012 465 4150 info@yeniheyat.com

Matta

PDF download

Adobe_PDF_file_icon_32x32

 

Matta 1

İsa Məsihin nəsil şəcərəsi

(Luka 3:23-38)

1Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şəcərəsi:  2İbrahimdən İshaq törədi. İshaqdan Yaqub törədi. Yaqubdan Yəhuda və onun qardaşları törədi.  3Yəhudadan Tamarın doğduğu Peres və Zerah törədi. Peresdən Xesron törədi. Xesrondan Ram törədi.  4Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi.  5Salmondan Raxavın doğduğu Boaz törədi. Boazdan Rutun doğduğu Oved törədi. Oveddən Yessey törədi.  6Yesseydən padşah Davud törədi. Davuddan Uriyanın arvadının doğduğu Süleyman törədi.  7Süleymandan Rexavam törədi. Rexavamdan Aviya törədi. Aviyadan Asa törədi.  8Asadan Yehoşafat törədi. Yehoşafatdan Yehoram törədi. Yehoramdan Uzziya törədi.  9Uzziyadan Yotam törədi. Yotamdan Axaz törədi. Axazdan Xizqiya törədi.  10Xizqiyadan Menaşşe törədi. Menaşşedən Amon törədi. Amondan Yoşiya törədi.  11Babil sürgünü zamanı Yoşiyadan Yekonya və onun qardaşları törədi.  12Babil sürgünündən sonra Yekonyadan Şealtiel törədi. Şealtieldən Zerubbabil törədi.  13Zerubbabildən Avihud törədi. Avihuddan Elyaqim törədi. Elyaqimdən Azur törədi.  14Azurdan Sadoq törədi. Sadoqdan Yaxin törədi. Yaxindən Elihud törədi.  15Elihuddan Eleazar törədi. Eleazardan Mattan törədi. Mattandan Yaqub törədi.  16Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu.  17Beləliklə, İbrahimdən Davuda qədər olan bütün nəsillər on dörd nəsildir, Davuddan Babil sürgününə qədər on dörd nəsildir, Babil sürgünündən Məsihə qədər də on dörd nəsildir.

İsa Məsihin doğulması

(Luka 2:1-7)

18İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu.  19Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü.  20Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır.  21Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək».  22Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi:  23«Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar». «İmmanuel» «Allah bizimlədir» deməkdir.  24Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi etdi və arvadını qəbul etdi.  25Amma Məryəm bir Oğul doğana qədər Yusif onunla yaxınlıq etmədi. Doğulan Körpənin adını İsa qoydu.

YUXARI

Matta 2

Müdrik adamların ziyarəti

1İsa padşah Hirodun dövründə Yəhudeyanın Bet-Lexem şəhərində anadan olduqda müdrik adamlar şərqdən Yerusəlimə gəlib  2dedilər: «Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik».  3Padşah Hirod bunu eşitdikdə özü və bütün Yerusəlim xalqı təlaşa düşdü.  4Hirod xalqın bütün başçı kahinlərini və ilahiyyatçılarını toplayaraq onlardan Məsihin harada doğulduğunu soruşdu.  5«Yəhudeyanın Bet-Lexem şəhərində» dedilər. «Çünki peyğəmbər vasitəsilə belə yazılıb:  6“Ey Yəhuda torpağındakı Bet-Lexem, sən

Yəhuda hökmdarları arasında ən kiçik deyilsən,

Çünki xalqım İsrailə çoban olan

Hökmdar səndən çıxacaq”».

7Onda Hirod müdrik adamları gizlicə çağırıb onlardan ulduzun göründüyü dəqiq vaxtı öyrəndi.  8«Gedin, Körpəni diqqətlə axtarın, tapan kimi mənə xəbər verin ki, mən də gedib Ona səcdə qılım» deyərək onları Bet-Lexemə göndərdi.  9Onlar padşahı dinlədikdən sonra yola düşdülər. O vaxt şərqdə gördükləri ulduz onlara yol göstərirdi. O, Körpənin olduğu yerin üzərinə çatdıqda dayandı.  10Onlar ulduzu gördükləri vaxt çox sevindilər.  11Evə girib Körpəni anası Məryəmlə birlikdə gördülər və yerə qapanaraq Ona səcdə qıldılar. Xəzinələrini açıb Ona hədiyyələri – qızıl, kündür və mirranı təqdim etdilər.  12Sonra röyada Hirodun yanına qayıtmamaq üçün xəbərdarlıq aldıqlarına görə başqa yolla öz ölkələrinə getdilər.

Misirə qaçış

13Müdrik adamlar yola düşəndən sonra Rəbbin bir mələyi Yusifə röyada görünərək dedi: «Qalx, Körpə ilə anasını götür, Misirə qaç. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Hirod Körpəni öldürmək üçün axtarmağa başlayır».  14Beləliklə, Yusif qalxdı, həmin gecə Körpə ilə anasını götürüb Misirə yollandı.  15Hirod ölənə qədər orada qaldı. Bu, Rəbbin peyğəmbər vasitəsilə söylədiyi söz yerinə yetsin deyə baş verdi: «Öz Oğlumu Misirdən çağırdım».

16Hirod müdrik adamlar tərəfindən axmaq yerinə qoyulduğunu görəndə çox hiddətləndi. O, müdrik adamlardan öyrəndiyi vaxta görə Bet-Lexem və onun ətrafında yaşayan iki və iki yaşdan aşağı körpə oğlan uşaqlarını öldürtdü.  17Beləliklə, Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi:  18«Ramada bir səs eşidildi,

Ağlaşma və böyük fəryad səsləri!

Rəhilə uşaqları üçün ağlayır,

Təsəlli istəmir.

Çünki onlar daha yoxdur».

Misirdən Nazaretə dönüş

19Hirod öləndən sonra Rəbbin bir mələyi Misirdə Yusifə röyada görünüb  20dedi: «Qalx, Körpə ilə anasını götür, İsrail ölkəsinə qayıt. Çünki Körpənin canını almaq istəyənlər öldü».  21Yusif qalxdı, Körpə ilə anasını götürüb İsrail ölkəsinə qayıtdı.  22Amma Arxelanın öz atası Hirodun yerinə Yəhudeya padşahı olduğunu eşidəndə oraya getməyə qorxdu. Röyada xəbərdarlıq alaraq Qalileya bölgəsinə getdi.  23Gəlib Nazaret deyilən şəhərdə məskən saldı. Bu, peyğəmbərlər vasitəsilə söylənən «Ona Nazaretli deyiləcək» sözü yerinə yetsin deyə baş verdi.

YUXARI

Matta 3

Vəftizçi Yəhyanın gəlişi

(Mark 1:1-8; Luka 3:1-18; Yəh. 1:19-28)

1O günlərdə Vəftizçi Yəhya Yəhudeya çölündə vəz edərək meydana çıxdı.  2O belə deyirdi: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb».  3Bu o adamdır ki, Yeşaya peyğəmbər onun barəsində demişdi: «Səhrada nida edənin səsi gəlir:

“Rəbbin yolunu hazırlayın,

Onun keçəcəyi yerləri düz edin”».

4Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, yeməyi çəyirtkə və çöl balı idi.  5Yerusəlim sakinləri, bütün Yəhudeya diyarından olanlar və İordan ətrafında yaşayanlar Yəhyanın yanına gəlirdi.  6Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdu.  7Fariseylər və sadukeylərdən çoxunun vəftiz olmaq üçün onun yanına gəldiyini görən Yəhya onlara belə dedi: «Ey gürzələr nəsli! Üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib?  8İndi isə tövbəyə layiq bəhrə verin.  9Ürəyinizdə “atamız İbrahimdir” deyə düşünməyin. Mən sizə deyirəm: Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir.  10Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır.  11Mən sizi tövbəniz üçün su ilə vəftiz edirəm, amma məndən sonra Gələn məndən daha qüdrətlidir. Mən Onun çarıqlarını daşımağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək.  12Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Küləşi isə sönməz odda yandıracaq».

İsanın vəftiz olunması

(Mark 1:9-11; Luka 3:21-22)

13O vaxt İsa Yəhya tərəfindən vəftiz olmaq üçün Qalileyadan İordan çayına, Yəhyanın yanına gəldi.  14Yəhya Ona mane olmaq istəyərək dedi: «Sən Məni vəftiz etməlisən, Sən niyə mənim yanıma gəlirsən?»  15İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə yetirməliyik». Onda Yəhya razı oldu.  16İsa vəftiz olunan kimi sudan çıxdı. O vaxt göylər yarıldı və Allahın Ruhunun göyərçin kimi endiyini və Öz üzərinə qonduğunu gördü.  17Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam».

YUXARI

Matta 4

İsanın sınağa çəkilməsi

(Mark 1:12-13; Luka 4:1-13)

1Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı.  2İsa qırx gün-qırx gecə oruc tutandan sonra acdı.  3O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün».  4İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır».  5Sonra iblis Onu müqəddəs şəhərə gətirdi və məbədin qülləsinə qoyub  6dedi: «Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at. Axı “Allah Sənə görə mələklərinə əmr edər ki,

Səni əlləri üstündə aparsınlar,

Ayağın bir daşa dəyməsin”

deyə yazılmışdır».  7İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır».  8İblis yenə İsanı çox yüksək bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini göstərib dedi:  9«Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm».  10İsa dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır».  11Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi.

İsa xidmətinə başlayır

(Mark 1:14-15; Luka 4:14-15)

12İsa Yəhyanın həbs olunduğunu eşitdikdə Qalileyaya qayıtdı.  13Nazaretdən çıxıb Zevulun və Naftali bölgəsində, Qalileya gölü kənarında yerləşən Kefernahumda məskən saldı.  14Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi:  15«Zevulun və Naftali bölgələri,

Dənizkənarı yol,

İordan çayının o biri tayı,

Müxtəlif millətlər yaşayan Qalileya –

16Zülmətdə yaşayan xalq

Möhtəşəm bir işıq gördü.

Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə

Nur doğdu».

17O vaxtdan İsa vəz edib belə deməyə başladı: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb».

İlk şagirdlər

(Mark 1:16-20; Luka 5:1-11)

18İsa Qalileya gölünün sahilində gəzərkən suya tor atan iki qardaşı – Peter adlanan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi.  19İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız».  20Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər.  21İsa oradan irəli gedib başqa iki qardaşı – Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar ataları Zavdayla birlikdə qayıqda torlarını düzəldirdilər. İsa onları çağırdı.  22Onlar da dərhal qayığı və atalarını qoyub Onun ardınca getdilər.

İsa xəstələrə şəfa verir

(Mark 3:7-12; Luka 6:17-19)

23İsa bütün Qalileyanı gəzir, onların sinaqoqlarında öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, xalq arasında hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi.  24Onun haqqındakı xəbər bütün Suriyaya yayıldı. Ona görə də İsanın yanına hər cür xəstəlik və iztirab çəkənləri, cinlərə tutulmuşları, epileptikləri və iflicləri gətirdilər. O da onlara şəfa verdi.  25Qalileyadan, Dekapolis bölgəsindən, Yerusəlimdən, Yəhudeyadan və İordan çayının o biri tayından böyük izdihamlar İsanın ardınca gedirdi.

YUXARI

Matta 5

İsanın Dağüstü vəzi

1İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi.  2İsa danışmağa başlayıb onları öyrədərək dedi:

Bəxtiyar olanlar

(Luka 6:20-23)

3«Nə bəxtiyardır ruhən yoxsullar!

Çünki Səmavi Padşahlıq onlarındır.

4Nə bəxtiyardır yaslı olanlar!

Çünki onlar təsəlli tapacaq.

5Nə bəxtiyardır həlimlər!

Çünki onlar yer üzünü irs alacaq.

6Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar!

Çünki onlar doyacaq.

7Nə bəxtiyardır mərhəmətli olanlar!

Çünki onlara mərhəmət ediləcək.

8Nə bəxtiyardır ürəyi təmiz olanlar!

Çünki onlar Allahı görəcək.

9Nə bəxtiyardır sülhyaradanlar!

Çünki onlar Allahın övladları adlanacaq.

10Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər!

Çünki Səmavi Padşahlıq onlarındır.

11İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız!  12Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər.

Duz və nur

13Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz.  14Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz.  15Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın.  16Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.

Qanun və Peyğəmbərlər

17Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim.  18Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq.  19Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq.  20Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz.

Hirs və qətl

21Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz.  22Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq.  23Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var,  24qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et.  25Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan.  26Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan.

Zina və boşanma

27“Zina etmə” deyildiyini eşitmisiniz.  28Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur.  29Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır.  30Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır.  31“Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir.  32Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir.

And içmək

33Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz.  34Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır;  35nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir.  36Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən.  37Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır.

Düşmənlərinizi sevin

(Luka 6:27-36)

38“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz.  39Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir.  40Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver.  41Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get.  42Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.  43“Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz.  44Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin.  45Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır.  46Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi?  47Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi?  48Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.

YUXARI

Matta 6

Sədəqə vermək

1Ehtiyatlı olun, siz saleh iş görəndə bunu insanların önündə, onlara göstərmək üçün etməyin. Yoxsa göylərdə olan Atanızdan mükafat almazsınız.  2Ona görə də sədəqə verdiyin zaman önündə şeypur səsi ilə car çəkmə. Çünki adamlar onları izzətləndirsin deyə ikiüzlülər sinaqoqlarda və küçələrdə belə edirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar.  3Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin.  4Belə ki verdiyin sədəqə gizli qalsın. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.

Necə dua etməli

(Luka 11:2-4)

5Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın. Çünki belələri adamlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar.  6Amma sən dua etdiyin zaman öz otağına gir və qapını örtüb gizlində olan Atana dua et. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.  7Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər.  8Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir.  9Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız,

Adın müqəddəs tutulsun,

10Padşahlığın gəlsin,

Göydə olduğu kimi

Yerdə də Sənin iradən olsun.

11Gündəlik çörəyimizi bizə bu gün ver.

12Bizə borclu olanları bağışladığımız kimi

Bizim borclarımızı da bağışla.

13Bizi sınağa çəkmə,

Lakin bizi şər olandan xilas et.

Çünki padşahlıq, qüdrət və izzət

Əbədi olaraq Sənindir. Amin.”

14Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar.  15Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz.

Oruc

16Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar.  17Amma sən oruc tutanda başına yağ çək və üzünü yu.  18Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.

Səmavi xəzinələr

(Luka 11:34-35; 12:33-34; 16:13)

19Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar.  20Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar.  21Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq.  22Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq.  23Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür!  24Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz.

Qayğı çəkməyin

(Luka 12:22-32)

25Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi?  26Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi?  27Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər?  28Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir.  29Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi.  30Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi?  31Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik?” deyə qayğı çəkməyin.  32Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir.  33Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək.  34Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir!

YUXARI

Matta 7

Mühakimə etməyin

(Luka 6:37-42)

1Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız.  2Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək.  3Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən?  4Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!”  5Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar.  6Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın; yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar.

Dua haqqında təlim

(Luka 11:9-13)

7Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq.  8Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar.  9Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi?  10Ya da balıq diləsə, ona ilan verərmi?  11Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir!  12İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur.

Dar qapı və geniş qapı

(Luka 13:24)

13Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur.  14Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır.

Ağac və bəhrə

(Mat. 12:33-35; Luka 6:43-46; 13:25-27)

15Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar.  16Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı?  17Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər.  18Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz.  19Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar.  20Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız.  21Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək.  22O gün bir çoxları Mənə deyəcək: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələr yaratmırdıqmı?”  23Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!”

Ağıllı bənna və ağılsız bənna

(Luka 6:47-49)

24Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir.  25Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təməli qaya üzərində qurulub.  26Bu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız adama bənzəyir.  27Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət olar».  28İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi,  29çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi.

YUXARI

Matta 8

İsa bir cüzamlıya şəfa verir

(Mark 1:40-45; Luka 5:12-16)

1İsa dağdan endiyi zaman böyük bir izdiham Onun ardınca getdi.  2Bu zaman cüzamlı bir adam yaxınlaşıb «ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı.  3İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan pak oldu.  4İsa ona dedi: «Bax heç kəsə bir söz demə, amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə Musanın buyurduğu təqdimi apar».

Yüzbaşının imanı

(Luka 7:1-10)

5İsa Kefernahuma girərkən bir yüzbaşı Ona yaxınlaşıb yalvardı:  6«Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox iztirab çəkir».  7İsa ona dedi: «Mən gəlib ona şəfa verəcəyəm».  8Yüzbaşı cavab verərək dedi: «Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq.  9Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir».  10Bunu eşidən İsa heyrət etdi. O ardınca gələn xalqa dedi: «Sizə doğrusunu deyirəm: İsraildə heç kimdə belə böyük iman görmədim.  11Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və Səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq.  12Amma bu padşahlığın əsl övladları isə qaranlıq çölə atılacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq».  13Sonra İsa yüzbaşıya dedi: «Get, qoy sənin imanına görə olsun». Yüzbaşının xidmətçisi də o saat sağaldı.

İsa çox adama şəfa verir

(Mark 1:29-34; Luka 4:38-41)

14İsa Peterin evinə gəldi. Onun qayınanasının qızdırma içində yatdığını gördü.  15İsa onun əlinə toxundu və qadının qızdırması düşdü. Qadın qalxıb İsaya xidmət etməyə başladı.  16Axşam olduqda isə cinə tutulmuş bir çox adamı İsanın yanına gətirdilər. O, sözlə ruhları çıxartdı və xəstələrin hamısına şəfa verdi.  17Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən bu sözlər yerinə yetsin deyə baş verdi: «Bizim xəstəliklərimizi O çəkdi,

Naxoşluqlarımızı Öz üzərinə götürdü».

İsanın şagirdi olmaq nə deməkdir

(Luka 9:57-62)

18İsa ətrafında izdihamı gördükdə əmr verdi ki, o biri sahilə keçsin.  19Bu zaman bir ilahiyyatçı Ona yaxınlaşıb dedi: «Müəllim! Sən hara getsən, Sənin ardınca gedəcəyəm».  20İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur».  21Şagirdlərindən bir başqası İsaya dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim».  22İsa ona dedi: «Ardımca gəl. Qoy ölülər öz ölülərini dəfn etsin».

İsa tufanı yatırır

(Mark 4:35-41; Luka 8:22-25)

23İsa qayığa mindiyi zaman şagirdləri də Onun ardınca getdi.  24Göldə elə böyük tufan qopdu ki, qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı.  25Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ya Rəbb, bizi xilas et, biz həlak oluruq!»  26İsa onlara «Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi. Sonra durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü.  27Onlar heyrət içində qalıb dedilər: «Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?»

Cinə tutulmuş iki nəfər sağaldılır

(Mark 5:1-20; Luka 8:26-39)

28İsa o biri sahildə yerləşən Qadaralıların diyarına gəldiyi zaman qəbir mağaralarından çıxan cinə tutulmuş iki nəfər Onunla qarşılaşdı. Onlar elə təhlükəli idi ki, heç kim o yoldan keçə bilmirdi.  29Budur, onlar bağırdılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Buraya vaxtından əvvəl bizə iztirab verməyəmi gəlmisən?»  30Onlardan uzaqda böyük bir donuz sürüsü otlayırdı.  31Cinlər İsaya yalvardılar: «Bizi qovacaqsansa, bu donuz sürüsünə göndər».  32İsa onlara «Gedin!» dedi. Cinlər də adamlardan çıxıb donuzların içinə girdi. Beləliklə, bütün sürü uçurumdan aşağı, gölə atılıb suda boğuldu.  33Donuz otaranlar isə qaçdılar, şəhərə gəlib hər şeyi və cinə tutulmuş adamların başına gələn əhvalatı xəbər verdilər.  34Bundan sonra bütün şəhər əhalisi İsanı qarşılamağa çıxdı. İsanı görəndə Ona yalvardılar ki, onların bölgəsindən çıxsın.

YUXARI

Matta 9

İsa iflicə şəfa verir

(Mark 2:1-12; Luka 5:17-26)

1İsa qayığa minərək gölü keçdi və Öz şəhərinə gəldi.  2Onun yanına yataqda yatan bir iflic adamı gətirdilər. İsa onların imanını görəndə iflic olan adama dedi: «Cəsarətli ol, oğlum, günahların bağışlandı».  3Onda bəzi ilahiyyatçılar öz-özünə dedilər: «Bu Adam küfr danışır».  4Onların nə düşündüklərini görərək İsa dedi: «Niyə ürəyinizdə pis şeylər fikirləşirsiniz?  5Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək?  6Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və onda iflicə dedi: «Qalx, yatağını götür və evinə get!»  7Xəstə qalxıb evinə getdi.  8Xalq bunu gördükdə qorxdu və insanlara bu cür səlahiyyət verən Allahı izzətləndirdi.

Matta şagirdlərə qoşulur

(Mark 2:13-17; Luka 5:27-32)

9İsa oradan keçəndə vergi yığılan yerdə oturan Matta adlı bir adamı görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi.  10İsa evdə süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular.  11Fariseylər bunu gördükdə Onun şagirdlərinə dedilər: «Niyə Müəlliminiz vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?»  12Amma İsa bunu eşidəndə dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var.  13Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm».

Oruc barəsindəki sual

(Mark 2:18-22; Luka 5:33-39)

14O zaman Yəhyanın şagirdləri İsanın yanına gəlib dedilər: «Nə üçün biz və fariseylər çox oruc tuturuq, amma Sənin şagirdlərin oruc tutmur?»  15İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı yas tuta bilərmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar.  16Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Çünki təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar.  17Eləcə də təzə şərabı köhnə tuluqlara doldurmazlar. Yoxsa tuluqlar partlayar, şərab tökülər, tuluqlar da zay olar. Təzə şərab təzə tuluqlara doldurular; onda hər ikisi qorunar».

Qızın dirilməsi və qadının şəfa tapması

(Mark 5:21-43; Luka 8:40-56)

18Bu şeyləri onlara söyləyərkən bir rəis gəldi və Ona səcdə qılaraq dedi: «Qızım indi ölür, amma gəlib əlini onun üstünə qoysan, yaşayacaq».  19İsa qalxıb şagirdləri ilə onun ardınca getdi.  20Həmin vaxt on iki il qanaxma xəstəliyinə tutulan bir qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu.  21Çünki öz-özünə deyirdi: «Heç olmasa paltarına toxunsam, sağalaram».  22İsa da dönüb onu görərək dedi: «Cəsarətli ol, qızım, imanın səni xilas etdi». Qadın o saat sağaldı.  23İsa rəisin evinə gələndə tütək çalanları və qarışıqlıq salan izdihamı gördü  24və dedi: «Çəkilin buradan, çünki qız ölməyib, sadəcə olaraq yatıb». Onlar İsaya güldülər.  25Amma camaat çölə çıxarılanda İsa içəri girdi və qızın əlindən tutdu; qız da ayağa qalxdı.  26Bu xəbər o torpağın hər tərəfinə yayıldı.

İki kor ilə bir lal sağaldılır

27İsa oradan keçərkən iki kor adam Onun ardınca gələrək qışqırırdı: «Ey Davud Oğlu! Bizə rəhm elə!»  28Evə girdikdə korlar Onun yanına gəldilər. İsa onlara dedi: «Bunu etməyə qadir olduğuma inanırsınızmı?» Kor adamlar Ona dedilər: «Bəli, ya Rəbb».  29O zaman İsa onların gözlərinə toxunaraq dedi: «Sizə imanınıza görə olsun».  30Onların gözləri açıldı. İsa «baxın heç kim bu barədə bilməsin» deyə onlara ciddi tapşırdı.  31Onlar isə çıxıb Onun haqqındakı xəbəri o torpağın hər tərəfinə yaydılar.  32Onlar çıxarkən cinə tutulmuş lal bir adamı İsanın yanına gətirdilər.  33Cin qovulandan sonra lal danışmağa başladı. Xalq heyrətlənərək dedi: «İsraildə heç vaxt belə bir şey baş verməmişdi».  34Lakin fariseylər deyirdilər: «O, cinlərin başçısının gücü ilə cinləri qovur».

Məhsul çox, işçilər az

35İsa bütün şəhər və kəndləri gəzib-dolaşaraq onların sinaqoqlarında təlim öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi.  36Lakin izdihamı görəndə İsanın onlara rəhmi gəldi, çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər.  37O zaman İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır.  38Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin».

YUXARI

Matta 10

On İki şagirdə verilən vəzifə

(Mark 3:13-19; 6:7-13; Luka 6:12-16; 9:1-6; 10:1-12)

1İsa On İki şagirdini yanına çağırıb onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi ki, bunları qovsunlar, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa versinlər.  2Bu On İki həvarinin adları belədir: birincisi Peter adlanan Şimon və onun qardaşı Andrey, Zavday oğlu Yaqub və qardaşı Yəhya,  3Filip və Bartalmay, Tomas və vergiyığan Matta, Halfay oğlu Yaqub və Tadday,  4Kənançı Şimon və İsaya xəyanət edən Yəhuda İskaryot.  5İsa həmin on iki nəfəri belə əmrlə göndərdi: «Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin,  6amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin.  7Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin.  8Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin.  9Qurşağınızda nə qızıl, nə gümüş, nə də mis götürün.  10Yol üçün nə torba, nə iki köynək, nə çarıq, nə də əsa götürün. Çünki işçi öz azuqəsinə layiqdir.  11Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli kimdirsə, axtarın və yola çıxanacan onun evində qalın.  12O evə girərkən ev sakinlərini salamlayın.  13Əgər ev layiqdirsə, əmin-amanlığınız onun üzərinə gəlsin; layiq deyilsə, əmin-amanlığınız özünüzə qayıtsın.  14Kim sizi qəbul etməyib sözlərinizi dinləməzsə, o evdən və ya şəhərdən çıxarkən ayaqlarınızın tozunu çırpın.  15Sizə doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorra diyarının halı o şəhərin halından daha asan olacaq.

Şagirdlərin sıxıntıları

(Mark 13:9-13; Luka 21:12-17)

16Budur, sizi qurdlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi məsum olun.  17İnsanlardan özünüzü gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarında qamçılayacaqlar.  18Onlara və millətlərə şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısına aparılacaqsınız.  19Onlar sizi təslim edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin vaxt sizə bildiriləcək,  20çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur.  21Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək.  22Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq.  23Sizi bir şəhərdə təqib edəndə başqasına qaçın. Çünki sizə doğrusunu deyirəm: siz İsrail şəhərlərini dolaşıb-qurtarmamış Bəşər Oğlu gələcək.  24Şagird müəllimindən, qul da ağasından üstün deyil.  25Şagirdin öz müəllimi, qulun isə öz ağası kimi olması ona kifayətdir. Əgər ev sahibinə Baal-Zevul dedilərsə, onun ailə üzvlərinə bundan nə qədər artıq deyəcəklər!

Kimdən qorxmalı

(Luka 12:2-9)

26Beləliklə, onlardan qorxmayın. Çünki elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək.  27Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin və qulağınıza pıçıldananı damlardan bəyan edin.  28Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun.  29İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Atanızın izni olmadan yerə düşməz.  30Sizin başınızdakı saçlar belə, sayılıb.  31Ona görə də qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz.  32İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm.  33Amma kim insanlar qarşısında Məni inkar etsə, Mən də onu göylərdə olan Atamın qarşısında inkar edəcəyəm.

İsaya layiq olmaq

(Luka 12:51-53; 14:26-27)

34Düşünməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm. Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm.  35Çünki Mən oğulu atasından, qızı anasından, gəlini də qayınanasından ayırmağa gəlmişəm.  36“İnsanın düşməni öz ev əhli olacaq”.

37Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıq sevən də Mənə layiq deyil.  38Çarmıxını götürüb ardımca gəlməyən kəs də Mənə layiq deyil.  39Canını qoruyan kəs onu itirəcək, Mənim uğrumda canını itirənsə onu qoruyacaq.  40Sizi qəbul edən kəs Məni qəbul edər. Məni qəbul edən də Məni Göndərəni qəbul edər.  41Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən kəs peyğəmbərə layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qəbul edən də salehə layiq bir mükafat alacaq.  42Kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq».

YUXARI

Matta 11

İsa Məsih və Vəftizçi Yəhya

(Luka 7:18-35)

1İsa On İki şagirdinə nəsihət verib qurtarandan sonra öyrədərək vəz etmək üçün onların şəhərlərinə getdi.  2Yəhya isə Məsihin işlərini zindanda eşidərək öz şagirdlərini göndərib  3Ondan soruşdu: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?»  4İsa onlara belə cavab verdi: «Gedin, eşidib gördüklərinizi Yəhyaya bildirin:  5korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır.  6Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!»  7Onlar gedərkən İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı?  8Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma nəfis toxunmuş paltar geyənlər padşahların saraylarında qalır.  9Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə.  10Bu o adamdır ki, onun haqqında yazılıb: “Budur, Sənin önündə Öz elçimi göndərirəm,

O Sənin qabağında yolunu hazırlayacaq”.

11Sizə doğrusunu deyirəm: qadından doğulanlar arasında Vəftizçi Yəhyadan daha üstün olan meydana çıxmayıb. Amma Səmavi Padşahlıqda ən kiçik olan ondan üstündür.  12Vəftizçi Yəhyanın günlərindən indiyə qədər Səmavi Padşahlıq zorla alınır və zor işlədənlər onu ələ keçirir.  13Çünki bütün Peyğəmbərlər və Qanun Yəhyaya qədər peyğəmbərlik etdi.  14Əgər onu qəbul etmək istəyirsinizsə, gəlməli olan İlyas odur.  15Qulağı olan eşitsin!  16Bəs bu nəsli nəyə bənzədim? O, bazar meydanlarında oturan və “Biz sizə tütək çaldıq, sizsə oynamadınız.

Biz mərsiyələr oxuduq, sizsə matəm tutmadınız”

deyib başqalarını səsləyən uşaqlara bənzəyir.  17Bəs bu nəsli nəyə bənzədim? O, bazar meydanlarında oturan və “Biz sizə tütək çaldıq, sizsə oynamadınız.

Biz mərsiyələr oxuduq, sizsə matəm tutmadınız”

deyib başqalarını səsləyən uşaqlara bənzəyir.  18Çünki Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və onlar deyirlər: “O, cinə tutulmuşdur”.  19Bəşər Oğlu gəldikdə yeyib-içdi və onlar deyirlər: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” Amma hikmət öz əməlləri ilə təsdiq olunur».

Tövbə etməyən şəhərlər

(Luka 10:13-15)

20Onda İsa bir çox möcüzələr göstərdiyi şəhərləri tövbə etmədikləri üçün məzəmmət etməyə başladı.  21«Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdilər.  22Amma sizə deyirəm: qiyamət günü Sur və Sidonun halı sizinkindən daha asan olacaq.  23Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən. Çünki səndə baş vermiş möcüzələr Sodomda olsaydı, o bu günə qədər durardı.  24Ancaq Mən sizə deyirəm: qiyamət günü Sodom diyarının halı səninkindən daha asan olacaq».

Yorğunlara Müjdə

(Luka 10:21-22)

25O vaxt İsa davam edərək dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin.  26Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi.  27Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs tanımaz.  28Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm.  29Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız.  30Çünki Mənim boyunduruğum rahat və yüküm yüngüldür».

YUXARI

Matta 12

Şənbə günü haqqında təlim

(Mark 2:23-28; Luka 6:1-5)

1O vaxtlar İsa bir Şənbə günü taxıl zəmiləri arasından keçirdi. Şagirdləri ac idi və sünbülləri qırıb yeməyə başladılar.  2Fariseylər bunu görüb Ona dedilər: «Budur, şagirdlərin Şənbə günü qadağan olunan işləri görürlər».  3İsa onlara dedi: «Davud və yanındakılar ac olanda nə etdiklərini oxumamısınızmı?  4O, Allahın evinə girdi; ona və yanındakılara deyil, yalnız kahinlərə yeməyə icazə verilən təqdis çörəklərini yedilər.  5Eləcə də Qanunda oxumamısınız ki, kahinlər məbəddə Şənbəni pozurlar, lakin təqsirsiz sayılırlar?  6Amma sizə deyirəm ki, məbəddən daha üstün Olan buradadır.  7Əgər siz “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını bilsəydiniz, təqsirsizləri məhkum etməzdiniz.  8Ona görə ki Bəşər Oğlu Şənbə gününün Sahibidir».

Əli qurumuş adamın şəfası

(Mark 3:1-6; Luka 6:6-11)

9İsa oradan ayrılıb onların sinaqoquna girdi.  10Budur, orada əli qurumuş bir adam var idi. Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə «Şənbə günü şəfa verməyə icazə varmı?» deyə soruşdular.  11İsa onlara belə cavab verdi: «Hansınızın bir qoyunu olarsa və qoyun Şənbə günü çuxura düşərsə, onu tutub çıxartmaz?  12İnsan qoyundan nə qədər dəyərlidir! Beləliklə, Şənbə günü xeyirxah iş görməyə icazə var».  13Sonra İsa adama dedi: «Əlini uzat!» O, əlini uzatdı və əli əvvəlki halına qayıdıb o biri əli kimi sağlam oldu.  14Fariseylər çıxıb İsanı necə məhv etmək barədə məsləhətləşdilər.

Allahın seçdiyi Qul

15İsa bunu bilib oradan uzaqlaşdı. Böyük bir izdiham Onun ardınca getdi və İsa onların hamısına şəfa verdi.  16Amma onlara qadağan etdi ki, Onun kim olduğunu deməsinlər.  17Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi:  18«Budur, Mənim seçdiyim Qulum!

Mənə sevimlidir, könlüm Ondan razıdır.

Mən Öz Ruhumu Onun üzərinə qoyacağam.

O, millətlərə ədalət elan edəcək.

19O nə mübahisə, nə də fəryad edəcək.

Küçələrdə heç kim Onun səsini eşitməyəcək.

20Ədaləti zəfərə çatdırana qədər

Əzilmiş qamışı qırmayacaq,

Tüstülənən piltəni söndürməyəcək.

21Millətlər Onun adına ümid bağlayacaq».

İsa və Baal-Zevul

(Mark 3:20-30; Luka 6:43-45; 11:14-23)

22Ondan sonra İsanın yanına cinə tutulmuş kor və lal bir adamı gətirdilər. İsa ona şəfa verdi. Beləcə o danışmağa və görməyə başladı.  23Bütün xalq «Bu, Davudun Oğlu deyilmi?» deyə mat qaldı.  24Lakin fariseylər bunu eşitdikdə dedilər: «Bu Adam ancaq cinlərin başçısı Baal-Zevulun gücü ilə cinləri qovur».  25Fariseylərin nə düşündüklərini bilən İsa onlara dedi: «Öz daxilindən bölünmüş hər padşahlıq viran qalar və öz daxilindən bölünmüş hər şəhər yaxud ev davam gətirməz.  26Əgər Şeytan Şeytanı qovarsa, özü daxilindən bölünmüş olur. Bu vəziyyətdə onun padşahlığı necə davam gətirər?  27Əgər Mən cinləri Baal-Zevulun gücü ilə qovuramsa, bəs sizin adamlarınız kimin gücü ilə qovur? Buna görə də onlar sizin hakimləriniz olacaq.  28Lakin Mən cinləri Allahın Ruhu ilə qovuramsa, deməli, Allahın Padşahlığı üzərinizə gəlib.  29Bir kimsə güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağlamadan onun malını necə qarət edə bilər? Gərək o adamın əvvəlcə əl-qolunu bağlasın, sonra evini qarət etsin.  30Mənimlə olmayan Mənə qarşıdır və Mənimlə yığmayan dağıdır.  31Buna görə sizə deyirəm: hər bir günah və hər bir küfr insanlara bağışlanacaq; amma Ruha qarşı küfr bağışlanmayacaq.  32Kim Bəşər Oğluna qarşı söz söyləyərsə, bağışlanacaq; amma kim Müqəddəs Ruha qarşı söyləyərsə, nə bu dövrdə bağışlanacaq, nə də gələcək dövrdə.  33Ya ağaca yaxşı, bəhrəsinə də yaxşı deyin yaxud ağaca pis, bəhrəsinə də pis deyin; çünki ağac bəhrəsindən tanınır.  34Ey gürzələr nəsli, siz pis olduğunuz halda necə yaxşı şeylər söyləyə bilərsiniz? Çünki ürək doluluğundan ağız danışar.  35Yaxşı adam yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adam isə pislik xəzinəsindən pis şeylər çıxarır.  36Mən sizə deyirəm: insanlar söylədikləri hər boş söz üçün qiyamət günü hesab verəcəklər.  37Çünki öz sözlərinə görə haqq qazanacaqsan və öz sözlərinə görə məhkum olunacaqsan».

Yunus peyğəmbərin əlaməti

(Mat. 16:1-4; Mark 8:11-12; Luka 11:24-26; 29-32)

38O zaman bəzi ilahiyyatçılar və fariseylər İsaya dedilər: «Müəllim, Səndən bir əlamət görmək istəyirik».  39İsa onlara belə cavab verdi: «Pis və vəfasız nəsil bir əlamət axtarır. Amma ona Yunus peyğəmbərin əlamətindən başqa heç bir əlamət verilməyəcək.  40Çünki Yunus üç gün-üç gecə nəhəng balığın qarnında necə qalmışdısa, Bəşər Oğlu da üç gün-üç gecə yerin bağrında elə qalacaq.  41Nineva xalqı qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki onlar Yunusun vəzinə görə tövbə etmişdilər. Budur, Yunusdan daha böyük Olan buradadır.  42Cənub mələkəsi qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır.  43Natəmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlərdə dolaşar, rahatlıq axtarar, lakin tapmaz.  44O zaman deyər: “Çıxdığım evə dönüm”. Evə qayıdanda onu boş, süpürülmüş və səliqə-sahman içində görər.  45Bu vaxt o gedib özündən daha betər yeddi başqa ruhu özü ilə götürər. Onlar da oraya girib məskunlaşar. Onda bu adamın axırı əvvəlkindən daha pis olar. Bu pis nəslin də başına belə iş gələcək».

İsanın anası və qardaşları kimdir?

(Mark 3:31-35; Luka 8:19-21)

46İsa camaatla söhbət edəndə anası və qardaşları bayırda durub Onunla danışmaq istəyirdilər.  47Bir nəfər İsaya dedi: «Budur, anan və qardaşların bayırda dayanıb Səninlə danışmaq istəyirlər».  48Amma İsa bu sözü söyləyənə cavab verib dedi: «Mənim anam və qardaşlarım kimlərdir?»  49Əlini şagirdlərinə doğru uzadaraq dedi: «Mənim anam və qardaşlarım bunlardır.  50Çünki kim göylərdə olan Atamın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur».

YUXARI

Matta 13

Səpilən toxum məsəli

(Mark 4:1-20; Luka 8:4-15)

1O gün İsa evdən çıxdı və gedib göl kənarında oturdu.  2Yanına elə böyük izdiham toplaşdı ki, Özü bir qayığa minib oturdu və bütün izdiham sahildə durdu.  3İsa onlara məsəllərlə bir çox şey öyrədərək dedi: «Bir əkinçi toxum səpməyə çıxdı.  4Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi.  5Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerlərə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi.  6Lakin günəş doğanda qarsalandı və kökləri olmadığına görə qurudu.  7Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu.  8Başqaları isə münbit torpağa düşdü. Bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verdi.  9Qulağı olan eşitsin!»  10Şagirdlər İsaya yaxınlaşıb dedilər: «Nə üçün onlara məsəllərlə danışırsan?»  11O isə onlara belə cavab verdi: «Səmavi Padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir, lakin onlara verilməmişdir.  12Çünki kimin varıdırsa, ona daha çox veriləcək və o, bolluq içində olacaq. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq.  13Mənim onlarla məsəllərlə danışmağımın məqsədi budur ki, “gördükləri halda görməzlər, eşitdikləri halda eşitməzlər və anlamazlar”.  14Yeşaya peyğəmbərin onlar üçün dediyi bu sözlər yerinə yetir: “Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız,

Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız.

15Çünki bu xalqın ürəyi kütləşdi,

Qulaqları ağır eşitdi,

Gözlərini yumdular ki,

Gözləri ilə görməsinlər,

Qulaqları ilə eşitməsinlər,

Ürəkləri ilə anlamasınlar

Və Mənə sarı dönməsinlər ki,

Mən onlara şəfa verim”.

16Amma sizin gözləriniz nə bəxtiyardır, çünki görür və qulaqlarınız nə bəxtiyardır, çünki eşidir!  17Sizə doğrusunu deyirəm: bir çox peyğəmbərlər və saleh adamlar sizin gördüklərinizi görməyi arzuladılar, amma görmədilər, eşitdiklərinizi eşitməyi arzuladılar, amma eşitmədilər.  18İndi əkinçi barədə məsəlin izahını dinləyin:  19kim Səmavi Padşahlıqla bağlı kəlamı eşidib anlamırsa, şər olan gəlib onun ürəyində səpilmiş olanı oğurlayır. Yol kənarına səpilən toxum budur.  20Daş-kəsəkli yerlərə səpilən isə kəlamı eşidir və dərhal sevinclə qəbul edir.  21Lakin onda kök olmadığına görə dözümü az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılır.  22Tikanlar arasına səpilən odur ki, kəlamı eşidir, lakin bu dövrün qayğıları və var-dövlətin aldadıcılığı kəlamı boğur və kəlam barsız olur.  23Münbit torpağa səpilənsə odur ki, kəlamı eşidir, anlayır və doğrudan da, səmərə – bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verir».

Dəlicə və buğda məsəli

24İsa onlara başqa bir məsəl də çəkdi: «Səmavi Padşahlıq tarlasına yaxşı toxum səpmiş bir adama bənzəyir.  25Adamlar yatanda onun düşməni gəlib buğdaların arasına dəlicə səpib getdi.  26Buğda böyüyüb bəhrə verəndə dəlicələr də göründü.  27Ev sahibinin qulları gəlib ona belə dedilər: “Ağa, sən tarlana yaxşı toxum səpmədinmi? Bəs bu dəlicə haradan əmələ gəldi?”  28O isə qullara dedi: “Bunu düşmən etmişdir”. Qullar da ona dedilər: “İstəyirsənmi gedib onları çıxaraq?”  29O dedi: “Yox, çünki dəlicələri çıxararkən onlarla birgə buğdanı da qopararsınız.  30Qoy biçinə qədər hər ikisi birlikdə böyüsün. Biçin vaxtı mən biçinçilərə deyəcəyəm: ‹Əvvəlcə dəlicələri toplayın və yandırmaq üçün onlardan dərz bağlayın, buğdanı isə anbarlarıma toplayın›”».

Xardal toxumu və maya məsəlləri

(Mark 4:30-34; Luka 13:18-21)

31İsa onlara başqa bir məsəl də danışaraq dedi: «Səmavi Padşahlıq bir adamın götürüb öz tarlasında səpdiyi xardal toxumuna bənzəyir.  32Xardal toxumu bütün toxumların ən kiçiyi olsa da, böyüdükdə bütün bostan bitkilərindən hündür, lap ağac boyda olur. Belə ki göydə uçan quşlar gəlib onun budaqlarında yuva qurur».  33İsa onlara başqa bir məsəl də söylədi: «Səmavi Padşahlıq xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır».  34İsa bütün bu şeyləri xalqa məsəllərlə söyləyirdi və onlara məsəlsiz heç bir şey söyləməzdi ki,  35peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin: «Ağzımı məsəllərlə açacağam,

Dünya yaranandan bəri

Gizli qalan şeyləri bəyan edəcəyəm».

Dəlicə və buğda məsəlinin izahı

36O zaman İsa xalqdan ayrılıb evə girdi. Şagirdləri Onun yanına gəlib dedilər: «Tarladakı dəlicələr məsəlini bizə izah et».  37Cavabında İsa dedi: «Yaxşı toxumu səpən Bəşər Oğludur.  38Tarla isə dünyadır. Yaxşı toxum Padşahlığın övladlarıdır. Dəlicə isə şər olanın övladlarıdır.  39Dəlicələri səpmiş olan düşmən iblisdir. Biçin dövrün sonudur və biçinçilər isə mələklərdir.  40Dəlicələr toplanıb alovla yandırıldığı kimi bu dövrün sonunda da belə olacaq.  41Bəşər Oğlu mələklərini göndərəcək, onlar da pis yola çəkən bütün şeyləri və qanunsuzluq edənləri Onun Padşahlığından toplayacaq  42və onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq.  43O zaman salehlər özlərinin Atasının Padşahlığında günəş kimi parlayacaqlar. Qulağı olan eşitsin!

Dəfinə və mirvari məsəlləri

44Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlanı satın aldı.  45Yenə Səmavi Padşahlıq gözəl mirvarilər axtaran bir tacirə bənzəyir.  46O, çox dəyərli olan bir mirvari tapanda gedib bütün varını satdı və onu satın aldı.

Tor məsəli

47Yenə Səmavi Padşahlıq dənizə atılan və hər cür balıq tutan bir tora bənzəyir.  48Tor dolduğu zaman onu sahilə çəkdilər və oturub yaxşılarını qablara yığdılar, pisləri isə kənara atdılar.  49Bu dövrün sonunda da belə olacaq. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər.  50Sonra onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq».  51İsa «Bütün bunları anladınızmı?» deyə soruşdu. Onlar İsaya «bəli, ya Rəbb» dedilər.  52İsa da onlara dedi: «Ona görə də Səmavi Padşahlıq üçün şagirdlik etmiş hər ilahiyyatçı xəzinəsindən təzə və köhnə şeylər çıxaran ev sahibinə bənzəyir».

İsa Öz yurdunda rədd edilir

(Mark 6:1-6; Luka 4:16-30)

53İsa bu məsəlləri bitirəndən sonra oradan ayrıldı.  54Öz doğma yurduna gələrək oradakı sinaqoqda xalqı öyrətməyə başladı. Camaat təəccüblənərək dedi: «Bu Adamda belə hikmət, belə möcüzələr yaradan qüvvə haradandır?  55Bu, dülgərin Oğlu deyilmi? Anasının adı Məryəm deyilmi? Yaqub, Yusif, Şimon və Yəhuda Onun qardaşları deyilmi?  56Bütün bacıları aramızda yaşamırmı? Bəs onda bu Adama bütün bu şeylər haradandır?»  57Onların İsaya acığı tutdu. Amma İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan və öz evindən başqa heç bir yerdə xor baxmazlar».  58İsa onların imansızlığı üzündən orada çox möcüzə yaratmadı.

YUXARI

Matta 14

Yəhyanın edamı

(Mark 6:14-29; Luka 9:7-9)

1O vaxt İsa barədə olan xəbərləri hökmdar Hirod eşitdi.  2Nökərlərinə dedi: «Bu, Vəftizçi Yəhyadır. O, ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır».  3Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı.  4Çünki Yəhya Hiroda demişdi: «Hirodiyanı almaq sənə qadağandır».  5Hirod Yəhyanı öldürmək istəyirdi, amma camaatdan qorxurdu. Çünki camaat Yəhyanı peyğəmbər sayırdı.  6Hirodun ad günü qeyd ediləndə Hirodiyanın qızı ortaya çıxıb rəqs etməyə başladı. Bu, Hirodun xoşuna gəldi.  7O and içib bəyan etdi ki, qız nə istəsə, ona verəcək.  8Qız isə anasının təhriki ilə dedi: «Vəftizçi Yəhyanın başını burada bir sini içində mənə ver».  9Padşahı kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə əmr etdi ki, ona istədiyini versinlər.  10Beləliklə, zindanda Yəhyanın boynunu vurdurdu.  11Onun başı bir sini içində gətirilib qıza verildi. Qız da anasına apardı.  12Yəhyanın şagirdləri gəlib onun cəsədini götürdülər. Onu basdırdılar və gəlib İsaya bu barədə xəbər verdilər.

İsa beş min nəfəri doydurur

(Mark 6:30-44; Luka 9:10-17; Yəh. 6:1-14)

13İsa bunu eşidib qayığa minərək təkbaşına oradan kimsəsiz bir yerə çəkildi. Bunu eşidən camaat şəhərlərdən piyada Onun ardınca getdi.  14İsa sahilə düşəndə böyük bir izdiham gördü, onlara rəhmi gəldi və xəstələrinə şəfa verdi.  15Axşama yaxın şagirdlər Onun yanına gəlib dedilər: «Bura çöllükdür, vaxt da gecdir. Camaatı burax, qoy gedib kəndlərdən özlərinə yemək alsınlar».  16Amma İsa onlara dedi: «Getməklərinə ehtiyac yoxdur. Onlara yeməyi siz verin».  17Şagirdlər İsaya dedilər: «Burada beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur».  18İsa «onları buraya, Mənə gətirin» dedi.  19Camaata əmr etdi ki, otların üstündə otursunlar. İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərə verdi. Şagirdlər də camaata payladılar.  20Hamı yeyib-doydu. Artıq qalan hissələrdən on iki dolu zənbil yığdılar.  21Yemək yeyən adamların sayı qadınlar və uşaqlardan başqa, beş min nəfərə yaxın idi.

İsa suyun üstü ilə yeriyir

(Mark 6:45-53; Yəh. 6:15-21)

22Bundan dərhal sonra İsa camaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa minib Özündən əvvəl o biri sahilə keçsinlər.  23İsa camaatı göndərəndən sonra dua etmək üçün tək-tənha dağa çıxdı. Axşam olanda orada tək idi.  24Qayıq isə artıq qurudan çox stadi uzaqda idi və külək onlara qarşı olduğundan dalğalar qayığa zərbələr endirirdi.  25Gecənin dördüncü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi.  26Şagirdlər isə İsanın gölün üstü ilə yeridiyini görəndə «Bu bir kabusdur!» deyərək lərzəyə düşdülər və qorxudan qışqırdılar.  27Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!»  28Peter cavabında Ona dedi: «Ya Rəbb, əgər Sənsənsə, mənə əmr et ki, suların üstü ilə yanına gəlim».  29İsa «Gəl!» dedi. Peter də qayıqdan çıxıb suların üstü ilə yeridi və İsaya tərəf getdi.  30Amma küləyin güclü əsdiyini görəndə qorxdu və batmağa başladı. «Ya Rəbb, məni xilas et!» deyə qışqırdı.  31İsa o anda əlini uzadıb onu tutdu və dedi: «Ey imanı az olan adam, nə üçün şübhə etdin?»  32Onlar qayığa mindikləri zaman külək sakitləşdi.  33Qayıqda olanlar «Doğrudan da, Sən Allahın Oğlusan!» deyə Ona səcdə qıldılar.

İsa Ginesarda xəstələrə şəfa verir

(Mark 6:53-56)

34İsa və şagirdlər gölü keçib Ginesar sahilinə çatdılar.  35O yerin adamları İsanı tanıdıqları zaman ətrafdakı hər yerə xəbər yaydılar. Bütün xəstələri Onun yanına gətirdilər.  36Xəstələr heç olmasa İsanın paltarının ətəyinə toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağaldı.

YUXARI

Matta 15

İnsanı murdar edən nədir?

(Mark 7:1-23)

1Onda Yerusəlimdən fariseylər və ilahiyyatçılar İsanın yanına gəlib dedilər:  2«Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəni pozur və çörək yedikləri zaman əllərini yumurlar?»  3İsa cavabında onlara dedi: «Bəs siz nə üçün öz adət-ənənəniz naminə Allahın əmrini pozursunuz?  4Çünki Allah belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”.  5Sizsə deyirsiniz: “Kim atasına yaxud anasına ‹məndən umduğun yardım Allaha həsr olundu› desə,  6onda atasına hörmət etməyə bilər”. Beləliklə, siz öz adət-ənənəniz naminə Allahın kəlamını heç edirsiniz.  7Ey ikiüzlülər! Yeşaya peyğəmbər sizin üçün nə yaxşı söyləyib! O demişdir:  8“Bu xalq dodaqları ilə Mənə hörmət edir,

Amma qəlbləri Məndən uzaqdır.

9Boş yerə Mənə səcdə edirlər,

İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”».

10İsa camaatı yanına çağırıb onlara dedi: «Qulaq asın və dərk edin.  11Ağıza daxil olan şey insanı murdar etməz, amma insanı murdar edən ağızdan çıxan şeydir».  12O zaman şagirdlər gəlib Ona dedilər: «Bilirsənmi fariseylər bu sözü eşitdikdə incidilər».  13Amma İsa cavab verib dedi: «Səmavi Atamın əkmədiyi hər bitki kökündən qoparılacaq.  14Onları buraxın. Onlar korların kor rəhbərləridir. Əgər kor koru aparsa, ikisi də çuxura düşər».  15Peter Ona cavab verərək dedi: «Bu məsəli bizə izah et».  16İsa dedi: «Siz də hələ dərk etməmisiniz?  17Başa düşmürsünüz ki, ağıza girən hər şey qarına gedir və ifraz olunur?  18Ağızdan çıxan şeylərsə ürəkdən çıxar, bunlar da insanı murdar edər.  19Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar.  20İnsanı murdar edən şeylər bunlardır. Yuyulmamış əllərlə yemək isə insanı murdar etməz».

Kənanlı qadının imanı

(Mark 7:24-30)

21İsa oradan çıxıb Sur və Sidon bölgələrinə çəkildi.  22Budur, Kənanlı bir qadın o diyardan çıxıb «ya Rəbb, ey Davud Oğlu, mənə rəhm elə. Qızım ağır bir halda cinə tutulub» deyə çığırırdı.  23İsa cavabında ona bir söz belə, demədi. Şagirdləri yaxınlaşıb «onu burax, çünki arxamızca çığırır» deyərək İsaya yalvardılar.  24Amma İsa cavab verib dedi: «Mən yalnız İsrail xalqının itmiş qoyunlarının yanına göndərilmişəm».  25Qadınsa yaxınlaşdı və Ona səcdə qılıb dedi: «Ya Rəbb, mənə imdad et».  26İsa cavab verib dedi: «Uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz».  27Qadın dedi: «Haqlısan, ya Rəbb! Amma itlər də sahiblərinin süfrəsindən düşən qırıntılardan yeyir».  28O zaman İsa cavab verib qadına dedi: «Ey qadın! İmanın böyükdür; sənə istədiyin kimi olsun». Onun qızı o saatda sağaldı.

İsa dörd min nəfəri doydurur

(Mark 8:1-10)

29İsa oradan çıxıb Qalileya gölünün sahilindən keçdi və dağın başına çıxıb orada oturdu.  30Onun yanına böyük bir izdiham gəldi və özləri ilə birlikdə topallar, korlar, şikəstlər, lallar və daha başqa bir çoxunu gətirdilər. Onları İsanın ayaqları yanına qoydular və İsa onlara şəfa verdi.  31Xalq görəndə ki lallar danışır, şikəstlər sağalır, topallar yeriyir və korlar görür, heyrətləndi və İsrailin Allahını izzətləndirdi.  32İsa şagirdlərini yanına çağırıb dedi: «Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur. Onları evlərinə ac yola salmaq istəmirəm ki, yolda taqətdən düşməsinlər».  33Şagirdlər Ona dedilər: «Bu çöllükdə bu qədər camaatı doydurmaq üçün çörəyi haradan tapaq?»  34İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi və bir az da kiçik balığımız var».  35Onda İsa camaata əmr etdi ki, yerə otursunlar.  36Yeddi çörəklə balıqları götürdü və şükür edərək bölüb şagirdlərə, şagirdlər də camaata verdi.  37Hamı yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu.  38Yemək yeyən adamların sayı isə qadınlar və uşaqlardan başqa, dörd min nəfər idi.  39İsa camaatı buraxıb qayığa minərək Məcdəl bölgəsinə getdi.

YUXARI

Matta 16

Fariseylərin və sadukeylərin mayası

(Mat. 12:38-39; Mark 8:11-21; Luka 12:54-56)

1Fariseylər və sadukeylər yaxınlaşıb İsanı sınamaq üçün xahiş etdilər ki, onlara göydən gələn bir əlamət göstərsin.  2Amma İsa onlara cavab verdi: «Axşam olanda siz: “Hava yaxşı olacaq, çünki göy qırmızıdır”,  3səhər çağı “bu gün fırtına qopacaq, çünki göy qırmızıdır, tutqundur” deyirsiniz. Göyün görünüşünü seçə bilirsiniz, ancaq zamanın əlamətlərini seçə bilmirsiniz?  4Pis və vəfasız nəsil bir əlamət axtarır. Amma ona Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək». İsa onları tərk edib getdi.  5Şagirdlər o taya keçəndə çörək götürməyi yaddan çıxarmışdılar.  6İsa onlara dedi: «Ehtiyatlı olun! Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin».  7Şagirdlər isə öz aralarında danışıb deyirdilər: «Bunu çörək götürmədiyimiz üçün deyir».  8İsa bunu bilərək dedi: «Ey imanı az olanlar! Nə üçün çörəyinizin yoxluğundan danışırsınız?  9Hələ dərk etmirsinizmi? Beş min nəfər üçün beş çörəyi və neçə zənbil yığdığınızı xatırlamırsınızmı?  10Dörd min nəfər üçün yeddi çörəyi və neçə səbət yığdığınızı da xatırlamırsınızmı?  11Necə anlaya bilmirsiniz ki, Mən sizinlə danışanda çörəyi nəzərdə tutmamışdım? Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin».  12O zaman onlar anladılar ki, İsa çörək mayasından yox, fariseylərin və sadukeylərin təlimindən qorunmağı nəzərdə tutmuşdu.

Peterin Məsihi tanıması

(Mark 8:27-30; Luka 9:18-21)

13İsa Filip Qeysəriyyəsi bölgəsinə gəldiyi zaman Öz şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Bəşər Oğlu kimdir?»  14Onlar da dedilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, Yeremya yaxud peyğəmbərlərdən biridir».  15İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?»  16Şimon Peter cavab verdi: «Sən var olan Allahın Oğlu Məsihsən».  17İsa ona cavab verib dedi: «Nə bəxtiyarsan, ey Yunus oğlu Şimon! Çünki bunu sənə bildirən ət və qan deyil, göylərdə olan Atamdır.  18Mən sənə deyirəm ki, sən Petersən və Mən cəmiyyətimi bu Qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək.  19Səmavi Padşahlığın açarlarını sənə verəcəyəm. Yer üzündə bağlayacağın hər şey göylərdə bağlanmış olacaq və yer üzündə açacağın hər şey göylərdə açılmış olacaq».  20Bu sözlərdən sonra İsa şagirdlərə qadağan etdi ki, Onun Məsih olduğunu heç kəsə danışmasınlar.

İsa ölüb-diriləcəyi barədə əvvəlcədən xəbər verir

(Mark 8:31-9:1; Luka 9:22-27)

21Bundan sonra İsa şagirdlərinə danışmağa başladı ki, Özü Yerusəlimə getməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən çox əzab çəkməli, öldürülməli və üçüncü gün dirilməlidir.  22Peter Onu bir kənara çəkib etiraz etməyə başladı: «Ya Rəbb, Özünə yazığın gəlsin! Bu əsla Sənin başına gəlməyəcək!»  23Amma İsa dönüb Peterə dedi: «Çəkil qarşımdan, Şeytan! Sən Mənə mane olursan. Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən».  24Sonra İsa şagirdlərinə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin.  25Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənə görə canını itirirsə, onu qoruyacaq.  26İnsan bütün dünyanı qazanıb canını itirərsə, ona nə xeyri var? Yaxud insan öz canının əvəzinə nə verə bilər?  27Çünki Bəşər Oğlu Atasının izzəti içində Öz mələkləri ilə gələcək və o zaman hər kəsə öz əməlinə görə əvəzini verəcək.  28Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Bəşər Oğlunun Padşahlığı ilə gəldiyini görmədən ölməyəcək».

YUXARI

Matta 17

İsanın görünüşü dəyişir

(Mark 9:2-13; Luka 9:28-36)

1Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və qardaşı Yəhyanı götürüb hündür bir dağa çıxdı.  2Onların qarşısında görünüşü dəyişdi. Üzü günəş kimi parladı və libası işıq kimi ağ oldu.  3O an Musa və İlyas onlara göründü. Onlar İsa ilə söhbət edirdi.  4Peter sözə başlayıb İsaya dedi: «Ya Rəbb! Nə yaxşı ki biz buradayıq. Əgər istəyirsənsə, burada üç çardaq qurum – biri Sənin, biri Musa, biri də İlyas üçün».  5Peter hələ danışan zaman parlaq bir bulud onların üzərinə kölgə saldı. Budur, buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam, Ona qulaq asın!»  6Şagirdlər bunu eşidəndə üzüstə yerə qapandılar və onları böyük dəhşət bürüdü.  7İsa gəlib onlara toxunaraq «Qalxın, qorxmayın!» dedi.  8Onlar da başlarını qaldıranda İsadan başqa kimsəni görmədilər.  9Dağdan enərkən İsa şagirdlərinə əmr etdi: «Bəşər Oğlu ölülər arasından dirilənə qədər gördüyünüzü heç kimə söyləməyin».  10Şagirdlər Ondan soruşdular: «Elə isə, niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?»  11İsa onlara cavab verdi: «Düzdür, İlyas gəlib hər şeyi yoluna qoymalıdır.  12Lakin sizə deyirəm: artıq İlyas gəldi və onu tanımadılar, lakin nə istədilərsə, onun başına gətirdilər. Eyni cür Bəşər Oğlu da onların əlindən əzab çəkəcək».  13Şagirdlər o zaman başa düşdülər ki, İsa onlara bu sözləri Vəftizçi Yəhya haqqında söyləyirdi.

Oğlandan cin çıxarılır

(Mark 9:14-29; Luka 9:37-43)

14Onlar xalqın yanına gələndə bir adam gəlib İsanın qarşısında diz çökərək dedi:  15«Ya Rəbb! Oğluma rəhm elə, çünki o, epileptikdir və çox əzab çəkir. Tez-tez gah oda, gah da suya düşür.  16Onu Sənin şagirdlərinin yanına gətirdim, lakin ona şəfa verə bilmədilər».  17İsa cavab verərək dedi: «Ey imansız və yolunu azmış nəsil! Nə vaxta qədər sizinlə olacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Uşağı buraya, yanıma gətirin».  18İsa cinə qadağan etdi və cin uşaqdan çıxdı. Oğlan o saatda şəfa tapdı.  19O zaman şagirdlər İsaya təklikdə yaxınlaşıb dedilər: «Nə üçün biz o ruhu qova bilmədik?»  20İsa da onlara dedi: «İmanınız az olduğu üçün. Çünki sizə doğrusunu deyirəm: bir xardal toxumu qədər imanınız olarsa və siz bu dağa “buradan oraya köç” desəniz, o köçər və sizin üçün mümkün olmayan heç bir şey olmaz».  21

İsa ölüb-diriləcəyi barədə yenə xəbər verir

(Mark 9:30-32; Luka 9:43-45)

22Qalileyada yığılarkən İsa şagirdlərə dedi: «Bəşər Oğlu insan əllərinə təslim ediləcək  23və Onu öldürəcəklər, amma O, üçüncü gün diriləcək». Onlar çox kədərləndilər.

Məbəd vergisi

24Kefernahuma gəldikləri zaman məbəd vergisini yığanlar Peterə yaxınlaşıb dedilər: «Sizin Müəlliminiz vergi ödəmirmi?»  25Peter «ödəyir» dedi. Evə gələndə İsa onu qabaqlayaraq dedi: «Şimon! Sən necə düşünürsən? Yerin hökmdarları gömrük və yaxud vergini kimdən alırlar? Öz övladlarındanmı, yoxsa kənar adamlardan?»  26Peter Ona «kənar adamlardan» söylədikdə İsa ona dedi: «Belə isə, övladlar sərbəstdir.  27Lakin bu adamları incitməyək deyə gölə get, tilov at və tilova düşən ilk balığı götür. Onun ağzını açanda bir gümüş pul tapacaqsan. Onu götür, həm Mənim, həm də öz əvəzinə ver».

YUXARI

Matta 18

Ən böyük kimdir?

(Mark 9:33-37; 42-48; Luka 9:46-48; 17:1-2)

1Həmin vaxt şagirdlər İsanın yanına gəlib dedilər: «Səmavi Padşahlıqda ən böyük kimdir?»  2İsa yanına bir balaca uşaq çağırıb onu şagirdlərin arasına qoydu.  3O dedi: «Sizə doğrusunu deyirəm: əgər siz yolunuzdan dönüb uşaqlar kimi olmasanız, Səmavi Padşahlığa əsla daxil ola bilməzsiniz.  4Beləliklə, kim bu uşaq kimi özünü aşağı tutarsa, Səmavi Padşahlıqda ən böyük odur.  5Kim Mənim adımla belə bir uşağı qəbul edərsə, Məni qəbul edər.  6Amma kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizin dibinə atılaraq boğulmaq onun üçün daha yaxşı olar.  7İnsanları pis yola çəkən şeylər üçün vay bu dünyanın halına! Belə şeylərin gəlməsi qarşısıalınmazdır, amma vay o adamın halına ki, bunlar onun vasitəsilə gəlir!  8Əgər əlin və ya ayağın səni pis yola çəkərsə, onu kəs at. Sənin əbədi həyata şikəst və ya topal daxil olmağın iki əl və iki ayaqla əbədi oda atılmağından yaxşıdır.  9Əgər gözün səni pis yola çəkərsə, onu çıxarıb at. Sənin tək gözlə əbədi həyata daxil olmağın iki gözlə cəhənnəm oduna atılmağından yaxşıdır.

İtmiş qoyun məsəli

(Luka 15:3-7)

10Bu kiçiklərdən birinə belə, xor baxmaqdan çəkinin. Çünki sizə deyirəm: onların səmadakı mələkləri göylərdə olan Atamın üzünü daima görür.  11 12Siz necə deyirsiniz? Bir adamın yüz qoyunu varsa və onlardan biri yolunu azarsa, doxsan doqquzunu dağlarda qoyub yolunu azan qoyunu axtarmağa getməzmi?  13Sizə doğrusunu deyirəm: əgər onu tapa bilərsə, yolunu azmayan doxsan doqquz qoyun üçün sevindiyindən artıq onun üçün sevinər.  14Beləcə bu kiçiklərdən birinin belə, həlak olması göylərdə olan Atanızın iradəsi deyil.

Qardaş günah işlədəndə

15Əgər qardaşın sənə qarşı günah işlədərsə, get, onun günahını ona göstər. Qoy hər şey yalnız ikinizin arasında qalsın. O sənə qulaq asarsa, qardaşını qazandın.  16Amma qulaq asmazsa, özünlə bir və ya iki nəfər götür ki, “hər iddia iki yaxud üç şahidin sözü ilə təsdiq edilsin”.  17Əgər o bu adamların da sözünə qulaq asmaq istəməsə, vəziyyəti imanlılar cəmiyyətinə bildir. Əgər cəmiyyətin də sözünə qulaq asmaq istəməsə, onu bir bütpərəst və vergiyığan hesab et.  18Sizə doğrusunu deyirəm: yer üzündə bağlayacağınız hər şey göydə bağlanmış olacaq və yer üzündə açacağınız hər şey göydə açılmış olacaq.  19Yenə sizə doğrusunu deyirəm: yer üzündə sizlərdən iki nəfər diləyəcəkləri hər hansı bir şey üçün razılığa gələrsə, göylərdə olan Atam onların istəklərini yerinə yetirəcək.  20Çünki harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam».

İnsafsız qul məsəli

21O zaman Peter gəlib İsaya dedi: «Ya Rəbb! Qardaşım mənə qarşı günah işlədərsə, neçə dəfə mən onu bağışlamalıyam? Yeddi dəfəmi?»  22İsa ona dedi: «Sənə deyirəm: yeddi dəfə yox, yetmiş dəfə yeddi.  23Ona görə də Səmavi Padşahlıq öz qulları ilə hesablaşmaq istəyən bir padşaha bənzəyir.  24Hesablaşmağa başladığı zaman onun yanına on min talant borcu olan biri gətirildi.  25Amma onun ödəməyə bir şeyi olmadığı üçün ağası əmr etdi ki, özü, arvadı, uşaqları və bütün malı satılaraq borcunu ödəsin.  26Elə bu vaxt qul yerə qapanıb ona səcdə edərək dedi: “Səbir et! Mən hamısını ödəyəcəyəm”.  27Ağasının o qula rəhmi gəldi, onu buraxdı və borcunu bağışladı.  28Amma o qul kənara çıxıb ona yüz dinar borclu olan bir yoldaşını tapdı. Onu yaxaladı və “Borcunu ödə!” deyərək boğmağa başladı.  29Yoldaşı yerə qapanıb ona “səbir et, borcunu ödəyəcəyəm” deyə yalvardı.  30O isə istəmədi. Gedib borcunu ödəyənə qədər onu zindana saldırdı.  31Ağanın digər qulları baş verən hadisəni görəndə çox kədərləndilər və gedib bütün olanı ağalarına nəql etdilər.  32Onda ağa o qulu yanına çağırıb dedi: “Ey pis qul, bütün o borcu sənə bağışladım, çünki mənə yalvardın.  33Mən sənə mərhəmət etdiyim kimi sən də yoldaşına mərhəmət etməli deyildinmi?”  34Ağası qəzəblənib bütün borcunu ödəyənə qədər onu işgəncə verənlərə təslim etdi.  35Hər biriniz qardaşlarınızı ürəkdən bağışlamasanız, Səmavi Atam da sizə elə edər».

YUXARI

Matta 19

Boşanma haqqında

(Mark 10:1-12)

1İsa söhbətini bitirdikdən sonra Qalileyadan çıxıb Yəhudeyanın İordan çayının o biri tayında yerləşən bölgəsinə getdi.  2Böyük bir izdiham Onun ardınca gəldi. İsa orada onlara şəfa verdi.  3Bəzi fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir sual verdilər: «İnsanın öz arvadını hər səbəbə görə boşamağa icazəsi varmı?»  4İsa cavab verib dedi: «Oxumamısınız ki, Yaradan başlanğıcdan “onları kişi və qadın olaraq yaratdı” və dedi:  5“Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq”?  6Artıq onlar iki deyil, bir bədəndir. Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın».  7Fariseylər İsaya belə dedilər: «Onda Musa nə üçün bir talaq kağızı verərək arvadını boşamağı əmr etdi?»  8İsa onlara dedi: «Ürəyinizin inadkar olduğuna görə Musa arvadlarınızı boşamağınıza icazə verdi. Amma başlanğıcdan belə deyildi.  9Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa, hər hansı bir səbəbə görə arvadını boşayıb başqası ilə evlənən kəs zina edir».  10Şagirdləri İsaya dedilər: «Əgər ərlə arvad arasındakı münasibət belə isə, deməli, evlənməmək daha yaxşıdır».  11Amma İsa onlara dedi: «Hər adam bu sözü qəbul edə bilməz, ancaq bu qabiliyyətin verildiyi adamlar qəbul edə bilər.  12Çünki elələri var ki, anadangəlmə xədimdir, elələri var ki, insanlar tərəfindən xədim ediliblər, elələri də var ki, Səmavi Padşahlıq uğrunda özlərini xədim sayırlar. Bunu qəbul edə bilən qəbul etsin».

İsa uşaqlara xeyir-dua verir

(Mark 10:13-16; Luka 18:15-17)

13O zaman uşaqlar İsanın yanına gətirildi ki, İsa onların üzərinə əllərini qoyub dua etsin. Şagirdlər isə onlara qadağan etdilər.  14Amma İsa dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Səmavi Padşahlıq belələrinə məxsusdur».  15İsa onların üzərinə əllərini qoyub oradan getdi.

Var-dövlət və Səmavi Padşahlıq

(Mark 10:17-31; Luka 18:18-30)

16Bir adam İsanın yanına gəlib dedi: «Müəllim, mən nə yaxşılıq etməliyəm ki, əbədi həyata malik olum?»  17İsa ona dedi: «Nə üçün Məndən yaxşılıq barəsində soruşursan? Yaxşı olan tək Biri vardır. Əgər sən əbədi həyata qovuşmaq istəyirsənsə, Onun əmrlərinə riayət et».  18O adam İsadan «Hansı əmrlərə?» deyə soruşdu. İsa da dedi: «“Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə.  19Ata-anana hörmət et”. Həmçinin “qonşunu özün kimi sev”».  20Cavan adam İsaya dedi: «Bunların hamısına riayət etmişəm, daha nəyim çatışmır?»  21İsa ona dedi: «Əgər kamil olmaq istəyirsənsə, get, əmlakını sat və yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl».  22Lakin cavan adam bu sözü eşitdikdə kədərlənib getdi, çünki var-dövləti çox idi.  23İsa şagirdlərinə dedi: «Sizə doğrusunu deyirəm: varlı adamın Səmavi Padşahlığa daxil olması çətindir.  24Yenə sizə deyirəm ki, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır».  25Bunu eşidən şagirdlər çox təəccüblənərək dedilər: «Elə isə, kim xilas ola bilər?»  26İsa onlara baxıb dedi: «Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün hər şey mümkündür».  27Bundan sonra Peter cavab verərək Ona dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik, əvəzində nəyimiz olacaq?»  28İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: hər şey yeniləşəndə, Bəşər Oğlu izzətli taxtına oturanda Mənim ardımca gələn sizlər də İsrailin on iki qəbiləsinə hökm etmək üçün on iki taxt üzərində oturacaqsınız.  29Mənim adım uğrunda ya evlərini ya qardaşlarını ya bacılarını ya atasını ya anasını ya uşaqlarını və yaxud tarlalarını atan hər kəs bundan yüz dəfə artıq alacaq və əbədi həyatı da irs olaraq alacaq.  30Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq.

YUXARI

Matta 20

Üzüm bağının sahibi barədə məsəl

1Səmavi Padşahlıq səhər erkən durub öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinə bənzəyir.  2O, işçilərlə günü bir dinara razılaşıb onları üzüm bağına göndərdi.  3Üçüncü saat radələrində çıxıb meydanda işsiz durmuş adamları gördü.  4Onlara da dedi: “Siz də üzüm bağına gedin və haqqınızı düz verərəm”.  5Onlar da bağa getdilər. Altıncı və doqquzuncu saat radələrində yenə çıxıb belə etdi.  6On birinci saat radələrində çıxdı və orada duran başqalarını tapıb onlara dedi: “Nə üçün bütün günü burada işsiz durursunuz?”  7“Çünki heç kim bizə iş vermədi” dedilər. Onlara “siz də üzüm bağına gedin” dedi.  8Axşam olanda bağ sahibi öz nəzarətçisinə dedi: “İşçiləri çağır və axırıncılardan başlayaraq birincilərə kimi muzdlarını ver”.  9On birinci saat radələrində işə gələnlər adambaşına bir dinar aldılar.  10Birinci gələnlərsə daha çox alacaqlarını düşündülər, lakin onlar da adambaşına bir dinar aldılar.  11Pullarını aldıqları zaman ev sahibinə şikayət edərək dedilər:  12“Bu ən axırıncılar cəmi bir saat işlədilər və sən onları günün ağırlığını və qızmar istisini çəkən bizlərlə bir tutdun”.  13O isə onlardan birinə cavab verib dedi: “Dostum, axı mən sənə haqsızlıq etmədim, sən mənimlə bir dinara razılaşmadınmı?  14Haqqını al, get! Axırıncıya da sənə verdiyim qədər vermək istəyirəm.  15Öz pulumla istədiyimi etməyə ixtiyarım yoxdurmu? Sən mənim comərdliyimə qısqanırsan?”  16Beləcə də axırıncılar birinci, birincilər isə axırıncı olacaq».

İsa ölüb-diriləcəyi barədə üçüncü dəfə xəbər verir

(Mark 10:32-34; Luka 18:31-34)

17İsa Yerusəlimə gedərkən yolda On İki şagirdi kənara çağırıb ayrıca onlara dedi:  18«Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edəcəklər;  19ələ salaraq qamçılayıb çarmıxa çəksinlər deyə başqa millətlərə təslim edəcəklər. O, üçüncü gün diriləcək».

Kim üstündür

(Mark 10:35-45)

20O zaman Zavday oğullarının anası oğulları ilə birlikdə İsaya yaxınlaşıb səcdə qılaraq Ondan nə isə dilədi.  21İsa qadından «Sən nə istəyirsən?» deyə soruşdu. Qadın Ona dedi: «Əmr et ki, mənim bu iki oğlum Sənin Padşahlığında biri sağında, biri solunda otursun».  22Amma İsa cavab verib dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içəcəyim kasadan siz də içə bilərsinizmi?» Onlar dedilər: «Bilərik».  23İsa onlara dedi: «Mənim içəcəyim kasadan içəcəksiniz. Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Atam oranı kimlər üçün hazırlayıbsa, onlara veriləcək».  24Bunu eşidən on şagirdin iki qardaşa acığı tutdu.  25İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbərləri onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir.  26Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun.  27Aranızda kim birinci olmaq istəsə, başqalarının qulu olsun.  28Beləcə Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».

İki kor adamın gözləri açılır

(Mark 10:46-52; Luka 18:35-43)

29İsa şagirdləri ilə Yerixodan çıxarkən böyük bir izdiham Onun ardınca getdi.  30Yol kənarında oturan iki kor adam İsanın oradan keçdiyini eşitdikdə «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə bağırdı.  31Camaat onlara qadağan edib susdurmaq istədisə də, onlar «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə daha ucadan bağırdılar.  32İsa dayanıb onları çağırdı və onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?»  33Onlar dedilər: «Ya Rəbb, gözlərimiz açılsın».  34İsanın onlara rəhmi gəldi, gözlərinə toxundu. Həmin an onların gözləri açıldı və İsanın ardınca getdilər.

YUXARI

Matta 21

İsanın Yerusəlimə girməsi

(Mark 11:1-11; Luka 19:28-40; Yəh. 12:12-19)

1Yerusəlimə yaxınlaşıb Zeytun dağının yamacındakı Bet-Faqeyə gəldikləri zaman İsa iki şagirdi göndərərək  2onlara dedi: «Qarşınızdakı kəndə gedin. Dərhal orada bağlanmış bir eşşəklə bir sıpa tapacaqsınız. Onları açıb Mənə gətirin.  3Kim sizə bir şey desə, ona “bunlar Rəbbə lazımdır, tezliklə onları geri göndərəcək” deyərsiniz».  4Bunlar da peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin deyə baş verdi:  5«Sion qızına deyin ki,

“Bax Padşahın sənə tərəf gəlir;

O itaətkardır və bir eşşəyə –

Eşşəyin balası olan sıpaya minib gəlir”».

6Şagirdlər gedib İsanın əmr etdiyi kimi etdilər.  7Eşşəklə sıpanı gətirib üzərlərinə paltarlarını qoydular və İsa sıpanın belinə mindi.  8Camaatın çoxu öz paltarlarını yola sərdi. Bəzisi də ağaclardan budaqlar kəsib yola döşədi.  9İsanın önündə gedən və ardınca gələn xalq belə nida edirdi: «Davud Oğluna hosanna!

Rəbbin ismi ilə Gələnə alqış olsun!

Ən ucalarda hosanna!»

10İsa Yerusəlimə daxil olanda bütün şəhər «Bu Kimdir?» deyərək sarsıldı.  11Camaat isə deyirdi: «Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa Peyğəmbərdir».

İsa satıcıları məbəddən qovur

(Mark 11:15-19; Luka 19:45-48; Yəh. 2:13-22)

12İsa məbədə girib orada alver edənlərin hamısını qovdu. Sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi.  13Onlara belə dedi: «“Mənim evim dua evi adlandırılacaq”

deyə yazılıb. Amma siz onu “quldur yuvasına” çevirmisiniz!»  14İsa məbəddə Onun yanına gələn korlara və axsaqlara şəfa verdi.  15Lakin başçı kahinlər və ilahiyyatçılar Onun etdiyi heyrətamiz işləri və məbəddə «Davud Oğluna hosanna!» deyə bağıran uşaqları gördükdə acıqlandılar  16və Ona dedilər: «Bunların nə söylədiyini eşidirsənmi?» İsa da onlara dedi: «Bəli. “Körpələrin və çağaların ağzından

Kamil həmd aldın”

sözünü heç oxumamısınızmı?»  17İsa onları tərk edib şəhərdən çıxdı. Bet-Anyaya gedib orada gecələdi.

Barsız əncir ağacı

(Mark 11:12-14,20-24; Luka 13:6-9)

18Səhəri gün İsa şəhərə qayıdanda acmışdı.  19Yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Amma ağacda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi: «Qoy bir daha sənin meyvən çıxmasın». Əncir ağacı o anda qurudu.  20Şagirdlər bunu gördükdə «Əncir ağacı bir anda necə qurudu?» deyərək heyrətləndilər.  21İsa cavab verib onlara dedi: «Sizə doğrusunu deyirəm: əgər imanınız olub şübhə etməsəniz, nəinki əncir ağacının başına gətirilən şeyi edərsiniz, hətta bu dağa “Qalx, dənizə atıl!” desəniz, elə də olacaq.  22İmanla dua edərək hər nə diləsəniz, alacaqsınız».

İsanın səlahiyyəti

(Mark 11:27-33; Luka 20:1-8)

23İsa məbədə gəlib təlim öyrədərkən başçı kahinlər və xalqın ağsaqqalları Ona yaxınlaşıb dedilər: «Sən bu işləri hansı səlahiyyətlə edirsən? Sənə bu səlahiyyəti kim verib?»  24İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm; onu Mənə desəniz, Mən də bunları hansı səlahiyyətlə etdiyimi sizə deyərəm.  25Yəhyanın vəftizi haradan idi? Göydən idi, yoxsa insanlardan?» Onlarsa aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək.  26Amma desək “insanlardan”, camaatdan qorxuruq, çünki hamı Yəhyanı peyğəmbər sayır».  27Cavabında İsaya dedilər: «Bilmirik». İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm.

İki oğul məsəli

28Bəs siz necə düşünürsünüz? Bir adamın iki oğlu vardı. Gəlib birincisinə “oğlum, bu gün get üzüm bağımda işlə” dedi.  29O da cavab verib “istəmirəm” dedi. Lakin sonra peşman olub getdi.  30Həmin adam ikincisinə yaxınlaşıb yenə eyni sözü söylədi. O cavab verib “Gedirəm, ağam!” dedi, amma getmədi.  31Bu iki nəfərdən hansı atasının istəyini yerinə yetirdi?» Onlar «birincisi» dedilər. İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: vergiyığanlar və fahişələr Allahın Padşahlığına sizdən qabaq girirlər.  32Çünki Yəhya sizin yanınıza salehlik yolunu göstərməyə gəldi. Sizsə ona inanmadınız, amma vergiyığanlar və fahişələr ona inandılar. Siz bunu gördükdən sonra da peşman olub ona inanmadınız.

Pis bağbanlar məsəli

(Mark 12:1-12; Luka 20:9-19)

33Başqa bir məsəli dinləyin: Ev sahibi olan bir adam var idi. Üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi.  34Məhsul vaxtı çatanda məhsulunu almaq üçün qullarını bağbanların yanına göndərdi.  35Lakin bağbanlar onun qullarını tutub kimini döydülər, kimini öldürdülər, kimini də daşqalaq etdilər.  36Bağ sahibi yenə əvvəlkindən daha çox başqa qullar göndərdi. Bağbanlar onlarla da əvvəlki kimi etdilər.  37“Oğluma hörmət edərlər” deyərək axırda öz oğlunu onların yanına göndərdi.  38Bağbanlarsa oğulu görəndə öz aralarında dedilər: “Varis budur. Gəlin onu öldürək və miras bizə qalsın”.  39Beləcə onu tutub bağdan kənara çıxararaq öldürdülər.  40Beləliklə, bağın sahibi gəldikdə bu bağbanlara nə edəcək?»  41Onlar İsaya dedilər: «Bu xainləri dəhşətli şəkildə həlak edəcək, üzüm bağını isə başqa bağbanlara icarəyə verəcək ki, onlar məhsulu öz vaxtında ona versinlər».  42İsa onlara dedi: «Məgər siz Müqəddəs Yazılarda bunu heç oxumamısınız? “Bənnaların rədd etdiyi daş

Guşədaşı olub.

Bu, Rəbbin işi idi,

Gözümüzdə xariqəli bir işdir”.

43Buna görə sizə deyirəm: Allahın Padşahlığı sizdən alınıb onun məhsullarını yetişdirəcək bir millətə veriləcək.  44Bu daşın üstünə yıxılan kəs parçalanacaq, daş isə kimin üzərinə düşərsə, onu əzəcək».  45Başçı kahinlər və fariseylər Onun məsəllərini eşitdikdə bu sözləri onlar üçün dediyini başa düşdülər.  46Ona görə də Onu tutmaq üçün yol axtarırdılar, lakin camaatdan qorxdular, çünki camaat İsanı peyğəmbər hesab edirdi.

YUXARI

Matta 22

Toy ziyafəti məsəli

(Luka 14:15-24)

1İsa yenə onlara məsəllərlə xitab edərək dedi:  2«Səmavi Padşahlıq oğluna toy ziyafəti verən bir padşaha bənzəyir.  3O, toy ziyafətinə dəvət olunanları çağırmaq üçün qullarını göndərdi. Lakin onlar gəlmək istəmədi.  4Bir daha başqa qulları göndərərək onlara dedi: “Dəvət olunanlara deyin ki, budur, mən ziyafətimi hazırladım, öküzlərim və bəslənmiş heyvanlarım kəsilib, hər şey hazırdır, toy ziyafətinə gəlin!”  5Amma dəvət olunanlar etinasızlıq göstərərək kimi tarlasına, kimi ticarətinə getdi.  6O biriləri isə onun qullarını tutub təhqir etdilər və öldürdülər.  7Padşah bundan xəbər tutaraq qəzəbləndi. Öz qoşunlarını göndərib o qatilləri məhv etdi, şəhərlərini isə yandırdı.  8Onda qullarına dedi: “Toy ziyafəti hazırdır, fəqət dəvət olunanlar buna layiq deyil.  9Beləliklə, yolayrıclarına gedin və kimi tapsanız, toy ziyafətinə dəvət edin”.  10Həmin qullar yollara çıxdılar. Pis-yaxşı kimi tapdılarsa, hamısını topladılar. Toy məclisi qonaqlarla doldu.  11Padşah qonaqlara baxmaq üçün girdikdə orada toy libası geyməmiş bir nəfəri gördü,  12ona dedi: “Dostum! Sən toy libası geyməmiş buraya necə girdin?” O isə susdu.  13O zaman padşah xidmətçilərə dedi: “Onun əllərini, ayaqlarını bağlayın və qaranlıq çölə atın! Orada ağlaşma və diş qıcırtısı olacaq”.  14Çünki dəvət edilmiş çox, seçilmiş isə azdır».

Hər kəsin öz haqqı

(Mark 12:13-17; Luka 20:20-26)

15O zaman fariseylər gedib məsləhətləşirdilər ki, Onu söz üstündə necə tutsunlar.  16Onlar hirodçularla birgə öz şagirdlərini İsanın yanına göndərib dedilər: «Müəllim, biz bilirik ki, Sən etibarlı adamsan, Allahın yolunu həqiqətə görə öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən. Çünki insanlar arasında fərq qoymursan.  17İndi bizə de görək, Səncə bizim üçün qeysərə vergi verməyə icazə var ya yox?»  18Amma İsa onların pis niyyətini bilərək dedi: «Ey ikiüzlülər, Məni niyə sınağa çəkirsiniz?  19Vergi verdiyiniz sikkəni Mənə göstərin». Onlar da Ona bir dinar gətirdilər.  20İsa onlara dedi: «Sikkənin üstündəki bu təsvir və yazı kimindir?»  21Ona dedilər: «Qeysərin». O vaxt İsa onlara dedi: «Elə isə, qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin».  22Bunu eşitdikləri zaman heyrətləndilər və İsanı tərk edib getdilər.

Dirilmə haqqında sual

(Mark 12:18-27; Luka 20:27-40)

23Həmin gün dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular:  24«Müəllim, Musa belə demişdir: “Əgər bir adam övladsız ölsə, qardaşı onun dul qalmış arvadını alıb ölən qardaşın nəslini davam etdirsin”.  25Aramızda yeddi qardaş var idi. Birincisi bir arvad aldı və öldü. Uşağı olmadığından arvadı ilə qardaşı evləndi.  26İkincisi və üçüncüsü, hətta yeddincisinə qədər eləcə öldü.  27Hamısından sonra bu qadın da öldü.  28İndi ölülər diriləndə bu qadın o yeddi nəfərdən hansının arvadı olacaq? Çünki hamısı bu qadını almışdı».  29İsa onlara cavab verib dedi: «Müqəddəs Yazıları və Allahın qüdrətini bilmədiyinizə görə yanılırsınız.  30Ona görə ki ölülər diriləndə insanlar nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar.  31Bəs ölülərin dirilməsinə gəlincə, Allah tərəfindən sizə “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” deyə söylənən sözü oxumamısınızmı? Allah ölülərin deyil, dirilərin Allahıdır».  32Bəs ölülərin dirilməsinə gəlincə, Allah tərəfindən sizə “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” deyə söylənən sözü oxumamısınızmı? Allah ölülərin deyil, dirilərin Allahıdır».  33Bunları eşidən camaat Onun təliminə təəccüblənirdi.

Allahın ən böyük əmri

(Mark 12:28-34; Luka 10:25-28)

34Fariseylər İsanın sadukeyləri susdurduğunu eşidəndə bir yerə toplaşdılar.  35Onlardan biri olan qanunşünas İsanı sınamaq məqsədi ilə Ondan bunu soruşdu:  36«Müəllim, Qanunda ən böyük əmr hansıdır?»  37İsa ona dedi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”.  38Bu, böyük və əsas əmrdir.  39Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”.  40Bütün Qanun və Peyğəmbərlərin sözləri bu iki əmrə əsaslanır».

Məsih kimin Oğludur?

(Mark 12:35-37; Luka 20:41-44)

41Fariseylər toplaşdıqda İsa onlardan bunu soruşdu:  42«Məsih haqqında nə düşünürsünüz? O kimin Oğludur?» Onlar da İsaya «Davudun Oğlu» dedilər.  43İsa onlara dedi: «Elə isə, nə üçün Davud Ruh vasitəsilə Ona “Ağa” deyə müraciət edir?  44“Rəbb mənim Ağama dedi:

‹Mən düşmənlərini ayaqlarının altına salanadək

Sağımda otur›”

deyib.  45Əgər Davud Ona “Ağa” deyə müraciət edirsə, O necə Davudun oğlu ola bilər?»  46Bunun cavabında İsaya kimsə bir söz deyə bilmədi. O gündən sonra artıq heç kim Ondan bir şey soruşmağa cəsarət etmədi.

YUXARI

Matta 23

Vay halınıza!

(Luka 11:39-51)

1Bundan sonra İsa camaata və şagirdlərinə müraciət edib  2dedi: «İlahiyyatçılar və fariseylər Musanın kürsüsündə oturmuşlar.  3Buna görə də sizə əmr etdikləri hər şeyə riayət və əməl edin. Amma onların etdiklərini etməyin, çünki söyləyərlər, amma riayət etməzlər.  4Ağır və çətin daşına bilən yükləri bağlayıb insanların çiyninə yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə, tərpətmək istəməzlər.  5Onlar öz əməllərinin hamısını insanlar görsün deyə edərlər. Çünki onlar dua qutucuqlarını genişləndirib geyimlərinin qotazlarını uzadarlar.  6Ziyafətlərdə yuxarı başı və sinaqoqlarda baş kürsüləri tutmağı,  7bazar meydanlarında salam almağı, insanların onlara “Rabbi!” deyə xitab etməsini sevərlər.  8Amma kimsə sizi “Rabbi” deyə çağırmasın. Çünki sizin bir Müəlliminiz var. Siz hamınızsa qardaşsınız.  9Yer üzündə kimsəyə “ata” deməyin. Çünki bir Atanız var, O da Səmavi Atadır.  10Kimsə sizə “rəhbər” deməsin. Çünki bir Rəhbəriniz var, O da Məsihdir.  11Aranızda ən böyük olan xidmətçiniz olsun.  12Kim özünü yüksəldərsə, aşağı tutulacaq və kim özünü aşağı tutarsa, yüksəldiləcək.  13Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz Səmavi Padşahlığı insanların üzünə qapayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri buraxırsınız.  14 15Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz dənizi və qurunu dolaşırsınız ki, bir nəfəri dinə gətirəsiniz. Dinə gətirdikdə isə onu özünüzdən ikiqat artıq cəhənnəmlik edirsiniz.  16Vay halınıza, ey kor rəhbərlər! Deyirsiniz ki, “kim məbədə and içirsə, əhəmiyyətli bir şey deyil, lakin kim məbədin qızılına and içirsə, öz andına borcludur”.  17Ey ağılsızlar və korlar! Hansı daha böyükdür? Qızılmı, yoxsa qızılı təqdis edən məbədmi?  18Yenə də deyirsiniz ki, “kim qurbangaha and içirsə, əhəmiyyətli bir şey deyil; lakin qurbangah üzərindəki qurbana and içən öz andını yerinə yetirməlidir”.  19Ey korlar! Hansı daha böyükdür? Qurbanmı, yoxsa qurbanı təqdis edən qurbangahmı?  20Beləliklə, qurbangaha and içən kəs ona və onun üstündə olan bütün şeylərə and içir.  21Məbədə and içən kəs ona və içində Yaşayana and içir.  22Göyə and içən kəs də Allahın taxtına və taxtda Oturana and içir.  23Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz.  24Ey kor rəhbərlər! Ağcaqanadı süzgəclə çıxarır, dəvəni isə udursunuz!  25Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin onların daxili soyğunçuluq və pozğunluqla doludur.  26Sən, ey kor farisey! Əvvəlcə kasanın daxilini təmizlə ki, bayır tərəfi də təmiz olsun!  27Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz ağardılmış məqbərələrə bənzəyirsiniz: onların bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər cür murdarlıqla doludur.  28Siz də zahirən insanlara saleh görünürsünüz, daxilən isə ikiüzlülük və qanunsuzluqla dolusunuz.  29Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz peyğəmbərlərə məqbərələr tikirsiniz, salehlərin abidələrini bəzəyirsiniz.  30“Biz ata-babalarımızın yaşadığı günlərdə yaşasaydıq, peyğəmbərlərin qanını tökməkdə onlarla şərik olmazdıq” deyirsiniz.  31Beləliklə, peyğəmbərləri öldürənlərin övladları olduğunuza özünüz şəhadət edirsiniz.  32Elə isə, ata-babalarınızın başladığı işi başa çatdırın!  33Siz ey ilanlar, gürzələr nəsli! Cəhənnəmə məhkum edilməkdən necə qaçacaqsınız?  34Ona görə də Mən sizə peyğəmbərlər, müdrik adamlar və ilahiyyatçılar göndərirəm. Siz onlardan bəzisini öldürəcək və çarmıxa çəkəcəksiniz. Bəzisini sinaqoqlarınızda qamçılayacaq və şəhərdən şəhərə qovacaqsınız;  35belə ki saleh olan Habilin qanından tutmuş məbədlə qurbangahın arasında öldürdüyünüz Berekya oğlu Zəkəriyyənin qanına qədər yer üzündə tökülən bütün saleh adamların qanı üçün məsuliyyət daşıyasınız.  36Sizə doğrusunu deyirəm: bütün bu şeylər üçün bu nəsil məsuliyyət daşıyacaq.

Yerusəlimin aqibəti

(Luka 13:34-35)

37Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz!  38Baxın, eviniz viran qalır.  39Çünki Mən sizə bunu deyirəm: “Rəbbin ismi ilə Gələnə alqış olsun!”

deyənə qədər Məni bir daha görməyəcəksiniz».

YUXARI

Matta 24

Axır zamanın əlamətləri

(Mark 13:1-23; Luka 21:5-24)

1İsa məbəddən çıxıb gedərkən şagirdləri məbədin binalarını Ona göstərmək üçün yanına gəldilər.  2İsa onlara cavab verib dedi: «Bütün bunları görürsünüzmü? Sizə doğrusunu deyirəm: onların daşı daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq».  3İsa Zeytun dağında oturanda şagirdlər ayrılıqda Onun yanına gəlib dedilər: «Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Sənin zühurun və dövrün sonuna hansı əlamətlər olacaq?»  4İsa onlara cavab verib dedi: «Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın.  5Çünki Mənim adımla çox adam gəlib “Məsih mənəm” deyərək çoxlarını aldadacaq.  6Siz müharibələr və müharibə xəbərləri eşidəcəksiniz. Amma təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil.  7Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer aclıq və zəlzələlər olacaq.  8Bütün bunlar sanki doğuş ağrılarının başlanğıcıdır.  9O zaman sizi əziyyətə təslim edib öldürəcəklər. Mənim adıma görə bütün millətlər sizə nifrət edəcək.  10Onda bir çoxu imandan büdrəyərək bir-birini təslim edəcək və bir-birinə nifrət edəcək.  11Bir çox yalançı peyğəmbər törəyib çox adamı aldadacaq.  12Qanunsuzluq çoxaldığı üçün bir çoxunun məhəbbəti soyuyacaq.  13Amma axıracan dözən xilas olacaq.  14Səmavi Padşahlığın bu Müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək. O zaman hər şeyin axırı gələcək.  15Beləliklə, Daniel peyğəmbərin bəhs etdiyi viranəlik gətirən iyrənc şeyin Müqəddəs məkanda qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın –  16Yəhudeyada olanlar dağlara qaçsın.  17Damda olan evindəki əşyaları götürmək üçün aşağı enməsin.  18Tarlada olan üst paltarını götürmək üçün geri qayıtmasın.  19Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına!  20Dua edin ki, qaçmağınız qış fəslində və ya Şənbə günündə baş verməsin.  21Çünki o vaxt elə dəhşətli əzab-əziyyət olacaq ki, dünyanın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da.  22Əgər o günlər qısaldılmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma seçilmişlərə görə o günlər qısaldılacaq.  23O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır” yaxud da “oradadır”, inanmayın.  24Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar böyük əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar.  25Bax Mən sizə əvvəlcədən söyləmişəm.  26Ona görə sizə “bax, O çöldədir” desələr də, çıxmayın. “Bax, O daxili otaqlardadır” desələr də, inanmayın.  27Çünki şimşək şərqdə çaxıb qərbdə belə, göründüyü kimi Bəşər Oğlunun zühuru da elə olacaq.  28Leş haradadırsa, kərkəslər də orada toplaşar.

Bəşər Oğlunun zühuru

(Mark 13:24-31; Luka 21:25-33)

29Amma o günlərin əzab-əziyyətindən dərhal sonra Günəş tutulacaq,

Ay nurunu saçmayacaq,

Ulduzlar göydən töküləcək,

Səma cisimləri lərzəyə gələcək.

30O zaman Bəşər Oğlunun əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları şivən qoparacaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək.  31O, mələklərini uca şeypur səsi ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər dörd külək istiqamətindən Onun seçdiklərini toplayacaq.  32Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır.  33Eləcə siz də bütün bu şeyləri görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır.  34Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək.  35Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.

Bilinməyən gün və saat

(Luka 12:39-48; 17:26-35)

36Lakin o günü və o saatı nə göylərin mələkləri, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir.  37Nuhun günləri necə idisə, Bəşər Oğlunun zühuru da elə olacaq.  38Daşqından əvvəlki həmin günlərdə, Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi.  39Daşqın gəlib hamısını aparana qədər bixəbər idilər. Bəşər Oğlunun zühuru da belə olacaq.  40O zaman tarladakı iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq.  41Dəyirmanda dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq.  42Ona görə də oyaq olun. Çünki Rəbbinizin hansı gün gələcəyini bilmirsiniz.  43Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun gecə hansı saatda gələcəyini bilsəydi, oyaq qalıb evinin yarılmasına imkan verməzdi.  44Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək.  45Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı qul kimdir?  46Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür!  47Sizə doğrusunu deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq.  48Amma həmin qul pis olub ürəyində “ağam gec gələcək” deyərsə,  49öz yoldaşlarını döyməyə və əyyaşlarla yeyib-içməyə başlayarsa,  50o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək,  51ona ağır cəza verəcək və onu ikiüzlülərlə bir yerdə saxlayacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq.

YUXARI

Matta 25

On qız məsəli

1O zaman Səmavi Padşahlıq çıraqlarını götürüb bəyin qarşısına çıxan on qıza bənzəyəcək.  2Onlardan beşi ağıllı, beşi isə ağılsız idi.  3Ağılsızlar özləri ilə çıraqlarını götürmüşdü, amma yağ götürməmişdi.  4Ağıllılarsa çıraqları ilə birgə qablarda yağ da götürmüşdü.  5Lakin bəy gecikdiyindən hamısını yuxu basdı və onlar yatdı.  6Amma gecə yarısı bir qışqırıq qopdu: “Budur, bəy gəlir, onu qarşılamağa çıxın!”  7O zaman o qızların hamısı durub öz çıraqlarını düzəltdilər.  8Ağılsızlar ağıllılara dedi: “Yağınızdan bizə də verin, çünki çıraqlarımız sönür”.  9Ağıllılarsa cavab verib dedilər: “Belə olmasın ki, yağ nə bizə çatsın, nə sizə. Yaxşısı budur ki, gedib satıcılardan alasınız”.  10Onlar yağ satın almağa getdikləri zaman bəy gəldi. Hazır olanlar onunla toy məclisinə girdilər və qapı bağlandı.  11O biri qızlar da sonradan gəlib “Ağa! Ağa! Qapını bizə aç!” dedilər.  12O isə cavab verib dedi: “Sizə doğrusunu deyirəm: sizi tanımıram”.  13Beləliklə, oyaq olun. Çünki siz nə günü, nə də saatı bilirsiniz.

Əmanət pul məsəli

(Luka 19:11-27)

14Səmavi Padşahlıq səyahətə çıxan bir adama bənzəyir. O, qullarını çağırıb əmlakını onlara əmanət etdi.  15O hər birinə öz qabiliyyətinə görə – birinə beş, birinə iki, birinə də bir talant verdi və yola düşdü.  16Beş talant alan dərhal gedib bunları sərmayəyə qoydu, daha beş talant qazandı.  17İki talant alan da beləcə daha iki talant qazandı.  18Bir talant alansa gedib torpağı qazdı və ağasının pulunu gizlətdi.  19Uzun zamandan sonra həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi.  20Beş talant alan gəlib daha beş talant gətirərək dedi: “Ağa, sən mənə beş talant əmanət etdin. Budur, mən daha beş talant qazandım”.  21Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!”  22İki talant alan da gəlib dedi: “Ağa, mənə iki talant əmanət etdin. Budur, mən daha iki talant qazandım”.  23Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!”  24Bir talant alan da gəlib dedi: “Ağa, sənin sərt bir adam olduğunu bilirdim. Əkmədiyin yerdən biçərsən, səpmədiyin yerdən yığarsan.  25Ona görə qorxdum, gedib sənin talantını torpaqda gizlətdim. Buyur, öz malını geri götür!”  26Ağası isə cavab verib ona dedi: “Pis və tənbəl qul! Mənim əkmədiyim yerdən biçdiyimi və səpmədiyim yerdən yığdığımı bilirdinmi?  27Onda gərək mənim pulumu sərraflara verəydin ki, mən qayıdanda onu faizlə geri alım.  28İndi əlindəki talantı ondan alın və on talantı olana verin!  29Çünki kimin varıdırsa, daha çox veriləcək və o, bolluq içində olacaq, kimin yoxudursa, əlində olan da ondan alınacaq.  30Yaramaz qulu isə qaranlıq çölə atın. Orada ağlaşma və diş qıcırtısı olacaq”.

Qoyunlar və keçilər

31Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq.  32Bütün millətlər Onun önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir çoban kimi onları bir-birindən ayıracaq.  33Qoyunları sağına, keçiləri isə soluna qoyacaq.  34O zaman Padşah sağındakılara deyəcək: “Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın.  35Çünki ac idim, Mənə yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib idim, Məni qəbul etdiniz;  36çılpaq idim, Məni geyindirdiniz; xəstə idim, qayğımı çəkdiniz; zindanda idim, yanıma gəldiniz”.  37Onda salehlər Ona cavab verib deyəcəklər: “Ya Rəbb, biz Səni nə vaxt ac görüb yemək verdik və ya susamış görüb su verdik?  38Nə vaxt Səni qərib görüb qəbul etdik və ya çılpaq görüb geyindirdik?  39Nə vaxt Səni xəstə və ya zindanda görüb yanına gəldik?”  40Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”.  41O zaman solundakılara deyəcək: “Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblislə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın!  42Çünki ac idim, Mənə yemək vermədiniz; susamışdım, Mənə su vermədiniz;  43qərib idim, Məni qəbul etmədiniz; çılpaq idim, Məni geyindirmədiniz; xəstə və zindanda idim, qayğımı çəkmədiniz”.  44Onda onlar da cavab verib deyəcəklər: “Ya Rəbb, Səni nə vaxt ac, susamış, qərib, çılpaq, xəstə və yaxud zindanda gördük ki, Sənə xidmət etmədik?”  45O zaman onlara cavab verib deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçiklərdən birinə etmədiyinizi Mənə etməmiş oldunuz”.  46Bunlar əbədi əzaba, salehlərsə əbədi həyata gedəcək».

YUXARI

Matta 26

İsanı öldürmək üçün sui-qəsd hazırlanır

(Mark 14:1-2; Luka 22:1-2; Yəh. 11:45-53)

1İsa bütün bu sözləri bitirəndən sonra şagirdlərinə dedi:  2«İki gün sonra Pasxa bayramı olacağını bilirsiniz. Bəşər Oğlu çarmıxa çəkilmək üçün təslim ediləcək».  3O zaman başçı kahinlər və xalqın ağsaqqalları Qayafa adlı baş kahinin həyətinə toplaşdılar.  4İsanı hiylə ilə tutub öldürmək üçün sui-qəsd hazırladılar.  5Amma deyirdilər: «Bunu bayramda etməyək, yoxsa xalq arasında qarışıqlıq düşər».

İsa Bet-Anyada

(Mark 14:3-9; Yəh. 12:1-8)

6İsa Bet-Anyada cüzamlı Şimonun evində ikən  7bir qadın Onun yanına gəldi və qadının əlində içində çox bahalı ətirli yağ olan ağ mərmər qab var idi. İsa süfrəyə oturanda qadın yağı Onun başına tökdü.  8Şagirdlər bunu gördükdə acıqlanıb dedilər: «Bu israfçılıq nə üçündür?  9Axı bu ətiri baha qiymətə satıb pulunu yoxsullara vermək olardı».  10Lakin İsa bunu bilərək dedi: «Niyə qadını incidirsiniz? O Mənim üçün gözəl bir iş gördü.  11Yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam.  12Qadın bu ətiri Mənim bədənimə tökməklə Məni dəfn üçün hazırladı.  13Sizə doğrusunu deyirəm: dünyanın hansı yerində Müjdə vəz edilərsə, bu qadının etdiyi iş də danışılacaq ki, o yada salınsın».

Yəhudanın xəyanəti

(Mark 14:10-11; Luka 22:3-6; Yəh. 13:18-30)

14O zaman On İki şagirddən Yəhuda İskaryot adlı biri başçı kahinlərin yanına gedib dedi:  15«Onu sizə təslim etsəm, mənə nə verərsiniz?» Onlar da Yəhudaya otuz gümüş təklif etdilər.  16O vaxtdan Yəhuda İsanı təslim etmək üçün fürsət axtarmağa başladı.

Axırıncı şam yeməyi

(Mark 14:12-26; Luka 22:7-23; Yəh. 13:21-30; 1Kor. 11:23-25)

17Mayasız Çörək bayramının ilk günü şagirdlər İsanın yanına gəlib dedilər: «Sənin Pasxa yeməyin üçün harada hazırlıq görməyimizi istəyirsən?»  18O da cavab verdi: «Şəhərə girib filankəsin yanına gedin və ona deyin: “Müəllim deyir: ‹Vaxtım yaxınlaşdı, şagirdlərimlə birgə Pasxanı sənin evində keçirəcəyəm›”».  19Şagirdlər İsanın əmrini yerinə yetirərək Pasxa yeməyi üçün hazırlıq etdilər.  20Axşam düşəndə İsa On İki şagirdi ilə birgə süfrəyə oturdu.  21Onlar yemək yeyərkən İsa dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək».  22Onlar çox kədərlənib bir-bir Ondan soruşdular: «Ya Rəbb, mən deyiləm ki?»  23O cavab verib dedi: «Mənimlə birlikdə əlini qaba batıran Mənə xəyanət edəcək.  24Bəşər Oğlu Özü barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bəşər Oğluna xəyanət edir! O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı».  25Ona xəyanət edən Yəhuda «Rabbi, mən deyiləm ki?» deyə soruşdu. İsa da ona «sən dediyin kimidir» dedi.  26Onlar yeyəndə İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın, yeyin! Bu Mənim bədənimdir».  27Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verərək dedi: «Bundan hamınız için!  28Çünki bu, Əhdin bağlanması və günahların bağışlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır.  29Mən sizə deyirəm: Atamın Padşahlığında sizinlə birlikdə təzəsini içəcəyim günə qədər üzüm ağacının bu məhsulundan əsla içməyəcəyəm».  30Onlar ilahi oxuyandan sonra çıxdılar və Zeytun dağına tərəf getdilər.

Peterin inkarı əvvəlcədən bildirilir

(Mark 14:27-31; Luka 22:31-34; Yəh. 13:36-38)

31Onda İsa şagirdlərinə dedi: «Bu gecə hamınız Məni atıb gedəcəksiniz, çünki belə yazılıb: “Çobanı vuracağam,

Sürünün qoyunları pərən-pərən olacaq”.

32Amma Mən diriləndən sonra sizdən qabaq Qalileyaya gedəcəyəm».  33Peter Ona cavab verib dedi: «Hamı Səni atıb getsə də, mən əsla atıb getməyəcəyəm».  34İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gecə xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən».  35Peter Ona dedi: «Əgər Səninlə birlikdə ölməyim lazım olsa belə, Səni əsla inkar etməyəcəyəm». Bütün şagirdlər də belə dedilər.

Getsemani bağında

(Mark 14:32-42; Luka 22:39-46)

36Sonra İsa şagirdlərlə birlikdə Getsemani adlanan bir yerə gəldi və onlara dedi: «Mən oraya gedib dua edərkən siz burada oturub-qalın».  37O, Peter ilə Zavdayın iki oğlunu Özü ilə apardı. Özündə bir kədər və narahatlıq hiss etməyə başladı.  38Onlara belə dedi: «Ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki, ölüm. Burada qalın və Mənimlə birlikdə oyaq olun».  39İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi: «Ey Atam, mümkündürsə, qoy bu kasa Məndən yan keçsin. Amma Mənim yox, Sənin iradən olsun».  40İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri səslədi: «Məgər Mənimlə birlikdə bir saat oyaq qala bilməzdinizmi?  41Oyaq durub dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisim isə gücsüzdür».  42İsa yenə ikinci dəfə uzaqlaşdı və dua etdi: «Ey Atam, əgər Mən içmədən bu kasanın keçməsi mümkün deyilsə, qoy Sənin iradən olsun».  43İsa qayıdanda gördü ki, onlar yenə yatıb. Çünki onların gözləri yumulurdu.  44Onları tərk edib təkrarən uzaqlaşdı, yenə eyni sözlərlə üçüncü dəfə dua etdi.  45Sonra İsa şagirdlərin yanına qayıdıb onlara dedi: «Hələ də yatıb dincəlirsiniz? Budur, vaxt yaxınlaşıb və Bəşər Oğlu günahkarların əlinə təslim olunur.  46Qalxın gedək. Budur, Mənə xəyanət edən gəlir!»

İsa həbs olunur

(Mark 14:43-50; Luka 22:47-53; Yəh. 18:3-12)

47İsa hələ danışarkən On İki şagirddən biri olan Yəhuda gəldi. Onun yanında başçı kahinlərin və xalqın ağsaqqallarının göndərdiyi əli qılınclı və dəyənəkli böyük bir dəstə adam var idi.  48İsaya xəyanət edən Yəhuda onlara işarə ilə bildirib demişdi: «Kimi öpsəm, İsa Odur, Onu tutun».  49O anda İsaya yaxınlaşıb «Salam, Rabbi!» deyərək Onu öpdü.  50İsa da ona «Dostum, nə üçün gəlmisən?» dedi. Elə bu vaxt İsaya yaxınlaşıb əl ataraq Onu tutdular.  51Onda İsa ilə birlikdə olanlardan biri əl atıb qılıncını çəkdi və baş kahinin qulunu vurub qulağını qopartdı.  52İsa ona dedi: «Qılıncını yerinə qoy, çünki qılınc çəkənlərin hamısı qılıncla məhv olacaq.  53Yoxsa elə düşünürsən ki, Atamdan yardım istəyə bilmərəm? İstəsəm, dərhal Mənə on iki legiondan artıq mələk göndərər.  54“Bunların olması gərəkdir” deyən Müqəddəs Yazılar onda bəs necə yerinə yetərdi?»  55Həmin vaxt İsa camaata dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə Məni tutmağa gəlmisiniz? Hər gün məbəddə oturub təlim verirdim, heç Məni tutmadınız.  56Amma bunların hamısı peyğəmbərlərin Yazıları yerinə yetsin deyə baş verdi». Onda bütün şagirdlər İsanı atıb qaçdılar.

İsa Ali Şuranın önündə

(Mark 14:53-65; Luka 22:54-55,63-71; Yəh. 18:13-24)

57İsanı həbs edənlər Onu baş kahin Qayafanın yanına gətirdilər. İlahiyyatçılar və ağsaqqallar da oraya toplaşdı.  58Peter uzaqdan baş kahinin həyətinə qədər İsanın ardınca gedirdi, sonu görmək üçün içəri girib mühafizəçilərlə birgə oturdu.  59Başçı kahinlər və Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə yalançı şahidlik ifadəsi axtarırdılar.  60Çoxlu yalançı şahid gəldi, lakin yenə də axtardıqlarını tapmadılar. Axırda iki şahid gəlib  61dedi: «Bu Adam dedi: “Mən Allahın məbədini dağıdıb üç gün ərzində tikə bilərəm”».  62Baş kahin ayağa qalxıb İsaya dedi: «Sənin heç cavabın yoxdur? Onlar Sənin əleyhinə bu nə ifadədir verirlər?»  63Amma İsa susmaqda davam etdi. Baş kahin isə Ona dedi: «Səni var olan Allaha and etdirirəm, bizə de, Allahın Oğlu Məsih Sənsənmi?»  64İsa da ona dedi: «Sənin dediyin kimidir. Hətta sizə deyirəm: bundan sonra Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz».  65Onda baş kahin əynindəki paltarını cırıb dedi: «O, Allaha küfr etdi! Artıq şahidlərə nə ehtiyacımız var? Elə indi Onun küfr söylədiyini eşitdiniz!  66Bəs buna nə deyirsiniz?» Onlar cavab verib dedilər: «O, ölüm cəzasına layiqdir».  67Elə bu vaxt İsanın üzünə tüpürüb yumruq vurdular. Bəziləri də Ona şillə vuraraq  68dedilər: «Ey Məsih, bizə peyğəmbərlik elə görək, Səni vuran kimdir?»

Peter İsanı inkar edir

(Mark 14:66-72; Luka 22:56-62; Yəh. 18:15-18,25-27)

69Peter isə bayırda, həyətdə oturmuşdu. Bir qarabaş ona yaxınlaşıb dedi: «Sən də Qalileyalı İsa ilə birlikdə idin».  70Amma Peter hamının qarşısında inkar edərək dedi: «Bilmirəm, sən nə danışırsan».  71Sonra darvazaya gələndə başqa bir qarabaş onu görüb oradakılara dedi: «Bu adam Nazaretli İsa ilə birlikdə idi».  72Peter yenə inkar edib and içdi: «Mən o Adamı tanımıram».  73Bir az sonra orada duranlar gəlib Peterə dedilər: «Doğrudan da, sən də onlardansan, çünki nitqin səni ifşa edir».  74Peter özünü qarğıyıb and içərək dedi: «O Adamı tanımıram». Həmin anda xoruz banladı.  75Peter İsanın «xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. Ona görə oradan çıxıb hönkür-hönkür ağladı.

YUXARI

Matta 27

Yəhuda özünü asır

(Mark 15:1; Luka 23:1-2; Yəh. 18:28; Həv. 1:18-19)

1Səhər açılanda bütün başçı kahinlərlə xalqın ağsaqqalları İsanı edam etmək üçün məşvərət etdilər.  2İsanın əl-qolunu bağlayaraq vali Pilatın yanına aparıb ona təslim etdilər.  3O zaman İsaya xəyanət edən Yəhuda Onun məhkum edildiyini görəndə peşman oldu. Otuz gümüşü başçı kahinlərə və ağsaqqallara geri gətirib  4«mən təqsirsiz qanı təslim etməklə günah işlətdim» dedi. Onlarsa ona «Bundan bizə nə? Özün bilərsən» dedilər.  5Yəhuda gümüş pulları məbədin içinə atıb oradan çıxdı, gedib özünü asdı.  6Başçı kahinlər gümüş pulları götürüb dedilər: «Madam ki qan bahasıdır, bu gümüş pulları məbədin xəzinəsinə qoymağa icazəmiz yoxdur».  7Öz aralarında məşvərət keçirərək o pulla yadelliləri dəfn etmək üçün dulusçunun tarlasını satın aldılar.  8Buna görə o tarlaya bu günə qədər «Qan tarlası» deyilir.  9Beləcə Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi: «İsrail övladlarının qiymətləndirdiyi Adamın dəyərini – otuz gümüşü aldılar  10və Rəbbin mənə buyurduğu kimi dulusçunun tarlası üçün verdilər».

İsa Romalı vali Pilatın önündə

(Mark 15:2-15; Luka 23:3-5,13-25; Yəh. 18:29-19:16)

11İsa valinin önündə dayanmışdı. Vali Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa da ona dedi: «Sənin dediyin kimidir».  12Başçı kahinlər və ağsaqqallar Onu ittiham etdikləri vaxt İsa heç bir cavab vermədi.  13Onda Pilat Ona dedi: «Sənin əleyhinə edilən bu qədər şəhadəti eşitmirsənmi?»  14İsa onun heç bir sözünə cavab vermədi. Vali buna çox heyrətləndi.  15Hər Pasxa bayramında valinin xalqın istədiyi bir məhbusu azad etməsi adət idi.  16O günlərdə Barabba adlı məşhur bir məhbus həbsdə saxlanılırdı.  17Beləliklə, onlar bir yerə toplaşdıqları vaxt Pilat onlardan soruşdu: «Sizin üçün kimi azad etməyimi istəyirsiniz? Barabbanı, yoxsa Məsih deyilən İsanı?»  18Çünki bilirdi ki, onlar İsanı paxıllıqdan təslim etmişdilər.  19Pilat hökm kürsüsündə oturarkən arvadı «o saleh Adamla sənin heç bir işin olmasın, çünki bu gün röyada Ona görə çox əzablar çəkmişəm» deyə xəbər göndərdi.  20Başçı kahinlər və ağsaqqallarsa xalqı təhrik edirdilər ki, Barabbanın azad olmasını, İsanınsa ölümünü istəsinlər.  21Vali onlardan soruşdu: «İkisindən hansını sizin üçün azad etməyimi istəyirsiniz?» Onlar da «Barabbanı» dedilər.  22Pilat onlara «Elə isə Məsih deyilən İsaya nə edim?» dedi. Onların hamısı «Çarmıxa çəkilsin!» dedilər.  23Vali «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa «Çarmıxa çəkilsin!» deyə daha ucadan bağırdılar.  24Pilat əlindən heç bir şeyin gəlmədiyini və əksinə, iğtişaşın gücləndiyini görərək su götürüb xalqın önündə əllərini yudu və belə dedi: «Mən bu Adamın qanı üçün təqsirkar deyiləm, qoy sizin boynunuzda qalsın».  25Bütün xalq cavab verib dedi: «Onun qanının məsuliyyəti bizim və övladlarımızın üzərinə olsun!»  26Onda Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi.

Əsgərlər İsanı təhqir edir

(Mark 15:16-20; Yəh. 19:2-3)

27Sonra valinin əsgərləri İsanı vali sarayına apardılar. Bütün alayı Onun başına topladılar.  28Onu soyundurub al rəngli xalat geyindirdilər.  29Tikanlardan bir tac hörüb başına qoydular, sağ əlinə də bir qamış verdilər. Önündə diz çöküb «Yəhudilərin Padşahı sağ olsun!» deyərək Onu ələ saldılar.  30Ona tüpürdülər, qamışı götürüb başına vurdular.  31Onu ələ salandan sonra xalatı əynindən çıxarıb Öz paltarını geyindirdilər. Sonra Onu çarmıxa çəkməyə apardılar.

İsa çarmıxa çəkilir

(Mark 15:21-32; Luka 23:26-43; Yəh. 19:17-25)

32Bayıra çıxanda Şimon adlı Kirenalı bir adamla rastlaşdılar. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər.  33Qolqota, yəni «Kəllə yeri» adlanan yerə gələndə  34Ona içməyə ödlə qarışıq şərab verdilər. İsa onu daddıqda içmək istəmədi.  35Əsgərlər Onu çarmıxa çəkdilər və püşk ataraq paltarlarını aralarında bölüşdürdülər.  36Sonra orada oturub Onun keşiyini çəkdilər.  37Başı üzərinə «Yəhudilərin Padşahı İsa budur» ittihamını yazıb qoydular.  38O zaman İsa ilə birlikdə biri sağında, biri də solunda iki quldur da çarmıxa çəkildi.  39Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq  40«Ey məbədi dağıdıb üç gündə tikən! Əgər Allahın Oğlusansa, Özünü xilas et və çarmıxdan düş!» deyirdilər.  41Başçı kahinlər də ilahiyyatçılar və ağsaqqallarla birgə eyni şəkildə İsanı ələ salaraq deyirdilər:  42«Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! İsrailin Padşahıdır, qoy indi çarmıxdan düşsün və biz də Ona iman edək.  43Allaha güvənirdi. Allah Onu sevirsə, qoy indi xilas etsin! Çünki “Mən Allahın Oğluyam” dedi».  44İsa ilə birlikdə çarmıxa çəkilən quldurlar da Onu təhqir edirdilər.

İsanın ölümü

(Mark 15:33-41; Luka 23:44-49; Yəh. 19:25-30)

45Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü.  46Doqquzuncu saata yaxın İsa uca səslə nida edərək dedi: «Eli, Eli, lema şavaqtani?»

Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir.  47Orada dayananların bəzisi bunu eşidərkən dedilər: «Bu Adam İlyası çağırır».  48Aralarından biri dərhal qaçıb bir süngər gətirdi, şərab sirkəsinə batırıb bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin.  49O biriləri isə dedilər: «Onu rahat burax, görək İlyas gəlib Onu xilas edəcəkmi?»  50İsa yenə uca səslə qışqırıb ruhunu tapşırdı.  51O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. Yer sarsıldı, qayalar yarıldı.  52Qəbirlər açıldı, vəfat etmiş bir çox müqəddəsin cəsədi dirildi.  53Onlar İsanın dirilməsindən sonra qəbirlərdən çıxıb müqəddəs şəhərə girdilər və bir çox insana göründülər.  54İsaya nəzarət edən yüzbaşı və onunla birlikdə olan əsgərlər zəlzələni və baş verən şeyləri gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» deyərək dəhşətə düşdülər.  55Orada olub-keçənlərə uzaqdan baxan bir çox qadın var idi ki, xidmət etmək üçün Qalileyadan İsanın ardınca gəlmişdilər.  56Məcdəlli Məryəm, Yaqub ilə Yusifin anası Məryəm və Zavdayın oğullarının anası da onların arasında idi.

İsanın dəfni

(Mark 15:42-47; Luka 23:50-56; Yəh. 19:38-42)

57Axşam düşəndə İsanın şagirdi olmuş varlı bir adam – Yusif adlı bir Arimateyalı gəldi.  58O, Pilatın yanına gedib İsanın cəsədini istədi. Pilat da cəsədin ona verilməsini əmr etdi.  59Yusif cəsədi alıb təmiz bir kəfənə bükdü.  60Onu qaya içində qazdığı öz yeni qəbrinə qoydu və qəbirin ağzına bir iri daş yuvarlayıb getdi.  61Məcdəlli Məryəm və o biri Məryəm orada, qəbirin qarşısında oturmuşdular.  62Ertəsi gün, yəni Hazırlıq günündən sonrakı gün başçı kahinlərlə fariseylər Pilatın yanına toplaşıb  63dedilər: «Ağa, biz xatırlayırıq ki, o yalançı hələ sağ ikən “üç gün sonra diriləcəyəm” demişdi.  64Ona görə də əmr et ki, üçüncü günə qədər qəbirin təhlükəsizliyi qorunsun. Yoxsa şagirdləri gəlib Onu oğurlayar və xalqa “O, ölülər arasından dirildi” deyərlər. Axırıncı yalan birincisindən daha pis olar».  65Pilat onlara dedi: «Bir dəstə keşikçi götürün, gedin, bacardığınız kimi qəbirin təhlükəsizliyini qoruyun».  66Onlar gedib qəbirin qarşısında keşikçi dəstəsi qoydular və qəbir daşına möhür basdılar. Beləliklə, qəbirin təhlükəsizliyi qorundu.

YUXARI

Matta 28

İsanın dirilməsi

(Mark 16:1-11; Luka 24:1-12; Yəh. 20:1-18)

1Şənbə günü keçəndən sonra, həftənin ilk günü səhər dan yeri ağaranda Məcdəlli Məryəm və o biri Məryəm qəbiri görməyə gəldilər. 2Budur, böyük bir zəlzələ oldu. Çünki Rəbbin bir mələyi göydən enib gələrək daşı bir tərəfə yuvarladı və üzərində oturdu.  3Onun görünüşü şimşək kimi, paltarı isə qar kimi ağ idi.  4Keşikçilər qorxudan titrəyib ölü kimi oldular.  5Mələk qadınlara müraciət edərək dedi: «Siz qorxmayın! Çarmıxa çəkilmiş İsanı axtardığınızı bilirəm.  6O burada yoxdur, dediyi kimi dirilmişdir! Gəlin, Onun yatdığı yeri görün.  7Tez gedin, Onun şagirdlərinə belə söyləyin: “İsa ölülər arasından dirildi. Qalileyaya sizdən qabaq gedir. Onu orada görəcəksiniz”. Budur, mən sizə xəbər verdim».  8Qadınlar qorxu və böyük sevinclə dərhal qəbirdən çıxdılar. Onun şagirdlərinə xəbər verməyə qaçdılar.  9Amma budur, İsa «Sizə salam!» deyə onların qarşısına çıxdı. Onlar da yaxınlaşıb İsanın ayaqlarına sarılaraq Ona səcdə qıldılar.  10İsa onlara dedi: «Qorxmayın! Gedin, qardaşlarıma xəbər verin ki, Qalileyaya getsinlər. Məni orada görəcəklər».

Keşikçilərin gətirdiyi xəbər

11Qadınlar hələ yolda ikən keşikçilərdən bəzisi şəhərə gəlib baş verən bütün şeyləri başçı kahinlərə bildirdilər.  12Onlar ağsaqqallarla toplaşıb məşvərət keçirdikdən sonra əsgərlərə çoxlu pul verib dedilər:  13«Deyərsiniz ki, şagirdləri gecə biz yatanda gəlib Onu oğurlayıblar.  14Əgər bu xəbər valinin qulağına gedib çatsa, biz onu inandırarıq, sizi də bəladan qurtararıq».  15Beləliklə, əsgərlər pulu alıb tapşırıldığı kimi etdilər. Bu söz bu günə kimi Yəhudilər arasında yayılmışdır.

İsa şagirdlərinə tapşırıq verir

(Mark 16:14-18; Luka 24:36-49; Yəh. 20:19-23; Həv. 1:6-8)

16On Bir şagird Qalileyaya, İsanın onlara təyin etdiyi dağa getdi.  17İsanı gördükdə Ona səcdə qıldılar. Bəzisi isə şübhə etdi.  18İsa yaxınlaşıb onlara dedi: «Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir.  19Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin;  20sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm».

YUXARI