‘HEÇ VAXT XRİSTİAN OLMAQ İSTӘMİRDİM’
İlk azərbaycanlı pastorun vaxtilə mollalarla etdiyi söhbətlər ondakı boşluğu doldurmayıb
Xristianlığı qəbul etməsindən zərrəcə peşman deyil – bunu özü deyir. Çünki axtardıqlarını bu dində tapıb. Ona görə yox ki, arzuladıqları islam dinində olmayıb, sadəcə, islamı ona başa salan olmayıb. Müşfiq – ilk azərbaycanlı pastor. 1968-ci ildə Quba rayonunda, ziyalı ailəsində anadan olub. 1985-ci ildə fizika-riyaziyyat təmayüllü 1 saylı internat məktəbini, 1990-cı ildə isə Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirib. İngilis dilində sərbəst danışır, Xarici Dillər Universitetinin nəzdindəki ikiillik kursu qurtarıb. Hazırda əsas məşğuliyyətlərindən biri də tərcüməçilikdir. Bibliya İnstitutunda dərs deyir. Ailəlidir, bir qızı var, adı Nərgizdir.
-Tələbəlik illərində dinlə ciddi şəkildə maraqlanırdınız, buna dair hər hansı bir ədəbiyyat oxuyurdunuz, yoxsa sadəcə, Allah haqda düşünürdünüz?
– Tələbə vaxtı bizə dərs verirdilər ki, Qərbdə insanlar acından ölür, kapitalizm orada çürüyür. Düzü, bir müddət bunlara inanırdım da. Sonradan istər-istəməz məndə belə bir sual yarandı ki, axı bu kapitalizm nə vaxt çürüyüb qurtaracaq? Həmin vaxt bizim dünyagörüşümüzün alternativi yox idi. Sən demə, bizi aldadıbmışlar. Әslində alternativ dünyagörüşləri varmış, sadəcə bizim bundan xəbərimiz olmayıb. Bundan xəbərim olmaya-olmaya hiss edirdim ki, nəsə çatmır.
– Nə çatmırdı ki?
– Doğrusu, özüm də bilmirdim, amma hiss edirdim və görürdüm ki, daxilimdə bir boşluq var. Ondan sonra fikirləşdim ki, yəqin çatmayan şeyi dində axtarmaq lazımdır. Çünki o vaxta qədər dinlə maraqlanmamışdım, hesab edirdim ki, dində bu suala cavab tapmaq olar. Bu, təsadüf edirdi 1988-89-cu illərə. Yataqxanada uşaqlar yığışıb müxtəlif dinləri müzakirə edirdilər, krişnaçılıqla bağlı kitablar gətirirdilər. Məsələn, kitabdakı ağac şəklini gətirib deyirdilər ki, görürsünüz, adama oxşayır, əvvəl insan olub, sonra ağac. Düzü, bütün bunlara gülməyim gəlirdi. Onlar geyimləri ilə də ətrafdakılardan çox radikal şəkildə seçilirdilər. Bəzi ritualları, hətta inanclarındakılar mənə ədalətsiz görünürdü. Düşünürdüm ki, insan nə qədər əzab çəkməlidir? – bu dünyaya gəlib əzab çəkir, başqa formada yenə də dünyaya qayıdıb əzab çəkir.
– Bu söhbətlərin din haqqında təsəvvürlərinizdə rolu olub?
– Rolu olub deyəndə, qulaq asırdım. Çünki həmin vaxt axtarışdaydım. İstədiyimi orada tapa bilmədim. Sonra fikirləşdim ki, uzağa nə üçün gedirəm, elə islamla maraqlanım. Doğrudur, əvvəllər müsəlmançılıqda bəzi şeylər – namaz qılmaq, hansısa bir qiyafədə olmaq, saqqal saxlamaq, qadınların çadrada gəzməsi mənə sərt gəldiyi üçün islama o qədər müraciət etmirdim. Ancaq sonra qərara gəldim ki, baxım görüm burada nə var-nə yox.
– O vaxta qədər islamla bağlı hansısa bir kitab oxumuşdunuz?
– Yox, oxumamışdım. 1980-cı illərin axırlarından başladım islamala maraqlanmağa. ‘Ulduz’ jurnalında ardıcıl olaraq ‘Quran’la, Məhəmməd peyğəmbərlə bağlı yazılar dərc olunurdu. Həmin yazıları oxuyurdum və çox xoşuma gəlirdi. Fikirləşirdim ki, bəlkə mən müsəlman olum.
– Ona qədər özünüzü müsəlman saymırdınız?
– Həmin vaxtlar biz bu haqda elə ciddi də fikirləşmirdik axı. Elə deyirdik ki, sovet adamıyıq. Müsəlman olmaq üçün beş dəfə namaz qılmaq, dua etmək – bunlara yox, digər şeylərə əməl etməyə çalışırdım.
– Müsəlman olmaq üçün nə edirdiniz ki?
– Ağsaqqallara, yaşlı adamlara, qadınlara, özümdən kiçiklərə hörmət edir, ürəyimdə həmişə Allahı tuturdum.
– ‘Quran’ oxumağı öyrənmişdiniz?
– Yox, yalan deyə bilmərəm. Әvvəllər nitqimdə söyüş olurdu, ya başqa xoşagəlməz sözlər olurdu, onların hamısını təmizlədim. Hətta özümə söz verdim ki, rus dilində danışmayım. 1990-cı ilin sonunda biz az məyus olmağa başlamışdım. Zahirdə olan şeyləri idarə edə bilirdim, yəni davranışımı, danışığımı qaydaya salsam da, hərdən ürəyimdə kiməsə qarşı kin və ya başqa pis fikirlər yaranırdı. Zahirən özümü din çərçivəsinə salırdım, daxilimdəsə heç nə dəyişmirdi. Fikirləşdim ki, dinsiz bir adam da mənim kimi ola bilər.
– Bəlkə siz islamın dərinliyinə gedə bilməmişdiniz?
– Ola bilər. İslamla bağlı bilgilərim ‘Ulduz’ jurnalındakı yazılar, ‘Quran’ın Azərbaycan dilindəki tərcüməsindən ibarət idi. ‘Quran’ı oxumağım da tanışlıq xarakteri daşıyırdı.
– Məscidə gedirdiniz?
– 5-6 dəfə. O da təsadüfi olmuşdu, bayram günləri gedirdim. Mollalarla, islamı öyrənən tələbələrlə çox söhbətlər etmişdim, onlara suallar verirdim.
– Amma yenə də hiss etdiniz ki, içərinizdəki boşluq dolmadı…
– Belə bir müqayisə aparım. Bir görkəmli şəxsiyyəti, tutaq ki, Әbülfəz Elçibəyi uzaqdan tanıyıram, ona hörmət edirəm, amma onu şəxsən tanımıram. Amma istəyirəm ki, onu yaxından tanıyım, o mənim əlimi sıxsın. Allahla da elə o cür yaxınlıq arzusundaydım. Təbii ki, Allah gəlib bizim əlimizi sıxmır, amma Onunla hansısa bir yolla ünsiyyət qurmaq mümkün idi. Ancaq çox maraqlıdır ki, heç vaxt xristian olmaq istəmirdim. Xüsusilə də, onların xaçı mənə qəribə, miskin və anlaşılmaz gəlirdi. O nə olan şeydi, heç bilmirdim.
– Necə fikirləşirsiniz, dininizi dəyişmək islamı tam başa düşməməyinizdənmi irəli gəlib? Bəlkə xristianlıq daxilinizdəki boşluğu doldurub?
– Әgər belə olmasaydı, indi oturub sizinlə xristian kimi danışmazdım. Hələ xristianlığı qəbul etməmişdən əvvəl bir gün Qubaya getmişdim. Evdə oturdum, hamı yatıb, mənsə öz otağımda dua edirdim, sadəcə, öz sözlərimlə. Deyirdim ki, ay Allah, mənə yol göstər. Bilirsiniz nəyə görə dua edib Allahdan kömək diləyirdim? Çoxlu dinlər var. Mən də bütün dinlərdən az-çox məlumatlıydım, kitablar oxuyurdum. Ancaq Bibliya deyəndə elə bil çimçəşirdim. Deyirdim ki, yox, bu mənlik deyil. Әslində heç kim xristianlığı mənə pisləməmişdi. Ancaq bu din nədənsə mənə qaranlıq bir şey kimi gəlirdi, ondan uzaq olmağa çalışırdım. 1990-cı ilin yanvar hadisələrindən sonra xristianlar haqda heç də yaxşı fikirdə deyildim. 1991-ci ildə dayımgilə getmişdim, gördüm ki, yolka bəzəyiblər. Dedim ki, bu nədir, siz niyə yolka bəzəmisiniz, bir o qalıb ki, boynumuzdan xaç asaq, onlar gəlib bizi qanımıza qəltan etdilər, siz də rusların bayramını keçirirsiniz. Üstündən 3 ay keçəndən sonra özüm xristian oldum.
– 3 ay ərzində sizi dəyişən nə oldu ki, birdən-birə özünüz boynunuzdan xaç asdınız?
– Bir dəfə metroda gedirdim. Gördüm ki, bir qız oturub kitab oxuyur. Kitabın qara rəngdə dəri üzlüyü vardı, eləsini o vaxta kimi görməmişdim. Әyilib kitabla maraqlandım. Qız mənə fikir vermirdi. Heç qatardan düşəndə də mənə tərəf baxmadı, eləcə balaca bir kağızı uzatdı. Orada yazılmışdı ki, biz filan günlər Bibliyanı öyrənirik, əgər istəyirsinizsə, gələ bilərsiniz. İlk dəfə 1991-ci ilin mayında onların toplantısına getdim, orada vəz gedirdi.
– Toplantı harada keçirilirdi?
– ‘Nərimanov’ metro stansiyasının yaxınlığında bir yer vardı – orda. Hətta bir qədər gecikmişdim. Vəzi aparan dedi ki, gecikmisiniz, bəlkə sonra gələsiniz, razılaşmadım, oturub axıra kimi qulaq asdım.
– Vəzləri kim aparırdı?
– Rus idi, pastor Vladislav adlı birisi. İndi Azərbaycanda deyil, Rusiyaya qayıdıb. O, Bibliyadakı bir hissəni danışırdı ki, Apostol Pyotr suda batır və bunu bənzədirdi bizim həyatımıza. O, əlini uzadır İsa Məsihə və deyir ki, ona kömək etsin. İsa Məsih onu sudan çıxarır. Pastor bir qədər təfsirə gedirdi. Mənə elə gəldi ki, kimsə mənim həyatımı ona danışıb. Sonra o, iki məqama toxundu – biri təmənnasız məhəbbət. Yəni bu elə məhəbbətdir ki, sən ona layiq deyilsən və sən onu qazanmırsan, bu, sənə hədiyyə kimi verilir. Sən ona layiq olmadığın və qazanmadığın bir halda səni sevir. Allahın bizə məhəbbəti də elə belədir. İkincisi də bağışlanma. Yəni Allah bizim günahlarımızı bağışlayır. Bu elə bağışlanma deyil ki, sonradan yadına salınsın. Bibliyada belə bir yer var ki, insan bağışlanır, onun günahları isə ən dərinə dənizin dibinə atılır. Yəni onu tapmaq mümkün deyil, Allah bağışlayanda onu yaddan çıxarır. Məhs bu toplantıda qəribə bir atmosfer müşahidə etdim. Elə bil Allahın məhəbbətini hiss edirdim. Eşitdiklərim həm ağlıma, həm də elə bil ürəyimə, ruhuma toxundu.
– Dedikləriniz ‘Quran’da da var. Әgər siz bunu ‘Quran’da tapa bilməmisinizsə, onda xristianlığı qəbul etməyinizi təsadüf kimi qiymətləndirmək olarmı?
– Mənim teologiya üzrə bakalavr dərəcəm var, eyni zamanda müxtəlif dinlər və onların postulatları haqqında şəxsi tədqiqatlar aparmışam. 10 ildən artıqdır ki, imanlıyam. Sonradan mən bunun təsadüf olduğunu görsəydim, deyərdim ki, səhv etmişəm, nəyisə düzgün başa düşməmişəm. Misal üçün, islam aləmində deyirsiniz ki, Allah təkdir və onun şəriki yoxdur. Allah əbədiyyətdən tək olub. Xristianlıqda da belədir. Ancaq xristianlıqda Allahın təkliyi anlayışı – yəni Allahın özünün içində üçlük var – Ata, Müqəddəs Ruh və Oğul. Bunlar bir Allahdır, ancaq onda üç şəxsiyyət var. İsa Məsih haqqında anlaşılmazlıq odur ki, İsa insan kimi 2 min il bundan qabaq bakirə Məryəmdən doğulub, ancaq Məsih heç vaxt doğulmayıb. Məsih xilaskar, yəni Allahın Özü deməkdir. Məsih əbədiyyətdən var, olub və davam edir. Ancaq islam ilahiyyatında ortaya sual çıxır – ‘Quran’ əbədiyyətdən olub, yoxsa sonradan yaranıb? Әgər desək ki, əbədiyyətdən olub, onda belə çıxır ki, əbədiyyətdən həm Allah olub, həm ‘Quran.’ Onda bu, islamdakı doktrinaya sığmır.
– ‘Quran’ axı əbədiyyətdən olmayıb, Allahın sonradan Məhəmməd peyğəmbər vasitəsilə yer üzünə göndərdiyi kitabdır…
– Onda belə çıxır ki, Allahın əbədiyyətdən sözü olmayıb.
– Bəs onda ‘Quran’dan əvvəl göndərilmiş Tövrat, İncil nədir? Bunlardan sonra ‘Quran’ olub.
– Әgər ‘Quran’ əbədiyyətdən olmayıbsa, deməli, Allahın əbədiyyətdən ‘Quran’ı, yəni sözü olmayıb. Axı bu da ola bilməz.
– Axı islam iddia etmir ki, ‘Quran’ ilk kitabdır və ona qədər Allahın sözü olmayıb…
– Bilirsiniz, mən həm də riyaziyyatçıyam, ona görə də bu məsələyə bir qədər başqa ağılla yanaşıram. Biz ağ rəngə eyni zamanda deyə bilmərik ki, o, həm ağdır, həm qara.
– Siz türk ola-ola eyni zamanda ermənilərlə din qardaşısınız. Sabah müharibə başlasa, kimin tərəfini tutacaqsınız – millətin, yoxsa din qardaşlarınızın?
– Әvvəla, mən erməniləri din qardaşı adlandırmazdım. Çünki erməni ailısində doğulmaq heç də xristian olmaq demək deyil. Xristian olmaq o deməkdir ki, bir insan göydən ruhən doğulur. Әgər bir erməni, yaxud qeyri bir millət göydən ruhən doğulmayıbsa, o, xristian deyil. Adamların üstünə xristian və ya müsəlman möhürü vurmaq düzgün olmazdı. Әgər müqəddəs yazılarda göstərilənlərin əksinə gedirlərsə, həmin adamları xristian hesab etmək doğru deyil. Məsələn, ‘düşmənini sev’ prinsipi var, ermənilər nəinki öz düşmənlərini sevməyiblər, hətta öz dostlarına belə nifrət ediblər. Azərbaycanlılar müəyyən vaxta kimi onların dostu olub, ermənilərsə bizə nifrət yolunu seçiblər. Qaldı mənim düşməni sevmək məsələmə, mən onları xristian saymıram. İkincisi, əgər müharibə olsa, əlbəttə, vətənimi müdafiə edəcəyəm. Çünki Allah bu vətəni mənə, məni də bu Vətənə verib.
– Şərin sonu var?
– Şərin başlanğıcı və sonu var. Әgər şərin başlanğıcı və sonu olmasaydı, onda biz burada zərdüştilikdən danışmalıydıq. Qüdrətli Allah əbədiyyətdəndir, şərin isə sonu var, İblis də cəzasını alacaq. Söhbət ermənilərdən gedirsə, onlar səhv edirlər, daha dəqiqi, cinayət edir, Allahın qarşısında günah işlədirlər.
– Düşməni sevməməyin vaxtını necə müəyyənləşdirmək olar?
– O vaxt müəyyənləşdirmək mümkündür ki, düşmənin nə cür düşmən olduğunu biləsən. Yəni o, sadəcə, özü də bilmədən günah edib, yoxsa şərə batıb. Bilmək istəyirsinizsə, ermənilər mənim də yaralı yerimdir.
– Niyə?
– Başlıca səbəb elə Qarabağ məsələsidir.
– Siz xristian kimi Azərbaycanda özünüzü necə hiss edirsiniz? Ölkədəki dini şərait sizi qane edirmi?
– Azərbaycandakı indiki dini şərait məni qane edir.
– Sualı bir qədər konkretləşdirək: Azərbaycandakı dini dözümlülükdən, dinlərarası münasibətlərdən nə qədər razısınız?
– Demokratiyanın səviyyəsini nəzərdə tutursunuzsa, qonşu ölkələrlə müqayisədə çox yaxşıdır.
– Konkret hara ilə müqayisədə?
– Götürək elə Ermənistan və Gürcüstanı. Biz protestant yönümlü kilsə sayılırıq, Gürcüstanın özündə rəsmi dinin nümayəndələri qüvvətli uşaqları yığıblar başlarına, aparıblar baptist pastorunu döyməyə ki, siz burada nə edirsiniz? Ermənistanda isə baptistlər qorxudan harada bacarırlar, orada gizlənirlər. Düzdür, mən orada olmamışam, bunları, sadəcə, eşitmişəm. Demək istəmirəm ki, Azərbaycanda başımıza tac qoyurlar, ancaq hələlik məni nə döyən, nə də söyən olub. Bir tərəfdən də bu, bizim xalqımıza xas olan xüsusiyyətdir. Çünki xalqımız genişürəklidir, demokratiya bizdə təzə şey deyil. Hətta ruslardan da qabaq Azərbaycanda çoxlu dinlər olub, onlar həmişə bərabər olublar, hörmətlə yaşayıblar və bir-birlərini başa düşüblər.
– Sizin kilsədə xristian olmaq istəyənlərin sayı necə, artırmı?
– Elə kilsələr var ki, onlarda say məsələsinə ciddi baxılır. Bizdə belə şeylər yoxdur. Hazırda təxminən 100-200 adam daimi gəlib-gedir və 10 ildir bir-birimizi yaxından tanıyırıq. Elələri də var ki, vaxtilə bizimlə olsalar da, sonradan hansısa səbəblərdən aralanıblar. Son 3-4 ili götürsək, sıralarımız genişlənməyib. Göstəricilər stabildir – 300-400 nəfər.
– Bəs tərəfdarlarınızın bu neçə ildə eyni sayda qalmasının səbəbi nədir?
– İncildə yazılıb ki, əvvəla, insanları inandıran biz yox, Müqəddəs Ruhdur. Müqəddəs Ruh hər bir insanın vicdanıyla danışır. Yəni gözəgörünməz şəkildə Allah onlarla danışmaqdadır, onları başa salmaqdadır. Xilas Allahın işidir. Mənim işim isə İncildə olan sözləri insanlarla bölüşməkdir. Qarşımdakı adam ona inanar da, inanmaz da. Bu, onun öz işidir. Bir də ki, bu, Allahla həmin adam arasında olan münasibətdir. Bunlar bizim əlimizdə olan şeylər deyil. İnsani-nöqteyi nəzərdən baxsaq, bizim üçün bu yolda məhdudiyyətlər var. Әvvəllər daha azad idik. 1997-ci ildə ‘Dini etiqad azadlığı haqqında’ qanuna dəyişikliklərdən sonra vəziyyət bir qədər çətinləşdi. Düzdür, qanunda yalnız əcnəbilərin dini təbliğat aparması qadağan edilir. Amma özümüz də, rayon yerlərinə gedəndə çox vaxt polis, digər hökumət adamları bizə mane olurlar. Hətta İsmayıllı rayonunda bizim imanlılardan ikisini tutub 10-15 sutka iş vermişdilər, guya ki, xuliqanlıq ediblər.
– Siz özünüz necə, belə vəziyyətlə üzləşmisiniz? Təzyiq faktları haqda beynəlxalq təşkilatlara məlumat vermisiniz?
– Şükür Allaha ki, məni heç vaxt tutmayıblar. Әslində özüm də vəziyyəti o əndazəyə çatdırmamışam. İkinci sualınıza gəlincə, açığı, bizimkilərdən kimisə tutanda demirlər ki, onları neçə gün saxlayacaqlar, bəlkə onlara cinayət işi başlayacaqlar. Ona görə də insan hüquqlarını müdafiə təşkilatlarına müraciət edəsi oluruq. Amma özüm ABŞ-da tez-tez oluram. Hətta bizi döysələr də, deyirəm ki, qoy özümüzünkülər döysün, amma bunu hüquq pozuntusu faktı kimi beynəlxalq aləmdə qaldırmaq lazım deyil. Söhbət xristianlıqdan çox milli təəssübkeşlikdən gedir.
– Sizin təşkilatda tərəfdarlarınızın sayının artırılması şərt kimi qoyulub?
– Әlbəttə, biz təbliğat aparanda, çox adam xristianlığı qəbul edəndə adamlar təlaşa düşür, fikirləşirlər ki, bəlkə bu ölkə gələcəkdə iki yerə bölünəcək, müharibə aparacaqlar. Hətta düşünürlər ki, əgər bir şey olsa, onlar tamamilə ermənilərin tərəfinə keçəcəklər. Bütün bunlar da insanları tanımazlıqdan irəli gəlir. Xristianlıqdan siyasətdə istifadə edənlər var, mən bunu danmıram. Bu, bütün dinlərdə var. Xüsusulə də o məqsədlə ki, bir halda din adamları birləşdirir, bir araya gətirir, kim onların başında durur biz onları ələ alarıq, onları idarə edərik. Mən ona getməmişəm və gedən də deyiləm.
– Sizin kilsənin maliyyə qaynaqları haradandır?
– Adətən hökumətdə olanlar müxalifətə bu sualı verir, müxalifətdə olanlar da bizə. Әla, heç olmasa siz də kimisə tuta bilirsiniz.
– Sizi ermənilər maliyyələşdirmir ki?
– Onlar mənə qızıl da versələr almaram. Özümün başıma nə gəlib ki? İngilis dili üzrə tərcüməçi işləyirəm. Bunun hesabına çörəyim var. Kilsəmizdə hər adam gəlirinin ondabir hissəsini ora keçirir. Bundan əlavə ianələr var ki, kim nə qədər istəyir, o qədər də verə bilər.
– Pastor Müşfiq siyasətlə necə, maraqlanır?
– Tələbə vaxtı universitetdə ayrı-ayrı adamlarla görüşlər keçirilirdi. Xəlil Rza gəlirdi, şerlər oxuyurdu. Hətta ‘Yurd’un iclaslarına qatılmışam. O vaxt mən 2 saylı yataqxanada qalırdım, siyasətlə fəal şəkildə məşğul olmurdum, oturub ancaq qulaq asırdım. Pis deyildi, amma sonradan müxalifətin içərisindən dözümsüz, dünyadan xəbərsiz o qədər adam çıxdı ki… İqtidarda da ağıllı adamlar var.
– Elə ağıllıdılar ki, iqtidardadırlar da. Ağılsız adam da heç 8 il iqtidarda qala bilərdi? Ümumiyyətlə, ağılda da bir şər var da…
– İsa Məsih dedi ki, ilan kimi müdrik olun, göyərçin kimi məsum.
– Necə fikirləşirsiniz, Azərbaycanın tam şəkildə xristianlaşması mümkündür?
– Təbii ki, bir xalqın eyni əqidəyə, eyni düşüncəyə malik olması işləri asanlaşdırardı. Bu məni çox sevindirərdi. Təəssüf ki, belə deyil. Müqəddəs yazılarda da yazılıb ki, hər adam inanmayacaq. Nəinki Azərbaycanın, hətta bütün dünyanın xristianlaşması haqda deyilənlərin özü də cəfəngiyyatdır, Bibliyaya sığmayan bir şeydir.
– Övladınıza necə, dini seçimdə azadlıq verəcəksiniz?
– Әlbəttə verəcəyəm. Nə ixtiyarım var ki, Allahın ona verdiyi azadlığı əlindən alım?! Xristian nöqteyi-nəzərindən uşaq ana bətnində artıq şəxsiyyətdir və o, müvəqqəti olaraq sonradan valideynlərin himayəsinə verilir ki, nə qədər mümkündür onları yaxşı şəraitdə, məhəbbət içərisində böyütsünlər. O, mənim himayəmə verilib, mülkiyyətim deyil.
– Sizin həyat yoldaşınız da xristiandır?
– Xristian olmasaydı şübhəsiz ki, onunla evlənməzdim. Çünki bizim əqidələrimiz üst-üstə düşmürsə, onu məni sevməyə məcbur edə bilməzdim.
– Övladınız müsəlmanlığı qəbul etsə, buna necə yanaşacaqsınız?
– Çox gözəl.
– Axı o zaman ailədə hamının əqidəsi üst-üstə düşməyəcək…
– Övlad həmişə valideynlərlə olmur. Әgər həyat yoldaşım əqidəsini dəyişsə, ona da qadağa qoya bilmərəm.
– Bəs münasibətlərinizdə dəyişiklikər yaranmayacaq?
– Elə bir məsələyə toxunursunuz ki, bu haqda danışmaq istəməzdim. Çünki mən o cür fikirləşmək istəmirəm. Ancaq başqa bir adam haqqında danışaq. Tutaq ki, biri imanlıdır, ancaq yoldaşı Allaha inanmır. Allah onları bir yerə gətirib, onlar evləniblər, ailə həyatını axıracan başa vuracaqlar və imanlı adam həmişə dua edəcək ki, o birisi imanlı olsun. Әgər olmayacaqsa, seçim onların boşanması deyil. Boşanma yalnız o halda ola bilər ki, ikisindən biri xəyanət edir. Yalnız bu halda boşanıb yenidən evlənmək mümkündür.
– Nə vaxtsa islama qayıdışınız mümkündür?
– Bu, mümkün deyil. Anadan doğulan adam deyə bilməz ki, mən necə edim anadan doğulmayım. O cür də ruhən yenidən doğulmuş adam doğulmamış sayıla bilməz.