012 465 4150 info@yeniheyat.com

Originally posted 2015-05-28 15:24:43.

Әziz dostum! Әminəm ki, indi siz mənə çoxlarını maraqlandıran bir sual verəcəksiniz. İndicə tarixindən danışdığım O böyük Adam kimdir? Bu dünyada bu ən əhəmiyyətli sualdır. Bu suala cavab verən çox cildlər yazılmışdır. Bu barədə qısa danışmaq çətin də olsa, İsa Məsihin Kimliyi haqqında müəyyən söz deməyə çalışacağam. İndi bu barədə yazanda, yeganə etirablı mənbəyə – Allah Kəlamına əsaslanacağam.

İncillərin dördündə də İsa Məsihin tərcümeyi-halından görünür ki, O, həqiqətən insan olmuşdur. Onun bəşəri atası olmasa da, O Öz anası Məryəmdən və İsrailin hökmdarı Davud peyğəmbərin nəslindən idi. O həm fiziki cəhətdən, həm də ruhən digər oğlanlar kimi böyümüşdür. O, yemək yeyib, yatırdı. O, dülgər işləyirdi. O, yorğun olurdu. İnsanların ömür boyu keçirtdikləri sevinc, ağrı və kədər Ona tanış idi. Ona görə də bizim bütün bəşəri hiss və həyəcanlarımızı O duya bilir və onlara şərik olurdu (İbr. 2:18; 4:15). İnsan olduğu üçün, evlənə və övlad sahibi ola bilərdi, lakin O bunu etmədi. Şübhəsiz, Onun qərarı Allahın iradəsini yerinə yetirmək idi.

Həqiqi insan olmasına baxmayaraq, İsa bəzi cəhətlərinə görə digərlərindən tamamilə fərqlənirdi. İndicə dediyim kimi, bütün insanlar, hətta peyğəmbərlər və qədim dövrlərin övliyaları (müqəddəsləri) da bəzən Allaha itaət etməmiş və nəticədə günaha batmışlar. İsa isə bütün ömrü boyu Allahın müqəddəs iradəsinə zidd heç nə etməmiş, heç nə deməmiş, heç nə fikirləşməmişdir. O, yeganə günahsız insandır (1Peter 2:22; 1Yəhya 3:5). Yalnız O, günah işlətməmişdir. Onun istək və tələbi Allahın iradəsi ilə üst-üstə düşürdü. O, Yer üzündə nə vaxtsa yaşamış yeganə kamil insandır.

Məsihin əməllərini görənlər Onun gücünə heyran qalırdılar. Bir dəfə O, anadangəlmə korun gözlərini açdı. Başqa bir vaxt O, şagirdləri ilə kiçik bir qayıqda Qalileya dənizində olarkən onların qayığını batırmaq təhlükəsi qarşısında qoyan tufan qopdu. Bu zaman O, küləyə və dalğaya əmr etdi və dəniz sakitləşdi. Artıq dörd gün əvvəl ölmüş Lazar adlı birisini qəbirdən səsləyəndə həmin ölü dirildi, qalxdı və getdi. Bütün bunlardan ən qəribəsi bu idi ki, Öz ölümünün üçüncü günündə diriləcəyini və şagirdləri ilə görüşəcəyini O əvvəlcədən onlara söyləmişdi. Belə də oldu. Bunu daha kim edə bilərdi? İnsanlardan kim ölümdən dirilib? Heç kim! Buradan görünür ki, həqiqi insan olmuş İsa digər böyük adamlardan daha böyük idi. Bəs onda O kim idi?

Әvvəlcədən göstərdiyimiz kimi, İsa Özünə Allahın Oğlu deyirdi. Təkcə sinedrion qarşısında mühakimə olunanda yox, bu məhkəmədən çox-çox əvvəl O belə bir yüksək bəyanat vermişdir. O, həmişə Allaha Öz Atası kimi istinad edirdi. Bir dəfə O dedi: ‘Mən və Ata birik’ (Yəhya 10:30). Küfr danışdığı üçün düşmənləri Onu daşa basmaq istədilər. Ancaq biz bilirik ki, İsanın dilində yalan və hiylə tapılmadı. Onun dediklərinin hamısı doğru idi. Biz unutmamalıyıq ki, əgər kimsə İsanın Allahın Oğlu olmadığını söylərsə, o, İsanı yalançı etmiş olur. Әgər O, yalançıdırsa, onda Ona bir kimsə inanmayacaq. Lakin İsa Özünü Allahın Oğlu elan etməklə, əslində, Allahın Ona dediyini təkrarlamışdı. İsa vəftiz olub sudan çıxanda göylərdən bir səs gəldi: ‘Sən mənim sevimli Oğlumsan! Səndən çox məmnunam’ (Mark 1:11). Həvarilərin İsa barəsində yazdıqları kitabların hamısında dəfələrlə bəyan edilir ki, İsa Allahın Oğludur, bütün dünya məsihçiləri də bunun doğruluğuna inandılar. Әldəttə, yəqin ki, başa düşürsünüz, ‘Allah Oğlu’ termini cismani mənada deyil, ruhani mənadadır. Aydındır ki, Allah evlənməmişdir, lakin Oğlu olmuşdur. Bu isə insan düşüncəsi ilə tamamilə qeyri-mumkun və ağlasığmazdır. İncildə isə İsa Allahın Kəlamı adlandırılır. Halbuki, Allah Oğlu Onun Allaha yaxınlığını və Allahla eyniliyini ifadə edir. ‘Allah Kəlamı’ adı bizə deyir ki, Allah insanlarla İsa Məsih vasitəsilə danışır. Ona görə də yazılmışdır: ‘Әzəldən Kəlam mövcuddur; Kəlam Allahda olub və Kəlam Allah olub. Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. Həyat Onda olub, həyat isə insanların nuru olub.’ Kəlam bəşər olub lütf və həqiqətlə dolu olaraq aramızda sakin oldu; biz də Onun izzətini, Atanın Vahid Oğlunun izzətini gördük’ (Yəhya 1:4; 14).

Bu o deməkdir ki, peyğəmbərlər və onların kitabları ilə Özünü açan Allah, nəhayət ki, Özünü kamil bir İnsanda göstərdi. Bu adam peyğəmbərdən bir qədər böyük olub, doğrudan da Allahla birdir. İncildəki bu ayə bizə deyir ki, bu Adam Allahın Kəlamıdır və həqiqətən də Allahla birdir və hər şeyi O yaratdı. Allahın ölməz Sözü qısa vaxtda qız Məryəmin bətnində insan görkəmi aldı və İsa Məsih oldu. Beləliklə, görürük ki, O, iki təbiətə malik idi – Onda həm İlahilik, həm də İnsanlıq xüsusiyyətləri var idi. İsa Məsih-İnsan və Allahdır.
İsaya iman edən ilk yəhudi həvariləri hesab edirdilər ki, Allah təkdir. Belə ki, onlar Allahın bir olduğuna inanırdılar. Lakin İsa ilə iki ildən artıq bir müddətdə bir yerdə olandan sonra belə fikrə gəlmişlər ki, onların müəllimi Allahla bir olmuşdur. Peter dedi: ‘Sən, Diri Allahın Oğlu Məsihsən’ (Matta 16:16). Toma da Məsihin ölülərdən dirilməsindən sonra qışqırdı: ‘Rəbbim və Allahım!’ (Yəhya 20:8) Hər iki vəziyyətdə İsa həvarilərin Ona inanmalarına görə onları tərifləmişdi, Tomaya isə dedi: ‘Məni gördüyün üçün iman etdin, görmədən iman edənlər bəxtiyardırlar’ (Yəhya 20:24-29). Әgər biz Onun Allahın Oğlu olmasına inanırıqsa, bu bəxtiyarlıq bu gün bizimdir.

İndi mən bilirəm ki, siz nə soruşmaq istəyirsiniz: ‘Әgər Allah birdirsə, İsa Məsihin Allahın Oğlu olması və onunla bir olması necə mümkün ola bilər?’ Bu, doğrudan da ağlımızın dərk edə bilmədiyi sirrdir, buna görə də bizim üçün anlaşılmazdır. Axı Allahın xasiyyəti və təbiətindəki xüsusiyyətini Allahın Özündən başqa kim tam göstərə bilər?! Lakin biz yadda saxlamalıyıq ki, Allah qadirdir və Onun üçün mümkün olmayan heç bir şey yoxdur, bu isə Onun iradəsinə zidd deyildir. Halbuki, biz Allahın yaratdığı təbiəti görürük. Bu təbiət, tamamlanmış olmasa da, böyük gerçəkliyi əks etdirir. Göydə günəşə bax, o necə də nəhəngdir, hərarətlidir; əgər o yerə yaxınlaşsaydı, biz hamımız məhv olardıq. Günəş öz nurunu göndərir və onunla bizim dünyanı işıqlandırır və isidir. Böyük Allah da beləcə Öz Nurunu – Onunla olan Nurunu dünyamıza göndərir ki, bizə həyat versin. Allah bu nuru Öz Kəlamı və Öz Oğlu adlandırır. İsa Məsih belə Nur oldu və Özü haqqında dedi: ‘Mən dünyanın Nuruyam, Mənim ardımca gələn qaranlıqda yeriməyəcək və onda həyat nuru olacaq’ (Yəhya 8:12). Günəş nurunu görəndə günəşi andığımız kimi, İsa Məsihə baxanda da Allahı görürük. İsa bir dəfə dedi: ‘Məni görən, Atanı görmüş olur’ (Yəhya 14:9). Ona görə də biz məsihçilər inanırıq ki, Oğlu İsa Məsihdə Allah Özü bizə yaxınlaşmışdır.

Dostum! Qadir Allahın belə yolla yer üzündə yaşayan günahkar insanları xilas etmək üçün gəlməsi sizə təəccüblü gəlmirmi? Lakin yadda saxlayın ki, Allah böyükdür. O, əbədi məhəbbətdir. Məsihdə bizim dünyamıza gəlişi ilə O Özü İlahi məhəbbətini bizə tamamilə açdı. Yəqin ki, siz xeyirxah padşah haqqında eşitmisiniz. O öz padşahlığının adamlarını elə sevirdi ki, tez-tez padşah libasını yoxsul libası ilə dəyişib, evləri gəzərmiş, hamı ilə söhbət edib onlara kömək edərmiş. Bəlkə də müqayisə uğursuzdur. Lakin Ata ilə bir olan Allahın Oğlu Öz səmavi şöhrətindən əl çəkərək yerə endi və insan kimi kasıb yaşadı ki, insanlara Allahın məhəbbətini izhar etsin və onları Allaha çatdırsın. Necə də heyrətamiz məhəbbət olmuşdur!
_______________________
İman Yolu(Yusif Miller)