012 465 4150 info@yeniheyat.com

Habaqquq


Fəsillər

1 2 3

 

{attachments}

Habaqquq 1

1Habaqquq peyğəmbərə görüntü ilə nazil olan xəbərdarlıq.

Habaqququn şikayəti

2Ya Rəbb, nə vaxta qədər Səni imdada çağıracağam?

Sənsə eşitmirsən.

«Zorakılıq var!» deyə Sənə fəryad edirəm,

Lakin bizi qurtarmırsan.

3Niyə mənə şər göstərirsən,

Özün də haqsızlığa baxırsan?

Hara nəzər salsam,

Orada soyğunçuluq və zorakılıq var,

Davaların, çəkişmələrin sonu yoxdur.

4Buna görə qanun qüvvədən düşdü,

Ədalətə üstünlük verilmir.

Pis adamlar salehləri dövrəyə alır,

Ona görə ədalət təhrif olunur.

Rəbbin cavabı

5 Baxın o biri millətlərə,

Gördüklərinizə təəccüblənərək mat qalın.

Sizin vaxtınızda elə işlər görəcəyəm ki,

Bunu sizə danışsalar, inanmazsınız.

6 Budur, Mən amansız və qəddar milləti –

Dünyanın dörd tərəfinə yüyürən,

Özgə məskənləri zəbt edən

Xaldeyliləri qaldırıram.

7Onlar dəhşətli və qorxuncdur,

Ədalət və şərəf yalnız onlar deyəndir.

8Atları bəbirdən çevik,

Özləri isə ac qurddan daha azğındır,

Süvariləri yeri deşərək uzaqdan gəlir,

Şikarını yeməyə cuman qartal kimi şığıyır.

9Onların hamısı zorakılıq üçün gəlir,

Hamısı bir nəfər kimi irəliyə üz tutur,

Əsirləri qum kimi yığırlar.

10Padşahlara rişxənd edirlər,

Hökmdarlara gülürlər.

Hər qalalı şəhərə lağ edirlər,

Oraya torpaq qalağı töküb ələ keçirirlər.

11Onlar yel kimi keçib-gedir.

Qüvvələrini özlərinə allah edən bu adamlar

Təqsirkar sayılacaq.

Habaqquq yenə də Rəbbə şikayət edir

12Əzəldən bəri var olan Sən deyilsənmi?

Ya Rəbb, Allahım, Müqəddəs Olanım,

Biz ölməyəcəyik.

Ya Rəbb, məhkum etmək üçün onları təyin etdin.

Ey Qayamız, bizi cəzalandırma hökmünü onlara verdin.

13Sənin gözlərin çox təmizdir,

Şəri görən gözün yoxdur,

Pis əməllərə dözə bilmirsən.

Bəs xəyanətkarlara necə baxa bilirsən?

Pis özündən daha salehin başını yeyəndə

Axı niyə susursan?

14Sən insanları sanki dəniz balıqlarına,

Başçıları olmayan sürünən canlılara çevirdin.

15O onların hamısını qarmaqla çəkir,

Torla çıxarır, ağlarına yığır,

Buna sevinib-şadlanır.

16Buna görə torları üçün qurban kəsir,

Ağları üçün buxur yandırır,

Axı o bu torlarla

Bol və ləzzətli yemək əldə edir.

17Torunu durmadan boşaltmağa,

Millətləri amansızcasına qırmağa davam edəcəkmi?

YUXARI

Habaqquq 2

1Keşiyimdə duracağam,

Gözətçi qülləsində dayanacağam.

Baxım Rəbb mənə nə deyəcək,

Görüm şikayətlərimə nə cavab verəcək?

Rəbbin cavabı

2Rəbb mənə belə cavab verdi:

«Görüntünü yaz, lövhələrdə açıqla ki,

Qoy hər kəs tez onu oxuya bilsin.

3 Çünki bu görüntü müəyyən vaxt üçündür,

Başa çatmağa tələsir və yalan deyil.

Gecikmiş kimi görünsə də, gözləyin,

Hökmən gələcək, gecikməyəcək.

4Bax, bu adam məğrurdur, köksündəki ürəyi düz deyil,

Amma saleh adam imanı ilə yaşayacaq.

5Həm də bu məğruru şərab aldadır,

Bu təkəbbürlü adam sakit durmaz,

Acgözlüyünü ölülər diyarı kimi genişləndirir,

Ölüm kimi heç doymaz.

Bütün millətləri özü üçün toplayar,

Bütün xalqları özü üçün əsir alar.

Xaldeylilərin sonrakı aqibəti

6Amma bütün bu əsir alınanlar

Onu lağa qoyacaqlar,

İstehzalı müəmmalarla deyəcəklər:

“Özünə aid olmayanı ələ keçirənin,

Xərac alıb varlananın vay halına!

Bu nə vaxta qədər davam edəcək?”

7Sənə xərac verənlər bir gün

Qəflətən qiyam etməzmi?

Oyanıb sizi qorxutmazmı?

Budur, o vaxt onlara qənimət olacaqsan.

8Bir çox milləti soyduğun üçün

Xalqlardan sağ qalanlar səni də soyacaq.

Çünki insan qanı tökdün,

Ölkələrə və şəhərlərə,

Orada yaşayan hər kəsə zorakılıq etdin.

9Evini haram qazancla dolduranın,

Fəlakətdən qaçmaq üçün

Yuvasını yüksək yerdə quranın vay halına!

10Sən çox xalqları qırmaqla

Öz evini rüsvay etdin,

Öz həyatına günah gətirdin!

11Belə ki divar daşları bu barədə fəryad qoparacaq,

Taxta tirlər əks-səda verəcək!

12Şəhəri qanlarla tikənin,

Kəndi haqsızlıqla quranın vay halına!

13Xalqlar odda yandırılmaq üçün zəhmət çəkir,

Ümmətlər boş yerə özünü yorur.

Bu, Ordular Rəbbindən deyilmi?

14 Çünki sular dənizi bürüdüyü kimi

Dünya Rəbbin izzətinin biliyi ilə doldurulacaq.

15Qonşuların çılpaq bədənlərinə tamaşa etmək üçün

Onlara şərab içirdib sərxoş edənin,

İçkiyə zəhrimar qatanın vay halına!

16Hörmət əvəzinə xəcalətlə doyacaqsan,

Sən də iç, çılpaqlığını göstər;

Rəbbin sağ əlindəki cam

Sənin üzərində fırlanacaq.

Rüsvayçılıq hörmətin üzərinə gələcək.

17Livanda etdiyin zorakılıq öz başına gələcək,

Heyvanların qırğını səni dəhşətə gətirəcək;

Çünki insan qanı tökdün,

Ölkələrə və şəhərlərə,

Orada yaşayan hər kəsə zorakılıq etdin.

18Sənətkarın oyduğu yonma ya tökmə bütün

Yalan öyrətməkdən başqa nə xeyri var?

Bütü düzəldən sənətkar öz işinə güvənir,

Amma onun düzəltdiyi

Dilsiz bütdən başqa nədir ki?

19Taxtaya “Oyan!”, dilsiz daşa “Qalx!”

Deyən insanın vay halına!

Büt yol göstərə bilərmi?

Budur o, qızılla, gümüşlə örtülüb,

Daxilində isə həyat nəfəsi yoxdur.

20Lakin Rəbb müqəddəs məbədindədir,

Qoy bütün dünya Onun önündə sussun!»

YUXARI

Habaqquq 3

Habaqququn duası

1Peyğəmbər Habaqququn duası,

Şiqqayonlar kökü üstündə.

2Ya Rəbb, Sənin şöhrətin haqqında eşitdim,

Ya Rəbb, gördüyün işlərə görə qorxdum.

Bizim vaxtımızda da eyni işlər gör,

Bizim dövrümüzdə bunları bildir!

Qəzəblənəndə mərhəmətini xatırla!

3Allah Temandan,

Müqəddəs Olan Paran dağından gəldi.

Sela

Ehtişamı göyü bürüdü,

Yer üzü Ona edilən həmd-sənalarla doldu.

4Cah-calalı günəş tək parıldayır,

Əlindən nur tökülür,

Qüdrəti əlində gizli saxlanılıb.

5Vəba Onun önündə gedir,

Ölümcül xəstəlik arxasınca gəlir.

6O durdu, yeri tərpətdi,

Baxdı, millətləri sarsıtdı,

Qədim dağlar dağıldı,

Əzəldən qalan təpələr ona baş əydi.

Allahın yolu əbədidir.

7Gördüm ki, Kuşan çadırları əziyyət altındadır,

Midyan çadırlarının pərdələri lərzəyə gəldi.

8Ya Rəbb, məgər Sən

Çaylara qarşı qəzəblənmisən?

Acığın irmaqlara qarşıdırmı?

Yoxsa dənizə qarşı hiddətlənmisən?

Axı atlarına, müzəffər döyüş arabalarına minmisən?

9Yayını açdın,

Oxdanını oxlarla doldurdun.

Sela

Yer üzünü çaylarla yardın.

10Səni görüb dağlar lərzəyə gəldi,

Sellər hər yanı süpürüb axdı,

Dərinliklər gurladı, dalğalar qalxdı.

11Uçan oxlarının qığılcımından,

İşıldayan nizənin parıltısından

Günəş və ay yerlərində durdu.

12Yer üzündə qəzəb içində gəzdin,

Millətləri hiddətlə tapdaladın.

13Sən Öz xalqının qurtulması üçün,

Məsh etdiyinin xilası üçün çıxdın,

Şər nəslin başçısını əzdin,

Təpədən dırnağa qədər onu soydun.

Sela

14Cəngavərləri fırtına tək

Bizi dağıtmağa gələndə

Onların başını öz nizələri ilə deşdin.

Onlar gizlənən zavallıları

Məhv edənlər kimi sevinərdi.

15Sən Öz atlarınla dənizi tapdaladın,

Coşğun suları köpüklətdin.

16Eşitdim və varlığım lərzəyə gəldi,

Səsindən dodaqlarım əsdi.

Çürüklük sümüklərimə girdi,

Dizlərim titrədi.

Amma bizə hücum edən xalqın

Fəlakətə düşdüyü günü səbirlə gözləyəcəyəm.

17Əncir ağacı tumurcuqlanmasa da,

Meynələr bar gətirməsə də,

Zeytun ağaclarına çəkdiyim zəhmət boşa çıxsa da,

Tarlalar məhsul yetişdirməsə də,

Qoyun-keçi ağıllarda,

Mal-qara tövlələrdə yox olsa da,

18Mən yenə Rəbdə sevinc tapacağam.

Xilasımın Allahı ilə şadlıqdan coşacağam!

19 Xudavənd Rəbb mənim qüvvətimdir,

Ayaqlarımı marallar kimi çevik edir,

Zirvələrimdə məni gəzdirir.

Musiqi rəhbəri üçün: simli alətlərin müşayiəti ilə.

YUXARI