1997-ci ilin yayı
Mənim həyatımda olan bu ili yəqin ki, heç vaxt unutmayacağam. Mən həqiqəti dərk edəndə 20 yaşım var idi. Həyatımda bu vaxta qədər Allahı axtarmış müxtəlif dini ayinlərə riayət etmişdim. Amma Allaha yaxınlaşmaq Onun səsini eşitmək və Onun övladı olmaq mənə nəsib olmamışdı. Ürəyimdə həmişə bir hiss var idi, görəsən Allahı necə razı salmaq olar. Və belə axtarışlarla mən namaz qılmağa başladım və bununla Onu razı salmağa çalışdım. Beləcə mən iki il namaz qıldım. Amma daxilimdə qorxu və cəhənnəm haqqında narahatçılıq məni buraxmırdı. Mən hiss edirdim ki, bundan daha yaxşı nəsə var ki, mən onu bilmirəm. Ona görə də namazda dua edərkən mənə həqiqət yolunu göstərməsini Tanrıdan xahiş edirdim.
Günlərin bir günü mən dualarıma cavabı eşitdim. Düzdür mən onu dərhal başa düşmədim. Insan beyni ilə böyük həqiqəti dərk etmək mənim həyatımda bir-neçə aydan sonra baş verdi. Yəni mən əvvəlcə uzaqdan yaşayan bacımdan məktub alıram. Bu məktubda o deyirdi ki, mən Allahın göndərdiyi Qurbanı Rəbb Isa Məsihi öz ürəyimə Xilaskarım kimi dəvət edim. Çünki yalnız Isa mənim üçün çarmıxda ölmüş və məni Öz qanı ilə günahlardan azad etmişdir. Əgər mənim günahım yuyulmasa mən cənnətə heç vaxt gedə bilmərəm. Bunu yalnız günahsız Isa Məsih edə bilər. Mən məktubu aldıqdan sonra mən öz qrup yoldaşımdan da həmin bu xoş xəbəri – Isanın Xilaskarım olmasını eşitdim.
Mən Isanın sağ olduğunu bildikdən sonra Ona ürəyimi açdım. Onu ürəyimə dəvət etdim. Elə həmin andan həyatımda tamam yeni bir səhifə açılmağa başladı. Isanın bu sözləri həyatın eynilikdən yorulmuş ürəyimə sanki bir təravət gətirdi. “Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm”.
O günlərin üstündən düz doqquz il keçir. Bu doqquz ildə Isa hər gün həyatımda yeni bir səhifə açıb və açmaqda davam edir. Mən Onun gözəlliyini və şirinliyini təsəvvür etmək üçün söz tapmıram. Davud peyğəmbər belə yerdə çox gözəl demişdir. “Dadın, görün Rəbb nə qədər şirindir”. Rəbbin şirinliyini dadmaq, Onun övladı olmaq, əbədi həyatı əldə edib cənnətdə Onunla birgə olmaq istəyənlər Isanı öz Xilaskarları kimi qəlblərinə dəvət edə bilərlər. Çünki Kəlam deyir: “Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz.”
Göylərdəki Tanrı bizimlə ünsiyyətdə olmaq istəyir. O insanları sevən Allahdır. Mən Onun sevgisinə cavab verdim və Onu Rəbbim Xilaskarım kimi qəbul etdim. Mən Davud peyğəmbərin dediyi kimi Onun şirinliyini seçdim. Bəs siz…