012 465 4150 info@yeniheyat.com

Filipililərə

Fəsillər

1 2 3 4

PDF download

Adobe_PDF_file_icon_32x32

50filipililərə

 

Filipililərə 1

1Məsih İsanın qulları mən Paul və Timoteydən Filipidə olan cəmiyyət nəzarətçiləri və xidmətçiləri ilə bərabər Məsih İsada müqəddəs olanların hamısına salam!  2Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!

Şükür və dualar

3Sizi hər dəfə yada salanda Allahıma şükür edirəm.  4Həmişə hamınız üçün hər bir diləyimdə sevinə-sevinə dua edirəm.  5Çünki ilk gündən indiyədək Müjdəni yaymaqda şərik oldunuz.  6Əminəm ki, sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq.  7Hamınız haqqında belə düşünməkdə haqlıyam, çünki qəlbimdə yeriniz var. İstər həbsdə olsam, istər Müjdəni müdafiə və təsdiq etsəm, hamınız mənimlə bərabər Allahın lütfünə şəriksiniz.  8Allah şahidimdir ki, Məsih İsanın duyğusu ilə hər birinizin həsrətini çəkirəm.  9Dua edirəm ki, məhəbbətiniz bilik və hər cür idrak baxımından get-gedə daha çox artsın,  10siz Məsihin zühur edəcəyi gün pak və nöqsansız, Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə biləsiniz.

Müjdəni yayma

11siz Məsihin zühur edəcəyi gün pak və nöqsansız, Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə biləsiniz.

Müjdəni yayma

12Qardaşlar, bunu sizə bildirmək istəyirəm ki, başıma gələnlər Müjdə yaymağı daha da irəli apardı.  13Belə olanda bütün saray mühafizəçiləri daxil olmaqla hamıya məlum oldu ki, Məsihdə olduğuma görə həbs olunmuşam.  14Həmçinin qardaşlardan əksəriyyəti mənim həbsimdən ötrü Rəbbə güvənərək kəlamı qorxmadan bəyan etmək üçün daha çox cəsarət göstərdi.  15Doğrusu, bəziləri paxıllıq və rəqabət, bəziləri isə yaxşı niyyətlə Məsihi vəz edirlər.  16Bəziləri bunu məhəbbətlə edirlər, çünki bilirlər ki, mən Müjdəni müdafiə etmək üçün təyin edilmişəm.  17Bəziləri isə Məsihi səmimiliklə deyil, məhbus halımda guya mənə əziyyət verməklə özlərini göstərmək üçün bəyan edirlər.  18Nə olar? İstər riyakarlıqla, istərsə də səmimiliklə, nə cür olursa-olsun, əsasən Məsih bəyan edilir, mən buna sevinirəm. Əlbəttə, sevinəcəyəm,  19çünki bilirəm ki, bunun nəticəsi dualarınızla və İsa Məsihin Ruhunun köməyi ilə mənim xilasım olacaq.  20Böyük həvəslə gözləyir və ümidvaram ki, heç bir vəziyyətdə utandırılmayacağam, yaşasam da, ölsəm də, həmişəki kimi indi də bədənimdə Məsihin ucalması üçün tam cəsarət göstərə biləcəyəm.  21Çünki mənim üçün yaşamaq Məsihdir, ölməksə qazancdır.  22Lakin cismən yaşasam, faydalı işlər görə biləcəyəm. Buna görə nə seçəcəyimi bilmirəm.  23Hər iki tərəfdən yolum kəsilib. Arzum buranı tərk edib Məsihlə olmaqdır, çünki bu lap yaxşıdır.  24Amma sağ qalmağım sizin üçün daha lazımlıdır.  25Buna əmin olaraq bilirəm: sağ qalacağam və hamınızla birlikdə qalmaqda davam edəcəyəm ki, imanda həm irəliləyəsiniz, həm də sevinəsiniz.  26Belə ki bir də yanınıza gəldiyim üçün mənə görə Məsih İsada fəxriniz artsın.  27Lakin həyat tərziniz Məsihin Müjdəsinə layiq olsun. Gəlib sizi görsəm də, gəlməyib haqqınızda eşitsəm də, bilim ki, siz bir ruhda möhkəm dayanıb Müjdəyə əsaslanan imanda canbir olaraq səy göstərirsiniz  28və heç bir şəkildə əleyhdarlarınızdan qorxmursunuz. Bu onlar üçün həlak, sizin üçünsə xilas əlamətidir. Bu da Allahın işidir.  29Çünki sizə yalnız Məsihə iman etmək deyil, Onun uğrunda əzab çəkmək üstünlüyü də ehsan olundu.  30Apardığım mübarizəni əvvəldən gördünüz, indi də bunun haqqında eşidir və siz də həmin mübarizəni aparırsınız.

YUXARI

Filipililərə 2

Məsihdən nümunə götürün

1Beləliklə, Məsihdə bir ruhlandırılma, məhəbbətdən yaranan bir təsəlli, Ruha bir şəriklik, bir rəhm və mərhəmət varsa,  2həmfikir olub bir-birinizə eyni məhəbbəti göstərərək canbir və həmrəy olmağınızla sevincimi bütövləşdirin.  3Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz itaətkarlıqda digərini özündən üstün saysın  4və yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün.  5Məsih İsa necə düşündü, siz də elə düşünün.  6Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı.  7Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb  8Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi.  9Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki,  10göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün  11və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin.

Xilasınızı əməllərinizdə göstərin

12Belə isə, ey sevimlilərim, həmişə itaətli olduğunuz kimi yalnız mən yanınızda olanda yox, xüsusən yanınızda olmadığım bu anda belə, qorxu və lərzə ilə xilasınızı əməllərinizdə göstərin.  13Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz.  14Hər şeyi şikayətlənmədən, mübahisə etmədən yerinə yetirin ki,  15nöqsansız və saf olaraq bu əyri və azmış nəsil arasında Allahın ləkəsiz övladları olasınız. Onların arasında dünyanın nuru kimi parlayın.  16Həyat sözünü təqdim edin. Qoy Məsihin zühur edəcəyi gündə fəxr edə bilim ki, nə boş yerə cəhd etdim, nə də boş yerə zəhmət çəkdim.  17Lakin sizin imanınızın qurban və xidməti üzərinə içmə təqdimi kimi töküləcəyəmsə də, sevinirəm və hamınızın sevincinə şərikəm.  18Siz də məhz bunun üçün sevinin və mənim sevincimə şərik olun.

Timotey və Epafrodit

19Vəziyyətinizdən xəbərdar olub ürəyim sakitləşsin deyə bu yaxınlarda Timoteyi yanınıza göndərəcəyim üçün Rəbb İsada ümidim var.  20Çünki Timotey kimi mənimlə canbir olan, həqiqətən qayğınıza qalan başqa kimsəm yoxdur.  21Ona görə ki hər kəs İsa Məsihin xeyrini deyil, öz xeyrini güdür.  22Amma Timoteyin öz dəyərini necə sübut etdiyini, atasının yanında qulluq edən oğul kimi Müjdəni yaymaq işində mənimlə birgə qulluq etdiyini bilirsiniz.  23Beləliklə, işlərimin nə yerdə olduğunu bilən kimi onu yanınıza göndərmək ümidindəyəm.  24Mən də yaxında yanınıza gəlməyim barədə Rəbbə güvənirəm.  25Lakin ehtiyacımın təminatına görə mənə yardım etmək üçün göndərdiyiniz nümayəndəni, qardaşım, əməkdaşım və birlikdə mübarizə apardığım Epafroditi yanınıza qaytarmağı lazım bildim.  26Çünki o hər birinizdən ötrü darıxır və onun xəstə olduğunu eşitdiyinizə görə çox narahat idi.  27O, həqiqətən, elə xəstələnmişdi ki, az qala ölsün. Lakin Allahın ona, yalnız ona deyil, kədərimin üstünə kədər gəlməsin deyə həm də mənə rəhmi gəldi.  28Onu yanınıza göndərməyə daha çox buna görə razılıq verdim ki, onu yenidən görüb sevinəsiniz və mənim də kədərim yüngülləşsin.  29Rəbdə olan bu adamı tam sevinclə qəbul edin və belələrini qiymətləndirin.  30Çünki o, Məsihin işi uğrunda az qala öləcəkdi. Sizin mənə edə bilmədiyiniz köməyi etmək üçün canını təhlükəyə atdı.

YUXARI

Filipililərə 3

Həqiqi salehlik

1Nəhayət, qardaşlarım, Rəbdə sevinin! Sizə eyni şeyləri yazmaq məni yormaz, amma sizi qoruyar.  2Özünüzü «itlər»dən qoruyun, pis iş görənlərdən qoruyun, bədəni sünnət edərək kəsib-atanlardan qoruyun.  3Çünki əsl sünnətlilər Allahın Ruhu vasitəsilə ibadət edən, Məsih İsa ilə fəxr edən və cismani şeylərə güvənməyən bizlərik.  4Əslində mən cismani şeylərə də güvənə bilərdim. Əgər başqası cismani şeylərə güvənməyi düşünürsə, mən daha çox güvənə bilərəm.  5Mən səkkizgünlük ikən sünnət olundum. İsrail nəslindən, Binyamin qəbiləsindən, İbranilərdən törəmiş bir İbraniyəm. Qanuna münasibətdə farisey idim.  6Qeyrət çəkməyə gəlincə, Allahın cəmiyyətini təqib edirdim. Qanuna əsaslanan salehliyə gəlincə, nöqsansız idim.  7Amma mənə fayda gətirən nə varsa, Məsih uğrunda ziyan saymışam.  8Bundan əlavə, Rəbbim Məsih İsanı tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab edirəm. Onun uğrunda var-yoxumu atıb tullantı sayıram ki, Məsihi qazanıb  9Onda hesab olunum. Belə ki Qanunla gələn öz salehliyimə deyil, Məsihə imandan yaranan, imanla Allahdan gələn salehliyə malik olum.  10Belə ki Məsihi və Onun dirilmə qüdrətini, əzablarına şərikliyi də dərk edim və Onun ölümündə Ona bənzəyim ki,  11nə olursa-olsun, ölülər arasından dirilməyə nail olum.

Hədəfə doğru qaçaq

12Demirəm ki, indi bunlara malik olmuşam və yaxud kamilləşmişəm. Amma hədəfdən tutmaq üçün qaçıram. Çünki Məsih İsa məni bu məqsəd üçün tutub.  13Qardaşlar, hesab etmirəm ki, bunu tutmuşam. Yalnız bir şey edirəm: arxada qalanları unudub qarşımda olana çatmaq üçün cəhd edirəm  14və hədəfə doğru qaçıram ki, mükafatı alım, yəni Allahın Məsih İsada yuxarıya çağırışına nail olum.  15Beləliklə, aramızda kim kamildirsə, qoy belə düşünsün. Hər hansı bir mövzuda fərqli düşüncələriniz varsa, Allah bunu da sizə açacaq.  16Ancaq çatdığımız səviyyəyə uyğun həyat sürək.  17Qardaşlar, hamınız birlikdə məndən nümunə götürün və sizə göstərdiyimiz nümunəyə uyğun həyat sürənlərə diqqətlə baxın.  18Sizə dəfələrlə söylədiyim kimi indi də göz yaşları içində təkrar deyirəm: bir çoxları Məsihin çarmıxına düşmən olaraq həyat sürür.  19Onların sonu həlakdır. Onların allahı qarınlarıdır. Öz rüsvayçılıqları ilə fəxr edir, yalnız dünyəvi şeylər barədə düşünürlər.  20Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik.  21O hər şeyi Özünə tabe etməyə qadir olan qüvvəsinin təsiri ilə bizim yazıq bədənimizi dəyişdirib Öz izzətli bədəninə bənzər hala gətirəcək.

YUXARI

Filipililərə 4

Son öyüdlər

1Beləliklə, ey həsrətini çəkdiyim sevimli qardaşlarım, sevincim və başımın tacı, Rəbdə olaraq bu cür dönməz durun, ey sevimlilər!  2Evodiyaya yalvarıram, Sintixiyə yalvarıram ki, Rəbdə həmfikir olsunlar.  3Bəli, ey əsl əməkdaşım, səndən də xahişim var, bu qadınlara kömək et. Çünki onlar mənimlə, Klementlə və adları həyat kitabında olan digər əməkdaşlarımla bərabər Müjdəni yaymaq üçün səy göstəriblər.  4Rəbdə həmişə sevinin! Bir də deyirəm: sevinin!  5Qoy sizin mülayimliyiniz bütün insanlara məlum olsun. Rəbb yaxındır.  6Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin.  7Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq.  8Nəhayət, qardaşlar, doğru, ləyaqətli, saleh, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və tərifə layiq nə varsa, bunları düşünün.  9Məndən öyrəndiyiniz, qəbul etdiyiniz, eşitdiyiniz və məndə gördüyünüz nə varsa, bunları həyata keçirin. Onda sülh qaynağı olan Allah sizinlə olacaq.

Paulun təşəkkürü

10Mən Rəbdə bol-bol sevinirəm ki, nəhayət indi mənim barəmdəki qayğınızı yenidən canlandırdınız. Əslində qayğınız vardı, amma bunu göstərməyə fürsət tapa bilmirdiniz.  11Ehtiyaca düşdüyüm üçün bunları söyləmirəm, çünki hansı şəraitdə yaşasam, ondan razı qalmağa alışmışam.  12Mən məzlumluğun da, bolluğun da nə olduğunu bilirəm. İstər tox, istər ac, istər bolluq, istər ehtiyac içində olum, hər şəraitdə, hər vəziyyətdə razı qalmağın sirrini öyrənmişəm.  13Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır.  14Buna baxmayaraq nə yaxşı ki əziyyətimə şərik oldunuz.  15Ey Filipililər, özünüz də bilirsiniz ki, aranızda Müjdə yayımının başlanğıcında, mən Makedoniyanı tərk edən zaman sizdən başqa heç bir cəmiyyət nəzir vermək və toplamaq üçün mənimlə şərik iş görmədi.  16Mən Salonikdə olanda belə, ehtiyacım üçün dəfələrlə siz mənə yardım göndərdiniz.  17Bu o demək deyil ki, mən bəxşiş axtarıram. Mən ancaq sizin hesabınıza yazıla bilən səmərəni axtarıram.  18Mənsə tamamilə təmin olunmuşam və bolluq içindəyəm. Epafroditin əli ilə göndərdiyiniz hədiyyələri alandan sonra ehtiyacım qalmadı. Bu, Allahın xoşuna gələn ətirli təqdim, Ona məqbul olan və razı salan qurbandır.  19Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək.  20Qoy Atamız Allaha əbədi izzət olsun! Amin.

Salam göndərmə

21Məsih İsada müqəddəs olan hər kəsi salamlayın. Mənimlə olan qardaşlar sizə salam göndərir.  22Sizi bütün müqəddəslər, xüsusən qeysərin sarayında işləyənlər salamlayır.  23Rəbb İsa Məsihin lütfü ruhunuza yar olsun!

YUXARI