Mən heç özüm də bilmirəm şəhadətimi nədən başlayım.
İlk dəfə Müqəddəs Kitab bizim evə, biz imanlı olmazdan əvvəl daxil olub. Bu kitab 1992-ci ildə poçt vasitəsilə bizə gəlib. Onda o kitabın üzərində “Hет большей любви” sözləri yazılmışdı. Düzdür o zaman bu kitabın nə olduğunu mən hələ dərk etmirdim. Amma anam bu kitabı evimizdə saxladı. Çünki o, onu müqəddəs sayırdı. Bu evimizə gələn ilk Müqəddəs Kitab idi.
İllər ötdü təxminən 1997-ci ildə mənim bir bacım bizə “Uşaq Bibliyası”nı hədiyyə etdi! Bu kitab mənim üçün çox maraqlı göründü. Çünki orada çoxlu maraqlı şəkillər və hər şəklə aid maraqlı hekayələr var idi. O gündən mən başladım bu kitabı oxumağa və axıra qədər oxudum.
2002-ci ildə mən ilk dəfə bacım ilə birlikdə məbədə getdim. Tövbə zamanı bizə “Lukanın müjdəsi” hədiyyə olundu. Bu kitab “Xoş Xəbər” adlanırdı. Amma ürəyimdə bir istək var idi ki, mənim də öz “Bibliya”m olsun. Bu kitabdan başqalarında görəndə mənə xoş təsir bağışlayırdı. Hətta kafedrada pastorun kitabını görəndə arzulayırdım ki, mənim də belə kitabım olsun. Bir çoxları kimi mən də sevimli ayələrin altından xətt çəkim.
Şükür Allaha belə də oldu. Rəbb mənə bir bacı vasitəsilə rus dilində “Библиya” kitabını hədiyyə etdi. Bax bu zaman mən ilk dəfə böyük sevinc hissi duydum, hansı ki, əvəllər heç hiss etməmişdim.
Mən Rəbbə Onun “diri sözünə” görə təşəkkür edirəm. Çünki bu kitab həqiqətən həyatdır. Bu kitab vasitəsilə Allah məni məzəmmətləyib və daha çox sevindirib. Mənə doğru yol göstərib, çətin vaxtımda düzgün seçim etməyimə kömək edib.
İndi hara getsəm kitabım mənimlədir. Bir arzum var ki, Rəbb mənə güc versin ki, mən ömrümün sonuna qədər gecə və gündüz bu kəlamın sözləri ilə yaşayım. Amin.