İsaya iman etməmişdən əvvəl mən həmişə ölüm haqqında düşünürdüm. Fikirləşirdim ki, gec-tez mən də öləcəyəm və əgər bir gün yatıb səhər ayılmasam görəsən orada nələr olacaq. Bu haqda dərindən düşündükcə daha çox ölümdən qorxurdum. Bir dəfə dükana gedəndə yolu keçirdim, az qaldı ki, məni maşın vursun. Və mən fikirləşdim ki, həyatım hər an dəyişə bilər.

Bir gün xalam oğlu əbədi həyat və İsa Məsih haqqında, eləcə də bu həyatı necə əldə etmək barəsində mənimlə söhbət etdi. Onun bu söhbəti mənim həyatımda çox şeyi dəyişdi. Mən İsa Məsihi Xilaskar kimi qəbul edib, Ona iman etdim. İndi isə ölümdən söhbət düşəndə və bu haqda fikirləşəndə qorxmuram.

Bir neçə il bundan əvvəl evdə oturub televizora baxırdım. Birdən zəlzələ oldu. Bu vaxt hamı həyatı üçün narahat idi, hamı qorxu və həyəcan içində idi. Bir dəqiqənin içində hər şey dəyişə bilərdi. Bu vaxt hiss etdim ki, artıq məndə ölüm qorxusu yoxdur. Mənim daxilimdə əminlik var idi ki, əgər indi ölsəm, Allah məni Öz yanına aparacaq. Mən artıq ölümdən qorxmurdum. İndi də inanıram ki, həyatımı dəyişsəm mənim əbədi həyatım var və mən göydə Allahın yanında olacağam.