Mən Azərbaycanlı ailəsində anadan olmuşam. Orta məktəbi Bakı şəhərində bitirdikdən sonra dövlət universitetinə daxil oldum. Mənim həyatım sanki öz axarı ilə davam edirdi. Ilk baxışdan hər şey normal görünürdü, mənim atam, anam, bacım və qardaşlarım var idi. Amma mənim ürəyimdə sanki bir qaranlıq mövcud idi. Ürəyimdə paxıllıq, başqalarına- məktəb yaxud da ki, universitet yoldaşlarıma qarşı qəzəb, kin, bəzi adamlara qarşı isə nifrət və bağışlamamazlıq var idi. Bu vəziyyətə görə özümü yox, həmişə başqalarını təqsirkar görürdüm. Həmişə çalışırdım hər yerdə birinci olum. Elə bu səbəbdən də dərslərimə xüsusi fikir verirdim. Çünki tərif axtarırdım, məni tərifləməyəndə öz dəyərimi bilmirdim. Mən hiyləgər olmağa can atır, insanları öz istədiyim kimi onların sadəliyindən istifadə edərək aldadırdım. Sadə olmağa axmaqlıq kimi baxır, öz ‘ağlım’ ilə isə öyünürdüm. Bütün bunlardan əlavə məndə böyük qorxular var idi. Mən gecələr bəzən öz ölümüm barəsində düşünür və məni dəhşət basırdı. Ölümdən qorxurdum. Çox vaxtlar mən heç nədən həyəcanlanırdım. Hətta bir dəfə belə həyəcanlandığıma görə nəfəs almaq mənə çətinləşdi və bu ‘xəstəliyim’ bir neçə vaxt davam etdi.
Mən universitetdə təhsil alan zaman qrup yoldaşlarımdan Isa Məsih haqqında eşitdim. Sonra başa düşdüm ki, mənim qrup yoldaşlarımdan ikisi Isa Məsihə iman edir, mən buna Bakıda yaşayan rusların dini kimi baxdığımdan özümə söz verdim ki, heç vaxt buna getməyəcəm. Sonra mən bəzi Məsihçilər ilə tanış oldum. Mən bilirdim onlar Məsihçidirlər, hətta onlara Allaha ürəkdən bağlı olduqlarına görə qibtə də edirdim. Bu insanlar çox təmiz idilər. Onların ürəklərində insanlara qarşı böyük məhəbbət var idi, çox rahat, sülh içərisində görünürdülər, sevinirdilər. Hər şeydən əvvəl də onların ürəkləri mənə pak görünürdü, onlar çox sadə idilər. Bütün bunları nümayiş edəndən sonra özümdə, Allaha inanan bir insan kimi bu şeylərin məndə olmadığını tam başa düşdüm. Məhz buna görə də mən onlardan birinə yaxınlaşıb bu düzlüyün səbəbini ondan soruşdum. O isə mənə ‘Bu məndən deyil, Isadan gəlir’, deyə cavab verdi. Sonra mən Isa haqqında maraqlandım və Allaha dua edib mənə doğru yol göstərməsini istəyirdim. Bir gün isə mənə aydın oldu ki, Allah məni hər zaman, hər dildə eşidir, yetər ki, mənim günahlarım Isanın qanını ilə yuyulsun. Mən inandım ki, Allah məhəbbətdir, O hər bir insanı sevir. Amma o günaha nifrət edir. Hər bir insan öz günahına görə sonda cavab verməlidir. Allah isə heç kəsin cəzalanmasını istəmədiyindən Isa Məsihi bizim əvəzimizə cəzalanacaq insan kimi göndərdi. Kim Onun çarmıxda axıtdı qan və əzablarına iman edirsə həmin insan öz günahlarının cəzasından azad olur. Mən günahlarımı etiraf edib Isanı həyatıma dəvət etdim. Allah həm də mənim ürəyimi hiyləgərliklərdən təmizlədi və mən rahat nəfəs almağa başladım.
Beləliklə, mənim həyatım dəyişdi. Ürəyimin çirkinliyi ucbatından itirdiyim sevincim mənə qayıtdı. Mənim çoxlu dostlarım oldu. Artıq özümü tənha görmürdüm. Allah ürəyimdən paxıllığı götürdü. Artıq mən insanların qələbəsinə sevinirəm. Birinci olmaq xəstəliyini Allah məndən götürdü. Indi mənim ürəyim rahatdır. Bilirəm ki, mən Allahın övladıyam. O mənə lazım olan bütün şeyləri verir. Ürəyimdə demək olar ki, həqiqətən daimi sevinc var. Artıq ölümdən qorxmuram. Yüz yox, milyon faiz bilirəm ki, həyatımı dəyişəndən sonra Allahın yanına, cənnətə gedəcəm. O söz verib. Isa basdırılandan üç gün sonra dirildiyi kimi Bibliyada yazılıb ki, Ona iman edənlər də öləndən sonra diriləcəklər. Artıq mən yemək, içmək və s. qayğılar ilə yaşayıb həyatımda vuruşa-vuruşa yaşamıram. Allah özü hər şeyi təmin edir. Mənim işim mənə sevinc verir. Әminəm ki, Allah mənimlədir və kainatı yaradan məni sevir. Mən indi həqiqətən də başa düşürəm ki, Isa Məsih təkcə ruslar üçün deyil (indi mən rusların dininə inanmıram) bütün dünya insanlarının günahlarını aradan qaldırmaq üçün gəlmişdi. Mən Allaha məni bu nahaq, günah dolu dünyada yatmış vəziyyətdən ayıltdığı üçün Ona şükür edirəm.