Azərbaycan dilinə tərcüməsi

Başqa dillərə tərcümə nöqteyi-nəzərindən Müqəddəs Kitab dünyada birinci yeri tutur. Beş əsr bundan əvvəl Müqəddəs Kitab, yalnız 33 dilə tərcümə edilmiş, 19-cu əsrin əvvəllərində isə 70 dilə tərcümə edilmişdir.

Müəyyən edilmişdir ki, 2002-ci ilin sonunadək Müqəddəs Kitab dünyada mövcud olan 6800 dildən tam surətdə 392 dilə, yalnız Əhdi-Cədid olmaqla qismən 1012 dilə tərcümə olunmuşdur. Bu kitab son zamanlar yeni dillərə daha sürətlə tərcümə edilir. Orta hesabla hər on gündən bir yeni tərcümə nəşr olunur. Planetimizdə yaşayan 6 faiz insanların hələ öz ana dilində Müqəddəs Kitabı yoxdur. Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsi 19-cu əsrin ortalarından başlanmışdır.1878-ci ildə Əhdi-Cədid bütövlükdə tərcümə olundu. 1891-ci ildə Əhdi-Ətiq nəşr olundu. Bu kitablar əski ərəb əlifbası ilə nəşr olunmuşdur. 1982-ci ildə Əhdi-Cədid yenidən tərcümə olunub, kirill əlifbası ilə nəşr olunmuşdur. 1995-ci ildən başlayaraq, Əhdi-Ətiqin ayrı-ayrı kitabları tərcümə edilərək, qismən çap olundu: 1999-cu ildə Rut və Yunus, 2000-ci ildə Yaradılış və Süleymanın Məsəlləri kitabları nəşr olumuşdur.