Elşən
“O, bütün xalqlardan olan insanları bir qandan yaratdı ki, Allahı axtarsınlar və bəlkə əl ilə yoxlaya-yoxlaya tapsınlar. Amma bununla bərabər o heç birimizdən uzaq deyil.” Həvarilərin İşləri 17:26,27
Mən şəhadətimi bu kəlam ilə başlamaq istərdim. Mənim üçün həyat mənasız idi. Ev-məktəb – hər gün eyni hadisə təkrar olunurdu. 1995-ci il idi. Ailəmizlə birlikdə evdə oturmuşduq. Qapı döyüldü. İki insan bizim evimizə daxil olub, bizə Allah haqqında bir kitab hədiyyə etdilər. Bu kitabın adı “Bahaqavata-Gita” idi. Atam kitabı götürüb oxumağa başladı və biz də onun ətrafinda oturub qulaq asırdıq. Orada bir çox dualar var idi. Biz də bu duaları əzbərləyib hər gün həyatımızda təkrar edirdik. Zənn edirdik ki, Allah bizi bu dualar vasitəsilə eşidir. Bir müddət keçdi gördük ki, bu duaların heç bir faydası yoxdur və daha dua etmədik. 1996-cı ildə atam xaricilərlə işləyəndə bir amerikalı ezamiyyətdən gələndə yekə bir qutu gətirmişdi. O qutunu açıb işçilərə “İncil” kitabını paylamağa başladı. Mənim atam da kitabı evə gətirdi. Atam bu kitabı oxumağa başladı və biz də ətrafında oturub qulaq asırdıq. Orada belə bir ayə yazılmışdı: “İsa Allahın Oğludur.” O kitabı bağlayıb bir kənara qoydu. Daha İncili bizim yanımızda oxumadı, amma təklikdə özü oxuyurdu.
2000-ci ildə bir imanlı bacı mənim bacımı məbədə apardı və o bir il məbədə getdi. Lakin atam onu məbədə getməyə qoymadı. Çünki o düşünürdü ki, bacım ağlını itirib, Allaha şərik qoşur. Artıq bu ikinci dəfə idi ki, Allah bizim evimizə daxil olmaq istəyirdi, lakin iblis mane olurdu. Biz İsanı qəbul edə bilmirdik.
2001-ci ildə mən ali məktəbə daxil oldum və hər şey də buradan başladı. Mən çox ustalıqla yalan danışa bilirdim, hətta adamın üzünə durardım, heç qızarmazdım. Bizi institutdan təcrübə üçün Nabrana aparırlar. Mən öz maqnitafonumu qrup yoldaşıma vermişdim, o isə qaytarmaq istəmirdi. Onda mənim həmin yoldaşımla mübahisəm düşdü. Mən ona dedim ki, maqnitafonumu qaytarsın, o isə qaytarmaq istəmirdi. O fiziki cəhətdən məndən güclü idi. Mən ona dedim ki, “Qaytar, yoxsa pis olar.” O dedi, “Nə edəcəksən mənə.” Mən dedim, “Mən yox, Allah edəcək.” Bu zaman onun oturduğu stul iki yerə bölündü və o yıxıldı. O maqnitafonu tez mənə geri qaytardı. Orada olan 23 tələbə bunu görüb məndən çəkinməyə başladılar. Həmin təcrübə müddətində bir neçə hadisə də başqa uşaqların başına gəldi. Hamısı mənim sözümə görə oldu. Mən ilk dəfə idi ki, Allahın adını çəkmişdim. Sonradan özümü verdim qabağa və beləliklə də mən iblisin əsarəti altına düşdüm. Qrup yoldaşlarım məni iblis deyə çağırmağa başladılar. Çünki mən fikirləşdiyim bütün pis şeylər həyata keçirdi.
Әvvəllər iblis sözü mənim xoşuma gəlmirdi. Sonradan bu söz mənə ləzzət etməyə başladı. Bu söhbət müəllimlərimə çatdı və onlar da məndən çəkinməyə başladılar. Hətta elə bir vəziyyət yaranmışdı ki, biz imtahan, ya da zaçot verəndə uşaqlar mənim yanıma gəlib, məndən xeyir-dua istəyirdilər. Kimi əlimi öpürdü, kimisə deyirdi ki, əlimi mənim üzərimə qoysan imtahandan keçəcəm. Mən tələbə yoldaşlarım üçün xeyir-dua allahına çevrilmişdim. Yalan, iblisin adını daşımaq və bir bütə çevrilmək mənim həyatımın əsas hissəsi idi.
Bayaq dediyim kimi biz, yuxarıda haqqında söhbət açdığım imanlı bacı ilə ailəvi tanış idik. 2003-cü ilin noyabr ayından onun qardaşı Ruslan bizə gəlib İsa haqda danışmağa başladı. O ürəyində bir arzu tutmuşdu ki, atamı imana gətirsin. Hər dəfə o bizə gəlib İsa haqqında danışanda, mən qıraqda oturub qulaq asırdım. Mən həmişə onunla mübahisə edirdim. Deyirdim ki, o səhv deyir. Allahın Oğlu ola bilməz.
Həmin vaxt mən İslam dininə meylli idim. Mənim bir pis xüsusiyyətim var idi. Mən ata-anama qarşı itaətsiz idim. Belə bir günlərdən birində həmin qardaş gəlib yenə də İsa haqqında danışmağa başladı. Gedəndən sonra anam mənə yaxınlaşıb təklif etdi ki, “bəlkə sən məbədə gedəsən, bir az əsəblərin sakitləşər.” Mən anama dedim ki, “mən namaz qılıram ki, hansısa kilsəyə gedəm?” Lakin məbəd sözü mənim beynimdə qalmışdı. Yatırdım-dururdum məbəd sözü beynimdən çıxmırdı. Mən belə qərara gəldim ki, məbədə gedim. Həmin qardaşa bu haqda xəbər verdim. O sevindi, lakin mən sözümdən qaçmağa başladım. Onun gözünə görünmədim. Elə oldu ki, mən kəndə gedəsi oldum. İblis mənim ürəyimə öz toxumlarını əkirdi. Kənddən qayıdandan sonra o soruşdu ki, nə vaxt məbədə getmək istəyirsən. Mən isə deyirdim ki, bir gün gedərik və söhbətdən qaçırdım.
2004-cü il fevralın 21-i saat 10:30-da o mənə zəng edib soruşdu ki, sabah Rəbbin Günüdür və biz məbədə getmək qərarına gəldik. Səhər açıldı və mən evdə dedim ki məbədə gedirəm. Evdəkilər heç bir reaksiya vermədən mənə icazə verdilər. Məbəd yolu boyu iblis məni yoldan qaytarmaq üçün cürbəcür fikirlər verirdi. Buna baxmayaraq, biz gəlib məbədə çatdıq. Mən 3-cü sırada oturmuşdum pastor vəz edirdi. O vəz edərkən gözümün önündən bir pərdə asıldı və orada uşaqlıqdan həmin anacan etdiyim günahlarımı mənə göstərməyə başladı. Vəzdə belə bir söz işlədildi, “O səni günahdan azad edə bilər.” Mən çıxıb tövbə etdim. İsanı bir Xilaskar kimi qəbul etdim. Lakin bütün problemlər bundan sonra başladı. İki aydan sonra evdəkilər hiss etdilər ki, mən dəyişilməyə başlamışam və məbədə getməyi mənə qadağan etdilər. Amma mən dedim ki, məbədə gedəcəyəm.
3-cü gün toplantı günü idi. Toplantı artıq başlamışdı, amma atam məni ora getməyə qoymurdu. Lakin mən evdən çıxıb getdim. Anam çox hirslənmişdi. Onlar mənim qarşıma seçim qoydular: “Ya biz, ya da məbəd və Sənin İsan.” Mən İsanı seçdim. Məbədə gəlib bu barədə ağsaqqallara danışdım. Onlar mənə bəzi məsləhətlər verib dua etdilər. Sonra dedilər ki, bu duaların divarını iblis belə qıra bilməz. Mən iman edib evə qayıtdım. Çünki İsa demişdi ki, kim ata-anasını Məndən çox sevərsə, mənə layiq deyil. Bu kəlam mənim həyatımda icra olundu.
Evə qayıdanda mən qapının ağzında “Ey göylərdə olan Atamız” duasını təkrar edib içəri keçdim. İlk dəfə idi ki, atamın sözündən çıxmışdım. Atam məndən harada olduğumu soruşdu. Dedim ki, məbəddə idim. O dedi ki, “Axı mən sənə demişdim ki, oraya getməyəsən. Niyə mənim sözümdən çıxdın?” Mən dedim ki, “Məni Allahdan ayırma. Təsəvvür et ki, biz səninlə danışanda başımızın üstündən Allah və iblis bizə baxır. İblis Allaha deyir ki, görürsən atanın vasitəsilə mən oğulu Səndən ayırıram. Bundan Allah kədərlənir. Bəs sən necə razı olursan ki, Allah kədərlənsin?” Atam mənə baxaraq dedi ki, “2000 il bundan əvvəl dünyaya bir Şəxsiyyət gəlib və sənin Ona qarşı olan məhəbbətin məni heyran edir. Bundan sonra mən sənə heç nə deyə bilmərəm. Get nə edirsən et.” Әziz bacı-qardaşlarım sonda sizə bir kəlam oxumaq istərdim.
“Tapmaq fürsəti olarkən Rəbbi axtarın, O yaxın ikən Ona yalvarın. Qoy pis adam öz yolunu şər adam öz fikirlərini atsın. Qoy Rəbbə sarı dönsün ki, Ondan mərhəmət tapsın. Qoy bizim Allahımız tərəfə dönsün, çünki boldur onun əfvi.” Yeşaya 55:6,7
Necə ki mən İsanın səsini eşidib xilas oldum, bunu sizə də arzu edirəm. Rəbb deyir: “Dinləməkdə iti olun.” Qoy Rəbb sizə xeyir-dua versin. Amin.