012 465 4150 info@yeniheyat.com

İsanın Qurbanı

— İsa bizim üçün öldü

İsa Məsihin bizim yerimizə ölməsi – xilasımızdır. Etdiyimiz günahların cəzasını O çəkdi. Allah bizə olan Öz məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ikən Məsih bizim uğrumuzda öldü.

— İsa günahsız idi.

Pilat İsanı buraxmaq niyyəti ilə yenə də səsini ucaltdı. Amma onlar: «Onu çarmıxa çək, çarmıxa çək!» – deyə bağırırdılar. O, üçüncü dəfə onlara dedi: «Axı O nə pislik edib? Mən Onda ölümə layiq bir şey tapmadım; buna görə Onu cəzalandırıb azad edəcəyəm.» Amma onlar israr edərək uca səslə tələb edirdilər ki, O, çarmıxa çəkilsin; və onların və baş kahinlərin səsi üstün gəldi. Pilat onların istəklərini yerinə yetirmək qərarına gəldi və üsyan qaldırıb, qətl etdiyi üçün zindana salınmış adamı onların xahişinə görə sərbəst buraxdı; İsanı isə onların ixtiyarına təslim etdi.

— Bu, vəhşicəsinə və zalımcasına bir edam idi.

Kəllə adlanan yerə gəldikləri zaman, orada Onu və cinayətkarları çarmıxa çəkdilər. İsa çarmıxda ikən Ona bir cinayətkardan başqa heç kəs iman etmədi. Asılmış olan cinayətkarlardan biri Onu söyərək deyirdi: «Əgər Sən Məsihsənsə, Özünü və bizi xilas et.» Digəri isə ona məzəmmət edərək deyirdi: «Özün eyni cəzaya məhkum olunduğun halda, Allahdan qorxmursanmı? Biz öz əməllərimizə layiq cəzanı haqlı olaraq almışıq; O isə heç bir günah işlətməmişdir.» O, İsaya dedi: «Ya Rəbb! Öz Səltənətinlə gəldiyin zaman məni yada sal!» İsa ona dedi: «Sənə doğrusunu deyirəm ki, bu gün sən Mənimlə bərabər cənnətdə olacaqsan». İsanın yerdəki həyatının son dəqiqələri yaxınlaşdıqca nələr baş verdiyi yavaş-yavaş üzə çıxmağa başladı. Gündüz altıncı saata qədər bütün ölkəyə qaranlıq çökdü. Məbədin pərdəsi ortadan yarıldı. İsa uca səslə nida edərək: «Ey Ata! Öz ruhumu Sənin əllərinə verirəm», – dedi. Və bunu deyib canını tapşırdı. Yüzbaşı isə bu hadisəni görərək, Allaha həmd-səna edib dedi: «Doğrudan da bu Adam saleh idi.» Bu mənzərəni müşahidəyə toplaşan bütün xalq baş verən hadisəni gördükdə sinəsinə döyə-döyə geri dönürdü. Onu tanıyan adamların hamısı və Onun ardınca Qalileyadan gəlmiş qadınlar isə uzaqda durub bu mənzərəyə tamaşa edirdilər.

— Üç gündən sonra İsa ölülərdən dirildi və həqiqət üzə çıxdı.

O həftənin ilk günü çox erkən, qadınlar hazırladıqları ətirləri götürüb, qəbirin yanına gəldilər. Bəzi başqaları da onlarla bərabər getdilər. Amma qəbirin ağzındakı daşı yuvarlanmış gördülər. Girib Rəbb İsanın cəsədini tapmadılar. Onlar buna təəccüblənərkən parlaq paltar geymiş iki kişi qəflətən onların qarşısında peyda oldu. Qadınlar qorxu içində üzüstə yerə döşənəndə kişilər dedilər: «Nə üçün siz Dirini ölülər arasında axtarırsınız? O burada deyildir; O dirilmişdir. Hələ Qalileyada olarkən Onun sizə nə dediyini yadınıza salın. Demişdi ki, “İnsan Oğlu günahkar insanların əlinə verilməli, çarmıxa çəkilməli və üçüncü gün dirilməlidir.”» Qadınlar da İsanın sözlərini yada saldılar.

— Sonrakı qırx gün müddətində İsa Özünü şagirdlərinin çoxuna göstərdi və axırda Atası Allahın yanına qayıtdı.

Onları (şagirdlərini) şəhərdən çıxarıb Beytanyaya kimi gətirdi və Öz əllərini qaldırıb onlara xeyir-dua verdi. Onlara xeyir-dua verərkən, onlardan uzaqlaşıb göyə qalxmağa başladı. Onlar da Ona səcdə etdilər və böyük sevinclə Yerusəlimə qayıtdılar. İsa öldü və dirildi, Atası Allahın yanına qayıtdı və bunu vəd etdi: Təkrar gəlib sizi Öz yanıma gətirəcəyəm ki, Mən haradayamsa, siz də orada olasınız.