İndi mən bu şəhadəti yazdığıma görə Rəbb İsa Məsihə çox minnətdaram.

Keçmişi xatırlayaraq, o haqda fikirləşmək istəmirəm, lakin bəzən bunu etmək lazımdır. Çünki keçmişə baxarkən, biz indi Məsihdə olan həyatımızın gözəlliyini görüb, qiymətləndirə bilərik.

Açığını desəm mənim keçmişdə olan həyatım o qədər də pak olmayıb. Allahı axtarmağa heç də tələsmirdim, çünki hələlik Onun mənim həyatımda lazım olduğunu görmürdüm və ən əsası isə özümü günahkar saymırdım. Düşünürdüm ki, mən siqaret çəkmirəm, içmirəm, oğurluq etmirəm, əksinə bir çox normal insanlar kimi yaşayıram və qoy Allahı o adamlar axtarsın ki, doğrudan da Ona ehtıyacı var. Mən isə tamamilə sağlam bir insanam.

Amma Allahın hər kəs haqqında öz planı var. 1996-cı il yanvarın 1-də bizimlə qonşuluqda yaşayan imanlı bir qardaş bizə qonaq gəldi. Onda mən birinci dəfə idi ki, Allahın Kəlamını eşidirdim. Baxmayaraq ki, o anda mən Onu qəbul etməsəm də, ancaq imanlı qardaşın əkdiyi toxumlar yavaş-yavaş böyüməyə başladı. Bunun nəticəsində mənim bacım artıq Allahın toplantılarına getməyə başladı və onları buraxmamağa çalışırdı.
1996-cı ilin oktyabr ayında məni əsgərliyə apardılar. O vaxt mən hələ öz dünyəvi həyatımı yaşayırdım. Mənim əsgərlik həyatımda çox çətinliklər var idi və onları keçırtməyə mənə yalnız Allah kömək etdi. Ona görə də 1998-ci ildə Allaha söz verdim ki, öz əsgərlik xidmətimi bitirəndən sonra mütləq Onun cəmiyyətinə gedəcəyəm. Nəhayət evə gəldikdə, mən Allaha verdiyim bu sözü yerinə yetirmək istədim. Rəbbin cəmiyyətinə getdikdə isə mən birinci dəfə idi ki, Allahın lütfünü insanların üzərində gördüm. Eyni zamanda pastor danışan vaxt Müqəddəs Ruh mənim ürəyimə toxundu və anladım ki, Allaha nə qədər möhtacam. Әn əsası isə mən başa düşdüm ki, çox günahkaram və tövbəyə böyük ehtiyacım var. Tövbədən sonra mən daxilimdə Allahın sevgisini və sevincini duydum. O anda hiss etdim ki, artıq İsa Məsih mənim həyatıma daxil oldu. Bundan sonra mən bir çox imanlı bacı və qardaşlarla tanış oldum və çox gözəl ünsiyyətimiz yarandı. Getdikcə cəmiyyətə daha çox bağlandım və nəinki dirilmə günləri eləcə də ara günlərdə də oraya getməyə başlayırdım. Tezliklə mən, tələbə toplantısına qoşuldum və Gürcüstanda olan konfransa getdikdən sonra, Allah məni xidmətçi təyin edib, toplantıda xüsusi bir iş tapşırdı. Allah mənim həyatımı dəyişdi. Bundan sonra mən özüm üçün yox, Onun üçün yaşamağa başladım. Artıq mən 6 ildən artıqdır ki, imanlıyam, lakin Rəbb indi də üzərimdə işləyir. Baxmayaraq ki, artıq Onu tanıyıram, ancaq yenə də Rəbbə hər zaman möhtacam.

Allah mənim günahlarımı bağışladığı kimi, sizin də günahlarınızı Öz oğlu vasitəsilə bağışlamağa həmişə hazırdır. Rəbb İsa Məsih öz Müqəddəs Qanını hər birimizə görə axıdıb. Allahda yaşamaq çox gözəldir. Әn əsası isə Rəbb bizə xilası və Məsihdə olan əbədi həyatı hədiyyə olaraq bağışlayır.

Mən həyatımda olan hər bir şeyə görə Rəbbə minnətdaram.