012 465 4150 info@yeniheyat.com

Ibranilərə

Fəsillər

1 2 3 4 5 6 7 8 9 10 11 12 13

PDF download

Adobe_PDF_file_icon_32x32

Ibranilərə

 

İbranilərə 1

Allahın Oğlu mələklərdən üstündür

1Allah qədim zamanlarda dəfələrlə və müxtəlif yollarla əcdadlarımıza peyğəmbərlər vasitəsilə müraciət etmişdi.  2Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi; Onu hər şeyin varisi təyin etmişdi və Onun vasitəsilə kainatı yaratmışdı.  3Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir. O hər şeyi qüdrətli kəlamı ilə saxlayır. O, günahlardan təmizlənməni təmin edəndən sonra ucalarda möhtəşəm Allahın sağında oturdu.  4Mələklərdən nə qədər üstün adı irs olaraq aldısa, o qədər onlardan üstün oldu.  5Axı Allah mələklərin hansına nə vaxtsa «Sən Mənim Oğlumsan,

Mən bu gün Sənə Ata oldum»

yaxud «Mən Ona Ata, O isə Mənə Oğul olacaq»

demişdir?  6Yenə də Allah İlk Doğulanı dünyaya gətirəndə deyir: «Allahın bütün mələkləri qoy Onun qarşısında səcdə etsin».

7Mələklər barəsində isə deyir: «Öz mələklərini küləklərə,

Öz xidmətçilərini yanar oda döndərir!»

8Amma Oğul haqqında bunu deyir: «Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır,

Sənin şahlıq əsan insaf əsasıdır.

9Salehliyi sevib qanunsuzluğa nifrət etmisən.

Ona görə Allah, Sənin Allahın

Sevinc yağı ilə

Yoldaşlarından çox Səni məsh edib».

10Yenə deyir: «Ya Rəbb, Sən yerin təməlini əzəldən qurmusan,

Göylər Sənin əllərinin işidir!

11Onlar yox olacaq, amma Sən qalacaqsan,

Hamısı paltar kimi köhnələcək,

12Onları geyim kimi bükəcəksən,

Onları paltar kimi dəyişdirəcəksən.

Amma Sən dəyişməzsən,

İllərin tükənməzdir».

13Lakin Allah mələklərin hansına nə vaxtsa «Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək

Sağımda otur»

demişdir?  14Bütün mələklər xilası irs olaraq alacaq şəxslərə xidmət etmək üçün göndərilən xidmətçi ruhlar deyilmi?

YUXARI

İbranilərə 2

Diqqətli olaq

1Buna görə də biz eşitdiklərimizə daha da diqqətli olmalıyıq ki, axın bizi aparmasın.  2Çünki mələklər vasitəsilə bəyan edilən söz qüvvəyə mindi, hər cür təqsir və itaətsizliyə haqlı cəza verildisə,  3bu cür böyük xilasa məhəl qoymasaq, biz necə qurtula bilərik? Bu xilas əvvəlcə Rəbb tərəfindən bildirildi və Onu eşidənlər tərəfindən bizə təsdiq olundu.  4Allah da əlamət, xariqələr, müxtəlif möcüzələr və Öz iradəsinə uyğun olaraq payladığı Müqəddəs Ruhun ənamları ilə şəhadət etdi.  5Barəsində danışdığımız gələcək dünyanı Allah mələklərə tabe etmədi.  6Lakin kimsə bir yerdə belə şəhadət etdi: «İnsan kimdir ki, onun haqqında düşünürsən?

Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?

7Onu mələklərdən az müddət ərzində aşağı tutdun,

İzzət və əzəmət tacını onun başına qoydun.

8Hər şeyi onun ayağının altına qoyub tabe etdin».

Allah hər şeyi insana tabe etdiyinə görə ona tabe olmamış heç nə qoymadı. Lakin indi biz hər şeyin ona tabe olduğunu hələ görmürük.  9Amma Allahın lütfü ilə hər kəsin uğrunda ölmək üçün mələklərdən az müddət ərzində aşağı tutulmuş Şəxsi, yəni İsanı görürük. Çəkdiyi ölüm əzabına görə Onun başına izzət və əzəmət tacı qoyuldu.  10Hər şey Allah üçün və Allah vasitəsilə mövcuddur. Bir çox övladı izzətə çatdırmaq üçün onların xilasının Banisini əzablar vasitəsilə kamil etməsi Allaha münasib idi.  11Çünki təqdis edən Şəxsin və təqdis olunanların hamısının Atası eynidir. Bu səbəbdən İsa onları qardaş çağırmaqdan utanmayıb deyir:  12«İsmini qardaşlarıma elan edəcəyəm,

Toplantı arasında Sənə həmd söyləyəcəyəm».

13Yenə də deyir: «Mən Ona güvənəcəyəm»

və yenə «Budur, Mən və Allahın Mənə verdiyi övladlar».

14Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin  15və ölüm qorxusuna görə ömürləri boyu əsarətdə olanların hamısını azad etsin.  16Şübhəsiz, O, mələklərə deyil, İbrahim nəslinə yardım edər.  17Buna görə də O hər cəhətdən qardaşlarına bənzər olmalı idi; belə ki Allaha xidmətində mərhəmətli və sadiq Baş Kahin olub xalqının günahları üçün kəffarə edə bilsin.  18Çünki Özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək edə bilər.

YUXARI

İbranilərə 3

İsa Musadan üstündür

1Bu səbəbə görə, ey səmavi çağırışa ortaq olan müqəddəs qardaşlar, əqidəmizin Elçisi və Baş Kahini İsa haqqında düşünün.  2İsa Onu təyin edən Kəsə sadiq qaldı; necə ki Musa da Allahın bütün evində Ona sadiq qaldı.  3Evin bənnası evdən daha çox hörmət qazandığı kimi İsa da Musadan daha böyük izzətə layiq görüldü.  4Çünki hər evin bir bənnası var, hər şeyin bənnası isə Allahdır.  5Musa gələcəkdə deyiləcək sözlərə şəhadət etmək üçün Allahın bütün evində bir xidmətçi kimi sadiq qaldı.  6Amma Məsih Onun evi üzərində Oğul olaraq sadiqdir. Əgər biz cəsarətimizi və fəxr etdiyimiz ümidi qoruyub saxlasaq, Onun evi bizik.

İmansızlığa qarşı xəbərdarlıq

7Buna görə Müqəddəs Ruhun dediyi kimi: «Bu gün əgər Onun səsini eşitsəniz,

8Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi,

Səhradakı sınaq günündə olduğu kimi inadkar olmasın.

9Orada atalarınız Məni sınadılar,

Qırx il əməllərimi görərək Məni yoxladılar.

10Buna görə o nəsildən zəhləm getdi.

Dedim: “Onlar həmişə ürəklərində azır,

Yollarımı tanımırlar”.

11Buna görə qəzəblənib and içmişəm:

“Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”».

12Ey qardaşlar, diqqətli olun ki, sizlərdən heç birinizdə var olan Allahdan uzaqlaşan şər və imansız ürək olmasın.  13Amma «bu gün» adlanan hər gün bir-birinizi ürəkləndirin ki, heç biriniz günahın aldadıcılığı ilə inadkar olmasın.  14Çünki əvvəldən bizdə olan etimadı sonadək möhkəm saxlasaq, Məsihlə ortaq olarıq.  15Necə ki deyilmişdir: «Bu gün əgər Onun səsini eşitsəniz,

Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi inadkar olmasın».

16Bəs eşidib üsyan edənlər kimdir? Musanın başçılığı ilə Misirdən çıxanların hamısı deyilmi?  17Allah qırx il kimə qəzəblənirdi? Günaha batmış, meyitləri çöldə sərilənlərə deyilmi?  18Bəs O kimlərə and içdi ki, Onun rahatlıq diyarına girməyəcəklər? Məgər itaət etməyənlərə deyil?  19Beləliklə, görürük ki, onlar imansızlıqlarına görə oraya girə bilmədilər.

YUXARI

İbranilərə 4

Allahın rahatlıq diyarı

1Beləliklə, Allahın rahatlıq diyarına girmək vədi hələ də qüvvədə olarkən hər birinizin bundan məhrum olmasından qorxaq.  2Çünki Misirdən çıxanlar kimi biz də Müjdə aldıq. Amma onların eşitdiyi kəlam onlara xeyir gətirmədi, çünki bu kəlama qulaq asanların imanına şərik olmadılar.  3Biz iman etmişlərsə rahatlıq diyarına girməkdəyik, necə ki Allah demişdir: «Buna görə qəzəblənib and içmişəm:

“Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”».

Halbuki Onun işləri dünya yaranandan bəri tamamlanmışdır.  4Çünki bir yerdə yeddinci gün barəsində belə deyib: «Allah bütün gördüyü işlərdən ayrılıb yeddinci gün istirahət etdi».  5Bu barədə yenə deyib: «Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər».  6Beləliklə, bəzilərinə o rahatlıq diyarına girmək üçün, şübhəsiz ki, imkan qalır. Lakin Müjdəni əvvəlcədən eşidənlər itaətsizliyə görə ora girə bilmədilər.  7Bu səbəbə görə Allah xeyli vaxt keçəndən sonra Davud vasitəsilə «bu gün» deyərək təkrar müəyyən bir gün təyin edir, necə ki əvvəlcə deyilmişdir: «Bu gün əgər Onun səsini eşitsəniz,

Qoy ürəkləriniz inadkar olmasın».

8Çünki Yeşua onlara rahatlıq diyarı versəydi, Allah bundan sonra başqa bir gün barəsində danışmazdı.  9Beləcə Allahın xalqı üçün hələ də bir istirahət qalır.  10Allah Öz işlərini qurtarıb Şənbə günü istirahət etdiyi kimi Onun rahatlıq diyarına girən də öz işlərini qurtarıb istirahət etdi.  11Buna görə də bu rahatlıq diyarına girməyə çalışaq ki, heç kəs eyni itaətsizlik nümunəsinə əməl edib yıxılmasın.  12Allahın kəlamı canlı və təsirlidir, hər ikiağızlı qılıncdan da itidir, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıraraq keçir, ürəyin fikir və niyyətlərini ayırd edir.  13Allahdan gizli heç nə yoxdur. Lakin Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz Ona hesabat verəcəyik.

İsa Məsih bizim Baş Kahinimizdir

14Beləliklə, Allahın Oğlu İsa göylərdən keçən böyük Baş Kahinimiz olduğuna görə əqidəmizi möhkəm tutaq.  15Çünki bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə, hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir.  16Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq.

YUXARI

İbranilərə 5

1İnsanlar arasından seçilən hər baş kahin günahlardan ötrü təqdim və qurbanlar vermək, Allahla bağlı olan işlərdə insanları təmsil etmək üçün təyin edilir.  2Cahillərlə və yolunu azmışlarla həlim davrana bilir, çünki özü də zəifliyə məruzdur.  3Buna görə o, xalqın günahları üçün olduğu kimi öz günahları üçün də qurbanlar təqdim etməlidir.  4Heç kəs bu şərəfə öz-özünə nail olmur, ancaq Harun kimi Allah tərəfindən çağırılanda nail olur.  5Eləcə də Məsih də Baş Kahin olmaq üçün Öz-Özünü izzətləndirmədi, Ona «Sən Mənim Oğlumsan,

Mən bu gün Sənə Ata oldum»

deyən Allah Onu izzətləndirdi.  6Digər yerdə isə O belə deyir: «Sən Melkisedeq vəzifəli əbədi bir Kahinsən».

7Məsih yer üzündə cisimdə olduğu günlərdə Onu ölümdən qurtarmağa qadir olan Allaha böyük fəryad və göz yaşları ilə dua edib yalvardı və möminliyinə görə eşidildi.  8O, Oğul olduğu halda çəkdiyi əzablarla itaətli olmağı öyrəndi.  9Kamilliyə çatandan sonra Ona itaət edənlərin hamısı üçün əbədi xilas qaynağı oldu  10və Allah tərəfindən Melkisedeq vəzifəli Baş Kahin təyin edildi.

Kamilliyə doğru irəliləyək

11Bu mövzuda deyiləsi sözümüz çoxdur, amma bunları izah etmək çətindir. Çünki sizin qulağınız ağır eşidir.  12Siz artıq müəllim olmalı idiniz; amma kimsənin sizə təkrarən Allahın kəlamının ibtidai təlimlərini öyrətməsinə hələ də möhtacsınız. Siz bərk yeməyə yox, südə möhtac olmusunuz.  13Südlə bəslənən hər kəs körpə olduğu üçün salehlik barəsində olan kəlamda təcrübəsizdir.  14Bərk yemək isə yetkinlər, yəni duyğularını xeyirlə şəri ayırd etməkdən ötrü həssas edənlər üçündür.

YUXARI

İbranilərə 6

1Bunun üçün Məsih barəsindəki ibtidai təlimi geridə buraxıb kamilliyə doğru irəliləyək. Ölüm gətirən əməllərdən tövbə edib Allaha iman etmənin təməlini,  2vəftizlər, əl qoyub təqdis etmə, ölülərin dirilməsi və əbədi məhkəmə haqqındakı təlimin əsasını yenidən qurmayaq.  3Allah izin verərsə, bunlara da əməl edəcəyik.  4Bir dəfə nurlanmış, səmavi ənamdan dadmış və Müqəddəs Ruha şərik olmuş,  5Allahın xoş kəlamını və gələcək dövrün qüvvələrini dadmış olduqları halda  6imandan dönənləri yenidən tövbə edəcək vəziyyətinə gətirmək mümkün deyil. Çünki özləri Allahın Oğlunu yenidən çarmıxa çəkib rüsvay edirlər.  7Dəfələrlə üstünə yağan yağışı içən və kimlər üçün işlənirsə, onlara faydalı bitkilər yetişdirən torpaq Allahdan xeyir-bərəkət alır.  8Tikan və qanqal yetişdirən torpaq isə yararsız və lənətə yaxındır, onun sonu yanmaqdır.  9Lakin, ey sevimlilər, biz bu cür danışsaq belə, əminik ki, vəziyyətiniz daha yaxşıdır və xilasa malik olursunuz.  10Axı Allah ədalətsiz deyil ki, əməlinizi və Onun adı ilə müqəddəslərə əvvəldən və indi də xidmət etməklə göstərdiyiniz məhəbbəti unutsun.  11Ümidin verdiyi tam etimada nail olmaq üçün axıra qədər hər birinizin eyni səyi göstərməyinizi arzulayırıq ki,  12siz tənbəl olmayasınız, amma vəd olunan şeyləri iman və səbirlə irs alanlardan nümunə götürəsiniz.

Allahın vədi

13Allah İbrahimə vəd verdiyi vaxt adına and içmək üçün Özündən üstün birinin olmadığına görə Öz varlığına and içərək dedi:  14«Sənə mütləq xeyir-dua verəcəyəm və nəslini çoxaldacağam».  15Beləliklə, İbrahim səbirlə gözləyərək vədə nail oldu.  16İnsanlar özlərindən daha üstün olanın adına and içirlər və sözlərini təsdiq edən and hər iddiaya son qoyur.  17Eləcə də Allah vədin varislərinə iradəsinin dəyişməzliyini daha açıq-aşkar etmək istəyərək Öz vədini andla təsdiqlədi.  18Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişilməz şeydə – Onun vəd və andında böyük təsəlliyə malik olaq.  19Can lövbərimiz kimi möhkəm və sarsılmaz olan bu ümid məbədin pərdəsinin arxasındakı iç otağa daxil olur.  20İsa ilk olaraq bizim uğrumuzda oraya daxil oldu; O, Melkisedeq vəzifəli əbədi Baş Kahin olmuşdu.

YUXARI

İbranilərə 7

Kahin Melkisedeq

1Bu Melkisedeq Salem padşahı və Allah-Taalanın kahini idi. Padşahları məğlub edib geri qayıdan İbrahimin pişvazına çıxdı və ona xeyir-dua verdi.  2İbrahim də ona hər şeyin onda bir hissəsini verdi. Melkisedeq ən əvvəl öz adının mənasına görə salehlik padşahıdır, sonra isə Salem padşahı, yəni sülh padşahıdır.  3O, atasız, anasız olub nəsil şəcərəsi yoxdur. Nə günlərinin başlanğıcı, nə də həyatının sonu var. Lakin Allahın Oğluna bənzədilmiş əbədi kahin olaraq qalır.  4Baxın bu adam necə böyükdür ki, ulu babamız İbrahim belə, qənimətlərinin onda bir hissəsini ona verdi.  5Levi oğullarından kahinlik vəzifəsini alanlar, Qanuna görə xalqdan, yəni İbrahim nəslindən olduqları halda, öz qardaşlarından onda bir hissəni almaq əmrinə malikdirlər.  6Amma onların nəslindən olmayan Melkisedeq İbrahimdən onda bir hissəni aldı və vədlərə malik olana xeyir-dua verdi.  7Şübhəsiz ki, böyük özündən kiçiyə xeyir-dua verər.  8Burada onda bir hissəni ölümlü insanlar alır, orada isə yaşadığına dair şəhadətə malik olan bir nəfər alır.  9Demək olar ki, onda bir hissəni alan Levi də İbrahim vasitəsilə onda bir hissəni vermişdi.  10Çünki Melkisedeq İbrahimin pişvazına çıxanda Levi hələ əcdadının belində idi.

Yeni kahinlik nizamı

11Beləliklə, əgər kamillik Levililərin kahinliyi vasitəsilə əldə edilsəydi – çünki xalq bu kahinliyə əsasən Qanunu alıb – Harun vəzifəli deyil, Melkisedeq vəzifəli başqa bir kahinin təyin edilməsi barədə danışmağa daha nə ehtiyac vardı?  12Çünki kahinlik dəyişiləndə Qanunun da dəyişilməsinə ehtiyac var.  13Haqqında bu sözlər deyilən Adam başqa bir qəbiləyə mənsubdur və bu qəbilədən heç kəs qurbangahda xidmət etməmişdir.  14Axı Rəbbimizin Yəhuda qəbiləsindən törəməsi məlumdur. Musa bu qəbilə barəsində kahinlərə aid bir söz deməmişdi.  15Melkisedeqə bənzər başqa bir Kahinin təyin edilməsi bunu daha da aydın göstərir.  16O, Qanunun cismani kahinlik əmrinə görə deyil, tükənməz həyat qüdrətinə görə Kahin oldu.  17Çünki «Sən Melkisedeq vəzifəli əbədi bir Kahinsən»

deyə şəhadət olunur.  18Bundan əvvəlki əmr zəif və yararsız olduğuna görə ləğv olunur.  19Çünki Qanun heç bir şeyi kamilləşdirməyib. Bunun yerinə bizi Allaha yaxınlaşdıran daha gözəl ümid verilir.  20Bu kahinlik isə andsız olmadı. O biri kahinlər andsız kahin oldu.  21Lakin İsa Ona «Rəbb and içdi, qərarını dəyişməz:

“Sən əbədi bir Kahinsən”»

deyən Allah vasitəsilə andla kahin oldu.  22Buna görə İsa daha yaxşı Əhdin zəmanətçisi oldu.  23Bununla belə, həmin kahinlərin sayı çox idi, çünki ölüm onların vəzifədə qalmasına mane olurdu.  24Lakin İsa əbədi yaşadığı üçün daimi kahinliyə malikdir.  25Buna görə O Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir. Çünki O onlar üçün vəsatətçilik etməkdən ötrü həmişə yaşayır.

Yeni Əhdin Baş Kahini

26Həqiqətən, bizə belə bir Baş Kahinin olması münasibdir ki, O, müqəddəs, günahsız, ləkəsiz, günahkarlardan ayrılmış, göylərdən daha ucalara qaldırılmış olsun.  27O başqa baş kahinlər kimi əvvəlcə öz günahları, sonra da xalqın günahları üçün hər gün qurban təqdim etmək məcburiyyətində deyil. Çünki Özünü qurban verməklə bunu birdəfəlik etdi.  28Qanun zəiflikləri olan insanları baş kahin təyin edir. Lakin Qanundan sonra verilmiş and sözü əbədi olaraq kamilləşdirilmiş Oğulu təyin etdi.

YUXARI

İbranilərə 8

1Deyilənlərin əsası isə budur: bizim elə bir Baş Kahinimiz var ki, göylərdəki möhtəşəm Allahın taxtının sağında oturub.  2O, Müqəddəs məkanda və insanın deyil, Rəbbin qurduğu həqiqi çadırda xidmət edir.  3Hər baş kahin təqdim və qurban gətirmək üçün təyin olunur. Buna görə bizim də Baş Kahinimizin təqdim etmək üçün nəyisə olmalıdır.  4Əgər Özü yer üzündə olsaydı, əsla Kahin olmazdı. Çünki Qanuna əsasən təqdim gətirənlər var.  5Onlar göylərdəkilərin təsviri və kölgəsi olan yerdə ibadət edir, necə ki Musa İbadət çadırını qurmaq üzrə olanda Allah onu xəbərdar etmişdi: «Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt».  6Amma indi İsa daha yaxşı vədlər üzərində qurulmuş daha yaxşı bir Əhdin Vasitəçisi olduğu qədər üstün bir xidmətə nail oldu.  7Əgər ilk Əhd qüsursuz olsaydı, ikinci Əhdə səbəb axtarılmazdı.  8Çünki Allah Öz xalqını təqsirkar çıxararaq deyir: «Rəbb bəyan edir:

“İsrail xalqı və Yəhuda xalqı ilə

Yeni bir Əhd bağlayacağım günlər yaxınlaşır.

9Bu Əhd

Atalarını Misir torpağından çıxartmaq üçün

Əllərindən tutduğum gün

Onlarla bağladığım əhdə bənzəməyəcək.

Çünki onlar əhdimə sadiq qalmadılar,

Mən də onlardan üz döndərdim”

Rəbb belə bəyan edir.

10“O günlərdən sonra

İsrail xalqı ilə

Bağlayacağım Əhd belədir”

Rəbb bəyan edir,

“Qanunlarımı onların zehinlərinə qoyub

Ürəklərinə yazacağam.

Mən onların Allahı,

Onlar da Mənim xalqım olacaq.

11Bir kəs öz həmvətənini yaxud qardaşını

‹Rəbbi tanı› deyib öyrətməyəcək.

Çünki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq.

12Çünki təqsirlərinə qarşı mərhəmətli olacağam,

Günahlarını daha yada salmayacağam”».

13Allah «Yeni Əhd» deməklə birincisinin köhnə olduğunu göstərir. Köhnələn və yaşa dolansa çox keçmədən yox olur.

YUXARI

İbranilərə 9

Yeni Əhdin qurbanı köhnəsindən üstündür

1Birinci Əhdin də ibadət barəsindəki qaydaları və dünyəvi Müqəddəs məkanı var idi.  2Bir çadır qurulmuşdu. Müqəddəs yer adlanan ilk bölmədə çıraqdan, masa və təqdis çörəkləri var idi.  3İkinci pərdə arxasında isə Ən Müqəddəs yer adlanan bir bölmə var idi.  4Burada qızıl buxur qurbangahı ilə hər tərəfdən qızılla örtülmüş Əhd sandığı var idi. Sandığın içində manna ilə dolu qızıl qab, Harunun tumurcuqlamış əsası və Əhd lövhələri var idi.  5Sandığın üzərində isə kəffarə qapağına kölgə salan izzətli keruvlar var idi. Lakin bunlar barəsində indi ətraflı danışa bilmirik.  6Bu şeylər belə qurulduqdan sonra kahinlər həmişə çadırın ilk bölməsinə daxil olub ibadət aparırlar.  7İkinci bölməsinə isə yalnız baş kahin daxil ola bilər. O da özü üçün və xalqın bilmədən işlətdiyi günahlar üçün orada təqdim etdiyi qurban qanı olmadan o yerə daxil ola bilməz.  8Müqəddəs Ruh bununla göstərir ki, çadırın ilk bölməsi durduqca Ən Müqəddəs yerə gedən yol hələ aşkar olmamışdır.  9Bu çadır indiki vaxt üçün bir misaldır. Bu səbəbdən ibadət edənin vicdanını kamilləşdirə bilməyən təqdimlər və qurbanlar verilir.  10Bunlar ancaq yemək, içmək və cürbəcür yuyunma tərzləri ilə, yəni hər şeyin nizama salınacağı vaxtadək qüvvədə olub cismani işlərə məxsus olan qaydalarla əlaqədardır.  11Lakin Məsih indi gələn nemətlərin Baş Kahini olaraq gəldi. İnsan əli ilə qurulmayan, yəni bu yaradılışdan olmayan daha böyük və daha mükəmməl çadırdan keçib  12təkələrlə danaların qanı ilə yox, Öz qanı ilə Ən Müqəddəs yerə birdəfəlik daxil oldu; əbədi satınalınmanı təmin etdi.  13Çünki əgər təkələrlə buğaların qanı və düyənin külünün murdar olanların üstünə səpilməsi onları təqdis edib cismən təmizləyirsə,  14deməli, əbədi Ruh vasitəsilə Özünü qüsursuz olaraq Allaha təqdim etmiş Məsihin qanı var olan Allaha ibadət edə bilməmiz üçün vicdanımızı ölüm gətirən əməllərdən nə qədər çox təmizləyəcək!  15Buna görə də çağırılmışların vəd edilən əbədi irsi alması üçün Məsih Yeni Əhdin Vasitəçisidir. Çünki O, Birinci Əhd zamanı etdikləri təqsirlərdən onları satın almaq üçün ölmüşdü.  16Bir vəsiyyətnamə varsa, vəsiyyət edənin ölümünü sübut etmək lazımdır.  17Çünki vəsiyyətnamə yalnız ölümdən sonra qüvvəyə minir. Vəsiyyət edən sağ olanda vəsiyyətnamənin heç bir qüvvəsi yoxdur.  18Bu səbəbə görə Birinci Əhd də qan axıdılmadan qüvvəyə minmədi.  19Musa Qanunun hər əmrini bütün xalqın önündə bəyan edəndən sonra su, al rəngli yun və züfa otu ilə dana və təkələrin qanını götürüb həm kitabın özünə, həm də bütün xalqın üzərinə səpərək dedi:  20«Budur Allahın sizə əmr etdiyi Əhdin qanı».  21Eyni tərzdə çadır və bütün xidmət əşyalarının üzərinə qan səpdi.  22Demək olar ki, Qanuna görə hər bir şey qanla təmizlənir və qan axıdılmadan bağışlanma olmur.

Son qurban

23Beləliklə, göylərdəkilərin təsvirlərini bu qurbanlarla, göylərdəkiləri isə bunlardan daha yaxşı qurbanlarla təmizləmək lazım idi.  24Məsih əsl Müqəddəs məkanın nümunəsi olub insan əli ilə qurulan Müqəddəs məkana deyil, göyün özünə daxil oldu ki, indi bizim üçün Allahın hüzurunda zahir olsun.  25Baş kahin hər il özünün olmayan qanla Ən Müqəddəs yerə girər. Amma Məsih Özünü dəfələrlə təqdim etmək üçün göyə girmədi.  26Elə olsaydı, O, dünya yaranandan bəri dəfələrlə əzab çəkməli olardı. İndi isə dövrlərin sonunda, O Özünü qurban verməklə günahı aradan qaldırmaq üçün bir dəfə zühur etdi.  27Necə müəyyən edilmişdir ki, insanlar bir dəfə ölüb ondan sonra mühakimə olunsunlar,  28eləcə də Məsih bir çoxlarının günahını Öz üzərinə götürmək üçün bir dəfə təqdim edilmişdir və ikinci dəfə günahın öhdəsindən gəlmək üçün deyil, xilas gətirmək üçün Onu gözləyənlərə zühur edəcək.

YUXARI

İbranilərə 10

1Qanunda gələcək nemətlərin əsli deyil, kölgəsi var. Buna görə də Qanun ildən-ilə daimi bir surətdə təqdim olunan eyni qurbanlar vasitəsilə Allaha yaxınlaşanları əsla kamil edə bilməz.  2Əks təqdirdə, bu qurbanların təqdim olunmasına son qoyulardı. Çünki ibadət edənlər birdəfəlik təmizlənəndən sonra artıq günahlarına görə vicdan əzabı çəkməzdilər.  3Amma bu qurbanlar vasitəsilə insanlar ildən-ilə günahlarını yadlarına salır.  4Çünki buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq qeyri-mümkündür.  5Buna görə Məsih dünyaya gələndə deyir: «Qurban və təqdim istəmədin,

Amma Mənə bir bədən hazırladın.

6Yandırma qurbanı, günah qurbanından xoşun gəlmədi.

7O zaman dedim: “Budur, gəlmişəm,

Kitab tumarında Mənim haqqımda yazılıb.

Ay Allah, Sənin iradəni yerinə yetirim”».

8Məsih əvvəl dedi: «Qurban, təqdim, yandırma qurbanı və günah qurbanı istəmədin,

Bunlardan xoşun gəlmədi».

Bunlar hamısı Qanuna görə təqdim olunur.  9Sonra dedi: «Budur, gəlmişəm, Sənin iradəni yerinə yetirim». Yəni, Məsih ikinci Əhdi qüvvəyə mindirmək üçün birincisini ləğv edir.  10Bu iradəyə əsasən biz İsa Məsihin bədəninin birdəfəlik təqdim olunmasına görə təqdis olunduq.  11Hər bir kahin hər gün xidmətini icra edərək əsla günahları aradan qaldıra bilməyən eyni qurbanları dəfələrlə təqdim edir.  12Amma Məsih günahlar üçün yalnız bir qurban təqdim edəndən sonra əbədi olaraq Allahın sağında oturdu.  13O vaxtdan bəri O, düşmənlərinin Onun ayaqları altına kətil kimi salınmasını gözləyir.  14Çünki O yalnız bir təqdim vasitəsilə təqdis olunmaqda olanları həmişəlik kamilləşdirdi.  15Müqəddəs Ruh da bu haqda bizə şəhadət edir. Çünki əvvəl deyir:  16«“O günlərdən sonra

Onlarla bağlayacağım Əhd belədir”

Rəbb bəyan edir,

“Qanunlarımı onların ürəyinə qoyub

Zehinlərinə yazacağam”».

17Sonra deyir: «Günahlarını və qanunsuzluqlarını yada salmayacağam».

18Günahların bağışlanması olanda isə artıq günah üçün təqdim etmə yoxdur.

Nəsihət və xəbərdarlıq

19Beləliklə, ey qardaşlar, İsanın qanı sayəsində Ən Müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır.  20O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır.  21Həm də O, Allahın evi üçün cavabdeh olan böyük bir Kahinimizdir.  22Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq.  23Ümid verən əqidədən möhkəm tutaq, çünki vəd verən Allah sadiqdir.  24Bir-birimizi məhəbbətə və xeyirxah əməllər etmək üçün necə həvəsləndirmək haqqında fikirləşək.  25Bəzi adamların vərdiş etdiyi kimi birgə yığışmağımızı tərk etməyək. Lakin qiyamət gününün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq.  26Həqiqəti dərk edib qəbul edəndən sonra qəsdən günah etməkdə davam etsək, artıq günah üçün qurban qalmır.  27Lakin mühakimənin və Allahın düşmənlərini yandırıb-yaxan şiddətli alovun dəhşətlə gözlənməsi qalır.  28Musanın Qanununu heç sayan adam iki yaxud üç şahidin sözü ilə rəhm edilmədən öldürülür.  29Əgər bir nəfər Allahın Oğlunu tapdalayaraq təqdis edildiyi Əhdin qanını adi bir şey sayıb Allahın lütfkar Ruhunu təhqir edərsə, sizcə bundan nə qədər ağır cəzaya layiq sayılacaq?  30Çünki «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm»

və yenə də «Rəbb Öz xalqını mühakimə edəcək»

deyəni tanıyırıq.  31Var olan Allahın əlinə düşmək dəhşətdir!  32Siz əvvəlki günləri xatırlayın. O vaxt Allahın nuru üzərinizə saçandan sonra əzablı, böyük mübarizəyə tab gətirdiniz.  33Bəzən təhqir və əziyyətlərə uğrayıb tamaşaya qoyuldunuz, bəzənsə eyni rəftara məruz qalanların dərdinə şərik oldunuz.  34Həm də siz məhbusların çəkdiyi əzablara şərik oldunuz, özünüzün daha yaxşı və daimi malınız olduğunu bilərək əmlakınızın talan edilməsini sevinclə qəbul etdiniz.  35Buna görə cəsarətinizi itirməyin, bu cəsarətə görə mükafatınız böyükdür.  36Çünki Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi almaq üçün sizin tab gətirməyə ehtiyacınız var.  37Çünki «Bir az müddətdən sonra

Gələn gələcək, gecikməyəcək.

38Amma saleh adamım imanla yaşayacaq.

Əgər geri çəkilsə, ondan razı qalmayacağam».

39Bizsə geri çəkilib həlak olanlardan deyilik; iman edib canlarının xilasına nail olanlardanıq.

YUXARI

İbranilərə 11

İman qəhrəmanları

1İman ümid edilənlərə etibar etmək, görünməyən şeylərə əmin olmaqdır.  2Əcdadlarımız imanları üçün müsbət şəhadət aldılar.  3İman vasitəsilə dərk edirik ki, kainat Allahın kəlamı ilə yarandı, beləcə də görünən şeylər görünməyənlərdən törədi.  4İman vasitəsilə Habil Allaha Qabildən daha yaxşı bir qurban təqdim etdi. Bunun vasitəsilə saleh olduğu təsdiq edildi, çünki Allah onun təqdimləri barədə şəhadət etdi. Habil ölmüş olduğu halda iman vasitəsilə hələ də danışır.  5Xanok ölümü görməsin deyə iman vasitəsilə dünyadan götürüldü. Onu tapa bilmədilər, çünki Allah onu dünyadan götürmüşdü. Götürülməzdən əvvəl o, şəhadət almışdı ki, Allahı razı salıb.  6İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O var və Onu axtaranlara mükafat verir.  7Nuh hələ gözə görünməyən şeylər barəsində edilən xəbərdarlığa iman vasitəsilə ciddi yanaşaraq öz ev əhlinin xilası üçün gəmi düzəltdi. O, iman vasitəsilə dünyanı məhkum etdi və imana görə olan salehliyi irs olaraq aldı.  8İbrahim çağırılanda iman vasitəsilə itaətli olub irs alacağı torpağa getdi. O hara getdiyini bilməyərək yola çıxdı.  9İman vasitəsilə vəd edilmiş ölkədə bir qərib kimi məskunlaşdı. O eyni vədin həmvarisləri olan İshaq və Yaqubla birlikdə çadırlarda yaşadı.  10Çünki İbrahim memarı və banisi Allah olan bünövrəli şəhəri gözləyirdi.  11Sara özü sonsuz və yaşı ötmüş olduğu halda iman vasitəsilə nəsil yaratmaq üçün güc aldı, çünki vəd Edəni sadiq saydı.  12Buna görə də bir kişidən, artıq ölüdən fərqlənməyən birindən sayca göydəki ulduzlar qədər, dəniz kənarındakı qum kimi saysız-hesabsız nəsil törədi.  13Bunların hamısı imanlı olaraq öldü. Vəd edilən şeylərə nail olmadılar, amma bunları uzaqdan görüb salamladılar və özlərinin yer üzündə yad və qərib olduqlarını iqrar etdilər.  14Axı belə sözləri deyənlər bir vətən axtardıqlarını göstərirlər.  15Əgər onlar çıxdıqları ölkə barəsində düşünsəydilər, qayıtmağa imkanları olardı.  16Amma əslində onlar daha yaxşı bir ölkəni, yəni səmavi vətəni arzu edirdilər. Buna görə Allah Özünü onların Allahı adlandırmaqdan utanmır, çünki O onlar üçün şəhər hazırlamışdır.  17İbrahim sınağa çəkildiyi vaxt iman vasitəsilə İshaqı qurban olaraq təqdim etdi. Vədlərə nail olmuş İbrahim bircə oğlunu qurban vermək niyyətində idi.  18Halbuki ona «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» deyilmişdi.  19O, Allahı onu ölülər arasından diriltməyə qadir saydı. Buna görə də məcazi mənada İshaqı ölümdən geri aldı.  20İman vasitəsilə İshaq gələcək hadisələrlə əlaqədar Yaquba və Esava xeyir-dua verdi.  21Yaqub ölərkən Yusifin hər iki oğluna iman vasitəsilə xeyir-dua verdi və öz dəyənəyinin başına söykənib Allaha səcdə etdi.  22Yusif də ölərkən İsrail övladlarının Misirdən çıxacaqları haqqında iman vasitəsilə söz söyləyərək öz sümükləri barəsində əmr verdi.  23Musa doğulanda anası və atası iman vasitəsilə onu üç ay gizlətdilər. Çünki onlar uşağın gözəl olduğunu görüb padşahın fərmanından qorxmadılar.  24Musa böyüyəndən sonra firon qızının oğlu adlanmaqdan iman vasitəsilə imtina etdi.  25Günahdan müvəqqəti zövq almaqdansa Allahın xalqı ilə birlikdə əzab çəkməyi üstün tutdu.  26Məsih naminə çəkdiyi təhqiri Misir xəzinələrindən daha böyük var-dövlət saydı, çünki gözünü alacağı mükafata dikmişdi.  27İman vasitəsilə padşahın qəzəbindən qorxmayıb Misirdən çıxdı, çünki o, gözə Görünməyəni sanki görmüş kimi möhkəm dayandı.  28İman vasitəsilə Musa Pasxa qurbanının kəsilməsini və onun qanının çilənməsini həyata keçirtdi ki, ilk doğulanları öldürən məhvedici mələk İsraillilərə toxunmasın.  29İman vasitəsilə İsraillilər Qırmızı dənizi qurudan keçən kimi keçdilər. Misirlilər də bunu etməyə cəhd etdilər, amma boğuldular.  30İman vasitəsilə İsraillilər yeddi gün Yerixonun ətrafında gəzdikdən sonra onun divarları yıxıldı.  31İman vasitəsilə fahişə Raxav casusları dostcasına qarşıladığı üçün itaətli olmayanlarla birgə həlak olmadı.  32Daha nə deyə bilərəm? Gideon, Baraq, Şimşon, İftah, Davud, Şamuel və başqa peyğəmbərlər barəsində danışsam, vaxtım çatmaz.  33İman vasitəsilə onlar padşahlıqları məğlub etdilər, ədaləti icra etdilər, vədlərə nail oldular, aslanların ağızlarını bağladılar,  34şiddətli alovu söndürdülər, qılıncın ağzından qaçdılar, zəiflikdən qüvvətləndilər, döyüşdə güclü oldular, yadellilərin ordularını qovdular.  35Qadınlar öz ölülərini dirilmiş geri aldılar. Bəziləri işgəncə çəkəndə qurtulmaqdan imtina etdilər ki, dirilib daha yaxşı həyata nail olsunlar;  36digərləri də təhqir olunub döyüldülər, habelə zəncirlərə və həbslərə məruz qaldılar;  37onlar daşqalaq edildilər, mişarlanıb bölündülər, qılıncdan keçirilib öldürüldülər. Bəziləri isə qoyun dərisinə və keçi gönünə bürünərək gəzib-dolaşdılar, yoxsulluğa, əzab-əziyyətə məruz qaldılar.  38Dünya onlara layiq deyildi. Onlar səhralarda, dağlarda, mağaralarda və yeraltı oyuqlarda dolaşıb gəzdilər.  39Onların hamısı iman vasitəsilə müsbət şəhadət aldı, amma vəd edilənə nail olmadı.  40Çünki Allah bizim üçün daha yaxşı şey hazırlamışdır ki, onlar bizsiz kamilliyə çatmasın.

YUXARI

İbranilərə 12

Allah tərbiyə verən Atadır

1Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq.  2Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu.  3Günahkarlardan Ona qarşı olan bu qədər düşmənçiliyə dözən Şəxs barəsində düşünün ki, yorulub ruhdan düşməyəsiniz.  4Günaha qarşı etdiyiniz mübarizədə hələ qan töküləcək qədər möhkəm durmamısınız.  5Sizə oğul deyib verilən bu nəsihəti unutdunuz: «Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma,

Onun məzəmmətindən ruhdan düşmə.

6Çünki Rəbb sevdiyini tərbiyələndirər,

Qəbul etdiyi hər oğulu döyər».

7Tərbiyəyə tab gətirin. Allah sizinlə övladları kimi rəftar edir. Elə bir oğul varmı atası onu tərbiyələndirməsin?  8Hər kəs üçün ümumi olan tərbiyədən məhrum olsanız, deməli, siz oğul yox, qeyri-qanuni övladsınız.  9Həm də əgər bizi tərbiyələndirən cismani atalarımıza hörmət ediriksə, ruhani Ataya daha çox tabe olaraq yaşamalı deyilikmi?  10Atalarımız bizi qısa bir müddətə öz dərk etdikləri kimi tərbiyələndirdilər. Amma Allah Onun müqəddəsliyinə ortaq olaq deyə bizi xeyrimiz üçün tərbiyələndirir.  11Hər tərbiyə isə indiki vaxt sevinc deyil, kədər verən bir şey kimi görünür, amma sonradan bu yolda yetişdirilənlərə salehliyin dinclik səmərəsini hasil edir.  12Buna görə yorğun əllərinizi qaldırın və zəiflənmiş dizlərinizi gücləndirin.  13Ayaqlarınız üçün düz yollar seçin ki, axsaq bədən üzvləriniz yerindən çıxmasın, əksinə sağalsın.

Allahın lütfünü rədd etməyin

14Hamı ilə birlikdə sülh içində yaşamağa və müqəddəs olmağa can atın, çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək.  15Diqqət edin ki, heç kim Allahın lütfündən məhrum olmasın, aranızda bir acı kök böyüyüb əziyyət verməsin və bununla bir çoxlarını murdar etməsin.  16Qoy heç kim əxlaqsız və yaxud Esav kimi allahsız olmasın. O, bir qab xörəyə görə öz ilk oğulluq haqqını satdı.  17Bilirsiniz ki, bundan sonra da o, xeyir-duanı irs olaraq almaq istəyirdi, lakin rədd olundu. Xeyir-duanı göz yaşları ilə axtardısa da, atasının fikrini dəyişməyə qadir olmadı.  18Siz toxunula bilən, odla yanan bir şeyə, qaranlığa, zülmətə, qasırğaya,  19şeypur gurultusuna və kəlam söyləyən səsə yaxınlaşmadınız; o səsi eşidənlər onlara daha bir söz deyilməsin deyə yalvardılar.  20Çünki «əgər dağa bir heyvan belə, toxunsa, o, daşqalaq edilsin» əmrinə tab gətirə bilməzdilər.  21Bu mənzərə o qədər qorxunc idi ki, Musa «mən qorxu və lərzə içindəyəm» dedi.  22Lakin siz Sion dağına, var olan Allahın şəhərinə – səmavi Yerusəlimə, saysız-hesabsız mələklərə,  23göylərdə adları qeyd edilmiş ilk doğulanların ümumi məclisinə və cəmiyyətinə, hamının Hakimi olan Allaha, kamala çatmış salehlərin ruhlarına,  24Yeni Əhdin Vasitəçisi olan İsaya və Habilin qanından daha üstün söz deyən səpilmiş qana yaxınlaşdınız.  25Bunu Deyəni rədd etməyəsiniz deyə diqqətli olun. Çünki əgər yer üzündə xəbərdarlıq edəni rədd edənlər cəzadan qaça bilmədilərsə, biz göylərdən xəbərdarlıq Edəndən üz döndərsək, cəzadan qaça bilməyəcəyimiz daha çox yəqindir.  26O vaxt Onun səsi yeri sarsıtdı. Amma indi «Mən bir dəfə də yalnız yeri yox, göyü də lərzəyə gətirəcəyəm» deyə vəd etmişdir.  27«Bir dəfə də» sözü bunu göstərir: sarsıla bilən, yəni yaradılmış şeylər aradan qaldırılacaq ki, sarsıla bilməyənlər daim var olsunlar.  28Buna görə sarsılmaz Padşahlığa nail olduğumuz üçün minnətdar olaq; belə ki möminlik və ehtiramla Allaha məqbul tərzdə Ona ibadət edək.  29Çünki Allahımız yandırıb-yaxan alovdur.

YUXARI

İbranilərə 13

Öyüd-nəsihətlər

1Aranızda daimi qardaşlıq sevgisi olsun.  2Qonaqpərvər olmağı da unutmayın, çünki belə davranan bəziləri bilmədən mələklərə qonaqpərvərlik göstərmişlər.  3Özünüzü həbsdə olanların yerinə qoyaraq onları yada salın. Əzab-əziyyət içində olanları da elə xatırlayın ki, sanki özünüz onlarla birgə əzab-əziyyət çəkirsiniz.  4Qoy hər kəs nikaha hörmətlə yanaşsın. Qoy ər-arvad yatağı murdarlanmasın. Çünki Allah əxlaqsızları və zinakarları mühakimə edəcək.  5Həyatınız pulpərəstlikdən azad olsun, nəyiniz varsa, ona qane olun. Çünki Allah Özü demişdir: «Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm».  6Buna görə biz arxayınlıqla deyirik: «Rəbb mənə yardım edəndir, heç qorxmaram.

İnsan mənə nə edə bilər?»

7Allahın kəlamını sizə danışan rəhbərlərinizi yada salın. Onların həyat tərzinin nəticəsinə baxıb imanlarını nümunə olaraq götürün.  8İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.  9Müxtəlif və yad təlimlərlə yoldan azmayın, çünki ürək yeməklərlə deyil, Allahın lütfü ilə qüvvətlənsə, yaxşıdır. Bu cür yemək qaydalarına riayət edənlər bir xeyir görmədilər.  10Bizim bir qurbangahımız var ki, ibadət çadırında xidmət edənlərin ondan yeməyə icazəsi yoxdur.  11Çünki baş kahin günah qurbanı olan heyvanların qanını Müqəddəs yerə gətirir, cəsədləri isə düşərgənin kənarında yandırılır.  12Bunun kimi İsa da Öz qanı ilə xalqı təqdis etmək üçün şəhər darvazasının kənarında əzab çəkdi.  13Buna görə Onun gördüyü təhqiri daşıyaraq düşərgənin kənarına çıxıb Onun yanına gedək.  14Çünki burada daimi şəhərimiz yoxdur, amma biz gələcək şəhəri axtarırıq.  15Onda İsa vasitəsilə həmişə Allaha həmd qurbanını, yəni Onun adını iqrar edənlərin dilinin bəhrəsi olan sözləri təqdim edək.  16Xeyirxahlıq etməyi və varınızı başqaları ilə bölüşməyi unutmayın, çünki Allah bu cür qurbanlardan razı qalır.  17Öz rəhbərlərinizə itaətli olun və onlara tabe olun. Axı onlar hər vaxt həyatınız üçün qayğı çəkir, çünki hesabat verəcəklər. Qoy onlar bunu sevinclə etsinlər, ah-zarla etməsinlər, çünki bu sizə fayda verməz.  18Bizim üçün dua edin. Biz əminik ki, vicdanımız təmizdir və hər cəhətcə yaxşı həyat tərzi sürməyə can atırıq.  19Yanınıza tez qayıtmağım üçün dua etmənizi xüsusilə xahiş edirəm.  20Sülh qaynağı olan Allah – qoyunların böyük Çobanı olan Rəbbimiz İsanı əbədi Əhdin qanı ilə ölülər arasından dirildən Allah  21sizi hər cür yaxşı şeylə təmin etsin ki, İsa Məsih vasitəsilə Özünə xoş olanı bizdə icra etsin və siz Onun iradəsini həyata keçirəsiniz. İsa Məsihə əbədi izzət olsun! Amin.  22Qardaşlar, sizdən xahiş edirəm, bu öyüd-nəsihət sözünü dözümlə qəbul edin, çünki sizə qısaca yazdım.  23Xəbəriniz olsun ki, qardaşımız Timotey azadlığa buraxılmışdır. Əgər tezliklə yanıma gələrsə, onunla birlikdə sizi görəcəyəm.  24Bütün rəhbərlərinizi və müqəddəslərin hamısını salamlayın. İtaliyadan olanlar sizə salam göndərirlər.  25Hamınıza lütf olsun!

YUXARI