Ön söz

Azərbaycan dünyanın ən qədim ölkələrindən biridir. Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u burada var. Bu ölkə öz coğrafi mövqeyinə və yaşayış üçün çox əlverişli təbii şəraitinə görə tarix boyu müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu bir məkan olmuşdur. Azərbaycan xalqı həmişə mənəvi dəyərləri yüksək qiymətləndirmiş və ruhaniliyə can atmışdır. Bu xalqın ürəyində daima Allah qorxusu olmuşdur. Buna görə də sayı 40 milyondan çox olan sülhsevər Azərbaycan xalqı dinindən, millətindən asılı olmayaraq, bütün bəşər xalqlarına sevgi və hörmətlə yanaşır.

Azərbaycanda məsihçilik

Azərbaycan məsih təliminin yayıldığı ilk ölkələrdən biridir. Azərbaycanın şimal hissəsi – Albaniya ərazisi hələ eramızın I əsrinin ikinci yarısında məsihçiliyin ilk təbliğçilərinin fəaliyyət göstərdiyi məkan olmuşdur. Burada ilk məsihçi icmaları həzrəti-İsanın həvariləri olmuş Faddey (Taday) və Varfolomey (Bar-Tolmay) tərəfindən yaradılmışdır. Onlardan sonra Faddeyin şagirdi Yelisey Albaniyada fəaliyyət göstərmişdir. Məhz onun səyləri nəticəsində məsihçilik Albaniyanın bütün ərazisinə yayılır. Onun barəsində tarixçi Musa Kalankatlı belə məlumat verir: ‘Yelisey Yerusəlimdən İrana gəldi… Sonra Uti vilayətinə keçdi… Müqəddəs Patriarx Gisə (indiki Şəki r-nun Kiş kəndi) gəldi, burada kilsənin əsasını qoydu və təmiz, qansız qurbanlar verdi. Bura bizim Şərq əhalisinin ilk kilsələrinin, paytaxt şəhərlərinin salındığı, məsihçiliyin ilk dəfə yayıldığı yerlərdir.’

Albaniyada geniş yayılan məsihçilik çox keçmir ki, ölkənin rəsmi dininə çevrilir: 313-cü ildə alban hökmdarı Urnayr məsihçiliyi Albaniyanın dövlət dini elan edir. Bundan sonra Albaniyada Məsih təliminin yayılması işi dövlət səviyyəsində aparılır. Albaniyanın məşhur hökmdarı Cavanşir (616-680) özü məsihçi idi və məsihçiliyə himayədarlıq edirdi. Bu dövrdə Müqəddəs Kitab (Bibliya) və digər ilahiyyat ədəbiyyatı siryani və yunan dillərindən alban dilinə tərcümə olunur. Alban kilsəsi görkəmli ilahiyyatçılar məktəbi də yetişdirmişdir. Dövrünün məşhur ilahiyyatçısı Yaqub əl-Bərdəi Albaniyanın dini mərkəzi olan Bərdədə fəaliyyət göstərirdi.

Alban kilsəsi dövlət kilsəsinə çevrilən dövrdən sonra kilsə daxilində həzrəti-İsanın insan təbiətinə malik olub-olmaması barəsində monofizit (bir təbiətli) və diofizit (iki təbiətli) təlimləri arasında fikir ayrılığı başlayır. Bu ziddiyət iki axında gedir: monofizit təlim və diofizit təlim.
Bu mübarizə gah monofizit, gah da diofizit təliminin müvəqqəti üstünlük əldə etməsi şəraitində gedirdi. VIII əsrdə ərəblər Albaniyanı işğal edən zaman Qafqazın Bizansla əlaqəsini kəsmək üçün monofizit təliminin yayılmasına şərait yaratdlar. Bu dövrdən etibarən monofizitlik alban kilsəsinin rəsmi təliminə çevrilir.

Әrəb istilasından sonra Azərbaycandan məsihçilik tədricən öz yerini islama verir. Ancaq bu proses ləng gedirdi. İlk dövrdə islamı dini vergidən azad olmaq istəyən alban əyanları qəbul edirdilər. İslam yayılsa da, burada XIII əsrə qədər məsihçiliyin geniş nüfuzu olan bölgələr mövcud olmuşdur. XIII əsrin ortalarında Qanzasar məbədi (Gəncədə yerləşir) alban kilsəsinin mərkəzinə çevrilir. Bu məbədə Həsən-Cəlal nəslinin nümayəndələri başçılıq edirdilər. Bu dövrdə Qanzasar Arsax knyazlığının dini-siyasi mərkəzi rolunu oynayırdı.

XIII əsrin ortalarında monqolların Yaxın və Orta Şərqə hücumu ilə əlaqədar bu regionda məsihçiliyin nüfuzu güclənir. Azərbaycanda da xalq geniş şəkildə Məsih təlimi ilə tanış olur. Burada müəyyən dərəcədə dini dözümlülük XIV əsrin 2-ci yarısına kimi – Teymurləngin yürüşlərinə qədər davam edir.

Bu dövrdə Məsih təlimi islam fəlsəfəsinə, xüsusilə sufiliyə öz güclü təsirini göstərmişdir. Bir çox Azərbaycan şairlərinin yaradıcılığında məsihçiliklə və İncillə bağlı motivlər mühüm yer tutur. Anası məsihçi olan şair Æ?fzələddin Xəqaninin (1126-1199) Məsih təlimi ilə yaxından tanışlığı vardı.

XVI əsrdə Səfəvilərin hakimiyyətə gəlməsi ilə əlaqədar olaraq Avropa Osmanlı imperiyasının rəqibi olan İranla əlaqələrini genişləndirir. Səfəvilər məsihçiliyə dözümlülük nümayiş etdirir, İranda kilsələrin tikilməsinə yardım edirdilər. Bu sülalənin əsasını qoyan I İsmayılın (Şah İsmayıl Xətai, 1487-1524) ana nənəsi Trabzon imperatorunun qızı Dəspinə xatun (Marta) məsihçi idi.

Səfəvi şahı I Abbasın (1571-1629) dövründə ilk dəfə bir neçə nəfər azərbaycanlı məsihçiliyi qəbul edir. Şah Abbas danışıqlar aparmaq üçün Avropa ölkələrinə səfir Hüseynəli bəy başda olmaqla bir nümayəndə heyəti göndərir. Bu heyətdən üç nəfər səfirin qohumu Әliqulu bəy, katiblər Bünyad bəy və Oruc bəy İspaniya kralı III Filipin və kraliça Marqaritanın önündə məsihçiliyi qəbul edirlər. Bayat tayfasından olan Oruc bəy öz xatirələrindən belə yazırdı: ‘Mən Әliqulu bəylə danışanda… hiss etdim ki, qadir Allah möcüzənin mənim qəlbimə daxil olmasını istəyir… Öz mənzilimə qayıdanda artıq qəti surətdə məsihçi olmaq qərarına gəldim.’

XIX əsrin əvvəlində Azərbaycan Rusiya birləşdirildikdən sonra burada məsihçiliyin yayılma perspektivi genişlənir. Çar hökuməti hakim pravoslav kilsəsindən ayrılan təriqətçiləri Qafqaza sürgün edirdi. Bunun nəticəsində Azərbaycanda da az bir zamanda molokan, duxobor və başqa təriqətçi icmaları meydana gəldi. Bu icmaların qonşuluğunda yaşayan yerli əhali məsihçiliklə tanış olmağa başlayırdı. Savadlı və ziyalı adamların arasında da məsihçiliyə maraq artırdı. Kazan və Peterburq universitetlərinin professoru olmuş Mirzə Kazım bəy (1802-1870) məsihçiliyi qəbul etmişdi. O, şotlandiyalı missionerlərlə tanış olmuş, onlarla söhbətlərindən sonra Məsihin həqiqi xilaskar olduğuna iman gətirmişdi. Alim gəncliyində keçirdiyi hisslər barədə belə yazırdı: ‘Etiqadım lərzəyə düşmüşdü, şübhələr qəlbimi didirdi, məsihçiliyə maraq sehrli gözəl kimi məni ucu-bucağı olmayan dünyaya aparırdı… Nəhayət, səbrim tükəndi və artıq İncilin qəlbimdə nur saçan qüdrətinə qarşı dura bilmədim.’

XIX əsrin sonundan başlayaraq Rusiyada yaşayan protestant əqidəli imanlılar da təqiblərdən yaxa qurtarmaq üçün Qafqaza, o cümlədən, Azərbaycana gəlməyə başladılar. Bunun nəticəsində Azərbaycanda müxtəlif protestant baptist, adventist, əllincilər icmaları yarandı. Bu icmalar öz fəaliyyətlərini indiyə qədər davam etdirirlər. Hal-hazırda Azərbaycanda Xilaskara – İsa Məsihə iman etmiş 5 mindən artıq azərbaycanlı vardır. Bu kitabçanı oxuyan bacı-qardaşlarımıza hər şeyə Qadir olan Rəbbimiz Allahdan xeyir-dua diləyirəm. Amin.

1. Xristianlıq
2. Məmmədova F.C. Albaniyanın siyasi tarixi və tarixi corafiyası Bakı, 1993.
3. Musa Kalankatlı. Alban tarixi. Bakı, 1992.
4. Bünyadov Z.M. Azərbaycan VIII-IX-cu əsrlərdə. Bakı, 1965.
5. Oruc Bəy Bayatın kitabı. Bakı, 1988.
6. Rzayev A.B. Dərbənddən Başlayan Yol. Bakı, 1989