İlk növbədə gəlin, imana aid olmayan şeylərə nəzər salaq:
1. Bu inam, bizim tarixi hadisələrə düşüncəmizlə qiymət verdiyimiz inam deyil. Məsələn, “mən inanıram ki, Nizami Gəncəvi Azərbaycanın tanınmış şairidir” Bu, əqli inamdır. Lakin tam inam üçün kifayət etmir. Dünyada bir çox insanlar Allaha inanırlar, ancaq bu o demək deyil ki, onlar ruhani həyat sürür və əbədi həyat qazanacaqlar. İncildə, Həvari Yaqubun məktubu, 2-ci fəsil 19-cu ayədə deyilir: “İman edirsənmi ki, Allah birdir? Yaxşı edirsən; cinlər də iman edir və titrəyirlər!” Günahkarların çoxu Allaha inanır, amma ondan ayrıdırlar və günahın buxovundadırlar.
2. Bu heç də bizə lazım olduğu zaman Allahı çağırdığımız, “müvəqqəti iman” deyil. Məsələn, bizim problemimiz və doğrudan da köməyə ehtiyacımız olduqda, Allaha car çəkirik. Bu cür iman xilasedici iman deyil. Allah, bizim həyatımızda yalnız ehtiyacımız olduqda deyil, həmişə olmaq istəyir. Yalnız ehtiyac olduğu zaman dostlarınızın, qohumlarınızın və ya övladlarınızın sizə müraciət etmələri sizə necə təsir edərdi? Hər birimiz vəziyyətindən asılı olmayaraq, başqalarından məhəbbət və hörmət gözləyirik. Belə olduğu halda, hətta heç bir ehtiyacımız olmadığı halda belə, Allaha daha artıq məhəbbət və hörmət göstərmək lazım deyilmi?
İndi isə xilasedici imanın həqiqi izahına baxaq :
Allaha iman, tamamilə Ona etibar etməkdir. Bu, günahlarınızdan və özünüz üçün yaşamaqdan üz döndərib, həyatınızın hər bir sahəsini (ailə, büdcəniz, dostlar, gələcək həyatınız, işiniz və s.) Allaha, onun səlahiyyətinə və sözünə etibar etmək deməkdir. Siz tamlığı ilə həyatınızı Allaha təslim edir, bir Müəlliminiz (Rəbb) kimi həyatınızı Ona və Onun sözünə tabe edirsiniz.
İmanın mənasını daha geniş başa düşmək üçün növbəti misala baxın:
Bir kəndirbaz yüksək bir şəlalənin üzərindən asılmış nazik bir kəndirin üzərindən keçirdi. Çoxları onun bu heyranedici və təhlükəli tamaşasına baxmağa yığışırdılar. Bir gün o, birtəkərli araba götürüb, toplaşmış adamlardan soruşdu: “Hansınız inanır və ya iman edir ki, mən bu araba ilə kəndirin üzəri ilə şəlalənin o tayına keçə bilərəm?” Hamı onun bacarıqlı olduğunu düşünərək əl çaldılar və “bəli, sən bacararsan !” dedilər. O, araba ilə nazik kəndirin üzərindən müvəffəqiyyətlə o taya keçir və adamlar ona əl çalır və tərifləyirlər. Sonra o, adamlara başqa bir sual verir: ”Kim inanır ki, mən arabanın içində ikən adamı şəlalənin o tayına keçirə bilərəm?” Oraya toplaşan camaat yenə inandığını bildirir. Sonuncu sual daha çox fərdi xarakterli idi: “Arabaya kim oturar?” Birdən-birə kütlənin arasına sükut çökür və alçaq səslə giley eşidilir. Heç kəs arabaya oturmaq istəmirdi. Bu adamlar əqlən kəndirbazın bacarığına inanırdılar, amma heç kəs kəndirbaza etibar edib, arabaya minmək istəmirdi.
Eynilə, bizim Allaha və Onun bizim üçün elədiklərinə olan əqli və müvəqqəti inamımız qənaətbəxş deyildir. Lakin biz Ona etibar etməli, həyatımızı ona verməklə, bütün ümidimizi Ona bağlamalıyıq. Beləlikə, biz əbədi həyatı yaxşı əməllərimizlə deyil, yalnız İsanın özünü bizim uğrumuzda qurban verdiyinə görə əldə edə bilərik.
(Romalılar 5:6-11) 6) Çünki biz hələ gücsüz ikən, Məsih müəyyən zamanda allahsızlar uğrunda öldü. 7) Çünki çətin güman etmək olar ki, kimsə saleh uğrunda ölsün; yaxşı bir adam uğrunda bəlkə də biri ölməyə cəsarət edər. 8) Lakin Allah bizə olan Oz məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ikən Məsih bizim uğrumuzda öldü. 9) Beləliklə, Onun qanı ilə indi saleh sayıldığımıza görə, Onun vasitəsi ilə Allahın qəzəbindən xilas olacağımız daha çox qətidir. 10) Çünki əgər biz Allahın düşmənləri ikən Onun Oğlunun ölümü vasitəsilə Allahla barışdıqsa, barışmış olaraq Onun həyatı ilə xilas olacağımız daha çox qətidir. 11) Və yalnız bununla deyil, ancaq Onun vasitəsilə indi barışığa nail olduğumuz Rəbbimiz İsa Məsih vasitəsilə Allahla da öyünürük.
Allaha və Onun qurbanına iman gətirərək, dua ilə ruhani və əbədi həyat qazanırsınız. Allah sizin ürəyinizi bilir və sizin sözlərinizə deyil, sizin ürəkdən doğan münasibətinizə baxır.
Aşağıda göstərilən duanı oxuyun. Əgər bu dua sizin ürəkdən gələn istəyinizi ifadə edirsə, xahiş edirik, bu sözlərin nə qədər dəyərli olduğu barədə düşünəsiniz. Bu ötəri bir qərar deyil. Lakin həyatınızı dəyişəcək və yalnız bir dəfə atacağınız addımdır ki, siz öz həyatınızı Allaha və Onun iradəsinə təhvil verəsiniz. Bu, həm də sizin ailənizin bəzi üzvləri və dostlarınız tərəfindən qəbul edilməmənizlə də nəticələnə bilər. Yeni imanınıza görə siz əziyyət çəkərək, hətta təqibə məruz qala bilərsiniz.
Siz yəqin fikirləşirsiniz ki, “Allaha verməzdən əvvəl, mən həyatımı təmizləməliyəm, bəd əməllərdən və günahlardan əl çəkməliyəm”. Əgər belə fikirləşirsinizsə, anlamaq lazımdır ki, sizin hayatınızı təmizləməyə heç bir ümidiniz yoxdur. Çünki əvvəl dediyimiz kimi, siz ruhən ölüsünüz və həyatınızı təmizləmək üçün gücünüz yoxdur. Yalnız Allaha və Allahın əməllərinə iman gətirsəniz, Ruhdan doğular, ruhən dirilərsiniz. Ruhda yaşamaq sizi günahdan və pis vərdişlərdən ayırar və sizə kömək edər ki, siz bunların üzərində qələbə çalasınız, çünki siz, Allahın sizdə əbədi qalan ruhani həyatını qəbul edirsiniz.
Dua Əziz Allahım, mən başa düşürəm ki, Sənin əmrlərini pozmuşam və Sənə qarşı günah işlətmişəm və buna görə Səndən ayrı düşmüşəm. Onu da anlayıram ki, günahım olduğuna görə, sayından asılı olmayaraq, gördüyüm yaxşı əməllərlə heç zaman xilas ola bilmərəm. İsanı mənim günahlarıma görə qurban verdiyinə və Onu ölülərdən diriltdiyinə görə minnətdaram. Minnətdaram ki, İsa mənim günahlarıma görə cəza çəkdi və mənim əvəzimə öldü. Mən günahlardan və yalnız özüm üçün yaşamaqdan imtina və tövbə edirəm və Sənə tərəf dönürəm. Mən Sənə güvənirəm və İsanın mənim üçün özünü qurban etməsinə iman edirəm. Xahiş edirəm, mənim günahlarımı bağışla, mənə ruhani və əbədi həyat ver. Amin.
Əgər çox vacib olan bu qərarı qəbul etdinizsə, İncili oxumağa və başqaları ilə bölüşməyə başlayın. Bu, imanda böyümək və Allahın iradəsini öyrənmək üçün sizə kömək olacaqdır.
İncildə Həvərilərin İşləri, 17-ci fəsil, 26-28 ayələrdə deyilir: 26) O, bütün xalqlardan olan insanları bir qandan yaratdı ki, bütün yer üzündə yaşasınlar. Onların qabaqcadan müəyyən edilmiş vaxtlarını və yaşadıqları yerlərin sərhədlərini təyin etdi ki, 27) Allahı axtarsınlar və bəlkə əl ilə yoxlaya-yoxlaya tapsınlar. Amma bununla bərabər O, heç birimizdən uzaq deyil. 28) Çünki biz Onunla yaşayırıq, hərəkət edirik və varıq; necə ki, sizin şairlərinizdən bəziləri də demişdir: “Biz də Onun nəsliyik”
Əvvəl deyildiyi kimi, Allahın sizin həyatınız üçün planı vardır. Burada deyilir ki, O, sizi və sizin xalqınızı yaratmışdır. O, sizin qabaqcadan müəyyən edilmiş vaxtlarınızı və yaşadığı yerlərinizin sərhədlərini təyin etmişdir. Nəyə görə belə deyilir? – Siz Allahı axtarasınız və tapasınız. O, sizi yaxından tanıyır və istəyir ki, siz də Onu tanıyasınız.
Bunu sizin xalqınıza necə təsir edəcəyini təsəvvür edirsinizmi? Biz bilirik ki, İsada bir olan insanlar bir-birini sevir, salehliyin ardınca gedir, başqasını özündən üstün tutur, sıx ünsiyyət və vəhdət yaradırlar, təmiz, möhkəm ailələri olur, çox çalışır, yaradır və qanunsuzluq edənləri məzəmmət edirlər.
Ölkəmizin keçdiyi çətinliklərin tarixinə baxmaq insanı heyran edir. Bilirsiniz ki, Allah sizin keçdiyiniz əziyyətləri bilir və sizin ölkənizə xeyir-dua vermək istəyir. Allah həqiqətən sarsılmış insanların qayğısına qalır və iman edib, Ona üz tutan hər kəsə kömək etməyə hazırdır. Onun həqiqi mahiyyətinin milli səviyyədə reallaşması üçün, bu ən əvvəl fərdi olaraq hər bir insanın ürəyindən başlamalıdır.