Özünə Yəhyadan daha çox şagird toplayıb vəftiz etdiyi barədə eşitdilər;
2) əslində İsanın Özü deyil, şagirdləri vəftiz edirdi.
3) İsa bundan xəbər tutan kimi Yəhudeyanı tərk edib Qalileyaya qayıtdı.
4) Onun yolu Samariyadan keçirdi.
5) * O, Yaqubun öz oğlu Yusifə verdiyi torpağa yaxın olan Samariyanın Suxar adlanan şəhərinə gəldi.
6) Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat* radələri idi.
7) Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona «Mənə su ver, içim» dedi.
8 ) Çünki şagirdləri yemək almaq üçün şəhərə getmişdi.
9) * Samariyalı qadın Ona dedi: «Sən bir Yəhudisən,
mənsə Samariyalı bir qadın. Necə Sən məndən su istəyə bilərsən?» Çünki Yəhudilər Samariyalılarla ünsiyyət etmirdi.
10) * İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi».
11) Qadın Ona dedi: «Ağa, su çəkmək üçün bir qabın yox, quyu da dərin. Bəs o həyat suyunu haradan alacaqsan?
12) Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız Yaqubdan da üstünsən?»
13) İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar,
14) amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir çeşməyə çevriləcək».
15) Qadın Ona dedi: «Ağa, bu suyu mənə ver ki, heç vaxt susamayım və su çəkmək üçün buraya gəlməyim».
16) İsa qadına «get ərini çağır və buraya gəl» dedi.
17) Qadın da Ona «ərim yoxdur» söylədi. İsa ona dedi: «Ərinin olmadığını düz söylədin,
18) çünki beş dəfə ərə getmisən, indi səninlə yaşayan da ərin deyil, sən bunu düz söylədin».
19) Qadın Ona dedi: «Ağa, görürəm ki, Sən peyğəmbərsən.
20) Bizim atalarımız bu dağda ibadət edirdi, amma siz deyirsiniz ki, ibadət etmək üçün lazımi yer Yerusəlimdədir».
21) İsa ona dedi: «Ey qadın, Mənə inan, artıq o zaman yetişir ki, Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz.
22) Siz bilmədiyinizə ibadət edirsiniz, bizsə bildiyimizə ibadət edirik, çünki xilas Yəhudilərdən gəlir.
23) Artıq o zaman gəlir və hətta gəldi ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət edəcək. Çünki Ata Özünə belə ibadət edənlər axtarır.
24) Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir».
25) Qadın Ona dedi: «Bilirəm ki, “Məsih” deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək».
26) İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm».
27) Bu arada İsanın şagirdləri gəldilər və Onun bir qadınla söhbət etməsinə təəccübləndilər, ancaq heç biri «Nə istəyirsən?» yaxud «Niyə o qadınla danışırsan?» demədi.
28) Bu zaman qadın səhəngini yerə qoydu və şəhərə gedib adamlara dedi:
29) «Gəlin, etdiyim bütün əməlləri mənə söyləyən Adamı görün. Bəlkə elə Məsih Odur?»
30) Adamlar da şəhərdən çıxıb İsanın yanına gəldi.
31) Bu arada şagirdlər «Rabbi, yemək ye» deyə Ondan xahiş etdilər.
32) Lakin İsa onlara dedi: «Məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz».
33) Onda şagirdlər «Görəsən kimsə Ona yemək gətirdimi?» deyə bir-birlərindən soruşdular.
34) İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır.
35) Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır.
36) Əkən də, biçən də birlikdə sevinsin deyə indi biçinçi zəhmət haqqı alır və əbədi həyat üçün məhsul toplayır.
37) Bu işlə bağlı “biri əkər, biri biçər” ifadəsi doğru deyilib.
38) Mən sizi üstündə zəhmət çəkmədiyiniz bir məhsulu biçməyə göndərdim. Başqaları zəhmət çəkdi, sizsə onların zəhmətindən bəhrələndiniz».
39) «Etdiyim bütün əməlləri mənə söylədi» deyə şəhadət edən qadının sözünə görə o şəhərdən olan Samariyalıların bir çoxu İsaya iman etdi.
40) Sonra Samariyalılar İsanın yanına gəlib Ondan xahiş etdilər ki, onların yanında qalsın. İsa da iki gün orada qaldı.
41) Daha çox adam da İsanın sözünə görə iman etdi.
42) Onlar qadına deyirdi: «Biz artıq sənin sözlərinə görə iman etmirik, elə özümüz də eşidib bildik ki, həqiqətən, dünyanın Xilaskarı Budur».
43) İsa iki gün bitən kimi oranı tərk edib Qalileyaya tərəf yola düşdü.
İlk baxışdan sizə elə gələ bilər ki, bu hekayə qəribə səslənir. Adətən sizin və ya mənim kimi insanlar bu cür hekayələri oxumuruq, çünki düşünürük ki, biz o qadın kimi deyilik, yaxud həyatda onun başına gələn oxşar hadisələrlə heç bir əlaqəmiz yoxdur. Əgər biz sosioloji nöqteyi-nəzərdən baxsaq, fikirləşirəm ki, siz haqlısınız, o qadının yaşadığı həyat standartları ilə sizin və ya mənim standartlarım eyni deyil. Lakin belə düşünürəm ki, bir qadın kimi hamımız onun kimi eyni fiziki, emosional və ruhani ehtiyaclara malikik.
Mən sizi dəvət edirəm ki, aşağıda qeyd etdiyim fikirləri nəzərdən keçirəsiniz və baxıb görəsiniz ki, mən haqlıyam, yoxsa yox, yalnız bundan sonra öz qərarınızı verəsiniz. Burada bizim üçün bir qadın kimi həyatımızda tətbiq edilə bilən bəzi elementlər var.
— Gözlənilməz görüş
İsanın dövründə, adamlar, ümumiyyətlə, bu qadının mənsub olduğu qəbilə ilə (samariyalılarla) yaxşı münasibətdə olmurdular və həm də qadın tək olanda kişi üçün onunla danışmaq münasıb sayılmırdı. Bu hekayədə İsa hörməti olan samariyalı bir qadınla yox, fahişə ilə söhbət edirdi. Bir peyğəmbər kimi, İsa bu qadının kim olduğunu bilirdi və onu mühakimə etmək və ya pis niyyətlə dostluq etmək üçün ona yaxınlaşmamıdı. İsa onun keçmişinə və ya milli mənsubiyyətinə baxmadı. Onun həyat tərzindən də xəbərdar idi, amma buna baxmayaraq onunla söhbətə təşəbbüs göstərdi. İsa o qadınla necə rəftar etdisə, Allah da bizimlə elə davranır. O, bizim həyat tərzimizdən, keçmişimizdən xəbərdardır, lakin həmişə bizə Öz məhəbbətini göstərmək istəyir.
— O, həmçinin bizimlə yaxın olmaq istəyir.
Baxın görün Tövratda günah və Allahın məhəbbəti haqqında nə deyilir. v“Ah, Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin, Qulağı kar deyil ki, eşidə bilməsin. Lakin şər əməlləriniz Allahınızla sizin aranızda ayrılıq saldı. Günahlarınıza görə üzü sizdən döndü, O, səsinizi eşitmir. (Yeşaya59:1-2) Bizim rifahımızın yaxşı olmasında həmişə ən çox maraqlı olan və olacaq kəs Allahdır. O bizim günahlı olmağımıza baxmayaraq bizə yaxınlaşır. O, bizim səhv davranışlarımıza, düzgün olmayan münasibətlərimizə və günahlı həyatımıza haqq qazandırmır, lakin O, hələ də bizi sevir. O, yaşamağın ən vacib məqsədinin mərkəzində Allah duran mömin həyat olduğunu bizə göstərməyə gəlib.
— Sizin həyatınızın məqsədi nədir?
O qadın İsa ilə görüşənə qədər həyatının məqsədi heç də Allah deyildi. O günə qədər bu qadın öz gözəlliyini, cazibədar görünüşünü və danışığını kişiləri yoldan çıxarmaq üçün istifadə edirdi, ola bilər ki, bununla ruhani susuzluğunu yatıra biləcəyini düşünürdü, lakin bu baş vermirdi.
— Məkan: Su quyusu
O öz fiziki susuzluğunu təmin etmək üçün su götürməyə düzgün yerə – su quyusuna getmişdi. O susamışdı, ona görə də su quyusuna getdi. O vaxtlar su nəinki fiziki, həmçinin ruhani mənaya da malik idi. Misal üçün, onlar suyu dua etməzdən əvvəl əl yumağa istifadə edirdilər. İsa Həyat Suyu haqqında söhbət edirdi, ruhani mənada bu su quyusu ilə bağlı ola bilər, bu haqda siz belə düşünmürsünüzmü? Beləliklə, İsa bir peyğəmbər kimi qadına göstərdi ki, o emosional və ruhani ehtiyaclarını ödəmək üçün düzgün yerə gəlməyib, buna görə də O, qadınla Həyat Suyu haqqında söhbət etməyə başladı.
Allah da bax belə hərəkət edir. O, vəziyyətləri, problemləri, hətta əziyyətləri belə, bizi Özünə yaxın gətirməkdən ötrü istifadə edir. Siz öz problemlərinizi necə görürsünüz onlar sizə Allah haqqında daha çox bilməyə kömək edir, yoxsa sizi Ondan uzaqlaşdırır? Siz öz ehtiyaclarınızı təmin etmək üçün düzgün yerə gedirsinizmi?