Tərcümənin üslubu

Tərcüməçilər ən etibarlı qədim mənbələrdən – qədim ibrani və arami dillərində yazılmış Əhdi-Ətiqin mətnlərindən istifadə etmişlər və Əhdi-Ətiqi tərcümə edərkən, orijinal mətnə sadiq qalaraq, Azərbaycan dilində təbii səslənməsinə çalışmışlar.

Kitabların məzmununu oxuculara daha yaxşı çatdırmaq üçün hər kitabın başlanğıcında giriş sözü yazılmışdır. Kitabın səhifələrinin altında qeydlər, kitabın sonunda isə Müqəddəs Kitabın terminləri lüğəti, ölçü, kütlə və pul vahidləri cədvəli verilmişdir. Səhifələrdəki qeydlər nömrələrlə, Müqəddəs Kitabın terminləri lüğəti isə əlifba sırası ilə yazılmışdır. Bu tərcüməyə kömək edən, bu işdə zəhmət çəkən hər kəsə öz minnətdarlığımızı bildiririk. Arzumuz budur ki, Uca Allahımız hər bir Azərbaycan oxucusuna, onların simasında Azərbaycan xalqına bu Müqəddəs Kitabdakı kəlamlar vasitəsilə bol-bol xeyir-dua versin!