Mən, Rəbbin balası Namiq kasıb bir ailədə böyümüşəm. Hələ uşaq ikən atam zindanda idi. Bizim məhəlləmiz çox avara bir məhəllə idi. Mən də avara uşaqlara qoşulub oğurluq etməyi öyrəndim. İllər ötdükcə daha da çox cinayət aləminə qoşuldum və narkotikdən istifadə edirdim. İnsanların evlərinə, ciblərinə girirdim və nəhayət, 19 yaşına çatdıqda məni tutdular və zindana atdılar. On il iş verdilər və artıq iki il idi ki, cəza çəkirdim. O vaxt mən bir dəfə əvf olunmuşdum. Cəza müddətimdən 4 il çıxmışdılar. Bu müddətdə çox əziyyətlərim olub. Mən Allahı axtarmağa başladım. Çox kitablar oxudum və çoxlu dinlər haqda məlumatım oldu, amma bu kitablar mənə heç bir təsir göstərmirdi.
Zindanda idim, çarpayımda uzanmışdım və bir yoldaşım mənə dedi ki, klubda nəsə paylayırlar. Tez aşağı düşdüm. Kluba daxil olanda gördüm ki, bir saqqalı kişi Allah haqqında söhbət edirdi. Oturub qulaq asdım. Bu iki qardaş haqqında hekayə idi, sonra kitab payladılar. Mən də kitab aldım. ‘’овый завет.’ Onlar iki nəfər idilər. Kitabı aldıqdan sonra oxumağa başladım. Amma o hekayə fikrimdən çıxmırdı. Mənə nə isə olmuşdu. Hamı mənə deyirdi ki, sən bu kitabı oxuyandan sonra dəli olursan. Mollalara sual verirdim ki, ‘İncil’i oxuduqdan sonra mənə nə isə olur, amma mənə deyirdilər ki, sən ‘Quran’ı oxu. Lakin mən ‘Quran’ı da oxumuşdum. Bir gecə saat iki olardı, yuxudan oyanıb yastığımın altından kitabı götürdüm. Kitabı açıb Luka müjdəsinin 4:18-i oxudum. Kitabı bağladım və belə bir dua etdim: ‘İsa, əgər sən varsansa, elə et ki, mən burdan tezliklə çıxım.’ Üstündən on beş gün keçmişdi ki, məni rəisin yanına çağırdılar. Rəisin otağına daxil oldum və o mənə salam verib dedi: ‘Bu kağıza qol çək.’ Mən soruşdum: ‘Bu nə kağızdır?’ O mənə dedi ki, ‘Sənin işindən iki il götürüblər.’
Mənim artıq iki ilim qalmışdı. O vaxtlar kim bir dəfə əfv olunurdusa, ikinci dəfə bunun baş verməsi mümkün deyildi. Bu Rəbbin möcüzəsi idi.
Gözlərimə inanmırdım sevincimin həddi-hüdudu yox idi. İki ilimi də başa vurduqdan sonra mən azadlığa çıxdım. Artıq kitab oxumurdum, hər şey yaddan çıxmışdı.
Mənim bir bibim oğlu var idi. Mən həmişə onu bir cinayətkar kimi tanımışam. Onunla söhbət edərkən o mənə dedi ki, səni bir yerə aparacam. Bura məbəd idi. Mən orada əyləşib, pastorun vəzinə qulaq asdım. Özümü çox günahkar gördüm və Rəbbin mərhəməti yadıma düşdü. Tövbə etdim. Sonra mən zindanda kitab paylayan kişini gördüm.
Bir müddətdən sonra vəftiz oldum. Həyatımda bir çox möcüzələr baş verdi. Bunlardan biri odur ki, Rəbb mənim pəltək dilimi açdı. Bu dua vaxtı baş verdi. Mən həmişə ürəyimdə dua edirdim, lakin birdən hündürdən dua etməyə başladım. Bu möcüzə üç nəfər dua edəndə baş vermişdi. Şükür olsun Rəbbə!