İncilə 27 kitab daxildir.
Bu kitablar İsa Allahın dərgahına çəkildikdən 50 il sonra 10 müəllif tərəfindən Yunan dilində yazılmışdır. Bu kitabların insan tərəfindən yazılmasına baxmayaraq, müəlliflər Allah tərəfindən idarə edilmiş, Müqəddəs Ruh vasitəsilə ilhamlandırılmışlar. Allah xəbərini öz ardıcıllarına vermiş və sonradan onlar Allahın Sözünü kitaba köçürmüşlər. Allah tərəfindən göndərilən peyğəmbərlər Allahın onlara nazil etdiyi sözləri insanlara çatdırdığı kimi, İncilin müəllifləri də Allahın onlara nazil etdiyi sözləri, vəhyləri və şahidi olduqları hadisələri Müqəddəs Ruhun qüvvəsi və köməyi ilə Kitaba yazmışlar. Bu haqda İncildə 2 Peter 1-ci fəsil, 20-21-ci ayələrdə deyilir:” çünki peyğəmbərlik heç zaman insan iradəsilə gəlməmişdir. Lakin Allahın müqəddəs insanları, Müqəddəs Ruh tərəfindən hərəkətə gətirilərək danışırdılar”. İncil Allahın yazılmış kəlamı və həqiqətidir. Çoxları İncilin dəyişdirildiyini iddia edirlər, lakin onların əsassız etirazlarına heç bir sübut yoxdur. Əksinə, kəlamın dəyi Dirilmədiyinə isə sübutlar çoxdur. Hal hazırda 1600 il bundan qabaq yazılmış yunan manuskriptləri mövcuddur ki, istifadə etdiyimiz İncil bu mənbədən tərcümə olunmuşdur. Allah öz sözünü bütün xalqlara və ölkələrə göndərmişdir. Buna görə də məsihilər bu kitabı müxtəlif xalqların doğma dillərinə tərcümə etməyə həmişə səy göstərmişlər. İncil 2000-dən artıq dillərə tərcümə olunmuş və hər dildə Kəlam eynidir. İncil tarixi nöqteyi-nəzərdən çox dəqiqdir. Allah, Kəlamın hər bir insana çatdırılması üçün onu dəyişikliklərdən qorumuşdur. O, İncili hər bir insanı həqiqətə tərəf yönəltmək üçün göndərmiş və Onun insanların azdırılması üçün Kəlamın dəyişdirilməsinə yol verməsi qeyri-mümkündür.
Yadda saxlayın ki, günahın axırı ölümdür (təkcə fiziki deyil, həm də hamımızın Allaha qarşı etdiyimiz günahlar üzündən Allahdan layiq olduğumuz ruhani ayrılıq). İncildə Romalılara Məktub, 6-cı fəsil, 23-cü ayədə deyilir ki, günahın axırı ölümdür. Bu Allah tərəfindən yaradılışdan təməli qoyulmuş əbədi həqiqətdir və heç zaman dəyişdirilə bilməz. Allah öz sözünə sadiqdir və ədalətlə hökm edir, ədalətli olduğuna görə də günah cəzasız qala bilməz.
Beləliklə, Allah İsanı insanların günahlarına görə veriləcək qurban kimi yer üzərinə göndərdi. İsa günahsız olduğuna görə Allah qarşısında layiqli və məqbul bir qurban idi.
“Çünki günah nə olduğunu bilməyən Məsihi O, əvəzimizə günah qurbanı etdi ki, biz Onun sayəsində, Allahın salehliyi ilə eyniləşək” (İncil, 2.Korinflilər, 5-ci fəsil, 21-ci ayə )
Romalılar onu çarmıxa çəkdilər, İsa isə heç bir müqavimət göstərmədən onlara imkan verdi və O çarmıxda öldu. Romalılır ən ağır cinayətkarları, çarmıxa çəkməklə cəzalandırırdılar. Buna görə də çarmıx heç bir inanc və ya səcdə simvolu olmamalıdır. İsa dəfələrlə öz şagirdlərinə tezliklə öləcəyini bildirmişdi, amma şagirdləri Ona inanmamışdılar. İsa və Ondan qabaq yaşamış peyğəmbərlər tərəfindən və Zəbur kitabında Onun öldürüləcəyi və üç gündən sonra Allahın Onu əbədi həyat üçün dirildəcəyi bildirilmişdi. Əvvəl deyildiyi kimi, günahın nəticəsi ölümdür (Allahdan ruhani və cismani ayrılıq) Bununla İsa günahsız olduğu halda üzləşdi.
“Hamımız qoyun kimi yolu azmışdıq, hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu” (Yeşaya peyğəmbərin kitabı, 53-cü fəsil, 6-cı ayə).
İsa bizim günahlarımızın əvəzinə verilən qurbandır. İsa, günahlarımıza görə layiq olduğumuz cəzanı öz üzərinə götürdü və onun vasitəsilə Allahla ruhani həyata və birliyə malik ola bilərik. O, necə də heyrətamiz bir məhəbbət və qurbandır. İsa özü demişdir: “…bir nəfərin dostları uğrunda canını verməsindən daha böyük məhəbbət yoxdur” (Yəhya Müjdəsi, 15-ci fəsil, 13-cü ayə). Buna görə də ruhani və əbədi həyat bizim əməyimiz deyil, İsanın əməli sayəsindədir. Biz nə qədər cəhd etsək də, Allahla vəhdətə – birgə həyata çata bilmirik. Yalnız İsanı – O kamil, günahsız Tanrı Quzusunun bizim günahlarımıza görə qanı töküldü. Bizim günahlarımızı bu pak, qiymətli, qüsursuz qurbanın qanı yudu. Yalnız bu qurban Allahı razı saldı və bizi Allahla barışdıraraq, Onunla birləşmək üçün əvəzsiz bir yol oldu. İsa ölümdən dirildi ki, bizə əbədi, bol həyat versin, ədalətli Allahın ədalətinin qələbəsini təmin etsin.
3) Çünki mənim də aldığım bu ən ümdə təlimi sizə təslim etdim, yəni Məsih, Müqəddəs Yazılara uyğun olaraq, bizim günahlarımız üçün öldü, 4) və basdırıldı, üçüncü gündə isə Müqəddəs Yazılara uyğun olaraq dirildi. 5) Əvvəlcə Kefaya, sonra da Onikilərə göründü. 6) Bundan sonra eyni vaxtda beş yüzdən çox qardaşa göründü. Bu qardaşlardan çoxu indi də sağdır, bəziləri isə vəfat ediblər. 7) Daha sonra O, Yaquba və bunu mutəaqib bütün həvarilərə göründü (İncil, 1.Korinflilər, 15-ci fəsil, 3-cü ayədən 7-ci ayəyə qədər)
İsa, yalnız İsrail xalqı və ya Qərb insanları üçün deyil, hər bir xalq və siz də daxil olmaqla, hər bir insan üçün öldü.
Görəsən Allah nə üçün sizi xilas etmək və özü ilə münasibətləri bərpa etmək üçün bu cür müstəsna yolu seçmişdir?
İlk növbədə, Onun qanunu bunu tələb edirdi. Allah ədalətlidir və başlanğıcdan qoyduğu prinsiplərə və qanunlara qarşı gedə bilməz. Əvvəl qeyd etdiyimiz kimi Allahın Kəlamında deyilir ki, günahın sonu ölümdür. Bu üzdən İsa Allahın qəzəbini, bizim günahlarımızı öz üzərinə götürməklə razı saldı.
İkincisi, Allah sizi çox sevir və sizi, Onunla ünsiyyətiniz üçün yaratmışdır. O sizi çox yaxşı tanıyır və sizin də Onu tanımağınızı çox istəyir. Allah sizinlə danışmaq və həyatınızın Onun hüzurunda keçməsini istəyir. O, həqiqətən də sizə təsəvvür edə biləcəyinizdən çox-çox artıq, hər hansı dünyəvi münasibətlərdən daha yaxın olmaq istəyir. İnsanlara irsi olaraq Adəm və Həvvaya verdiyi ruhani həyatı bərpa etmək arzusundadır. Biz Allahla yeni münasibət yaradanda, yenidən dünyaya gəlmiş məxluqa bənzəyirik.
İsa dedi: “Doğrusunu, doğrusunu deyirəm, bir kimsə yenidən doğulmasa, Allahın Səltənətini görə bilməz” (İncil, Yəhya Müjdəsi 3: 3).
“Buna görə, Kim Məsihdədirsə, yeni məxluqdur, köhnə şeylər keçdi, indi hər şey yeni oldu” (İncil, 2.Korinflilər 5-ci fəsil, 17-ci ayə)
Biz Ona iman edərkən, Müqəddəs Ruhu alırıq. Kəlamda deyilir ki, Allah Ruhdur və onun Müqəddəs Ruhunu qəbul etdiyimiz zaman həm də həyatımıza Onun daimi hüzurunu qəbul edirik. Bunun mənası nədir? Bu o deməkdir ki, biz xarakterimizdə Allahın təbiətini əks etdirməyə başlayırıq. Qalatiyalılara məktub, 5-ci fəsil, 22-23-cü ayələrdə Allah Müqqədəs Ruhunun tam təsvirini verir. “Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik və özünə hakim olmaq…”
Bu keyfiyyətlərin ailənizdəki münasibətlərdə olmasını təsvir edə bilərsinizmi? Xarici amillərdən asılı olmayaraq, Onun Ruhunu qəbul etdiyimiz zaman, biz bu Ruhun səmərələrini öz həyatımızda təcrübədən keçiririk. Biz bunu istehsal etmirik, biz Allaha etibar etməyə və ona itaət etməyə başladıqda, bu bizim həyatımızda təbii olaraq özünü göstərir. Allah yalnız sizin davranışınızı deyil, həm də sizin ürəyinizi dəyişmək istəyir. Sizin ürəyiniz dəyişdikdə və Onun Ruhu ilə dolduqda, düzgün davranış öz təbii axarı ilə gedir. Ruhun yuxarıda sadalanan səmərələrinə baxın.
Siz öz həyatınızda bu səmərələrə maliksinizmi?
Biz Ruhu həqiqətən qəbul etdikdə, zənn etmək olarmı ki, həyatda heç bir çətinliyimiz olmayacaq? Xeyir, biz bu dünyada yaşayırıq və bizim həmişə çətinliklərimiz olacaqdır. Lakin üzləşdiyimiz problem və çətinliklərin öhdəsindən gəlmək üçün Allahın hüzuru və qüdrəti bizə kömək edəcəkdir.
Problemlərlə üzləşdiyiniz zaman Müqəddəs Ruhun səmərələri; məhəbbət, sevinc, sülh, dözüm, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik və özünü idarə etmək bacarığı sizin həyatınızda özünü göstərə bilər. Yuxarıda deyildiyi kimi, Allahın Ruhu həyatınıza daxil olmuş pis adətlərə və günaha qalib gəlmək üçün güc verə bilər. Sizin həyatınızda elə səhvlər varmı ki, bu günə qədər onu davam edirsiniz? Allah qüdrətlidir və sizin dəyişməniz üçün öz gücünü göstərmək istəyir. Sizi dərin məhəbbətlə sevən Allah öz ürəyini sizə açmaq, sizinlə ünsiyyət yaratmaq, sizə xeyir-dua vermək və kömək etmək istəyir.
Avtomobil yanacaqsız işləyə bilmədiyi kimi, biz də Allahsız heç nə edə bilmərik. Buna görə də biz Allahın istədiyi kimi yaşamalıyıq. Əgər mühərrikə yanacaq tökülməsə, mühərrik işləməyəcək və nasaz vəziyyətə düşəcək. Eyni zamanda, əgər həyatımızı Allaha həsr etməsək və ondan tam asılı olmasaq, bizim həyatımız özünü doğrultmayacaq və korlanacaqdır.
Biz Allahla ünsiyyətə iman vasitəsilə girə bilərik.
İncil çox aydın qeyd edir ki, İsaya və Onun bizə görə qurban getdiyinə iman etsək, o zaman bağışlana bilərik və həm bu dünyada, həm də səmavi aləmdə əbədi həyata malik ola bilərik.
Yaxşı əməllərimizlə deyil, lakin imanımızla:
“Zira Allahın lütfü ilə imanla xilas oldunuz və bu, sizdən asılı deyil, amma Allahın ənamıdır. Əməllərdən asılı deyil ki, heç kəs öyünməsin” (İncil, Efeslilərə məktub, 2-ci fəsil 8-9-cu ayələr)
Burada lütfün mənası qazanılmamış və ya layiq olmadığımız halda verilən təmənnasız hədiyyədir.
Burada deyilir ki, biz Allahın lütfü ilə imanımız vasitəsilə xilas oluruq.