012 465 4150 info@yeniheyat.com

Mark

Mark – PDF

Adobe_PDF_file_icon_32x32

 

Mark 1

Vəftizçi Yəhyanın gəlişi

(Mat. 3:1-12; Luka 3:1-18; Yəh. 1:19-28)

1Allahın Oğlu İsa Məsihin Müjdəsinin başlanğıcı.  2 Yeşaya peyğəmbərin kitabında belə yazılıb: «Budur, Sənin önündə Öz elçimi göndərirəm.

O Sənin yolunu hazırlayacaq.

3 Səhrada nida edənin səsi gəlir:

“Rəbbin yolunu hazırlayın,

Onun keçəcəyi yerləri düz edin”».

4Yazıldığı kimi vəftiz edən Yəhya çöldə meydana çıxdı. O, insanların günahlarının bağışlanması üçün onların tövbə edib vəftiz olunmasını vəz edirdi.  5Bütün Yəhudeya diyarından olanlar və Yerusəlim sakinlərinin hamısı onun yanına gəlirdi. Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdular.  6 Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, çəyirtkə və çöl balı yeyirdi.  7Yəhya belə vəz edirdi: «Məndən sonra məndən daha Qüdrətlisi gəlir. Mən əyilib Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm.  8Mən sizi su ilə vəftiz etdim, amma O sizi Müqəddəs Ruhla vəftiz edəcək».

İsanın vəftiz olunması və sınağa çəkilməsi

(Mat. 3:13-4:11; Luka 3:21-22; 4:1-13)

9O günlərdə İsa Qalileyanın Nazaret şəhərindən gəlib Yəhya tərəfindən İordan çayında vəftiz olundu.  10İsa sudan çıxan kimi göylərin yarıldığını və Ruhun göyərçin kimi Öz üzərinə endiyini gördü.  11 Göylərdən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam».  12Ruh dərhal İsanı səhraya çəkib-apardı.  13O, səhrada qırx gün qaldı və bu müddət ərzində Şeytan tərəfindən sınağa çəkildi. İsa vəhşi heyvanlar arasında idi və mələklər Ona xidmət edirdi.

İsa xidmətinə başlayır

(Mat. 4:12-17; Luka 4:14-15)

14Yəhya həbs olunandan sonra İsa Qalileyaya gəlib Allahın Müjdəsinivəz edirdi:  15 «Vaxt yetişib, Allahın Padşahlığı yaxınlaşıb. Tövbə edin və Müjdəyə inanın».

İlk şagirdlər

(Mat. 4:18-22; Luka 5:1-11)

16İsa Qalileya gölünün sahilindən keçərkən suya tor atan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi.  17İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız».  18Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər.  19İsa bir az irəli gedib Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar qayıqda torlarını düzəldirdilər.  20İsa dərhal onları çağırdı. Onlar da qayıqda olan ataları Zavdayı və muzdlu işçiləri qoyub Onun ardınca getdilər.

İsa Kefernahum sinaqoqunda natəmiz ruhu qovur

(Luka 4:31-37)

21Onlar Kefernahuma gəldilər. Şənbə günü İsa sinaqoqa girib təlim öyrətməyə başladı.  22 Onun təliminə təəccüblənirdilər, çünki onlara ilahiyyatçılar kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi.  23Həmin vaxt onların sinaqoqunda natəmiz ruha tutulmuş bir nəfər var idi. O çığırdı:  24«Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən? Mən bilirəm, Sən Kimsən: Allahın Müqəddəsisən!»  25Amma İsa ona qadağan edib dedi: «Sus və bu adamdan çıx!»  26Natəmiz ruh bu adamı sarsıdıb bərkdən çığıraraq ondan çıxdı.  27Hamını heyrət bürüdü və onlar bir-birindən soruşdular: «Bu nədir? Səlahiyyətli yeni bir təlimdir! O, natəmiz ruhlara belə, əmr edir və bunlar da Ona itaət edirlər».  28İsa haqqında xəbər dərhal Qalileya bölgəsinin hər tərəfinə yayıldı.

İsa çox adama şəfa verir

(Mat. 8:14-17; Luka 4:38-41)

29Onlar sinaqoqdan çıxan kimi Yaqub və Yəhya ilə birgə Şimon və Andreyin evinə getdilər.  30Şimonun qayınanası qızdırma içində yatırdı. Bunu dərhal İsaya xəbər verdilər.  31İsa xəstənin yanına gəlib əlindən tutaraq onu qaldırdı və qadının qızdırması düşdü. Qadın onlara xidmət etməyə başladı.  32Axşam gün batanda bütün xəstələri və cinə tutulmuşları İsanın yanına gətirdilər.  33Bütün şəhər əhalisi qapının yanına yığıldı.  34İsa müxtəlif xəstəliyə tutulan çox adama şəfa verdi və bir çox cinləri qovdu. Amma cinlərə danışmağa izin vermədi, çünki onlar İsanın Kim olduğunu bilirdilər.

İsa vəzini davam etdirir

(Luka 4:42-44)

35Səhər alaqaranlıqda İsa qalxıb evdən çıxdı və kimsəsiz bir yerə gedib orada dua etdi.  36Şimon və onun yanındakılar İsanın ardınca düşdülər.  37Onu tapıb dedilər: «Hamı Səni axtarır».  38İsa onlara dedi: «Gəlin başqa yerlərə – ətrafdakı şəhərlərə gedək və orada da vəz edim, çünki Mən bunun üçün gəlmişəm».  39 Beləliklə, İsa onların sinaqoqlarında vəz edərək və cinləri qovaraq bütün Qalileyanı gəzib-dolaşdı.

İsa cüzamlıya şəfa verir

(Mat. 8:1-4; Luka 5:12-16)

40Bir gün cüzamlı bir adam İsanın yanına gəldi və diz çöküb yalvardı: «Əgər istəsən, məni pak edə bilərsən».  41İsanın ona rəhmi gəldi. Əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!»  42Dərhal bu adam cüzamdan sağalıb pak oldu,  43İsa o an onu yola salıb ciddi tapşıraraq  44 belə dedi: «Bax heç kəsə bir söz demə, lakin get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə cüzamdan paklandığın üçün Musanın buyurduğu təqdimləri apar».  45Lakin o çıxıb bu sözü vəz edərək hər yanda yaymağa başladı. Ona görə də İsa artıq heç bir şəhərə açıq girə bilmirdi, amma kənarda, kimsəsiz yerlərdə qalır və adamlar hər tərəfdən Onun yanına gəlirdi.

 

YUXARI

Mark 2

İsa iflicə şəfa verir

(Mat. 9:1-8; Luka 5:17-26)

1Bir neçə gün sonra İsa yenə Kefernahuma gələndə Onun evdə olma xəbəri yayıldı.  2O qədər çox adam yığıldı ki, qapının yanında durmağa belə, yer qalmamışdı. İsa onlara kəlamı vəz edirdi.  3Adamlar dörd nəfərin daşıdığı bir iflici Onun yanına gətirdilər.  4Amma böyük izdihama görə onu İsaya yaxın gətirə bilmədilər. Ona görə də İsa olan evin damını söküb yer açandan sonra iflici yatdığı döşəklə birgə aşağı endirdilər.  5İsa onların imanını görəndə iflic olan adama dedi: «Oğlum, günahların bağışlandı».  6Lakin orada oturan bəzi ilahiyyatçılar ürəklərində belə düşündülər:  7«Bu Adam niyə belə danışır? Bu ki küfrdür! Tək Allahdan başqa günahları kim bağışlaya bilər?»  8İsa dərhal onların ürəyində nə fikirləşdiyini ruhən dərk edib dedi: «Niyə ürəyinizdə belə düşünürsünüz?  9Bax hansı daha asandır? İflicə “günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, döşəyini götür və yeri!” demək?  10Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və iflicə dedi:  11«Sənə deyirəm, qalx, döşəyini götür və evinə get!»  12Xəstə qalxdı və dərhal döşəyini götürərək hamının qarşısında çıxıb getdi. Hamı mat qaldı və Allahı izzətləndirib dedi: «Biz heç vaxt belə şey görməmişik».

Levi şagirdlərə qoşulur

(Mat. 9:9-13; Luka 5:27-32)

13İsa yenə gölün sahilinə çıxdı. Bütün izdiham Onun yanına toplaşdı və O, camaata təlim öyrədirdi.  14Yolu keçəndə vergi yığılan yerdə oturan Halfay oğlu Levini görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi.  15İsa Levinin evində süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. Çünki İsanın ardınca gedənlər çox idi.  16Fariseylərdən olan ilahiyyatçılar İsanın günahkarlar və vergiyığanlarla birgə yemək yediyini görüb Onun şagirdlərinə dedilər: «O niyə vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?»  17İsa bunu eşidəndə onlara dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm».

Oruc barəsində sual

(Mat. 9:14-17; Luka 5:33-39)

18Yəhyanın şagirdləri və fariseylər oruc tuturdular. Bəzi adamlar İsanın yanına gəlib soruşdular: «Nə üçün Yəhyanın şagirdləri və fariseylərin şagirdləri oruc tutur, amma Sənin şagirdlərin oruc tutmur?»  19İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutarmı? Nə qədər ki bəy onların yanındadır, onlar oruc tutmazlar.  20Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar.  21Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Yoxsa təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar.  22Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa şərab tuluqları partladar, həm şərab, həm də tuluqlar zay olar. Təzə şərab təzə tuluqlara doldurulmalıdır».

Şənbə günü haqqında təlim

(Mat. 12:1-8; Luka 6:1-5)

23 Bir Şənbə günü İsa taxıl zəmiləri arasından keçirdi. Şagirdləri yoldan keçərkən sünbülləri qırmağa başladılar.  24Fariseylər Ona dedilər: «Bəs niyə onlar Şənbə günü qadağan olunan işləri görürlər?»  25 İsa onlara dedi: «Davud və yanındakılar ac və möhtac olanda nə etdiklərini heç oxumamısınızmı?  26O, baş kahin Evyatarın dövründə Allahın evinə girdi; kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini yedi, yanındakılara da verdi».  27Sonra İsa onlara dedi: «İnsan Şənbə günü üçün deyil, Şənbə günü insan üçün yaradılıb.  28Bax Bəşər Oğlu Şənbə gününün də Sahibidir».

 

YUXARI

Mark 3

Əli qurumuş adamın şəfası

(Mat. 12:9-14; Luka 6:6-11)

1 İsa yenə də sinaqoqa girdi. Orada əli qurumuş bir adam var idi.  2Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə Ona göz qoyurdular ki, görsünlər, bu adama Şənbə günü şəfa verəcək ya yox.  3İsa əli qurumuş adama dedi: «Qabağa çıx!»  4Sonra İsa onlara dedi: «Hansına icazə var, Şənbə günü yaxşılıq, yoxsa pislik etməyə, kiminsə canını xilas etməyə, yoxsa öldürməyə?» Onlarsa susurdu.  5İsa ətrafındakılara qəzəblə baxdı və onların inadkar ürəkli olduqlarına görə kədərlənib o adama dedi: «Əlini uzat!» O, əlini uzatdı və əli əvvəlki halına qayıtdı.  6Fariseylər çıxıb İsanı necə məhv etmək barədə dərhal hirodçularla məsləhətləşdilər.

İsa xəstələrə şəfa verir

(Mat. 4:24-25; Luka 6:17-19)

7İsa şagirdləri ilə birgə gölün bir tərəfinə çəkildi. Onun ardınca isə Qalileyadan böyük izdiham gəldi.  8İsanın etdiklərini eşidəndə Onun yanına Yəhudeyadan, Yerusəlimdən, İdumeyadan, İordan çayının o biri tayından, Sur və Sidon bölgəsindən çoxlu adam gəldi.  9İsa izdiham Onu sıxışdırmasın deyə şagirdlərindən xahiş etdi ki, Onun üçün bir qayıq hazırlasınlar.  10Çünki O, çox adama şəfa vermişdi. Buna görə bütün xəstələr Ona toxunmaq üçün can atırdılar.  11Natəmiz ruhlar İsanı görəndə önündə yerə sərilib ucadan çığırırdılar: «Sən Allahın Oğlusan!»  12Lakin İsa onlara qadağan etdi ki, Onun kim olduğunu deməsinlər.

On İki şagird

(Mat. 10:1-4; Luka 6:12-16)

13İsa dağa çıxaraq Özü istədiyi adamları yanına çağırdı və onlar yanına gəldilər.  14İsa on iki nəfəri həvari adlandıraraq təyin etdi ki, bu adamlar Onun yanında olsun, həm də onları vəz etməyə göndərsin,  15həmçinin cinləri qovmaq səlahiyyətinə malik olsunlar.  16Beləliklə, İsa bu on iki nəfəri təyin etdi: Peter adlandırdığı Şimon,  17Bene-Rageş, yəni «İldırım oğulları» adlandırdığı Zavday oğlu Yaqub və Yaqubun qardaşı Yəhya,  18Andrey, Filip, Bartalmay, Matta, Tomas, Halfay oğlu Yaqub, Tadday, Kənançı Şimon  19və İsaya xəyanət edən Yəhuda İskaryot.

İsa və Baal-Zevul

(Mat. 12:22-32; Luka 11:14-23)

20Sonra İsa evə getdi. Yenə də izdiham yığıldığına görə onlar yeməyə belə, imkan tapa bilmədilər.  21İsanın ailə üzvləri bu barədə eşidəndə Onu aparmağa gəldilər. Çünki fikirləşirdilər ki, O, ağlını itirib.  22 Yerusəlimdən gələn ilahiyyatçılar isə deyirdilər: «O, Baal-Zevula tutulub, cinlərin başçısının gücü ilə cinləri qovur».  23İsa ilahiyyatçıları yanına çağırıb onlarla bu barədə məsəllərlə danışdı: «Şeytan Şeytanı necə qova bilər?  24Əgər bir padşahlıq öz daxilindən bölünübsə, davam gətirməz.  25Əgər bir ev öz daxilindən bölünübsə, davam gətirməz.  26Şeytan da özünə qarşı qalxıb öz-özünə bölünübsə, davam gətirməz, yalnız axırı çatar.  27Heç kim güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağlamadan malını qarət edə bilməz. Gərək o adamın əvvəlcə əl-qolunu bağlasın, sonra evini qarət etsin.  28 Sizə doğrusunu deyirəm: bütün günahlar və nə qədər küfr söylənərsə, bəşər övladlarına bağışlanacaq.  29Lakin kim Müqəddəs Ruha küfr edərsə, heç vaxt bağışlanmayacaq və günahı boynunda əbədi qalacaq».  30İsa bunu «Onda natəmiz ruh var» dediklərinə görə söylədi.

İsanın anası və qardaşları kimdir?

(Mat. 12:46-50; Luka 8:19-21)

31İsanın anası və qardaşları gəldi. Onlar bayırda durdular və İsanın yanına xəbər göndərib Onu çağırdılar.  32Bir kütlə adam İsanın ətrafında oturmuşdu. Ona xəbər verdilər: «Budur, anan və bacı-qardaşların bayırda dayanıb Səni istəyirlər».  33İsa onlara cavab verdi: «Mənim anam və qardaşlarım kimdir?»  34Sonra ətrafında oturanlara baxaraq dedi: «Mənim anam və qardaşlarım bunlardır.  35Çünki kim Allahın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur».

 

YUXARI

Mark 4

Səpilən toxum məsəli

(Mat. 13:1-23; Luka 8:4-15)

1İsa gölün sahilində yenə xalqa təlim öyrətməyə başladı. Yanına elə böyük izdiham toplaşdı ki, Özü bir qayığa minib gölün içərisində oturdu. Bütün izdiham isə gölün sahilində dayanmışdı.  2İsa onlara məsəllərlə bir çox şey öyrədərək Öz təlimində belə dedi:  3«Qulaq asın: bir əkinçi toxum səpməyə çıxdı.  4Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi.  5Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi.  6Lakin günəş doğanda qarsalandı və kökü olmadığına görə qurudu.  7Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu və bu toxumlar bar vermədi.  8Başqaları isə münbit torpağa düşdü. Ona görə də böyüyüb artdı və bəzisi otuz, bəzisi altmış, bəzisi də yüz qat səmərə verdi».  9Daha sonra İsa dedi: «Eşitməyə qulağı olan eşitsin!»  10İsa tək qalanda On İki şagird və ətrafında olanlar məsəllərin izahını soruşdular.  11O onlara dedi: «Allahın Padşahlığının sirri sizə açılmışdır, amma kənarda olanlara hər şey məsəllərlə deyilir.  12 Belə ki “Gördükcə görsünlər, amma qanmasınlar,

Eşitdikcə eşitsinlər, amma anlamasınlar,

Yoxsa onlar dönüb bağışlanar”».

13İsa onlara dedi: «Siz bu məsəli anlamırsınızmı? Bəs bütün məsəlləri necə başa düşəcəksiniz?  14Əkinçi Allahın kəlamını əkir.  15Daxilinə kəlam əkilən bəzi insanlar yol kənarına düşən toxumlara bənzəyir. Bunlar kəlamı eşidəndə dərhal Şeytan gəlib əkilən kəlamı götürüb aparır.  16Daş-kəsəkli yerlərə səpilən bunlardır: kəlamı eşidəndə dərhal sevinclə qəbul edirlər.  17Lakin onlarda kök olmadığına görə dözümləri az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılırlar.  18Tikanlar arasına səpilən başqaları isə bunlardır: kəlamı eşidirlər,  19lakin bu dövrün qayğıları, var-dövlətin aldadıcılığı və başqa şeylərə olan ehtiraslar araya girib kəlamı boğur və kəlam barsız olur.  20Münbit torpağa səpilənlərsə bunlardır: onlar kəlamı eşidib qəbul edir, bəzisi otuz, bəzisi altmış, bəzisi isə yüz qat səmərə verir».

Çıraq məsəli

(Luka 8:16-18)

21İsa onlara dedi: «Çırağı qabın yaxud yatağın altına qoymaq üçünmü gətirirsiniz? O, çıraqdana qoymaq üçün deyilmi?  22 Elə gizli bir şey yoxdur ki, aşkara çıxmasın və elə örtülü bir şey yoxdur ki, aydın olmasın.  23Eşitməyə qulağı olan eşitsin!»  24İsa yenə onlara dedi: «Eşitdiyinizə diqqət edin: hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək və daha artıq veriləcək.  25Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq».

Cücərmiş toxum məsəli

26Sonra İsa dedi: «Allahın Padşahlığı torpağa toxum səpən əkinçiyə bənzəyir.  27O, gecə yatır, gündüz qalxır. Toxum cücərib boy atır, amma əkinçi bunun necə baş verdiyini bilmir.  28Torpaq özü bar gətirir. Əvvəl cücərti çıxır, sonra sünbül, daha sonra sünbülün dənləri iriləşib yetişir.  29Məhsul yetişəndə əkinçi dərhal oraq vurur, çünki biçin vaxtı gəlmişdir».

Xardal toxumu məsəli

(Mat. 13:31-32,34; Luka 13:18-19)

30Sonra İsa belə dedi: «Allahın Padşahlığını nəyə bənzədək? Onu hansı məsəllə göstərək?  31O, xardal toxumuna bənzəyir ki, yer üzündə torpağa əkilən toxumların ən kiçiyi olsa da,  32əkiləndən sonra böyüyüb bütün bostan bitkilərindən hündür olur. O qədər böyük qol-budaq atır ki, göydə uçan quşlar onun kölgəsində yuva qura bilər».  33İsa xalqın başa düşəcəyi dərəcədə buna bənzər çoxlu məsəllərlə kəlam söyləyirdi;  34onlara məsəlsiz söz deməzdi. Amma Öz şagirdləri ilə tək qalanda hər şeyi izah edirdi.

İsa tufanı yatırır

(Mat. 8:23-27; Luka 8:22-25)

35Həmin gün axşam düşəndə İsa şagirdlərinə dedi: «Gəlin o biri sahilə keçək».  36Şagirdlər camaatdan ayrılaraq İsanı mindiyi qayıqla birgə apardılar; onun yanında başqa qayıqlar da var idi.  37Bu vaxt böyük bir tufan qopdu. Dalğalar qayığa elə hücum çəkdi ki, su artıq onun içinə doldu.  38İsa qayığın arxa tərəfində başını yastığa qoyub yatırdı. Şagirdlər Onu oyadaraq dedilər: «Müəllim! Axı biz həlak oluruq! Bu Səni narahat etmirmi?»  39İsa durub küləyə qadağan etdi və gölə dedi: «Sus, sakit ol!» Külək dayandı və dərin sükut çökdü.  40İsa onlara dedi: «Niyə qorxursunuz? Hələ imanınız yoxdurmu?»  41Onlar dəhşətə düşüb bir-birindən soruşdular: «Bu Adam kimdir ki, külək də, göl də Ona itaət edir?»

 

YUXARI

Mark 5

Cinə tutulmuş adam sağaldılır

(Mat. 8:28-34; Luka 8:26-39)

1Onlar gölün o biri sahilində yerləşən Gerasalıların diyarına getdilər.  2İsa qayıqdan düşən kimi qəbir mağaralarından natəmiz ruha tutulmuş bir adam Onunla qarşılaşdı.  3O, mağaralarda yaşayırdı və heç kim onu hətta zəncirləyərək saxlaya bilmirdi.  4Neçə dəfə ona buxov, zəncir vurmuşdular, lakin o, zəncirləri qırmış, buxovları parçalamışdı. Heç kəsin onu sakit etməyə gücü çatmırdı.  5Həmişə, gecə-gündüz qəbiristanlıqda, dağlarda çığırır və özünü daşlarla yaralayırdı.  6O, İsanı uzaqdan görəndə qaçıb Ona səcdə qıldı,  7bərkdən çığıraraq dedi: «Ey İsa, Allah-Taalanın Oğlu, məndən nə istəyirsən? Səni and verirəm Allaha, mənə iztirab vermə!»  8Çünki İsa ona demişdi: «Ey natəmiz ruh, bu adamdan çıx!»  9Sonra İsa ondan soruşdu: «Sənin adın nədir?» O cavab verdi: «Mənim adım Qoşundur, çünki biz çoxuq».  10Ruhları bu diyardan qovmasın deyə o, İsaya çox yalvardı.  11Orada – dağın yamacında böyük bir donuz sürüsü otlayırdı.  12Natəmiz ruhlar İsaya yalvardılar: «Bizi donuzlara göndər ki, onların içinə girək».  13İsa onlara izin verdi. Natəmiz ruhlar adamdan çıxıb donuzların içinə girdi. İki min baş heyvandan ibarət sürü də uçurumdan aşağı, gölə atılıb orada boğuldu.  14Donuz otaranlar qaçıb bu xəbəri şəhər və kəndlərdə yaydılar. Camaat nə baş verdiyinə tamaşa etməyə gəldi.  15Onlar İsanın yanına gəldilər, əvvəlcə bir qoşun cinə tutulmuş adamın geyinmiş və ağıllanmış oturduğunu görüb qorxuya düşdülər.  16Hadisəni görənlər cinə tutulmuş adamın başına gələnlər və donuzlar haqqında camaata söylədilər.  17İsaya yalvarmağa başladılar ki, onların bölgəsindən çıxsın.  18İsa qayığa minəndə əvvəlcə cinə tutulmuş adam Ona yalvardı ki, İsanın yanında qalsın.  19İsa ona izin vermədi, amma dedi: «Evinə, qohum-əqrəbanın yanına get, Rəbbin sənə etdiyi hər şeyi və sənə necə mərhəmət göstərdiyini onlara danış».  20Bu adam da gedib İsanın ona etdiyi hər şeyi Dekapolis bölgəsində yaymağa başladı və hamı heyrətləndi.

Qızın dirilməsi və qadının şəfa tapması

(Mat. 9:18-26; Luka 8:40-56)

21İsa yenə qayıqla o biri sahilə keçəndə yanına böyük bir izdiham yığıldı. O, gölün sahilində idi.  22Sinaqoq rəislərindən Yair adlı bir adam gəlib İsanı görəndə ayaqlarına düşdü.  23Ona çox yalvarıb dedi: «Qızcığazım can üstündədir. Gəl əllərini onun üstünə qoy ki, sağalıb yaşasın».  24İsa da onunla birlikdə getdi. Ardınca böyük bir izdiham gedərək hər tərəfdən Onu sıxışdırırdı.  25Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi.  26O, neçə həkimin əlindən xeyli əzab çəkmiş, bütün varını buna sərf etsə də, vəziyyəti yaxşılaşmamış, daha da pisləşmişdi.  27Bu qadın İsa haqqında eşidib izdihamın içindən keçərək Onun arxasından gəldi və Onun paltarına toxundu.  28Çünki bu cür düşünürdü: «Heç olmasa paltarına toxunsam, sağalaram».  29Dərhal onun qanaxması kəsildi və bildi ki, bədənindəki xəstəlikdən sağaldı.  30İsa dərhal bildi ki, Ondan bir qüvvə çıxdı və izdihamın içində dönüb soruşdu: «Paltarıma toxunan kim idi?»  31Şagirdləri Ona cavab verdilər: «Görürsən ki, izdiham Səni sıxışdırır. Necə soruşa bilərsən ki, Mənə toxunan kim idi?»  32Bunu edəni görmək üçün İsa ətrafa baxdı.  33Qadınsa özünə nə olduğunu bildi. Qorxudan titrəyərək gəlib İsanın ayağına düşdü və bütün həqiqəti Ona söylədi.  34İsa da ona dedi: «Qızım, imanın səni xilas etdi. Arxayın get və xəstəliyindən sağal».  35İsa hələ danışırdı ki, sinaqoq rəisinin evindən adamlar gəlib dedi: «Qızın öldü. Daha Müəllimi niyə narahat edirsən?»  36Lakin İsa bu sözə məhəl qoymayaraq sinaqoq rəisinə dedi: «Qorxma, yalnız iman et!»  37O, Peter, Yaqub və Yaqubun qardaşı Yəhyadan başqa heç kimi ardınca gəlməyə qoymadı.  38Onlar sinaqoq rəisinin evinə gələndə İsa çox hay-küy, ağlaşıb nalə çəkənlər gördü.  39İsa içəri girəndə onlara dedi: «Niyə hay-küy salıb ağlaşırsınız? Uşaq ölməyib, sadəcə olaraq yatıb».  40Onlar İsaya güldülər. Belə olanda İsa hamını bayıra çıxarandan sonra uşağın ata-anasını, Özü ilə gələnləri götürüb uşaq olan yerə girdi.  41İsa uşağın əlindən tutub dedi: «Talita qum!» Bunun mənası belədir: «Qızcığaz, sənə deyirəm: qalx!»  42On iki yaşlı qız dərhal qalxıb gəzməyə başladı. O an oradakılar tamamilə mat qaldı.  43İsa onlara qadağan etdi ki, bunu heç kəs bilməsin və sonra dedi ki, qıza yemək versinlər.

 

YUXARI

Mark 6

İsa Öz yurdunda rədd edilir

(Mat. 13:53-58; Luka 4:16-30)

1İsa oradan ayrılıb doğma yurduna gəldi. Şagirdləri də Onun ardınca gəlirdi.  2Şənbə günü olanda O, sinaqoqda təlim öyrətməyə başladı. Onu dinləyən adamların çoxu təəccüblənərək dedi: «Bu Adamda belə şeylər haradandır? Bu necə hikmətdir, Ona verilib? Bu cür möcüzələr Onun əlindən necə gəlir?  3Bu Adam həmin dülgər deyilmi? Məryəmin oğlu, Yaqubun, Yusifin, Yəhudanın və Şimonun qardaşı deyilmi? Onun bacıları burada – bizim aramızda yaşamırmı?» Onların İsaya acığı tutdu.  4İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan, qohum-əqrəbaları arasından və öz evindən başqa heç bir yerdə xor baxmazlar».  5Orada O heç bir möcüzə yarada bilmədi, yalnız bir neçə xəstənin üzərinə əl qoyub şəfa verdi.  6İsa onların imansızlığına heyrət edirdi. Sonra ətraf kəndlərdə təlim öyrədərək oraları gəzib-dolaşdı.

On İki şagirdə verilən vəzifə

(Mat. 10:1-15; Luka 9:1-6; 10:1-12)

7İsa On İki şagirdi yanına çağırıb onları iki-iki göndərməyə başladı və onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi.  8 Onlara tapşırdı ki, yol üçün əsadan başqa heç nə – nə çörək, nə torba, nə də qurşaqlarında pul götürsünlər,  9ayaqlarına səndəl geysələr də, əyinlərinə iki köynək geyinməsinlər.  10İsa onlara dedi: «Harada bir evə girsəniz, çıxanacan orada qalın.  11 Harada sizi qəbul etməyib sizə qulaq asmaq istəməzlərsə, oradan ayrılarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın».  12Onlar da yola düşdülər və vəz edərək insanları tövbəyə çağırdılar.  13Çoxlu cin çıxartdılar, yağla məsh edərək çox xəstəyə şəfa verdilər.

Yəhyanın edamı

(Mat. 14:1-12; Luka 9:7-9)

14 Padşah Hirod da olanları eşitdi, çünki İsanın adı tanınırdı. Adamlar deyirdilər: «Vəftiz edən Yəhya ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır».  15Digərləri isə deyirdilər: «Bu, İlyasdır». Bəziləri də deyirdi: «Keçmişdəki peyğəmbərlərdən birinə oxşar peyğəmbərdir».  16Amma Hirod bunu eşidəndə dedi: «Bu, boynunu vurdurduğum Yəhyadır, dirilib!»  17 Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. Çünki Hirod Hirodiyanı özünə arvad olaraq almışdı  18və Yəhya Hiroda demişdi: «Qardaşının arvadını almaq sənə qadağandır».  19Hirodiya Yəhyaya qarşı kin saxlayıb onu öldürmək niyyətinə düşmüşdü, amma bunu edə bilmirdi.  20Çünki Hirod Yəhyanın saleh və müqəddəs bir adam olduğunu bildiyinə görə ondan qorxub onu qoruyurdu. Hirod ona qulaq asanda çaşqınlığa düşdü, buna baxmayaraq, onu həvəslə dinləyirdi.  21Bir gün Hirodiyanın əlinə yaxşı bir fürsət düşdü. Hirod ad günündə əyanlarına, minbaşılara və Qalileyanın nüfuzlu şəxslərinə ziyafət verdi.  22Ziyafət zamanı Hirodiyanın qızı içəri daxil olub rəqs etdi. Bu, Hirodun və qonaqlarının xoşuna gəldi. Padşah qıza dedi: «Ürəyin istəyəni məndən dilə, mən də sənə verim».  23Sonra möhkəm and içərək yenə dedi: «Məndən hər nə istəsən, hətta padşahlığımın yarısını belə, istəsən, sənə verəcəyəm».  24Qız isə çıxıb anasından soruşdu: «Mən nə istəməliyəm?» O cavab verdi: «Vəftiz edən Yəhyanın başını».  25Qız o saat padşahın yanına qaçdı və öz istəyini dedi: «İstəyirəm ki, Vəftizçi Yəhyanın başını dərhal bir sini içində mənə verəsən».  26Padşahı dərin kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə qızın sözünü yerə salmaq istəmədi.  27Padşah dərhal bir cəllad göndərib Yəhyanın başını gətirməyi əmr etdi. Cəllad gedib zindanda Yəhyanın boynunu vurdu  28və onun başını bir sini içində gətirib qıza verdi. Qız da onu anasına verdi.  29Yəhyanın şagirdləri isə bunu eşidəndə gəlib onun cəsədini götürdülər və qəbirə qoydular.

İsa beş min nəfəri doydurur

(Mat. 14:13-21; Luka 9:10-17; Yəh. 6:1-14)

30Həvarilər İsanın yanına yığıldı və gördükləri işlər, öyrətdikləri təlim haqqında Ona nəql etdilər.  31İsa onlara dedi: «Gəlin kimsəsiz yerdə bir az dincəlin». Çünki gəlib-gedən çox olduğundan yemək yeməyə belə, vaxt tapmırdılar.  32Onlar da ayrılıb qayığa minərək hər biri təkbaşına kimsəsiz bir yerə getdilər.  33Gedərkən camaat onları gördü və çoxu tanıdı; bütün şəhərlərdən axışıb piyada getdilər, onlardan qabaq oraya çatdılar.  34 İsa sahilə düşəndə böyük bir izdiham gördü və onlara rəhmi gəldi. Çünki onlar çobansız qoyunlara bənzəyirdi. İsa onlara çox şeylər haqqında təlim öyrətməyə başladı.  35Vaxt keçirdi. Şagirdləri gəlib İsaya dedilər: «Bura çöllükdür, artıq gecdir.  36Camaatı burax, qoy gedib ətrafdakı kənd və obalardan özlərinə bir şey alıb yesinlər».  37Amma İsa onlara cavab verdi: «Onlara yeməyi siz verin». Şagirdlər İsaya dedilər: «Bəlkə gedib iki yüz dinarlıq çörək alaq və onlara verək ki, yesinlər?»  38Amma İsa onlara dedi: «Gedin baxın, neçə çörəyiniz var?» Onlar da baxıb dedilər: «Beş çörəyimiz və iki balığımız var».  39İsa onlara əmr etdi ki, camaatı dəstə-dəstə göy otların üstündə oturtsunlar.  40Camaat yüz-yüz, əlli-əlli dəstə şəklində oturdu.  41İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərinə verdi ki, camaata paylasınlar. İki balığı da hamıya bölüşdürdü.  42Hamı yeyib-doydu.  43Artıq qalan çörək və balıq hissələrini yığdılar, on iki zənbil doldu.  44Çörəkləri yeyən kişilərin sayı beş min nəfər idi.

İsa suyun üstü ilə yeriyir

(Mat. 14:22-33; Yəh. 6:15-21)

45Bundan dərhal sonra İsa camaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa minib Özündən əvvəl o biri sahilə – Bet-Saydaya keçsinlər.  46İsa camaatı yola salandan sonra dua etmək üçün dağa çıxdı.  47Axşam olanda qayıq gölün ortasında idi. Amma İsa quruda tək dayanmışdı.  48O gördü ki, şagirdləri güclə avar çəkir, çünki külək onlara qarşı əsirdi. Gecənin dördüncü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi və onları keçmək istədi.  49Şagirdlərsə İsanın gölün üstü ilə yeridiyini görəndə Onu bir kabus bilib qışqırdılar.  50Çünki hamı Onu görüb lərzəyə düşmüşdü. Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!»  51Qayığa minib onlara qoşuldu. Külək də sakitləşdi. Hamı tamamilə mat qaldı.  52Çünki inadkar ürəkli olduqlarına görə çörəklə bağlı işi hələ də başa düşməmişdilər.

İsa Ginesarda xəstələrə şəfa verir

(Mat. 14:34-36)

53İsa və şagirdlər gölü keçib Ginesar sahilinə çatdılar və qayığı bağladılar.  54Onlar qayıqdan düşən kimi camaat İsanı tanıdı  55və qaçıb ətraf yerləri gəzib-dolaşdılar. İsanın harada olduğunu eşidəndə xəstələri yataqlar üstündə oraya gətirməyə başladılar.  56İsanın getdiyi hər yerdə – kəndlərdə, şəhərlərdə, obalarda xəstələri gətirib meydanlara qoyurdular. Xəstələr heç olmasa İsanın paltarının ətəyinə toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağalırdı.

 

YUXARI

Mark 7

İnsanı murdar edən nədir?

(Mat. 15:1-20)

1Fariseylər və Yerusəlimdən gələn bəzi ilahiyyatçılar İsanın yanına yığıldı.  2Onlar gördülər ki, İsanın şagirdlərindən bəzisi murdar əllərlə, yəni əllərini yumamış çörək yeyir.  3Fariseylər və bütün Yəhudilər ağsaqqallardan qalan adət-ənənəyə əməl edərək əllərini yaxşı-yaxşı yumadan yemək yeməzlər.  4Onlar bazardan gələndə yuyunmadan heç nə yeməzlər. Həmçinin bir sıra başqa adət-ənənələrə də əməl edərlər. Belə ki onlar kasaları, dolçaları, tunc qazanları və yataqları yuyub paklayarlar.  5Fariseylər və ilahiyyatçılar İsadan soruşdular: «Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəyə görə yaşamayaraq murdar əllərlə çörək yeyirlər?»  6İsa onlara dedi: «Yeşaya peyğəmbər siz ikiüzlülər üçün nə yaxşı söyləyib! Yazıldığı kimi: “Bu xalq dodaqları ilə Mənə hörmət edir,

Amma qəlbləri Məndən uzaqdır.

7Boş yerə Mənə səcdə edirlər,

İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”.

8Siz Allahın əmrini atıb insan adət-ənənəsini tutursunuz».  9Sonra İsa onlara dedi: «Öz adət-ənənənizi bərqərar etmək üçün Allahın əmrini kənara atmağı necə də yaxşı bacarırsınız!  10Çünki Musa belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”.  11Sizsə deyirsiniz: “Bir adam atasına yaxud anasına ‹məndən umduğun yardım qurban oldu›, yəni ‹Allaha həsr olundu› desə”,  12onda həmin adama izin vermirsiniz ki, ata-anasına yardım etsin.  13Bununla da siz nəsildən-nəslə ötürdüyünüz adət-ənənənizlə Allahın kəlamını heç edirsiniz. Axı buna bənzər çox işlər görürsünüz».  14İsa yenə camaatı yanına çağırıb onlara dedi: «Hamınız Mənə qulaq asın və dərk edin.  15Kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz. Amma insanı murdar edən şeylər daxilindən çıxanlardır».  16 17İsa camaatdan ayrılıb evə gələndə şagirdləri bu məsəl barəsində Ondan soruşdular.  18İsa onlara cavab verdi: «Siz də hələ dərk etməmisiniz? Başa düşmürsünüz ki, kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz?  19Çünki daxil olan şeylər onun ürəyinə deyil, qarnına gedir və ifraz olunur». İsa bununla bütün yeməklərin təmiz olduğunu bəyan etdi.  20O, sözünə davam etdi: «İnsanı murdar edən insandan çıxandır.  21Çünki insanların daxilindən, ürəyindən pis fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik,  22zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, pozğunluq, paxıllıq, küfr, lovğalıq və ağılsızlıq çıxar.  23Bütün bu pis işlər insan daxilindən çıxıb onu murdar edir».

Finikiyalı qadının imanı

(Mat. 15:21-28)

24İsa oradan ayrılıb Sur bölgəsinə getdi. O bir evə girdi və istəmədi ki, harada olduğunu bilən olsun. Amma bunu gizlədə bilmədi.  25Bir qadının azyaşlı qızı natəmiz ruha tutulmuşdu. Qadın İsa haqqında xəbər tutan kimi gəlib Onun ayaqlarına düşdü.  26Bu qadın Suriya Finikiyasında doğulmuş bir Yunan idi. O, İsaya yalvardı ki, qızından cini çıxartsın.  27İsa ona dedi: «Qoy əvvəl uşaqlar doysun, çünki uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz».  28Qadınsa Ona cavab verdi: «Ya Rəbb, axı itlər də uşaqların süfrə altına tökdüyü qırıntılardan yeyir».  29İsa qadına dedi: «Get, sənin bu sözünə görə cin qızını tərk etdi».  30Qadın evinə gələndə gördü ki, qızı yatağında uzanıb və cin ondan çıxıb.

Kar və pəltək bir adamın sağalması

31İsa yenə Sur bölgəsindən çıxdı, Sidonu keçdi və Dekapolis bölgəsindən keçərək Qalileya gölünə çatdı.  32Bir kar və pəltək adamı İsanın yanına gətirdilər və yalvardılar ki, əlini onun üzərinə qoysun.  33İsa həmin adamı camaatdan ayırıb başqa bir yerə apardı və barmaqlarını bu adamın qulaqlarına qoydu, tüpürüb onun dilinə toxundu.  34Göyə baxdı, ah çəkərək ona dedi: «Effata!», yəni «Açıl!»  35O anda bu adamın həm qulaqları açıldı, həm də dilinin bağlılığı düşdü və o aydın danışmağa başladı.  36İsa bunu görənlərə qadağan etdi ki, bu barədə heç kimə heç nə deməsinlər. Lakin nə qədər çox qadağan etsə də, o qədər çox xəbər yaydılar.  37Hamı hədsiz təəccüblənərək dedi: «Hər işin öhdəsindən yaxşı gəlir: həm karların qulağını, həm də lalların dilini açır».

 

YUXARI

Mark 8

İsa dörd min nəfəri doydurur

(Mat. 15:32-39)

1O günlər yenə böyük izdiham toplaşdı. Onların yeməkləri olmadığı üçün İsa şagirdləri yanına çağırıb dedi:  2«Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur.  3Əgər onları evlərinə ac yola salsam, yolda taqətdən düşərlər. Onların bəzisi uzaqdan gəlib».  4Şagirdləri Ona cavab verdilər: «Kimsə bu çöllükdə haradan çörək tapa bilər ki, bu qədər insanı doydursun?»  5İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi».  6Onda İsa camaata əmr etdi ki, yerə otursunlar. Yeddi çörəyi götürdü və şükür edərək bölüb paylamaq üçün şagirdlərinə verdi. Şagirdlər də camaata payladı.  7Onların bir neçə kiçik balığı da var idi və İsa şükür duası edəndən sonra bunları da paylamağı əmr etdi.  8Camaat yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu.  9Orada dörd minə yaxın adam var idi. İsa onları yola saldı.  10O, şagirdləri ilə birlikdə dərhal qayığa minib Dalmanuta bölgəsinə getdi.

Fariseylərin və Hirodun mayası

(Mat. 12:38-39; 16:1-12)

11 Fariseylər İsanın yanına gəlib Onunla mübahisə etməyə başladılar. Onu sınamaq üçün istədilər ki, göydən gələn bir əlamət göstərsin.  12O, ürəyində dərin bir ah çəkib dedi: «Niyə bu nəsil əlamət axtarır? Sizə doğrusunu deyirəm: bu nəslə heç bir əlamət verilməyəcək».  13Sonra onları tərk edib yenə qayığa mindi və o biri sahilə tərəf üzdü.  14Şagirdləri çörək götürməyi yaddan çıxarmışdılar. Qayıqda onların yalnız bir dənə çörəyi var idi.  15İsa onlara xəbərdarlıq edərək dedi: «Ehtiyatlı olun, fariseylərin mayasından və Hirodun mayasından özünüzü gözləyin».  16Şagirdlər isə öz aralarında danışıb deyirdilər: «Bunu çörəyimiz olmadığı üçün deyir».  17İsa bunu bilərək onlara dedi: «Nə üçün çörəyinizin yoxluğundan danışırsınız? Hələ dərk etmirsinizmi, başa düşmürsünüzmü? Niyə ürəyiniz inadkardır?  18Gözləriniz ola-ola görmürsünüzmü? Qulaqlarınız ola-ola eşitmirsinizmi? Məgər yadınızdan çıxıb?  19Mən beş çörəyi beş min nəfərin arasında bölüb paylayanda yemək tikələrindən neçə zənbil doldurdunuz?» Onlar dedilər: «On iki».  20«Yeddi çörəyi dörd min nəfərin arasında bölüb paylayanda çörək tikələrindən neçə səbət doldurdunuz?» Onlar dedilər: «Yeddi».  21İsa onlara dedi: «Hələ başa düşməmisinizmi?»

Bet-Saydada olan korun şəfa tapması

22Onlar Bet-Saydaya gəldilər. Bəzi adamlar İsanın yanına bir kor adam gətirdilər və İsa bu adama toxunsun deyə Ona yalvardılar.  23İsa korun əlindən tutub kənddən kənara apardı. Sonra onun gözlərinə tüpürüb əllərini onun üzərinə qoydu və soruşdu: «Bir şey görürsənmi?»  24Kor yuxarı baxıb dedi: «Adamlar görürəm, ağaclara oxşayır, amma yeriyirlər».  25Onda İsa əllərini yenidən bu adamın gözlərinin üstünə qoydu. Kor adam gözlərini açıb baxdı. O şəfa tapdı və hər şeyi aydın görməyə başladı.  26İsa onu evinə göndərdi və dedi: «Kəndə belə, girmə».

Peterin Məsihi tanıması

(Mat. 16:13-20; Luka 9:18-21)

27İsa şagirdləri ilə birgə Filip Qeysəriyyəsinin kəndlərinə tərəf yollandı. Yolda şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Mən kiməm?»  28Şagirdləri Ona belə cavab verdilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, peyğəmbərlərdən birisən».  29İsa onlardan soruşdu: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter Ona cavab verdi: «Sən Məsihsən».  30İsa şagirdlərinə qadağan etdi ki, Onun haqqında heç kəsə danışmasınlar.

İsa ölüb-diriləcəyi barədə əvvəlcədən xəbər verir

(Mat. 16:21-28; Luka 9:22-27)

31İsa onlara təlim öyrətməyə başladı: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd edilməli, öldürülməli və üç gündən sonra dirilməlidir».  32İsa bu sözləri aydın deyirdi. Peter isə Onu bir kənara çəkib etiraz etməyə başladı.  33Amma İsa dönüb şagirdlərinə baxdı və Peterə etiraz etdi: «Çəkil qarşımdan, Şeytan! Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən».  34İsa şagirdləri ilə birgə camaatı da yanına çağırıb belə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin.  35 Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənimlə Müjdə uğrunda canını itirirsə, onu xilas edəcək.  36İnsana bütün dünyanı qazanıb canını itirməyinin nə xeyri var?  37İnsan öz canının əvəzinə nə verə bilər?  38Bu vəfasız və günahkar nəsil arasında kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Atasının izzəti içində müqəddəs mələklərlə birgə gələndə o adamdan utanacaq».

 

YUXARI

Mark 9

1İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığının qüdrətli gəlişini görmədən ölməyəcək».

İsanın görünüşü dəyişir

(Mat. 17:1-13; Luka 9:28-36)

2 Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və Yəhyanı götürüb hündür bir dağa çıxdı. Onların qarşısında görünüşü dəyişdi.  3Onun libası göz qamaşdırıcı ağ rəng aldı. Yer üzündə heç bir paltar təmizləyən onu belə ağ edə bilməzdi.  4O an İlyas və Musa onlara göründü. Onlar İsa ilə söhbət edirdi.  5Peter sözə başlayıb İsaya dedi: «Rabbi! Nə yaxşı ki biz buradayıq. Gəl üç çardaq quraq, biri Sənin, biri Musa, biri də İlyas üçün».  6O bilmirdi ki, nə desin, çünki onları dəhşət bürümüşdü.  7 Bu zaman bir bulud onların üzərinə kölgə saldı. Buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ona qulaq asın!»  8Birdən ətrafa baxanda artıq yanlarında İsadan başqa kimsəni görmədilər.  9Dağdan enərkən İsa şagirdlərinə qadağan etdi ki, Bəşər Oğlu ölülər arasından dirilənə qədər orada gördüklərini heç kimə deməsinlər.  10Onlar da bu sözü ürəklərində saxladılar, amma bir-birlərindən soruşdular ki, ölülər arasından dirilmək nə deməkdir.  11 Ondan soruşdular: «Elə isə niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?»  12İsa onlara belə dedi: «Düzdür, əvvəlcə İlyas gəlib hər şeyi yoluna qoymalıdır. Bəs Bəşər Oğlu barəsində nə üçün yazılıb ki, O, çox əzab çəkib alçaldılmalıdır?  13Lakin sizə deyirəm: artıq İlyas gəldi və haqqında yazıldığı kimi, nə istədilərsə, onun başına gətirdilər».

Oğlandan cin çıxarılır

(Mat. 17:14-20; Luka 9:37-43)

14Onlar şagirdlərin yanına gələndə böyük bir izdihamın toplaşdığını və bir neçə ilahiyyatçının şagirdlərlə mübahisə etdiyini gördülər.  15İsanı görən kimi bütün izdihamı heyrət bürüdü və qarşısına qaçıb Onu salamladılar.  16İsa adamlardan soruşdu: «Onlarla nə barədə mübahisə edirsiniz?»  17Camaat arasından biri Ona cavab verdi: «Müəllim! Mən Sənin yanına lallıq ruhuna tutulmuş oğlumu gətirmişəm.  18Ruh onu harada tutursa, yerə çırpır, uşağın ağzı köpüklənir, dişlərini qıcıdır və qıc olur. Şagirdlərindən xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar».  19İsa da cavabında onlara dedi: «Ey imansız nəsil! Nə vaxta qədər sizinlə qalacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Uşağı yanıma gətirin!»  20Uşağı Onun yanına gətirdilər və İsanı görən kimi ruh dərhal uşağı sarsıtdı. Uşaq yerə yıxılıb yuvarlanırdı və ağzından köpük daşırdı.  21İsa onun atasından soruşdu: «Bu uşaq nə vaxtdan belə hala düşüb?» Uşağın atası dedi: «Körpəlikdən bəri.  22Bu ruh onu həlak etmək üçün dəfələrlə oda və suya atıb. Amma bacarırsansa, bizə kömək et, bizə rəhmin gəlsin!»  23İsa ona dedi: «“Bacarırsansa” nə sözdür? İman edən üçün hər şey mümkündür!»  24Uşağın atası dərhal fəryad qopararaq dedi: «İman edirəm, kömək et ki, imansızlığım yox olsun!»  25İsa camaatın qaçıb gəldiyini görəndə natəmiz ruha qadağan edib dedi: «Ey lallıq və karlıq ruhu, Mən sənə əmr edirəm, bu uşağın içindən çıx və bir daha ora girmə!»  26Ruh çığırıb uşağı sarsıdaraq çıxdı. Uşaq ölü kimi düşdü və çoxları dedi: «O öldü!»  27Lakin İsa uşağın əlindən tutub qaldırdı və o, ayağa qalxdı.  28İsa evə girəndən sonra şagirdləri təklikdə Ondan soruşdular: «Bəs nə üçün biz o ruhu qova bilmədik?»  29İsa onlara cavab verdi: «Bu cür ruhlar yalnız dua ilə çıxa bilər».

İsa ölüb-diriləcəyi barədə yenə xəbər verir

(Mat. 17:22-23; Luka 9:43-45)

30Onlar oranı tərk edib Qalileyadan keçirdilər. İsa istəmirdi ki, kimsə bundan xəbər tutsun.  31Çünki şagirdlərinə təlim öyrədirdi. Onlara belə deyirdi: «Bəşər Oğlu insan əllərinə təslim ediləcək və Onu öldürəcəklər. Öldürüldükdən üç gün sonra O diriləcək».  32Lakin şagirdlər bu sözü başa düşmədilər və Ondan soruşmaqdan da qorxurdular.

Ən böyük kimdir?

(Mat. 18:1-9; Luka 9:46-50; 17:1-2)

33Onlar Kefernahuma gəldilər. İsa evdə olanda şagirdlərdən soruşdu: «Yol boyu nə barədə mübahisə edirdiniz?»  34 Heç kim dillənmədi, çünki yol boyu öz aralarında kimin ən böyük olması barədə mübahisə etmişdilər.  35İsa oturub On İki şagirdi yanına çağıraraq dedi: «Əgər bir kəs birinci olmaq istəyirsə, hamıdan axırıncı və hamının xidmətçisi olsun».  36O, balaca bir uşağı götürüb şagirdlərin arasına qoydu və sonra uşağı qucağına alıb onlara dedi:  37«Kim Mənim adımla belə uşaqlardan birini qəbul edərsə, Məni qəbul edər. Kim Məni qəbul edərsə, Məni yox, Məni Göndərəni qəbul edər».  38Yəhya Ona dedi: «Müəllim, biz Sənin adınla cinləri qovan bir nəfəri gördük, amma bizim ardımızca gəlmədiyinə görə ona mane olduq».  39İsa onlara dedi: «Ona mane olmayın! Elə bir adam yoxdur ki, Mənim adımla möcüzə göstərsin və sonra Məni pisləsin.  40Çünki əleyhimizə olmayan bizim tərəfimizdədir.  41Məsihə məxsus olduğunuz üçün kim sizə bir kasa su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq.  42Kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olar.  43Əgər əlin səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata şikəst olaraq daxil olmağın iki əllə cəhənnəmə, sönməz oda düşməyindən yaxşıdır.  44 45Əgər ayağın səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata topal olaraq daxil olmağın iki ayaqla cəhənnəmə atılmağından yaxşıdır.  46 47Əgər gözün səni pis yola çəkərsə, onu çıxart. Sənin tək gözlə Allahın Padşahlığına daxil olmağın iki gözlə cəhənnəmə atılmağından yaxşıdır.  48Oradakıları gəmirən qurd ölmür və oranın yanar odu sönmür.  49Çünki hamı odla duzlanacaq.  50Duz yaxşı şeydir, amma əgər duz dadsız olarsa, ona nə ilə dad vermək olar? Qoy sizdə duz və aranızda da sülh olsun».

 

YUXARI

Mark 10

Boşanma haqqında

(Mat. 19:1-12)

1İsa oradan ayrılıb Yəhudeya bölgəsinə və İordan çayının o biri tayına getdi. Yenə çoxlu adam Onun başına yığıldı və O, adətinə görə yenidən təlim öyrətməyə başladı.  2Bəzi fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir sual verdilər: «Kişinin öz arvadını boşamağa icazəsi varmı?»  3İsa onlara cavab verdi: «Musa sizə nə əmr etdi?»  4Onlar dedi: «Musa kişiyə talaq kağızını yazıb arvadını boşamağa icazə verdi».  5İsa da onlara belə dedi: «O bu əmri ürəyiniz inadkar olduğuna görə yazdı.  6Allah yaradılışın başlanğıcından “onları kişi və qadın olaraq yaratdı”.  7“Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq  8və ikisi bir bədən olacaq”. Artıq onlar iki deyil, bir bədəndir.  9Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın».  10Onlar evdə olarkən şagirdlər İsaya bu barədə yenə sual verdilər.  11İsa onlara belə cavab verdi: «Arvadını boşayıb başqası ilə evlənən kəs arvadına münasibətdə zina edir.  12Ərindən boşanıb başqasına gedən qadın da zina edir».

İsa uşaqlara xeyir-dua verir

(Mat. 19:13-15; Luka 18:15-17)

13Adamlar uşaqları İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Şagirdlərsə onlara qadağan etdilər.  14Bunu görən İsa acıqlanaraq onlara dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur.  15Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz».  16Sonra uşaqları qucaqlayıb əllərini onların üzərinə qoydu və xeyir-dua verdi.

Var-dövlət və Allahın Padşahlığı

(Mat. 19:16-30; Luka 18:18-30)

17İsa yola çıxarkən bir nəfər qaça-qaça Onun yanına gəldi. Onun qarşısında diz çökərək soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?»  18İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur.  19Onun əmrlərini bilirsən: “Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Kimisə aldatma. Ata-anana hörmət et”».  20Bu adamsa İsaya dedi: «Müəllim, bunların hamısına gəncliyimdən bəri riayət edirəm».  21İsa ona məhəbbətlə baxaraq dedi: «Sənin bir şeyin çatışmır: get nəyin varsa, satıb yoxsullara payla. Onda göydə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl».  22Bunu eşidən adam pərt oldu. Kədərlənib getdi, çünki var-dövləti çox idi.  23İsa ətrafındakılara baxdı və şagirdlərinə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir!»  24Onun sözlərindən şagirdləri heyrət bürüdü. Amma İsa yenə onlara cavab verib dedi: «Övladlarım, Allahın Padşahlığına daxil olmaq nə qədər çətindir!  25Dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır».  26Onlar daha da təəccüblənərək bir-birlərinə dedilər: «Elə isə, kim xilas ola bilər?»  27İsa onlara baxıb dedi: «Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün yox. Çünki Allah üçün hər şey mümkündür».  28Peter Ona belə deməyə başladı: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik».  29İsa cavab verdi: «Sizə doğrusunu deyirəm: Mənimlə Müjdə uğrunda ya evini ya qardaşlarını ya bacılarını ya anasını ya atasını ya uşaqlarını və yaxud tarlalarını atan elə bir kəs yoxdur ki,  30indi bu dövrdə çəkdiyi əzab-əziyyətlə birgə bundan yüz qat artıq evlər, qardaşlar, bacılar, analar, uşaqlar, tarlalar, gələcək dövrdə isə əbədi həyat almasın.  31Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq».

İsa ölüb-diriləcəyi barədə üçüncü dəfə xəbər verir

(Mat. 20:17-19; Luka 18:31-34)

32Onlar yola çıxıb Yerusəlimə gedirdilər. İsa onların qabağında gedirdi. Şagirdləri isə heyrət bürümüşdü, Onun ardınca gələnlər qorxu içində idi. İsa On İki şagirdi yenə bir tərəfə çəkib başına gələcək hadisələr barədə danışmağa başladı:  33«Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edib başqa millətlərə təslim edəcəklər.  34Onlar Bəşər Oğlunu ələ salacaq, Ona tüpürəcək və qamçılayıb öldürəcəklər. O, üç gündən sonra diriləcək».

Kim üstündür?

(Mat. 20:20-28)

35Zavdayın oğulları Yaqub və Yəhya Ona yaxınlaşıb dedilər: «Müəllim, istəyirik ki, dilədiyimizi bizim üçün edəsən».  36İsa onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?»  37Onlar İsaya dedilər: «Sən izzətlənəndə qoy birimiz sağında, o birimiz solunda otursun».  38Amma İsa onlara dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içdiyim kasadan siz də içə bilərsinizmi? Mənim vəftiz olduğum kimi siz də vəftiz ola bilərsinizmi?»  39Onlar dedilər: «Bilərik». İsa onlara dedi: «Mənim içdiyim kasadan siz də içəcəksiniz, Mənim vəftiz olduğum kimi siz də vəftiz olacaqsınız.  40Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Ora kimlər üçün hazırlanıbsa, onlara veriləcək».  41Bunu eşidən on şagirdin Yaqubla Yəhyaya acığı tutmağa başladı.  42Onda İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbəri sayılanlar onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir.  43Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun.  44Aranızda birinci olmaq istəyən hamının qulu olsun.  45Çünki Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».

Kor Bartimayın gözləri açılır

(Mat. 20:29-34; Luka 18:35-43)

46Sonra onlar Yerixoya gəldilər. İsa şagirdləri ilə birgə böyük izdihamla Yerixodan çıxanda Timay oğlu Bartimay adlı bir kor dilənçi yol kənarında oturmuşdu.  47Nazaretli İsanın orada olduğunu eşitdikdə «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!» deyə bağırmağa başladı.  48Çox adamsa ona qadağan edib susdurmaq istədisə də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı.  49İsa dayanıb dedi: «Onu çağırın». Onlar bu kor adamı çağıraraq dedilər: «Cəsarətli ol, qalx, O səni çağırır».  50O, üst paltarını üstündən atdı və yerindən sıçrayaraq İsanın yanına gəldi.  51İsa ondan soruşdu: «Nə istəyirsən, sənin üçün edim?» Kor adam Ona dedi: «Rabbuni, gözlərim açılsın».  52İsa ona dedi: «Get, imanın səni xilas etdi». Həmin an bu adamın gözləri açıldı və o da İsanın ardınca getdi.

 

YUXARI

Mark 11

İsanın Yerusəlimə girməsi

(Mat. 21:1-11; Luka 19:28-40; Yəh. 12:12-19)

1Onlar Yerusəlimə yaxınlaşarkən Zeytun dağının yamacındakı Bet-Faqe ilə Bet-Anyaya gəldikləri zaman İsa şagirdlərindən ikisini göndərərək  2onlara dedi: «Qarşınızdakı kəndə gedin. Oraya girən kimi hələ heç kəsin minmədiyi, bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gətirin.  3Kim sizdən soruşsa: “Bunu nə üçün edirsiniz?”, ona “bu sıpa Rəbbə lazımdır, tezliklə yerinə qaytaracaq” deyin».  4Onlar getdilər. Küçədə bir evin qapısının kənarına bağlanmış sıpa tapıb onu açdılar.  5Orada duran bəzi adamlar onlardan soruşdu: «Nə edirsiniz? Bu sıpanı nə üçün açırsınız?»  6Şagirdlər İsanın dediklərini onlara təkrarlayanda o adamlar şagirdlərə imkan verdilər.  7Onlar sıpanı İsanın yanına gətirdilər və öz paltarlarını sıpanın üstünə sərdilər. İsa sıpanın belinə mindi.  8Bir çoxu paltarlarını, bəzisi də ətrafdakı ağaclardan kəsdikləri budaqları yola döşədi.  9İsanın önündə gedənlər və ardınca gələnlər belə nida edirdilər: «Hosanna!

Rəbbin ismi ilə Gələnə alqış olsun!

10Atamız Davudun gələn Padşahlığı xeyir-dualı olsun!

Ən ucalarda hosanna!»

11İsa Yerusəlimə daxil olub məbədə girdi. O hər şeyə nəzər saldı. Sonra On İki şagirdlə bərabər Bet-Anyaya getdi, çünki artıq gec idi.

Barsız əncir ağacı

(Mat. 21:18-19; Luka 13:6-9)

12Ertəsi gün onlar Bet-Anyadan çıxdılar. O zaman İsa acmışdı.  13Uzaqda yarpaqlı bir əncir ağacı gördü və ağaca yaxınlaşdı ki, bəlkə onda meyvə tapar. Amma onun yanına gələndə ağacda yarpaqdan başqa bir şey tapmadı, çünki əncirin bar mövsümü deyildi.  14Onda İsa ağaca dedi: «Qoy səndən bir daha heç kəs meyvə yeməsin!» Bunu şagirdləri də eşitdi.

İsa satıcıları məbəddən qovur

(Mat. 21:12-17; Luka 19:45-48; Yəh. 2:13-22)

15Onlar Yerusəlimə gəldilər. İsa məbədə girib orada alver edənləri qovmağa başladı. Sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi,  16heç kimi yük daşıyaraq məbəd həyətlərindən keçməyə qoymadı.  17Onlara təlim öyrədərək dedi: «Məgər yazılmayıb ki, “Mənim evim bütün xalqlar üçün

Dua evi adlandırılacaq”?

Amma siz onu “quldur yuvasına” çevirmisiniz!»  18Bunu eşidən başçı kahinlər və ilahiyyatçılar İsanı öldürmək üçün yol axtarırdılar. Çünki bütün xalq Onun təliminə təəccübləndiyi üçün Ondan qorxurdular.  19Axşam olanda İsa və şagirdləri şəhərdən kənara çıxdı.

İmanın gücü

(Mat. 21:20-22)

20Səhər erkən onlar əncir ağacının yanından keçəndə gördülər ki, ağac kökündən quruyub.  21Hadisəni xatırlayan Peter İsaya dedi: «Rabbi, bax lənətlədiyin əncir ağacı quruyub».  22İsa cavab verib onlara dedi: «Allaha imanınız olsun.  23Sizə doğrusunu deyirəm: kim bu dağa “Qalx, dənizə atıl!” deyərsə və ürəyində şübhə etmədən dediyinin olacağına inanarsa, onun üçün ediləcək.  24Buna görə sizə deyirəm: dua edib hər nə diləsəniz, inanın ki, artıq almısınız və istədiyiniz sizin üçün ediləcək.  25Durub dua edəndə kimdən narazılığınız varsa, bağışlayın ki, göylərdə olan Atanız da təqsirlərinizi bağışlasın».  26

İsanın səlahiyyəti

(Mat. 21:23-27; Luka 20:1-8)

27Onlar yenə Yerusəlimə gəldilər. İsa məbəddə gəzən zaman başçı kahinlər, ilahiyyatçılar və ağsaqqallar Ona yaxınlaşıb  28dedilər: «Sən bu işləri hansı səlahiyyətlə edirsən? Bu işləri görmək üçün Sənə bu səlahiyyəti kim verib?»  29İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm; ona cavab versəniz, Mən də bunları hansı səlahiyyətlə etdiyimi sizə deyərəm.  30Yəhyanın vəftizi göydən idimi, yoxsa insanlardan? Mənə cavab verin».  31Onlarsa aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək.  32Amma desək “insanlardan”?» O zaman xalqdan qorxurdular, çünki hamı Yəhyanı həqiqi peyğəmbər sayırdı.  33Cavabında İsaya dedilər: «Bilmirik». İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm».

 

YUXARI

Mark 12

Pis bağbanlar məsəli

(Mat. 21:33-46; Luka 20:9-19)

1İsa məsəllər söyləyib onlarla danışmağa başladı: «Bir adam üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi.  2Məhsul vaxtı çatanda bağbanların yanına bir qul göndərdi ki, üzüm bağının məhsulundan bir qədərini onlardan alsın.  3Lakin bağbanlar qulu tutub döydülər və əliboş geri qaytardılar.  4Bağ sahibi onların yanına yenə başqa bir qul göndərdi. Onun da başını vurub yardılar və biabır etdilər.  5Başqasını göndərdi, onu isə öldürdülər. O, çox adam göndərdi, onlardan bəzisini döydülər, bəzisini isə öldürdülər.  6Yanında ancaq bir nəfər qalmışdı ki, bu da onun sevimli oğlu idi. “Oğluma hörmət edərlər” deyərək axırda onu onların yanına göndərdi.  7Bağbanlarsa bir-birlərinə dedilər: “Varis budur. Gəlin onu öldürək, onda miras bizə qalacaq”.  8Beləcə onu tutub öldürdülər və bağdan kənara atdılar.  9Beləliklə, bağ sahibi nə edəcək? Gəlib bağbanları həlak edəcək və bağı başqalarına verəcək.  10Məgər siz bu Müqəddəs Yazını oxumamısınız? “Bənnaların rədd etdiyi daş

Guşədaşı olub.

11Bu, Rəbbin işi idi,

Gözümüzdə xariqəli bir işdir”».

12Yəhudi rəhbərləri başa düşdülər ki, İsa bu məsəli onlar barədə söylədi. Ona görə də İsanı tutmaq üçün yol axtarırdılar, lakin camaatdan qorxdular. Beləcə Onu tərk edib getdilər.

Hər kəsin öz haqqı

(Mat. 22:15-22; Luka 20:20-26)

13Sonra İsanı dediyi sözlərlə tələyə salmaq üçün fariseylərdən və hirodçulardan bəzisini Onun yanına göndərdilər.  14Onlar gəlib İsaya dedilər: «Müəllim, biz bilirik ki, Sən etibarlı adamsan və heç kimə tərəfkeşlik etmirsən. Çünki insanlar arasında fərq qoymursan və Allahın yolunu həqiqətə görə öyrədirsən. Bizim üçün qeysərə vergi verməyə icazə var ya yox? Biz vergi verək ya yox?»  15Onların ikiüzlülüyünü bilən İsa dedi: «Məni niyə sınağa çəkirsiniz? Mənə bir dinar gətirin, baxım».  16Onlar da gətirdilər. İsa soruşdu: «Sikkənin üstündəki bu təsvir və yazı kimindir?» Ona dedilər: «Qeysərin».  17İsa onlara dedi: «Elə isə, qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin». Onlar İsanın sözlərinə heyrətləndilər.

Dirilmə haqqında sual

(Mat. 22:23-33; Luka 20:27-40)

18Dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular:  19«Müəllim, Musa bizim üçün belə yazmışdır: “Əgər bir adamın qardaşı ölsə, arvadı dul qalsa, amma övladı olmazsa, o biri qardaş bu dul arvadı alıb ölən qardaşın nəslini davam etdirsin”.  20Yeddi qardaş var idi. Birincisi bir arvad aldı, amma övladı olmadan öldü.  21Bu arvadı ikinci qardaş aldı, o da özündən sonra övlad qoymadan öldü, üçüncüsü də,  22hətta yeddincisinə qədər belə etdi, amma övladı olmadan öldü. Hamısından sonra bu qadın da öldü.  23Qiyamət günündə, ölülər diriləndə bu qadın onlardan hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi də bu qadını almışdı».  24İsa onlara belə cavab verdi: «Nə Müqəddəs Yazıları, nə də Allahın qüdrətini bilirsiniz. Yanılmanıza səbəb bu deyilmi?  25İnsanlar ölülər arasından diriləndə nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar.  26Bəs ölülərin dirildiyinə gəlincə, Musanın kitabındakı kolla bağlı əhvalatda Allahın necə ona “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” dediyini oxumamısınızmı?  27Allah ölülərin deyil, dirilərin Allahıdır. Beləliklə, siz çox yanılırsınız».

Əmrlərin ən əsası

(Mat. 22:34-40; Luka 10:25-28)

28İlahiyyatçılardan biri gəlib onların mübahisələrinə qulaq asdı və İsanın onlara yaxşı cavab verdiyini görüb Ondan soruşdu: «Əmrlərin ən əsası hansıdır?»  29İsa cavab verdi: «Əmrlərin ən əsası budur: “Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir.  30Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və bütün gücünlə sev”.  31İkincisi də budur: “Qonşunu özün kimi sev”. Bunlardan böyük əmr yoxdur».  32İlahiyyatçı Ona dedi: «Müəllim, Sən nə yaxşı dedin, həqiqəti söylədin. Allah yeganədir, Ondan başqası yoxdur.  33Onu bütün qəlbinlə, bütün ağlınla və bütün gücünlə sevmək, qonşunu da özün kimi sevmək yandırma qurbanlarının və başqa qurbanların hamısından daha vacibdir».  34Dərrakəli cavab verdiyini görən İsa ona dedi: «Sən Allahın Padşahlığından uzaq deyilsən». Bundan sonra heç kim İsadan bir şey soruşmağa cəsarət etmədi.

Məsih kimin Oğludur?

(Mat. 22:41-46; Luka 20:41-44)

35İsa məbəddə təlim öyrədərək belə sual verdi: «Niyə ilahiyyatçılar Məsih Davudun Oğludur deyirlər?  36Davud özü Müqəddəs Ruh vasitəsilə “Rəbb mənim Ağama dedi:

‹Mən düşmənlərini ayaqlarının altına salanadək

Sağımda otur›”

deyib.  37Davud özü Ona “Ağa” deyə müraciət edir. O necə Davudun oğlu ola bilər?» Böyük izdiham sevinclə Ona qulaq asırdı.

İsa ilahiyyatçıları məzəmmət edir

(Mat. 23:5-7; Luka 20:45-47)

38İsa təlim öyrədərək dedi: «İlahiyyatçılardan özünüzü qoruyun. Onlar uzun paltarlarda gəzməyi, bazar meydanlarında salam almağı,  39sinaqoqlarda baş kürsüləri, ziyafətlərdə yuxarı başı tutmağı xoşlayarlar.  40Onlar dul qadınların evlərini yeyib-dağıdar və özlərini göstərmək üçün uzun-uzadı dua edərlər. Bu adamların cəzası daha ağır olacaq».

Dul qadının ianəsi

(Luka 21:1-4)

41İsa məbədin ianə qutusunun qarşısında oturub xalqın oraya necə pul atmasına baxırdı. Bir çox varlı adam oraya böyük məbləğdə pul atırdı.  42Bir kasıb dul qadın da gəlib bir kodrant məbləğində iki lepton pul atdı.  43İsa şagirdlərini yanına çağırıb onlara dedi: «Sizə doğrusunu deyirəm: bu kasıb dul qadın ianə qutusuna hamıdan çox pul atdı.  44Çünki onların hamısı varlarının artıqlığından verdi, bu qadın isə kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi».

 

YUXARI

Mark 13

Axır zamanın əlamətləri

(Mat. 24:1-28; Luka 21:5-24)

1 İsa məbəddən çıxarkən şagirdlərindən biri Ona dedi: «Müəllim, bax nə gözəl daşlar, nə gözəl binalardır!»  2İsa ona dedi: «Bu böyük binaları görürsənmi? Onların daşı daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq».  3İsa məbədlə üzbəüz olan Zeytun dağında oturanda Peter, Yaqub, Yəhya və Andrey Ondan ayrılıqda soruşdu:  4«Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Bunların hamısı başa çatmaq üzrə olanda hansı əlamətlər olacaq?»  5İsa onlara cavab verməyə başladı: «Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın.  6Mənim adımla çox adam gəlib “mən Oyam” deyərək çoxlarını aldadacaq.  7Müharibələr və müharibə xəbərləri eşidəndə təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil.  8Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer zəlzələlər və aclıq olacaq. Bunlar sanki doğuş ağrılarının başlanğıcıdır.  9Amma siz ehtiyatlı olun. Adamlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarda döyəcəklər. Onlara şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısında duracaqsınız.  10Əvvəlcə bütün millətlərə Müjdə vəz olunmalıdır.  11Sizi aparıb məhkəməyə çəkəndə nə deyəcəyiniz barədə qabaqcadan qayğı çəkməyin, amma həmin vaxt sizə nə bildirilərsə, onu danışın. Çünki danışan siz yox, Müqəddəs Ruhdur.  12Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək.  13Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq.  14Viranəlik gətirən iyrənc şeyin heç olmamalı yerdə qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın – Yəhudeyada olanlar dağlara qaçsın.  15Damda olan evindən nə isə götürmək üçün aşağı enib evinə girməsin.  16Tarlada olan üst paltarını götürmək üçün geri qayıtmasın.  17Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına!  18Dua edin ki, bu hadisə qış fəslində baş verməsin.  19Çünki o günlərdə elə bir əzab-əziyyət olacaq ki, Allahın yaratdığı bu kainatın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da.  20Əgər Rəbb o günləri qısaltmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma Rəbb seçilmişlərə – Öz seçdiyi insanlara görə o günləri qısaldıb.  21O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır” yaxud da “bax, oradadır”, inanmayın.  22Çünki yalançı məsihlər v