İnsanlar arasında yaşamaqdan, öz əyriliklərimdən, günahlarımdan, bu həyatdan bezmişdim. Heç bir şeyə ümidim qalmamışdı. O vaxtlarda tanışlarımdan biri mənimlə İsa barəsində danışırdı. Bir neçə müddətdən sonra bu sözlər mənə ümüd verməyə və həyatımda olan boşluqlar dolmağa başlayırdı. Məndə İsanı daha yaxından tanımaq üçün maraq oyandı. Həmin insan mənə kiçik bir ədəbiyyat verdi və mən də boş vaxtlarımda onu oxuyurdum. Mən yavaş-yavaş suallarıma cavab tapmağa başlayırdım. Bir gün həmin tanışım məni məbədə dəvət etdi və mən onunla razılaşıb, oraya getdim. Çünki əvvəllər heç bir zaman məbəddə olmamışdım. Toplantıda Allahın Sözü mənə çox təsir etdi, mən də tövbə etdim və İsanı Xilaskarım kimi qəbul etdim. O vaxtdan bəri İsa möcüzələri vasitəsilə Özünü mənə göstərməyə başladı.
Mən elektrikəm. Bir gün mən elektrik cərəyanında olan nasazlığı təmir etmək üçün çağrıldım. Bazar günü olduğundan təmir işinə gedərkən yolda məbəddə nə haqda vəz olunduğu barədə düşünürdüm və həm də təəssüflənirdim ki, mən orada iştirak edə bilmirəm. İş yerinə çatdıqda, nasazlığı tapıb dəmir dirəyə çıxdım. Oraya çıxmamışdan əvvəl bütün cərəyanı ayırmışdım. Lakin xətlərdən biri ayrılmamışdı və mənim də bundan xəbərim yox idi. Kimsə oraya digər kabel əlavə etmişdi. Elektrik məftilində olan boşluğu bərkidib aşağı endikdə, sağ qolum həmin cərəyan olan xəttin üstünə düşdü və elektrik cərəyanı məni vurmağa başladı. Daxilimdə cərəyanın necə hərəkət etdiyini hiss edirdim. Qolumu cərəyan xəttindən ayırmaq üçün mübarizə aparırdım. Hər kəs bir yolla ölür və mənim də sonum bura kimi imiş fikirləşib, mübarizəni dayandırdım. Artıq öldüyümü başa düşdüm. Bu anda uşaqlarım, yoldaşım və məbəddəki bacı-qardaşlarım canlı şəkildə gözümün önündən keçməyə başladı. Bu zaman anladım ki, onların hamısından əlim üzüldü və o anda İsanı görmək imkanı olacagını düşündüm. Elə onu fikirləşirdim ki, İsa, ətrafında nur qarşımda peyda oldu. O, çox gözəl idi. Və elə o andaca ayıldım. Ayıldıqda artıq əlim cərəyan xəttində deyil, aşağıda idi. O mənə yenidən həyat verdi. Dirəkdən yıxılmamağım çox böyük möcüzə idi.
Cərəyan xəttini düzəltməyə qalxdıqda, məni aşağıdan bir insan izləyirdi. Hadisə baş verdikdə o, məni ölmüş sanıb oradan götürmək üçün qonşuluqdan adam çağırmağa getmişdi. Ayıldıqda, dirəyin üzərindən gördüm ki, həmin kişi digər iki şəxs ilə mənə tərəf gəlir. Mənə çata-çatda, məni görən insan onlara mənim öldüyümü gördüyü üçün and içməyə başladı. Lakin onlar inanmadılar. Mən artıq dirəkdən düşdükdə sevincimin həddi-hüdudu yox idi, çünki mən İsanı görmüşdüm və O məni cərəyanla mübarizədə qalib çıxarmışdı. O vaxtdan bəri mənim cərəyandan heç bir zərrə qədər qorxum yoxdur.