012 465 4150 info@yeniheyat.com

2 Timoteyə

Fəsillər

1 2 3 4

PDF download

Adobe_PDF_file_icon_32x32

2 Timoteyə

2 Timoteyə 1

1Məsih İsada olan həyat vədinə görə Allahın iradəsi ilə Məsih İsanın həvarisi mən Pauldan  2mənə sevimli oğul olan Timoteyə salam! Ata Allahdan və Rəbbimiz Məsih İsadan sənə lütf, mərhəmət və sülh olsun!

Müjdəyə sadiq qalmaq

3Durmadan, gecə-gündüz dualarımda səni yada saldığım zaman ata-babalarım kimi təmiz vicdanla ibadət etdiyim Allaha şükür edirəm.  4Sənin göz yaşlarını xatırlayaraq səni görməyə həsrət çəkirəm ki, sevinclə dolum.  5Səndəki riyasız imanı yadıma salıram. Əvvəlcə nənən Lois və anan Evnikinin saxladığı bu imanı, əminəm ki, sən də saxlayırsan.  6Bu səbəbdən sənin üzərinə əl qoymağımla Allahın sənə verdiyi ənamı alovlandırmağını xatırladıram.  7Çünki Allah bizə qorxaqlıq ruhu deyil, güc, məhəbbət və ağıllı-kamallı olmaq ruhu vermişdir.  8Buna görə Rəbbimiz barədə şəhadət etməkdən və Onun uğrunda məhbus olan məndən utanma. Allahın gücü ilə Müjdə uğrunda mənimlə birlikdə əzaba qatlaş.  9Allah bizi əməllərimizə görə deyil, öz məqsədinə və lütfünə görə xilas edib müqəddəs olmağa çağırdı. Zaman başlamazdan əvvəl o lütf bizə Məsih İsada verilmişdi,  10indi isə Xilaskarımız Məsih İsanın zühuru ilə üzə çıxdı. O, ölümü yox etdi, Müjdə vasitəsilə həyatı və ölməzliyi aşkar etdi.  11Mən bu Müjdə üçün vaiz, həvari və müəllim təyin olundum.  12Bu əzabları çəkməyimin səbəbi də budur. Amma bundan utanmıram, çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə qədər saxlamağa qadirdir.  13Məsih İsada olan iman və məhəbbətlə məndən eşitdiyin sağlam sözlərdən nümunə götür.  14Sənə verilən yaxşı əmanəti bizdə yaşayan Müqəddəs Ruh vasitəsilə saxla.  15Bilirsən ki, Asiya vilayətində olanların hamısı məndən üz döndərdi. Həmçinin Figel və Hermogen də bunların sırasındadır.  16Rəbb Onisiforun ev əhlinə mərhəmət etsin. Çünki dəfələrlə məni ruhlandırdı, mənim zəncirlənməyimdən utanmadı.  17Əksinə, Romada olarkən məni səylə axtarıb tapdı.  18Qoy Rəbb qiyamət günü ona mərhəmət tapmağa imkan versin. Efesdə onun mənə nə qədər xidmət etdiyini sən çox yaxşı bilirsən.

YUXARI

2 Timoteyə 2

Məsih uğrunda əziyyətə dözmək

1Sənsə, ey oğlum, Məsih İsada olan lütflə güclən.  2Bir çox şahidlərin önündə məndən eşitdiyin sözləri başqalarına da öyrətməyə qadir olan sadiq adamlara həvalə et.  3Məsih İsanın yaxşı əsgəri kimi mənimlə birgə əzaba qatlaş.  4Əsgərlik edən insan gündəlik həyatla bağlı işlərə sürüklənməz, ona əmr edən zabiti razı salmağa çalışar.  5Həmçinin yarışlara qoşulan insan da qaydaya görə yarışmazsa, başına zəfər çələngi qoyulmaz.  6Zəhmətkeş əkinçinin payına məhsulunun ilk bəhrəsi düşməlidir.  7Dediklərimə fikir ver. Rəbb söylədiyim hər şeydə sənə anlayış verəcək.  8Yaydığım Müjdədə açıqlandığı kimi, Davudun nəslindən olub ölülər arasından dirilən İsa Məsihi yadında saxla.  9Bu Müjdə naminə zəncirə vurulmuş bir cinayətkar kimi əzaba qatlaşıram. Amma Allahın kəlamı zəncirlənməmişdir.  10Bu səbəbdən seçilmişlərə görə, onlar da Məsih İsada olan xilasa əbədi izzətlə bərabər nail olsunlar deyə hər şeyə dözürəm.  11Bu söz etibarlıdır ki, «Əgər Onunla öldüksə,

Onunla da yaşayacağıq;

12Əgər dözəriksə,

Onunla da birlikdə padşahlıq edəcəyik.

Əgər Onu inkar etsək,

O da bizi inkar edəcək.

13Biz sadiq qalmasaq da,

O sadiq qalacaq.

Çünki Öz təbiətinə zidd davrana bilməz».

Sınaqdan keçmiş işçi

14Bunları imanlıların yadına sal. Sözlərin mənası barədə dava etməməyi Allahın önündə onların öhdəsinə qoy; çünki bu fayda verməz, dinləyənlərə isə ziyan vurar.  15Özünü Allaha sınaqdan keçmiş, həqiqət kəlamını doğruluqla işlədən alnıaçıq bir işçi kimi təqdim etməyə çalış.  16Allahsız boşboğazlıqdan uzaq dur. Çünki belə boşboğazlıqlar insanı daha da allahsızlığa aparır.  17Onların sözü irinli yara kimi yayılacaq. Himeney və Filit onların sırasındadır.  18Onlar dirilmənin artıq baş verdiyini deyərək həqiqətdən azıb bəzilərinin imanını alt-üst edirlər.  19Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın».  20Böyük bir evdə yalnız qızıl və gümüş qablar deyil, həmçinin taxta və gil qablar da var. Onlardan bəzisi şərəfli, bəzisi də şərəfsiz iş üçün istifadə olunur.  21Beləliklə, kim özünü şərəfsiz işlərdən təmizləsə, şərəfli işlərə uyğun, təqdis olunmuş, Sahibinə faydalı, hər yaxşı iş üçün hazırlanmış qab olacaq.  22Gənclik ehtiraslarından qaç. Təmiz ürəklə Rəbbi çağıranlarla birlikdə salehliyin, imanın, məhəbbətin və sülhün ardınca get.  23Axmaq və cahil mübahisələrdən uzaq ol. Çünki bunların dava-dalaşa səbəb olmasını bilirsən.  24Rəbbin qulu davakar olmamalıdır. Əksinə, hamı ilə mülayim rəftar etməli, öyrətməyə qabil, səbirli olmalıdır.  25Ona qarşı olanları həlimliklə tərbiyə etməlidir. Bəlkə Allah onlara tövbəyə imkan verəcək. Beləliklə, onlar həqiqəti anlayar,  26ayıq ola bilərlər və istəyini yerinə yetirmək üçün onları əsir edən iblisin torundan çıxarlar.

YUXARI

2 Timoteyə 3

Axır zamanda

1Bunu bil ki, bu axır zamanda çətin dövrlər olacaq.  2Çünki insanlar xudbin, pulpərəst, təkəbbürlü, məğrur, təhqir edən, valideynlərinə itaət etməyən, nankor, müqəddəslikdən məhrum,  3şəfqətsiz, barışmaz, böhtançı, nəfsini saxlamayan, rəhmsiz, yaxşılığın düşməni,  4xain, ehtiyatsız, qürurlu olacaq, Allahdan çox kef çəkməyi sevəcəklər.  5Mömin kimi görünüb bu yolun gücünü inkar edəcəklər. Bu cür adamlardan uzaq dur.  6Bunların arasında evlərə soxulub zəif iradəli qadınları əsir edən adamlar var. Belə qadınlar günahla yüklənmiş müxtəlif ehtiraslarla sövq edilir,  7daima öyrənir, amma həqiqəti heç zaman anlaya bilmirlər.  8Yannis və Yambris Musaya necə zidd getdilərsə, bu adamlar da eləcə həqiqətə zidd gedirlər. Onlar düşüncələri pozğun, imanları sınaqdan keçməmiş insanlardır.  9Amma daha irəli gedə bilməyəcəklər. Çünki Yannislə Yambrisin axmaqlığı kimi bunların da axmaqlığını hamı açıqca görəcək.

Timoteyə son öyüdlər

10Sənsə mənim təlimimi, davranışımı, məqsədimi, imanımı, səbrimi, məhəbbətimi, dözümümü,  11Antakyada, Konyada, Listrada başıma gələn təqibləri, çəkdiyim əzabları diqqətlə izlədin. Nə cür təqiblərə qatlandım! Amma Rəbb məni bunların hamısından xilas etdi.  12Məsih İsada möminliyə yaraşan bir həyat sürmək istəyənlərin hamısı təqibə məruz qalacaq.  13Amma pis adamlar və saxtakarlar aldadıb-aldanaraq getdikcə daha betər olacaqlar.  14Sənsə öyrəndiyin və güvəndiyin şeylərə sadiq qal. Çünki bunları kimlərdən öyrəndiyini bilirsən,  15Müqəddəs Yazıları uşaqlıqdan bilirsən. Onlar Məsih İsaya olan iman vasitəsilə sənə xilas gətirən hikmət verməyə qadirdir.  16Bütün Müqəddəs Yazılar Allahdan ilham almış və təlim, məzəmmət, islah, salehlik tərbiyəsi üçün faydalıdır;  17beləcə Allah adamı bacarıqlı olub hər yaxşı iş üçün təchiz edilsin.

YUXARI

2 Timoteyə 4

1Allahın və dirilərlə ölüləri mühakimə edəcək Məsih İsanın önündə Onun zühuru və Padşahlığının haqqı üçün sənə buyururam ki,  2Allahın kəlamını vəz edəsən, hansı vaxt olursa-olsun hazır olasan, insanlara tam səbirlə təlim öyrədərək məzəmmət, xəbərdarlıq və nəsihət verəsən.  3Çünki elə bir zaman gələcək ki, sağlam təlimə dözməyəcəklər. Qulaq oxşayan sözlər eşitmək üçün ətraflarına öz ehtiraslarına uyğun müəllimlər toplayacaqlar.  4Qulaqlarını həqiqətdən döndərəcək, əfsanələrə meyl göstərəcəklər.  5Amma sən hər vəziyyətdə ayıq ol. Əzaba qatlaş, müjdəçilik işini yerinə yetir, öz xidmətinə tam əməl et.  6Çünki qanım artıq içmə təqdimi kimi tökülmək üzrədir. Artıq ayrılma zamanım gəldi.  7Mən yaxşı mübarizə aparmışam, yolumu sona çatdırdım, imanı saxladım.  8İndi salehlik tacı mənim üçün hazır durur. Ədalətli Hakim olan Rəbb qiyamət günü onu mənə – yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək.

Şəxsi ricalar və salamlar

9Yanıma tez gəlməyə çalış.  10Çünki Dima indiki dövrü sevdiyi üçün məni tərk edib Salonikə getdi. Kreskent Qalatiyaya, Tit isə Dalmatiyaya getdi.  11Yalnız Luka yanımdadır. Markı da götür özünlə gətir, çünki o etdiyim xidmətdə mənə yardım edir.  12Tixiki isə Efesə göndərdim.  13Troasda Karpın yanında qoyduğum yapıncını, kitabları, xüsusən, yazılı dəriləri də gələndə gətir.  14Misgər İsgəndər mənə çox pislik etdi. Rəbb ona əməllərinin əvəzini verəcək.  15Sən də ondan özünü gözlə. Çünki söylədiklərimizə ciddi-cəhdlə zidd getdi.  16Mən ilk dəfə müdafiə olunanda heç kim mənə tərəfdar çıxmadı, hamı məni tərk etdi. Qoy onlara günah sayılmasın.  17Lakin Rəbb köməyimə gəlib mənə güc verdi ki, vəz mənim vasitəmlə tam elan edilsin və onu bütün millətlər eşitsin. Mən aslanın ağzından xilas oldum.  18Rəbb məni hər cür pis əməldən qurtaracaq və Öz Səmavi Padşahlığı üçün xilas edəcək. Ona əbədi olaraq izzət olsun! Amin.  19Priskila ilə Akilaya və Onisiforun ev əhlinə salam söylə.  20Erast Korinfdə qaldı. Trofimi isə xəstə halda Miletdə qoydum.  21Çalış ki, qışdan əvvəl gələsən. Evvul, Pudent, Lin, Klavdiya və bütün bacı-qardaşlar sənə salam göndərir.  22Rəbb sənin ruhuna yar olsun! Sizə lütf olsun!

YUXARI