012 465 4150 info@yeniheyat.com

1 Korinflilərə

Fəsillər

1 2 3 4 5 7 8 9 10 11 12 13 14 15 16

PDF download

Adobe_PDF_file_icon_32x32

1 Korinflilərə

 

1 Korinflilərə 1

1Allahın iradəsi ilə Məsih İsanın həvarisi olmağa çağırılmış mən Pauldan və qardaşımız Sostendən  2Allahın Korinfdə olan imanlılar cəmiyyətinə salam! Siz Məsih İsada təqdis olunmusunuz. Rəbbimiz İsa Məsihin adını hər yerdə çağıran hamı ilə birlikdə müqəddəs olmağa çağırılmısınız. O həm onların, həm də bizim Rəbbimizdir.  3Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!

Cəmiyyətin sədaqəti

4Allahın Məsih İsada sizə bəxş etdiyi lütfə görə sizin üçün həmişə Allahıma şükür edirəm.  5Çünki siz Məsihdə hər cəhətdən – hər cür sözdə və bilikdə zənginləşmisiniz.  6Buna görə Məsih haqqındakı şəhadətimiz sizdə təsdiqləndi.  7Bu səbəbdən siz Rəbbimiz İsa Məsihin zühurunu gözləyərək ruhani ənamdan heç bir korluq çəkmirsiniz.  8Rəbbimiz İsa Məsih Öz günündə nöqsansız olmanız üçün sizi sonadək qüvvətləndirəcək.  9Sizi Oğlu Rəbbimiz İsa Məsihlə şərik olmağa çağıran Allah sadiqdir.

Cəmiyyətdə fikir ayrılığı

10Ey qardaşlar, Rəbbimiz İsa Məsih naminə sizə yalvarıram: hamınız həmfikir olun. Qoy aranızda dəstəbazlıq olmasın, eyni düşüncədə və eyni ağılda birləşin.  11Qardaşlarım, Xloinin evindəkilərdən aranızda münaqişələr olduğunu öyrəndim.  12Demək istədiyim budur ki, hər biriniz «mən Paulun ardıcılıyam», «mən Apollonun ardıcılıyam», «mən Kefanın ardıcılıyam» və yaxud «mən Məsihin ardıcılıyam» deyir.  13Məgər Məsih bölünmüşdü? Məgər sizə görə çarmıxa çəkilən Paul idi? Məgər siz Paulun adı ilə vəftiz edildiniz?  14Mən Krisp və Qaydan başqa sizlərdən heç kimi vəftiz etmədiyimə görə Allaha şükür edirəm.  15Belə etdim ki, heç kim mənim adımla vəftiz edildiyini deməsin.  16Yeri gəlmişkən, mən bir də Stefananın evindəkiləri vəftiz etdim. Bundan başqa kimisə vəftiz etdiyimi xatırlamıram.

Məsih Allahın qüdrəti və müdrikliyidir

17Axı Məsih məni vəftiz etməyə deyil, Müjdəni yaymağa göndərdi. Məsihin çarmıxı boşa çıxmasın deyə Müjdəni müdrik sözlərlə yaymıram.  18Çünki çarmıx barəsindəki kəlam məhv yolunda olanlar üçün ağılsızlıq, xilas yolunda olan bizlər üçünsə Allahın qüdrətidir.  19Necə ki yazılıb: «Müdriklərin müdrikliyini məhv edəcəyəm,

Aqillərin ağlını yox edəcəyəm».

20Hanı müdrik? Hanı alim? Hanı bu dövrün mahir mübahisəçisi? Məgər Allah dünyanın müdrikliyinin ağılsızlıq olduğunu nümayiş etdirmədi?  21Allahın müdrikliyində dünya öz müdrikliyi ilə Allahı tanımadığı üçün Allah iman edənləri ağılsız sayılan vəz vasitəsilə xilas etməyə razı oldu.  22Çünki Yəhudilər möcüzəli əlamətlər istəyir, Yunanlar müdriklik axtarırlar.  23Bizsə çarmıxa çəkilmiş Məsihi vəz edirik. Bu, Yəhudilər üçün büdrəmə daşı, başqa millətlər üçün isə ağılsızlıq sayılır.  24Amma çağırılan həm Yəhudilər, həm də Yunanlar üçün Məsih Allahın qüdrəti və Allahın müdrikliyidir.  25Çünki Allahın «ağılsızlığı» insan müdrikliyindən daha üstündür, Allahın «zəifliyi» insan gücündən daha güclüdür.  26Qardaşlar, aldığınız çağırış barəsində düşünün. Bir çoxunuz bəşəri nöqteyi-nəzərdən müdrik, nüfuzlu və yaxud əsilzadə deyildiniz.  27Allah isə müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydığı, güclüləri utandırmaq üçün dünyanın zəif saydığı,  28dünyanın dəyərli sayılanlarını heç etmək üçün dünyanın xor baxdığı, əsilsiz və dəyərsiz sayılan kəsləri də seçdi ki,  29Allahın qarşısında heç bir insan öyünməsin.  30Amma siz Allahın sayəsində Məsih İsadasınız. O bizim üçün ilahi müdriklik, salehlik, müqəddəslik və satınalınma oldu.  31Buna görə yazıldığı kimi «öyünən Rəbdə öyünsün».

YUXARI

1 Korinflilərə 2

1Ey qardaşlar, mən Allah barəsində sirli həqiqəti elan etmək üçün sizə gələndə yüksək natiqlik və müdrikliklə gəlmədim.  2Çünki mən aranızda olanda İsa Məsihdən, yəni çarmıxa çəkilmiş Şəxsdən başqa heç bir şey bilməməyi qərara aldım.  3Yanınıza zəiflik, qorxu və böyük lərzə içində gəldim.  4Mənim sözüm də, vəzim də müdrikliyin inandırıcı sözlərindən deyil, Ruhun qüdrətini göstərməsindən asılı idi.  5Belə ki imanınız insan müdrikliyinə yox, Allahın qüdrətinə əsaslansın.

Allahın müdrikliyi

6Yetkin insanlar arasında isə biz müdrikliyi öyrədirik. Amma bu müdriklik nə indiki dövrün, nə də bu dövrün fani hökmdarlarının müdrikliyi deyil.  7Biz Allahdan gələn sirli müdrikliyi öyrədirik. Allah bu müdrikliyi bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən etdi və gizli saxladı.  8Bu dövrün hökmdarlarından heç biri onu anlamadı. Çünki anlasaydılar, izzətli Rəbbi çarmıxa çəkməzdilər.  9Amma necə ki yazılmışdı: «Allahın Onu sevənlər üçün hazırladıqlarını

Nə göz görüb, nə qulaq eşidib,

Nə də insan ürəyi dərk edib».

10Bizə isə Allah bunları Öz Ruhu ilə açdı. Çünki Ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə, araşdırır.  11Axı insanın düşüncələrini insanın daxilində olan ruhdan savayı kim bilər? Eləcə də Allahın düşüncələrini Onun Ruhundan savayı heç kim bilməz.  12Allahın bizə verdiyi ənamları dərk edə bilməyimiz üçün biz bu dünyanın ruhunu yox, Allahdan olan Ruhu qəbul etdik.  13Bunları insani müdrikliyin öyrətdiyi deyil, Ruhun öyrətdiyi sözlərlə bildiririk. Ruhani anlayışları ruhani sözlərlə ifadə edirik.  14Təbiətcə yaşayan adam Allahın Ruhuna aid olan şeyləri qəbul etmir, çünki bunları ağılsızlıq sayır. Bunları başa düşə bilmir, çünki bunlar ruhani nöqteyi-nəzərdən araşdırılır.  15Ruhani adam isə hər şeyi araşdıra bilər. Fəqət onun daxilini heç kim araşdıra bilməz.  16Axı «Rəbbin ağlını kim dərk etdi? Ona kim məsləhətçi oldu?» Amma biz Məsihin ağlına malikik.

YUXARI

1 Korinflilərə 3

Həvarilər yalnız Allahın xidmətçiləridir

1Ey qardaşlar, mən sizinlə ruhani insanlar kimi deyil, cismani təbiətə görə yaşayan, Məsihdə körpə olan insanlar kimi danışa bildim.  2Mən sizi bərk yeməklərlə deyil, südlə qidalandırdım. Çünki bərk yeməklərə hazır deyildiniz, indi də hazır deyilsiniz.  3Çünki siz hələ də cismanisiniz. Əgər aranızda qısqanclıq və münaqişə varsa, onda siz cismani deyilsinizmi? Adi insanlar kimi həyat sürmürsünüzmü?  4Əgər biriniz «mən Paulun ardıcılıyam», başqası isə «mən Apollonun ardıcılıyam» deyirsə, siz adi insanlar deyilsinizmi?  5Apollo kimdir, Paul kimdir? Rəbb hər birimizə təyin etdiyi kimi yalnız iman etməyinizə vasitəçi olan xidmətçiyik.  6Mən əkdim, Apollo suladı, amma Allah böyütdü.  7Buna görə də mühüm olan əkən ya da sulayan deyil, əkiləni böyüdən Allahdır.  8Əkənlə sulayanın isə dəyəri eynidir. Hər biri öz zəhmətinə görə mükafat alacaq.  9Çünki biz Allahın əməkdaşlarıyıq. Sizsə Allahın zəmisi, Allahın tikilisisiniz.  10Allahın mənə verdiyi lütfə görə bir mahir bənna kimi bünövrəni qoydum, başqası isə onun üzərində inşa edir. Amma hər kəs necə inşa etdiyinə diqqət yetirsin.  11Çünki heç kim qoyulan bünövrədən, yəni İsa Məsihdən başqa bir təməl qoya bilməz.  12Bu bünövrənin üstündə qızıldan, gümüşdən, qiymətli daşlardan, taxtadan, samandan, küləşdən kim nə isə inşa edərsə,  13onun əməli bəlli olacaq və qiyamət günü onu ortaya çıxaracaq, çünki odla aşkar olunacaq. Od da hər birinin əməlinin keyfiyyətini sınaqdan keçirəcək.  14Kimin inşa etdiyi əməl tab gətirsə, mükafat alacaq.  15Kimin əməli yanıb yox olsa, o zərər çəkəcək. Özü isə xilas olacaq, amma sanki od içindən keçəcək.  16Məgər bilmirsiniz ki, siz Allahın məbədisiniz və Allahın Ruhu sizdə yaşayır?  17Kim Allahın məbədinə ziyan vursa, Allah da ona ziyan vuracaq. Çünki Allahın məbədi müqəddəsdir və bu məbəd sizsiniz.  18Qoy heç kim özünü aldatmasın. Sizlərdən biri bu dövrdə özünü müdrik sayırsa, müdrik olmaq üçün ağılsız olsun.  19Çünki bu dünyanın müdrikliyi Allah qarşısında ağılsızlıqdır. Necə ki yazılıb: «O, müdrikləri hiylə qurarkən yaxalayır».  20Yenə də yazılıb: «Rəbb müdriklərin düşüncələrini, bunların boş olduğunu bilər».  21Eləcə qoy heç kim insanlarla öyünməsin, çünki hər şey sizindir.  22İstər Paul, istər Apollo, istər Kefa olsun, dünya, həyat, ölüm, indiki və gələcək zaman – hər şey sizindir.  23Sizsə Məsihinsiniz, Məsih də Allahındır.

YUXARI

1 Korinflilərə 4

Həvarilərin xidməti

1Beləcə insanlar bizi Məsihin xidmətçiləri və Allahın sirli niyyətini yerinə yetirən idarəçiləri saysın.  2İdarəçilərdənsə tələb olunur ki, etibara layiq olsunlar.  3Siz yaxud insan məhkəməsi mənim işlərimi təhlil edirsə, bu mənim üçün çox az əhəmiyyət kəsb edir; hətta mən öz işlərimi təhlil etmirəm.  4Heç bir şeyə görə vicdan əzabı çəkməsəm də, beləcə özümə haqq qazandırmıram. Çünki mənim işlərimi təhlil edən Rəbdir.  5Buna görə də münasib vaxtdan əvvəl, yəni Rəbb gəlməyənədək heç bir işi mühakimə etməyin. O gəlib qaranlıqda gizlənən şeylərə işıq salacaq və insan ürəklərinin niyyətlərini aşkara çıxaracaq. Onda hər kəs Allahdan ona düşən tərifi alacaq.  6Ey qardaşlar, bizdən nümunə alaraq «yazılanlardan kənara çıxmayın» məsəlinin mənasını öyrənəsiniz deyə bunları özümə və Apolloya tətbiq etdim ki, heç kim başqasının qarşısında lovğalanıb o birisinə xor baxmasın.  7Axı səni kim başqalarından fərqləndirir? Nəyin var ki onu əldə etməmisən? Əgər əldə etmisənsə, nə üçün əldə etməmiş kimi öyünürsən?  8Siz daha doymusunuz! Siz artıq varlanmısınız! Siz bizsiz padşah olmusunuz! Kaş ki siz, doğrudan, padşah olaydınız ki, biz də sizinlə bərabər padşahlıq edəydik!  9Çünki mənə elə gəlir ki, Allah biz həvariləri ölümə məhkum olunanlar kimi ən sonda nümayiş etdirdi. Biz də həm dünya, həm mələklər, həm də insanlar üçün bir tamaşa olduq.  10Biz Məsih naminə ağılsızıq, sizsə Məsihdə ağıllısınız! Biz zəifik, siz güclüsünüz! Siz şərəfli adamsınız, bizsə hörmətsiz!  11Bu vaxtadək biz ac-susuz və cındır içindəyik. Biz döyülürük, qalmağa yerimiz də yoxdur.  12Öz əllərimizlə işləyib zəhmət çəkirik. Bizə böhtan atanda xeyir-dua veririk, təqib olunanda dözürük,  13təhqir olunanda mülayim cavab veririk. Biz bu anadək dünyanın zibili, hamının tullantısı kimi olmuşuq.  14Bunları sizi utandırmaq üçün yox, sevimli övladlarım kimi sizə öyüd-nəsihət vermək üçün yazıram.  15Çünki sizin Məsih yolunda minlərlə mürəbbiniz olsa belə, atalarınız azdır; mən Müjdə vasitəsilə Məsih İsada olan atanız oldum.  16Buna görə sizə yalvarıram, məndən nümunə götürün.  17Bu səbəbə görə Rəbdə mənə sadiq və sevimli olan oğlum Timoteyi sizin yanınıza göndərdim. O sizə hər yerdə, hər bir imanlılar cəmiyyətində öyrətdiyim kimi Məsih İsada getdiyim yolları xatırladacaq.  18Sizdən bəziləri elə bilir ki, mən yanınıza gəlməyəcəyəm və buna görə də lovğa-lovğa danışırlar.  19Amma Rəbb istəsə, mən bu yaxında yanınıza gələcəyəm. O vaxt bu lovğaların sözlərini yox, gücünü yoxlayacağam.  20Çünki Allahın Padşahlığı sözdən deyil, gücdən ibarətdir.  21Siz nə istəyirsiniz? Yanınıza dəyənəklə, yoxsa məhəbbət və həlimlik ruhu ilə gəlim?

YUXARI

1 Korinflilərə 5

İmanlılar arasındakı əxlaqsızlıq

1Danışırlar ki, aranızda cinsi əxlaqsızlıq baş verir: sizdən bir nəfər ögey anası ilə yaşayır. Belə cinsi əxlaqsızlığa hətta bütpərəstlər arasında da rast gəlmək mümkün deyil!  2Siz hələ lovğa-lovğa danışırsınız! Bunun əvəzinə yas tutmalı idiniz. Belə əməlin sahibi aranızdan qovulmalıdır.  3Mənsə cismən uzaqda olub ruhən aranızdayam və bu adam barəsində sanki aranızda olduğum üçün artıq hökm çıxarmışam:  4siz Rəbbimiz İsanın adı ilə toplaşanda, mən də ruhən və Rəbbimiz İsanın qüdrəti ilə aranızda olanda,  5həmin adamı Şeytana təslim edin ki, cismani təbiəti yox olsun, ruhu isə Rəbbin günündə xilas olsun.  6Sizin öyünməyiniz yaxşı deyil. Məgər bilmirsiniz ki, azacıq maya bütün xəmiri acıdır?  7Əslində mayasız olduğunuz kimi köhnə mayadan təmizlənin ki, təzə xəmir olasınız. Çünki bizim Pasxa quzumuz olan Məsih qurban verildi.  8Buna görə köhnə maya ilə, kin və pislik mayası ilə yox, amma səmimiyyətin və həqiqətin mayasız çörəyi ilə bayram edək.  9Mən əvvəlki məktubumda sizə əxlaqsızlıq edənlərlə ünsiyyətdə olmamağı yazmışdım.  10Amma mən demək istəmədim ki, bu dünyanın əxlaqsızları, tamahkarları, soyğunçu və yaxud bütpərəstləri ilə ünsiyyətdə olmayın. Belə olsaydı, siz bu dünyanı tərk etməyə məcbur olardınız!  11Əslində mən sizə yazmışdım ki, siz özünü bacı-qardaş adlandırıb, lakin əxlaqsızlıq, tamahkarlıq, bütpərəstlik, böhtançılıq, əyyaşlıq və yaxud soyğunçuluq edənlə ünsiyyətdə olmayın. Belələri ilə bir yerdə çörək belə, yeməyin.  12Çünki cəmiyyətdən kənardakıları mühakimə etməyə mənim nə ixtiyarım var? Məgər sizin mühakimə etməli olduqlarınız cəmiyyətdəkilər deyilmi?  13Cəmiyyətdən kənardakıları Allah mühakimə edəcək. Siz isə öz aranızdan pis adamı atın.

YUXARI

1 Korinflilərə 6

Məhkəmələr barəsində

1Sizlərdən birinin başqası ilə iddiası varsa, müqəddəslərin qarşısında yox, haqsızların qarşısında mühakimə olunmağa cəsarəti çatarmı?  2Dünyanı müqəddəslərin mühakimə edəcəyini bilmirsinizmi? Madam ki dünyanı mühakimə edəcəksiniz, belə xırda işləri mühakimə etməyə ixtiyarınız çatmırmı?  3Mələkləri bizim mühakimə edəcəyimizi bilmirsinizmi? Bəs gündəlik həyata aid işlər harada qaldı?  4Əgər elədirsə, gündəlik həyatda məhkəməyə veriləcək işləriniz varsa, imanlılar cəmiyyətində saymadığınız adamlarımı hakim seçirsiniz?  5Mən bunu sizi utandırmaq üçün deyirəm. Yəni öz bacı-qardaşlarınız arasında hakim olmaq üçün sizlərdən bir nəfər müdrik adam tapılmadı?  6Amma qardaş qardaşla məhkəməyə gedir, üstəlik imansızlar qarşısında!  7Əslində bir-birinizi məhkəməyə çəkməyiniz sizin üçün artıq tam məğlubiyyətdir. Əvəzində haqsızlığa qatlaşmaq daha yaxşı deyilmi? Aldanıb, dözmək daha yaxşı deyilmi?  8Amma siz özünüz haqsızlıq edib başqalarını aldadırsınız. Üstəlik bunu bacı-qardaşlarınıza edirsiniz.  9Məgər bilmirsiniz ki, haqsızlıq edənlər Allahın Padşahlığını irs olaraq almayacaq? Aldanmayın, çünki əxlaqsızlar, bütpərəstlər, zinakarlar, fahişə kişilər, kişibaz kişilər,  10oğrular, tamahkarlar, əyyaşlar, böhtançılar, soyğunçular Allahın Padşahlığını irs olaraq almayacaq.  11Sizlərdən bəzisi belə idi. Amma Rəbb İsa Məsihin adı ilə və Allahımızın Ruhu ilə yuyulub təmizləndiniz, təqdis olundunuz və saleh sayıldınız.

Siz Məsihin üzvlərisiniz

12«Mənim üçün hər şeyə icazə var» deyirsiniz, lakin hər şey xeyir vermir. Mən də «hər şeyə icazə var» deyə bilərəm, amma özümü heç bir şeyə tabe etməyəcəyəm.  13«Yemək qarın üçün, qarın da yemək üçündür» deyirsiniz, amma Allah həm qarını, həm də yeməyi yox edəcək. İnsan bədəni də əxlaqsızlıq üçün deyil, Rəbb üçündür. Rəbb də bədən üçündür.  14Rəbbi dirildən Allah Öz qüdrəti ilə bizi də dirildəcək.  15Bilmirsiniz ki, bədənləriniz Məsihin üzvləridir? İndi Məsihin üzvlərini götürüb bir fahişənin üzvləri edimmi? Əsla!  16Bilmirsiniz ki, fahişə ilə birləşən onunla bir bədən olur? Çünki deyilmişdir: «İkisi bir bədən olacaq».  17Rəblə birləşənsə Rəblə ruhən bir olur.  18Cinsi əxlaqsızlıqdan uzaqlaşın. İnsanın etdiyi bütün digər günahlar bədəndən kənardadır, amma əxlaqsızlıq edən öz bədəninə qarşı günah edir.  19Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus deyilsiniz,  20çox baha qiymətə satın alınmısınız. Beləliklə, bədəninizlə Allaha izzət gətirin.

YUXARI

1 Korinflilərə 7

Nikah qaydaları

1İndi isə «kişi qadına toxunmasa yaxşıdır» yazdığınıza gəlincə,  2əxlaqsızlığın qabağını almaq üçün hər kişinin öz arvadı, hər qadının da öz əri olsun.  3Ər arvadına aid, arvad da ərinə aid olan nikah borcunu yerinə yetirsin.  4Arvadın bədəni özünün yox, ərinin ixtiyarındadır. Eləcə də kişinin bədəni özünün yox, arvadının ixtiyarındadır.  5Müvəqqəti olaraq razılıqla, dua üçün vaxt ayırmaqdan savayı bir-birinizi ər-arvadlıq təminatından məhrum etməyin. Bundan sonra yenə də bir yerdə olun ki, nəfsinizə hakim olmadığınıza görə Şeytan sizi sınağa çəkməsin.  6Bunları əmr kimi yox, güzəşt kimi deyirəm.  7Çünki bütün insanların mənim kimi olmasını istərdim. Amma hər bir insanın Allahdan aldığı öz ənamı var – birininki belədir, digərininki başqa cürdür.  8Evli olmayanlara və dul qadınlara isə bunu deyirəm: mənim kimi qalsalar, onlar üçün yaxşı olar.  9Əgər özlərini saxlaya bilmirlərsə, qoy ailə qursunlar. Çünki ehtirasdan yanmaqdansa ailə qurmaq daha yaxşıdır.  10Evli olanlara isə mən əmr edirəm, daha düzgün desəm, Rəbb əmr edir: qadın ərindən ayrılmasın.  11Ayrılırsa, ərsiz qalmalıdır yaxud əri ilə barışmalıdır. Ər də arvadını boşamasın.  12Başqalarına isə Rəbb yox, mən deyirəm ki, əgər bir qardaşın iman etməyən arvadı var və arvad onunla yaşamağa razıdırsa, əri onu boşamasın.  13Bir arvadın iman etməyən əri varsa və əri onunla yaşamağa razıdırsa, qoy arvadı ondan boşanmasın.  14Çünki iman etməmiş ər arvadı vasitəsilə təqdis olunur və iman etməmiş arvad imanlı əri vasitəsilə təqdis olunur. Əks halda uşaqlarınız natəmiz olardı, indi isə onlar müqəddəsdir.  15İman etməyən ayrılırsa, qoy ayrılsın. Qardaş ya da bacı belə hallarda məcburiyyət qarşısında deyil. Allah sizi sülhdə yaşamağa çağırıb.  16Ey qadın, ərini xilas edib-etməyəcəyini haradan bilirsən? Yaxud sən, ey ər, arvadını xilas edib-etməyəcəyini haradan bilirsən?

Rəbbin çağırışına uyğunluq

17Amma hər kəs Allahın ona təyin etdiyi kimi Rəbbin çağırışına uyğun həyat sürsün. Bunu bütün cəmiyyətlərə əmr edirəm.  18Əgər bir nəfər sünnətli olaraq çağırış aldısa, sünnət olunmanı aradan qaldırmasın. Digəri isə sünnətsiz olaraq çağırış aldısa, qoy sünnət olunmasın.  19Sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə Allahın əmrlərini yerinə yetirməkdir.  20Qoy hər kəs çağırış aldığı vaxt nə vəziyyətdə idisə, elə də qalsın.  21Çağırış alanda qul idinsə, fikir eləmə. Amma əgər azad olmağa imkanın varsa, bu fürsəti əldən vermə.  22Çünki Rəbdə çağırış alan vaxt qul artıq Rəbbin azad insanıdır. Eləcə də çağırış alan vaxt azad insan Məsihin quludur.  23Siz çox baha qiymətə satın alınmısınız, insanlara qul olmayın!  24Ey qardaşlar, hər kəs çağırış alanda nə vəziyyətdə idisə, eləcə Allahla birlikdə qalsın.

Subay olmağın faydası

25İndi isə qızlara gəlincə, bu barədə Rəbdən əmr almamışam. Amma etibara layiq olmaq üçün Rəbbin mərhəmətinə nail olmuş bir insan kimi öz fikirlərimi deyirəm.  26Məncə, indi yaranmış çətin vəziyyətə görə insanın olduğu kimi qalması yaxşıdır.  27Arvadınla nikahla bağlısansa, ondan azad olmağını arzu etmə. Arvadın yoxdursa, özünə arvad axtarma.  28Amma evlənməyin günah deyil. Qızın da ərə getməsi günah deyil. Amma belə adamlar bu həyatda əziyyət çəkəcəklər. Mən sizi bundan qorumaq istəyirəm.  29Qardaşlar, bunu demək istəyirəm: vaxta az qalıb. Bundan sonra arvadı olanlar olmayanlar kimi,  30yas tutanlar tutmayanlar kimi, sevinənlər sevinməyənlər kimi, mal alanlar malı olmayanlar kimi,  31bu dünyanın işlərindən faydalananlar bu işlərdən uzaq olanlar kimi olsunlar. Çünki bu dünyanın indiki vəziyyəti keçib-gedir.  32Sizin qayğısız olmanızı istəyirəm. Subay kişi Rəbbi necə razı salmaq barəsində düşünüb Rəbbin işlərinin qayğısına qalır.  33Evli isə arvadını razı salmaqdan ötrü dünyəvi işlərin qayğısına qalır  34və diqqəti yayınır. Ərsiz qadın yaxud qız da Rəbbin işlərinin qayğısına qalır ki, həm bədəndə, həm də ruhən müqəddəs olsun. Ərli qadın isə ərini razı salmaqdan ötrü dünyəvi işlərin qayğısına qalır.  35Bunu azadlığınızı məhdudlaşdırmaq üçün yox, yalnız sizin xeyrinizə deyirəm ki, ədəblə davranıb fikirlərinizi dağıtmadan özünüzü Rəbbə həsr edəsiniz.  36Əgər bir nəfər nişanlandığı qızla düzgün davranmadığını düşünürsə, yaşı çatıb və evlənmək lazım gəlirsə, qoy o adam istədiyini etsin. O, günah etmir. Qoy onlar evlənsin.  37Amma kim ürəyində qəti niyyət tutub, könüllü surətdə, öz nəfsinə hakim olaraq nişanlandığı qızla evlənməmək qərarına gəlirsə, o adam da yaxşı edir.  38Buna görə də nişanlısı ilə evlənən yaxşı edir, evlənməyənsə daha yaxşı edir.  39Arvad əri sağ ikən ona bağlı qalır. Əgər əri vəfat etsə, arvad azaddır və kimə istəsə, ərə gedə bilər. Lakin o kişi Rəbdə olmalıdır.  40Amma fikrimcə, dul qadın olduğu kimi qalsa, daha xoşbəxt olar. Zənnimcə, məndə də Allahın Ruhu var.

YUXARI

1 Korinflilərə 8

Bütlərə təqdim olunan qurban əti

1Bütlərə təqdim olunan qurbanlara gəlincə, bizə məlumdur ki, bu barədə «hamımızın biliyi var». Bilik insanın lovğalanmağına səbəb olur, məhəbbət isə onu ruhən inkişaf etdirir.  2Kim fikirləşir ki, bir şey bilir, o hələ lazım olduğu kimi heç nə bilmir.  3Amma kim Allahı sevirsə, Allah onun haqqında hər şeyi bilir.  4Beləliklə, bütlərə təqdim olunan qurban ətinin yeyilməsi barəsində bilirik ki, «büt dünyada heç nədir» və «bir olan Allahdan başqası yoxdur».  5Yerdə və yaxud göydə «allahlar» adlandırılanlar varsa, hətta çoxlu «allahlar» və «sahiblər» varsa,  6bizim üçünsə bir Allah – Ata var. Hər şey Ondan gəlir, biz də Onun üçün yaşayırıq. Həmçinin bizim bir Sahibimiz var, O da Rəbb İsa Məsihdir. Hər şey Onun vasitəsilə yaranır, biz də Onun vasitəsilə yaşayırıq.  7Amma bunu hamı bilmir. Hələ bütpərəst adətlərinə uymuş bəziləri yedikləri ətin bütlərə təqdim olunan qurban əti olduğunu düşünür və onlar zəif olduqlarından vicdanları ləkələnir.  8Yemək bizi Allahın hüzuruna gətirmir. Biz yeməyəndə heç nə itirmirik, yeyəndə də heç nə əldə etmirik.  9Amma diqqətli olun ki, sizin seçim ixtiyarınız zəif olanların büdrəməsinə səbəb olmasın.  10Əgər vicdan məsuliyyəti zəif olan şəxs görsə ki, bilik sahibi olan sən büt evində süfrəyə oturmusan, bütlərə təqdim olunan qurbanın ətini yeməyə cürət etməzmi?  11Bunun nəticəsində bu zəif adam – uğrunda Məsihin öldüyü bu bacı ya qardaş sənin biliyinin ucbatından həlak olacaq.  12Beləliklə, zəif olan bacı-qardaşlarınıza qarşı günah edib vicdanlarını yaralayanda siz Məsihə qarşı günah edirsiniz.  13Odur ki, əgər yemək qardaşımı büdrədirsə, mən heç vaxt ət yeməyəcəyəm ki, qardaşım büdrəməsin.

YUXARI

1 Korinflilərə 9

Həvarinin haqqı və borcu

1Mən azad deyiləmmi? Həvari deyiləmmi? Rəbbimiz İsanı görməmişəmmi? Siz Rəbdə etdiyim əməlin səmərəsi deyilsinizmi?  2Əgər başqaları üçün həvari deyiləmsə, heç olmasa sizin üçün həvariyəm. Çünki Rəbdə siz mənim həvariliyimin möhürüsünüz.  3Mən işlərimi təhlil edənlərə qarşı belə müdafiə olunuram:  4məgər bizim yeyib-içməyə ixtiyarımız yoxdur?  5Məgər digər həvarilər, Rəbbin qardaşları və Kefa kimi yanımızda imanlı arvadımızı gəzdirməyə ixtiyarımız yoxdur?  6İşləməyib dolanmaq üçün yalnız mənim və Barnabanın ixtiyarı yoxdur?  7Kim öz hesabı ilə əsgərlik çəkər? Kim üzüm bağı salıb barından yeməz? Kim sürünü otarıb südündən içməz?  8Məgər mən ancaq insanların düşündüyü kimi danışıram? Qanun eyni şeylər demirmi?  9Çünki Musanın Qanununda yazılıb: «Xırman çəkən öküzün ağzını bağlama». Allah öküzlərinmi qayğısına qalır,  10yoxsa bu sözlər tamamilə bizə aid deyil? Əlbəttə, bu bizim üçün yazılmışdır, çünki cütçü ümidlə şumlamalı, xırmançı da məhsula ortaq olmaq ümidi ilə taxılı döyməlidir.  11Əgər biz aranızda ruhani toxumlar əkdiksə, sizdən maddi bir məhsul yığsaq, çoxdurmu?  12Əgər başqalarının sizdən bunu istəməyə ixtiyarı varsa, bizim buna daha çox ixtiyarımız yoxdurmu? Bizsə bu ixtiyardan istifadə etməmişik. Bunun əvəzinə Məsihin Müjdəsinin yayılmasına mane olmamaq üçün hər şeyə dözürük.  13Məgər bilmirsiniz ki, məbəddə iş görənlər məbədə gətirilən təqdimlərdən qidalanır və qurbangahın xidmətçiləri qurbangahdan öz paylarını götürürlər?  14Beləcə də Rəbb Müjdəni elan edənlərə Müjdədən dolanmağı əmr etmişdir.  15Amma mən bu hüquqların heç birindən istifadə etməmişəm. Bunları yazmıram ki, mənə də belə edəsiniz. Fəxr etməyim üçün bu əsası heç kim boşa çıxarmaz! Belə olmaqdansa, ölməyim daha yaxşıdır.  16Müjdəni yaymaqsa fəxr etməyim üçün əsas deyil. Çünki bu mənim mühüm borcumdur, əgər Müjdəni yaymıramsa, vay halıma!  17Əgər bunu könüllü olaraq edirəmsə, mükafatım var. Yox, əgər bunu könüllü etmirəmsə, mənə tapşırılan vəzifəmi yerinə yetirirəm.  18Bəs onda mükafatım nədir? Mükafatım budur ki, Müjdəni yayaraq müftə vəz edirəm və Müjdəni yaymaqdan gələn ixtiyarımdan tam istifadə etmirəm.  19Mən azadam və heç kəsə məxsus deyiləm, amma mümkün qədər çox insan əldə etmək üçün özümü hamıya qul etdim.  20Yəhudiləri əldə etmək üçün Yəhudilərlə Yəhudi kimi davrandım. Mən Qanun altında olmasam da, Qanun altında olanları əldə etmək üçün Qanun altında olanlarla Qanun altında olan kimi davrandım.  21Özüm Allahın qanunundan kənar deyil, Məsihin qanununa tabeyəmsə də, Qanundan kənar olanları əldə etmək üçün onlarla Qanundan kənar olan kimi davrandım.  22Zəifləri əldə etmək üçün onlarla zəif kimi davrandım. Hər hansı bir yolla bəzilərini xilas etmək naminə hər kəs üçün hər şey oldum.  23Bunun hamısını Müjdə uğrunda, onun bərəkətinə şərik olum deyə edirəm.  24Qaçışda yarışanların hamısının qaçdığını, amma təkcə bir nəfərin mükafat aldığını bilmirsinizmi? Elə qaçın ki, mükafatı qazanasınız.  25Yarışda iştirak edən hər kəs hər cəhətdən öz nəfsinə hakimdir. Onlar bunu solub gedən dəfnə çələngi almaq üçün edər, biz isə solmaz tac almaq üçün çalışırıq.  26Beləliklə, mən də məqsədsiz qaçmıram. Havanı vuran adam kimi yumruq atmıram.  27Lakin bədənimi məcburən özümə qul edirəm ki, başqalarına vəz edəndən sonra mükafatımdan məhrum olmayım.

YUXARI

1 Korinflilərə 10

İsrail tarixindən ibrət dərsləri

1Qardaşlar, bixəbər olmağınızı istəmirəm ki, ata-babalarımızın hamısı bulud altında qorundu, hamısı da dənizdən keçdi.  2Hamısı Musanın ardınca getmək üçün buludda və dənizdə vəftiz edildi.  3Hamısı eyni ruhani qida yedi  4və eyni ruhani içki içdi. Çünki onlar ardlarınca gələn ruhani Qayadan içirdi. O Qaya da Məsih idi.  5Amma Allah onların çoxundan razı qalmadı və cəsədləri çölə sərildi.  6Bu hadisələr bizim üçün ibrət olsun deyə baş verdi ki, biz onlar kimi pisliyə meyl göstərməyək.  7Onlardan bəzisi kimi bütpərəst olmayın. Onlar barədə belə yazılıb: «Xalq oturub yeyib-içdi, sonra isə qalxıb oynaşdı».  8Onlardan bəzisi kimi cinsi əxlaqsızlıq etməyək. Bir gündə onlardan iyirmi üç min nəfər öldü.  9Məsihi sınamayaq: onlardan bəziləri belə etdi və ilanlar onları öldürdü.  10Deyinməyin, çünki onlardan da bəziləri deyindi və məhvedici mələk onları öldürdü.  11Bu hadisələr ibrət dərsi olub onların başına gəldi və bu dövrün sonuna çatan bizim üçün öyüd-nəsihət kimi yazılıb.  12Buna görə də kim ayaq üstə durduğunu düşünürsə, ehtiyatlı olsun ki, yıxılmasın.  13Siz insanın qarşılaşdığı sınaqdan başqa bir sınaqla qarşılaşmadınız. Allah sadiqdir və O sizi gücünüzdən artıq sınağa çəkilməyə qoymaz. Sınaqla yanaşı bu vəziyyətdən çıxış yolu ilə də təmin edəcək ki, tab gətirə biləsiniz.

Bütpərəstlik və Rəbbin süfrəsi

14Beləliklə, ey sevimlilərim, bütpərəstlikdən uzaqlaşın.  15Mən ağıllı insanlara xitab edirəm. Dediklərimi siz özünüz araşdırın.  16Xeyir-dua verdiyimiz xeyir-dua kasası Məsihin qanına şəriklik deyilmi? Böldüyümüz çörək Məsihin bədəninə şəriklik deyilmi?  17Çörək bir olduğu kimi biz də çox olduğumuz halda bir bədənik. Çünki hamımız bir çörəyi bölüb yeyirik.  18Soy-kökünə görə İsrail xalqına nəzər salın: qurbanları yeyənlər qurbangaha şərik deyilmi?  19Belədirsə, mən nə demək istəyirəm? Bütlərə təqdim olunan qurban ətinin bir əhəmiyyəti varmı? Yaxud bütlərin əhəmiyyəti varmı?  20Xeyr, amma deyirəm ki, bütpərəstlər qurbanlarını Allaha yox, cinlərə gətirirlər. Cinlərlə şərik olmanızı istəmirəm.  21Siz həm Rəbbin kasasından, həm də cinlərin kasasından içə bilməzsiniz; həm Rəbbin, həm də cinlərin süfrəsindən yeyə bilməzsiniz.  22Yoxsa Rəbbi qısqanclığa vadar edirik? Məgər biz Ondan güclüyük?

İmanlının azadlığı

23«Hər şeyə icazə var» deyirsiniz, amma hər şey xeyir vermir. «Hər şeyə icazə var», lakin hər şey ruhən inkişaf etdirmir.  24Hər kəs öz xeyrini yox, başqalarının xeyrini güdsün.  25Ət bazarında nə satılırsa, vicdan məsələsini qaldırmadan yeyin.  26Çünki «Rəbbindir yer üzü və orada mövcud olanlar».  27Əgər imanlı olmayanlardan biri sizi yeməyə dəvət edir və siz getmək istəyirsinizsə, qabağınıza nə qoysalar, vicdan məsələsini qaldırmadan yeyin.  28Amma biri sizə desə ki, «bu, qurban ətidir», onda həm sizə bunu deyənin xatirinə, həm də vicdan xatirinə yeməyin.  29Mən sizin vicdanınızı yox, başqasının vicdanını nəzərdə tuturam. Axı nə üçün mənim azadlığım başqasının vicdanı ilə müəyyənləşdirilsin?  30Əgər şükür edərək yeməkdə iştirak edirəmsə, şükür etdiyim yeməyə görə nə üçün mənə şər atırlar?  31Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin.  32Yəhudilərin, Yunanların yaxud Allahın cəmiyyətinin büdrəməsinə səbəb olmayın,  33necə ki mən də hər şeydə hər kəsi razı salmağa çalışıram. Bunu öz xeyrim üçün yox, çoxlarının xeyri üçün edirəm ki, onlar da xilas olsunlar.

YUXARI

1 Korinflilərə 11

1Mən Məsihdən nümunə götürdüyüm kimi siz də məndən nümunə götürün.

Məsihçi nizam-intizamı

2Hər işdə məni xatırladığınız və sizə tapşırdığım təlimlərə sadiq qaldığınız üçün sizi tərifləyirəm.  3Bunu da bilmənizi istəyirəm ki, hər kişinin başı Məsih, arvadın başı ər, Məsihin başı isə Allahdır.  4Başına nə isə qoyub dua yaxud peyğəmbərlik edən hər kişi öz başını şərəfsiz edir.  5Başıaçıq dua yaxud peyğəmbərlik edən hər qadın da öz başını şərəfsiz edir. Belə qadınla saçları qırxılmış qadın arasında fərq yoxdur.  6Əgər qadın başını örtmürsə, qoy saçlarını qısa kəssin. Amma əgər qadın üçün saçını qısa kəsməsi yaxud qırxması ayıbdırsa, qoy başını örtsün.  7Beləliklə, kişiyə Allahın surəti və izzəti olduğuna görə başını örtmək olmaz. Qadınsa kişinin izzətidir.  8Çünki kişi qadından yox, qadın kişidən yarandı.  9Kişi qadın üçün yox, qadın kişi üçün yaradıldı.  10Bu səbəbdən mələklərə görə qadının başı üzərində ixtiyar olmalıdır.  11Hər halda Rəbdə nə qadın kişidən, nə də kişi qadından müstəqildir.  12Çünki qadın kişidən yarandığı kimi kişi də qadın vasitəsilə yaranır və hər şey Allahdan yaranır.  13Özünüz qərara gəlin, Allaha başıaçıq dua etmək qadına yaraşarmı?  14Məgər təbiətin özü sizə kişinin saçı uzun olmasının özü üçün hörmətsizlik,  15qadının saçlarının uzun olması isə onun üçün şərəf olduğunu öyrətmir? Çünki qadına saç örtük kimi verilib.  16Bu barədə kim mübahisə etmək istəyirsə, bilsin ki, nə bizim, nə də Allahın cəmiyyətlərinin belə bir adəti var.

Rəbbin süfrəsinə aid təlimat

17Sizin toplantılarınız xeyirdən çox zərər gətirdiyinə görə aşağıda yazılan əmrlərdən çıxış edərək sizi tərifləmirəm.  18Çünki əvvəl eşitmişəm ki, cəmiyyətdə yığılanda aranızda dəstəbazlıq olur. Buna mən bir az da olsa, inanıram.  19Çünki Allahın sınaqdan keçmiş adamları bəlli olsun deyə aranızda firqələrə bölünmə olmalıdır!  20Xüsusən bir yerə toplaşanda yediyiniz Rəbbin süfrəsi deyil.  21Çünki biriniz o birisini gözləmədən süfrənizi açırsınız və biri ac qalır, o birisi isə sərxoş olur.  22Yeyib-içmək üçün evləriniz yoxdurmu? Bəlkə siz Allahın cəmiyyətinə xor baxırsınız və yoxsulları utandırmaq istəyirsiniz? Sizə nə deyim? Sizi tərifləyimmi? Əsla! Bu işdə sizi tərifləməyəcəyəm.  23Çünki sizə çatdırdığım bu xəbəri Rəbbin Özündən qəbul etmişəm: Rəbb İsa Ona xəyanət edildiyi gecə əlinə çörək götürdü,  24şükür edib onu böldü və dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin».  25Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir. Bunu hər dəfə içəndə Məni xatırlamaq üçün edin».  26Çünki hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə siz Rəbbin gəlişinədək Onun ölümünü bəyan edirsiniz.  27Buna görə də kim layiq olmayan tərzdə Rəbbin bu çörəyini yeyib yaxud Onun kasasından içsə, Rəbbin bədəninə və qanına qarşı təqsirkardır.  28Bunun əvəzinə qoy insan özünü yoxlasın və sonra bu çörəkdən yeyib bu kasadan içsin.  29Çünki kim Rəbbin bədənini dərk etməmiş yeyib-içsə, yeyib-içərək öz üzərinə mühakimə gətirir.  30Bu səbəbdən də bir çoxunuz zəif və xəstədir, bəziləri isə vəfat etmişdir.  31Əgər biz özümüzü düzgün dərk etsəydik, mühakiməyə düşməzdik.  32Rəbb bizi mühakimə edəndə dünya ilə birlikdə məhkum olunmayaq deyə bizi tərbiyə edir.  33Beləliklə, qardaşlarım, yeməyə toplaşanda bir-birinizi gözləyin.  34Ac olan varsa, qoy evində yesin ki, toplantınız mühakiməyə çevrilməsin. Qalan məsələləri isə özüm gələndə nizama salacağam.

YUXARI

1 Korinflilərə 12

Ruhani ənamlar

1Qardaşlar, indi isə ruhani ənamlara gəlincə, bixəbər olmağınızı istəmirəm.  2Bilirsiniz ki, siz bütpərəst olarkən necə tovlana-tovlana dilsiz-ağızsız bütlərə tərəf yönəldiniz.  3Buna görə sizi xəbərdar edirəm ki, Allahın Ruhu vasitəsilə danışan heç kim «İsaya lənət olsun» deməz və heç kim Müqəddəs Ruh vasitəsi olmadan «İsa Rəbdir!» deyə bilməz.  4Müxtəlif ənamlar var, amma Ruh eynidir.  5Müxtəlif növlü xidmətlər var, amma Rəbb eynidir.  6Müxtəlif fəaliyyətlər də var, amma hamısını hər adamda göstərən Allah eynidir.  7Lakin Ruh hər kəsə xeyri üçün aşkar olunur.  8Birinə Ruh vasitəsilə hikmət sözü, başqasına isə eyni Ruhla bilik sözü verilir.  9Digərinə isə eyni Ruh imanı, o birisinə həmin Ruh şəfa ənamlarını verir.  10Birinə möcüzə yaratmaq, başqasına peyğəmbərlik, digərinə ruhları ayırd etmək qabiliyyəti, bir başqasına müxtəlif dillərdə danışmaq, o birisinə bu dilləri izah etmək ənamı verilir.  11Bunların hamısı tək və eyni Ruhun fəaliyyətidir. Ruh bu ənamları hər kəsə Öz istədiyi tərzdə paylayır.

İsa Məsihin bədəni barəsində

12Bədən birdir və üzvləri çoxdur. Bədən üzvləri çox olduğu halda bir bədən təşkil edir. Məsih də belədir;  13çünki istər Yəhudi, istər Yunan, istər qul yaxud azad, hamımız bir bədən olmaq üçün bir Ruhla vəftiz olunmuşuq və hamımız eyni Ruhdan içirilmişik.  14Bədən tək üzvdən deyil, çox üzvdən ibarətdir.  15Ayaq «mən əl olmadığıma görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil.  16Qulaq «mən göz olmadığıma görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil.  17Bütün bədən gözdən ibarət olsaydı, necə eşidərdik? Bütün bədən qulaq olsaydı, necə iy bilərdik?  18Amma Allah istədiyi tərzdə bədən üzvlərinin hər birini bədəndə yerləşdirdi.  19Əgər hamısı bir üzv olsaydı, bədən nə vəziyyətdə qalardı?  20Doğrudan da, üzv çox, bədən isə birdir.  21Göz ələ «sən mənə lazım deyilsən» və yaxud baş da ayaqlara «siz mənə lazım deyilsiniz» deyə bilməz.  22Əksinə, bədənin daha zəif görünən üzvləri daha çox lazımlıdır,  23dəyəri az saydığımız bədən üzvlərini daha çox dəyərləndiririk, görünməyən üzvlərimizə də xüsusi qayğı göstəririk.  24Görünən üzvlərimizin isə buna ehtiyacı yoxdur. Lakin Allah aşağı tutulan üzvü daha çox dəyərləndirərək bədəni elə düzəltdi ki,  25bədəndə ayrı-seçkilik olmasın, əksinə, bütün üzvlər bir-birinə eyni qayğı göstərsin.  26Buna görə əgər bir üzv əzab çəkirsə, başqaları da onunla birgə əzab çəkir. Üzvlərdən biri şərəfə çatırsa, başqaları da onunla birgə sevinir.  27Siz də Məsihin bədənisiniz, ayrı-ayrılıqda isə bu bədənin üzvlərisiniz.  28Allah imanlılar cəmiyyətində birinci yerdə həvarilər, ikinci yerdə peyğəmbərlər, üçüncü yerdə də müəllimlər təyin etdi. Sonra bəzilərinə möcüzə yaratmağı, habelə şəfa ənamlarını, yardımçılığı, idarəçiliyi, müxtəlif dillərdə danışmağı verdi.  29Hamı həvaridirmi? Hamı peyğəmbərdirmi? Hamı müəllimdirmi? Hamı möcüzə yarada bilirmi?  30Hamının şəfa ənamları varmı? Hamı naməlum dillərdə danışırmı? Hamı belə dilləri izah edə bilirmi?  31Amma daha böyük ənamları səylə istəyin. İndi isə sizə bundan da əla yol göstərəcəyəm.

YUXARI

1 Korinflilərə 13

Məhəbbətin qüdrəti

1Əgər mən insan və mələk dilləri ilə danışıramsa, lakin məhəbbətim yoxdursa, cingildəyən mis və ya danqıldayan sincəm.  2Əgər peyğəmbərlik ənamım varsa, bütün sirləri və hər cür biliyi dərk edirəmsə, dağları yerindən tərpədəcək dərəcədə tam imanım varsa, amma məhəbbətim yoxdursa, mən bir heçəm.  3Əgər bütün var-dövlətimi paylayıb yoxsulları doyduraramsa və bədənimi oda təslim edərəmsə, lakin məhəbbətim yoxdursa, bunun mənə heç bir xeyri yoxdur.  4Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz, öyünməz, lovğalanmaz,  5kobudluq etməz, öz xeyrini güdməz, hirslənməz, ona edilən pislikləri sayıb-hesablamaz.  6Məhəbbət haqsızlığa sevinməz, həqiqətə isə şadlanar.  7O hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə dözər.  8Məhəbbət əsla tükənməz. Amma peyğəmbərliklər sona çatacaq, dillər ənamı da qurtaracaq, bilik də aradan qalxacaq.  9Çünki biliyimiz məhdud, peyğəmbərliyimiz də məhduddur.  10Kamillik gələndə məhdud olan aradan qalxacaq.  11Mən körpə olanda körpə kimi danışır, körpə kimi dərk edir, körpə kimi düşünürdüm. Boya-başa çatdıqda isə körpə fikirlərimi tərk etdim.  12İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm.  13İndi isə üç şey qalır: iman, ümid, məhəbbət. Amma bunların arasında məhəbbət üstündür.

YUXARI

1 Korinflilərə 14

Naməlum dillər və peyğəmbərlik ənamları

1Məhəbbətin ardınca gedin və ruhani ənamları, xüsusilə, peyğəmbərlik ənamını səylə istəyin.  2Çünki naməlum dildə danışan, adamlarla yox, Allahla danışır. Onu heç kim başa düşmür. O, Ruh vasitəsilə sirlər söyləyir.  3Peyğəmbərlik edənsə adamlarla onları ruhən inkişaf etdirmək, həvəsləndirmək və təsəlli vermək üçün danışar.  4Naməlum dildə danışan özünü inkişaf etdirir, peyğəmbərlik edənsə cəmiyyəti inkişaf etdirir.  5İstərdim ki, hamınız dillərdə danışasınız, daha yaxşı olar ki, peyğəmbərlik edəsiniz. Çünki cəmiyyətin inkişafı üçün peyğəmbərlik edən insan dillərdə danışan və izah etməyən insandan üstündür.  6İndi isə, qardaşlar, yanınıza gəlib dillərdə danışsam, amma nazil olan sözü, bilik, peyğəmbərlik yaxud təlim sözünü sizə deməsəm, sizə nə xeyrim dəyər?  7Tütək ya da çəng kimi cansız alətlər fərqli səslər çıxarmazsa, eşidən nə çalındığını necə bilər?  8Əgər şeypur aydın olmayan səs çıxararsa, döyüşə kim hazırlaşar?  9Eyni tərzdə də əgər siz dilinizlə anlaşılan sözlər söyləməsəniz, dediyinizi necə başa düşərlər? Siz havaya danışmış olursunuz!  10Şübhəsiz, dünyada bir çox cürbəcür danışıqlar var və onlardan heç biri mənasız deyil.  11Amma söylənilən danışığın mənasını bilmirəmsə, mən danışan üçün yadelli oluram, danışan da mənə yadelli olur.  12Eləcə siz də ruhani ənamları səylə istədiyiniz üçün cəmiyyəti inkişaf etdirən ənamlarda üstün olmağa çalışın.  13Bu səbəbdən də naməlum dildə danışan öz dediklərini izah edə bilməsi üçün dua etsin.  14Çünki əgər mən naməlum dildə dua edirəmsə, ruhum dua edir, amma şüurum bəhrəsiz qalır.  15Bəs mən nə edim? Ruhən də, şüurlu surətdə də dua edəcəyəm, ruhən də, şüurlu surətdə də ilahi oxuyacağam.  16Təlim öyrənməmiş adamın vəziyyətini nəzərə al. Sən yalnız ruhən şükür duası edirsənsə, o sənin şükranına necə «Amin!» desin? Axı sənin nə dediyini başa düşmür.  17Əlbəttə, sən yaxşı şükür edirsən, amma bu adam inkişaf edə bilməz.  18Mən dillərdə hamınızdan çox danışdığım üçün Allaha şükür edirəm.  19İmanlılar cəmiyyətində isə naməlum dildə minlərlə söz deməkdənsə başqalarını öyrətmək üçün şüurlu surətdə beş kəlmə deməyi üstün tuturam.  20Qardaşlar, əqlən uşaq olmayın. Pisliyə münasibətdə körpə olun, amma əqlən yetkin olun.  21Qanunda yazılıb: «Rəbb deyir:

“Bu xalqla yadellilərin ağzı ilə,

Başqalarının dilləri ilə danışacağam.

Amma onlar hətta o vaxt məni eşitmək istəməyəcəklər”».

22Beləliklə, naməlum dillər iman edənlər üçün deyil, imansızlar üçün bir əlamətdir. Peyğəmbərlik isə iman etməyənlər üçün deyil, imanlılar üçündür.  23Əgər bütün cəmiyyət bir yerdə toplaşıb, hamı naməlum dillərdə danışmağa başlayarsa və təlim öyrənməmiş adamlar yaxud iman etməyənlər oraya girərlərsə, deməzlər ki, siz ağlınızı itirmisiniz?  24Amma hamı peyğəmbərlik edirsə və oraya iman etməyən yaxud təlim öyrənməmiş adam girirsə, o hamı tərəfindən inandırılacaq, hər sözlə özünü araşdıracaq.  25Ürəyindəki gizli fikirlər aşkara çıxacaq və o üzüstə yerə döşənib Allaha səcdə edəcək və «Allah, həqiqətən, aranızdadır!» deyib nida edəcək.

Düzgün ibadət

26Bəs onda nə deyək, ey qardaşlar? Toplaşanda hər birinizin bir ilahisi, bir dərsi, bir nazil olan sözü, bir naməlum dildə sözü, bir izahı var. Qoy bunlar hamısı bir-birinizin inkişafı üçün olsun.  27Əgər kimsə naməlum dildə danışırsa, iki yaxud ən çox üç adam növbə ilə danışsın, bir nəfər də izah etsin.  28Əgər izah edən yoxdursa, naməlum dildə danışan cəmiyyətdə sussun, yalnız özü ilə və Allahla danışsın.  29İki ya üç peyğəmbər danışsın, başqaları isə onların dediklərini ayırd etsin.  30Əgər oturanlardan birinə nazil olan söz gələrsə, ilk danışan sussun.  31Çünki hamınız bir-birinizin ardınca peyğəmbərlik edə bilərsiniz ki, hamınız təlim öyrənib ruhlanasınız.  32Peyğəmbərlərin ruhları da peyğəmbərlərə tabe olur.  33Çünki Allah qarışıqlıq deyil, sülh qaynağıdır. Müqəddəslərin bütün cəmiyyətlərində belədir.  34Qadınlar cəmiyyət toplantılarında sussun, çünki onlara danışmağa icazə verilmir; onlar Qanunun da buyurduğu kimi tabe olsunlar.  35Öyrənmək istədikləri bir şey varsa, evdə ərlərindən soruşsunlar. Çünki qadına cəmiyyətdə danışmaq ayıbdır.  36Məgər Allahın kəlamı siz Korinflilərdən qaynaqlandı, yoxsa yalnız sizə çatdı?  37Kim özünü peyğəmbər və ya ruhani hesab etsə, qoy bilsin ki, sizə yazdıqlarım Rəbbin əmridir.  38Kim buna əhəmiyyət verməsə, ona da əhəmiyyət verilməyəcək.  39Beləliklə, qardaşlarım, peyğəmbərlik etməyi səylə istəyin və naməlum dillərdə danışmağa da mane olmayın.  40Amma qoy hər şey ədəblə və intizamla edilsin.

YUXARI

1 Korinflilərə 15

Məsihin dirilməsinin mühümlüyü

1İndi, qardaşlar, sizə bəyan etdiyim və qəbul edib əsaslandığınız Müjdəni yadınıza salmaq istəyirəm.  2Əgər sizə bəyan etdiyim sözə bağlanmısınızsa, o Müjdə ilə də xilas olmaqdasınız, yoxsa əbəs yerə iman etmisiniz.  3Özümün də qəbul etdiyim bu ən əhəmiyyətli təlimi sizə çatdırdım: Müqəddəs Yazılara uyğun olaraq, Məsih günahlarımız üçün öldü,  4dəfn olundu və Müqəddəs Yazılara uyğun olaraq, üçüncü gün dirildi.  5O əvvəl Kefaya, sonra On İki şagirdə göründü.  6Bundan sonra beş yüzdən çox bacı-qardaşa eyni anda göründü. Bu bacı-qardaşlardan çoxu indi də yaşayır, bəziləri isə vəfat etmişdir.  7Məsih daha sonra Yaquba, sonra bütün həvarilərə göründü.  8Hamıdan sonra isə vaxtından əvvəl doğulmuş bir uşağa bənzəyən mənə də göründü.  9Çünki mən həvarilərin ən kiçiyiyəm və Allahın cəmiyyətini təqib etdiyim üçün həvari adlanmağa layiq deyiləm.  10Amma indi hər nəyəmsə, Allahın lütfü ilə eləyəm. Onun mənə göstərdiyi lütf əbəs deyildi, çünki mən hamıdan çox zəhmət çəkdim. Əslində mən yox, Allahın mənimlə birgə fəaliyyətdə olan lütfü bu zəhməti çəkdi.  11Beləcə istər mən, istərsə də onlar bu cür vəz edirik; siz də belə iman etmisiniz.

Ölülərin dirilməsi

12Əgər Məsih haqqında vəz olunursa ki, O, ölülər arasından dirildi, sizlərdən bəzisi ölülərin dirilməsinin olmadığını necə söyləyə bilər?  13Əgər ölülərin dirilməsi yoxdursa, Məsih də dirilməyib.  14Əgər Məsih dirilməyibsə, onda həm bizim vəzimiz puç, həm də sizin imanınız puçdur.  15Belə halda Allah barədə yalançı şahid olduğumuz da aşkara çıxacaq. Çünki biz Allah barədə şəhadət etdik ki, O, Məsihi diriltdi. Amma ölülər dirilməzsə, Allah Məsihi də diriltmədi.  16Çünki əgər ölülər dirilməzsə, Məsih də dirilməyib.  17Əgər Məsih dirilməyibsə, imanınız da əbəsdir, siz hələ günahlarınızın içindəsiniz.  18Onda Məsihdə vəfat edənlər əbədilik öldülər.  19Əgər yalnız bu həyat üçün Məsihə ümid bağlamışıqsa, biz hamıdan yazığıq.  20Əslində Məsih ölülər arasından, vəfat edənlərin ilki olaraq dirildi.  21Ölüm bir insan vasitəsilə gəldiyinə görə ölülərin dirilməsi də bir İnsan vasitəsilə gəlir.  22Adəmdə hamı öldüyü kimi Məsihdə də hamı həyata qovuşacaq.  23Hər biri öz növbəsi ilə – ilk növbədə Məsih, sonra Məsihin zühurunda Məsihə məxsus olanlar həyata qovuşar.  24Bundan sonra O hər başçını, hər hakimi və hər qüvvəni aradan götürüb Padşahlığı Ata Allaha təslim edəcəyi zaman hər şey tamamlanacaq.  25Çünki Allah Onun bütün düşmənlərini ayaqlarının altına salanadək O, padşahlıq etməlidir.  26Aradan götürüləcək son düşmən isə ölümdür.  27Çünki Allah «hər şeyi Onun ayağının altına qoydu». Amma Məsihə hər şey tabe oldu deyiləndə aydın olur ki, hər şeyi Ona tabe etdirən Allah buraya daxil deyil.  28Hər şey Oğula tabe olandan sonra Oğul Özü də Ona hər şeyi tabe etdirən Ataya tabe olacaq ki, Allah hər şeydə hər şey olsun.  29Yoxsa ölülər uğrunda vəftiz olunanlar nə edəcək? Əgər ölülər heç vaxt dirilməsə, insanlar ölülər uğrunda niyə vəftiz olunur?  30Biz də nə üçün hər an təhlükələrə uğrayırıq?  31Ey qardaşlar, Rəbbimiz Məsih İsada sizinlə etdiyim fəxrin haqqı üçün mən hər gün ölümlə qarşılaşıram.  32Adi insanların bəslədiyi ümidlərlə Efesdə vəhşi heyvanlarla mübarizə aparmağımın mənə xeyri nə idi? Əgər ölülər dirilməzsə, «qoy yeyib-içək, çünki sabah öləcəyik!»  33Aldanmayın: «Pis adamlarla ünsiyyət yaxşı əxlaqı pozur».  34Ayılın, saleh olun, daha günaha batmayın. Axı bəziləriniz Allah barəsində heç nə bilmir. Utanasınız deyə bunu yazıram.

Dirilmədən sonrakı bədən

35Lakin bir nəfər belə deyə bilər: «Ölülər necə diriləcək? Onlar nə cür bədənlə gələcəklər?»  36Ey ağılsız insan! Sənin əkdiyin toxum ölməsə, həyata qovuşmaz!  37Əkərkən hasil olacaq bədəni deyil, yalnız toxumu – bəlkə buğdanın ya digər bitkinin toxumunu əkirsən.  38Amma Allah o toxuma istədiyi quruluşu verir. O hər bir bitən toxuma özünə məxsus quruluş verir.  39Hər canlı məxluqun əti eyni deyil. İnsan əti başqa, heyvan əti başqa, quş əti başqa, balıq əti başqadır.  40Səma cisimləri var, dünya cisimləri də var. Amma səmavi olanların ehtişamı başqa, dünyəvi olanların da başqadır.  41Günəşin ehtişamı başqa, ayın ehtişamı başqa, ulduzların ehtişamı başqadır. Ulduz da digər ulduzdan ehtişamına görə fərqlənir.  42Ölülərin dirilməsi də belədir. Əkilən toxum çürüyər, ondan əmələ gəlib dirilən bədən çürüməz;  43əkilən toxum hörmətsiz, dirilən bədən izzətlidir; əkilən toxum zəif, dirilən bədən qüvvətlidir;  44əkilən toxum təbii, dirilən bədən ruhanidir. Təbii bədən varsa, ruhani bədən də var.  45Necə ki yazılıb: ilk insan Adəm «canlı bir varlıq oldu». Sonuncu Adəm isə həyat verən ruh oldu.  46Amma ilkin ruhani deyil, təbii bədəndir. Ruhani isə sonra gəlir.  47İlk insan yerin torpağından, ikinci İnsan göydən yarandı.  48Torpaqdan yaranan adam necədirsə, torpaqdan yarananlar da elədir; səmavi Adam necədirsə, səmavilər də elədir.  49Biz torpaqdan yarananın surətini necə gəzdiririksə, səmavi Olanın surətini də elə gəzdirəcəyik.  50Ey qardaşlar, bunu demək istəyirəm ki, ət və qan Allahın Padşahlığını irs olaraq ala bilməz, eləcə də çürüyən bədən çürüməzliyi irs olaraq almaz.  51Baxın sizə bir sirr açmaq istəyirəm: hamımız vəfat etməyəcəyik,  52amma son şeypur çalınanda bir andaca, bir göz qırpımındaca hamımız dəyişiləcəyik. Çünki şeypur çalınacaq, ölülər çürüməzliklə diriləcək, bizsə dəyişiləcəyik.  53Çünki bu çürüyən bədən çürüməzliyə, bu ölümə düçar olan bədən ölməzliyə bürünməlidir.  54Çürüyən bədən çürüməzliyə və ölümə düçar olan bədən ölməzliyə büründükdə «Ölüm yox edildi,

Onun üzərində qələbə çalındı!»

deyə yazılmış söz yerinə yetəcək.  55«Ey ölüm, qələbən hanı?

Ey ölüm, neştərin hanı?»

56Ölümün neştəri günahdır, günah isə gücünü Qanundan alır.  57Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!  58Beləliklə, ey sevimli qardaşlarım, Rəbdə çəkdiyiniz zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun, sarsılmayın, hər zaman Rəbbin işində səylə çalışın.

YUXARI

1 Korinflilərə 16

İanələr haqqında

1İndi isə müqəddəslər üçün ianələr yığmağa gəlincə, Qalatiya cəmiyyətlərinə necə buyurmuşamsa, siz də elə edin.  2Hər həftənin birinci günü hamınız qazancınıza görə müəyyən miqdarda pul ayırıb saxlayın ki, mən yanınıza gələndə ianə yığmağa ehtiyac qalmasın.  3Oraya çatanda ianələrinizi Yerusəlimə çatdırmaq üçün seçdiyiniz adamları məktublarla göndərəcəyəm.  4Əgər mənə də getmək məsləhət olsa, onlar mənimlə gedər.

Paulun səyahət niyyətləri

5Mən Makedoniyadan keçəndən sonra yanınıza gələcəyəm, çünki Makedoniyadan keçmək niyyətindəyəm.  6Bəlkə də yanınızda bir az qalacağam, hətta qışı da keçirəcəyəm ki, siz məni gedəcəyim yerlərə yola salasınız.  7Çünki mən sizinlə ötəri görüşmək istəmirəm. Rəbbin izni ilə yanınızda bir müddət qalmağa ümid edirəm.  8 Efesdə isə Əllinci Gün bayramınadək qalacağam.  9Çünki mənə fəal iş üçün geniş qapı açılıb. Mənə qarşı çıxanlar da çoxdur.  10Timotey nə vaxt yanınıza gəlsə, aranızda olanda onun heç bir şeydən qorxmamasına diqqət yetirin, çünki o da mənim kimi Rəbbin işini görür.  11Bu səbəbə görə də qoy heç kim ona xor baxmasın. Fəqət onu əmin-arxayın yola salın ki, o yanıma gələ bilsin. Çünki mən qardaşlarla birgə onu gözləyirəm.  12Apollo qardaşa gəlincə, mən ondan çox xahiş etdim ki, qardaşlarla birgə yanınıza getsin, amma o indi heç bir vasitə ilə getmək istəmir. Ona münasib olan vaxt gedəcək.

Son xahişlər

13Ayıq olun, imanda sabit durun, mərd və möhkəm olun.  14Qoy etdiyiniz hər bir əməl məhəbbətlə olsun.  15Qardaşlar, sizdən bir xahişim var. Siz Stefananın ailəsini tanıyırsınız və bilirsiniz ki, onlar Axayyanın ilk imanlılarıdır. Onlar özlərini müqəddəslərin xidmətinə həsr etmişlər.  16Siz də belə adamlara və onlarla birlikdə çalışan və zəhmət çəkən hər kəsə tabe olun.  17Stefana, Fortunat və Axaikin gəlməsinə sevinirəm, çünki onlar gələndə sizin üçün darıxmağımı unutdum.  18Onlar sizin kimi mənim də ruhumu təzələdilər. Belələrinin qədrini bilin.

Salam göndərmə

19Sizi Asiya vilayətinin cəmiyyətləri salamlayır. Akila və Priskila öz evlərində toplaşan cəmiyyətlə birlikdə Rəbbin ismi ilə sizə çoxlu salam göndərirlər.  20Bütün bacı-qardaşlar sizə salam göndərir. Bir-birinizi müqəddəs öpüşlə salamlayın.  21Mən Paul bu salamı öz əlimlə yazıram.  22Rəbbi sevməyənə lənət olsun. Marana ta!  23Rəbbimiz İsanın lütfü sizə yar olsun!  24Mənim məhəbbətim Məsih İsada olan hamınızla olsun!

YUXARI